Səfər yeni kəşflərə aparan YOLDUR
Uzaq səfərə çıxanların arxasınca su atırlar ki, yolu uğurlu olsun. Uğur deyilənlərin bəlkə də ən birincisi səfər yoldaşlarını yaxından tanımaq, onların daxili aləminə bələd olmaq, fikir və düşüncələrini bölüşməkdir. Yol yoldaşlığı məncə, cəmiyyət arasında - vəzifə başında, deputat kürsüsündə, elm ocaqlarında tanıdığın adamları yenidən kəşf etmək imkanıdır. Səfər həm də fərdi mənada mənəvi axtarış prosesidir, bax, vətəndən uzağa səfərin-səyahətin özünəməxsus cəhətlərindən ən başlıcası budur...
Şərqi Asiyanın möhtəşəm ölkələrindən biri olan Çin Xalq Respublikasına bu dəfəki səfərimiz hicri təqvimi ilə elə Səfər ayına təsadüf etməsi də adamın qəlbini xoş duyğularla barındıran bir qismət idi...
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin dəvəti ÇXR-ə səfər edən nümayəndə heyətimizə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Azərbaycan-Çin parlamentlararası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzov başçılıq edirdi. Nümayəndə heyətinə mənimlə bərabər YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev və YAP Gənclər Birliyinin sədri Seymur Orucov daxil idi.
İş elə gətirdi ki, Heydər Əliyev Beynəlxalq Hava Limanının VİP zalında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov və deputat həmkarımız, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ilə rastlaşdıq. Onlar Pekinə “Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin qurulması” mövzusunda keçiriləcək Tayhu Dünya Mədəniyyət Forumuna dəvət olmuşdular.
Oktyabrın 16-da təyyarəmiz havaya qalxanda göy üzünü qatı qaranlıq ağuşuna almışdı. Əbəs yerə təyyərəyə “polad qanadlı quş” demirlər. Gecə göyün yeddinci qatından aşağıda işıqları ulduz kimi sayrışan yer üzünü seyr etmək adamı düşüncələr aləminə aparır... Adətən, biz bəyaz gecələrdə yerdən göy üzünə baxırıq, Ayın haləsini, bəziləri yerə yaxın, bəziləri isə uzaqda olan gah parlaq, gah da zəif ulduzların kəhkəşanını seyr etməkdən zövq alırıq... İndi isə əksinə, göydən yer üzünə baxırdıq. Filosoflar “Üstündə ulduz olmayan yol yoxdur” deyirlər. Amma o gün irili –xırdalı bütün “ulduzlar” bizim Azərbaycan Hava Yollarına məxsus “Boinq – 767” təyyarəsinin qət etdiyi hava yollarından aşağıda görünürdülər.
Göyün ənginliyindən elə dünya özü də kiçik görünür... Bu ucsuz-bucaqsız, nəhayətsiz səmanın qoynunda düşünürsən ki, bir tərəfində qaçqınlar, miqrantlar “ordusu”, digər tərəfində qanlı savaşlar, bir tərəfində bolluq, digər tərəfində aclıq-susuzluq hökm sürən Yer planetində görəsən nə çatışmır?
Bəlkə dünya elə əzəldən belə olub? Əgər belə olmasaydı, böyük Nəsimi neçə əsr bundan öncə yəqin belə yazmazdı: “Dünya duracaq yer deyil, ey can, səfər eylə!”
Bəlkə Çinin paytaxtı Pekində “Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin qurulması” mövzusunda keçirilən forum da bu suallara cavab axtarmaq istəyindən qaynaqlanırdı? Ürəyimdən keçən bu fikirləri səma gəmisinin “Business Premium” adlanan salonunda mənimlə yanaşı əyləşmiş AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ilə bölüşmək istəyirdim.
Amma... Sən demə, bu gün, yəni 16 oktyabr İsa müəllimin ad günü imiş. Bu xəbəri mən səfər yoldaşlarımıza verəndə hamı üçün sürpiriz oldu. Göyün yeddinci qatında 69 yaşı tamam olan İsa Həbibbəylinin ad günü münasibətilə ilk təbrik sözlərini Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov dedi...
Sonra bizim nümayəndə heyətinin üzvləri səfər yoldaşımızı təbrik edib, ona ictimai və elmi fəaliyyətində, habelə ÇXR-ə səfərdə uğurlar dilədik.
İsa müəllim bizi yola götürdüyü Naxçıvan lavaşına, qovurmasına qonaq etdi. Naxçıvan istehsalı olan araqdan nuş edib, sağlıqlar dedik. Arzular, ürək sözləri, xeyir dualar, maraqlı söhbətlər...
Bəli, səmanın yeddinci qatında, kəhkəşanlar səltənətində, ulduzlar aləmində, bəyaz buludlara - bəyaz ipəyə, bəyaz qumaşa bələnmiş nəhəng təyyarə salonu... Rahatlıq, sakitlik... Adam özünü istər –istəməz qayğısız və xoşbəxt hiss edirdi...
Bu sehirli aləmdə mənə elə gəlir ki, akademik dostumuz İsa Həbibbəyli öz ad gününü ilk dəfə qeyd edirdi. Həm biz, həm də İsa müəllim uzun müddət bu qeyri-adi ad gününü heç vaxt unutmayacağıq.
***
17 oktyabrda səhər tezdən təyyarəmiz Pekinin Paytaxt Beynəlxalq Aeroportunda da yerə endi. Burada bizi Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı başda olmaqla səfirliyin nümayəndələri və Çin Kommunist Partiyasının Beynəlxalq Əlaqələr üzrə altıncı departamentinin direktor müavini xanım Van Minlə partiyanın məsul işçiləri qarşıladılar. Xanım Van Min nümayəndə heyətimizin üzvləri ilə bir-bir görüşəndə, gülümsəyərək mənə rus dilində “pisatel” (yazıçı) deyə xitab elədi.
Aeroportda bizim üçün ayrılmış maşınlara əyləşib “kontrastlar şəhəri” adlanan Pekinin səhər mənzərələrini seyr edə-edə “Li Tsyun” mehmanxanasına gəldik. Burada bizim üçün ayrılmış otaqlarda yerləşdik. Təqribən saat yarım istirahət edəndən sonra mehmanxananın ikinci mərtəbəsindəki “L” adlanan kafedə nahar etdik. Nahar yeməyindən sonra nümayəndə heyətimizi dünyanın yeddi möcüzəsindən biri sayılan Böyük Çin Səddinə ekskursiyaya apardılar. Sədd paytaxt Pekindən 80 km aralı yerləşir.
Kiçik dəstələrə bölünüb üzü yuxarı qalxmağa başladıq. Eldar İbrahimov, Əhliman Əmiraslanov və mən yorulana qədər gəzişdik. Maraqlı söhbətlər etdik. 2011-c i ildə Çinə ilk səfərimdən sonra bu sədd haqqında 2012 –ci ldə Azərbaycan dilinə nəşr olunmuş “Çində möhtəşəm on gün” və 2015 –ci ildə rus dilində işıq üzü görən “Kitay - vosmoe çudo sveta” kitablarımda ətraflı bəhs etmişəm.
Bir Çin məsəlində deyildiyi kimi, “Dağlara çıxmayan, uzaqları görə bilməz!” Şərq aləminin nadir tarixi –memarlıq və maddi mədəniyyət abidələrinin ən qiymətli incisi hesab edilən Çin Səddi fəlsəfi anlamda bir həqiqəti də təsdiq edir ki, qədimdən çinlilər təcavüzə nifrət edən, sülhü sevən xalq kimi tanınıblar...
Saat 17-də mehmanxanaya döndük... Çin Xalq Respublikamızda səfərimizin ilk günü belə başa çatdı.
Yeri gəlmişkən, məşhur Çin Səddi haqqında məlumat xarakterli foto-albomda diqqətimi cəlb edən bir atalar sözünü xatıradım: “Kim Böyük Çin divarlarına qalxmayıbsa, o, dəliqanlı deyil”
Könülləri valeh edən Çin payızı
Səfərimizin ikinci günü səhər yeməyindən sonra Pekinin gözəl payız mənzərəsini sərgiləyən 800 illik tarixə malik olan Dyaoyuytaya getdik. Qədimdən müqəddəs sayılan Ginkqo ağaclarının saralmış yarpaqları Dyaoyuytayın xiyabanlarına xüsusi payız ovqatı qatmışdı. Burada xəzəl olmuş yarpaqlar öz parlaqlıqlarını noyabrın ikinci ongünlüyünədək qoruyub saxlayırlar. Payız fəslində bura turistlərin ən çox istirahət etdikləri yerdir. Sevgi dolu gözəl Çin payızı burada adamın ruhuna dinclik bəxş edir. Payızı duymaq, hiss etmək, onunla iç-içə yaşamaq istəyi hər qarışda adama xüsusi zövq verir. Deyirlər, Dyaoyuytayın qış mənzərələri də gözəl olur.
Haşiyə: 1 oktyabr 1959 –ci ildə Çin hoküməti burada ÇXR-in yaradılmasının 10 illiyinə dəvət etdiyi xarici dövlət və hökümət başçılarını yerləşdirmək üçün dövlət iqamətgahı yaradıb. Statistikaya görə, 50 il ərzində “Dyaoyuytay” dövlət iqamətgahında 1144 xarici ölkənin dövlət və hökümət başçıları qarşılanıb. Gələn ilin oktyabrında dövlət iqamətgahının yaradılmasının 60 ili tamam olacaq.
430 min kvadrat metr sahəsi olan dövlət iqamətgahına sərbəst giriş qadağandır. İqamətgahın böyük göl və yaşıllıq olan ərazisində Çin ənənələrinə uyğun salınmış İmperator bağı məftunedici gözəlliklərə malikdir...
Onu da qey edim ki, Çinin ənənəvi bayramlarından biri “Payızın ortası” adlanır. Qədim çinlilər onu "Çjuntsyu" adlandırırdılar. Həmin gün xalq arasında dağa qalxmaq, piroq yemək, pivə içmək və xrizantemaları seyr etmək adətləri indi də saxlanmışdır. "Çjuntsyu"nun başqa bir adı da “Ay bayramıdır”. Ona görə həmin gün qədim çinlilər undan şirin qoğal bişirib onu Ay allahına sovqat edirdilər. Mərasimin sonunda bütün ailə şirin qoğal yeyərdi ki, bu da ailə səadəti rəmzi hesab olunardı. Bu adət müasir günlərə qədər qalmışdır. Bütün ailə parlaq ayın altında bir yerə yığışır, səma cisimlərini seyr edir və ay şirin qoğalları yeyirlər...
***
18-19 oktyabrda səfər proqramı çərçivəsində nümayəndə heyətimiz Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) sədr müavini Van Çen, Kənd təsərrüfatı və kəndlərlə iş komitəsinin sədr müavini və Çin –Azərbaycan parlament dostluğu qrupunun üzvü Van Syankuy, Çin Kommunist Partiyasının Beynəlxalq Əlaqələr üzrə altıncı departamentinin direktor müavini xanım Van Minlə və Çin Kommunist Partiyasının nazir statusunda beynəlxalq əlaqələr departamentinin rəhbəri Sun Tao ilə silsilə görüşlər keçirdi.
Bu görüşlərdə Çin-Azərbaycan əlaqələrinin bir neçə əsrlik tarixi olduğu, müasir dövrdə münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. İki ölkə münasibətlərinin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayan ÜXNY-nin sədr müavini Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə səfərinin əlaqələrimizin genişlənməsində və möhkəmlənməsindəki rolundan da bəhs etdi. Cənab Van Çen Azərbaycanın özü üçün müəyyən etdiyi inkişaf yolunu dəstəklədiklərini vurğuladı, ölkəsinin ikitərəfli əlaqələrimizin daha da inkişafı istiqamətində birgə səylərini davam etdirəcəyini qeyd etdi.
İki ölkənin qanunverici orqanları arasında mövcud olan əlaqələrdən bəhs edərkən, Van Çen Milli Məclis sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyətinin bu yaxınlarda Çinə səfərini xatırladı.
Tayhu Dünya Mədəniyyət Forumunun illik iclasında iştirak üçün Əli Əhmədova təşəkkür edən ÜXNY-nin sədr müavini ölkələrimizin humanitar və mədəni sahələrdə əlaqələrinin də müxtəlif layihələrlə inkişaf etdirildiyini diqqətə çatdırdı.
Öz növbəsində Baş nazirin müavini Əli Əhmədov Tayhu Dünya Mədəniyyət Forumunun illik iclasında iştirak üçün dəvətə görə cənab Van Çen təşəkkürünü bildirdi. Və Azərbaycanın Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verdiyini, Azərbaycan-Çin əlaqələrinin möhkəm təməllər üzərində qurulduğunu, tarixi İpək Yolunun xalqlarımız arasında münasibətlərin qurulmasındakı rolundan danışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə iki dəfə Çində səfərdə olduğunu xatırladan Əli Əhmədov həmin səfərlər zamanı dövlət başçılarının münasibətlərimizin müxtəlif sahələrdə inkişafı ilə bağlı qəbul etdiyi qərarların uğurla icra edildiyini qeyd etdi.
Baş nazirin müavini Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan-Çin münasibətlərinin daha da genişlənməsi üçün yaxşı imkanlar yaratdığını vurğulayıb, ölkəmizin həmin strategiyanın icrasına hər cür dəstək göstərməyə və bu çərçivədə birgə əməkdaşlığa hazır olduğunu bəyan etdi.
Çin Kommunist Partiyasının nazir statusunda beynəlxalq əlaqələr departamentinin rəhbəri Sun Tao ilə görüşdə isə hakim partiyalar arasında sıx əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin genişlənməsi baxımından əhəmiyyətindən bəhs olundu. Cənab Sun Tao iki ölkənin liderlərinin əlaqələrimizin müxtəlif istiqamətlər üzrə inkişafı ilə bağlı tapşırıqlarının icrası istiqamətində hakim partiyaların da üzərinə vəzifələr düşdüyünü və Çin Kommunist Partiyasının bununla bağlı hər cür əməkdaşlığa hazır olduğunu bildiridi.
...“Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında birgə məsləhətləşmələrin əhəmiyyətinə toxunan Sun Tao bu strategiyanın bütün iştirakçı ölkələrin inkişafına imkan yaradacağına əminliyini ifadə etdi. “Coğrafi olaraq Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycan “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkədir. Biz Azərbaycanın imkanlarından birgə istifadə etməklə bu layihənin uğurlu icrasına və bununla da xalqlarımızın rifahının daha da yaxşılaşmasına nail ola bilərik”, - deyə departament rəhbəri bildirdi.
YAP sədrinin müavini–icra katibi Əli Əhmədov Çin ilə əlaqələrin inkişafının Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini, ölkəmizin Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdən olduğunu diqqətə çatdıraraq böyük iqtisadi və nəqliyyat-tranzit imkanlarına malik olan Azərbaycanın bu layihədə oynadığı roldan danışdı. Ötən il istifadəyə verilən və Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti İpək Yolunun vacib məqamı olmaqla yanaşı, “Bir kəmər, bir yol” təşəbbüsünün icrası baxımından böyük addımdır.
Baş nazirin müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Çin tərəfinə təşəkkür etdi. Bildirdi ki, Azərbaycanın da “Vahid Çin” siyasətinə dəstəyi dəyişməyib.
Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Görüşdən sonra Çin Kommunist Partiyası MK-nın Beynəlxalq Əlaqələr departamentinin rəhbəri cənab Sun Taonun adından nümayəndə heyətimizin şərəfinə rəsmi qəbul təşkil olundu...
“Bir kəmər, bir yol”
Səfərimizin üçüncü günü qaldığımız mehmanxananın biznes-Mərkəzində İnkişaf və reforma Milli Komitəsinin nəzdində fəaliyyət göstərən makroiqdisadi institutun mütəxəssisləri ilə sosial-iqdisadi inkişafın naliyyətləri və “Bir kəmər, bir yol” tikintisi mövzusuda söhbətdə iştirak etdik.
Qeyd edim ki, Çin dövlət başçısı Si Cinpin “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasını 2013-cü ildə elan edib. Azərbaycan Çinin bu strategiyasını dəstəkləyən ilk ölkələrdən biridir.
Çinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və nüfuzlu “China Daily” qəzeti tərəfindən təşkil edilən Tayhu Dünya Mədəniyyəti Forumunun açılış mərasimində Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) sədr müavini Van Çen forumun Çin Xalq Respublikasının Sədri Si Cinpinin forum iştirakçılarına müraciətini oxudu. Cənab Van Çen çıxışında müxtəlif mədəniyyətlərin mübadiləsi vasitəsilə birgə gələcəyin qurulmasına dair müzakirələrin aparılması üçün Forumun yaxşı platforma olduğunu bəyan etdi.
Onu da qeyd edim ki, Foruma dünyanın 40-dan çox ölkəsindən dövlət rəsmiləri, elm adamları, ictimai xadimlər, mədəniyyət sahəsinin fəalları daxil olmaqla, ümumilikdə, mindən çox nümayəndə gəlmişdi.
Baş nazirin müavini Əli Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tayhu Dünya Mədəniyyət Forumunun 5-ci illik iclasının iştirakçılarına müraciətini oxudu.
Əli müəllim çıxışında Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün əməkdaşlığımızın daha da dərinləşməsi üçün yeni imkanlar yaratdığını diqqətə çatdıraraq bildirdi ki, Azərbaycan bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biri olmaqla yanaşı, onun icrasına töhfə verməyə hazırdır.
Baş nazirin müavini Əli Əhmədov Çin təbabəti mədəniyyətinin inkişafı ilə bağlı bölmə iclasında çıxış edərək xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrindən, müasir dövrdə iki ölkənin münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən tibb sahəsində inkişafından danışdı.
Əli müəllimin çıxışından sonra biz səfər proqramı çərçivəsində Azərbaycan -Çin nümayəndə heyətləri arasında görüşlərimizi davam etdirdik.
Forum isə öz işini davam etdi. Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə yanaşı 6 tematik və yekun iclaslardan ibarət forumda beynəlxalq münasibətlər, iqtisadiyyat, mədəniyyət, ekologiya, fəlsəfə, sosiologiya və təbabət mövzularına dair müzakirələr aparıldı.
Forumla bağlı müzakirələrdə akademik İsa Həbibbəyli fəal iştirak edərək məruzəçi qismində çıxış etdi. Onu qeyd edim ki, akademik İsa Həbibbəyli Çinə səfər çərçivəsində Çin Sosial Elmlər Akademiyasında da oldu və Pekin Xarici Dillər Universitetində (PXDU) yeni açılmış Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələri görşdə də üçün məruzə ilə çıxış edib, Görüşdə AMEA Ədəbiyyat İnstitutunun nəzdində Çin Tədqiqatları Mərkəzinin fəaliyyətə başlamasına dair anlaşma memorandumu imzalandı. Bu sənədə əsasən, mərkəz qarşılıqlı ədəbi tədqiqatların və ədəbi tərcümələrin təşkili, birgə seminarların və konfransların keçirilməsi, alim və doktorant mübadiləsi, doktorantların hazırlanması ilə məşğul olacaq...
İMPERATOR SARAYI
Ququn imperator sarayı orta əsrlərin ən gözəl saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. Bu unikal və nəhəng memarlıq abidəsinə və Saray muzeyinə ekskursiya nümayəndə heyətimizin böyük marağına səbəb oldu. 500 il ərzində “Yasaq şəhər” adlandırılan Ququn sarayında 24 çin imperatoru yaşamış və hökmüdarlıq etmişdir. Qədimdə sadə əhalinin bu şəhərdə nəinki yaşamağına, hətta gecələməyinə belə qadağa qoyulmuşdu. Burada bütün mühüm rəsmi saray mərasimləri: imperatorların toyları, imperatriçaların tacqoyma mərasimləri, dövlət imtahanları, yeni il, qışın başlanması günü burada keçirilir, imperatorun ad günü burada bayram edilirdi. Ququn gözoxşayan ağac memarlıq kompleksidir. Saray kompleksi həm də müxtəlif hədiyyələrin, nadir əşyaların saxlanması üçün dövlət xəzinəsi rolunu oynayırdı. Mahir memarlar öz istedad və əməklərini sərf edib bütün bu nəhəng tikililəri planlaşdırmış və yaratmışlar. Buranın zallarını, köşk və pavilyonlarını gəzib-dolaşmaq üçün saatlarla vaxt lazımdır. Onu da qeyd edim ki, istər burada, istərsə də saray muzeyində xarici turistlərlə yanaşı çoxlu çinlilərə rast gəldik. Bu da onu ğöstəriri ki, Çin xalqı öz tarixinə, soy kökünə çox bağlıdır.
***
... Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov və akademik İsa Həbibbəyli Tayhu Dünya Mədəniyyəti Forumu öz işini başa çatdırandan sonra vətənə yola düşdülər.
Şənbə günü YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Azərbaycan-Çin parlamentlararası əlaqlər üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzovun başçılıq etdiyi nümayəndə heyətimiz Pekinin cənub vağzalından qatarla Xançjou şəhərinə yola düşdü. Şərqi Çin dənizi sahilində yerləşən Çjetszyanın əyalətinin mərkəzidir. Əyalətdə əczaçılıq biznesi ilə məşğul olan 70 - dən çox xarici şirkət fəaliyyət göstərir. Çjetszyan kimyəvi liflərin və paltaryuyan maşın istehsalının həcminə görə Çində xüsusi yer tutur, bununla yanaşı, parça, dəzgah, sement, inteqral sxem, kondisioner istehsalı üzrə ölkədə ilk beşliyə daxildir.
Orada əyalətin sosial-iqtisadi inkişafı və partiya quruculuğu işləri ilə tanış olduq.
YAP ideyalarının təbliğatçıları
Yuxarda qeyd etdiyim kimi, yol yoldaşlığı cəmiyyət arasında, iş yerində tanıdığın adamları yenidən kəşf etmək imkanıdır. Nümayəndə heyətimizə başçılıq edən Siyavuş Novruzovla 2011-ci ilin noyabr ayında Çində on günlük səfərdə olmuşuq. Siyavuş müəllim xoş təbiətli və həm də zarafatcıl insandır. Xoşladığı şeirləri əzbər deməyi xoşlayır... Gənc yaşlarından siyasətlə məşğul olan Siyavuş Novruzov dövlətçilik prinsipini özünə əsas amal olaraq seçən ictimai-siyasi xadimlərdən biridir.
Səfər zamanı Azərbaycan və Çin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşündə, Çin parlamentinin Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri Van Syankuyla söhbətdə, eləcə də Çin Kommunist Partiyasının Çsinzyan şəhər təşkilatındakı görüşdə onun necə yetkin bir siyasətçi olduğuna bir daha şahid oldum . Siyavuş müəllim bu görüşlərdə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu və əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, eyni zamanda qarşılıqlı rəsmi səfərlərin, imzalanan ikitərəfli sənədlərin dostluq münasibətlərinin inkişafınd mühüm rolu olduğunu bildirirdi. Bu görüşlər zamanı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının əlaqələrindən də geniş bəhs olundu, partiyalar arasında əməkdaşlığın əhəmiyyətinə dair söhbət aparıldı. Siyavuş Novruzov öz missiyasının öhdəsindən bacarıqla gəlir, söhbət zamanı maraqlı məqamlara toxunur, ölkəmiz barədə çinli nümayəndələrə ətraflı məlumat verirdi.
Görüşlərdə bəhs olunan mövzularla bağlı Eldar müəllim, Əhliman Əmiraslanov, mən, Seymur Orucov və digər yoldaşlarımız da çıxış edib, çinli həmkarlarımızla öz fikirlərimizi bölüşürdük.
Umumiyyətlə, səfər yoldaşlarımızın hər biri haqqında ayrı-ayrılıqda geniş söhbət açmaq olar. YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Eldar İbrahimovla uzun illərdir ki, dostluq edirik, bir çox xarici ölkələrdə səfərdə olmuşuq. Dostluqda sədaqətli olduğu kimi, yol yoldaşlığına da zərrə qədər də söz ola bilməz. Eldar müəllim həm də iqdisad elmləri üzrə elmlər doktoru, səriştəli ictimai-siyasi xadimdir. Naxçıvanda uzun müddət baş nazirin müavini olub.
Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov 2016-cı ildən UNESKO-nun "Bioetika, Elm və Texnologiyaların Etikası" üzrə Azərbaycan Milli Komitəsinin sədri seçilib. Polşa Tibb Elmləri Akademiyasının həqiqi, Rusiya Elmlər Akademiyasının xarici üzvü, 25 ilə yaxın bir dövr ərzində Azərbaycan Dövlət Tibb Universitetinin rektoru olub. Səfər zamanı diqqətimi ən çox cəlb edən Əhliman müəllimin alim kimi təvazökarlığı, insan kimi sadəliyi oldu.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevin insani keyfiyyətlərindən xəbər verən savab əməlləri barədə kifayət qədər danışmaq olar. İstər deputat, istər inşaatçı kimi o öz həyat amalını dövlətə və xalqa xidmətdə, vətəndaşlıq missiyasını layiqincə həyata keçirməkdə görür. Səfər zamanı Ağalar müəllimin həqiqətən mənən zəngin insan olduğuna şahid oldum. Saf və ürəyi təmiz bir insandır.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun səmimiliyi, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyevin diqqətcilliyi, YAP Gənclər Birliyinin sədri Seymur Orucovun vətənpərvərliyi mənim səfər təəssüratlarımı da zənginləşdirdi. Seymur həm də iqtisad elmləri üzrə fəlsəfə doktorudur... Doğrudan da bu dəfəki Çin səfərimiz yeni kəşflərə vəsilə oldu. Bu səfər bizim hamımızı birləşdirən bir amalın işığıydi. Bu amal YAP ideyalarının təbliğatçıları olmağımız idi...
Onu da deyim ki, Çin Kommunist Partiyasının nümayəndələri görüşlər zamanı çoxları məni tanıyır və eynən xanım Van Min kimi mənə “pisatel” deyirdilər. Bu söz səfər yoldaşlarımın da dilinə düşmüşdü. Çinli həmkarlarımızı yamsılayıb onlar da zarafatla mənə “pisatel” deyirdilər.
Səfər yoldaşlarımdan fərqli olaraq bu mənim ÇXR-ə sayca dördüncü səfərim idi. Mən bu ölkəyə 2013 –cü ilin mayında Çin haqqında ən yaxşı kitab yazan 24 əcnəbi müəlliflərdən biri kimi dəvət olunmuşdum.
Və bunu da da deməyi özümə borc bilirəm ki, 2014 –cü ilin mayında Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayarkən çıxışında kitab haqqında demişdir: “Sizin atanızı ayrıca xatırlamaq istəyirəm. Çin xalqı ona dərin hörmət bəsləyir. Hörmətli Prezident Heydər Əliyev haqqında kitab, habelə "Çin azərbaycanlıların gözü ilə" məcmuəsi artıq hər iki ölkədə çapdan çıxmış və geniş müsbət ictimai rəy doğurmuşdur...”
Öz növbəsində cənab İlham Əliyev nitqində demişdir: “Mənim atam, Azərbaycanın böyük oğlu, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev haqqında səmimi sözlərinizə görə də çox təşəkkür edirəm. Onun həyat və fəaliyyəti haqqında kitabın Çin dilində nəşr edilməsi böyük ehtiram əlamətidir. Biz Azərbaycanda bunu çox yüksək qiymətləndiririk və buna görə Sizə çox təşəkkür edirik"
Bəli, burada söhbət mənim 2013 –cü ilin noyabrında Azərbaycanın Çindəki səfirliyinin təşəbbüsü ilə Pekində nəşr olunan “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabımdan gedir.
***
Çinin şərqindəki İu şəhərində rəhbərliklə görüşdən sonra Birinci Ticarət Rayonu Bazarının pavlyonlarında, ticarət sərgisində və loqistika komaniyasında olduq. İu şəhərindən təyyarə ilə Çendu səfər etdik. Burada şəhərin sərgi salonunda, Qlobal Mərkəzində olduq. Çinin mərkəzi hissəsində olan bu şəhər Sıçuan əyalətinin inzibati mərkəzi sayılır. Ölkənin iri nəqliyyat qovşağı və sənaye müəssisələri burada yerləşir Burada biz ilk partiya təşkilat, şəhərin planlaşdırılması yeni kəndlərin salınması layihələri, Çjunsin Qəsəbəsi ilə tanış olduq.
Oktyabrın 24-də Çendu şəhərindən təyyarə ilə Pekinə döndük.
Asiyanın ən varlı şirkəti...
‘‘Əgər getdiyin yoldan əl çəkməsən, demək ki, hələ də şansın var. Əgər kiçiksənsə, gücündən əlavə beyninə güvənib, prosesə fokuslanmalısan’’. Bu sözlər “Made in Azerbaijan" brendi ilə 300-dən artıq məhsulu nümayiş etdirən və internet vasitəsi ilə online formada fəaliyyət göstərən “Alibaba Qrupu”nun qurucusu və rəhbəri Yun Maya məxsusdur. Ma əslində gənc yaşlarında çoxsaylı iş yerlərindən rədd cavabları almış, universitet üçün qəbul prosesinə iki dəfə cəhd etsə də, qəbul ola bilməmişdi. Amma doğru bildiyi yoldan vaz keçməmişdir.
“Forbes” jurnalının 2015-ci il sentyabr sayındakı məqaləyə görə, Jack Ma, Çinin ikinci, dünyanın isə 33-cü ən varlı şəxsi siyahısına daxil olub. Proqnozlara görə 2020-ci ildə “Alibaba” 20 trilyonun sahibi olacaq!
Ma 1964-cü ildə Çində dünyaya gəlib. Jack Ma 1995-ci ildə də Çinli bir firmada müxtəlif şirkətlər üçün tərcümə xidmətləri də göstərmişdir. Bu xidməti zamanlarında tez-tez kompyuterdən istifadə edən Ma internetin əsas məna nöqteyi mövqesini qavrayaraq internet üzərindən işlər prosesinə qoşulmağı ağlına qoyur.
1999-cu ilin aprel ayında 17 dostu ilə birlikdə “Alibaba”nı yaradır.
Manın fikrincə, “E-ticarəti davam etdirməyin ən önəmli şərti ondan ibarətdir ki, bu anda etdiyimiz iş nədirsə, bütün cəsarətimiz, inancımızla davam etdirməliyik.”
Alibaba şirkəti qısa müddətdə böyük uğur əldə edib. Qrupun adı ilə bağlı sualıma onun ÇXR-dəki direktoru ərəb mənşəli Fərhad Sami və menecerləri ilə görüşdə sual verdim ki, Ma Amerikada olanda “Əlibaba və 40 quldur” filminə baxıb və Kompaniyası üçün bu adı seçmək qərarına gəlib.
Kompaniyanın icraçı direktoru Daniel Cjanqın təbirincə desək, artıq “bütün dünya Çinin istehlakçı bumuna şahid olur...”
Analitiklər 2015-ci ildə “Yalnız insanlar günü”ndə (Subaylar günü) Alibaba kompaniyasının satışlarının 13 milyard dollar olacağını gözləyirdilər. Alibaba şirkəti isə təkcə 10 saatda 8 milyard dollarlıq satış edərək elektron kommersiya bazarında rekord göstərici ədə etdi. 12 saat ərzində satış həcmi 9 milyard dollara çatdı.
"Alibaba" şirkəti musiqi, film və televiziya ilə onlayn media nəhəngi olmaqda israrlıdır. Şirkətin Çində rəqəmsal məhsul satışlarının potensialı 210 milyard dollar dəyərində qiymətləndirilir.
Bu ilin sentyabr ayında Çinin internet kommersiya nəhəngi olan “Alibaba”nın rəhbəri şirkətin ABŞ-da bir milyon iş yeri açmaq planının ləğv edildiyini bildirdi. O, bu qərara gəlməsinin səbəbini hazırda ÇXR-lə ABŞ arasında gedən ticarət müharibəsi ilə əlaqələndirib.
Çinin internet ticarət nəhəngi “Alibaba Group” ümid edir ki, “Bir kəmər, bir yol” strategiyası çərçivəsində beynəlxalq əməkdaşlığa dair forumda iştirak edən ölkələr “Rəqəmsal İpək yolu” təşəbbüsünə yüksək səviyyədə dəstək verəcəklər. “Alibaba Group” şirkəti “Rəqəmsal İpək yolu”nun yaradılmasına ötən ildən start verib.
Mən görüş zamanı Neft və Sənaye Universitetinin “Loqistika” ixtisasında oxuyan tələbələrinin şirkətin hesabına təcrübə keçmələrinin mümkünlüyünü soruşdum. Onlar da bu məsələyə müsbət münasibət bildirdilər. Nümayəndə heyətimizin üzvləri “Alibaba Group” şirkəti ilə tanışlıqdan çox məmnun qaldılar. Gələcəkdə bu şirkətin Azərbaycanla əməkdaşlığını arzuladıq.
Bəli, Çin yeni dünya nizamına və qloballaşmaya özünəməxsus təmkinlə, uzaqgörən daxili və xarici siyasətlə, sakit templə daxil olaraq, dünyada gedən proseslərdə, bazar münasibətlərinə öz təsirini gücləndirməkdə davam edir. Sevindirici haldır ki, Azərbaycanla dostluq və əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsində Çin tərəfi maraqlıdır. Buna görə də bizim tarixə çevrilən səfərin ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə əminəm.
Oktyabrın 25- də Pekinin Paytaxt Hava Limanından J2068 reysi ilə Bakıya yola düşüdük. ÇXR-ə daha bir səfərimiz tarixə döndü...
Bu da Heydər Əliyev Beynəlxalq Hava llimanı... Burdan avtomaşınlar sürətlə şəhərə doğru şütüyür. Səhər açılırdı. Artıq gecənin zülmət karvanı səhərin aydınlığında yorğun-yorğun əriyirdi. Ürəklər sabahın nuru ilə dolurdu. Fərəhlə hərə öz doğma yuvasına tələsirdi... Səfər təəssüratı hələ də canımızda qaynayırdı. Düşünürəm ki, bu unudulmaz görüşlərlə dolu bir səfər oldu. İnsan həmişə dünyanı görmək, gözəllikləri seyr etmək arzusu ilə yaşayır. Ancaq hara getdirsən, get, artıq bir həftədən sonra Vətən səni səsləyir... Bütün səfər ərzində Vətəni ürəyində gəzdirirsən. Duyğulanırsan, zərif bir qüssə ürəyinə dolur, darıxırsan. Axı, Vətən sevgisi, insan duyğularının ən alisi, ən müqəddəsidir!..
...Qurban sənə, ay Vətən!..
Bakı - Pekin - Bakı
Hüseynbala Mirələmov,
yazıçı-dramaturq, Milli Məclisin deputatı