Azərbaycan öz yolu, müstəqillik yolu ilə gedir. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində olmuşuq. Azad, müstəqil olmamışıq. Nə üçün bizim xalqımız azad, müstəqil yaşaya bilməz? Biz 23 ildir ki, müstəqilik. Bu, böyük xoşbəxtlikdir. Bu, ən böyük sərvətimizdir. Ancaq bu müstəqillik, eyni zamanda, siyasi müstəqilliklə də tamamlanmalıdır və bu gün bu, Azərbaycanda var. Biz müstəqil siyasət aparırıq. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Biz heç kimin diktəsi ilə oturub durmuruq və oturub durmayacağıq. Öz sözümüzü daim açıq deyəcəyik və prinsipial mövqeyimizi nümayiş etdirəcəyik. Həmişə də belə olmalıdır.

İlham ƏLİYEV
…Günlərin bir günündə uzaqdan eşidilən balta səsi meşənin dərin sükutunu pozur. Qoca palıd ətrafdakı səs-küydən, ağacların təşvişindən narahat olub, bunun səbəbini soruşur. Ağaclar təlaş içində deyirlər ki, bəs balaca bir dəmir parçasıdır, üstümüzə gəlib ağacları bir-bir qırır, məhv edir.
Qoca palıd onların təlaşına gülür:
- Balaca bir dəmir parçası nə olan şeydir ki, ondan qorxursunuz?! O dəmir parçası balaca canı ilə bu boyda meşəyə neyləyəsidir?!
Ağaclar cavab verirlər ki, elə deyil, bu balaca dəmir parçasının ucunda ağacdan uzun sap da var.
Onda qoca palıd dərin fikrə gedir. Və deyir:
- Hə, əgər sapı özümüzdəndirsə, onda qırıldıq. O dəmir parçası meşədə bir fidan da qoymayacaq…

Hafizəmin bir köşəsində özünə əbədi yer etmiş pritçanı son vaxtlar tez-tez xatırlayıram… Bu hikməti yaddaşımda oyadan, yəqin ki, son illər dilimizin aktiv leksikonuna daxil olmuş “beşinci kolon” ifadəsinin mənşəyi ilə bağlıdır. Bir müddət öncə bu ifadəni cənab Prezident İlham Əliyevin çıxışında eşitmişdim:
“Beşinci kolon” o vaxt da var idi, əfsuslar olsun ki, bu gün də vardır. Onların sayı çox azdır, amma vardır. Bu gün də müstəqil ölkəyə zərbə vurmaq, ölkəmizi ləkələmək, ölkəmizin imicinə xələl gətirmək onların peşəsidir. Antimilli qüvvələr qınaq obyektinə çevrilir. Azərbaycan cəmiyyəti bu qüvvələri rədd edir və biz heç vaxt imkan vermərik ki, Azərbaycanın müstəqilliyinə, suveren inkişaf haqqına kimsə müdaxilə etsin” — Prezident İlham Əliyevin bu fikirləri “sapı özümüzdən olan baltalara” ən ali dərəgəcə verilən siyasi qiymətdir.
Bu qeydlərimdə “beşinci kolon” ifadəsindən çalışacağam, istifadə etməyim. Belə politoloji deyimlər, tarixi tapıntılar hər şeyə yazıb-yaratdığı dilin işığında baxmağa vərdiş etmiş biz yazıçıların xörəyi deyil.
Mənə qalsa, “beşinci kolon” ifadənin arxasındakı bədnam əməlin — yəni öz elində, obanda yaşayıb, yurdun çörəyini yeyib, suyunu içib, sonra da onu üç quruşa satmağın, el-obaya asi çıxmağın da doğma dilimizdəki əsl adını tapıb, onu məhz öz adı ilə adlandırardım.
Bəli, dilimizdə belə bir söz var. Özü də son dərəcə tutumlu bir sözdür, yazılışı, səslənişi belə adamı ürpədir: Satqınlıq…
İkisinin də mahiyyətində nəyisə satmaqdır, amma dədə-babalarımız halal ticarətlə məşğul olub, hansısa əmtəəni, ayın-oyunu bazarda satlığa çıxaranlarla, vətənini, mənəviyyatını satanların hətta adlarında da fərq qoyublar.
Birinə, satıcı deyiblər, o birinə satqın…
Və satqınları həmişə qınayıblar. Bəd əməlləri faş olan, xəyanətlərinin üstü açılan satqınlara eldə-obada heç vədə yer olmayıb. Belələrinə salam verib, əleyk almağı, xeyir-şərində görünməyi, onunla bir məclisdə əyləşməyi kimsə şəninə sığışdırmayıb.
Satqın kimi ad çıxaran birisi hətta dünyadan köçəndən sonra torpaq belə onun suçunun üstünü örtə bilməyib. Övlad-uşaqları, özündən sonra yeddi arxa dönəni satqın ata-babanın pis adını günah kimi daşımalı olublar, bu üz qarasından hər fürsətdə qurtulmağa çalışıblar.
***
Amma bütün bunlar, nə yazıq ki, zaman-zaman belə bir günaha batanların, vicdanını çamura bulayanların qarşısını ala bilməyib. Mənən, ruhən satqınlığa amadə olanlar, mənəviyyatı xəyanət mərəzinə yoluxanlar, məqam yetişən kimi öz xislətlərini büruzə verməyə başlayıblar.
Bəzən bir xalqın, bir dövlətin, bir insanın taleyinin həll olunduğu anın fürsəti məhz belələrində olub və satqın xislətlilərin içindəki kin-küdurət hissi, qisas yanğısı belə tarixi məqamlarda bütünlüklə xalqların, dövlətlərin, insanların həyatını qaraldıb.
Müstəqil dövlətlərin istiqlalına son qoyub…
Bu sətirləri yaza-yaza Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1920-ci ilin 27 aprel günü keçirilən sonuncu iclası yadımıza düşür.
O iclasının ki, XI Ordunu Azərbaycana gətirən satqınlar “Hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında” qərarın qəbulundan ötrü səs-səsə vermişdilər.
İclas zalının bir tərəfində satqınların, satqınlığın əsl simfoniyası başlanmışdı…
Və bu simfoniyanın lap mərkəzində dayananlardan birisi gəlib, Bakıya dayanmış ordunun gücünə, süngüsünün itiliyinə arxayınlıqla üzünü Cümhuriyyət qurucularına tutub onlara barmaq silkələyirdi.
“Hamınızı bir-bir güllələtdirəcəyəm”- deyə bağırırdı.
Bu hədəyə cavab olaraq elə həmin iclasda Məhəmməd Əmin Rəsulzadə ona demişdi ki, “Sən, özün bolşeviklər tərəfindən güllələnəndə mənim bu sözlərimi yadına salarsan”…
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra o zat, Rəsulzadənin edamına çox çalışdı. Amma buna nail ola bilmədi.
Nəhayət 1938-ci ildə “əksinqilabçı millətçi mərkəzin işi” ilə əlaqədar olaraq onun özünü damlayıb güllələdilər…
Bəli, satqınlara elin qınağı kimi tarixin ədaləti də yaman olur.
***
İçimizdəki satqınlar yenə ortalardadırlar. Və onlara yanlış yolda olduqlarını göstərmək, onların Azərbaycana, Vətənin istiqlalına qarşı yönəlmiş əməllərini qınamaq və bu insanları mümkün qədər islah etməyə çalışmaq — xalq olaraq bizim birgə missiyamızdır. Bu ortaq missiyanın yerinə yetirilməsi barədə hər kəs düşünməlidir.
1920-ci ilin 27 aprel günü Azərbaycan parlamentinin son iclasında səs-səsə vermiş satqınların bu canfəşanlığının acısına düz 71 il göynədik. Dövrün böyük düşüncə adamlarının qurub yaratdıqları demokratik respublikanın ömrü belələrinin ucbatından vur-tut 23 ay sürdü, o fəlakətli illərdə də içimizdəki satqınların, xəyanətkarların əli ilə Azərbaycanın başı üzərində aparılan xəbis bazarlıqlar, istiqlal sevdalılarının min bir məşəqqətlə göyərtdikləri dövlətçilik fidanının böyüməsinə imkan vermədi.
Azərbaycan əsrlərcə geri düşdü…
Cümhuriyyətin hüquqi varisi kimi müstəqil dövlətimiz XX əsrin əvvəllərində qaldığı yerdən davam etməyə bir də 71 ildən sonra müvəffəq oldu…
AXC-nin qurulmasına qədərki və onun mövcud olduğu illərin sosial inkişafının, milli iqtisadiyyatın, milli burjuaziyanın, orta təbəqənin təşəkkül tapmasının xoş nişanələri kimi, bu gün də doğma Bakımızın köksünü bəzəyən memarlıq abidələri, o əyyamlarda Azərbaycanda nəşr olunan demokratik düşüncəli qəzet və jurnallar, qələmə alınmış bədii-publisistik əsərlər, musiqi nümunələri və daha nələr düşünmək üçün əsas verir: əgər Azərbaycan XX əsrin əvvəllərindən qədəm qoyduğu demokratik inkişaf yoluna bu günə qədər davam etsəydi, bu inkişaf proseslərini yönəldən Cümhuriyyət günümüzə qədər yaşasaydı, indi biz inkişafın hansı səviyyəsində idik…
***
Amma 71 ilin gözləntilərindən sonra yenə də tarixin verdiklərinə şükür…
Şükür ki, o 71 ilin arzularını, diləklərini cəmi bir neçə il ərzində reallığa çevirə bilmişik.
Müstəqil Azərbaycan respublikasında doğulmuş yeniyetmələrin ən böyüyünün indi cəmi 23 yaşı var. Vaxtın qısalığına rəğmən, bu müddətdə demokratik inkişaf kursunun Azərbaycan həyatına gətirdiyi uğurların miqyası əsrlərə sığmaz. Bu gün bütün dünyada özünü demokratik dəyərlərin xilaskarı rolunda təqdim etməyə çalışan dövlətlərin inkvizisiyalardan, vətəndaş müharibələrindən, irqi ayrı-seçkiliklərdən, milli, dini mənsubiyyətinə görə yüz illər boyu insanlara göstərilən alçaldıcı münasibətdən, kütləvi qətliamlardan keçib gəldikləri uzun bir yolu Azərbaycan cəmi bir neçə il ərzində uğurla adlayıb.
Demokratik inkişaf istiqamətində, sosial-iqtisadi tərəqqi yolunda bəlli bir mərhələyə gəlmiş, tarixinin ən qüdrətli dönəminə qədəm qoymuş Azərbaycanı öz yolundan sapındırmağa, istiqlalımızı sarsıdıb, ölkəmizin inkişafını əngəlləməyə artıq kimsənin haqqı yoxdur.
***
Demokratiya Azərbaycan xalqının öz seçimidir.
Bu, cəmiyyətimizdə şüar deyil, getdikcə daha fəal şəkildə insanların gündəlik həyatına daxil olan tərzdir, davranışdır, dəyərlər sistemidir. Bu dəyərlərin qısa müddət ərzində cəmiyyətimiz üçün doğmalaşması, Azərbaycanın demokratik inkişaf yolunu müəyyən edən ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş məqsədyönlü siyasətdən qaynaqlanır.
Etiraf edək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə guya demokratiya adına yaradılmış xaos, özbaşınalıq mühiti o dövrün insanlarında, hələ mahiyyətini yaxşı anlamadığımız demokratiya barədə böyük təşviş doğurmuşdu.
İnsanlar demokratiya anlayışına münasibətdə bir növ psixoloji travma almışdılar. Sovet dövrünün totalitar düşüncə tərzinə öyrəşmiş və bu düşüncə tərzinin yaratdığı ictimai mühitdə özlərini daha rahat, təhlükəsiz, əmin hiss edən insanlar demokratik həyat tərzinin məsuliyyətini daşımağa daha bir o qədər həvəsli görünmürdülər.
Açığı, onda həm demokratiyanın nə olduğunu, insanlar üçün niyə bu qədər önəm kəsb etdiyini çox az adam bilirdi, həm də demokratik cəmiyyətin hüquq və vəzifələrinin o dövr üçün qeyri-müəyyənliyi vətəndaşları gələcəyin kəskin dəyişikliklərindən, demokratiya və anarxiya arasında ziyan çəkmək təhlükəsindən çəkindirirdi.
Ölkənin ən təlatümlü günlərində xilas yolunu Heydər Əliyevin dövlətçilik qüdrətində axtaran vətəndaşlar onun dövlət idarəçiliyində sovet dövründə toplanmış ənənəvi təcrübəyə üstünlük verəcəyini zənn və açıq danışaq, həm də arzu edirdilər. Çünki o vaxtın baxış bucağından, vətəndaşlar üçün bu, idarəetmənin ən asan üsulu kimi görünürdü.
O zaman Azərbaycan da bəzi postsovet ölkələri kimi kolxoz-sovxoz sistemini, planlı təsərrüfatı, bütün istehsal sahələrinin dövlət mülkiyyətində olduğu iqtisadi münasibətlər mühitini, bürokratik idarəetmə sistemini bu günədək qoruyub saxlaya, özünü Avroatlantik məkana inteqrasiya imkanlarından təcrid edə bilərdi…
Amma belə olmadı!…
Heydər Əliyev Azərbaycanın gələcək inkişafından ötrü bütün mümkün yollar sırasından dövləti idarə edən şəxs üçün ən çətinini, vətəndaşlar və dövlətin gələcək inkişafı üçünsə ən perspektivli olanını seçdi.
Bu çətin seçim ölkəmizdə dəfələrlə dövlət çevrilişi cəhdlərinə rəvac verdi. Heydər Əliyevin həyatı təhlükələrlə üz-üzə qaldı. Çoxları yenə də demokratiyanı, azadlıq mühitini anarxiya kimi anladılar. Cəmiyyətə bunlar arasındakı fərqi göstərmək, onları demokratik birgəyaşayış qaydalarına öyrətmək üçün illər keçdi. Amma Azərbaycan öz yolundan dönmədi. Demokratik inkişaf yoluna sadiqliyini bütün dünyaya bəyan etdi, bu istiqamətdə ardıcıl fəaliyyətini bir an dayandırmadı. Azad bazar iqtisadiyyatı prinsipləri böyük çətinliklə də olsa, cəmiyyətdə özünə dayaqlar tapdı, yeni mülkiyyət münasibətləri formalaşdı, ölkə iqtisadiyyatı böhran dövrünü arxada qoydu.
Azərbaycan dünya birliyi qarşısında üzərinə götürdüyü demokratiya öhdəliklərini ardıcıl olaraq yerinə yetirdi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası da daxil olmaqla vətəndaş hüquq və azadlıqlarının təminatına yönələn bir sıra mühüm sənədlər qəbul olundu. Ölkədə senzura ləğv edildi, söz və mətbuat azadlığı tam bərqərar oldu, ölüm hökmü aradan qaldırıldı, demokratik təsisatlar formalaşdırıldı, vətəndaş cəmiyyəti institutları quruldu, Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatlara tamhüquqlu üzv qəbul edildi.
***
Sıranı 1993-cü ildən bu günə kimi ölkəmizin demokratik inkişafı naminə həyata keçirilən tədbirlərin miqyası qədər genişləndirmək olar, amma məqsədimiz, sadəcə, faktların təqdimatı deyil…
Bütün bunlar elə bir əyyamda baş verdi ki, bu gün Azərbaycanı “demokratiya dəyənəyi” ilə təhdid etməyə qalxan dövlətlərin də, o dövlətlərin mövqeyinin ifadəçisi qismində çıxış edən beynəlxalq qurumların da gözlərinə onda Bakı neftindən, Azərbaycandakı geniş sərmayə yatırımı imkanlarından başqa heç nə görünmürdü.
O zaman Heydər Əliyevin azacıq sərt mövqeyi yetərdi ki, “Sem dayı”nın demokratiya nəğmələri iqtisadi mənafelər arxasında eşidilməz olsun. Amma Heydər Əliyev özünün idarəçilik tərzində heç zaman elə düşüncələrə yer vermədi, əksinə, Azərbaycanın daha da demokratikləşməsi, insanlarımızın demokratik dəyərlərə öyrəşməsi üçün o dövlətlərlə, o təşkilatlarla sıx əlaqələrin yaratdığı ən kiçik imkanlardan da bəhrələndi.
Azərbaycan ölkəmizin milli maraqlarını dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli, xarici siyasət xətti tutdu, dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr mühitində Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirmək üçün məqsədyönlü tədbirlər həyata keçirildi.
Bütün bunlar ölkəmizin öz seçimi idi və Azərbaycan bu gün də öz gələcəyi üçün başqa alternativlərin axtarışına çıxmayıb…
***
U.Çörçillin özünün məşhur Fulton nitqində qeyd etdiyi kimi, “Demokratiya heç də ən ideal siyasi sistem deyil, amma nə edəsən ki, bəşəriyyət bundan yaxşısını tapmayıb…”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün də Azərbaycan cəmiyyətinin getdiyi yol, bəşəriyyətin gələcəyə doğru tapdığı bütün yolların idealıdır. Bu yol məhz demokratiya yoludur, insan hüquq və azadlıqlarının təmin edilməsi yoludur, malik olduğu potensialı hansısa sahədə reallaşdırmaqdan ötrü hər kəs qarşısında yaradılmış bərabər imkanlar yoludur.
Başqa dövlətlərlə və beynəlxalq aləmlə münasibətlərin beynəlxalq hüquq normaları və ölkənin maraqlarını nəzərdə tutan prinsiplər əsasında qurulması, dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası, beynəlxalq münasibətlər sistemində müstəqil dövlətimizin layiqli mövqeyinin təmin olunması kursuna, beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəliklərə sadiqlik yoludur.
Bəli, biz öz öhdəliklərimizə sadiqik. Amma könül istərdi ki, bu sadiqlik Azərbaycan kimi ölkələrin timsalında ümumən bəşəriyyətin demokratik tərəqqisi üçün məsuliyyət daşıyan aparıcı dövlətlərin, beynəlxalq təşkilatların fəaliyyət prinsiplərində də qorunsun.
Amma əfsus, sıra onlara gələndə, bu öhdəliklər kimsəni ilgiləndirmir.
Regionun təhlükəsizliyini hər gün təhdid edən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli barədə çağırışlarımıza səs verən yoxdur.
Xocalıda qətlə yetirilmiş yüzlərlə dinc vətəndaşımızın faciəsinə dünya gözlərini qapayıb.
Biz dünyadan Azərbaycan torpaqlarının hərbi təcavüz nəticəsində işğalı faktına obyektiv münasibət gözləyirkən, yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimizin yurd həsrətinin bitməsi üçün xarici güclərin dəstəyinə ümid edirkən, gözləntilərimizin tam əksi baş verir.
Sosial-iqtisadi inkişaf göstəricilərinə görə lider ölkələrdən birinə çevrilən Azərbaycanın, Prezident İlham Əliyevin kimsədən asılı olmadan, kimsənin təsirinə düşmədən bütün əhəmiyyətli məsələlərdə öz milli mövqeyindən çıxış edərək, milli maraqlarımızı qoruyaraq qazandığı nailiyyətlər çoxlarını narahat etməyə başlayır…
Və bu narahatlıqlar ölkəmizə qarşı illərdir davam edən məqsədli təxribatlarda özünü büruzə verir.
***
Çox qəribə bir dünyada yaşayırıq, deyilmi?!
Dünyanın çox əcaib yanaşmaları, prinsipləri ilə baş-başayıq.
Müstəqilliyimizin ilk illərində hər vəchlə özünü Azərbaycanın inkişafına, tərəqqisinə çalışırmış kimi göstərən, istiqlalımızı təhdidlərdən qorumaqda guya bizə yardımçı olan Qərb indi özü Azərbaycanın müstəqilliyini sinirə bilmir.
Ötən onilliklərdə qazandığımız nailiyyətlər, tutduğumuz müstəqil mövqe indi Qərbə ar gəlir. Yenə kimlərsə Azərbaycanda proseslərin bir-birinə qarışmasını, cəmiyyətimizin xaotik bir durum qarşısında naçar qalmasını istəyir.
Zatən bu, son onilliklərdə tək Azərbaycanda yox, bir çox müstəqil ölkələrin siyasi həyatında nəzərə çarpan acı bir meyildir. Keçmiş SSRİ dağıldıqdan, ABŞ-ın simasında birqütblü dünyanın formalaşmasından və çoxsaylı ölkələrin müstəqilliyə, demokratik inkişaf kursuna qovuşması ilə demokratiyanın üçüncü dalğası başlanandan sonra hamımız bu dalğanın tamam fərqli bir dünya yaradacağını zənn edirdik.
Bizim anlamımızda belə bir dünyada müharibələrə, qan-qadaya, günahsız insanların ölümünə, xaosa yer olmamalı idi. Elə xəyal edirdik ki, iki dünya müharibəsindən, soyuq savaşdan və bütün bunların ağır nəticələrindən görk alan bəşəriyyət tarixin yeni mərhələlərində ancaq insanlar və onların rifahı barədə düşünəcək. Amma heyhat…
Bizim doğulub böyüdüyümüz ikiqütblü dünya öz yerini insanların daha çox acı çəkdiyi, ölkələrin, cəmiyyətlərin daha ağır fəlakətlərlə üz-üzə qaldığı başqa bir dünyaya — ikili standartlar dünyasına verdi.
Müasir dünyamızın demokratiya adı, insan haqları şüarı altında əslində hansı dəyərlərlə idarə edildiyinə, demokratik dəyərlərin necə gözdən salındığına bir müddət əvvəl bəzi ərəb ölkələrində baş verən və faciəli nəticələri getdikcə nəzarətdən çıxıb daha geniş miqyas alan hadisələr gedişində bir daha şahid olduq.
Sözdə demokratik seçki, insan hüquq və azadlıqları, sabitlik və inkişaf hayqıran Qərb institutlarının demokratik səsvermə və seçki prosedurları nəticəsində hakimiyyətə gəlmiş hökumətlərə qarşı necə müqavimət təşkil etdiklərini, dövlət maşınını sındırıb “idarə edilən xaos”u necə yaratdıqlarını və o ölkələrin sadə insanlarının başına hansı faciələri gətirdiklərini gördük.
***
Son illər bir çox beynəlxalq dairələrin demokratiya kimi bəşəri dəyəri öz mahiyyətindən uzaqlaşdıraraq geosiyasi təzyiq alətinə çevirməsindən dolayı yaranmış gərginlik, keçid dövrünü yenicə başa vurmuş əksər ölkələr kimi, Azərbaycanın da milli mənafelərinin təminatı baxımından böyük narahatlıq doğurur.
Azərbaycan dövlətinin bununla bağlı narahatlıqları, təkcə dövlətin milli maraqlarımıza qarşı yönəlmiş təhdidlərdən təlaşlanması deyil, həm də ümumbəşəri dəyər olaraq, demokratiyanın əsl mahiyyətindən uzaqlaşdırılması, bu dəyərin gözdən salınaraq itirilməsi əndişəsidir.
Azərbaycan rəsmilərinin də öz bəyanatlarında qeyd etdikləri kimi, rəsmi Bakı müəyyən dairələrin demokratiyadan geosiyasi təzyiq aləti kimi istifadə etməsi cəhdlərinə qarşı çıxır, “demokratiyanın müdafiəsi” şüarı altında “ikili standart” yanaşmaları, yeni müstəqillik qazanmış dövlətlərin suveren hüquqlarına əsassız müdaxiləni yolverilməz hesab edir.
Çünki silah gücünə və ya müxtəlif rəngli inqilablarla demokratiya toxumunun əkilməsi prinsipi, bütövlükdə, demokratiya ideallarının şübhə altına alınması, əsrlər boyu ideal idarəetmə forması kimi qəbul edilmiş demokratiyaya xalqlarda inamsızlıq hissinin formalaşdırılması deməkdir.
Əfsuslar olsun ki, bu münasibətin formalaşmasında demokratik quruluşun əsas atributlarından sayılan üçüncü sektor — qeyri-hökumət təşkilatları da öz rolunu oynayır.
***
QHT-lərin daha bir ümumi adı vətəndaş cəmiyyəti institutlarıdır. Zənnimcə, bu təşkilatların mövcudluğunun əsas məqsədi də məhz elə bu adda ifadə olunub. Qeyri-hökumət təşkilatlarının əsas missiyası dövlət və xalq qarşısında məsuliyyətini dərk edən, ictimai münasibətlər sistemində düzgün davranmağı bacaran, öz ölkəsinin və ümumən bəşəriyyətin inkişafına töhfə verməyə can atan vətəndaşlar yetişdirməkdir.
Bu cür düşüncəli insanların, vətəndaşların cəmiyyətini formalaşdırmaqdır.
Amma burada da dəyərlərin gözdən salınması reallığı ilə üz-üzəyik. Qərb müxtəlif adlar altında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının simasında ölkələrin sivil inkişafına təkan verən demokratik təsisatları yox, özünün məharətlə düşünülmüş agentura şəbəkəsini görür.
***
Yəqin, bu, yazıçı sadəlövhlüyümdən irəli gəlirdi…
İllər öncə müxtəlif QHT-lərin xaricdən ayrılmış qrantlar hesabına ayrı-ayrı istiqamətlər üzrə həyata keçirdikləri saysız-hesabsız layihələr barədə mediadan xəbər tutarkən qaldırılan problemlərin mahiyyəti, miqyası ilə həmin layihələrin öz mənasızlığı ilə bu problemlərin həllində oynayacağı rolu istər-istəməz müqayisə etməli olurdum. Və görürdüm ki, bunlar, məşhur atalar sözündə deyildiyi kimi, təxminən “aca Quran oxumaq” kimi bir şeydir.
Ölməz Mirzə Cəlildən bir epizod da düşürdü yadıma.
Həmin epizod Mirzə Cəlilin əsərlərinin motivləri əsasında çəkilmiş “Qəm pəncərəsi” filmində də öz əksini tapıb. Müəllim sinif otağında övladlarının dərsinə tamaşa etməyə yığışmış kəndlilərə deyir ki, əgər siz Qori Seminariyasında oxusaydınız, çəyirtkənin bədən quruluşu necədir, bilərdiniz. Kəndlilərdən biri də qayıdır ki, cənab müəllim, çəyirtkənin bədən quruluşu bizim nəyimizə gərəkdir. Sən bizə onu öyrət ki, taxılımızı çəyirtkədən necə qoruyaq?!
Azərbaycandakı bəzi QHT-lərin bir-birindən təmtəraqlı adlar altında həyata keçirdiyi, mahiyyəti cəmiyyətimiz üçün faydalılığı baxımından isə demək olar ki, heç bir dəyər ifadə etməyən layihələrinin çoxu da o epizoda bənzəyirdi. Üstəlik, hamı bilirdi ki, o layihələrin reallaşdırılmasına ayrılmış pulların böyük hissəsi məqsəddən kənar həzmi-rabedən keçirilir, “vətəndaş cəmiyyəti fəalları”nın iştahına yem olur.
Və bütün bunları hamıdan yaxşı bilməsinə, qrantlardan mənimsənilən hər qəpik barədə məlumatlı olmasına əsla şübhə etmədiyim Qərb institutlarının, müxtəlif fondların yenə də böyük səxavətlə bu layihələrin maliyyələşməsinə ayırdıqları böyük pullar haqqında eşitdikcə istər-istəməz Afrika ölkələrində aclıqdan qabırğası çıxmış qara dərili körpələri xatırlayırdım.
1994-cü ildə, sonralar dünya şöhrəti qazanmış fotoqraf Kevin Karterin çəkdiyi, aclıqdan ölmək üzrə olan, xilas üçün BMT düşərgəsinə tərəf sürünən qızcığazın və onun cəsədini parçalamaqdan ötrü körpənin ölüm anını addım-addım izləyən qara quzğunun birgə şəkli düşürdü yadıma.
Düşünürdüm ki, İlahi, əgər bu fondların pulu beləcə çoxdursa, görəsən, niyə müxtəlif QHT-lərin mənasız layihələrinə xərcləmək əvəzinə, bu pulu dünyadakı milyonlarla ac qarnın doyurulmasına, bir qab isti yeməyə, bir dəst paltara, bir cüt ayaqqabıya, məktəbə, müəllimə, yazıb-oxumağa həsrət milyonlarla körpənin təhsilləndirilməsinə sərf etmirlər?!
İndi-indi dərk etməyə başlayıram ki, bu düşüncələrimdə, həqiqətən sadəlövh olmuşam. Belə layihələr ictimai diqqəti yayındırmaq, cəlbedici təqdimat tərzləri ilə agentura şəbəkəsinin fəaliyyətini daha da stimullaşdırmaq, bu şəbəkənin əhatə dairəsini genişləndirməkdən ötrü məsələnin cəmiyyətə təqdim olunan tərəfidir.
İşin batinində isə bizim bilmədiyimiz çox dürlü mətləblər var…
Bu şəbəkə Qərbin məxfi institutları tərəfindən o qədər ustalıqla qurulub ki, müxtəlif QHT-lərin rəhbərləri qismində özlərini vətəndaş cəmiyyəti fəalları statusunda təqdim edən şəxslər, bəlkə heç özləri də, əslində, ölkələrinin əleyhinə casusluq fəaliyyəti ilə məşğul olduqlarının fərqində deyillər.
Xarici institutların sifarişi əsasında guya hansısa layihə kimi hazırlayıb onlara ötürdükləri araşdırmaların, məlumatların mahiyyətcə əsl agentura materiallarından fərqlənmədiyi, məqamı çatanda siyasi-iqtisadi maraqlarla Azərbaycana qarşı təzyiqləri gücləndirmək üçün Qərbin çox işinə yaradığı bu adamları əsla ilgiləndirmir.
Çünki xarici institutların donor, qrant adı altında səxavət kisəsinin ağzını geniş açıb casusluq fəaliyyəti qarşılığında illərdən bəri bu kəslərə sel kimi buraxdığı pullar onların gözünü tutub.
Şəxsi mənfəət hissi Azərbaycanın maraqlarını, milli hədəflərimizi, ölkəmizin və xalqımızın gələcək taleyini belələri üçün qara qəpikdən də dəyərsiz edib.
Yaxında, uzaqda yenə sapı özümüzdən olan baltaların səsi eşidilir.
…Və fikrimcə, artıq bu qədər yetər. Satqınları, xəyanətkarları öz adları ilə çağırmaq vaxtıdır.
Onlara anlatmaq vaxtıdır ki, Azərbaycan artıq zənn etdiyiniz Azərbaycan deyil!
Ötən əsrin əvvəllərində tarixin köksünə əkdiyimiz, on illər boyu içimizdə qoruyub əsrin sonlarında göz yaşlarımızla, qanımızla suvarıb yenidən həyat verdiyimiz dövlətçilik fidanımız bu illər ərzində elə qocaman bir çinara dönüb ki, sapı özümüzdən olan baltaların kəmfürsət zərbələri də ona heç nə edəsi deyil!..
Satqınlığa davam edib gələcək nəsillərini utandırmasınlar…

 

                                     Hüseynbala MİRƏLƏMOV,
      Milli Məclisin deputatı, yazıçı-publisist