…Belə bir yazını qələmə almağı ötən aydan qərarlaşdırmışdım.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin bu ilin avqustunda Moskvada rus dilində çapdan çıxmış «Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix» kitabının, ardınca isə «Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində» əsərinin oyatdığı təəssüratlar o qədər zəngin və rəngarəng idi ki, oxuduqca hansısa məqamı yaddan çıxarmayım deyə dəftərçəmdə apardığım qeydləri ipə-sapa düzməkdən ötrü yazı masasının arxasına keçməyə, sadəcə, uyğun bir zaman gözləyirdim.
İş elə gətirdi ki, dəyərli akademik oktyabrın əvvəlində «Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti» adlı yeni bir əsəri ilə oxucuların görüşünə gəldi və bəzi hissələri ilə hələ 2012-ci ilin dekabrında «Azərbaycan» qəzetinin səhifələrindən tanış olduğum bu əsər haqqında təəsssüratlarım yazıda daha önə keçdi…
…Tarixlə son illər daha çox maraqlanmağa başlamışam.
Bu, keçmiş haqqında elmə gecikmiş sevginin etirafı deyil əslində. Keçmiş düşüncələrimi əvvəllər də özünə cəlb edib. Amma söhbət əsl yazıçı marağından, tarix haqqında daha çox bilmək, daha çox öyrənmək və öyrənə bildiklərimi ədəbiyyat müstəvisinə gətirmək istəyindən gedirsə, bunun mənim üçün son illər, demək olar ki, mənəvi ehtiyac halına gəldiyini duyuram.
Görünür, bu, yaşın üstünə yaş gətirən illərin çağdaş dünyanın reallıqları barədə anlatdığı həqiqətlərdən gəlir. Dünənə qədər tarix bizim üçün sadəcə ictimai elm idi, biz tarix kitablarını sadəcə maraq üçün vərəqləyirdik. Amma indi vaxtın elə bir yerinə gəlib çatmışıq ki, sivilizasiyalar arasında dialoq mühiti ilə savaş ovqatı arasındakı məsafənin üz-üzə dayanmış iki insan arasındakı addım qədər yaxın olduğu bu yerdə bəşəriyyəti çıxılmaz durumlarda buraxan müşkül sualların ən dürüst cavabı məhz tarixdədir.
Keçmişin göstərdiyi aydın istiqamətdədir…
Akademik Ramiz Mehdiyevin hər iki kitabını oxucular üçün dəyərli edən ən birinci amil bu kitablarda tarixin özünün görünməsi, keçmişin özünün dilə gəlməsidir.
Müəllif şəxsiyyətinin özü bu əsərlərdə tarixin sərgilədiyi həqiqətlərlə oxucu düşüncəsi arasında heç nəyi təhrif etmədən, dəqiqliyinə xələl gətirmədən təqdim edən, çatdıran tərcüman obrazında görünür.
***
Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin milli dövlətçilik irsi onun təkcə Azərbaycan üçün qurub-yaratdıqları ilə məhdudlaşmır, torpağın köksündə Heydər Əliyevin nəcib imzaları kimi ucalan inkişaf abidələri ilə əhatələnmir.
Heydər Əliyevin milli dövlətçilik irsi həm də onun formalaşdırdığı dövlət idarəçiliyi təcrübəsidir, ulu öndərin ustadlığından barınan, belə bir təcrübənin işığında yetişən milli təfəkkürlü kadrlardır.
Tarix müstəqilliyin çətin və şərəfli yollarında irəliləyən milli dövlətlər üçün belə idarəçi kadrlar korpusunun nə qədər vacib, əhəmiyyətli olduğunu zaman-zaman sübuta yetirir.
Akademik Ramiz Mehdiyev də Heydər Əliyevin yanında yetişən belə milli kadrlardan biridir. Ömrün gənclik çağlarından Heydər Əliyevin yanında çalışmağı, milli dövlətçilik təfəkkürünü belə bir ustaddan əxz etməyi bir çox müasirləri kimi, Ramiz müəllim də taleyin xoş bir lütfü kimi yaşayıb.
Heydər Əliyevin yüksək etimadı ilə o, ötən əsrin 70-ci illərindən Azərbaycan KP Mərkəzi Komitəsində təbliğat, ideoloji iş kimi əhəmiyyətli sahələrə rəhbərlik edib.
Azərbaycan dövlət müstəqilliyinə qovuşandan sonra Heydər Əliyevin rəhbərliyi altında başlanan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən demokratik, hüquqi dövlət quruculuğu proseslərində də öndə gedən insanlardandır Ramiz müəllim…
Onun Azərbaycan dövlətinə, ölkə rəhbərliyinin həyata keçirdiyi milli dövlətçilik kursuna sədaqətlə xidməti, əsl məmur səliqəsi, icra intizamı həmişə dövlət tərəfindən yüksək qiymətləndirilib.
Təsadüfi deyil ki, Azərbaycanın milli dövlətçilik tarixində ən yüksək dövlət qulluğu titulu sayılan «həqiqi dövlət müşaviri» kimi tarixi bir statusa da məhz akademik Ramiz Mehdiyev layiq görülüb.
Bütün bunlar dövlət idarəçiliyinin ali iyerarxiyasında ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ramiz müəllimin şəxsində ziyalı şəxsiyyətinə, alim sözünə verdikləri qiymətin, dəyərin ifadəsidir.
Və bu dəyərin qarşılığı isə akademik Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri və alim kimi dövlətimizin strateji inkişaf kursuna sədaqətlə xidməti, əsl vətəndaş mövqeyi və məhsuldar yaradıcı fəaliyyəti ilə dövlət qulluqçusu, alim, ziyalı adına iddialı hər kəs üçün yaratdığı nümunədir.
***
Elmi-tədqiqat əsərləri bütün dövrlərdə yazılır.
Amma etiraf edək ki, qələmə alınan əsərlərin çox az bir qismi oxucunu düşündürə, onu illərlə öz cazibəsində saxlaya bilir. Bu da həmin əsərin yazılma səbəbindən, onu ərsəyə gətirən məqsəddən qaynaqlanan bir məqamdır.
Hazırlıqlı oxucu üçün bir əsərin arxasında dayanan müəllif niyyətini tutmaq o qədər çətin deyil. Kitabları vərəqlədikcə vərəqlər arasında sadəcə elmi dərəcə almaq xatirinə qələmə sarılmış müəllifləri də görürsən, ictimai çevrədə populyarlıq qazanmaq eşqinə düşənləri də, cəmiyyətdə hansısa mövqeyə sahib olmağa can atanları da…
Akademik Ramiz Mehdiyevdən ötrü isə bütün bunlar heç vaxt önəm kəsb etməyib!
Ramiz Mehdiyev bir Azərbaycan aliminin milli elmi mühitdə qazana biləcəyi ən böyük nailiyyəti çoxdan əldə edib — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.
Azərbaycan cəmiyyəti onu ictimai-siyasi xadim kimi hələ ötən əsrin 70-ci illərindən tanıyır. Ramiz Mehdiyevə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri kimi hakimiyyət iyerarxiyasındakı ən yüksək vəzifələrdən birində etimad göstərilib.
Bütün bunları xatırlatmaqda məqsədim odur ki, onun son illər nəşr olunmuş və hər biri sanbalına, fundamental dəyərinə görə Azərbaycan elmində hadisə yaratmış elmi əsərlərinin yazılma səbəblərini özüm üçün də, dəyərli oxucularım üçün də müəyyənləşdirim.
İstər bədii, istərsə də elmi əsərlər olsun, fərq etməz, ən qiymətli əsərlər o əsərlərdir ki, onlar yazılmaması mümkünsüz olan durumlarda qələmə alınsın, mənəvi ehtiyacdan qaynaqlansın, müəllifi onları qələmə almağa içindəki səs çağırsın, vicdanı diktə etsin.
Ramiz Mehdiyevin qələmə aldığı bütün əsərlər də onun bir an susmayan alim vicdanının səsidir. Azərbaycan dövlətinə sevgi dolu ürəyinin, ruhunun ehtiyacıdır.
***
…Nə qədər səhih məlumatdır, düzü dəqiqləşdirməmişəm, amma eşitdiyimə görə, Böyük Britaniya məktəblərində şagirdlərə tarix fənni bizim anladığımız tarix fənni kimi tədris olunmur.
Bu məktəblərdə şagirdlərə tarixi hadisələr haqqında sadəcə məlumat verilir, bu hadisələrdə kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək, hansı tarixi şəxsiyyətə sevgi, hansına nifrətlə yanaşmaq onların öz mühakiməsinə buraxılır. Görünür, Böyük Britaniya maarifçiləri bununla ölkənin yeni nəsillərini tarixin ideoloji basqılarından qorumağa çalışırlar.
Biz sovet dövründə siyasi ideologiyanın xidmətində dayanan tarixin ziyanlı təsirlərindən az əziyyət çəkməmişik. O illərdə tariximiz zaman-zaman saxtalaşdırılmış, keçmişimiz doğru-dürüst qələmə alınmamışdı.
Müstəqillik qazandıqdan və sovet ideologiyasının tələblərindən qurtulmuş tarixşünaslığımız qarşısında yeni üfüqlər açılandan sonra isə bu dəfə də başqa problemlərlə üz-üzə qaldıq. Bu da mənasız emosionallığın elmiliyi arxa plana keçirməsi, xalqımızın tarixi ilə bağlı alimlərimiz arasında fikir qarşıdurmalarının yaranmasından ibarət idi.
Bütün ömrü boyu sovet ideologiyasının təsiri altında yazıb-yaradan alimlərimiz öz konsepsiyalarını yeni dövrdə də cidd-cəhdlə müdafiə etməyə çalışırdılar. Çünki bu konsepsiyadan vaz keçmək, həmin elm adamlarımız üçün bütün ömür boyu yazdıqlarının üzərindən çalın-çarpaz xətt çəkmək, obrazlı desək, sağkən dünyadan köçməyə bərabər idi.
Digər bir qisim tarixçi alimlərimiz isə ölkədə baş verən siyasi dəyişikliklərin, dəbdə olan şüarların təsiri altında qələmə aldıqları elmi müddəalarında tarixi həqiqətləri obyektiv baxış bucağından təqdim edə bilmirdilər.
Ayrı-ayrı tarixi şəxsiyyətlərimizə ziddiyyətli münasibətin formalaşması, ictimai gündəmə çıxmaq istəyən diletantlar tərəfindən müxtəlif mətbuat orqanlarında tarixi şəxsiyyətlərimizə qarşı vaxtaşırı hücumlar da o vaxtdan əsası qoyulan və tarix müstəvisində bu günə qədər ara-sıra görünən mənfi tendensiyalardandır.
Sovet dövründə irəli sürülmüş yanlış konsepsiyalar Azərbaycan tarixinin düzgün öyrənilməsi və təhlili baxımından nə qədər ziyanlı idisə, emosiyaların təsiri ilə yazılıb tirajlanan mövqelər, tarixi reallıqlarla diletant davranışlar da bir o qədər təhlükəlidir.
Böyük Britaniya məktəblərində gənc nəslə ideologiyaların təsirindən xali tarix fənninin necə öyrədildiyini, əvvəlcədən qeyd etdiyim kimi, dəqiq bilmirəm. Amma onu da düşünürəm ki, əgər biz gələcək nəsillərimizə əsl Azərbaycan tarixini öyrətmək, onları tarixi keçmişimizin və Azərbaycan sevgisinin cazibəsində yetişdirmək istəyiriksə, öyrətdiyimiz tarixlə onların əsl vətəndaş, əsl şəxsiyyət kimi formalaşmalarına hansısa şəkildə təsir göstərmək istəyiriksə, tarix dərsliklərini tərtib edən dəyərli alimlərimiz Ramiz Mehdiyevin kitablarından mütləq bəhrələnməlidirlər. O kitablardakı üslubu, tarixə yanaşma tərzini, böyük alim məharəti ilə tarix və müasirlik arasında yaradılmış vəhdəti mütləq nəzərə almalıdırlar!
***
Akademik Ramiz Mehdiyevin tarixşünaslıq sahəsindəki elmi fəaliyyətini iki qismə ayırmaq olar. Onlardan birincisi müstəqil Azərbaycan dövlətinin son 23 ildə qazandığı uğurların, ölkəmizin müstəqillik illərində keçdiyi yolların təhlili, uğurlarımıza yol açan istiqamətlərin, inkişaf perspektivlərinin müəyyən edilməsi, eyni zamanda, inkişaf yolunda buraxılmış hansısa yanlışların, sapmaların, onların səbəblərinin sərf-nəzər edilməsidir.
Ramiz Mehdiyev indiyə qədər bu mövzuda bir neçə sanballı əsərini oxuculara təqdim edib və cəmiyyətin uzun zamanlardır düşündüyü məsələlər ətrafında onun irəli sürdüyü prinsiplər, elmi müddəalar ictimai çevrələrdə həmişə böyük maraqla qarşılanıb.
Həyata keçirilən siyasətin elmi-fəlsəfi əsaslarının hazırlanması, seçilən dövlətçilik modellərinin nəzəriyyəsinin işlənməsi istənilən dövlət quruluşunda çox mühümdür. Çünki dövlət kortəbii əsaslarla fəaliyyət göstərən bir institut deyildir və onun bir təsisat kimi ardıcıl fəaliyyət göstərməkdən ötrü mütləq konkret nəzəriyyələrə söykənməsi çox mühümdür.
Tarixdə F.Nitşe kimi filosofların antihumanist nəzəriyyələri üzərində qərar tutaraq bəşəriyyəti uçuruma doğru sürükləyən dövlət quruluşları olub.
K.Marksın, F.Engelsin, V.İ.Leninin irəli sürmüş olduqları nəzəriyyənin həyatda özünü doğruldub-doğrultmayacağını müəyyən etməkdən ötrü vaxtilə SSRİ vətəndaşı olan bizlər 70 il yanlış ideologiyanın əsarəti altında yaşamışıq. Və sonda bu nəzəriyyənin yanlışlığı ortaya çıxıb.
Müasir dünyamız da dövlət quruluşu nəzəriyyələrindən xali deyil və tarix sübut edir ki, onlardan ən güvənlisi, özünü həyatda ən çox doğruldanı reallıqdan formalaşan, real inkişaf proseslərindən doğan nəzəriyyələrdir.
Azərbaycanın seçdiyi dövlətçilik modelinin təməlində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin baxışları dayanır, Azərbaycanın milli dövlətçilik strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü dövlətçilik prinsipləri əsasında müəyyənləşir.
Və akademik Ramiz Mehdiyevin bir alim kimi Azərbaycan dövlətinə, Azərbaycan elminə verdiyi ən mühüm töhfələrdən biri öz əsərlərində bu modelin, bu strategiyanın elmi-nəzəri əsaslarını formalaşdırmasıdır.
***
Dünyada həm siyasi fəaliyyətlə məşğul olan, həm də tarixi-fəlsəfi əsərlər yaradan liderlər o qədər çox olmayıb.
M.Avreli, V.İ.Lenin, M.Qandi, U.Çörçill və bu kimi dövlət adamları tarixin xatırladığı az istisnalardır.
Bir oxucu kimi Heydər Əliyevin müxtəlif mövzularda kitablar yazmasını, onun ayrı-ayrı məsələlərə münasibətini ulu öndərin öz qələmindən oxumağı çox istərdim. Bir dəfə əcnəbi jurnalistlərdən biri Heydər Əliyevə bu mövzuda sual verəndə o, kitab yaza bilməməsini vaxt məhdudiyyəti ilə əsaslandırmışdı.
Həqiqətən, tarixdə öz izini qoymuş liderlərin taleyində bu da həyatın qəribə bir ziddiyyətidir, bir yazıçı üçün əlçatmaz təəssüratlarla dolu, hər günü bir kitaba bərabər maraqlı, keşməkeşli bir ömür yaşayasan, heç kimin bilmədiyi sirlərə, mətləblərə vaqif olasan, amma yaşadıqlarını qələmə almağa, düşündüklərini kitablarda ümumiləşdirməyə vaxt tapa bilməyəsən! Ayrı-ayrı məsələlərə yanaşmaların, həyatın qarşıya çıxardığı suallara cavabların müxtəlif çıxışlarının, müsahibələrinin çap olunduğu mənbələrdə öz tədqiqatçılarının yolunu gözləyə…
Amma burası da var ki, tarixdə öz sözünü demiş liderlərin yanında onların həyata keçirdiyi siyasətin mahiyyətini düzgün təhlil edib gələcəyə çatdırmaq gücünə, istedadına qabil vicdanlı, sözü, əməli düz salnaməçilər həmişə olub.
Görkəmli Azərbaycan ədibi və ictimai-siyasi xadim Nəriman Nərimanov «Nadir şah» tarixi dramında əsərin parlaq obrazlarından olan salnaməçi Mirzə Mehdi xan surətinin timsalında öz dövlətini candan sevən, xalqına, liderinə sonsuz sədaqət göstərən belə fikir adamlarının ümumi portretini yaradıb.
Əsərdə ədib Nadir şahın dinimizdəki iki məzhəbin birləşdirilməsi ideyasını salnaməçinin monoloqunda belə izah edir: «İki məzhəbin birləşməyi həqiqət, gözəl, yaxşı bir fikirdir. Çünki ədavət bilmərrə ortalıqdan götürülər, mədəniyyət artar, hər iki millət qüvvətlənər (Yazır). Mollalara məvacib kəsmək də, mənim təsəvvürümə görə, yaman deyil. Padşahlıqdan məvacibləri olsa, bir para ağla gəlməyən şeyləri və aşkara millətin, vətənin, dövlətin zərəri olan sözləri xalqın aralarında nəşr etməzlər (Yazır). O gün mənə deyir ki, Mirzə! Sən elə bilmə ki, mən ruhanilərə düşmənəm. Xeyr, dinə rövnəq verən mollalar mənim canımdırlar. Dinə rəxnə salan mollalara, həqiqət, mən düşmənəm… Bunlar zahirdə dinpərəst, batində dini tar-mar edirlər (Fikrə gedib yazır). Bəli, fikir etdikcə görürsən, insafən, ağıllı qanunlardır, həqiqət, gözəl fikirlərdir, amma heyfa, qədrini bilən yoxdur…»
Akademik Ramiz Mehdiyevin Azərbaycanın bugünü barədə yazdığı kitablar da milli dövlətçilik tariximizin salnaməsidir, Prezident İlham Əliyevin ölkəmizə qazandırdığı zəfərlərin, nailiyyətlərin haləsində gələcəyi aydınladan düşüncə işığıdır.
***
Onun yaradıcılığının ikinci istiqamətini ürəyimizdə ağır yara kimi sızlayan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinin, indiki Ermənistan Respublikasına aid edilən tarixi torpaqlarımızla bağlı həqiqətlərin üzə çıxarılması, xalqımızın yetirdiyi tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinin düzgün tədqiqi və kütlələrə çatdırılması ilə bağlı məsələlər təşkil edir.
Ramiz Mehdiyevin bu mövzuda yazdığı əsərlər milli dövlətçiliyimizdə irsə varislik, sələflərlə xələflər arasında mənəvi rabitənin, keçmişlə bugün, bugünlə gələcək arasında qırılmaz bağlılığın təmin olunmasına xidmət göstərir.
***
1505-ci ilin ilıq bir may günü…
Gülüstan dağının ətəklərinə cəm olmuş əsgərlərin qırmızı çalmaları Gülüstanın dövrəsində lalətək qızarır.
Ləşkər — əynində zirehsiz, firuzəyi rəngdə harmani, başında qızıl taclı, qırmızı külahlı ağ çalma olan ağ atlı yeniyetmə sərkərdənin söyləyəcəyi kəlmələrin intizarındadır. Və o kəlmələr eşidilir:
- Sizə Gülüstan lazımdır, yoxsa Azərbaycan?!
O an öz 14 yaşlı sərkərdəsinin — Şah İsmayıl Xətainin bu sualına cavab olaraq «Azərbaycan!» kəlməsinin əzəmətindən dalğalanan ləşkər bir neçə gün sonra Təbrizin «Həşt Behişt» (Səkkiz cənnət) sarayının üzərinə sancdığı Səfəvi bayrağı ilə yer üzünə vahid Azərbaycan dövlətinin müqəddəs nişanəsini nəqş edir…
vvv
Azərbaycan Səfəvi dövlətinin dəyərli tədqiqatçılarından olan mərhum professor Oqtay Əfəndiyev Şah İsmayıl Xətainin vahid Azərbaycan dövlətinin yaradıldığını bütün dünyaya bəyan etməkdən ötrü öz qoşunu ilə Təbrizə varid olduğu o möhtəşəm anın əsrarını bircə cümlə ilə belə ifadə edərdi: «Şah İsmayıl Xətai Təbrizə ruh bədənə daxil olan kimi daxil oldu».
Hər dəfə Şah babamızın tariximizdəki və taleyimizdəki rolu barədə düşünərkən mərhum alimin o bənzətməsini xatırlayıram və mənə elə gəlir ki, əgər xalqın milli ruhunu bir insanın surətində təsəvvür etmək mümkün olsaydı, xalqın milli ruhu bir insanın çöhrəsində təcəlla tapsaydı, bu təsəvvür Şah İsmayıl Xətainin XVI əsrdə naməlum florensiyalı rəssam tərəfindən çəkilən və orijinalı indi də İtaliyanın Florensiya şəhərindəki Uffitsi muzeyində qorunan portretindəki yaraşıqlı camalına bənzər…
***
Şah İsmayıl Xətainin adı ilə bağlı tarix səhnəsində görünən hər bir işartı bizim ən böyük dəyərlərimiz sırasındadır. Xalq belə dəyərlərlə böyüyür, ucalır, ayaqda dayanır, özünə, vətəninə, dilinə hörmət hissinə sahib olur.
Tariximizin Şah İsmayıl Xətai dövrü mənim də maraq predmetimdir. Azərbaycan tarixinin daha bir parlaq siması saydığım Nadir şaha həsr edilmiş «Sonuncu fateh» romanım tarixin nisbətən üzübərilərini əhatə etsə də, o əsərdə də Şah İsmayıl Xətai dövrünə ekskurslar etməyə çalışmışam.
Düşüncələrimi Səfəvilər dövləti üzərinə çəkən səbəblərdən ən mühümü illər əvvəl türk yazarları Reha Çamuroğlunun «İsmayıl» və İsgəndər Palanın «Şah və Sultan» adlı əsərlərində Səfəvilər dövlətinə, Şah İsmayıl Xətainin tarixi obrazına qarşı tutduqları qərəzli mövqe, ona qarşı qələmə aldıqları iftiralardır. İlk dəfə bu romanları oxuyarkən sarsılmışdım. Dəyərli oxucum 2013-cü ilin 20 noyabrında «Azərbaycan» qəzetinin səhifələrində «Günəş ləkə götürməz» sərlövhəli məqaləmlə o yazarlara verdiyim cavabı da, yəqin ki, az-çox xatırlayır.
Amma o yazımdan da əvvəl akademik Ramiz Mehdiyevin «Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi» adlı məqaləsi dərc edilmiş və bu məqalədə Şah İsmayıl Xətainin tarixdəki əsl portreti, onun zamanın hüdudsuz səhnəsində ucalan əzəməti elmi təfəkkürün işığında tam canlandırılmışdı.
Bu istiqamətdə araşdırmalarını daha da genişləndirən akademik bu günlərdə ilk hissəsi çapdan çıxmış «Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti» adlı əsərində görkəmli dövlət xadimi və sərkərdə, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlətin — Səfəvilər dövlətinin banisi olaraq Şah İsmayıl Səfəvinin hərbi-siyasi, ideoloji və diplomatik irsinə milli tarix elmimizdə ən bitkin və sistemli baxışı ortaya qoyub.
O, kitabında yazır: «Azərbaycan bəşəriyyətin siyasi tarixinə, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş görkəmli şəxsiyyətləri ilə haqlı olaraq fəxr edə bilər. Tarixin ən mürəkkəb və ümidsiz dövrlərində də bu xalqın arasından öz iradi keyfiyyətləri və istedadları sayəsində, bəzən həyatları bahasına, amansız təhdid və təhlükələrə məhəl qoymadan tarixin gedişini öz xalqının xeyrinə dəyişmiş böyük siyasi xadimlər, cəsur qəhrəmanlar, görkəmli alim və mütəfəkkirlər çıxıb».
Və alimin fikrincə, Şah İsmayıl Xətai də Azərbaycan xalqının tarix boyu yetirdiyi, əlinə qılınc götürərək doğma xalqının taleyini dəyişən, onu pərakəndəlikdən xilas edən, öz dövrünün ən böyük imperiyalarından birinin titul milləti səviyyəsinə ucaldan belə parlaq qəhrəmanlardan biridir…
Əsərin birinci hissəsi Səfəvilər sülaləsinin etnik mənşəyi və eyniadlı sufi ordeninin yaranmasından mərkəzləşdirilmiş dövlətin təşəkkülünə qədər olan dövrə aid tarixi məsələləri əhatə edir.
Şah İsmayıl Xətainin və onun əcdadların
ın şanlı həyat yolu, bu sülalənin Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda apardıqları mübarizə, habelə Səfəvilər dövlətinin siyasi sistemi və dini siyasəti də bu hissədə təhlil olunur. Bundan başqa, əsərin birinci hissəsində Səfəvilər dövlətinin banisinin dövründə bu məmləkətdə mədəniyyətin inkişafı məsələlərinə də diqqət yönəlir, görkəmli hökmdarın Azərbaycan mədəniyyətinin və dilinin inkişafındakı xidmətləri sadalanır.
Kitabın ikinci hissəsi isə Şah İsmayıl Səfəvinin müzəffər yürüşlərinə və diplomatik fəaliyyətinə, Şeybanilər və Osmanlı dövlətləri ilə müharibələrinə həsr edilmişdir.
***
Akademik Ramiz Mehdiyevin Şah İsmayıl Xətai haqqında elmi düşüncələri Şah babamızın Azərbaycan dilini dövlət dili elan edərkən əsrlər sonra bu dilin işığında yetişəcək bizlərə xitabən söylədiyi belə bir epiqrafla başlanır:
Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm:
- ana dilimizi,
- vicdanımızı,
- Vətənimizi.
Hələ məqalə şəklində mətbuatda dərc edilərkən bu əsər Azərbaycan dövlətinin müstəqillik tarixinin sosial-iqtisadi cəhətdən ən qüdrətli günlərini yaşadığı günlərimizdə ictimai diqqəti yenidən bu üç dəyər üzərində mərkəzləşdirir, Azərbaycan xalqının düşüncəsinə qan verir, öz tarixini öyrənmək, öz milli-tarixi dəyərlərinə sahib çıxmaq üçün impuls rolunu oynayır.
Ramiz Mehdiyevin Şah İsmayıl Xətai haqqında qələmə aldıqları Azərbaycan cəmiyyəti qarşısında həm də mənəvi səfərbəredici bir missiya müəyyənləşdirir.
Kimliyindən asılı olmayaraq, alimin də, şairin də, yazıçının da, dövlət məmurunun da, iş adamının da, fəhlənin də, kəndlinin də bu missiyada öz payı var və bir yazar, ədəbiyyat adamı olaraq mən bu missiyadakı payımı hələ əsərin ilk hissələrini mətbuatdan oxuyarkən götürmüşdüm…
***
Əsrlərdən bəri ədəbiyyata verilən klassik təriflərdən biri belə olub: «Ədəbiyyat həyatı bədii obrazlarla əks etdirən söz sənətidir, ədəbiyyat ədəb, mərifət deməkdir».
Fikrimcə, bu yanaşmadakı ədəb, mərifət kəlmələrində təkcə insanın sosial münasibətlər sistemində başqa fərdlərlə ədəbli davranışı yox, öz ölkəsinə, xalqına, milli dəyərlərinə əxlaqlı, tərbiyəli, düzgün münasibəti də ehtiva olunur.
Bu istiqamətdə insanın dünyagörüşünə müsbət təsir, tarixi həqiqətlərin bədii əsərlərdə dürüst əksi və keçmişin işığında gələcəyə doğru aydın yolların göstərilməsi də yazıçının missiyasına daxildir.
Akademik Ramiz Mehdiyevin tariximizin Şah İsmayıl Xətai dövrünə həsr olunmuş əsərləri biz yazıçıları öz missiyamız barədə daha ciddi düşünməyə sövq edir. Yazarlar qarşısında yaşadığımız zamandan doğan məxsusi suallar müəyyənləşdirir ki, biz neyləməliyik?! Yeni əsrin ədəbiyyat təmsilçiləri olaraq Azərbaycan ədəbiyyatına düzgün münasibətin formalaşmasında ədəbiyyat müstəvisində görə biləcəyimiz işlər nədən ibarətdir?!
***
…Səfər etdiyim xarici ölkələrin şəhərlərində Türkiyənin film industriyasının son illərə aid ən uğurlu nümunələrindən olan «Möhtəşəm yüz il» serialından görüntülərlə qarşılaşarkən, öz dillərində bu filmi seyr edib ayrı-ayrı epizodlardan ixtiyarsız həyəcanlanan, əsəbiləşən, kövrələn əcnəbiləri müşahidə edərkən müasir dövrdə kompleks sənətin təbliğati gücünə, açığı, heyrətlənməyə bilmirdim.
Bu serialda Azərbaycan tarixi ilə bağlı yol verilmiş yanlışlıqlar öz yerində, ssenari müəlliflərinin xüsusilə Şah İsmayıl Xətaiyə, onun varisi I Təhmasibə qərəzli münasibəti, Osmanlı imperatoru Böyük Süleyman Qanuninin bədii obrazındakı nöqsan və çatışmazlıqlar bir kənara, amma etiraf edək ki, Türkiyə tarixinin bəlli bir parçasının, türk kültürünün bütün dünyada təbliği, dünyanın müəyyən bir hissəsinin diqqətinin bu tarixə, bu kültürə cəlb edilməsi baxımından o film böyük bir elmi-tədqiqat institutunun on illər ərzində görə biləcəyi bir işi gördü.
Bəli, yetərincə hazırlıqlı auditoriyanı nəzərə almasaq, müasir oxucunun, tamaşaçının, dinləyicinin diqqətini tarixi mövzulara cəlb etmək o qədər də asan məsələ deyil. Amma bu yerdə ədəbiyyat, kino, musiqi, teatr tarixin köməyinə yetişəndə, tarixə bədiilik dadı qatanda, onun fakt və hadisələrinə kinokameranın obyektivindən nəzər salanda tarix daha maraqlı, daha diqqətçəkən olur və ləziz təam kimi insanların evinə qədər gəlir.
İndi bizim — Azərbaycan yazıçılarının da üzərinə düşən missiya tarixi mövzulara peşəkar tərzdə müraciətlə, xalqımızın keçmişində əhəmiyyətli rol oynamış hadisələrin gündəmə gəlməsinə, böyük tarixi şəxsiyyətlərimizin tanıdılmasına, onların irəli sürmüş olduqları ideyaların müasir dövrün baxış bucağından öyrənilməsi və təbliğinə töhfəmizi verməkdir.
Bu baxımdan, bir hissəsi Ağqoyunlu hökmdarı Uzun Həsən və anası, Azərbaycanın ilk diplomat qadını Sara xatunla Osmanlı sultanı II Mehmetə, digər hissəsi isə Şah İsmayıl Səfəvi ilə Sultan Səlim Yavuza həsr olunmuş, ilk hissələrini artıq tamamladığım və «Kredo» qəzetində ayrı-ayrı parçalarını dərc etdirdiyim «İki şah, iki sultan» tarixi romanımın ictimai sifarişinin də akademik Ramiz Mehdiyevin fundamental əsərlərindən gəldiyini söyləyə bilərəm…
***
Ötən ilin Ramazan bayramı münasibətilə Şeyx həzrətlərinin iqamətgahında verilən iftar süfrəsindən öncə deputat həmkarım Hadi Rəcəbli ilə bərabər hörmətli akademik Ramiz Mehdiyevlə geniş söhbət imkanı əldə etdik. Ramiz müəllim böyük ziyalı yanğısı, əsl vətəndaş təəssübü ilə məhz tarixi mövzulardan bəhs etdi, bu mövzulara ədəbiyyat xadimlərinin toxunmamasından ciddi narahatlığını bildirdi. Şah İsmayıl Səfəvi barədə yazdığı silsilə məqalələrin yaranma səbəblərindən danışarkən həmin dövrün proseslərinin yalnız tarixi gerçəkliklərlə yox, həm də bədii üslubla, daha populyar dillə işlənməsinin zəruriliyini söylədi.
«Sənin Nadir şahla bağlı yazdığın «Sonuncu fateh» kitabın masamın üzərindədir, baxmışam. Bu mövzülar səndə yaxşı alınır, onları tarixi silsilələrə çevir, Səfəvilər dövrünü, o zamanın Azərbaycan-Osmanlı münasibətlərini araşdır, roman yaz. İndi buna daha çox ehtiyac var…» — Ramiz Mehdiyev kimi sanballı, dəyanətli bir dövlət və elm xadimindən, kamil şəxsiyyətdən eşitdiyim bu tövsiyələr, əslində, həm də «İki şah, iki sultan» tarixi romanıma verilən ilk xeyir-dua idi…
İnşallah, gələn il kitab halında çapa verməyə hazırlaşdığım bu romanın bədii mətn müəllifindən əlavə bir ideya müəllifi də var ki, onun — böyük alim və böyük vətəndaşın haqqını heç vaxt unutmaram…

…İstənilən münaqişəli durumdan çıxış yollarının tapılması, istənilən düyünün açılması yaranmış vəziyyətin diqqətlə öyrənilməsindən başlanır. Hər bir detalın dəqiqliklə incələnməsindən keçir.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ münaqişəsi alovlanandan sonra bu münaqişə mövzusunda çox kitablar yazılıb. Ermənilərin xalqımıza qarşı məkrli mövqeyini əks etdirən, sovet dövründə oxunması yasaq bir çox əsərlər də üzə çıxarılaraq yenidən nəşr edilib.
Klassik şairlərimizdən Mir Möhsün Nəvvabın ötən əsrin əvvəllərində ermənilərin müxtəlif bölgələrimizdə azərbaycanlılara qarşı törətdikləri soyqırımlardan bəhs edən belə kitablarından birini hələ illər öncə necə böyük maraq və ürək ağrısı ilə oxuduğumu yaxşı xatırlayıram.
Orasını da etiraf edək ki, bu kitabla
rın çoxunda tarixdən çox, talelər qabardılıb, erməni azğınlıqlarından qırılan talelərə, nakam ömürlərə, yaşanan acılara diqqət yönəlib.
Bu da lazımdır əslində…
Əgər tarixi yaşayan, onun əzab-əziyyətlərinə qatlaşan insanlardırsa, deməli, tarixi insan talelərindən kənarda təsəvvür edib, qələmə almaq mümkün olmaz.
Amma qoy bununla, daha çox sənət adamları, yazarlar məşğul olsunlar. O hadisələrin, o talelərin bədii təsvirini biz yazarlara, rəssamlara, rejissorlara, səhnə xadimlərinə buraxaq…
Tarixi reallıqların olduğu kimi təqdim edilməsindən ötrü isə alim təmkininin, fakt və hadisələrə emosiyalardan kənar soyuqqanlı münasibətin aparıcılığı bir şərt olmalı…
Keçmişin reallıqlarına münasibətdə alim, necə deyərlər, iş başındadır. Ölüm ayağındakı bir körpənin həyata qaytarılmasından ötrü çarpışan həkimin o çətin dəqiqələrdə xəstənin taleyinə acıyıb emosiyalar içində göz yaşı tökməyə vaxtı olmadığı kimi, bir tarixçi alimin missiyası da tarixin dəhşətlərindən ziyan çəkmiş insanların taleyinə yas tutmaqdan daha böyükdür.
O dəhşətlərə qədər gətirib çıxarmış səbəblərin üzə çıxarılması və gələcəkdə dünyanın heç bir yerində eyni acıların yaşanmamasından ötrü o səbəblərin ifşasıdır, bəşəriyyəti illər sonra dəhşətli utanc qarşısında qoyası vəziyyətlərdən çıxış yollarının göstərilməsidir…
***
Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ötən əsrin 80-ci illərinin sonlarından bəri davam edən yeni dalğası kitablardan, azca dəqiqləşdirsək, konkret bir kitabdan başlandı.
Erməni cəlladlığının çağdaş dövrdəki əsas ideoloqlarından olan Zori Balayanın bədnam «Ocaq» kitabı nəşr olunandan və bu kitabda uydurulmuş yalanların qara izləri ermənilərin sovet dövründə başqalarına hiss etdirmədən müxtəlif kitablara, mənbələrə daxil etdikləri «incə» nüanslara aparıb çıxarandan və bu yalanların səs-sədası erməni miflərinin dünyada təbliğinə dəstək verən xarici institutlarda da eşidiləndən sonra anlamağa başladıq ki, belə məsələlərdə biz nə qədər gecikmişik…
***
Bütün zamanlarda ən yaxşı müdafiə, hücumdur…
Hətta iki adamın qovğasında da həmişə hücumçu tərəf güclü görünür.
Müdafiə olunan tərəfə isə zərbələrin acısını ovutmaq üçün uzaq başı təsəlli verirlər.
Son illərdə Azərbaycan dövləti də Ermənistanla illərdən bəri aparılan informasiya savaşında müdafiə mövqeyindən hücum mövqeyinə keçib.
Və bu istiqamətdə qazandığımız nailiyyətlər indi hər kəsin etiraf etdiyi bir həqiqətdir. Azərbaycanın dünyadakı mövqeləri gücləndikcə, sərhədlərimizdən kənarda səsimizi eşidənlərin, sözümüzə diqqət kəsilənlərin sayı artdıqca sıraları genişlənən bu nailiyyətlərin mühüm bir qismi də məhz tarix müstəvisində əldə edilib.
Azərbaycan həqiqətlərinin obyektiv şəkildə araşdırılması, bu istiqamətdə sistemli elmi tədqiqat işlərinin həyata keçirilməsi, erməni qəsbkarlarının azərbaycanlılara və türklərə qarşı son iki əsrdə törətdikləri soyqırımı, terror və deportasiya faktları ilə bağlı xeyli sənədlərin aşkara çıxarılması və bütün bunların dünyanın aparıcı dillərinə tərcümə edilən kitablarda əksi son illər elmi müstəvidə əldə edilən ciddi uğurlarımızdır.
Bütün bunları Azərbaycan Respublikasın
ın Prezidenti cənab İlham Əliyevin illər öncə tarixçi alimlərimizə ünvanladığı çağırışın elmi düşüncədə, alim qələmində əks-sədası kimi də nəzərdən keçirə bilərik.
Prezident İlham Əliyev ölkənin elmi elitasını uydurma erməni təbliğatına qarşı mübarizədə daha fəal mövqe tutmağa səsləmişdi, bu məsələdə prinsipiallıq nümayiş etdirməyə çağırmışdı, onların bu istiqamətdəki əməyini yüksək qiymətləndirmişdi: «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur. Şadam ki, alimlərimiz mənim çağırışıma müsbət cavab verərək qısa müddət ərzində bu bölgənin tarixi ilə bağlı çox gözəl və real faktlara əsaslanmış əsərlər yaratmışlar».
***
Konkret sahə üzrə aparılan araşdırmalara dövlət rəhbərliyi səviyyəsində dəstək çox mühümdür. Ən azı hansısa mövzunun tədqiqinə ömür sərf edən alim əməyinin boşuna getmədiyini, gördüyü işlərin, əldə etdiyi nəticələrin ən yüksək dairələrdə diqqətlə izlənildiyini və layiqincə dəyərləndirildiyini görür və bu, ona mənəvi ruh verir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına rəhbərlik edən alimin öz məhsuldar fəaliyyəti, sanballı elmi-tədqiqat əsərləri ilə bu yolun önündə addımlaması, düşüncələri, yanaşmaları ilə başqa elm adamlarına istiqamət verməsi isə ölkənin elmi ictimaiyyətinə əlavə bir stimuldur…
***
Bu ilin avqustunda akademik Ramiz Mehdiyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr edilmiş «Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix» kitabı Moskvada rus dilində çapdan çıxdı.
Kitabda münaqişənin antik dövrdən zəmanəmizə qədər yaranma səbəblərini əks etdirən, habelə Dağlıq Qarabağın həmin ərazidəki Azərbaycan dövlətlərinə mənsub olmasını dəqiq şəkildə göstərən müxtəlif tarixi mənbələr əksini tapıb.
Ramiz müəllim bu nəcib missiyaya hələ 2010-cu ildə çapdan çıxmış «Gorus — 2010: absurd teatrı mövsümü» kitabı ilə başlamışdı. Kitabın məzmununu onun adı yüzdə yüz dəqiqliklə əks etdirirdi.
2010-cu ilin 16 oktyabrında Ermənistan prezidenti Serj Sarkisyan tarixən Azərbaycan torpağı olan, sovet dönəmində Ermənistana verilən Zəngəzur mahalının Gorus şəhərində erməni diasporu təmsilçiləri və jurnalistlər qarşısına çıxaraq olmayan savadı ilə tarixin dərin qatlarından dəm vurmağa başlamışdı.
Ramiz Mehdiyevin müəllifi, rejissoru və yeganə ifaçısı Sarkisyan olan tragikomik tamaşanın absurd mahiyyətinə diqqəti cəlb etmək məqsədilə qələmə aldığı «Gorus — 2010: absurd teatrı mövsümü» kitabında tarixi faktların, həqiqətlərin dili ilə sübuta yetirilirdi ki, kimin olsa da, Serj Sarkisyanın Cənubi Qafqazın tarixi barədə danışmağa, ümumiyyətlə, haqqı yoxdur!
Çünki onun əcdadları — öz torpaqları olmayan, yeri-yurdu bilinməyən haylar İrandan və ya Osmanlı imperiyasından ən tezi iki əsr bundan əvvəl Qarabağa köçüb gəlmiş və burada özlərinə sığınacaq tapmışlar.
***
Yaxşı xatırlayıram ki, bu kitab Ermənistanda və illərlə erməni miflərini kül kimi dünyanın gözünə üfürməklə məşğul olan xarici institutlarda əsl partlayış effekti doğurmuşdu.
Öz sanbalı, məzmununun, toxunduğu mətləblərin dərinliyi ilə tarixşünaslığımızda yeni bir cığır açan bu əsərin ağırlığı erməni elmi ictimaiyyətini silkələyib yerindən oynatmışdı, onları fakt qarşısında qoymuşdu.
Əsrlərdən bəri dünyanın hər künc-bucağında eşidilən erməni uydurmaları zülmət işığın qarşında yox olan sayaq bu kitabın təsir gücü qarşısında qeybə çəkilmişdi. Əsər erməni alimlərinin erməni siyasiləri ilə illərlə əlbir, dilbir olub ucaltdıqları yalan mülkünü yerlə-yeksan etmişdi.
Ramiz Mehdiyevin bu kitabda irəli sürdüyü elmi fikirləri isbat etməkdən ötrü məxəzlərdən gətirdiyi faktlar, dəlillər o qədər əsaslı idi ki, erməni alimləri özlərində təpər tapıb bu fikirlərə cavab belə verə bilməmişdilər. Bu kitabla bağlı Ermənistan ictimai çevrələrində gedən qızğın müzakirələrin pərdəarxasında hirsindən cilov gəmirən Serj Sarkisyanın danlaqları qarşısında, yəqin ki, erməni alimlər sadəcə boyun bükmüşdülər…
Ramiz müəllim bununla Ermənistan siyasilərinə də, erməni alimlərinə də sübut etmişdi ki, onların əsrlərdən bəri apardıqları təbliğatın, dünyaya həqiqət kimi sırımaq istədikləri yalanların, necə deyərlər, bircə kitablıq canı var və cəmi bircə sanballı kitabla bu təbliğatı da, bu yalanları da puça çıxarmaq olar.
Bu hələ onda bir Azərbaycan vətəndaşı olaraq məni çox qürurlandırmışdı.
***
«Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix» kitabı da «Gorus — 2010: absurd teatrı mövsümü» kitabından başlanan missiyanın davamıdır.
Əsər Cənubi Qafqazda ilk dövlət qurumlarının yarandığı tarixi dövrdən ta müasir dövrə qədər bu regionun keçmişini güzgü kimi əks etdirir. İlk fəsillərdə erməni (hay) etnosunun Kiçik Asiya ərazisinə və sonralar Cənubi Qafqaza gəlmə olması elmi dəlillərin işığında sübuta yetirilir.
Antik və orta əsrlərə aid çoxsaylı məxəzlərin, eyni zamanda yeni və müasir dövrün reallıqlarını əks etdirən sənədli materialların köməyi ilə bir daha isbatlanır ki, erməni etnosu Cənubi Qafqazdakı bu əraziyə yalnız XIX əsrin əvvəlində gəlib.
Yüksək sistemlilik prinsipi ilə qələmə alınmış əsərdə bir-birini əvəz edən tarixi epoxalar XIX əsrin birinci yarısına qədər Dağlıq Qarabağ ərazisində ermənilərin yaşamadığını göstərir. Həmin dövrdən başlayaraq bu ərazidə demoqrafik dəyişikliklərin baş verməsi, nəticədə Qərbi Azərbaycanın bəzi mahallarında — indiki Ermənistan Respublikasında ermənilər sayca üstünlük təşkil etməyə başlaması isə tarixi konyunkturun ermənilərə azərbaycanlıların əzəli torpaqlarında öz dövlətlərini qurmaq üçün yaratdığı imkan kimi səciyyələndirilir.
***
Akademik Ramiz Mehdiyev tarixi reallıqların, məxəzlərin dili ilə əsərdə Qafqazın əsrlər boyu tolerantlığı və qonaqpərvərliyi ilə seçilən, böyük imperiyaların istibdadından, cəhalətdən və dini təqiblərdən qurtulmaq istəyən xalqlar üçün sakit liman misalında təsvirini verir.
Və Qafqaza köçürülmüş ermənilərin təzə yerdə möhkəmlənən kimi yerli sakinlərin tarixini, abidələrini, məbədlərini və toponimlərini fəal şəkildə mənimsəməyə başlaması, həmin proses çərçivəsində alban toponimi Arsaxı özününküləşdirmələri və indiki Qarabağ ərazisini bu toponimlə adlandırmaları fonunda erməni xislətinin əsl mahiyyətini açıb göstərir.
Akademik Ramiz Mehdiyev Azərbaycandakı xristian abidələrinin də erməni ruhaniləri tərəfindən həmişə saxtalaşdırma obyekti olduğunu, əsrlər boyu alban kilsəsi ilə mübarizə aparan erməni kilsəsinin planlı şəkildə alban kilsəsini özünə tabe etməyə, sonra isə tamamilə öz içində əritməyə çalışdığını faktlarla isbatlayır.
Alban əlyazmalarının və epiqrafikasının məhv edilməsini də bu siyasətin bir hissəsi kimi təqdim edir və tarixdən müasirliyə keçid edərək təxminən iki əsr bundan əvvəl başlanmış özgəninkini mənimsəmə prosesinin bu gün də davam etdirildiyini göstərir.
Və başqalarına aid mədəniyyətin aşkar şəkildə mənimsənilməsinin ermənilərdə şizofrenik anormallıq səviyyəsində təzahür etməsinin də yüksək elmi-fəlsəfi təhlillərə söykənən maraqlı izahını verir.
Müəllifin fikrincə, ermənilərin regionda (ümumən qovularaq gəldikləri bütün məkanlarda) «göründükləri» andan onun mənəvi mədəniyyət tarixini düşünülmüş şəkildə dəyişdirmək — erməniləşdirmək üçün var gücləri ilə çalışmalarının başlıca səbəbi onların qədəm qoyduqları hər bir yeni məkanda, o cümlədən Cənubi Qafqazda yad etnos olmalarının ilk növbədə onların özləri tərəfindən aydın dərkidir.
Ramiz Mehdiyev bu xüsusda yazır: «Ermənilər praktiki olaraq yeganə millətdir ki, onlar Cənubi Qafqaz xalqları üçün xarakterik olan antropoloji tipə uyğun gəlmirlər. Aparılmış tədqiqatlara əsasən deyə bilərik ki, tarixi Azərbaycanın qərb hissəsinin əhalisi bütün dövrlərdə (eneolitdən başlamış müasir dövrə qədər) Azərbaycanın qalan hissəsinin əhalisinə oxşar olmuşdur. Müasir Ermənistan ərazisində ermənilərlə bağlı aşkar edilmiş ən qədim antropoloji tapıntılar yalnız XVII əsrə aiddir və yalnız Kenaker nekropolunda aşkar edilmiş tapıntılarla təsdiqlənir. Onlar bir sıra əlamətlərə (kəllə qutusunun forması, üz skeletinin quruluşu və s.) əvvəlki paleoantropoloji seriyalardan əsaslı şəkildə fərqlənir və yeni etnik komponentdirlər. Ermənilərin diş-çənə sisteminin təhlili də onların Dağlıq Qarabağ zonasında aborigenlər olmamasına dəlalət edir».
***
«Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix» kitabında bir məqam məsələyə yeni yanaşma tərzi ilə məxsusi diqqətimi çəkdi.
Azərbaycanda tarixşünaslıq elm sahəsi kimi çoxdan formalaşıb və özünün inkişaf səviyyəsini yetərincə uğurlu nümunələrdə göstərib.
İlk mütəfəkkirlərimizin, maarifçilərimizin fəlsəfi traktatlarından başlanan, sırf elm sahəsi kimi isə ilk təmsilçilərindən birini mərhum filosof-alim Heydər Hüseynovun faciəli taleyindən xatırladığımız fəlsəfə elmi də Azərbaycanda indi öz mövqelərini yetərincə möhkəmləndirmiş bir durumdadır.
Amma bu da etiraf olunmalıdır ki, tarixşünaslıq da, fəlsəfə də indiyə qədər Azərbaycanda bir-birindən təcrid olunmuş şəkildə fəaliyyət göstərib və bu cəmiyyətin təbii inkişaf qanunauyğunluğuna əsaslanır.
Elm ən əvvəl faktların üzə çıxarılması, toplanması və təsvirindən başlanır. Tarixin elmə gətirdiyi faktların tədricən fəlsəfənin təhlil meydanına cəlb olunması isə inkişaf prosesinin növbəti mərhələsidir.
Tarixdə ideyaların, fikirlərin, vəziyyətlərin ortaya çıxma səbəbini və nəticəsini təhlil etmək tarix fəlsəfəsinin yerinə yetirməli olduğu missiyadır.
Ramiz Mehdiyevin ümumiyyətlə son illərdə oxucu auditoriyasına təqdim etdiyi bütün kitablarda bu missiya ortaq xətt kimi keçir. Bu əsərlərdə tarixlə fəlsəfə bir-birindən təcrid olunmuş şəkildə deyil, sintez halında, inteqrasiya olunmuş formadadır, tarixi faktlar, reallıqlar onların başvermə səbəbləri və yaratdığı perspektivlərə dair tutarlı, peşəkar alim məntiqinə, fəhminə əsaslanan elmi gümanlarla bir yerdədir.
Ramiz Mehdiyev öz əsərlərində təkcə dünənin və bu günün tarixini sərf-nəzər etmir, həm də apardığı fəlsəfi-sosioloji təhlillərlə gələcəyi aydınlatmağa çalışır. Bunun özü də tarixşünaslıq və fəlsəfə sahəsində fəaliyyət göstərən alimlərimiz üçün son dərəcə əhəmiyyətli metodoloji istiqamətdir.
«Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix» kitabı da tarix və fəlsəfənin vəhdətində qələmə alınıb, əsərdə təqdim olunan reallıqlara hər iki elmin baxış bucağından nəzər salınıb.
Ona görə də bu kitab sadəcə tarixşünaslıq nümunəsi olmaqdan daha böyük dəyərə, əhəmiyyətə malikdir.
***
Akademik Ramiz Mehdiyev «Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix» əsərində, həmçinin oktyabr ayında nəşr olunan «Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində» kitabında erməni məxəzlərindən və xarici məxəzlərdən geniş istifadə etməklə ermənilərin əzəli Azərbaycan torpaqlarına əsaslandırılmış iddialarının olmadığını, başabəla erməni tarixçilərinin bütün «sübut bazası»nın «böyük Ermənistan» haqqında mif və naqis ideologiyadan o tərəfə getmədiyini, bütün bu mif və ideologiyalarınsa Ermənistanın qarşısında naçar qaldığı acınacaqlı vəziyyətin başlanğıc səbəbi kimi çıxış etdiyini göstərir.
Kitabın ən maraqlı məqamlarından biri də elə burada Ermənistanın bugünkü vəziyyəti ilə bağlı aparılmış dərin, hərtərəfli elmi təhlillərdir.
Akademik Ramiz Mehdiyev əsərində erməni miflərini ifşa etməklə yanaşı, bu təhlilləri ilə, əslində, özündə güc, cəsarət, obyektivlik hissi, vicdan tapıb Ermənistanın indiki acınacaqlı durumunu bu ölkənin ictimaiyyətinə doğru-dürüst anlatmalı olan, ağır durumdan xilas üçün ermənilərə ağıllı bir yol göstərməli, uyğun bir model təklif etməli olan, hər hansı erməni aliminin, Ermənistan elmi-tədqiqat institutlarının görməli olduğu işi də görüb.
Apardığı elmi təhlil nəticəsində akademik belə bir qənaətə gəlir ki, bu gün Ermənistanda hakimiyyət subyekti qismində çıxış edən toplum xalq, yaxud hər hansısa sosial qruplar da yox, həmfikirlər kastası və ya ordeni, «böyük Ermənistan» yaratmaq məqsədinə çatmaqdan ötrü utopiya formalaşdıran praktik ideoloqlar qrupudur.
Hakimiyyətə gəlmiş erməni elitası «böyük Ermənistan» barədə utopik layihəni reallaşdırmaq naminə sosial qrupların əksəriyyətinə, demokratik quruluşa deyil, millətin birliyini təmin etmək və onun mənafelərini reallaşdırmaq vəzifəsindən üz döndərərək güc rıçaqlarını və resurs bazasını öz əllərində cəmləşdirmiş bir ovuc işbazın və siyasətbazın maraqlarına xitab edir.
Ermənistanın seçdiyi dövlətçilik modelinin müasir dövrün tələblərinə və bütövlükdə Ermənistan əhalisinin istəyinə əsla uyğun gəlməməsi, öz mahiyyətinə və mənasına görə aktuallıq daşımaması, cari ictimai reallıqlardan uzaq olmaqla yanaşı, hakimiyyət ilə xalqın həmrəyliyini təmin edə bilməməsi isə BMT və Ermənistan Səhiyyə Nazirliyi tərəfindən birgə təqdim olunmuş statistikanın dili ilə «danışır».
2013-cü ildə bu respublikada uşaq doğumunu səciyyələndirən kəmiyyət göstəriciləri 1988-ci ilin müvafiq göstəricisi ilə müqayisədə iki dəfədən çox azalıb. 1988-ci ildə əhalisinin sayı 3,4 milyon olan Ermənistanda 87 min uşaq doğulduğu halda, 2013-cü ildə cəmi 41.906 uşaq dünyaya gəlib. Bu göstərici həm də Ermənistanda yeni nəsil dünyaya gətirmək imkanına qabil əhali qrupunun sürətlə ölkədən baş götürüb getməsinə dəlalət edir.
***
«Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində» kitabının əsas məramını akademik Ramiz Mehdiyev belə izah edir: «Vicdanlı tarixçilər ermənilərin xristianlığı birinci qəbul etmiş xalq şöhrətini öz adlarına çıxmalarına imkan verməzlər».
Kitab müəllifi «mif» anlayışını, miflərin sosial mahiyyətini ətraflı izah edir və göstərir ki, miflərin müxtəlif aspektlərini, o cümlədən onun fəlsəfəsini öyrənən ciddi bir elm — mifologiya elmi mövcuddur, lakin mifologiya ilə yanaşı, «mifolojiləşdirmə» də vardır. Mifolojiləşdirməni, yəni xalqın yaratdığı mifləri siyasi texnoloqların və siyasətbazların effektiv aləti olan süni mifolojiləşdirmədən fərqləndirmək lazımdır. Erməni Apostol kilsəsi, erməni diasporu, siyasi elita, ideoloqlar və «tarixçilər» birlikdə dünya ermənilərini miflər aləmində saxlamaqda davam edir. Akademik bunları nəzərə alaraq, mötəbər mənbələrdən, o cümlədən erkən xristianlığın tarixindən, habelə erməni mənbələrindən gətirilən təkzibedilməz tarixi dəlillər əsasında sübut edir ki, ermənilərin xristianlığı dövlət səviyyəsində birinci olaraq qəbul etmələri barədə dedikləri uydurmadan başqa bir şey deyildir. Akademik Ramiz Mehdiyev onu da sübut edir ki, ermənilər tərəfindən «özəlləşdirilmiş» Sanatruk və I Tiridat əslində, mənşə etibarilə sözün müasir anlamında erməni olmayıblar. Üstəlik, Sanatruk tarixə xristianlığın qatı düşməni kimi düşüb.
***
Azərbaycana qarşı hərbi təcavüzdən keçən 20 il ərzində Ermənistanın, eləcə də işğal edilmiş Dağlıq Qarabağın «qazandığı» dərin sosial-iqtisadi böhrandan, əhalinin səfil durumundan başqa bir şey deyil.
Azərbaycan ərazilərinin işğalı nəticəsində yaradılmış separatçı rejimi indiyə qədər heç bir ölkə müstəqil subyekt kimi tanımayıb, üstəlik indi bütün dünyada bu cür rejimlər bəşəriyyətə qarşı təhlükə mənbələri kimi qarşılanır və qlobal miqyasda onların aradan qaldırılması üçün yollar axtarılır.
Beləliklə, Ermənistanın və Dağlıq Qarabağdakı separatçı rejimin timsalında indi biri tanınmış, digəri tanınmamış iki qurum ümidsiz, çarəsiz vəziyyətində yarıac yaşamağa məhkum edilib, diasporun köməyi, erməni qastarbayterlərin çoxmilyardlıq transferləri, beynəlxalq maliyyə təsisatlarının və sponsor dövlətlərin köməyi də artıq ehtiyacları ödəmək gücündə deyildir.
Qarabağdakı hərbi rejim insanları müharibə dövrünün şərtləri altında çağdaş kölələr kimi saxlayır, Dağlıq Qarabağı sakral dözümlülük, sədaqət və fədakarlıq rəmzinə çevirmiş dünya ermənilərinin cidd-cəhdlərinə rəğmən Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması istiqamətində nəinki hər hansı irəliləyiş əldə olunur, əksinə, Ermənistan özü müstəqillik statusunu tədricən itirməkdədir.
Bunun müqabilində Azərbaycan güclənir, işğal siyasəti nəticəsində bütün regional layihələrdən kənarda qalmış Ermənistanla bu layihələrin əsas təşəbbüskarı və iştirakçısı qismində çıxış edən Azərbaycan arasındakı inkişaf fərqləri getdikcə dərinləşir.
Azərbaycan qarşıdakı bir neçə onillik üzrə strateji inkişaf istiqamətlərini planlaşdırdığı halda, Ermənistan yarıac əhalisini bu gündən sabaha salamat çıxarmaq üçün getdikcə daha məzlum duruma düşür, daha uca səslə əl açıb dilənir.
***
Tarixin ayrı-ayrı ziddiyyətli dönəmlərində ermənilərin mif uydurma xəstəliyindən, bu xalqın ictimai şüurundakı psixi anormallıqlardan Azərbaycan və Osmanlı türklərinə qarşı çox istifadə edilib.
Bəlli qüvvələr, məşhur bir ata sözümüzdə deyildiyi kimi, «Dəliyə yer ver, əlinə bel ver» prinsipi ilə ermənilərin əlinə silah verib, xalqımıza qarşı kütləvi qətliamlara sövq ediblər.
Və sıravi ermənilərə bu proseslərdə sadəcə alət olduqlarını göstərmək, böyük siyasi oyunlar oynayanların tələsinə düşdüklərini anlatmaq, onları bu pis yoldan çəkindirməyə çalışmaq həmişə Azərbaycanın fikir adamlarının payına düşüb.
Bu sadə həqiqəti ifadə etməkdən ötrü Cəfər Cabbarlı «1905-ci ildə» dramını yazıb, Mirzə Cəlil «Kamança»nı qələmə alıb, Üzeyir bəy Hacıbəyli «Biz hamımız qafqazlı balalarıyıq» məqaləsini ərsəyə gətirib…
Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Hacı Zeynalabdin Tağıyev kimi kişilərimiz öz şəxsi davranışları ilə iki xalq arasında nifaq odunun öləziməsinə, içində insanlıq hisslərini hələ tam silib atmamış sadə ermənilərin haqqa gəlməsinə illər sərf ediblər.
Əfsus ki, bu çabaların nəticəsi, daha doğrusu, nəticəsizliyi ötən əsrin 80-ci illərinin sonunda bir zamanlar sərhədləri daxilində yaşadığımız imperiyanın son süqutu ərəfəsində ermənilərin Azəbaycana qarşı alət olmaq missiyasını yenə həvəslə öz üzərlərinə götürməsi oldu.
Amma neyləməli, ermənilərə haqq yolunu nişan vermək, onlara çirkin siyasi oyunların tələsindən qurtuluş səmtini göstərmək yenə bizə düşər.
«Ermənistan-Azərbaycan münaqişəsi həll olunandan sonra əminəm ki, Ermənistan üçün də müstəqil ölkə kimi yaşamaq imkanları yaranacaqdır. İnanmıram ki, erməni xalqı indiki vəziyyətlə razılaşa bilsin. Çünki hər bir xalq azad, hər bir dövlət müstəqil olmaq istəyir. Bu gün Ermənistan haqqında bunu demək mümkün deyildir. Çünki Ermənistan ən yaxşı halda özünü forpost kimi göstərir. Bölgə təhlükə mənbəyidir və bütün bölgədə xoşagəlməz proseslərin təşəbbüskarı da Ermənistandır». — Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi bu fikirlər ölkəmizin bu məsələdə tutduğu konstruktiv mövqeyin ifadəsidir.
«Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix» kitabında da tarixi sənədlər əsasında Ermənistanın diasporun iştirakı ilə Dağlıq Qarabağ ətrafında münaqişəni necə qızışdırması, «böyük Ermənistan» əfsanəsinin dumanında azaraq siyasi tələyə düşməsi müfəssəl şəkildə tədqiq olunmaqla yanaşı, Ermənistanın düşdüyü bu ağır durumdan xilası, bölgədə ağır təhlükə ocağı kimi közərən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu ölkənin az-çox reallıq hissinə malik savadlı kəsiminə, erməni ziyalılarına üz tutulur.
Və ümid edilir ki, erməni ictimaiyyətinin düşünən hissəsi ölkəni miflərin, uydurmaların əsarətindən xilas edə biləcək.
Biz də ümid edək ki, akademik Ramiz Mehdiyevin bu fundamental əsərinin gətirdiyi yeni silkələnmə dalğası erməni ziyalılarının mürgülü vicdanını da oyadacaq.
Əgər belə olmayacaqsa, əsrlər sonrasının məxəzlərdən oxunmuş tarixində heç kim Ermənistan adlı müstəqil dövlətin adına belə rast gəlməyəcək…

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, texnika elmləri doktoru, professor