Humanizm simvolu, ümid, inam ünvanı, mərhəmət, xeyirxahlıq nümunəsi

24-08-2018 
 

Qızmar avqust bir sıra tanınmış şəxsiyyətlərin dünyaya göz açdığı aydır. Bəlkə də təbiətin qanunauyğunluqlarından biridir ki, isti aylarda doğulanların qəlbi də insanlara hərarət bəxş etmək və həlim  davranmaq baxımından xüsusilə fərqlənir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da avqustda dünyaya gəlib. Adətən ailədə övlad doğulub adı qoyularkən ata-babalarımızın folklor xəzinəsində yer alan gözəl bir alqış qopar hamının dilindən: “Adı ilə böyüsün, adına layiq övlad olsun!”

Bu günlərdə ömrünün növbəti  yaşını qeyd etməyə hazırlaşan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da sözün bütün mənalarında bu alqışdan bolluca nəsibini almış bir insan olaraq adına layiq yaşayan şəxsiyyət kimi  tarixə öz imzasını atmağı bacarmışdır.

Mehriban xanım Əliyeva  adına uyğun olaraq hamıya şəfqətli, mehriban münasibəti, mərhəmətli rəftarı və örnək davranışı ilə millətinin qəlbində özünə yer tutmağı bacaran nəcib  Azərbaycan qadınlarındandır. Humanizmin başlıca prinsiplərindən olan mərhəmət anlayışı  onun ali həyat kredosudur. “İzvestiya” qəzetinə müsahibəsində də birinci xanım bunu qeyd etmişdi: “Zənnimcə, geniş anlamda, mərhəmət ən yaxşı və ən ülvi insani keyfiyyətlərdən biridir”. “Rossiya 1” telekanalına müsahibəsində isə bu fikrin məntiqi davamı gəlmişdi: “Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır - istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır”.

Məhz buna görə də bu gün Mehriban xanım  Əliyeva istər dünyada, istərsə də ölkəmizdə humanizmin  simvollarından biri kimi qəbul edilir.

Tanınmış yazıçı Hüseynbala Mirələmovun birinci xanımın həyat və fəaliyyəti haqqında illər öncə qələmə aldığı “Missiya” bədii-publisistik romanında Mehriban xanım Əliyevanın ömür yoluna sevgi işığında nəzər salınıb. Sözügedən kitabın “Ön söz” müəllifi, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Mehriban xanım Əliyevanın fəaliyyətini səciyyələndirərkən onu dünyanı zərif çiyinlərində daşımaq qüdrətində olan bir xanımın azərbaycançılıq məfkurəsu uğrunda yorulmaz təbliğatı və dövlətçiliyimizin möhkəmlənməsi yolunda mübarizliyinin bariz nümunəsi kimi xarakterizə etmişdir: “Mehriban xanım Əliyevanın müasir dünyamıza bəxş etdiyi ən böyük dəyər - onun Sara Xatun, Tomris, Aləmşahbəyim, Natəvan,  Nabat xanım kimi Azərbaycan tarixi və mədəniyyətinin görkəmli xanımlarının müstəsna keyfiyyətlərini özündə birləşdirməsi və yeni, daha mükəmməl  şəkildə beynəlxalq miqyasda nümayiş etdirməsidir. Bu, dünyanı zərif çiyinlərində daşımaq qüdrətində olan bir xanımın azərbaycançılıq məfkurəsi uğrunda yorulmaz təbliğatı və dövlətçiliyimizin möhkəmlənməsi yolunda mübarizliyinin bariz nümunəsidir. Məhz bu məziyyətlər Mehriban xanım haqqında söz söyləmək istəyən hər bir şəxsin düşüncələrinin ana xətti ola bilər.  Mehriban xanım Əliyevanın yerinə yetirdiyi ictimai, siyasi və mədəni missiya tarixi fenomendir və bir Şeyxülislam kimi mənim üçün çox önəmlidir ki, qloballaşan dünyamızda müsəlman qadını haqqında yanlış düşüncəni ortadan qaldıran, qadını islami dəyərlərdəki ucalıq zirvəsinə yetirən qüvvə Allahın bir neməti olaraq bizim birinci xanımımızın xarakterində cəmləşmişdir. Mehriban xanım bu gün dünyamızın xilası kimi görünən tolerantlığı, millətlər və dinlərarası dialoqu, multikulturalizm prinsiplərini daima diqqət mərkəzində saxlamaqla Azərbaycanın beynəlxalq nüfuzuna yenilməz zəfər qazandırır. Tarixi dəyərləndirmək özü də bir tarixdir. Şadam ki, Mehriban xanım haqqında kitab yazmaq  fikri uzun illərdən bəri tanıdığım qələm sahibi, millət vəkili Hüseynbala Mirələmova nəsib olmuşdur. Mehriban xanım Əliyeva kimi bir şəxsiyyət haqqında kitab yazmaq - onun tarixi missiyasını dərk etmək deməkdir”.

Yazıçı Hüseynbala Mirələmov “Missiya”da “Mən siyasətlə məşğul olmuram, sadəcə insanlara kömək edirəm” -fikrini bəyan edən xeyriyyəçi ruhlu birinci xanımın  ali insani keyfiyyətlərini yazıçı qələminin gücü ilə oxuculara çatdırıb: “Mehriban xanımın düşüncəsinə görə, xeyriyyəçilik fəlsəfəsinin əsası ilk növbədə insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, altruizm, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir. Bu məsələdə Azərbaycanın birinci xanımı üçün mənəviyyatın qanunları əsasdır.   Mənəviyyat qanunlarına görə isə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividentlər və səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarətdir.  Bəzən sadəcə adi insani diqqət və iştirak belə şəxsi ianəyə, şəxsi töhfəyə çevrilə bilər. İnsanın xeyirxah əməlləri isə hökmən bizim həyatımızda yaxşılığın sayının artmasına gətirib çıxaracaqdır...”

Hüseynbala Mirələmov Mehriban xanım Əliyevanın öz xalqı üçün etdiyi fədakarlıqların onun ictimai-siyasi statusundan asılı olmadığını,  dünyaya hamıya mərhəmət və şəfqət missiyası ilə gəldiyini bədii-sənədli publisistik romanında önə çəkib:   “Onun içindən gələn fədakarlıqla gördüyü işlər küll halındadır, cəmiyyətin demək olar ki, bütün sahələrinə aiddir, bu sahələrdə müşküllərin həllinə, uğura doğru aparan qüvvədir. Müasir tariximizin bu ən güclü qadınının ən ümdə vəzifəsi Mehriban olmaqdır. Öz adı ilə, şəxsiyyəti ilə cəmiyyətə ümid, inam, mərhəmət, xeyirxahlıq nuru saçmaqdır. Onun mənəvi dünyasındakı bu keyfiyyətləri daşıdığı ictimai-siyasi statuslar üzə çıxarmayıb. Mehriban xanım cəmiyyətin sıravi bir üzvü statusunda da Tanrının və taleyin onun üçün müəyyən etdiyi müqəddəs missiyasını yəqin ki, yenə eyni tərzdə yerinə yetirəcəkdi”.

Yazıçı Mehriban xanım Əliyeva haqqında yazmağın şərəfli və çətin olduğunu qeyd edərkən bunun həm də böyük bir yaradıcı məmnuniyyət olduğunu etiraf edib: “Mehriban xanım haqqında yazmaq... Adətən belə məqamlarda qeyd edirlər ki, bu, çətin, amma şərəflidir. Şablon göründüyündən, kitab boyu mən də bu ifadəni işlətməkdən qaçdım. Amma indi etiraf edirəm ki, Mehriban xanım Əliyeva haqqında yazmaq, həqiqətən şərəfli olduğu qədər də çətindir... Mən bu çətinliyi faktları ümumiləşdirdikcə, onların mahiyyətinə vardıqca, dəyərini, tutumunu anlayınca bir daha gördüm. Mehriban xanım Əliyeva haqqında yazmaq yaradıcılıqla bağlı çətinlik deyil, əksinə, böyük bir yaradıcı məmnuniyyətdir. Mehriban xanım haqqında yazmaq ona görə çətindir ki, o özü çətin işlər görür, özü çətin işləri üzərinə götürür, çətin işlərə çiyin verir “.

Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərovun  müəllifi olduğu “Mehriban” kitabında isə  sidq-ürəkdən gələn bir səmimiyyətlə Mehriban Əliyeva “yalnız ölkənin birinci xanımı deyil, hamının əzizi, doğma Mehribanı” kimi xarakterizə edilib: “Mehriban xanım haqqında yazmaq və fikir söyləmək böyük məsuliyyət tələb edir. Bu gün ölkənin ictimai həyatında adı bütün sahələrə nüfuz etmiş birinci xanım barədə müxtəlif kitablar yazılıb, ölkə daxilində və xaricində onun fəaliyyətini təfərrüatı ilə əks etdirən materiallar nəşr olunub. Əsasən rəsmi məlumatların yer aldığı bu nəşrlər onun xarakteri, daxili aləmi barədə dolğun təəssu?rat yaratmır. Bu səbəbdən peşəkar fəaliyyətimin böyük hissəsinin onun adı ilə sıx bağlı olduğunu nəzərə alaraq, bu gün ölkəmizdə xeyirxahlıq rəmzinə çevrilən Mehriban xanım haqqında yazmaq və onun ictimai şüurda formalaşmış bitkin portretinə yeni cizgilər əlavə edərək daxili aləmini təqdim etmək istədim. Bu illər ərzində mən onun insanlara qayğıkeş münasibətini, vətəndaşların müraciətlərinə, ehtiyaclarına necə diqqətlə yanaşdığını, valideyn qayğısından məhrum olmuş uşaqlara himayədarlıq etdiyini, bir sözlə, böyük ürək sahibi olduğunu gördüm. O, öz əməlləri ilə sevilir, insanların hörmətini və etimadını qazanır. Məhz bu sevginin sayəsində o, yalnız ölkənin birinci xanımı Mehriban Əliyeva deyil, hamının əzizi, doğma Mehribanıdır”.

Anar Ələkbərov ölkədə heç bir sahənin Mehriban xanım Əliyevanın diqqətindən kənarda qalmadığını və ölkəmizdə dünyaya örnək ola biləcək birinci xanım institutunun formalaşdığını qeyd edib.  

Nəşrdə Mehriban xanım Əliyevanın insani keyfiyyətləri önə çəkilir, onun  ən xırda təfərrüatları belə təhlil etmədən qərar vermədiyi, iti müşahidə qabiliyyətinə malik olduğu,  görüşlər, tədbirlər zamanı heç nəyin diqqətindən kənarda qalmadığı,  illər öncə müşahidə etdiyi hansısa bir hadisəni bütün təfərrüatı ilə xatırlaya bildiyi, hər şeyə praqmatik yanaşıb dərindən təhlil edərək düzgün qərar verdiyi, heç kimi ümidsiz qoymadığı, şəfqət duyğusunun onun xarakterinin nəzərə çarpan xüsusiyyəti olduğu, sadəliyi və səmimiliyi ilə insanların sevgisini qazandığı xüsusilə diqqətə çatdırılıb: “Mehriban xanımın uşaq evlərindəki körpələrlə görüşlərdən sonra qəlbində kədərli hisslərin baş qaldırdığının dəfələrlə şahidi olmuşam. Uşaq evləri və internat məktəblərini ziyarət edərkən hər bir xırdalığa fikir verir, mütləq mətbəxə baş çəkir, uşaqların qidalanması ilə maraqlanır, bütün şəraiti nəzərdən keçirir. Bu gün valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlar onun sayəsində qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl mənasında ailə mühiti yaradılıb”.

Müəllif Mehriban xanım Əliyevanın geniş  fəaliyyətini  Azərbaycanda qadın hərəkatında yeni bir mərhələ kimi qiymətləndirib və milli maraqlara söykənən bu çoxşaxəli fəaliyyəti müasir Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi və rolu barədə aydın təsəvvür yaratdığını diqqətə çatdırıb: “Onun şəxsiyyətində Azərbaycan qadını üçün səciyyəvi olan yüksək humanizm və qayğıkeşlik kimi keyfiyyətlər parlaq təcəssümünü tapıb. O, hər zaman xalqımızın mövqeyindən çıxış edərək Azərbaycan üçün çox böyük işlər görüb və bu işlərin altına öz imzasını atıb”.

Bu yazıda əlbəttə, Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edən nəşrlərin və onun  haqqında söylənən fikirlərin çox cüzi bir qismini işıqlandırmaq mümkün oldu. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti böyük cildlərə sığmadığı halda, təbii ki, bu yazılanlar sadəcə aysberqin görünən hissəsi idi.

Hüseynbala Mirələmovun bəhs etdiyimiz “Missiya” bədii - publisistik romanı “Bioqrafiya davam edir...” şəklində yekunlaşır. Biz də yazıçının bu yekununa istinad edərək öz millətinin MEHRİBANı olmaq səadəti nəsib  olmuş, Azərbaycanın Birinci vitse prezidenti və ölkənin birinci xanımı  Mehriban Əliyevanın işıqlı və şərəfli bioqrafiyasının bundan sonra da onillər boyunca davam etməsini arzulayırıq və Azərbaycan var olduqca bu şanlı bioqrafiyanın hər zaman xalqımızın sonsuz qürur və fəxarət ünvanı olacağına inanırıq...

Sevinc Abdullayeva, “İki sahil”