Qusar Dövlət Ləzgi Dram Teatrının “Vəsiyyət”i: Azərbaycanın multikultural mədəniyyətinin uğurlu təqdimatı

Mayın 26-da yığcam heyətlə bir qrup jurnalist və teatrsevər paytaxtdan Qusar rayonuna yola düşəndə səhərin gözü təzəcə açılmışdı. Bakının bürküsü bizi yaxalamağa macal tapmamış bir də gördük ki, uzaqdan şəhadət barmağı kimi göyə ucalan “Beşbarmaq” pirinin yanından keçirik. Yolun ondan sonrakı yaşıl mənzərələrlə əhatə olunan hissəsinə bürkünün də gücü çatmadı...
Qusar Dövlət Ləzgi Dram Teatrının və rayonun vətənpərvər ziyalısı, el ağsaqqalı Mayıl Bağırovun birgə dəvəti ilə baş tutan səfərimizdə məqsəd bölgə teatrının fəaliyyəti ilə yaxından tanış olmaq və getmişkən yaradıcı kollektivin tanınmış yazıçı Hüseynbala Mirələmovun “Vəsiyyət” əsəri əsasında hazırladığı tamaşanın premyerasını izləmək idi.

27 illik teatrın "Ezop"la başlanan yolu...

Premyeraya keçid almazdan öncə Qusar Dövlət Ləzgi Dram Teatrının yaranma tarixçəsinə qısa ekskurs etsək, yerinə düşər. Teatr Azərbaycan Nazirlər Kabinetinin 3 iyul 1992-ci il tarixli 374 nömrəli qərarına və Mədəniyyət Nazirliyinin 26 iyul 1992-ci il tarixli 177 nömrəli əmrinə əsasən yaradılıb. Hazırda Qusar rayon Mədəniyyət Mərkəzinin binasında yerləşən teatrın rəsmi açılışı 1993-cü il aprelin 3-də A.Figeyredonun "Ezop" tamaşası ilə baş tutub.
2000-ci ildə teatra yeni direktor – Rəhimxan Qaraxanov təyin edilib. O, Azərbaycanın tanınmış ədiblərindən Ə.Haqverdiyevin, C.Cabbarlının, İ.Əfəndiyevin, S.Rəhmanın,
Elçinin, F.Mustafanın, İ.Məlikzadənin, Ə.Əmirlinin əsərlərini ləzgi dilinə tərcümə edib, teatrın repertuarında olan bir çox tamaşalara quruluş verib və aktyor kimi də çıxış edib.
Teatr kollektivi indiyədək N.B.Vəzirovun “Ağa Kərim xan Ərdəbili”, S.S.Axundovun “Tamahkar” (dövlət sifarişi 2007), S.Rəhmanın “Yalan”, İ.Əfəndiyevin “Büllur sarayda”, “Bizim qəribə taleyimiz”, “Atayevlər ailəsi”, Elçinin “Qatil”, “Mənim ərim dəlidir”, Hidayətin “Məni qınamayın”, Ə.Əmirlinin “Onun iki qabırğası”, “Varlı qadın”, Ə.Səmədlinin “İmam Şamil”, M.Əlizadənin “Dağ çiçəyi”, A.Məmmədovun “Həmyerlilər”, N.B.Vəzirovun “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, H. Mirələmovun “Xəcalət” kimi əsərləri əsasında çoxsaylı səhnə əsəri hazırlayaraq həm Azərbaycan, həm də ləzgi dilində tamaşaçılara təqdim edib.
Teatr kollektivi dəfələrlə ölkəmizin müxtəlif bölgələrində, eləcə də xaricdə qastrol səfərlərində olub və böyük uğurla çıxış edib. Ümumilikdə 60 –dan artıq yaradıcı və texniki işçi heyəti olan teatra hazırda əməkdar mədəniyyət işçisi Faiq Qardaşov rəhbərlik edir.

Mənəvi-əxlaqi deqradasiyadan qurtulmağın uğurlu səhnə həlli

“Vəsiyyət” Hüseynbala Mirələmovun 2014-cü ildə ilkin variantda “Axirətdən gələn zəng” adı ilə qələmə aldığı ikipərdəli qara komediyadır. Olaylar milyonçu Dövranın və onun qohum-əqrəbasının ətrafında baş verir. Dövran –bu sözün bütün mənalarında elə bir Dövran idi ki, ondakı varidatın gücüylə nəinki qan qohumları, yadlar da onun başına pərvanə kimi dolanmağa hazır idi... Səmimi və təmənnasız sevgidən bixəbər olan bu insanlar pul naminə bütün mənəvi dəyərlərə, ruhani həqiqətlərə tüpürməyə çoxdan hazırdırlar. Hadisələrin düyünü Dövranın doğum günü münasibətilə keçirdiyi banketdə vurulur. Həmin gün Dövran bir vəsiyyət yazdığını açıqlayır. Vəsiyyətdə qohumlarına, özündən xeyli gənc olan həyat yoldaşına və dostlarına çatacaq böyük məbləğlər yer alıb.
Hər kəs özünə çatan məbləği elə oradaca istədiyini deyir, amma Dövranın şərti var; yalnız o öldükdən sonra hər kəs özünə çatacaq mirası ala bilər. Taleyin ironiyasından Dövranı elə doğum günündə elektrik cərəyanı vurur. Onu ölmüş bilib dəfn edirlər, lakin az sonra Dövran qəbirdə özünə gəlir, birtəhər oradan qurtula bilir. Dövran qəbirdə ölüm-qalım mübarizəsindəykən, elə həmin vaxt onun vəsiyyəti əsasında milyonlar miras almış qohum-əqrəbası, gənc arvadı və dostları məzarlıqdan aralanıb evə gələr-gəlməz məbləğin azlığı-çoxluğu üstündə bir-birilərini didməkdədirlər. Bu zaman gələn qəfil zəng hamını çaşdırır. Sən demə, basdırılandan və bədənindəki elektrik cərəyanı torpağa hopduqdan sonra özünə gələn Dövran dəfn zamanı təsadüfən məzarda sinəsinin üstünə düşmüş telefonun köməkliyi ilə zəng edib yardım istəyirmiş... Lakin miras hərisliyi gözünü tutmuş qohumlar və dostlar bu zəngi qulaqardına vurub Dövranın aralarına qayıtmasını istəmirlər... Sadəcə Dövranı ürəkdən sevən və onun övladını böyüdən qulluqçu Delisayın sevgisi onu xilas edir. Bununla da əsərdə əsl sevginin hər cür maddi varidatdan üstün olduğu ön plana çıxarılıb. Sonda Dövranın əynindəki simvolik kəfənlə gəlib vəsiyyət üstündə didişən kütlənin gözü qarşısında vəsiyyəti cırıb yox etməsi və həmin pula həris qaragüruhun əzablı nidaları komediya başa çatır...
Tamaşanın quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzər Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaik
Qardaşovdur. Səhnə əsərində rolları fəxri mədəniyyət işçisi Bağır Əhmədov (Dövran), Sədaqət Əlimuradova (Ceyran), Aysel Qiyasova (Röya), fəxri mədəniyyət işçisi Həsrət Nəsrullayev (Pirim), Elnur Hacıyev (Timur), Tacir Şahbazov (Bayram), Rəhilə Hacıbəyova (Zəhra), Namik Mustafayev (Elman), Tofik Mustafayev (Samir), Arzu Məmmədrzayeva (Delisay) canlandırıblar.
Məhdud şəraitə və müəyyən çətinliklərə baxmayaraq yaradıcı kollektivdəki hər kəsin öz rolunu böyük şövqlə və peşəkarlıqla ifa etməsi nəticə olaraq gözəl səhnə performansı ilə tamaşanın uğurunu təmin edib. Azərbaycan dilində təqdim edilən tamaşada ləzgi dilinə xas şirin intonasiya və üslubun qorunması ilə yanaşı, ləzgi xalqının milli rəqsi “Ləzgihəngi”nin də səhnədə səslənməsi və şıdırğı rəqslər yüzillər boyu zəngin dəyər və ənənələri yaşadan Azərbaycanın multikultural mədəni müxtəlifliyinin əyani tablosu idi. İnamla demək olar ki, teatr kollektivi həm güldürən, həm də düşündürən yüksək səviyyəli tamaşa hazırlamışdılar.
Tamaşanın rejissurasına nəzər salsaq, əsərdəki obrazların xarakterinə və zahiri görkəminə uyğun aktyor seçimi də səhnə əsərinin uğurunda böyük rol oynayırdı. Beləliklə, Qusar Dövlət Ləzgi Dram Teatrı yaddaqalan bir “Vəsiyyət” ortaya qoymağı bacarmışdı…

Azərbaycanın multikultural mədəniyyətinin layiqli təmsilçiləri

Yeri gəlmişkən qeyd edək ki, “Vəsiyyət” uzun illər Qusarda məsul dövlət vəzifələrində çalışmış Mayıl Bağırovun təşəbbüsü və təklifi ilə səhnələşdirilib. Tamaşadan sonra yaradıcı kollektivlə görüş zamanı çıxış edən Mayıl Bağırov “Vəsiyyət”in bədii məziyyətlərindən danışıb və cəmiyyəti düşündürən mühüm mənəviyyat və əxlaq məsələlərinin, onların həlli yollarının yazıçının təxəyyülündən keçərək əsərdə parlaq şəkildə öz əksini tapdığını vurğulayıb: “Cəmiyyətdə gedən mənəvi deqradasiya prosesi və bundan çıxış yolu “Vəsiyyət”in əsas fabulasını təşkil edir. Məhz bu məziyyətlərinə görə əsərin səhnələşdirilməsi təklifi ilə teatra müraciət etdim. Teatrın rəhbərliyinə və yaradıcı kollektivə minnətdaram ki, müraciətimi müsbət qarşıladılar. Bu gün hamımız bu səhnədə yüksək səviyyədə təqdim edilən bir tamaşa izlədik. Ümidvaram ki, bu tamaşa teatrın repertuarının ən sevilən və ən çox baxılan tamaşalarından olacaq”.
Hüseynbala Mirələmov yaradıcı heyətə əsərini peşəkarlıqla səhnələşdirdikləri üçün dərin minnətdarlığını bildirib, bölgə teatrında belə yüksək səviyyədə ərsəyə gətirilən tamaşa nümayişinin sevindirici və qürurverici olduğunu qeyd edib. Quruluşçu rejissor Laləzər Hüseynova əsərin mövzusunun aktuallığını qeyd edərək “Vəsiyyət”in repertuarda daimi yer alacağına, xeyli tamaşaçı auditoriyası toplayacağına ümidvar olduğunu deyib. Teatrın baş rejissoru həmçinin xatırladıb ki, yaradıcı heyət 2016-cı ildə Hüseynbala Mirələmovun “Xəcalət” əsərini də səhnələşdirib tamaşaçılara təqdim edib. Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Faiq Qardaşov əsərin müəllifinə premyerada iştirakına görə təşəkkür edib, teatrın 27 illik uğurlu fəaliyyətindən söz açıb. Direktor vaxtaşırı həm ölkə daxilində, həm də xarici qastrol səfərlərində Azərbaycan mədəniyyətini uğurla təmsil etdiklərini bildirib. Faiq Qardaşov teatrı daim diqqətdə saxladığına görə Mədəniyyət Nazirliyinə və şəxsən mədəniyyət naziri Əbülfəs Qarayevə minnətdarlığını bildirib. Direktor çıxışında həmçinin teatrın başlıca problemini - ayrıca bina ilə təmin edilməsinin vacibliyini dilə gətirərək yaxın zamanlarda bunun öz müsbət həllini tapacağına ümidvar olduğunu diqqətə çatdırıb: “Qusar
Dövlət Ləzgi Dram Teatrının fəaliyyətinin daha da səmərəli və çoxşaxəli olması üçün teatrın özünün ayrıca binasının olması vacibdir. Bizim yaradıcı kollektivimiz çox böyük həvəslə çalışır, hazırladığımız tamaşaları rayon Mədəniyyət Mərkəzinin səhnəsində tamaşaçılara təqdim edirik. Qusarın təbiəti gözəl olduğu qədər, əhalisi də mehriban, vətənpərvər və mədəni dəyərlərə böyük önəm verən insanlardır. Teatrımız üçün ayrıca bina ayrılsa, teatr üçün təyinatlandırılmış və müxtəlif avadanlıqlarla təchiz olunmuş öz səhnəmiz və iş otaqlarımız olsa, teatr heyəti yaradıcı potensialını reallaşdıracaq şəraitdə daha da səmərəli fəaliyyət göstərərik, Vətənimizin mədəniyyətinin inkişafına daha böyük töhfələr verə bilərik. Biz xaricdəki qastrol səfərlərində doğma Azərbaycanımızı və onun zəngin mədəniyyətini layiqincə təbliğ və təmsil etmək üçün əlimizdən gələni əsirgəmirik. Çox ümid edirik ki, dövlətimiz tərəfindən bu məsələ yaxın gələcəkdə öz həllini tapacaq və Qusar Dövlət Ləzgi Dram Teatrı bundan sonra da multikultural Azərbaycanımızın mədəniyyətinin təbliği istiqamətində fəaliyyətini daha da yüksək səviyyədə davam etdirəcək”.

***

Misilsiz təbiətə malik Qusar təkcə sağlam və təbii istirahətin mərkəzlərindən biri olmaqla qalmır, həm də böyük sənət şövqü ilə fəaliyyət göstərən dövlət teatrı ilə buraya gələn turistlərin, qonaqların və yerli əhalinin zövqünü oxşayır. Vaxtın necə keçdiyini hiss etmədiyimiz istiqanlı insanları olan sərin təbiətli yaşıllıqlar diyarı Qusardan dilimizdə vird etdiyimiz “Bura Vətəndir…” kəlməsi və zəngin təəssüratlarla ayrıldıq. Amma birdəfəlik deyil, yenidən dönmək ümidilə…

Aydan Şərif

Fotoların müəllifi: Murad Nurməmmədov

"Ədəbiyyat qəzeti" 1 iyun 2019-cu il