«…O, gözəl, girdəsifət gənc bir qızdı; şərqli qızlara məxsus qara, dərin, atəşli gözləri, qələmlə çəkilmiş kimi qara qaşları, incə dodaqları vardı…»

Danılmaz həqiqətdir ki, böyük söz ustaları, bəzən heç özləri də fərqinə varmadan, cəmi iki-üç kəlmə ilə konkret xalqlara mənsub xanımların ümumi portretini yarada biliblər.
Demək çətindir, əgər bir rəssamın qarşısında molbert açıb, ondan əsl Azərbaycan qızını xatırladan təsviri sənət əsəri yaratmağı xahiş etsək, kətan üzərində canlandırılan surət necə alınar?! Zahiri cizgiləri, baxışları, təxəyyülümüzdəki hansı obrazı xatırladar?! Gözlərinin ifadəsi daxili dünyasına necə bələdçilik edər?!
Bircə həqiqəti bilirəm ki, Cəfər Cabbarlının «Firuzə» hekayəsindən başlanğıcda xatırladığım ikicə cümlənin ruhunu duymadan dünyanın heç bir rəssamı o portreti mükəmməlcə yarada bilməz…
Aida İmanquliyevanın bütün şəkilləri Cəfər Cabbarlının o unudulmaz cümlələrini xatırladır və dünya şərqşünaslığı tarixində görkəmli yer tutan bu Azərbaycan qadınının həyatı, elmi-yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqındakı xatirələri vərəqlədikcə o cümlələrdəki rəsmindən boylanan bu xeyirxah, nəcib, mütəfəkkir qadın obrazına heyranlıq duymaya bilmirsən.
«Mənim anam ağlasığmaz dərəcədə gözəl qadın olub. O, istənilən yerə daxil olan zaman hamı qeyri-ixtiyari dönüb ona baxardı»…
Mehriban xanım Əliyeva anasını həm də belə xatırlayır:
- O, hədsiz dərəcədə mehriban və kifayət qədər qapalı qadın idi. Anam Azərbaycanda ilk qadın professor, şərqşünaslıq üzrə elmlər namizədi idi. Görünür, o məndə yüksək məsuliyyət hissini formalaşdırmağı bacarıb… Aida xanım unudulmaz bir şəxsiyyət idi. O, qısa, amma çox parlaq və xoşbəxt həyat yaşamışdır. Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirmişdi. Yüksək savadlı, ziyalı, vətənpərvər, prinsipial bir alim, eyni zamanda çox zərif, çox gözəl, bütün sevgisini ailəsinə bağışlayan, hər zaman ürəkdən kömək göstərməyə hazır olan bir qadın idi.
Görkəmli şərqşünas alim Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabr ayının 10-da Bakı şəhərində — ziyalı ocağında dünyaya göz açmış, ailəsində gördüyü yüksək mənəvi-əxlaqi dəyərlər onun xarakterinə, ruhuna hopmuşdu.
Aida xanımın hələ erkən yaşlarından yüksək bilik, savad almaq, yazıb-yaratmaq, cəmiyyət üçün faydalı insan kimi yetişmək istəyi elə kökdən, gendən gəlirdi. Özünütəsdiq əzmi, bir də həyatda layiqli mövqe tutmaq arzusu ilə orta məktəb illərindən gecəsini gündüzünə qataraq səylə çalışan, ən müxtəlif fənləri eyni səviyyədə mənimsəyən gənc Aidanın bu zəhməti hədər getmədi: gələcəyə böyük ümidlərlə yanaşıb təhsil aldığı 132 saylı orta məktəbi qızıl medalla başa vuraraq həyatının daha bir uca mərhələsinə qalxmağa, tələbə adını daşımağa nail oldu.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə daxil olan Aida İmanquliyeva tələbəlik illərində də eyni həvəslə, səylə çalışaraq təhsili, intellekti, peşəsinə vurğunluğu, nizam-intizamı ilə qısa zamanda müəllimlərinin dərin rəğbətini qazandı. Azərbaycan ərəbşünaslığının banisi, professor Ələsgər Məmmədovdan dərs alaraq ərəb dilini mükəmməl öyrənən Aida xanımın tələbəlik illərindən elmi tədqiqata həvəsi də ətrafdakıların diqqətini çəkirdi. 1962-ci ildə ADU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsini bitirdikdən sonra ömrünü elmə bağlamaq niyyətini özü üçün tam yəqinləşdirdi və imtahanları müvəffəqiyyətlə verərək universitetin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspiranturasına daxil oldu.
Görkəmli şərqşünas Rüstəm Əliyevin rəhbərliyi ilə «Qələmlər birliyi və Mixail Nüaymənin yaradıcılığında onun rolu» mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başladı. Aspirant kimi tədqiqatçılıq əzmi yüksək dəyərləndirilərək Moskva şəhərinə göndərildi, təhsilini SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasında davam etdirdi.
1964-cü ildə «Azərbaycan» jurnalında «Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı» adlı ilk məqaləsi dərc olundu. Gərgin zəhməti sayəsində elmi tədqiqatlarını qısa müddətdə yekunlaşdıran Aida İmanquliyeva 1966-cı ilin martında hər iki elmi rəhbərinin — Rüstəm Əliyevin və İosif Braginskinin xeyir-duası ilə namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi aldı.
Bakıya döndükdən sonra Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işə başlayan Aida İmanquliyevanın gələcək həyatı da bu elm məbədi ilə bağlı oldu. 1966-cı ildə institutda kiçik elmi işçi kimi fəaliyyətə başladı. 1973-1988-ci illərdə böyük elmi işçi kimi ərəb filologiyası şöbəsinin müdiri, 1988-1991-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkildi, 1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, filologiya elmləri doktoru elmi dərəcəsi aldı. Nəhayət, 1991-ci ildən həyatının sonunadək — 1992-ci ilin 19 sentyabrınadək direktor vəzifələrində çalışdı.
Bunlar onun cəmi 52 illik ömründə qazandığı nailiyyətlərin yalnız cüzi bir hissəsidir. Bu nailiyyətlərin müfəssəl təsvirini verməyə çalışsaq, bir çox təfərrüatlara da toxunmalıyıq. Görkəmli alim institutda fəaliyyət göstərən «Asiya və Afrika ölkələri xalqları ədəbiyyatı» ixtisası üzrə müdafiə şurasının üzvü, sədr müavini və sədri olmuşdu. Moskva, Düşənbə, Tbilisi, Hamburq, Küveyt, Poltava, Sankt-Peterburq və digər şəhərlərdə keçirilmiş elmi konfranslarda məruzələrlə çıxış etmişdi. Aida xanımın bilavasitə rəhbərliyi altında ərəb filologiyası şöbəsində güclü kadrlar hazırlanır, ərəb ədəbiyyatının, ərəb-Azərbaycan ədəbi əlaqələrinin ən müxtəlif sahələrini araşdıran monoqrafiyalar, kitablar hazırlanıb çap olunurdu.
Bir sıra ictimai işlərdə də fəal iştirak edən Aida xanım İmanquliyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, habelə Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olmuşdur. 1981-ci ildən həm də Azərbaycan Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur.
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəbşünas mütəxəssislərin hazırlanması işində də Aida xanımın böyük xidmətləri vardı. O, tələbələrində elmi tədqiqata həvəs oyadır, bir çox dissertasiya işlərinə elmi rəhbərliyin əziyyətini məmnuniyyətlə üzərinə çəkirdi. Onun başçılıq etdiyi ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilmişdi.
***
Aida xanım həmişə öz dərin elmi biliyini gənc alim və aspirantlarla bölüşür, əlindən gələn köməyi onlardan əsirgəmirdi. Tanıyanlar onun son dərəcə zəhmətkeş və özünə qarşı həddindən artıq tələbkar bir alim olduğunu yaxşı bilirdilər. Aida xanımın qələmindən çıxan hər bir əsər gərgin, böyük bir zəhmətin nəticəsidir. Bütün bu deyilənlərin arxasında yüksək insani keyfiyyətlərə malik, təvazökar, mehriban, xeyirxah, gözəl, xanım-xatın bir Azərbaycan qadını və ana abidəsi dururdu. Bu keyfiyyətləri ona bütün həmkarlarının ehtiramını və məhəbbətini qazandırmışdı.
Professor Aida İmanquliyeva həm keçmiş Sovet İttifaqında, həm də Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun yaradıcılarından sayılır. Ərəb dünyasında yaranmış zəngin ədəbiyyatı araşdırmaq, həmin ədəbiyyatın səciyyəvi cəhətlərini müəyyənləşdirmək, görkəmli nümayəndələrinin həyat və yaradıcılığını öyrənmək, əsərlərini yüksək nəzəri səviyyədə təhlil etmək dünya ərəbşünaslığı qarşısında duran ümdə vəzifələrdəndir. Aida xanım sağlığında bu sahədə böyük əmək sərf etmiş, nəticədə belə bir çətin kursun nəzəri-metodoloji əsaslarının yaradılmasına nail olmuşdur. Görkəmli alimin bu barədə yazdığı məqalələr, beynəlxalq forumlarda etdiyi çıxışlar, uzun illər BDU-nun Şərqşünaslıq fakültəsində oxuduğu mühazirələr yeni ərəb ədəbiyyatının çağdaş dövrdə daha dərindən öyrənilməsi baxımından əvəzsiz mənbə rolunu oynayır.
Aida xanımın sağlığında gərgin zəhmət hesabına ərsəyə gətirdiyi əsərlərinə bu gün ölkə hüdudlarından kənarda — Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, eləcə də əksər ərəb ölkələrində də geniş müraciət olunur.
2009-cu ilin 10 oktyabrında Bakıda, görkəmli alimin 70 illik yubileyinə həsr edilən «Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr» mövzusunda Beynəlxalq İbn Ərəbi simpoziumundakı çıxışı zamanı İbn Ərəbi Cəmiyyətinin sədri Qrenvill Kollinz maraqlı bir fikir səsləndirdi: «Növbəti simpoziumun Bakıda keçirilməsi ilə bağlı təklifi eşidəndə bir qədər təəccübləndik. Biz Azərbaycanda İbn Ərəbi nəzəriyyəsini araşdıran alimlərin olmadığını düşünürdük. Ancaq sonradan məlum oldu ki, biz haqlı deyilik. Azərbaycanda İbn Ərəbi yaradıcılığı geniş tədqiq edilmişdir. Bu istiqamətdə görkəmli şərqşünas Aida İmanquliyevanın xidmətlərini xüsusi qeyd etmək istəyirəm».
Rusiya Elmlər Akademiyasının prezidenti Yuri Osipov da Aida İmanquliyevanın şərqşünaslıq elminə böyük töhfələr verdiyini, ərəb məhcər (mühacir) ədəbiyyatının tədqiq olunmasında məxsusi xidmətlərinin olduğunu göstərmişdir. Eyni zamanda, İslam Konfransı Təşkilatı Parlament Assambleyasının baş katibi professor Mahmud Erol Kılıc da Aida İmanquliyevanı ərəb ədəbiyyatının tədqiqinə böyük töhfələr verən görkəmli Azərbaycan alimi kimi dəyərləndirmişdir.
***
Aida xanım öz əsərlərində daim Şərqlə Qərb dialoqunun əldə olunması üçün ortaq məqamların tapılmasına çalışır, Şərq mənəvi dəyərlərinin, müsəlman əxlaqının böyük təəssübkeşi olmaqla Qərb dəyərlərinə sivil münasibət, sivilizasiyalararası dialoq problemini də özünəməxsus tərzdə gündəmə gətirir, bu məsələnin elmi şərhinə zəhmət sərf edirdi. Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi.
Onun əsas araşdırmaları ərəb ədəbiyyatının yeni mərhələyə qədəm qoymasında böyük xidmətləri olmuş Əmin ər-Reyhaninin, Cübran Xəlil Cübranın, Mixail Nüaymənin yaradıcılığına həsr edilmişdi. O, adıçəkilən mütəfəkkirlərin yaradıcılığı barədə keçmiş İttifaq məkanında tədqiqat aparan ilk alimlərdən idi.
Aida xanım İmanquliyeva ərəb məhcər ədəbiyyatının görkəmli nümayəndələrindən olan Cübran Xəlil Cübranın və Əmin ər-Reyhaninin daha çox Qərb romantizminin, Mixail Nüaymənin isə rus tənqidi realizminin təsirinə məruz qaldığını göstərir, bunun əsas səbəbini onların dünyagörüşü, düşdükləri mühitin ədəbi-bədii qayəsi və yaradıcılıq istiqamətləri ilə əsaslandırırdı.
Aida xanım romantik poeziyanı onun Qərbdə C.Bayron, U.Bleyk, R.Emerson, U.Uitmen, Şərqdə isə C.Cübran, Ə.Reyhani, M.Nüaymə kimi məşhur nümayəndələrinin timsalında araşdırır, bir tərəfdən hiss və əqlin, digər tərəfdən Şərq ilə Qərb düşüncə tərzlərinin vəhdət məqamlarını üzə çıxararaq, bəşəriyyətin məhz bu harmoniyaya doğru inkişaf etmək əzmini təsbit etməyə çalışırdı. Öz tədqiqatlarında da poetik ruhla fəlsəfi düşüncənin vəhdətindən çıxış edən Aida xanım Azərbaycan ədəbi və fəlsəfi fikrində ilk dəfə olaraq Şərq və Qərb romantiklərinin geniş müqayisəli təhlilini aparmışdır.
Alimin çoxillik araşdırmalarının bəhrəsi olan «Mixail Nüaymə və Qələmlər birliyi» (Moskva,1975), «Cübran Xəlil Cübran» (Bakı, 1975), «Yeni ərəb ədəbiyyatı korifeyləri» (Bakı,1991) monoqrafiyaları dünya ərəb ədəbiyyatşünaslığı üçün mühüm əhəmiyyət kəsb edən fundamental əsərlərdir.
Ümumiyyətlə, professorun 3 monoqrafiya, 70-dən çox elmi məqaləsində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkülü geniş surətdə tədqiq edilmişdir. Aida xanım İmanquliyeva təkcə şərqşünaslıq sahəsində deyil, həmçinin Şərq və Qərb arasında elmi və mədəni əlaqələrin, ortaq mənəvi dəyərlərin aşkar edilməsində də səmərəli fəaliyyət göstərmişdir.
***
Müasirləri haqlı olaraq Aida İmanquliyevanın bu gün Azərbaycanın köksündə möhtəşəm bir reallığa çevrilən qədim İpək yolunu öz qələmi ilə çəkdiyini qeyd edirlər. Onun əsərlərindən aydın görünən bu yol Qərblə Şərqi birləşdirən ədəbi-fəlsəfi fikir sistemi, özlüyündə həm dünya mədəniyyətinin, ümumbəşəri mənəvi dəyərlərin öyrənilməsi, həm də və ən başlıcası isə milli özünüdərkin ifadəsi kimi qiymətlidir.
Aida xanım hələ ötən əsrin 70-ci illərində sərhədlərin qapalı olduğu, sovet ideologiyasının at oynatdığı dövrdə ulu öndər Heydər Əliyevin xalqın mənəvi ruhunun mühafizəsi üçün böyük fədakarlıqla yaratdığı imkanlardan bəhrələnərək vətəndaş ziyalı, qüdrətli alim kimi öz sözünü demiş, insanları, dövlətləri İpək yoluna səsləmişdir.
Aida xanım bu missiyanı yalnız öz elmi yaradıcılığı ilə məhdudlaşdırmır, şərqşünaslıq elminə yenicə qədəm qoyan aspirant və dissertantları da məhz Şərq və Qərbin dialoquna, dünyanın xilası naminə belə bir təmasın yaranmasında böyük tarixi-mənəvi perspektivlər vəd edən Türk dünyasının öyrənilməsinə istiqamətləndirirdi.
Aida İmanquliyeva mütərcimlik sahəsində də böyük səriştə sahibi idi. O, ərəb ədəbiyyatının bir sıra şedevrlərini dilimizə məharətlə çevirmişdir. Mixail Nüaymənin «Buz əriyəcək», «İnsan və quş», «Qu-qu» saatı», Mahmud əz-Zahirin «Üsyan», Məhəmməd Dibin «Xasın dərmək», Sahib Camalın «Yusif», Süheyl İdrisin «Azadlıq» və Qənəma Məcid Zeyyibin «Növbəyə dayanmaq» hekayələrinin orijinal üslubda dilimizə tərcüməsi məhz ona məxsusdur.
***
Çox gərgin iş rejimi Aida xanımı analıqdan və xanımlıqdan məhrum edə bilməmişdi. O, hər şeydən əvvəl, öz ailəsini, həyat yoldaşını çox sevən gözəl qadın, qayğıkeş bir ana idi. Aida xanım həyat yoldaşı, görkəmli alim Arif Paşayevlə birgə sevimli qızları Nərgiz və Mehribanın təlim-tərbiyəsi ilə çox ciddi məşğul olardı. Elmi-inzibati işlərlə həddindən çox yüklənməsinə baxmayaraq, sevimli nəvələrini bir an unutmaz, onların qayğısını çəkərdi.
Əgər Uca Tanrının yer üzündə insanların baxıb öyrənmələri, örnək götürmələri üçün mələk xislətli, mələk ruhlu insanlar yaratdığına inansaq, tam əminliklə söyləyə bilərik ki, Aida xanım da belələrindən idi. O, həmişə yaxşılıq etməyə çalışar, adamlarda işıqlı cəhətlər axtarardı. Bu incə ruhlu qadında polad mətinliyi də vardı. Aida xanım elm adamları üçün ən çətin, keşməkeşli bir dövrdə AMEA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik etmişdi.
O, çalışdığı bütün vəzifələrdən bir pillə üstün idi…
Ona görə də heç bir vəzifə Aida xanımı başqalaşdıra, insanlara münasibətini dəyişə, insanpərvərliyinə xələl gətirə bilməzdi. Aida xanım İmanquliyevanın alimliyini onun Tanrının yalnız sevdiklərinə bəxş edə biləcəyi gözəl, bənzərsiz keyfiyyətləri tamamlayırdı. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq onu bu ümdə insani keyfiyyətlərdən əsla məhrum edə bilməmişdi. Bunu uzun illər görkəmli alimlə birgə çalışmış həmkarları daha yaxşı xatırlayırlar.
Zahiri və daxili gözəllik, sadəlik, mehribanlıq, həssaslıq, humanizm, insansevərlik onun müsbət aurasını daha da cəlbedici edirdi. Görkəmli alim alicənablığı, mərhəmətliyi, xeyirxahlığı, başqalarına diqqət və qayğısı ilə öz tələbələrinə təkcə ərəbşünaslıq elminin incəliklərini öyrətmirdi.
Şəxsiyyət olaraq da Aida xanım öz mühiti üçün əsl insanlıq mücəssəməsi, canlı örnək idi. Onun daxili və zahiri gözəlliyini yüksək qiymətləndirən insanlar Aida xanımı ideal qadın obrazı kimi qəbul edərək böyük ehtiram göstərirdilər və bunlar təkcə gənc nəslin nümayəndələri deyil, həm də bir zamanlar Aida xanımın özünün dərs aldığı, əsərlərindən öyrəndiyi ustadlar idi.
***
Təqvimdə 1992-ci ilin 19 sentyabrı…
Doğma övladlarının qürur duyulası fəaliyyəti, yetirdiyi alimlərin uğurları, onun şəxsiyyətindən nələrsə əxz etmiş insanların həyatı Aida xanımın yarımçıq qırılmış ömrünün davamı, yaşaya bilmədiyi illərin təsəllisidir. 23 noyabr 2006-cı ildə Heydər Əliyev Fondunda görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın «Yeni ərəb ədəbiyyatının korifeyləri» kitabının təqdimatına və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət təşkilatının (ISESCO) xoşməramlı səfiri adının verilməsinə həsr edilmiş mərasimdəki çıxışı zamanı Mehriban xanımın anası haqqında söylədiyi bu kəlmələr kimi:
- Aida xanım unudulmaz bir şəxsiyyət idi. O, qısa, amma çox parlaq və xoşbəxt həyat yaşamışdır. Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirmişdi. Yüksək savadlı, ziyalı, vətənpərvər, prinsipial bir alim, eyni zamanda çox zərif, çox gözəl, bütün sevgisini ailəsinə bağışlayan, hər zaman ürəkdən kömək göstərməyə hazır olan bir qadın idi. Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan ilə Şərq dünyası arasında əlaqələrin qurulub möhkəmlənməsinə yönəldilmişdi. Eyni zamanda, o, Azərbaycan elminin düşüncələrinin, fəlsəfəsinin islam aləmində yayılmasına nail olmuşdu. Bu gün müstəqil Azərbaycanda, demək olar ki, Aida xanımın bütün arzuları artıq reallıqdır və respublikamız müsəlman ölkələri, islam dünyası ilə nəinki elmi-mədəni əlaqələr, həm də ən yüksək səviyyədə iqtisadi, siyasi əlaqələr qurubdur. Bütün bu sahələrdə Aida xanımın məktəbinin yetirmələrini, onun davamçılarını görürük. Ona görə Aida xanımın arzuları, onun elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir.
«Ailə ənənələrimizdə, yəqin ki, ən ümdə məsələ qadına olan münasibətdir. Təkcə qadını sevmək və ona dəyər vermək deyil, həm də onu qorumaq bacarığıdır. Həyat yoldaşım çox gözəl qadın idi, — bu da Aida xanımın ömür-gün yoldaşı, akademik Arif Paşayevin düşüncələrindən yaddaşımıza köçüb: — Çox erkən, gənc yaşında həyatdan köçdü. Onu qorumaq üçün əlimdən gələni etdim, ancaq bədbəxtlik heç gözləmədiyimiz bir anda bizi haqladı. İllər keçdikcə, əlbəttə, ağrı azaldı. Amma acısı, göynərtisi hələ də ürəyimdədir. Onun xatirəsi hər vaxt bizimlədir — mənimlə və qızlarımla…»
Ənənələrə gəlincə, onları yaşadan və yeni nəslə ötürən qadınlardır. Məhz onlar bizim üçün əziz olan dəyərlərin keşiyində dayanıblar…
Bir rəmz, bir abidə kimi ucalıblar…
Aida İmanquliyeva rəmzi, Aida İmanquliyeva abidəsi kimi…

 

Hüseynbala MİRƏLƏMOV,
yazıçı-dramaturq, Milli Məclisin deputatı