Mənəviyyatımızın ölçü vahidləri

 

Sovet dövründə İslam dini ilə bağlı kitablar bir o qədər çox deyildi. Ümumiyyətlə, onda dini ədəbiyyat anlayışına təsadüf etməzdin.

İslamın mahiyyəti barədə öyrənmək istəyən oxucularsa axtardıqları çox şeyləri ayrı-ayrı əcnəbi və sovet alimlərinin dilimizə tərcümə edilmiş elmi-tədqiqat əsərlərində, monoqrafiyalarda tapardılar.

Çoxu ötən əsrin 60, 70-ci illərində tərcümə edilmiş bu kitabların sovet alimlərinin qələmindən çıxan və dinə marksist yanaşma mövqeyində dayanan müqəddimələrində, adətən, dünyada İslam dininin rolunun artmasından bəhs edilərdi.

O da xüsusi qeyd olunardı ki, “İslam partlayışı” Qərbin imperialist dairələrini ciddi şəkildə narahat edir, çünki onlar müsəlmanlar üzərində ağalıqlarını hər vasitə ilə saxlamağa çalışırlar.

 

 

Ötən əsrin sonlarına doğru dünyanın aparıcı ölkələrində, ələlxüsus, ABŞ-da islamın öyrənilməsinə marağın artması, bu məqsədlə xüsusi regional milli mərkəzlərin, iri universitetlərdə şöbələrin yaradılması da o illərin reallıqlarından idi və bütün bunlar əsla İslam dininə olan hörmət və ehtiramın təzahürü sayılmazdı.

Sovet müəlliflərinin yazdıqları müqəddimələrdə bir çox şeylər mübahisəli görünsə də, Qərbin bu “islam sevgisi”nin səbəbi tam dəqiq göstərilərdi ki, burjua siyasətçiləri “islam aləminin” dünya siyasətinə artan təsirini yaxşı başa düşür və bundan özlərinin Şərqdəki mövqelərini möhkəmləndirmək məqsədi güdürdülər.

 

***

O vaxtdan bəri zaman çox dəyişib, sovet sistemi dağılıb, İslamın bir elm kimi tədqiqində marksist nöqteyi-nəzərin yerini başqa metodoloji yanaşmalar tutub, ideologiyalar arasındakı qarşıdurmalar öz çevrəsini daha da böyüdərək sivilizasiyalararası savaşa çevrilib…

Dünyanın hansı qütbündə yaşamasından asılı olmayaraq Yer üzünün bütün sakinlərinin həyatında özünü az-çox əks etdirən və bizdən asılı olmadan həyatımızı yaxşı və pis cəhətləri ilə aram-aram dəyişməkdə olan qloballaşma fenomeni də öz yerində…

Amma ötən əsrin sonlarına doğru İslama münasibətdə planetin siyasi mənzərəsindən sovet alimlərinin tədqiqat əsərlərinə köçən reallıqlar yaxşıya doğru zərrə qədər də dəyişməyib.

Əksinə, bu reallıqlar indi dünyanın milyonlarla sakininin dincliyini, sakit həyatını əlindən alan, ömrünü cəhənnəmə döndərən bəlaya çevrilib.

Ötən əsrin 60, 70, 80-ci illərində Qərb ölkələrində İslamın tədqiqi məqsədilə yaradılmış mərkəzlərin, elmi-tədqiqat institutlarının yandırdığı gizli fitillərin partlayışları bu gün düzəni pozulmuş, sosial-iqtisadi həyatı tar-mar edilmiş, cəmiyyəti qan çanağına döndərilmiş ayrı-ayrı müsəlman ölkələrində — İraqda, Suriyada, Əfqanıstanda, Misirdə, Liviyada, Fələstində və daha haralarda eşidilir…

 

***

Müxtəlif adlar və islam şüarları altında dinc müsəlmanlara qənim kəsilmiş təşkilatların mahiyyəti, yaranma səbəbləri, niyyətləri xüsusunda müfəssəl təhlillər aparmaq, yaxın-uzaq tarixin şəhadəti ilə çox mətləbləri gün işığına çıxarmaq olar.

Zatən, bu missiyanı vicdanla yerinə yetirən obyektiv bilim adamları yetərincədir.

Amma müasir dünyamızın qorxulu röyasına çevrilmiş bütün bu qırğınların, İslamı ümumbəşəri dəyərlərdən kənar bir din kimi təqdim etmək cəhdlərinin, islam ümmətinin vəhşi obrazının yaradılması niyyətlərinin arxasında məlum müstəmləkəçi qərb ölkələrinin əsrlərdən bəri müstəmləkə ölkələrində apardıqları müharibələrin dəhşətli motivlərini, qanlı təzahürlərini bu təhlillərsiz də görmək çox çətin deyil.

Müharibə isə təkcə aralarında təfriqə salınmış müsəlmanların bir-birinə atdıqları bombalardan getdikcə daha çox xaraba qalan Şərq şəhərlərində getmir…

Beyinlərdə aparılan müharibənin dəhşətləri daha böyükdür…

Beyinlərdə aparılan müharibə insanların ruhunu da xarabazara çevirir. İnsanları öz vətəninin, millətinin, milli kimliyinin, tarixi dəyərlərinin fərqində olan və onlara sahib çıxmağı bacaran şüurlu varlıqlardan, kənardan verilmiş komandalarla müqəddəs olan hər şeyi dağıdıb tökməyə hər an amadə qorxulu varlıqlara çevirir.

Ölkələrin işğalı, xalqların kölə vəziyyətinə salınması, sərvətlərinin talanmasından ötrü top-tüfənglə hücum taktikası çoxdan tarixdə buraxılıb, indi ərazilərin fəthi, milli sərvətlərin sömürgəçiliyi siyasəti beyinlərin işğalı ilə aparılır.

Və bundan ötrü toplumun ən zəif nöqtəsi seçilir…

Bu da xalqın dəyərləridir.

 

***

Hər bir xalqın, ölkənin tarix boyu formalaşmış dəyərlər sistemi var. Dildir, dindir, adət-ənənələrdir… — bunlar təsadüfən yaranmır, min illərin sınağından keçə-keçə arınıb, cilalanır.

Xalqın malik olduğu dəyərlər onun mənəvi dünyasına işıq saçır, tarix boyu ortada görünən qaranlıq suallar bu işıqda aydınlığa çıxır.

Zənnimcə, sadə bir misal milli-mənəvi dəyərlərin cəmiyyət həyatındakı rolunu tam miqyası ilə əks etdirə bilər: müxtəlif cihazların köməyi ilə biz fərd olaraq bədənimizin hərarətini, qəlbimizin döyüntüsünü, damarlarımızda axan qanın hərəkətini, tənəffüsümüzün nizamını ölçmək imkanındayıq.

Bunlar bizi cismən yaşadan, fiziki mənada sağlıq durumumuzu nəzarətdə saxlayan amillərdir.

Amma bir insanın sosial varlıq kimi mövcud olması, küll olaraq cəmiyyətin sağlamlığının nizamda saxlanmasından ötrü bütün bunlardan heç də az əhəmiyyət kəsb etməyən əxlaq, şərəf, ləyaqət, qeyrət, namus, vicdan və bu kimi digər mənəvi keyfiyyətləri ölçəcək bir cihaz yoxdur.

Bununla belə, onların da ölçü vahidi olmamış deyil. Bu keyfiyyətlərin ölçü vahidi min illərlə xalqın qanına hopmuş, gen yaddaşına çevrilmiş milli dəyərlərdir.

Və elə buna görə də bu dəyərlər xalqın milli kimliyinin ən qüdrətli mühafizləridir…

***

İnsanda əsas meyar vicdandır. Vicdan olmadan mənəviyyatın olması mümkün deyil. Vicdan insanın özünün özünü mühakimə etdiyi daxili hakimdir. Adam Smit hələ iki əsr bundan əvvəl yazırdı ki, “vicdan əzabı insan qəlbinə təşrif gətirən hislərin ən dəhşətlisidir.”

Biz tarixi şəxsiyyətlərimizlə qürur duyuruq. Vahid və böyük Azərbaycan dövlətinin qurucusu Şah İsmayıl Xətai, böyük fateh Nadir Şah Əfşar, əsarətə və zülmə qarşı üsyan qaldıran Babək Xürrəmi… Bunlar bizim fəxarət və qürur ünvanlarımızdır. Amma son zamanlarda dövrü mətbuatda və televiziyalarda nə baş verir? Bu şəxsiyyətləri gənc nəslə tanıtmaq, təqdir və təbliğ etmək əvəzinə, onları aşağılayan və təhqir edən verilişlərin və yazıların şahidi oluruq. Nədənsə belə üzdəniraq “tarixçilər”ə qarşı mübarizə cəmiyyətdə çoxluq təşkil etmir. Nə yaxşı ki, bir qrup vətənpərvər və vicdanlı ziyalımız istər qəzet səhifələrində, istərsə televiziya kanallarında belə nankorların layiqli cavablarını verir və onları susdururlar.

Belə hallara qarşı ictimai qınaq geniş vüsət almalıdır. Əgər biz ulularımıza sahib çıxmırıqsa bunun özü milli-mənəvi dəyərlərin aşılanması, deformasiyaya uğramsı deyilmi?

Mənə elə gəlir ki, belələrinə qarşı mübarizə kampaniya şəklində aparılmamalıdır. Bu bizim gündəlik həyatımızın normasına çevrilməlidir. Ölkəmizin vətənpərvər ziyalıları, söz sahibləri cəmiyyətdə mənəviyyatın ekoloji tarazlığının pozulmasının qarşısını almalıdırlar.

Qazı, suyu, işığı hansısa obyektiv səbəblərdən az bir müddətə belə kəsiləndə insanlar haray salırlar. Cüzi çətinliyə belə qatlaşmır, dözümsüzlük göstərirlər. Ancaq üstümüzə yeriyən mənəvi eybəcərlikləri, əxlaqsızlıqları, sözün əsl mənasında mənəvi terroru görüb susur, laqeyid və etinasızcasına keçib gedirlər. Və bu sükutda onları aramsız bir səs izləyir…

Hamımız bu səsi eşidirik. Bu səs tapdalanan Azərbaycan mənəviyyatının, milli adət-ənənələrimizin, mənəvi dəyərlərimizin iniltiləri, fəryad səsləridir…

 

***

Qloballaşma adlı zaman selinin bütün dünyanı ağuşuna aldığı indiki günlərimizdə milli-mənəvi dəyərlərin gələcəyi haqqında birmənalı fikir yürütmək bir qədər müşkül görünür. Bu dəyərlər zamanın təlatümlərinə qarşı çox həssasdır. İstəsək də, istəməsək də qloballaşma seli güclü axınları ilə milli-mənəvi dəyərlərimiz üzərində öz təshihlərini aparacaq.

Və bundan rəncidə olmağa da lüzum yoxdur.

Ümumbəşəri dəyərlərə sadiq, sivil həyat tərzinin, tolerant mühitin çoxdan bərqərar olduğu Azərbaycan cəmiyyəti qloballaşmanın müsbət təsirlərinə hər zaman açıqdır.

Amma nəzərə almalıyıq ki, bir sıra arxaik adət-ənənələrin, mahiyyətcə milli olsa da, müasir çağın ahəngi ilə uzlaşmayan ibtidai normaların islahı ilə yanaşı, xalqı xalq edən əsl dəyərlərin qloballaşma adı altında məqsədli şəkildə gözdən salınması, aşınıb məhv edilməsi meylləri də bu gün yetərincə güclüdür.

Bu meyllərin özünün ilk dalğaları ilə mənəvi dünyamız üzərinə gəldiyi, Qərb müstəmləkəçilərinin müasirləşmə adı altında müsəlman ölkələrinə qənim kəsildikləri ötən əsrin əvvəllərində Qərb-Şərq sintezini ilk dəfə ictimai firkin gündəminə gətirmiş böyük mütəfəkkir Əli bəy Hüseynzadə ayıq-sayıqlıq çağırışı ilə cəmiyyətə üz tutaraq yazırdı: «Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, ülum və maariflərinə, kəşfiyyat və ixtiraatlarına müraciət etmək istəyiriz, özlərinə degil. Biz istəyiriz ki, İslam ölkəsinə onların beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz istəriz ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın. Bu gün onların mədələrində həzm olunmamaq üçün bir çarə var isə, o da onların məhsulati-dəmağiynyələrini alıb həzm etməkdən başqa bir şey degildir».

İndi də vaxtın hər bir Azərbaycan ziyalısı üzərinə qoyduğu tarixi missiya islah edilməli olan dəyərlərimizlə, milli kimliyimizin mühafizi olan, mənəvi dünyamıza bələdçilik edən dəyərlərimizi doğru-dürüst sərf-nəzər etmək, hələ bizə min illərlə gərək olası dəyərlərimizə sahib çıxmağı bacarmaq, Qərbin onları öz mədəsində həzm-rabedən keçirməsinə əsla və əsla yol verməməkdir.

İslam dini də bizim mənəvi dünyamızda özünəməxsus yer tutan belə dəyərlərimizdəndir.

Və bu gün islami dəyərlərin hansı ağır təhdidlər qarşısında qaldığının fərqində olmalıyıq.

 

***

Tanınmış qazax filosoflarından olan Muxtar Şaxanov illər öncə çapdan çıxmış «Sivilizasiyanın yanlışlıqları» əsərində hələ 1945-ci ildə ABŞ institutlarının SSRİ-yə qarşı işləyib hazırladıqları doktrinanın mahiyyətini açmışdı.

Həmin doktrinada deyilirdi: «Biz, onların mənəvi dəyərlərini ehtiyatla dəyişərək, şüurlarına seks kultu, zorakılıq, sadizm, sözə xəyanət, sırtıqlıq, alkoqolizm və narkomaniya, qorxu və həyasızlıq, bir sözlə, əxlaqa zidd olan şeyləri yeritməliyik.

Namus və vicdan lağa qoyulacaq, keçmişin mənasız qalığına çevriləcək. Yalnız çox az adam bundan xəbər tutacaq. Nələrin baş verdiyini anlayanları isə gülünc vəziyyətə salıb, aciz durumda buraxacağıq» (Zablujdenie sivilizasiy: Saqa o nravax gpoxi. Almatı: 1999).

Qloballaşma çağırışlarının populyar olduğu və insanlar üçün yetərincə cəlbedici göründüyü birqütblü dünyamızda bu doktrinanın həyata keçirilməsindən ötrü, indi əfsuslar olsun ki, daha münbit şərait yetişib və bu doktrinanın əsas hədəflərindən biri də dünyanın müxtəlif ölkələrində milyarddan artıq insanı bir araya gətirən islam dinidir.

 

***

Mənim aləmimdə, istənilən yazıçının təmsil etdiyi ən mühüm dəyərlərdən biri də məhz tolerantlıq olmalıdır. Çünki ədəbiyyat dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq Yer üzündəki bütün insanların ortaq mənəvi vətənidir. Və əgər özünü yazıçı adlandıran kəs insanları etnik mənsubiyyət, dil, din fərqinə görə təsnif edəcəksə, deməli, o ədəbiyyat adlı mənəvi vətənə, bu vətənin ümumi ünsiyyət dili olan Sözə xəyanət etmiş olacaq.

Bir yazıçı olaraq insanların vicdan azadlığı, dini inancı məsələlərinə öz baxışlarım var və şəxsən məndən ötrü insanların dini dünyagörüşü elə bir önəm daşımır.

Dünyadakı bütün xəlq olunmuşlar üçün Tanrının təkliyini, bütün dinlərin isə Ona doğru – kamilliyə doğru aparan müxtəlif yollar olduğunu həyatımın ən böyük həqiqəti kimi yaşımın lap erkən çağlarından dərk etmişəm…

Amma dünyanın bəlli ölkələrində islama qarşı gözdənsalma siyasətinin şiddətləndiyini görəndə, başqa dinlərə mənsub bir çoxlarının islam ümmətinə yuxarıdan aşağı baxdıqlarını müşahidə edəndə susa bilmirsən.

Biriləri dünya tarixinin ən kamil şəxsiyyətlərindən sayılan İslam peyğəmbərini siyasi sifarişlə təhqir edib, hər ayəsi mənəvi şəfa hikməti saçan müqəddəs kitabımızı yandırıb müsəlmanların hissləri ilə oynayanda, islam ümmətini qanlı təxribatlara çəkəndə ədalət duyğusu susmağa qoymur.

Vaxtın çox uzaqlıqlarında yox, cəmi 70 il əvvəl başqa bir ölkənin dinc sakinlərinin başına tulladığı atom bombaları ilə iki şəhərdə həyatı büsbütün söndürən, yüzminlərlə insanın nəslini kəsən bir xristian ölkəsinin, milyonlarla insanı sadəcə yəhudi kimi doğulduqlarına görə uşaqdan böyüyə diri-diri qaz sobalarında külə çevirən başqa bir xristian ölkəsinin, yaxud cəmi 22 il əvvəl Xocalı şəhərinin 631 sakinini sadəcə azərbaycanlı olduqlarına görə bir gecədə qıran üçüncü bir xristian ölkəsinin timsalında dünyanın üzərində tarixin üç ağır lənəti varkən, özünü müsəlman adlandıran bir para savadsız cahilin, nadanın bədheybət simasında Qərb dünyasının ümumən İslam dinini terror, vəhşilik dini kimi qələmə verməsini görüb, necə susasan?!.

Bu həqiqətləri necə yazmayasan?!.

 

***

Cəmiyyətə düzgün təqdim olunan, kütlələrə mahiyyəti üzrə öyrədilən İslam, müstəqil ölkə kimi öz taleyinin sahibinə çevrilmiş, sosial-iqtisadi sahədə az-çox nailiyyətlər qazanmış ölkələrdə ümumdemokratik məqsədlərə xidmət edir. Toplumu mütərəqqi ideyalar ətrafında bir araya gətirir və təsirli qüvvə kimi xaricin müstəmləkə maraqlarının dəf edilməsinə yönəlir.

Ona görə də Qərb ölkələrində İslama qarşı əzəli barışmazlıq kompleksi var. Və maraqlıdır ki, Qərbin mənəvi-siyasi, sosial-iqtisadi böhranlarla üz-üzə qaldığı çağlarda bu barışmazlıq özünü daha kəskin şəkildə büruzə verməyə başlayır.

1096-cı ildən 1270-ci ilə qədər davam edən 8 səlib yürüşündə də Avropa zadəganlarını xalqla birgə, heç vaxt görmədikləri Müqəddəs Torpağa – Qüdsə doğru yürüməyə həvəsləndirən başlıca səbəb «İsanın qəbrini xilas etmək» istəyi yox, məmləkətlərindəki sosial-iqtisadi, mənəvi böhranlara, cəngavərlər arasındakı çəkişmələrə son qoyulması, Yaxın Şərqdə Avropa tacirləri üçün mühüm əhəmiyyət daşıyan strateji məntəqələrin, xüsusilə ticarət yollarının ələ keçirilməsi məqsədi idi.

Şərqə doğru gözəgörünməz səlib yürüşləri indi də davam edir, İraqda hansısa məsciddə öldürülən yeniyetmə, Əfqanıstanda bombardman nəticəsində qırılan insanlar, minlərlə insanın acısı, faciəsi, göz yaşları bu yürüşlərin dəhşət dolu nəticələridir…

Müstəqillik, demokratik tərəqqi yolundan sapmadan əzmlə indikindən daha yaxşı gələcəyə doğru addımlayan müsəlman ölkələrinə qarşı beynəlxalq təzyiqlər, bu ölkələrdə insanların beyinlərini müxtəlif ideoloji vasitələrlə yumaq, mənəvi gücləri, dəyərləri sarsıtmaq cəhdləri bu səlib yürüşlərinin davamıdır.

Əfsuslar olsun ki, bu cür cəhdləri dünyəvi müsəlman ölkəsi olan Azərbaycanda da vaxtaşırı izləməkdəyik…

 

***

Qeydlərimizin məhz bu yerindən mövzunu Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə qarşı vaxtaşırı olaraq müxtəlif mətbuat orqanlarında işıq üzü görən bəd niyyətli materiallara münasibət bildirməklə davam etdirməyimin səbəbi var.

Bu materiallar Azərbaycanda dini dəyərlərin gözdən salınması, bu dəyərlərin yerini saxta və təhlükəli baxışların tutması məqsədilə düşünülmüş genişmiqyaslı kampaniyanın ayrı-ayrı epizodlarıdır.

Aradakı inanc fərqindən asılı olmayaraq, bütün cəmiyyətlərdə dini liderin obrazı, ictimai nüfuzu çox mühümdür. Tarixən din xadimləri xüsusi ehtiram mənbəyi olublar. Hətta dünya ədəbiyyatı tarixinin Viktor Hüqo, L.Tolstoy kimi nəhəng təmsilçiləri də dini ideallara münasibətlərini, bu idealların təsvirini ruhanilərin ədəbi portretində izhar ediblər. V.Hüqonun yepiskop monsenyor Byenvenülini, L.Tolstoyun Sergi atasını xatırladınızmı?!

70 ildən çox sürən sovet ideologiyasının diqtəsi ilə ədəbiyyatında, kinosunda, teatrında din xadimləri daim aşağılanmış, ruhanilərə qarşı məqsədli şəkildə mənfi münasibət formalaşdırılmış Azərbaycan kimi ölkələrdə dini liderin ictimai nüfuzunun qorunması, ona bir şəxsiyyət kimi ehtiram bəslənməsi xüsusilə önəmlidir.

Müstəqil Azərbaycan dövlətindəki tolerantlıq mühitinin, sülh və sabitliyin memarı olan ümummilli lider, ulu öndər Heydər Əliyev bu məqamı həmişə nəzərə alar, Şeyxülislam Hacı Allahşükür Paşazadənin timsalında ölkə ruhanilərinə yüksək hörmət və ehtiramı ilə cəmiyyət üçün nümunə göstərərdi.

Şeyxülislamın Azərbaycandakı tolerantlığı bütün dünyaya göstərmək, dünyanın ali dini liderlərinin nəzərlərini Azərbaycana yönəltmək üçün göstərdiyi saysız hesabsız xidmətlərdən birini qeyd etmək belə bəsdir ki, onun vətənkeşliyini, vətəvsevərliyini, eyni zamanda uzaqgörənliyini dərk edəsən. Xatırlayırsınızsa, məhz şeyx həzrətlərinin şəxsi nüfuzu və yüksək təşkilatçılığı ilə 2010-cu ilin aprelində dünya dini liderlərinin Bakı sammiti keçirildi. İki gün davam edən sammitdə 33 ölkədən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox ali din xadimi və 14 nüfuzlu beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir. Fəxrlə deməliyəm ki, həmin konfransa möhtərəm prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva da qatılmışdır.

Ulu Öndər Azərbaycanda və regionda İslam ənənələrinin qorunub saxlanması və möhkəmləndirilməsində Şeyxülislam Allahşükür Paşazadənin xidmətlərini daim xüsusi qiymətləndirirdi: “»Müqəddəs dinimiz olan İslamın gözəl ənənələrinin ölkəmizdə, eləcə də bütün Qafqaz bölgəsində qorunub saxlanılması və möhkəmləndirilməsində Şeyxülislam Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır. Onun Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etdiyi illər ərzində bu dini qurum İslam dəyərlərinin geniş təbliğ olunması, müsəlmanların dini-mənəvi birliyinin möhkəmləndirilməsi, onların cəmiyyətin həyatında fəallığının artırılması işində böyük rol oynayan mühüm mərkəzlərdən birinə çevrilmişdir.

Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində Hacı Allahşükür Paşazadənin tutduğu əsl vətəndaş mövqeyi onun ölkədə cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri obyektiv qiymətləndirmək, yaranmış problemlərin həllində dini amilin gücündən düzgün istifadə etmək bacarığını nümayiş etdirdi”.

Ulu Öndər islam dinini bütün Qafqazda təmsil edən ən yüksək rütbəli şəxsin məhz Azərbaycandan olmasını da böyük qürur hissi ilə qeyd edirdi: “Azərbaycanın dini rəhbəri bizim müsəlman dinimizi nəinki Azərbaycanda, bütün Qafqazda təmsil edən ən yüksək rütbəli şəxsdir. Əgər Azərbaycanın dini rəhbəri bütün Qafqaz müsəlmanlarının Şeyxülislamı adını alıbsa, demək, bu bizim üçün böyük iftixar hissidir”.

Eyni nümunə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şeyxülislam Hacı Allahşükür Paşazadə şəxsində ümumən sağlam əqidəli, dürüst məsləkli, milli dövlətçiliyimizə sadiq din xadimlərinə münasibətində də özünü qoruyur: “Şeyxülislam Allahşükür Paşazadə təkcə Azərbaycanda və ümumən Qafqazda deyil, bütün beynəlxalq aləmdə geniş tanınan, çağdaş dünyamızın nüfuzlu din xadimləri və dövlət adamları tərəfindən ehtiramla qəbul edilən, böyük hörmətə və nüfuza sahib olan şəxsiyyətdir”.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu fikirləri dövlət rəhbərimizin Şeyxülislamın şəxsiyyətinə və milli dövlətçiliyimizə xidmətinə verdiyi yüksək dəyərin parlaq ifadəsidir.

 

***

Sadə insanlar da Şeyxülislam Hacı Allahşükür Paşazadəyə böyük rəğbət bəsləyirlər. Bu rəğbətin mənbəyi Şeyxülislamın erkən gənclik çağlarından xalqın gözləri önündə yaşanmış qüsursuz keçmişidir.

Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan xalqının milli azadlıq mübarizəsində Şeyxülislamın tutduğu vətəndaş mövqeyini, 1990-cı ilin Qanlı 20 yanvar günü Bakıda vətəndaşlarımıza qarşı qətliamlar törədilərkən əli silahlı hərbçilərin, bu qətliamlara komandanlıq edənlərin qarşısına çıxıb göstərdiyi əsl kişi cəsarətini, o çətin günlərdə coşmuş emosiyalardan istifadə edərək xalqımıza qarşı növbəti qanlı təxribatların baş verməməsi üçün irəli düşüb göstərdiyi əzmi, təmkini kimsə unutmayıb.

Keçmiş SSRİ Ali Sovetinin deputatı kimi onun Azərbaycana qarşı atılan qərəzli, məkrli addımlar qarşısında susmamasını, Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqq səsini dünyaya yetirməkdən ötrü verdiyi bəyanatları, öz fəal, ədalətli, ötkəm mövqeyi ilə — dünyanın ayrı-ayrı ölkələrində əzilən, haqqı əlindən alınan islam ümmətinin müdafiəsinə qalxması da kimsənin yadından çıxmayıb.

Şeyxülislam Hacı Allahşükür Paşazadəyə cəmiyyətin yüksək rəğbətini şərtləndirən bir mühüm amil də Azərbaycanın dövlət müstəqilliyinin çətin və keşməkeşli yollarında onun ümummilli lider Heydər Əliyevin, ulu öndərin milli dövlətçilik kursunu əzmlə davam etdirən İlham Əliyevin yanında olmasıdır…

Bu kursun nailiyyətlərinə töhfələrini heç zaman əsirgəməməsidir…

Azərbaycanın və bütün Qafqazın şeyxi olmaqla bərabər, həm də dövlətçi bir adam olmasıdır, öz dövlətinə, xalqına sevgisini əməlləri ilə dəfələrlə sübuta yetirməsidir…

Belə insanları Azərbaycandakı sabitlik və inkişaf mühitini, tolerantlıq ovqatını, ideal səviyyədə qurulmuş dövlət-din münasibətlərini gözü götürməyənlərin, araya təfriqə salıb ortalığı qarışdırmaq istəyənlərin, dəyərlərimizi yerlə-bir etmək niyyətinə düşənlərin məqsədli təxribatlarından, qarayaxma kampaniyalarından qorumaq, bu təxribatları görüb susmamaq bizim mənəvi borcumuzdur.

Bir ziyalı olaraq mən də bu qeydlərimlə, əslində öz borcumu əda edirəm…

 

***

Şeyxülislamlıq ali bir zirvədir.

Şeyxülislamlıq belə bir ali zirvədə qərar tutan, belə çətin və məsuliyyətli bir vəzifəni yerinə yetirən insandan fitri keyfiyyətlər tələb edir. Tarix boyu bu vəzifəni yerinə yetirmiş şəxsiyyətlər öz kamillikləri, müxtəlif biliklərin dərinliklərinə vaqif olmaları, Azərbaycan qarşısında dayanan ümummilli məsələlərə maarifpərvər münasibətləri ilə ictimai fikir tariximizdə xalqımızın yetirdiyi mütəfəkkir şəxsiyyətlərlə bir sırada dayanıblar.

Böyük bir regiondakı islam ümmətinin Şeyxülislamı olmaq, tarixdə bu statusla təqdim olunmaq, bu statusla tanınmaq həm də bir taledir.

Şeyxülislam Hacı Allahşükür Paşazadənin taleyində isə ilahi bir missiya da var. Bu missiya dünyaya gələrkən ona qoyulan Allahşükür adından başlanıb.

Atası Hümmət kişi, anası Kafiyə ana doqquz qızdan sonra tapdıqları oğul övladlarına bu adı Allaha şükranlıq duyğularının ifadəsi kimi yaraşdırıblar. Allaha şükranlıq hissi onun bir ömürlük taleyinə çevrilib…

Və nə xoş ki, bu gün onun yerinə yetirdiyi vəzifə də missiyası ilə tam üst-üstə düşür…

 

***

Tərcümeyi-halını vərəqləyirəm və hərdən mənə elə gəlir ki, Şeyxülislam heç zaman uşaq, yeniyetmə, gənc olmayıb…

Bu dövrlərin hər birinin maraqları, şirin xatirələri onun ömrünün yanından keçib sanki.

Bir uşağın məktəbdən sonra başlanan, müxtəlif oyunlarla, sərgüzəştlərlə dolu dünyası onun taleyində gizli şəkildə yerli ağsaqqalardan dini biliklərin öyrənilməsinə sərf olunub.

Orta məktəbi onunla eyni zamanda başa vuran bütün zəki yeniyetmələr öz gələcəkləri üçün ən uğurlu, indiki dillə desək, prestijli ixtisasları seçdikləri halda, gənc Allahşükür gələcəkdə harada çalışacağını, gələcək həyatını necə təmin edəcəyini gözə almadan Buxaradakı «Mir-Ərəb» mədrəsəsində oxumağa qərar verib.

Maddi imkanları bir o qədər yüksək sayılmayan ailəsinə özünün təhsil xərcləri ilə yük olmasın deyə qərib şəhərdə min bir zəhmətə qatlaşıb. Gündüzləri müqəddəs kitabların səhifələrini çevirən qabarlı əlləri ilə gecələri palçıq qatıb, divar suvayıb, daş daşıyıb və Azərbaycana keçmiş SSRİ məkanında din sahəsində yeganə olan universitetin — İmam əl-Buxari adına Daşkənd İslam Universitetinin ilahiyyat fakültəsinin məzunu kimi dönüb.

Cəmi 31 yaşından Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri vəzifəsinə seçilərək Şeyxülislam rütbəsini alan tarix elmləri doktoru, professor Hacı Allahşükür Paşazadənin həm dini lider, həm müxtəlif beynəlxalq qurumların ali orqanlarının təmsilçisi, həm də alim kimi əldə etdiyi bütün uğurlara onun halal zəhməti hopub, alın təri qarışıb…

Bu uğurların hər birində onun əziyyətini diqqətsiz qoymayan, zəhmətini itirməyən Tanrıya, onu yetişdirən xalqa, ona inanıb etimad göstərən dövlətə, dövlət rəhbərliyinə şükranlıq duyğusu var, qəlbdən gələn minnətdarlıq hissi var…

 

***

Qərbin gizli tədqiqat mərkəzlərinin min bir üsulla bütün dünyaya sırımağa çalışdıqları «bədheybət müsəlman», «qorxunc İslam» təsəvvürü və bu hiyləni anlayan vicdanlı insanların “Əsl islam bu deyil” təlqini qarşılığında elə öz ətrafımızda da tez-tez belə bir sual eşidirik: “Bəs əsl İslam hardadır?!”

Əgər bu suala öz həmsöhbətlərinə ünvanlayan hər kəsə üz tutmaq fürsətim olsaydı, tam qətiyyətlə yazardım ki, əsl İslam Azərbaycan dövlətinin, dövlət rəhbərinin təlqin etdiyi dəyərlərdədir!

Sülhdədir, tolerantlıqdadır, sabitlik və inkişafdadır, insanların təhsilinə, maariflənməsinə qoyulan sərmayədədir!

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bütün aləmə mərhəmət nuru saçan əməllərindədir!

Əsl islam Şeyxülislam Hacı Allahşükür Paşazadənin insanları savadlanmağa, təhsil almağa, cəhalətdən, xürafatdan uzaq durmağa, Tanrı sevgisini dinlə elmin vəhdətində aramağa dəvət edən çağırışlarındadır!..

Bir gün artıq yaşamaqdan ötrü qana ehtiyacı olan minlərlə körpə varkən, ölkənin dini lideri özü donor kimi nümunə göstərirkən, din sevdası ilə baş yarıb qan tökməməkdir…

Əsl islam qızlara — gələcəyin analarına təhsil verməkdir, onları körpə yaşda ər evinə göndərməməkdir…

Əsl islam öz müstəqil dövlətini sevməkdir, onun milli idealarına sadiq olmaqdır…

Şeyxülislamın illərdən bəri öz fəaliyyəti ilə cəmiyyətə ərz etdiyi həqiqətlər də məhz budur…

 

***

Şeyxülislam Hacı Allahşükür Paşazadə ziyarət, dini əməkdaşlıq, yaxud müxtəlif elmi, dini konfrans və tədbirlərdə iştirak məqsədilə indiyə qədər Səudiyyə Ərəbistanı, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, ABŞ, Kanada, Fransa, Türkiyə, İtaliya, İordaniya, Küveyt, Hollandiya, Hindistan, Pakistan, Əfqanıstan, Liviya, İraq, İran, Misir, Şri-Lanka, Mərakeş, Malayziya, İsveçrə, Sudan, Seneqal, Çad və başqa xarici ölkələrdə səfərlərdə olub.

İş elə gətirib ki, bu səfərlərin müəyyən qismində Şeyxülislamı müşayiət etmişəm. Bu səfərlər mənə Azərbaycan Şeyxülislamının ölkə sərhədlərindən kənarda da nə qədər böyük nüfuza malik olduğunu izləmək fürsəti verib.

Görmüşəm ki, xarici ölkələrdə ona təkcə bütün Qafqaz müsəlmanlarının dini lideri kimi hörmət qoymurlar, Şeyxülislama həm də dinlə bağlı tarixi və müasir reallıqlardan yaxşı baş çıxaran, elmi-siyasi dairələrin maraqlandığı mürəkkəb suallara yüksək zəka işığında aydınlıq gətirmək gücünə qabil alim, üləma kimi yanaşırlar, onun rəyləri, yozumları ilə hesablaşırlar.

Belə səfərlərdə sadə vətəndaşlardan yüksək vəzifəli dövlət xadimlərinə qədər ünsiyyətdə olduğu, ixtilat etdiyi hər kəsin Şeyxə nə qədər böyük ehtiram bəslədiyinə şahid olmuşam.

 

Bu mənada, onun sinəsində daşıdığı müxtəlif dövlətlərə aid orden və medalların hər biri dünyanın Şeyxülislamın şəxsiyyətinə, alim fəhminə, bu sinənin altında döyünən, Tanrıya, dünyaya və insanlara sevgi dolu qəlbinə verdiyi dəyərin nişanəsidir.

Sevgi isə çirkab götürməz…

P.S

Bu yazı qəzetdə çapa hazırlanarkən şad bir xəbər eşitdik.

Belarus Prezidenti Aleksandr Lukaşenko Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, MDB müsəlmanlarının Məşvərət Şurasının sədri, Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadəni Belarus-Azərbaycan dövlətlərarası dialoqunun inkişafına verdiyi mühüm töhfəyə, ölkələrimiz arasında ticarət-iqtisadi və mədəni əlaqələrin genişlənməsindəki fəaliyyətinə və dinlərarası razılığın möhkəmləndirilməsində gördüyü işlərə görə “Fransisk Skorina” ordeni ilə təltif edib.

Bu münasibətlə hörmətli Şeyx Həzrətlərini ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı, çətin və şərəfli işində uğurlar arzulayırıq!

 

Hüseynbala MIRƏLƏMOV,

 

Milli Məclisin deputatı.