Lənkəranda yazıçı-dramaturq Hüseynbala Mirələmovun yaradıcılıq gecəsi

Lənkəran, 22 dekabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Dövlət Universitetinin (LDU) elmi kitabxanasında müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı-dramaturq Hüseynbala Mirələmovun yaradıcılıq gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, elm, təhsil müəssisələrinin, ictimaiyyətin nümayəndələrinin və tələbələrin iştirak etdikləri tədbirin iştirakçıları əvvəlcə yazıçı-dramaturqun yaradıcılığını əks etdirən kitab sərgisi ilə tanış olublar.

Yazıçı Hüseynbala Mirələmov videobağlantı vasitəsilə tədbir iştirakçılarını salamlayaraq gecənin təşkilatçılarına minnətdarlığını bildirib.

LDU-nun valideynlər şurasının sədri, rayon ağsaqqallar şurası sədrinin müavini Sərhad Məmmədov yazıçı-dramaturqun ictimai-siyasi fəaliyyətindən danışaraq bildirib ki, Hüseynbala Mirələmov dovlətçiliyimizə sadiq, el-obasına bağlı qeyrətli vətəndaş, tanınmış ictimai xadimdir.

Universitetin dil və ədəbiyyat kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Yədulla Ağazadə Hüseynbala Mirələmovun həyat və yaradıcılığı haqqında söhbət açaraq qeyd edib ki, 14 yaşından “Bir tikə çörək” hekayəsi ilə yaradıcılığa başlayan H.Mirələmov bu gün 60-dan çox bədii, elmi, publisistik kitabların müəllifidir. Yazıçı-dramaturqun ssenariləri əsasında 5 televiziya filmi çəkilib, onun dram əsərləri respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulub, yaradıcılıq nümunələri müxtəlif xalqların dillərinə tərcümə olunub.

Yeni Azərbaycan Partiyası LDU ilk təşkilatının sədri, iqtisad elmləri üzrə fəlsəfə doktoru, kafedra müdiri Tofiq Paşayev Lənkəran şəhərindəki 4 nömrəli qaz-quraşdırma idarəsində çalışdığı illərdə Hüseynbala Murələmov ilə birgə fəaliyyətindən, dostluğundan, onun Azərbaycanın qaz emalı sənayesinin inkişafındakı xidmətlərindən danışıb. Vurğulayıb ki, o, həm də tanınmış alim-texnika elmləri doktoru, professor, Azərbaycan Neft Akademiyasında ixtisaslaşdırılmış namizədlik və doktorluq müdafiə şurasının sədridir.

Pedaqogika üzrə fəlsəfə doktoru, şair-publisist Tükəzban Cahangirova Hüseynbala Mirələmovun yaradıcılığında vətənpərvərlik, doğma yurda, el-obaya məhəbbət hisslərinin əsas yer tutduğunu diqqətə çatdırıb. Bildirib ki, yazıçı-dramaturqun siyasi-publisistik janrın ən gözəl nümunələrindən sayılan “Heydər Əliyev”, “İlham Əliyev” və “Zərifə Əliyeva” kitabları “Görkəmli adamların həyati” seriyasından Moskvanın “Molodaya Qvardiya” nəşriyyatında çap olunub.

Tədbirdə Nizami Cəfərovun “Hüseynbala Mirələmovun yaradıcılığı və ya ədəbi tərcümeyi-halı” kitabından da söz açılaraq kitabda əksini tapan yazılar yüksək qiymətləndirilib.

Sonra Milli Məclisin deputatı Hüseynbala Mirələmovun xarici ölkələrə səfərlərini, görkəmli şəxsiyyətlərlə görüşlərini əks etdirən videoçarx, əsərlərinə çəkilmiş kinofilmlərdən fraqmentlər nümayiş etdirilib.

Universitetin tələbələrindən Şəhla Adıgözəlova, Mədinə Qocayeva, Nərgiz Ağazadə, Tohid Musayev sair Əli Mahmudun yazıçı-dramaturq Hüseynbala Mirələmova həsr etdiyi poemadan parçalar söyləyiblər. LDU-nun filologiya fakültəsinin üçüncü kurs tələbələri Pərviz Yadigarova və Famil Məmmədov isə yazıçının “Xəcalət” tamaşasından parçalar oynayıblar.

Tədbirin sonunda şair-publisist Tükəzban Cahangirova Hüseynbala Mirələmova həsr etdiyi “Bütöv Azərbaycan-sənin Vətənindir” şeirini oxuyub.