“XƏCALƏT” - XƏCALƏTLİ GÜNÜMÜZÜN GÜZGÜSÜ

                                                                                                           

                                                                                             Bəxtiyar VAHABZADƏ, Azərbaycanın Xalq sairi

Hörmətli Hüseynbala Mirələmov, “Xəcalət" po­vestinizi yalnız yarıya qədər oxuya bildim. Qəhər mə­ni boğdu, göz yaşlarımı saxlaya bilmədim, bacarma­dım. Bu boyda dərdlə qol-qola, baş-başa yaşaya bil­diyimə xəcalət çəkdim. Bəli, biz hamımız babalarımı­zın bizə əmanət verib getdiyi cənnətməkan Qarabağı düşmənə təslim edəndən sonra yenə də yaşaya bildiyimizə görə, o müqəddəs torpaqda yetişən dahilərimizin ruhundan utanmalıyıq (Mənim bu barədə “Utanıram” adlı şerim var). Əsərinizlə məni bir daha utandırdığı­nıza görə, Sizə təşəkkürlərimi bildirir, axıra qədər oxuya bilmədiyimə görə Sizdən üzr istəyirəm, əfv edin, təsvir etdiyiniz o dəhşətli səhnələri yaşamaq qəl­bi və vicdanı olan hər kəs üçün çox ağırdır.

Təsvir etdiyiniz hadisələr artıq tarix olmuş olsay­dı, bəlkə də onu axıra qədər oxuya bilərdim. Amma oxuduqlarım tarix deyil, günümüzün reallığıdır. Qışın sazağında, damı dəlik-deşik olmuş, cırıq çadırlarda, əsasən, Didarlar yaşadığım bu günün körpələridi. Axı mən bunu bilir, lakin onlara kömək əlimi uzada bilmirəm. İstəyirəm, amma o imkanın sahibi deyiləm.

Bu, bir həqiqətsə, mən özümii hansı haqla bu millətin xalq şairi hesab edə bilərəm? Bu ad mənə Didar­lar doğulmamışdan əvvəl - qədrini bilmədiyimiz xoş­bəxt günlərdə verilmişdi. Çadır şəhərcikləri qurulan­dan sonra mən nəinki bu torpağın xalq şairi, heç adi vətəndaşı olmağa da layiq deyiləm.

Demək Siz məni bir daha utandırmaqla, ürəyiniz­də göynəyib, yazıya köçürülən dərdinizi oxucuya çat­dıra bilmək məharətinizlə məqsədinizə nail olmusu­nuz. Bu isə yazıçılıqda əsas şərtdir.

Yox, qardaş, “ikinci dərəcəli" vətəndaşlara çevri­lən bacı-qardaşlarımın dəhşətli və dözülməz həyatını mənə göstərdiyiniz bu mərsiyə kitabını sona qədər oxumağa mənim xəstə ürəyim tablamaz. Qardaş və bacı dediklərim bu gün o dəhşətli həyatı yaşaya bilir, mən isə həyatı mənə göstərən kitabı axıra qədər oxu­ya bilmirəm. Daha doğrusu, isti aşıma sıı qatmaq is­təmirəm.

Bəli, bu millətin övladları olan bizlər Qarabağ tor­pağının yetirib bütün türk dünyasına bəxş etdiyi Üzeyirbəylərin, Niyazilərin, Bülbüllərin ruhu qarşısında günahkarıq. Sizin dediyiniz kimi biz bizdən sonra gələn nəsillərin qarşısında gözükölgəli, başıaşağı, gü­nahkarlarıq. Günahkarıq bir də ona görə ki, biz yal­nız torpaq deyil, torpaqla bərabər namusumuzu, şə­rəfimizi vermişik, geri almaqda isə, deyəsən, gələcək nəsillərə ümid edirik.

Allah o günü bizə göstərsin ki, mən kitabınızı keç­miş bir tarix kimi axıra qədər oxuya biləm və oxu­duqca da ürəyimdə Allaha şükiir edəm ki. artıq Qa­rabağ geri alınıb, qaçqınlarımız öz yurd-yuvasına qa­yıdıb. Bu müqəddəs ocaq erməninin nəinki ayağından, havasından belə, təmizlənib.

Siz də xəcalətdən qurtaran bir yazıçı-vətəndaş ki­mi vüqarımızdan, başucalığımızdan,  qüdrətimizdən yazarsınız.

Ancaq halva-halva deməklə, ağız şirin olmur. Bu­nun üçün bizə Üzeyir bəyin “Koroğlu” operasının uvertürasındakı əzmkarlıq, qəhrəmanlıq və fədakarlıq lazımdır. Mən bu günə, Koroğlunu yetirən xalqımıza və onu səhnəyə gətirən oğullarımızın varlığına inan­dığım qədər inanıram.

Bir də tamam başqa sahənin adamı olan Hü­seynbala Mirələmov kimi bir oğul əgər Qarabağ dər­dimizi ustad yazıçı səviyyəsində qələmə ala bildisə, bu millətin qüdrətinə inanmamaq mümkün deyil.

 

2004, "Söz haqqında söz" kitabından