Görkəmli akademikin 95 illiyinə dəyərli töhfə: “Zərifə Əliyeva”

21-06-2018 
 

“Zərifə xanım Əliyeva öz işıqlı xarakteri ilə taleyin onunla eyni yolda addımlamağı qismət etdiyi adamların da, öz ömür yolunda onunla bircə dəfə qarşılaşanların da qəlbində parlaq bir mələk kimi silinməz iz qoymuşdur. O, cismən axirət dünyasına köçsə də, qoyub getdiyi yadigar İŞIQ nurunu bircə zərrə də azaltmayıb. Əksinə, bu işığın nuru onun yenidən günəşi, səmanı, dənizi, dağı görmək imkanını qaytardığı adamların yaddaş saxlancında Zərifə xanımla bağlı kövrək xatirələrdə əbədiləşmişdir.

...Zərifə xanım tarix yaratmayıb. Onun rolu bu tarixi yaradan böyük insanın ən böyük məhəbbəti olmaqdan ibarətdir. Filosoflardan biri deyib: “Hər böyük sərkərdənin arxasında bir qadın var”. Zərifə xanım məhz belə qadınlardandır- böyük insanlarla yanaşı olduqda, o insanların ulduzlarının daha parlaq bərq vurmasına səbəb olan qadınlardandır. Bu dünyaya məsum, gözəl qız simasında gələn Zərifə xanım mənsub olduğu əsl azərbaycanlı ailəsinin bütün mənəvi dəyərlərini özündə cəmləşdirmişdi. Və bir qadın, bir ana, bir həkim, bir alim, bir ictimai xadim və birinci xanım olaraq o, əfsanəvi taleyə malik olmuş insanların ümumi axınına nə qədər də təbii  bir şəkildə qoşulmuşdu!”

Bu fikirlər tanınmış yazıçı-dramaturq Hüseynbala Mirələmovun bu yaxınlarda Moskvanın məşhur “Molodaya qvardiya” nəşriyyatının “Görkəmli adamların həyatı” seriyasında işıq üzü görən, eyniadlı monoqrafiyanın əsasında yenidən işlənmiş  “Zərifə Əliyeva” sənədli romanındandır. Müəllifin görkəmli oftalmoloq alim, akademik Zərifə

Əliyevanın 95 illik yubileyinə ithaf etdiyi kitabın “Ön söz” müəllifi akademik İsa Həbibbəylidir. “Tale yolları” sərlövhəli “Ön söz”də yubilyar Zərifə xanım Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim kimi xarakterizə edilib: “ Zərifə xanım Əliyevanın  həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın ovrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır. Zərifə Əliyevanın adı bu gün də Azərbaycanda böyük fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Həyatını insanların gözünə işıq verməyə həsr edən, işığa, xeyirə, dostluğa və sülhə xidmət edən akademik Zərifə Əliyeva xalqımız üçün çox dəyərlidir”. İsa Həbibbəyli “Ön söz”də yazıçı-dramaturq Hüseynbala Mirələmovun bu dəyərli kitabının Azərbaycan tarixinin son yarıməsrlik tarixinin öyrənilməsində təkcə tədqiqatçılar üçün deyil, oxucular üçün də qiymətli məxəz olacağına inandığını vurğulayıb.

Sənədli romanın “Bala İstanbuldan başlanan yol”, “Heydər və Zərifə” dastanının əvvəli”, “Hippokrat və oftalmologiya”, “Çətin sınaqdan keçən sevgi”, “İnsanları xeyirə çağıran”, “Moskvanı tilsimə salan ruh”, “İnsanlara qalan işıq”, “Unudulmaz insan”, “İşığın davamı”, “Zərifə xanımın gəlini”, “Nur heykəli”  kimi fəsillərində görkəmli alimin həyat və yaradıcılıq yolu ətraflı işıqlandırılıb. Kitabda, həmçinin yubilyar haqqında dövrünün görkəmli şəxsiyyətlərinin xatirələri, qiymətli fotoşəkillər toplanıb.

Kitabda Ümummilli Liderin həyat yoldaşı haqqında yer alan fikirləri insanı riqqətə gətirir: “Mənim işim ağır və çətin idi. Lakin şəxsi həyatım çox rahat idi. Həyat yoldaşım çox mənəviyyatlı insan idi  və məni başa düşürdü. Mən onu çox sevirdim. O, həkimlik oxumuşdu, göz xəstəlikləri üzrə professor oldu. O, həyatda mənim ən böyük, ən müdrik dayağım idi. 1985-ci ildə o, Moskvada vəfat etdi. Onun ölümü məni dərindən sarsıtdı. Sonra mən infarkt keçirdim və uzun müddət xəstəxanada yatdım”.

Akademikin qızı Sevil Əliyeva xatirələrində anasının qeyri-adi dərəcədə təvazökar olduğunu  qeyd edirdi: “ O, bəzi nazir arvadları kimi qəsdən gecikib, aşağıdan yuxarıyadək bütün zalı təntənə ilə keçib özünü nümayiş etdirməzdi. Atamın tədbirlərə anamla birgə getməsinə gəldikdə isə, bu, atamın ona olan böyük məhəbbəti ilə bağlı idi. Atam onsuz yaşaya bilmirdi...”

Əsərin “Nur heykəl” fəslində də maraqlı məqamlara toxunulub. Müəllif Zərifə xanım Əliyevanın insanlarla münasibətlərinin, ailə ocağının hərarətinin, elmdə, həkimlik fəaliyyətindəki uğurlarının harmoniya təşkil etdiyini diqqətə çatdırıb: “Tanrı Zərifə xanım Əliyevaya misilsiz nəciblik, zəriflik bəxş etmişdi. Ünsiyyətdə olduğu hər bir xəstənin, onun şəfalı əllərinə ehtiyacı olan hər bir şəxsin ürəyinə yol tapa bilirdi. Xarakterindəki yüksək ali keyfiyyətlər, ətrafındakılara mənəvi təsir gücü ona insanların rəğbətini qazandırmışdı. Zərifə xanım üçün ən böyük dəyər, həyatın mənası başqalarına lazım olduğunu, insanların onun köməyinə ehtiyac duyduqlarını hiss etdiyi məqamlar idi. Zərifə xanım heç vaxt Heydər Əliyev çəxsiyyətinin arxasında daldalanmamışdı. Əksinə, özünün xarakterinin gücü, səyi, zəhmətli əməyi, ağlı, iradəsi və xeyirxahlığı sayəsində özünə canlı abidə ucaltmışdı”.

Kitabda Zərifə xanımın qayğıkeş ana obrazı oxuculara təfərrüatlarla çatdırılıb: “Ömür-gün yoldaşına, övladlarına fədakarlıqla qulluq etməyi həkimlik borcu ilə, elmi fəaliyyəti ilə ahəngdar şəkildə birləşdirməyə müvəffəq olmuş Zərifə xanım bununla da bir həyat örnəyi yaradırdı. Ana tərbiyəsi ilə övladlarına çox dəyərlər ötürmüşdü Zərifə xanım. Atası Əziz Əliyevin, həyat Yoldaşı Heydər Əliyevin ailə ocağından gələn halallığı, nəcabəti, comərdliyi, kübarlığı, ziyalılığı, intellekti, insanlara məhəbbəti... Amma Azərbaycan sevgisi, torpağa, yurda, onun dəyərlərinə bağlılıq bütün bunların başında gəlirdi.”

Müəllif bu gün Prezident İlham Əliyevin Azərbaycana olan sonsuz sevgisini də məhz Zərifə xanım Əlieyavanın mükəmməl tərbiyəsindən əxz etdiyini bədii şəkildə qələmə alıb: “Zərifə xanımın, Heydər Əliyevin verdiyi tərbiyə isə bu ocağın övladları üçün ata-ana sevgisi ilə vətən sevgisini bərabərləşdirmişdi, eyniləşdirmişdi. 

Və bu gün İlham Əliyevin Azərbaycan naminə, Azərbaycan adına gördüyü işlər, etdiyi tarixi fədakarlıqlar, əslində bu sevginin izharıdır. İlham Əliyevin Azərbaycana olan sevgisi bir övladın bir anaya olan sevgisidir. Necə ki, bir zamanlar Zərifə xanım öz sevimli oğluna da Vətənə də Ana kimi sevgi bəsləməyi öyrətmişdi...”

Əsərin kövrək notlara köklənmiş sonluğunda yazılan fikirlər oxucunu bir daha  əbədi həyat və əbədi məhəbbət haqqında əfsanəyə inandırır: “Hər dəfə Heydər Əliyevin - müstəqil Azərbaycanın şanlı simvolunun həyat və fəaliyyətinə həsr olunan filmə baxdıqda ürəyimdə incə hisslər baş qaldırır. Mən Zərifə Əliyeva ilə vidalaşma səhnəsini-Heydər Əliyevin öz əbədi məhəbbəti ilə ayrılığına acı göz yaşı ilə ağladığı səhnəni nəzərdə tuturam...Aman Allah, itkiylə barışmaq istəməyən kəsin yanıb-qovrulan ürəyini necə sakitləşdirmək olar?... Heç vaxt heç bir dərdin, bədbəxtliyin qarşısında baş əyməyən mərdlik və igidliyin təcəssümü olan bu güclü insan taleyin o ağır zərbəsinə dözə bilməyərək ömründə ilk dəfə acı göz yaşları axıtdı...

Lakin əbədi həyat və əbədi məhəbbət haqqında əfsanə davam edir. Ayrılıqlar da, qovuşmalar da taleyin qismətidir...Məhəbbətlə dolu olan iki ürək on səkkiz ildən sonra əbədi qovuşdu. Bu gün Fəxri xiyabanda -bütün azərbaycanlıların and yeri olan bu müqəddəs guşədə əbədiyyət dastanının iki qəhrəmanının məzarları üstündə, sanki keçmiş xoşbəxt günlərdə olduğu kimi, bir-birini sözsüz başa düşən iki qranit abidə ucalır...

Onlarla, yüzlərlə azərbaycanlı əllərindəki gül dəstələri ilə bu məzarların önündə baş əyib, xeyir-dua almağa gəlir... İki qəlbin əbədi məhəbbəti ilə möhkəmlənmiş uzun və xoşbəxt bir həyata xeyir-dua almaq üçün...”

Sevinc Avdullayeva, “İki sahil”

http://www.ikisahil.com/?lang=aze&page=18&newsId=99655&lang=aze