Hüseynbala MİRƏLƏMOV

 

SÖNMƏYƏN ULDUZLAR

Hekayə

 

Alina güzgünün qabağında dayanmışdı. Neçə gün idi ki, özünü çox narahat hiss edirdi. Uzun illərdən bəri yolunu gözlədiyi övlad onun canında hələ altı aylıq ömrə indi çatırdı. İndi d\\ə belə. — Alina düşündüklərini yarıyolda qırmaq istəyir, ağlına gələni özündən qovmağa çalışırdı. Hiss edirdi ki, uşaq narahatdır. Güzgünün qabağında öz \gözlərinin içərisindən uşağının gözlərini görürdü. Hələ dünyaya gəlməyən körpəsinin gözləri par-par parıldayırdı. Təlaşı da vardı, narahatlığı da vardı. Elə bil ki, əbədi sönməyən ulduzlar kimi gözləri onun xəyallarındakı qaranlığı qovmağa çalışırdı.

- Ulduzlar sönmür — doktor Həmidin oğlu — həyətin hamısının əzizi olan Həsənin hündürdən dediyi sözlər onu fikirdən ayırdı.  Gəlin, gəlin təzə kinoya gedəcəyik — “Ulduzlar sönmür”.

Alina bu xəbəri xeyirə yozdu, sifətinə bir təbəssüm qondu. Son günlər acığı gələn divana tərəf getdi. O, həmişə divanda rahat uzanıb dincəlməyi xoşlayırdı. — Divanın nə günahı? — deyə düşündü və elə həmin divanın bir küncündə dirsəkləndi. Həyətdə isə Həsənin yenə səsi eşidilirdi:

- Ana, ay ana, bizim kinoteatrımızda təzə film göstəriləcək. Məktəbdən gələndə gördüm, Aliyə xalaya da deyərsən. O da bizimlə gedər. Axı yeni filmlərə Aliyə xala baxmağı xoşlayır. — Həsən «bizim kinoteatrımız» deyəndə «Şəfəq» kinoteatrını nəzərdə tuturdu. Axı onların evləri elə kinoteatrdan iki-üç tin yuxarıda idi. Ümumi qapıdan keçəndə birmərtəbəli, çoxmənzilli həyət evində yaşayırdılar. Bu həyətdə onlardan başqa ruslar, yəhudilər, ermənilər, avarlar da yaşayır və mehriban qonşuluq münasibətini, bir-birinə hörmət-izzəti də qoruyurdular. İndi Həsən anasından kinoya getməyi xahiş edəndə onun xətrini çox istəyən və həmişə də şirin-şirin “Aliyə xala” dediyi qadın da, əslində, yəhudi idi. Onun əri də elə Həsənin özünün də, “Salman əmi” deyə çağırdığı Solomon yəhudi olsa da, Azərbaycan dilində təhsil almış, memarlıq üzrə mütəxəssis kimi elmi-tədqiqat işləri aparmışdı. İndi elmlər doktoru kimi Akademiyanın Memarlıq İnstitutunda şöbə müdiri vəzifəsində işləyirdi.

- Bəlkə, indi getməyək?

- Yox, mən istəyirəm, elə indi gedək.

- Axı nə üçün elə bu gün getmək istəyirsən?

- Müəllimimiz deyir ki, həmin film Nəriman Nərimanov haqqındadır. Yubileyi olacaq. Məktəbimizdə tədbir keçiriləcək. Mənə də N.Nərimanov haqqında çıxış veriblər. Sinfimizin adından mən danışacam.

Anası Həsənin təkidlə dayanıb cavab gözlədiyini gördüyündən daha əsaslı bəhanə axtardı:

- Axı, mənim balam, Aliyə xalan deyəsən xəstələnb, ağrıyır. Bizimlə gedə bilməz. Əgər mən də onu qoyub getsəm, inciyər.

Həsən həmin gün həyətdəki həmyaşıdları ilə «Ulduzlar sönmür» filminə baxmaq üçün kinoteatra getdi. Anası Nərminə isə elə üzbəüz qonşuluqda olan Aliyənin yaşadığı mənzilə keçdi. Doğrudan da Aliyənin zahiri görkəmindən də əhvalının yaxşı olmadığı bilinirdi.

- Axşamın xeyir, Alina. — Nərminə onu öz adı ilə salamladı.

- Hər vaxtın xeyir, xoş gəlmisən, Nərminciyəz.

- Nə olub, niyə əhvalın yoxdur? Gözümə birtəhər dəyirsən.

- Elə bir hadisə olmayıb.

- Mariya xalanın dediyinə görə, divandan yıxılmısan.

- Hə, bir balaca səksənən kimi oldum. Küçədən keçən maşınların deyəsən qəzası var idi, nə idi, bilmirəm, bərk səs gəldi. Mən də divanda yatmışdım. Qəfil oyandım, özümü saxlaya bilməyib divandan yerə düşdüm.

Elə bu vaxt qapı açıldı, Mariya Kantemirova içəriyə girdi.

- Hə, nə yaxşı bir yerdəsiniz? Məktəbdə yığıncağımız vardı, bir az tədbirdə oldum, direktordan icazə alıb gəldim ki, Alinanın əhvalından xəbər bilim.

Mariya Kantemirova yaşlı qadın idi. Məktəbdə müəllimə işləyirdi. Özü tatar olsa da, köhnə bakılı ruslardan biri ilə evlənmişdi. Həyat yoldaşı — bakılı rus Kazanda hərbi xidmətdə olanda onunla tanış olmuş və evlənib Bakıya gəlmişdilər. Əlbəttə, Nərminə ilə Alina cavan gəlinlər idi. Mariya xala onlara lap analıq qayğısıyla yanaşırdı. Nərminənin əri Həmid Odessada tibb universitetini bitirmiş, ginekoloq-cərrah ixtisasına yiyələnmişdi. Tezliklə öz işini yaxşı bilən həkim kimi tanınmış, tibb üzrə də aspiranturaya daxil olub müdafiə etmişdi. Elmin pillələrini də sürətlə keçmişdi. Otuz yaşında artıq elmlər doktoru idi.

Ötən il baş verən bir əhvalat bu ailələri bir qədər də doğmalaşdırmışdı. Həmid evdən çıxıb həyət qapısında onu gözləyən maşına tərəf gedirdi. Bu vaxt Alinanın da yanından keçdiyini gördü:

-Alicka, hara tələsirsən?

- Poçta gedirəm, doktor, bacımgildən bağlama gəlib, onu götürməliyəm. — Həmid bilirdi ki, Alinanın bacısı İzraildə yaşayır — Təl-Əvivdə. — Alina ötüb-keçmək istədi. Amma Həmid onu bir də çağırdı.

- Dayan, orda nə var ki, ver, mən alıb gətirərəm.

- Doktor, sizə əziyyət olar.

- Heç bir əziyyət olmaz. Nərminənin bacısına qulluq göstərmək mənim də borcumdur. — Həmid Nərminə ilə Alinanın rəfiqə olduğuna işarə vururdu. Alina da onun bu səmimi təkidindən keçmədi. Pasportu və bağlama haqqındakı bildiriş qəbzini də ona uzatdı: — Hə, yaxşı oldu, doktor, bu istidə poçta getmək mənim üçün çətin olacaqdı, — dedi.

Axşam tərəfi birdən Həmidin yadına düşdü ki, poçtdan bağlama götürməlidir. Kafedrada işləri köməkçisinə tapşıraraq həyətə düşdü.

- Yaxınlıqdakı poçta sür, — dedi. Sürücü Tunar bir qədər təəccüblə Həmidə baxıb maşını işə saldı. Həmid poçta nə üçün gedir? — bunu başa düşməmişdi.

-Alinagilə bağlama gəlib, gərək onu alaq.

Tunar maşını poçtun qarşısında saxladı. Həmid pasportu və bildiriş kağızını ona verdi. Az keçməmiş Tunar geri qayıdıb: — Vermədilər, dedilər ki, gərək mütləq özü gəlsin.

Bu dəfə Həmid özü maşından düşüb sənədlərlə post şöbəsinə girdi. Poçtda işləyən gənc qız sənədlərə baxıb:

- Mən elə indi dedim ki, olmaz. Gərək bağlama sahibi özü gəlsin.

- Qəşəng qız, sən darıxma, heç nədən də nigaran qalma. Əgər bu qəbzi və pasportu veriblərsə, demək, etibar ediblər.

Qız bir az tərəddüd elədi və qalxıb bağlamanı yaxına gətirdi. Ancaq nə fikirləşdisə, yenə qətiyyətlə:

- Yox, verə bilmərəm.

Həmid qızın qətiyyətini görüb nə edəcəyini, onu necə yola gətirəcəyini düşünürdü. Bu vaxt poçt şöbəsinin müdiri qarşı otaqdan qapını açıb çıxdı. Həmidi görəndə gülə-gülə yaxına gəldi:

- Doktor, nə yaxşı biz tərəflərə yolun düşüb.

- Heç, qonşumun sənədləri var, bağlama gəlib adına. Onu almaq istəyirdim, deyəsən mümkün olmayacaq.

Şöbə müdiri sənədlərə də baxdı, bağlamaya da.

- Ver, doktora bütün Bakı zamin durar.

Qız bir qədər narazılıqla üzünü turşutsa da, alıb sənədi yazdı və bağlamanı Həmidə verdi. Həmid də evə çatan kimi bağlamanı da, pasportu da onu qarşılayan Nərminəyə verdi ki, Alinaya çatdırsın.

Axşam naharından sonra Həmid təzə qəzetlərə baxırdı. Nərminə də televiziyanın düyməsini fırladırdı, hansı kanaldasa olacaq bir verilişə baxmaq istəyirdi.

- Nərminə, indi «Günün ekranı» başlayır. Qoy xəbərlərə baxaq. Solomongilin konfransı vardı, bəlkə, o barədə də məlumat veriləcək. Solomonun məruzəsində çox ciddi məsələlər qaldırılıb. «Bakı axşam» qəzetində də bu barədə yazılıb. Ancaq onlar xəbərlərə baxa bilmədilər. Oğlu Həsən həyətdən gəlib: — Ata, Salman əmigil sizi çağırır.

- Bizi deyəndə, yəni kimi?

- Səni də, anamı da.

Həmid də, Nərminə də bir qədər təəccüblənsələr də durub qonşu mənzilə keçdilər. Yaxşı bir çay süfrəsi açılmışdı.

- Hə, Alinanın çayından olmaz. Nə olar, xəbərlərə burda baxarıq. O, irəli gedib Solomonla əl görüşdü. Sonra da:

- Dost, deyəsən, yaxşı məruzən olub, qəzetdə də yazıblar, — dedi.

- Hə, elədir, ancaq sizi ona görə çağırmamışıq. Bu bağlamanı sən alıb gətirmisən, gərək özünüz də açasınız.

Nərminə irəli yeriyib bağlamanın yanındakı qayçını götürdü və ipləri kəsib bağlamanı açdı. Bir neçə dəst kostyum, eləcə də qadın paltarları və bağlamanın içində daha kiçik başqa bir bağlama — üzüklər, bilərziklər…

Alina üzüklərdən birini götürüb Nərminəyə uzatdı: — Gör barmağına olur?

Nərminə üzüyü götürüb barmağına taxdı. Sonra da gülə-gülə: — Lap elə mənim barmağımadır ki, — dedi.

- Onda daha çıxarma, — bunu da Solomon dedi.

Nərminə əri Həmidə baxdı. Qonşularının xoş əhvalı və səmimiyyəti onu razı salmışdı.

- Nə olar, Nərminə, qoy qalsın.

- Hə, indi sən də bu kostyumlardan gör hansı yaraşır, hansını bəyənirsən, onu götür. — Bunu da Alina dedi. Və kostyumları Həmid tərəfə itələdi.

- Yox, yox, daha üzük bəsdir, götürə bilmərik. — Həmid etiraz etmək istədi.

- Həmid, sən bizim qonşumuz deyilsən, həm də dostumuzsan, həkimimizsən. Özü də bütün həyətin qayğısını çəkirsən. Kostyumu da bu həyətin adamlarının adından bir hədiyyə kimi qəbul elə. Daha bir cüt ayaqqabı və qalstuk da köynəklə birgə sənin olacaq.

Həmin gecəni onlar xeyli deyib-güldülər, İzraildəki həyat tərzi ilə Bakıdakı yaşayışı müqayisə elədilər. Alinanın böyük bacısı vaxtilə ailəliklə İzrailə köçüb gedəndə hamısı narazı qalmışdı. İndi görünür, bununla o, yaşadığı həyatın necə olduğunu bildirmək istəyirdi.

…Alina ilə Nərminə demək olar ki, yaşdaş idi. Ancaq bir məsələ vardı ki, Alina bir qədər gec ailə qurmuşdu. Hələ üstəlik neçə il idi ki, övladı da olmurdu. Mariya dəfələrlə təkid etmişdi ki, ay qızım, Həmid elə bizim həyətin adamıdır, az qala Bakıcan şöhrəti var, bilikli həkimdir, bəlkə, ona bir məsləhət eləyək. Ancaq Alina günü-günə satmış, «hələ bir qədər də gözləyim», — demişdi. Bir gün Həmid evə gələndə Alina ilə həyət qapısında rastlaşdı.

- Salam, Aliçka, necəsən? — gülərüzlə görüşdü.

Amma Alina əlini qarnının üstünə qoyub başını aşağı dikib: — Sağ olun, doktor, yaxşıyam, — dedi. Bu Həmidin nəzərindən yayınmadı. Evə girən kimi Nərminəni gülər üzlə təbrik eləyib — Hə, çox sevindim, — demişdi, — Alina hamilədir.

İndi o vaxtdan bir neçə ay keçmişdi. Qonşular Alinanın hər işinə kömək göstərir, onun üçün qayğılanırdılar. Marina Kantemirova da hər dəfə işə gedəndə Nərminəyə tapşırırdı Alinanı. — Birdən bir şey lazım olsa, özün bax, Alina küçəyə, dükan-bazara çıxmasın, — deyirdi.

Dava-dərman lazım olanda aptekə Nərminə özü gedir, yaxud mağazadan lazım olan ərzaqları almağı oğlu Həsənə tapşırırdı. Həsən də elə digər qonşuların da çörək pullarını yığıb təzə çörək alır və bir-bir hər kəsin evinə verirdi. Eləcə də Alinagil üçün.

İndi birdən-birə Alinanın nigarançılığı, narahatlığı hamını dilxor eləmişdi. Nərminə də bu barədə Həmidə demiş, sabah onun yanına gedəcəklərini də bildirmişdi.

- Nigaran qalmayın, Nərminə, bizim kafedrada müasir aparat var. Biz ana bətnində uşağı dəqiq müşahidə edə bilirik. Sabah birlikdə gələrsiniz, baxaram.

Nərminə də Alinaya elə bunu demək üçün gəlmişdi. Ancaq xahiş edirdi ki, Solomon da gəlsin. Bu vaxt Solomon içəri girdi.

- Hə, qonşular nə yaxşı bir yerdədir. Bəs çayınız hanı?

Nərminə ilə Alina bir-birinin üzünə baxdı. Stola çay gəldi. Sonra Mariya Kantemirova müəllim təmkini ilə əhvalatı Solomona danışdı. Solomon bir divana, bir də arvadına baxdı: — Əh, siz də nə qoyub, nə axtarırsınız? Maşın qəzası bayırda olub, Alina maşından yıxılmayıb ki? Bu divandan yıxılıb da… Taxta döşəmə, üstündə də xalça. Daha burada nə olasıydı ki?! Alina ərinə demədi ki, neçə gündür necə narahatlıq keçirir. Elə bil ki, bətnindəki uşaq ağlayır, sızlayırdı. Sanki təkidlə ananın qarnını döyəcləyirdi ki, «sən niyə belə elədin».

Solomon gördü ki, arvadının ovqatı açılmadı, əhvalı düzəlmədi.

- Hə nə olar, sabah siz gedərsiniz Həmidin yanına, mən də işə. Axşam cavabını mənə də deyərsiniz.

Həmid gözlədiyi vaxt Nərminəni və Alinanı kafedranın qabağında qarşılayıb içəri apardı. Yoxlamanın uzanması, Həmidin tutqun baxışları Alinanın ürəyini üzürdü.

- Hə, doktor, nə olub, bilmək olar? — Axır ki, Alina dözməyib soruşdu.

- Travma var, mən indi bu travmanın nə nəticələr verəcəyini bir az da dəqiqləşdirim, axşam söhbətləşərik.

Həmidlə Nərminə axşam Solomongilə keçmək istəyirdilər ki, elə həmin vaxt qabaqda Alina, arxasınca da Solomon qapını açıb içəri keçdilər.

- Hə, doktor, mənim Alinam çox narahatdır, cavab gözləyir, — deyib Həmidlə görüşən Solomon stul çəkib əyləşdi. Alina da Nərminə ilə divanda oturdu -yanaşı. Həmidin günorta gördüyü tutqun baxışları hələ də açılmamışdı. Alina altdan-altdan onu süzürdü. Bir az da keçsəydi bu gərginliyin axırı necə qurtaracaqdı Alina bilmirdi. Axır ki, Həmid ağır-ağır dilləndi: — Bilirsiniz, əzizlərim, elə məsələlər var ki, biz onu pasiyentlərdən gizləyə bilmərik, açıq deməliyik. Doğrudur, divan elə hündür olmasa da, bu, nadir travmadır. Belə hallarda uşağın ya başı zədələnir, ya da ayaqları. Müşahidə göstərir ki, uşağın ayaqları zədələnib, özü də biri digərindən artıq.

- Bəs nə məsləhət görürsünüz, doktor? — Rəngi ağarmış Solomon tez-tələsik soruşdu.

- Mənim məsləhətimə qalsa, gərək uşağı tələf edək. Cavansınız, əgər Alina bir dəfə hamilə olubsa, yenə olar. O sarıdan nigaran qalmayın.

- Həmid, ümumi nəticə nə göstərir?

- Bəri başdan tam və qəti fikir demək mümkün olmasa da, onu deyə bilərəm, ayaqları zəif inkişaf edəcək, xüsusilə bir ayağı. Bayaq dediyim kimi, tibb tarixində belə şeylər var. Uşağın ayağına əlavə vasitəni hər üç aydan bir dəyişməklə, onun ümumi inkişafını təmin etmək olar. Bu da ki, bizim ölkəmizdə problemdir. Bir sözlə, biz çalışırıq ki, uşaq valideynə əlavə problemlər yaratmasın. Biz böyük sovetlər ailəsinə sağlam övladlar bəxş etməliyik. — Bir az da keçsə Həmid lap mühazirə başlayacaqdı. Nərminənin işarəsilə dayandı, ümumi əhvala təsir üçün nə deyəcəyini düşündü.

Həmid tibb tarixindən, belə nadir hadisələrdən xeyli danışdı, Alinaya təskinlik vermək istədi. Xəbərin ağırlığı ilk uşaqlarını gözləyən, dünyaya gəlməmiş körpənin valideynləri üçün hüzünlü bir sükut gətirmişdi. Onların dinib-danışmağa sözləri yox idi. Solomon Alinanın qolundan tutub qaldırdı.

- Gedək əzizim, doktor da istirahət etsin, fikirləşib cavab verərik.

Həmin gecə Solomon Alina ilə çox danışdı, ona nəvaziş göstərdi:

- Heç narahat olma, bundan sonra uşağımız olmasa da, biz xoşbəxt olacağıq, — dedi.

Axır ki, Alina yuxuya getdi. Yuxuda hələ doğulmamış uşağı ilə danışırdı.

-  Sən məni öldürəcəksən, ana?

- Mən səni öldürə bilmərəm, oğlum.

Elə bil Alinanın ürəyinə dammışdı ki, uşaq oğlandır. Ona görə də ona «oğlum» deyirdi. Elə belə qarışıq yuxularla səhər açıldı. Solomon işə gedəcəkdi. Ancaq Alinanı da belə nigaran qoyub getmək istəmirdi:

- Nə deyirsən, nə qərara gəlmisən? — soruşdu.

- Qoy axşama qədər düşünüm, sən işə get. — Alina cavab verdi.

Beləcə Alina otaqda yenə oğlu ilə tək-tənha qaldı. Ona elə gəlirdi ki, bətnində uşaq vurnuxur, ölümə məhkum edilmiş əzabkeş kimi nicat axtarırdı. Anasını ittiham edirdi:

- Sən doğrudanmı məni həlak edəcəksən, axı mən sənin yeganə ulduzunam, — deyə çırpınırdı.

- Sən mənim ulduzumsan. Bilirəm, mən səni sönməyə qoymaram.

- Mən sənə inanım, ana? — Ulduzun sənə inansın? Sənin ulduzun sönməyəcək ki?! Başqasına etibar eləmə.

Birdən Alina ayağa qalxdı: — Yox, sən sönməyəcəksən. Sən mənim sönməyən ulduzum olacaqsan, oğlum,  mən səni qoruyacağam, lap axıracan qoruyacağam, iki ayağın olmasa da qoruyacam. Mən sənə xəyanət edə bilmərəm.

Birdən Alina özündə bir yüngüllük hiss elədi. Elə bil ki, uşaq sakitləşdi. Uşaq anaya inanmışdı. Daha öz dünyasında əmin-arxayın idi. Alinanın da əhvalı yaxşılaşdı.

Beləcə, qalan üç ay da keçdi. Ana-bala üç aylıq yolu da, bir-birilə sevgi dolu duyğularla dilləşə-dilləşə başa vurdular.

Körpə elə Həmidin nəzarətində olan doğum evində dünyaya gəldi. Adını Salin qoydular. Bu da Solomonun kəşfi idi. Özünün və Alinanın adından düzəltmişdi. Həqiqətən Salinin dizdən aşağı ayaqlarında ümumi bədənindən fərqli bir naziklik vardı. Hiss olunurdu ki, dizdən aşağı bir ayaq çox az inkişaf edib. Digər ayaqda da qüsur hiss olunurdu. Ancaq bir qədər fərqli.

Teleqramla Alinanın bacısını Bakıya çağırdılar. Çox çətinliklə, yuxarı dairələrə müraciətlə, həm də uşağın zədə ilə doğulduğunu sübut etməklə icazə aldılar. Alinanın bacısı Salini özü ilə İzrailə apardı.

* * *

İllər sürətlə keçdi. Ara-sıra xəbərlər gəlirdi. Məktublar, bağlamalar… Ancaq bunlardan Həmidgilin xəbəri olmurdu. Çoxdan o həyətdən köçmüşdülər. Həmid kooperativ mənzil almışdı, işlədiyi kafedranın yaxınlığında.  Son vaxtlar tez-tez baş ağrısından şikayətlənirdi Həmid. Və bir gün onu yoxlayıb başında şiş olduğunu dedilər. Nərminə də, artıq çoxdan böyüyüb ailə qurmuş Həsən də dəymədikləri ümid yeri, axtarmadıqları həkim qalmadı. Və nəhayət, bu tipli şişlərin əməliyyat yolu itlə İzraildə götürüldüyünü öyrəndilər. Hə, indi Alinagil yada düşdü. Əvvəlki kimi deyildi. İndi xarici ölkələrə gedib-gəlmək asanlaşmışdı. Köhnə dostlar bir yerə yığışıb İzrailə getməyi qərarlaşdırdılar. Solomon harda qalacaqlarını, Həmid üçün hansı xəstəxananı seçdiklərini Nərminəyə deməsə də, hər şeyi həll eləmişdi. İzraildə bir həftəlik ümumi yoxlamalardan sonra əməliyyat günü təyin olundu. Təl-Əvivdə məşhur olan gənc cərrah əməliyyat aparacaqdı. Həsən də, Nərminə də həkimlə görüşüb söhbət elədilər. Həsən həkimdən təminat istəyirdi. İngiliscə danışan həkimin cavablarını tərcüməçi olduğu kimi çatdırdı:

- Heç bir halda yüz faizli təminatdan söhbət gedə bilməz. Ancaq əməliyyat olunmasa, xəstə çox yaşamaz.

Həsən də, Nərminə də naəlac qalıb əməliyyata razılıq verdilər. Bir neçə saatdan sonra ayağının birini çəkə-çəkə gələn həkim onlara yaxınlaşdı:

- Mən sizi təbrik edirəm, əməliyyat çox uğurlu keçdi. Qorxulu şiş deyildi. Ancaq götürməsəydik, bax bu qorxulu olardı. İndi gedin, istirahət edin. Düz on gündən sonra görüşə icazə veriləcək. Solomon da, Alina da hər gün Həsənlə Nərminənin yanında olurdu. Onlar birlikdə Təl-Əvivin görməli yerlərini gəzdilər. Solomon da, elə Alina da çalışırdı ki, köhnə dostları darıxmasınlar. Üzüntülü on gün də keçdi. Birlikdə xəstəxanaya gəldilər. Həmidi də palataya köçürmüşdülər. Rahat danışdı, hamı ilə hal-əhval tutdu.

- Mən bilmirəm, bu həkimə necə minnətdarlıq edəcəyik. Belə gənc, istedadlı həkimlər nadir olur. Onun nə iş gördüyünü mən təsəvvür edirəm. Axı mən özüm də həkiməm. İndi həkim gələcək, — Solomon güldü, — ona təşəkkür edərsən.

Palataya daxil olan həkim Solomonun yanında durdu. İlahi, insan nə qədər bir-birinə bənzəyər. Nərminənin gözləri böyümüşdü. Elə bil oxşarlığı indi görürdü.

- Əziz bacım, Nərminə, bu, mənim oğlum Salindir, o vaxt İzrailə yola saldığımız Salin.

Həmid də, Nərminə də hər şeyi başa düşdü. Nərminə Salinin boynunu qucaqlayıb bağrına basdı: — Bizim əziz balamız, — dedi .

Həmidin də gözləri dolmuşdu.

Salinin sevincdən gözləri parıldayırdı — sönməyən ulduzlar kimi…

2014