Hüseynbala MİRƏLƏMOV

 

MOBİL TELEFON

hekayə

 

Çoxdanın söhbətidir Beynəlxalq  Mətbuat Mərkəzində hörmətli yazıçı dostlarımdan birinin tarixi-fəlsəfi mövzuda yazdığı, nəfis şəkildə nəşr olunmuş kitabının təqdimat mərasimindən çıxmışdım. Burada keçirilən tədbirlərə həvəslə gəlirəm, əlbəttə, dəvət olunanda. Təşkilatçılıq, səliqə-səhman çox xoşuma gəlir. Həm də şəhərin bu tərəfləri seyrəklikdir. Maşınla hərəkət eləmək ciddi problem yaratmır. Çıxanda sürücüyə: “sür, Ayna Sultanova küçəsinə, — dedim və Apellyasiya Məhkəməsi tərəfə dönməyini xahiş elədim. Neçə illərdən bəri burada işləyən hakim dostumla da görüşmək, onunla birlikdə dənizkənarı istirahət yerlərindən birində çay içib, söhbətləşmək istəyirdim. Axşam tərəfləri bizim bulvarın ayrı aləmi var. Təmiz havasına da söz ola bilməz. Bir tərəfdən dənizdən əsən külək xüsusi bir sərinlik gətirir, bir tərəfdən də göz oxşayan mənzərələr. Daha insana nə lazımdır?

 

Tədbirdən çıxanda dostuma zəng etdim:

- Beş dəqiqəyə çıxıram, — dedi. Telefonun düyməsini basıb söndürdüm. Nədənsə telefon diqqətimi çəkib saxlamışdı. Balaca, ovuc içi boyda telefonun bizə nə qədər yardımçı olduğunun fərqində olmuruq. Amma gör bu kiçik möcüzə nələr yaradır. Ən başlıcası, vaxtımıza qənaət, nə qədər əlavə enerji ehtiyatı, hələ üstəlik daha qlobal məsələlərin həllində indi hamının mobil telefon adlandırdığı — həmişə düşünmüşəm ki, biz mobil sözünü səhv işlədirik, gərək “çevik” sözündən istifadə edəydik — bu balaca əl möcüzəsi nələrə qadirdir?

Arellyasiya Məhkəməsinin qabağına çatanda dostum bizi gözləyirdi. Nədənsə əhvalı o qədər də yaxşı deyildi.

- Nə olub, yenə kefin yoxdur? — İstədim ki, əhvalı dəyişsin.

- Yox, elə də pis deyiləm.

- Axı çox pərişan görünürsən. Deyəsən, fikrin də dağınıqdır. Bəlkə evdə-eşikdə bir qan qaralığı var.

- Yox, evdə-eşikdə salamatlıqdır. Bir başqa məsələyə görə bir az…

- Bəlkə danışasan. Onda əhvalın da yaxşılaşar.

- Bilirsən, əzizim, mənim bir dostum vardır, bir az da uzaqdan qohumluğumuz çatır. Dostluqda haracan desən sədaqətli, mehriban adamdır. Ağa ağ, qaraya qara deyən, ən başlıcası, gözü tox, aza qane olan, çoxun arxasınca qaçmayan adamdır.

- İndi nə olub, başına bir iş gəlib?

- Adi bir iş gəlsəydi, yaxşı idi, daha betərindəndir. Qohumlarının təkidi ilə onu yaxından tanıyan bir adam kimi dəvət eləmişdilər məhkəməyə. Mən də gedib çıxış elədim.

- Bəs qərar nə oldu?

- Düşünürəm ki, qərar ədalətli olacaq, ancaq çox gecdir.

Yollar açıq olduğundan tezliklə maşınımız dəniz vağzalının yaxınlığında yaşıllıq içərisində yerləşən kafelərin birinin həyətində dayandı. Sıx kölgəliklər altında olan stollardan birinin ətrafında əyləşdik. Dostum yarımçıq qalmış söhbətinə davam elədi.

* * *

Dövran Əminbəylinin böyük biznes ofisi keçmiş İnqilab küçəsində — «Gəncliy»ə yaxın bir yerdə yerləşirdi. Elə əslində, bu küçədə ilk inşa edilən villalardan biri də onun özünə məxsus idi. Əsilləri uzaq əyalətdən olsa da, özü paytaxtda doğulub, böyümüşdü. Orta məktəbi qızıl medalla bitirib, Moskvada məşhur Plexanov adına İqdisadiyyat İnstitutunda ali təhsil almış, sonra Bakıya qayıtmışdı. Zaman dəyişəndən, sovet hakimiyyəti yıxılandan sonra biznes fəaliyyətinə başlamış və çox böyük sürətlə varlanmışdır. İnsafən ağlı, düşüncəsi ilə yuxarı dairələrdə də hörmət qazanmışdır. Siyasətə qarışmasa da, bütün dövlət tədbirlərinə qatılır və bununla da hakimiyyətə sədaqətini də göstərirdi. Artıq biznes sahəsini daha da genişləndirmək planları vardır. Ölkənin banklarında, eləcə də xarici yatırım mərkəzlərində 120 milyon manatdan çox vəsaiti ona əlavə qazanclar gətirirdi.

Dövran Əminbəyli saata baxdı. İş vaxtı qurtarırdı. Qalxıb kabinetinə nəzər yetirdi. Hər şey yerli-yerində idi. Sabah şənbə, birisi gün bazar olduğundan istirahət günlərini necə keçirmək elə də problem deyildi. İndi evə gedəcək, arvadı Röyanı da götürəcək, bağa aparacaqdı. Şəhərdən kənarda — dəniz kənarında, böyük yaşıllıqlar əhatəsində olan villada həmişə onun ətrafında olan, onu darıxmağa qoymayan qohumları ilə istirahət edəcəkdi.

Küçəyə çıxıb öz maşınına əyləşdi. Hava bərk isti idi. Onun çoxlu maşınları var idi. Maşınlardan da havaya uyğun, fəsilə münasib istifadə edirdi. Evə gəldi, qapıya çatan kimi darvazanın pultunu basdı, qapı açıldı, maşını içəriyə saldı. Yuxarıya qalxıb evə keçdi. Arvadı yan otaqda telefonla danışırdı.

- Hə deyəsən vaxt uzandı. — Dövran Əminbəyli arvadına həm başı, həm də əli ilə salam verib, vanna otağına keçdi, əl-üzünü yudu. — Bunun telefon danışığı yəqin hələ çox çəkər. Bir çay içərəm, sonra yığışarıq — düşündü. Qulluqçu Sənəm arvad çay gətirdi. Bir az yaşlansa da qadının səliqə-səhmanına, qıvraqlığına söz yox idi. Yaxşı ki, bu Sənəm var, yoxsa məni Röya bir təhər eləyərdi.

Röya isə hələ də telefonda idi. Əlbəttə, rəfiqələrinin də sayı-hesabı yox. Kiminlə danışırdı, Allah bilir. Hərdən yavaş, pıçıltı ilə, hərdən də hökmlü səslənirdi. Dövran Əminbəyli istirahət otağında divana uzanıb, televizorun pultu ilə maraqlı veriliş axtarırdı. Deyəsən, «animal planet» onun diqqətini çəkdi. Nəhəng bir şir elə indicə boğazlayıb yerə yıxdığı vəhşi öküzün yanında ləhləyirdi. Bir azdan onun sürüsü gələcəkdi,  hələ ki, görünmürdülər. Bir dəstə goreşən hardansa peyda oldu. Hərəsi bir tərəfdən ova ağız atmağa başladı. Nəhəng şir də nərilti ilə gah buna, gah ona təpinirdi. Axır ki, goreşən dəstəsi şiri bezdirib qovdu. Şir aralıdan bir az əvvəl boğub yerə yıxdığı ovuna baxa-baxa aralandı…

Dövran Əminbəyli təbiət filminə elə diqqət kəsilmiş, elə aludə olmuşdu ki, heç bir stəkan çayı nə vaxt içdiyindən, Sənəmin ikinci dəfə çay gətirməyindən də xəbəri olmamışdı. Elə Sənəm özü də mənzərəyə baxa-baxa qalmışdı. Birdən Əminbəyli özündən asılı olmayaraq: — Pah atonnan, gör nəhəng şiri kaftarlar necə qorxudub qovdu. Başını qaldıranda Sənəmi gördü. Əlini ekrana tərəf uzadıb bu dəfə Sənəmə deyirmiş kimi: — Bax, günah onun özündədir. Niyə onun yaxınları, doğmaları yanında deyil. Axı tək olmasaydı onun ovunu kaftarlar əlindən ala bilməzdi. — Gördün, Sənəm?

Sənəm də: Gördüm, gördüm deyə başını bulayıb qapıya tərəf getdi.

Dövrən Əminbəyli isə hələ də öz-özünə danışırdı: — Hərdən məni qınayırlar. Sən bu başına yığdıqlarına havayı yem verirsən, — deyirlər. Düzdür, mən onların hər birinə maşın bağışlamışam, bağ almışam, ayda filan qədər mənim biznesimdən gəlir götürürlər. Bütün bunların hamısı ona görədir ki, onlar mənim qohumlarımdır, dayaqlarımdır. Dara düşəndə əl yetirəcəklərinə, dayaq olacaqlarına inanıram.

Sənəm hələ qapıdan çıxmamışdı. Ayağını saxlayıb Əminbəylinin sözünün qurtarmağını gözləyirdi. Əminbəyli isə nəzərini ondan çəkməmişdi. Ona görə də təsdiqlədi: — Hə, hə, elədir, onlar sənin can-ciyərlərindir. Onlara da eləməyib kimə edəcəksən? — Amma Sənəm də Sənəm idi ha, başını bulaya-bulaya getdi.

…O biri otaqda səsinin kimsənin eşitmədiyinə arxayın olan Röya hələ də danışırdı: “Samir, eşidirsən məni. İki hətfədir mən səni görmürəm, az qalır bağrım çatlasın. Bütün günü evdə tək olmuşam. Gələ bilməzdin?”

Yəqin ki, o biri başda Samir gələ bilmədiyinin səbəblərini açıqlayırdı. Deyəsən Röyanı razı sala bilmişdi.

- Bilmirəm, mən bunu yola salaram bağa. Biz sabah gedərik. Axşam səni gözləyəcəm. — Röyanın bu sözlərindən sonra Samirin yapışıqlı səsi açıq-aydın eşidildi. “Yaxşı mənim əzizim, bir dənəm”.

- Yaxşı, yaxşı bildim — Röya dəstəyi hələ də qoymağa tələsmirdi. Çünki bayaqdan bəri davam edən telefon mübahisəsi elə indicə axara düşmüşdü.

Bu vaxt qapının ağzında elektrik sayğacından nəsə kiçik bir partlayış səsi gəldi. Azacıq tüstü və naqil yanığının qoxusu ətrafı bürüdü. Dövran Əminbəyli goreşənlərin şir ovunu necə parçalayıb dağıtmağını görmədi. Təəssüflə ayağa qalxdı, qapının ağzına gəldi, boyu çatan hündürlükdə yerləşən elektrik sayğacının qoruyucuları hələ də tüstülənirdi. Sayğacın yaxınlığında qoyulmuş əlavə düyməyə əlini basdı, yarımqaranlıqda fəhimlə axtardığı düymənin əvəzində yanıb üstü açılmış məftilə toxundu. Elə bil onu ildırım vurdu. Beyni dumanlandı. Dünya-aləm zülmət qaranlığa büründü, daha nə baş verdiyindən xəbəri olmadı.

Röya nə qədər danışdı, bunu demək olmaz. Amma deyəsən, işıqların yanmadığı onun nəzərini cəlb elədi. Elə bu hissin təsiri ilə də: — Hə, mənim işığım, danışdıq. Qoy görüm otaqlarımızda işıq sönüb. Dəstəyi qoyub dəhlizə çıxdı.

Yarımqaranlıqda əri Dövran Əminbəylinin yerə sərildiyini gördü.

- A, buna nə olub? — Röya təəccüblə səslənib, ərinə yaxınlaşdı, onun üstünə əyildi. — Dövran, bu nədir, yatmısan? Burada niyə?

Dövran Əminbəylidən heç bir cavab gəlmədi. Heç elə bil nəfəs almırdı. Röya bir az narahat oldu. — A, buna nə olub, elə bil ölüb — öz-özünə dedi. Sonra da qulluqçu Sənəmi çağırdı.

- Sənəm, ay Sənəm, hardasan, bir bəri gəl.

Sənəm bayaqdan öz otağına çəkilmişdi. Bilirdi ki, Dövran Əminbəyli bir-iki stəkan çaydan sonra heç nə istəmir. Beləcə, xeyli vaxt istirahət etməyi xoşlayır. Ona görə bir nigarançılığı yoxdur. İndi qəflətən belə həyəcanlı səsi eşidəndə təəccüblə Röyanın çağırışına gəldi.

- Nə olub, nə lazımdır?

Quruyub qalmış Röya yerə sərilmiş ərini göstərdi.

- Bir buna bax, Dövrana, elə bil halı dəyişib.

Sənəm arvad tez yaxına gəlib Dövranın başını qolunun üstünə alıb, yuxarı qaldırdı. Əlini onun boğazına qoydu. Əzələlərdə hərəkət yox idi.

- Bu kişi ölüb ki, a, belə iş olar, buna nə olub?

Əllərini arxasında daraqlamış Röya çiynini çəkdi: — Çığırdım, gördüm səs yoxdur. Qapını açıb baxıram, görürəm səs yoxdur. Yerə sərilib. — Röya canı yanmışlıq kimi Sənəmə gənəşdi. Bəlkə, «Skoru» çağıraq.

- Gecdir, rəngi də elə bil qaralıb, — Sənəm bir az da kişinin başını yuxarı qaldırıb, diqqət kəsildi. — Az, bəlkə, tok vurub?

Bundan sonra hər ikisi dönüb, divar dibində yerə düşmüş elektrik paylayıcının qapağını gördü. Yuxarda qaralmış məftillərə baxdılar. Sənəmin təəccübdən gözü böyümüşdü. Özündən asılı olmayaraq qışqırdı. — Ay, ay aman, kişini tok vurub, vay yazıq, sapsağlam adam.

Bundan sonra Röya içəri keçib mobil telefonunu götürdü. Həyəcandan əlləri əsə-əsə zəng vurdu: — Hə, mənəm, tez bizə gəl.

Bu Samir idi. Əslində, Samir Röyanın yox, Dövranın uzaq qohumlarından idi. Yaraşıqlı, boylu-buxunlu bu gəncdən Dövran Əminbəylinin də xoşu gəlirdi. Çünki Dövran Əminbəylinin həmişə yolunu saxlayır, hörmətini gətirirdi. Dövran Əminbəyli də ona demişdi ki, tezliklə şirkətdə ona yaxşı vəzifə verəcək. Sadəcə, bir az təcrübə toplamaq lazımdır. Axı hələ onun 22 yaşı var idi. Hərdən də Dövran Əminbəyli özünün 42 yaşa qədər keçdiyi yolu xatırlayır, təcrübəsindən danışardı. Röya da həmişə Dövranın yanında Samirin yaxşı oğlan olmağından, gələcəkdə işləri  idarə etməsində ona yardımçı ola bilməsindən söz açır, bir sözlə, Samirə rəğbətini gizlətmirdi. Beləcə Samirin qarşısında yaşıl bir işıq yanırdı. Röya ilə sevgisi də öz yerində.

Hadisənin mahiyyəti haqqında deməsə də, Röya ailəyə yaxın adamları təcili evə çağırdı. Bunlar Dövran Əminbəylinin qayınları Pərviz və Təhməz, eləcə də Dövranın bacısının əri Namiq, əmisi oğlu Seyran, bacanağı Cəmil idi. Əlbəttə, Röya birinci Samirə zəng vurmuşdu. Amma bir nəfər də gəlmişdi. Düzdür, onu çağırmamışdılar. Dövran Əminbəylinin iş yerinə gedən Elman onun evə getdiyini öyrənir. Daha dostunu narahat etməmək üçün geriyə qayıtmaq istəyəndə Dövranın bacısının əri Namiqlə qarşılaşır. Namiq ondan soruşur ki, nə olub, Dövrangildə nə hadisə baş verib? Elman da cavab verir ki, bilmirəm.

Cəmil Dövranın halının pisləşdiyini — bir sözlə, Röyadan eşitdiyini Elmana deyir, Elman da onunla birlikdə Dövrangilə tələsir. Demək olar ki, çağırılanlar və Elman özlərini eyni vaxtda Dövrangilə yetirirlər.

Dövran Əminbəylinin hərəkətsiz cəsədi hələ də koridorun ortasında idi. Gələnlərin hər biri özlərini çatdıran kimi Dövranın üz-gözünə baxır, onu tərpədir, sonra qırağa çəkilirdilər. Elman da dostunun yerə yıxıldığını görüb yaxına gəldi, əlindən tutub nəbzini yoxladı, sonra onu içəri otağa aparıb, divanın üstünə uzatdı. Bundan sonra qəfil hönkürtü ilə ağladı. Deyəsən, Elmanın hönkürtü ilə ağlaması yanındakılara da təsir elədi, hərə bir yanda dəsmalını çıxarıb, gələn, gəlməyən göz yaşlarını quruladı.

Bu vaxt ağır musiqili telefon zəngi eşidilir. Bu, Dövran Əminbəylinin telefonudur. Bayaq divanın üstündə uzanıb televizora baxanda yanında olub. Elə oradan qalxıb koridora gedəndə telefonu da pultun yanında qalıb. Telefon bir neçə dəfə zəng çalıb, susdu. Heç kim Dövran Əminbəylinin telefonuna yaxın getmədi. Nə Röya, nə də ətrafdakılar üçün bu telefon, deyəsən, əhəmiyyətini itirmişdi. Amma az keçməmiş tanış zəng bir də təkrarlandı. Elman telefonu Röyaya göstərdi: yəni «bəlkə cavab verəsən». Yox, Röyanın heç tükü də tərpənmədi. Hələ desən, turşumuş sifətini bir az da kənara döndərdi. Amma əli ilə Elmana işarə elədi ki, telefonu götürsün. Elman telefonu götürüb, düyməni basdı. Dövran Əminbəyli ilə əlaqə saxlayan iş adamlarından idi. Salam-kəlamdan sonra Elman qara xəbəri ona bildirdi. Elə bil ki, bu zəngdən sonra xəbər şəhərə yayıldı. Dövran Əminbəylinin telefonuna ardı-arası kəsilməyən zənglər gəlirdi. Əksəriyyəti də deyirdi ki, inanmadıq, kişinin telefonuna zəng elədik ki, deyək bu nə xəbərdi onun haqqında yayılıb. Elman axşam telefonu Röyaya qaytarmaq istədi. Amma Röya telefonu götürmədi: — Saxla özündə, gələn zənglərə cavab verərsən. Deyərsən ki, daha Dövranın dövranlığı qurtardı.

İnsafən, Samir qoçaq oğlandır. Tez ora-bura zəng eləyir. Geniş həyətdə çadır qurulur. Bir şəhərcən xətir-hörməti, məşhurluğu olan Dövran Əminbəylinin yas mərasimi başlanır. Elman həyətdə olanda Röya bir-bir bayaqkı çağırışla gəlmiş qohumları içəriyə dəvət edir.

- Kişinin yasını yaxşı təşkil eləyin, hörmətli adam idi. Camaat içində biyabır olmayaq.

Hərə bir tərəfdən Röyaya nigaran qalma, yaxşı olar, adına layiq yola salarıq.

Bundan sonra Röya elə bir az əvvəl içəridə qeydlər elədiyi kağızı əlinə götürüb oxuyur. Bir sözlə, Dövran Əminbəylinin varidatı bu altı nəfərin arasında bərabər bölüşdürülür. Hər kəs öz haqq-hesabına kişinin üçündən sonra yiyə duracaqdı. Röya Samiri də ailəyə yaxın adam kimi qələmə verib, onun adına da 20 milyon oxuyur. Əslində, özünün payına ayırdığı 20 milyonun üstünə bu 20 milyonu da gəlirdi. Pul öz əlində olacaqdı. Bununla Samirin cilovunu birdəfəlik saxlamağı düşünürdü. Əlbəttə, Samirin də öz planları var idi. Təki bu üç gün tez gəlib keçsin.

Həmin gecə yeznə Namiq, əmi oğlu Seyran, qayınlar Pərviz və Təhməz, bacanaq Cəmil və uzaq qohum Röyanın sevimlisi Samir yatmadılar. Planlar, planlar… Hər kəs bir addımlıqda olan milyonları düşünürdü. Nələr olacaq, pullardan necə, hara xənclənəcək. Həmin gecə Elman da yatmadı. Vaxtsız itirdiyi dostunun ayrılıq ağrısı onu yandırıb-yaxırdı.

Səhəri günorta üstü Dövran Əminbəylini dəfnə götürürlər.

Maşın karvanı üzü yuxarı Yasamal qəbiristanlığına tərəf düzlənir. Adam çox idi. Eşidən, bilən, dost, tanış, hələ üstəlik Dövran Əminbəylinin biznes sahəsində çalışanların hamısı, bir sözlə, onu tanıyan hər kəs son borcunu verməyə gəlmişdi. Təxti-rəvanı təzəcə qazılmış açıq qəbirin böyrünə yığılmış yaş torpağın üstünə qoydular.

Dünən evdəki mənzərə, telefonu heç kimin götürməməsi gözünün qabağına gəldi. Ayağının ucu ilə telefonu kəfənin altına sarı itələdi. Elman da başı aşağı meyidi səhmanlayan vaxt düşmüşdü. Elə ona görə də ətrafdan heç kimsənin nəzərini cəlb eləmədi…

…Kişilər üçün qurulmuş çadırın qabağında Pərviz, Təhməz, Namiq, Cəmil, Seyran hüznlü görkəmlə dayanmışdılar. Gəlib-gedənləri qarşılayır, minnətdarlıq bildirirdilər. Bir az adamlar seyrələndən sonra Samir onlara yaxınlaşıb, Röya xanım sizi evə çağırır dedi. Özü də onlarla birlikdə yuxarı qalxdı. Elman həyətdə adamların arasında idi. Qohumları görmədiyi üçün narahat oldu. Tanışlardan soruşanda dedilər ki, yuxarı qalxdılar. Elman da nigaran olur. Axı Dövranın uşaqları balaca idi, xüsusilə qızı atasının ölümünə dözmür. Tez-tez bayılırdı. Elman da elə bundan nigaran olur, yuxarı qalxır. Hamı böyük otaqdakı stolun ətrafında oturmuşdular. Röya da başda. Nə barədəsə ciddi söhbət gedirdi. Elmanı görəndə söhbət dəyişildi.

- Nədir, Elman məclisdə bəlkə bir şey lazımdır?

- Yox, qızdan nigaran idim, ona görə gəldim.

- Neynək, gəlmisən, gəl əyləş.

Elmana da yer göstərdilər. Dövran Əminbəylinin haqqında hər kəs yadına düşən bir əhvalat danışdı. Hə, belə kişi idi. Dövran Əminbəyli. Bu namərd dövran onu saxlamadı. Röya bununla hayıfsılandığını, yandığını bildirirdi. Bu vaxt Röyanın mobil telefonu zəng çaldı. Samir tez telefonu jurnal stolunun üstündən götürüb, Röyaya verdi.

- Necə, sənsən? — Röyanın gözləri kəlləsinə çıxdı. Rəngi ağardı. Nəsə telefonda aydın olmayan səs onu təəccübləndirmişdi. Axır ki, özünü ələ alıb yaxşı, yaxşı tələsmə, indi gəlirik — dedi. Telefonu söndürmək üçün düyməni basdı, amma deyəsən səs gücləndirici düməsini basmışdı. Dövran Əminbəylinin bir az boğuq, ancaq aydın səsi gəlirdi: «Tez olun yarım saata qədər məni çıxarmasanız, boğularam». Röya özünü itirdiyindən telefonun bütün düymələrini basmağa başladı. Axır ki, səs kəsildi. Təəccübdən hər kəs yerində quruyub qalmışdı. Axır ki, Röya dilləndi:

- İndi neyləyək.

- Nə edəcəyik. Ölünü təzədən qəbirdən çıxarmayacağıq ki, — Röyadan sonra birinci Samir dilləndi. — Xortdayıb, xortdayıb da. Elə xortdayan qəbirdən çıxmasa yaxşıdır. O biriləri də əlüstü təsdiqlədilər.

- Bay, bu nə işdir.

- Xortdamış adam bəla gətirər.

Bu və buna bənzər sözlər artıq qərar idi.

Birdən Elman hirslə yerindən qalxıb qışqırdı:

- Nə danışırsınız, dəli olmusunuz? — Ətrafdan kimsənin dinmədiyini görüb, mən özüm tək gedib çıxararam. Röyanın himi ilə Samir onun qabağına yeridi.

- Dəli sənin özünsən, yerində sakit otur, Elman dartınanda o biriləri də töküldülər. Onu yerə uzadıb əl-ayaqlarını bağladılar. Samir yan otağa keçdi, bir azdan Röyanı da çağırdı. Hara isə telefonla zəng elədilər. Axır ki, ümumi razılığa gəldilər. Bir az keçməmiş  xüsusi maşınla üç ağ xalatlı içəri girdi. Gələnlərdən iki nəfər boylu-buxunlu, güclü adamlar idi. Röya yan otağa keçib dazbaş, şişman baş həkimin özü ilə danışdı. Hələ həkimlər gəlməmiş hazırladığı bağlamanı da ona verdi.

- Hə, həkim, nə deyirsən. — Çığırmaqdan səsi batmaqda olan Elmanı göstərib bunun axırı necə olacaq — soruşdu.

Həkim üzünə təəssüf ifadəsi verib belə hallar nadir tutmalardır, çox vaxt da axırı yaxşı qurtarmır. Görək necə olur?

Röya bir az da həkimə yaxın gəldi, həkimin qolundan tutub — Daha başqa əlac yoxdur. Çalış ki, hər şey yaxşı olsun, fağır yaxşı oğlan idi, bu da belə əldən getdi — dedi. Elmanı apardılar. Baş həkim də düşüb getdi. Yalnız bundan sonra «doğmalar» təzədən stolun ətrafına yığışdılar.

- Bu kimin ağlına gəldi belə — birinci Təhməz dilləndi.

Röya sevincini gizlətmədən qürurla Samirə baxdı.

- Kimin ağlına gələcək, bizim Samirin, hə, doğrudan Samir bu sənin ağlına necə gəldi.

Elə özü mənim ağlıma saldı. Dedi ki, dəli olmusunuz? Mən də düşündüm ki, dəli elə onun özü olub.

Hamı rahat nəfəs aldı.

***

Dostum bu görünməmiş əhvalatı danışıb qurtardı. Ancaq mənə elə gəldi ki, əhvalat bitməyib. Soruşdum ki, bəs bu məhkəmə məsələsi nədir?

- Hə, bu məsələ bir az başqa cürdür. Görünür Dövran Əminbəyli bildiyi başqa nömrələrə də zəng vurub, ancaq fikrini tam çatdıra bilməyib. Boğula-boğula danışıb və danışdığı adamlar da heç onun Dövran Əminbəyli olmağına inanmayıblar. Ancaq söz-söhbət şəhərə yayılıb. Elmanın da qohumları əl çəkməyiblər. Yarımcan olmuş Elmanı ruhi xəstəxanadan bir təhər çıxara biliblər. Cinayət haqqında da iş qaldırılıb, yalnız bundan sonra qəbir açılıb. Tok vurmadan sonra Dövran Əminbəylinin ayıldığını ekspertlər təsdiq ediblər. Birinci zəngin də Röyaya olduğu məlum olub. Di gəl ki, aşağı məhkəmədə işi Röyanın dəstəsinin xeyrinə həll ediblər və qəbri açılmağa da qoymayıblar. Bu ancaq təkrar baxışdan sonra mümkün olub, indi təkrar istintaq yekunlaşıb, ali atestasiya məkkəməsi də ona görə işə baxıb. Cinayətkarlar layiqli cəzalarını alacaqlar. Başda da Röya və Samir olmaqla.

Söhbət bitsə də, məni Elmanın taleyi maraqlandırırdı. Dostumdan soruşmaq istəsəm də dillənə bilmirdim. Amma deyəsən, köhnə hüquq işçisi olan dostum fikrimi duydu:

- Dövran Əminbəylinin varidatından Elmanın müalicəsi üçün vəsait ayrılacaq, ailəsi üçün kifayət qədər kompensasiya ödəniləcək.

Bildim ki, bu məhkəmənin qərarıdır. Ancaq təəssüf edirəm ki, ən düzgün qərarlar bəzən çox gecikir.

 

2014