“Vəsiyyət” tamaşasının premyerası maraqla qarşılanıb

Bakı, 7 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 144-cü teatr mövsümünün yeni səhnə əsəri - “Vəsiyyət” tamaşasının premyerası olub.

AZƏRTAC xəbər verir ki, tamaşa yazıçı, dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilib. İki hissəli komediyanın quruluşçu rejissoru Əməkdar Artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Xalq Rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Səhnə əsərində Əməkdar artistlər Abbas Qəhrəmanov, Mirzə Ağabəyli, Münəvvər Əliyeva, Almaz Amanova, Aslan Şirin, Sevinc Əliyeva, Kazım Həsənquliyev və başqaları çıxış edirlər.

Tamaşanı aktyorlar Dilbər İsmayılova və Vüqar Məmmədov idarə edib. Tamaşa maraqla qarşılanıb.

Qeyd edək ki, səhnə əsərinin süjeti Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyəti əsasında qurulub. Tamaşa var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanları mənəvi kamilliyə səsləyir.