“Güllələnmiş heykəllərin fəryadı” əsəri nümayiş etdirilmişdir

Bakı, 27 yanvar (AZƏRTAC). Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki dəmiryolçuların mədəniyyət sarayında tanınmış yazıçı, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı” povestinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilmişdir.

AZƏRTAC xəbər verir ki, “Güllələnmiş heykəllərin fəryadı” tamaşasında əzəli torpaqlarımızın düşmən işğalı altında qalması daş heykəllərin fəryadı ilə ifadə olunur. Erməni qəsbkarları tərəfindən soydaşlarımızı qırğınlara, qətliamlara və soyqırımlara məruz qalmaları bədii obrazlar vasitəsilə tamaşaçılara çatdırılır.

Səhnə əsərində doğma Şuşamızın işğalı ilə bağlı Vaqifin, Natəvanın, Ağabəyim ağanın, Gövhər ağanın, İbrahim Xəlil xanın, Nəvvabın, dahi Üzeyirin və Bülbülün daş heykəllərinin fəryadı böyük qəlb ağrısı ilə tamaşaçılara təqdim olunur. Əsərdə Şuşanın keçmişi və bu günü müqayisə edilir və nəticələr çıxarılır.

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə nümayiş etdirilmiş səhnə əsəri Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi tərəfindən hazırlanmışdır.

Rayon icra hakimiyyətinin təşəbbüsü ilə gənclər və yeniyetmələr arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların dövlətə və millətə sədaqət ruhunda formalaşdırılmasına istiqamətləndirilmiş tədbirlərdən biri kimi bu tamaşanın da nümayişi geniş izləyici auditoriyası qazanmışdır.

Tamaşanın sonunda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tanınmış yazıçı Hüseynbala Mirələmovun qələmə aldığı bu əsəri çağdaş ədəbiyyatımızın ən gözəl nümunələrindən biri kimi səciyyələndirmişdir.

Sonda əsərin müəllifi Hüseynbala Mirələmov çıxış edərək işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə və doğma Şuşamızda böyük zəfər yaşanacağına əminliyini bildirmişdir.