Ali irs
İnsana inam hissi xalqın ən ümdə, ən dərin duyğularındandır. Bu, xalq müdrikliyinin ilkin əlamətlərindən biri kimi özünü göstərir. Şəxsiyyət amili də insana inam hissinin, xalq müdrikliyinin mərkəzində dayanır. Bu hissdən, bu müdriklikdən gələn dəyərləri özündə birləşdirir.
Heydər Əliyev şəxsiyyəti, Onun Azərbaycan tarixindəki yeri və rolu xalqın əsrlər boyu toplanmış milli enerjisinin, tarix boyu qazandığı mənəvi nailiyyətlərin, milli ruhunun seçkin insanların ömürlüyündən yol gələ-gələ konkret liderin həyat və fəaliyyətində ən yüksək zirvəsinə çatması idi.
Bəli, Heydər Əliyev Azərbaycan tarixinin min illər ərzində ömürlərdən-ömürlərə əmanət edib boya-başa çatdırdığı, hər işıqlı ömürdən bir zərrə pay verib yetirdiyi - dünyanın ən böyük azərbaycanlısı idi!
Dədə Qorqud müdrikliyi, Babək əzmi, Nizami Gəncəvi bəsirəti, Şah İsmayıl ruhu, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi ziyası, Azərbaycan Xalq Cümhuriyyətini qurub-yaratmış zəka sahiblərimizin vətənpərvərliyi və idrakı Heydər Əliyev şəxsiyyətində təcəlla tapmışdı.
Ulu öndərin hər əməlində bu insanlardan, onların ideallarından bir nişanə var. Amma fərq ondadır ki, Heydər Əliyev bu dəyərli böyüklərimizin axıra yetirə bilmədiyi müqəddəs vəzifələri məntiqi sonluğuna uğurla çatdıra bilmişdi.
Ona görə də Heydər Əliyev bir azərbaycanlının öz ictimai-siyasi taleyində mümkün olan ən yüksək zirvəyə ucaldı.
Heydər Əliyev hər bir azərbaycanlının idealı idi, idealıdır!..
lll
Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin cismani yoxluğunda da ayaqdadır, güclüdür, qüdrətlidir. Çünki bu dövləti qurub-yaratmış insanın ideyaları yaşayır. Azərbaycan dövlətinin bugünkü uğurları məhz Heydər Əliyev ideyalarına söykənir, bu ideyalar üzərində qərar tutur.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev də özünü bu ideyaların davamçısı sayır. Heydər Əliyev ideyalarına istinad edərək sosial-iqtisadi islahatlar kursunu, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu proseslərini əzmlə irəli aparır. İlham Əliyev Heydər Əliyev ideyalarının davamçısıdır. Amma bu gün İlham Əliyevin özünün də Azərbaycan adına, Azərbaycan naminə gördüyü işlərlə gələcək üçün daha bir dövlətçilik irsi formalaşır. Gələcək nəsillərdən ötrü daha bir mənəvi istinadgah ortaya qoyulur. Həm də elə bir istinadgah ki, hər zaman ona söykənərək müvazinətini saxlaya və parlaq gələcəyə doğru yoluna davam edə bilərsən.
Heydər Əliyev ideyalarının, İlham Əliyevin bu ideyalar üzərində yaratdığı zəngin milli dövlətçilik irsinin bu dəyərlərlə birgə hər bir vətəndaş qarşısında müəyyən etdiyi vəzifələr, ortaya qoyduğu həqiqətlər də var. Amma şəxsiyyətlərin insanlara, bəşəriyyətə xidmət edən mənəvi ideyalarının da əbədilik haqqı var. Onların mənəvi ideyaları da bəşəri sərvətdir.
Siyasi liderlərin, dövlət qurucularının dövlətçilik ideyalarının davamı mexanizmi məlumdur. Onların qurub-yaratdıqları dövlət institutları, idarəetmə sistemləri bu ideyaların həyata keçirilməsinə, davamlılığına təminat verir. Mənəvi ideyalara gəlincə isə burada vəziyyət bir qədər fərqlidir. Bu ideyaların yaşaması yollarını axtarıb tapmaq, bu insanların nəcib obrazını yenə həyatda görmək, onların adlarını, əməllərini o mənəvi ideyaların təcəssümü kimi yaşatmaq istəyən insanlar düşünüb tapmalıdırlar.
Heydər Əliyev şəxsiyyətinə xas mənəvi ideyalar dünyanın bütün kamil insanları üçün xarakterik olan insanlıq dəyərləridir. Humanizmdir, mərhəmətdir, xeyirxahlıqdır, tolerantlıqdır, maarifdir, savaddır, insana inamdır, dünyaya, bəşəriyyətə sevgidir.
Heydər Əliyevin 1997-ci ilin avqustunda ABŞ-da rəsmi səfərdə ikən, Londonda oğul nəvəsinin dünyaya gəlməsini eşidib Hyuston şəhərindən Londona, nəvəsinin görüşünə tələsməsi epizodunu yada salıram.
Şahidlər xatırlayır: "Heydər Əliyev bu görüşə, sözün əsl mənasında, qaça-qaça gedirdi. Nəvəsini ona təqdim edəndə gözləri yaşardı və çox təntənəli, yüksək, bir qədər də kövrək səslə dedi: "Mən bu uşağın adını Heydər qoyuram". Otaqda olan hər kəsin gözləri yaşarmışdı".
O, dünyaya yenicə göz açmış körpəyə dünyanın ən qiymətli hədiyyəsini, tarixin xatırladığı ən şanlı adlardan birini - öz adını, Heydər Əliyev adını verdi.
Bir yaz günü Naxçıvanda, sadə bir ailədə doğulmuş oğlan uşağına verilən bu adı Heydər Əliyev doğulduğu, həyata doğru ilk kövrək addımlarını atdığı ata ocağından dünyanın taleyini müəyyən edən üç-beş adamın adının əks olunduğu tribunalara qədər aparıb çıxarmışdı. 80 illik təlatümlü ömrünün heç bir mərhələsində bu ada toz belə qondurmamışdı. İndi isə, qolunun qüvvəti, zəkasının gücü ilə yüksəltdiyi, mənalandırdığı, dəyər qazandırdığı, şəxsiyyəti ilə bəzək verdiyi bu adı yenicə dünyaya gəlmiş körpəyə bağışlayırdı...
Çünki zəndində yanılmayacağına adı kimi əmindi. O körpəni dünyaya gətirmiş ananın soyuna, mənəvi dünyasına, körpəsinə verdiyi südün, tərbiyənin, ana öyüdünün halallığına bələddi. Bu, təkcə adın əmanəti deyildi. Heydər Əliyev bununla oğluna, ocağının gəlininə "Adım əmanəti" demirdi. Bununla həm də öz mənəvi ideyalarını onlara əmanət edirdi.
Və bu ideyaların qorunub saxlanması, Heydər Əliyev adında assosiasiya olunan mərhəmətin, humanizmin, xeyirxahlığın bəşəriyyətə xidmət göstərən dəyərlər kimi bütün dünyaya yayılması Heydər Əliyevin ömrünün davamını, onun varisini dünyaya gətirmiş Ananın - Mehriban xanım Əliyevanın üzərinə düşürdü.
O, öz borcundan çıxdı. 2004-cü ildə Heydər Əliyev Fondunu yaratmaqla bu ideyaları düşüncədən əmələ çevirdi. Heydər Əliyevin mənəvi ideyalarını yaşatmaq, onlara qol-qanad vermək borcu Mehriban Əliyevaya düşdü.
Çünki Mehriban xanım özü də bu ideyaların yetirməsi idi. O, Heydər Əliyevin mənəvi övladı idi və atası Arif müəllimdən, anası, mərhum Aida xanımdan görüb-götürdükləri, aldığı tərbiyə qədər həm də Heydər Əliyev ideyalarından, özünün də məqalələrindən birində yazdığı kimi "Heydər Əliyevin həyat dərsləri"ndən öyrənmişdi.
lll
O, Heydər Əliyevin təkcə xoş günlərinin şahidi olmamışdı. Cəmi 18 yaşında Əliyevlər ocağına gəlin köçən Mehriban xanım Heydər Əliyev üçün, eləcə də bu ailənin hər bir üzvü üçün son dərəcə ağır günlərin acısını - Zərifə xanımın itkisini, istefaya göndərildikdən sonra Heydər Əliyevə, onun ailə üzvlərinə qarşı başlanan təzyiqlərin göynərtisini də bu ailədəki bütün doğmalarla birgə yaşamışdı, bunları qəlbindən keçirmişdi.
O çətin illərdə Mehriban xanım Əliyeva - bu zərif Azərbaycan qızı bütün xalqın yükünü, ağrısını daşıyan Heydər Əliyevin mənəvi yükünü öz kövrək çiyinlərinə çəkmişdi. Onun çətin günlərinin həyanı olmuşdu.
Həmin keşməkeşli günlərdə dağ vüqarlı, xan çinar əzəmətli Heydər Əliyevin yerbəyerdən üzərinə əsən tufanlara, qasırğalara sinə gərməsi, duruş gətirməsi və bununla tarixin küləklərinin silkələdiyi Azərbaycanın da müvazinətini qoruması üçün zərif vücudu ilə ona söykək olmuşdu.
Halal süd əmmiş, mayası halallıqdan yoğrulan bir kişinin çörəyini yemiş hər bir Azərbaycan qızı, yəqin ki, belə davranardı və Mehriban Əliyeva da bu baxımdan istisna deyildi.
Mehriban xanım Əliyeva Moskvadakı dövlət bağında keçirdiyi ağır, əziyyətli, min bir keşməkeşli günlərdən müstəqil Azərbaycan dövlətinin Prezidenti kimi yaradılan möhtəşəm tarixə doğru aparan uzun, incə bir yolda Heydər Əliyevin ilk ardıcıllarından idi.
Heydər Əliyevin nələr düşündüyünü, nələr hiss etdiyini, nələr planladığını, İlham Əliyev qədər Mehriban Əliyeva da bilirdi, duyurdu, hiss edirdi.
Ona görə də indi bu sözləri heç bir mübaliğəyə varmadan yazıram: Heydər Əliyevin, əslində iki davamçısı var. Milli dövlətçilik ideyalarının həyata keçirilməsi, milli dövlətimizin gələcəyi ilə bağlı arzuların reallığa çevrilməsi baxımından bu missiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin üzərinə düşür və bu missiya ən şərəfli səviyyədə gerçəkləşir.
Mənəvi sahədə isə Heydər Əliyev irsini Azərbaycan Prezidenti ilə birgə, həm də Mehriban xanım Əliyeva davam etdirir. Və bu davamçılıq onun yaratdığı Fonda seçilmiş adla birgə bu qurum üçün müəyyən edilmiş fəaliyyət proqramında da öz əksini tapır.
Heydər Əliyevin adını daşıyan bu qurumun - Heydər Əliyev Fondunun məramı, məqsədi aydındır...
lll
Bir adamın yüksək mənəvi keyfiyyətlərini daha yüksək tonla, daha emosional ovqatda nəzərə çatdırmaqdan ötrü adətən, "qızıl kimi insandır" deyirik... Azərbaycan dövləti də Prezident İlham Əliyevin gündəmə gətirdiyi "insan kapitalı" ideyası ilə, əslində, "insan qızılı" yaratmaq istəyir. Gələcəyin qızıl kimi insanlarını yetirməyə çalışır. Çünki bu, zəmanəmizin ən qiymətli sərvətidir, xəzinəsidir və bu xəzinənin də mərkəzində təhsil dayanır.
Azərbaycan dövlətinin təhsilimizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərlə bir arada, nə aşağı, nə yuxarı, elə dövlətin gördüyü işlər qədər Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi qeyd etməliyəm.
Hər kəs üçün bərabər təhsil imkanları yaradılmalıdır! Gənc nəsil zəruri biliklərə yiyələnməlidir! Azərbaycan təhsili beynəlxalq təhsil sisteminin bir parçasına çevrilməlidir! - Bu üç məramı Heydər Əliyev Fondu özünün təhsil sahəsində gələcəyə yönələn aydın fəaliyyət istiqaməti kimi müəyyənləşdirib.
Adətən, cəmiyyətdəki hansısa ictimai məzmunlu problemlər haqqında söhbət düşərkən, tez-tez istifadə etdiyimiz ümumi bir məntiqi hökm var: "Hər şey məktəbdən başlanmalıdır". Heydər Əliyev Fondu da, Fondun rəhbəri Mehriban xanım Əliyeva da, sözün əsl mənasında birinci məktəbdən başladı. Onun irəli sürdüyü "Yeniləşən Azərbaycana yeni məktəb layihəsi" Azərbaycanın ictimai gündəmini müəyyən edən sosial çağırış kimi əks-səda yaratdı. Qısa zamanda özünə böyük tərəfdarlar ordusu topladı bu çağırış...
Hamı bu nəcib niyyətin gerçəyə dönməsindən ötrü cani-dildən işə girişdi. Sabah övladlarının təhsil alacağı yaxud, müəllim kimi dərs deyəcəyi yeni Azərbaycan məktəblərinin tikilib qurulması prosesində hamı bir işin qulpundan yapışmağa can atdı. Az zamanda Azərbaycanın ucqar kəndlərində, şəhər və qəsəbələrində ağ daşdan səliqə ilə inşa olunmuş, iri pəncərəli, rəngli taxtapuşlu məktəb binaları dikəldi.
Bunlar yeniləşən Azərbaycanımızın yeni məktəbləri idi. Sovetin vaxtından məktəb deyib dad döyən, birinci sinif şagirdi olan balaca sakinləri hər səhər çantalarını sürüyə-sürüyə qonşu kəndlərin məktəblərinə doğru kilometrlərlə yol adlayıb, dağlardan, dərələrdən aşan, yol yorğunu olan kəndlərin də məktəb intizarı bitdi. O kəndlərin ağsaqqalları, ağbirçəkləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya şükranlıq duyğuları ilə "Halaldır kişinin oğluna, halaldır kişinin qızına" söylədilər.
Heydər Əliyevin ruhu bu zəhmət adamlarının Tanrıya ünvanlanmış şükranlıq dualarından sevindi, rahatlıq tapdı.
lll
Heydər Əliyev Fondu Azərbaycanlı birinci sinif şagirdlərini dünyanın dörd bir yanında axtarıb tapır. Rusiya Federasiyasında, Hollandiyada, Türkiyədə, Rumıniyada və başqa-başqa ölkələrdə yaşayan məktəbli balalarımız Heydər Əliyev Fondunun - Mehriban xanım Əliyevanın onlara göndərdiyi içi hər cür dərsliklərlə, dərs ləvazimatları ilə dolu hədiyyəlik çantalarla sevinir.
Heydər Əliyev Fondu "Təhsilə dəstək" adlı bu layihə çərçivəsində Azərbaycan ərazisindəki milli azlıqları da diqqətdən-qayğıdan kənarda qoymur. Onların da öz dillərində təhsil almaq imkanlarını genişləndirir. Göstərir ki, bu vətən, bu torpaqlar milliyyətindən, dilindən, dinindən asılı olmayaraq bizim hər birimizindir. Hamımızın ümumi Vətənidir...
Heydər Əliyev Fondunun dəstəyi ilə müntəzəm olaraq keçirilən fənn olimpiyadaları, məktəblilər arasında təşkil edilən inşa müsabiqələri ilə istedadlı balalarımız millətin ən dəyərli sərvəti kimi bir-bir üzə çıxarılır. Onların Fransa, Almaniya, Niderland, Belçika kimi ölkələrə səfərləri təşkil olunur.
Bölgələrimizdə, Bakı kəndlərində uşaq bağçalarının əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz olunması da Mehriban xanım Əliyevanın irəli sürdüyü bu layihənin, səpdiyi xeyirxahlıq toxumunun lətif meyvələridir...
lll
Hər uşağın ata-anaya ehtiyacı var. Bir körpə üçün dünyanın ən rahat, ən güvənli sığınacağıdır, ata-ananın qolları. Yer üzünün ən çox məmnunluq bəxş edən məkanıdır.
Bəs kimsəsiz körpələr?! Onların qəlbindəki dünya boyda boşluq?! Bəs bu boşluğu kim doldursun?!
Dünyanın bütün məkanlarında imkan daxilində bu uşaqlara sahib çıxmağa, onların qumru kimi ürkək qəlblərindəki boşluğu doldurmağa, gözlərindəki özlərindən ağır kədəri ovutmağa çalışan dövlət qurumları var, uşaq evləri var. Azərbaycan da bu sarıdan istisna deyil və bunun ən kamil nümunəsi Heydər Əliyev Fondudur, Mehriban xanım Əliyevadır.
Əslində o da dünyanın hər yerində başqa tanınmışların bu sahədə gördükləri işləri görür. İrəli sürdüyü "Uşaq evləri və internat məktəblərinin inkişafı" layihəsi ilə dünyanın bütün sivil ölkələrində özünü doğrultmuş üsulların, yanaşmaların Azərbaycanda da tətbiqinə çalışır.
Amma arada bir fərq var və bu fərqə toxunmasam, olmaz. Mehriban xanım bütün bu işlərə ana şəfqətini, ana sevgisini, analıq hisslərini də qatır və bu şəfqət, bu sevgi, bu hiss kimsəsiz uşaqlarla bağlı görülən bütün işlərin, həyata keçirilən bütün tədbirlərin fövqündə dayanır.
İnternat məktəblərində, uşaq evlərində tərbiyə olunan, qaçqın və məcburi köçkün ailələrindən olan və təhsildə fərqlənən uşaqlar üçün hər il müxtəlif bayramlarda şənliklər, mərasimlər təşkil olunur. Bu mərasimlərdə Mehriban xanım qızları Leyla və Arzu ilə körpələrin görüşünə gəlir... Və bütün siyasi-ictimai statuslarını körpələrlə görüşdüyü məkanın o astanasında, o biri üzündə buraxıb içəri yalnız bir statusla, bir missiya ilə daxil olur...
Ana statusunda, ana missiyasında, ana sifətində...
Ona görə də belə mərasimlərdə körpələr onun yanında çox sərbəstdirlər. Bir uşaq anasına doğru necə tələsərsə, onlar da Mehriban xanıma elə can atırlar... Bir uşaq anasının yanında necə davranarsa, necə dəcəlliklər, şıltaqlıqlar edərsə, onlar da Mehriban xanımın yanında belə davranırlar... Körpələrdən hansısa lap dəcəli Mehriban xanımın saçlarına toxunmaq istərkən onu qarışdırır, başqa biri onun ana qucağında rahatlıq tapır, digərləri şəkil çəkdirmək üçün onu bir anda əhatəyə alır.
...Və hər dəfə o şəkillərə nəzər salarkən, kimsəsiz körpələrin sevimli Mehriban anasının o şəkillərdən baxan gözlərinin dərinliyindəki kədəri də sezmək olur...
Bu ailənin yetirməsi, mərhəmət və insansevərliyinə görə, babasının, atasının, anasının layiqli ardıcılı olan Leyla Əliyevanın elə bu günlərdə kimsəsiz bir qızı övladlığa götürməsi də ailə şəcərəsinin qanından, ruhundan gələn bir humanizm idi.
Mehriban xanım Əliyeva Onu özlərinə mənəvi ana bilən bu uşaqları uşaq evlərini tərk edəndən sonra da sahibsiz, kimsəsiz, pasibansız qoymur. Bir ana kimi onların üzərinə qanad sərir. Müxtəlif şəhərlərdə, qəsəbələrdə, kəndlərdə inşa edilən yaşayış binaları ilə, Onun bu nəcib təşəbbüsünə dəstək verən biznes qurumlarının köməyi sayəsində yeni açılmış zavodlarda, fabriklərdə yaradılan iş yerləri ilə bu körpələri ev-eşik, iş-güc yiyəsi etməyə çalışır.
Onların layiqli vətəndaşlar kimi öz həyatlarını qurub halal çörək qazanmalarına dəstək olur. Bu uşaqların ailə qurub, övlad sahibi olmalarına, iç dünyalarındakı kimsəsizlik soyuğunu, buzunu ailə ocağının hərarəti ilə isitmələrinə vəsilə olur. Onlara Ana xeyir-duası verir...
lll
Mehriban xanım Əliyeva sağlamlıq problemləri olan insanlara kömək göstərilməsini rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirib. Fondun bu sahədə gördüyü işlər yalnız səhhətində problem yaranmış hansısa vətəndaşımızın müalicəsinə kömək göstərilməsi, kiməsə dava-dərman alınması və ya bir başqasının Azərbaycanda dəvası tapılmayan ağır bir dərddən qurtuluşu üçün xarici ölkələrin xəstəxanalarına göndərilməsi ilə əhəmiyyətli deyil. Əlbəttə, hətta cəmi bircə insanın da həyata qayıtmasının, dünyadan əlini üzmüş bir kəsin qəlbində ümid işığı yandırılmasının savabı yerə-göyə sığmaz. Heydər Əliyev Fondu, Mehriban xanım Əliyeva illərdir ki, bu işi görür. Bu Fond dərdləri, ağrı-acıları ilə baş-başa qalmış insanlar üçün illərdir ki, pənah ünvanıtək ucalır. On minlərlə insana ümid bəxş edir, mərhəmət işığı ilə onları yenidən həyata tutundurur.
Özlüyündə bunun dəyərini, qiymətini sözlə ifadə etmək mümkünsüzdür. Amma daha qiymətli olanı Mehriban xanımın bununla insanlara təlqin etdiyi mənəvi dəyərlərdir. Heydər Əliyev Fondu bu məqamda da xalqımızın milli düşüncə sistemində xüsusi yer tutan dəyərlərə tapınır. Mərhəmətə, insanpərvərliyə, xeyirxahlığa üz tutur. Cəmiyyətin mənəvi cəhətdən saflaşdırılmasına, mənəvi dünyamızın yad təsirlərdən qorunmasına dəstək olur. Bunlar elə dəyərlərdir ki, onları tarix boyu qazandığımız ən qiymətli sərvət gözündə görə bilərik. Mehriban xanım Əliyevanın missiyası da yıxılanı ayağa qaldırmaq, köməksizə, binəsibə əl tutmaq, insanlara daha yüksək diqqət və qayğı düşüncəsini fəallaşdırır. Bu düşüncənin işığında cəmiyyət dərk edir ki, xeyirxah əməllər bütün dövrlərdə nə qədər lazımdır, gərəklidir, vacibdir...
lll
Mehriban xanım Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi sərhədlərimizdən kənarda da maraq və rəğbətlə izlənən ictimai fəaliyyətinə dünyanın ən nüfuzlu qurumlarından olan YUNESKO-nun rəhbərliyi biganə qalmadı. 2004-cü ilin yayında Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri ali statusuna layiq görüldüyünü eşidib sevindik. Həmin ilin 9 sentyabrında Paris şəhərində bu ad təntənəli şəkildə Ona - Azərbaycan qadınına təqdim olundu.
Mehriban xanım Əliyeva qısa zamanda bu inamı, ümidi nəinki doğruldacaq, YUNESKO-nun xoşməramlı səfiri olmağın meyarlarını, ən parlaq nümunəsini yaradacaqdı. Xoşməramlı səfir olmaq - Vətən qarşısında, dünya qarşısındakı məsuliyyətdir. İnsanın Yer üzündə tarixin özü tərəfindən müəyyən edilmiş taleyidir.
Xoşməramlı səfir olmaq - narahat, ziddiyyətli dünyanın insanlarını mənən yaxınlaşdırmağa çalışmaq, əsrlərin miras qoyduğu mənəvi və mədəni sərvətləri yaşatmaq amalı uğrunda zəhmət sərf etməkdir. Xoşməramlı səfir olmaq - dünyada çox az şəxsiyyətin taleyinə düşən Tanrı payını bölüşməkdir...
Dünya üzrə onların sayı 30-dan çox deyil. İlham Əliyev bu xüsusda özünəməxsus yumorla deyib: hər halda onların sayı prezidentlərin sayından xeyli azdır. Mehriban xanım öz fəaliyyəti ilə YUNESKO-nun xoşməramlı səfirləri sırasında çox qısa zaman ərzində lider mövqeyə doğru irəlilədi. Mədəniyyətlər və sivilizasiyalar, keçmişlə bu gün arasında əlaqənin, bağlantının yaradılması missiyasını şərəflə yerinə yetirdi.
Azərbaycanın YUNESKO ilə tam əməkdaşlığı, bu nüfuzlu qurumun imkanlarından istifadə edilməsi də məhz Mehriban xanım Əliyevanın şəxsi nümunəsi sayəsində mümkün oldu. Ölkəmiz 2005-ci ildə YUNESKO-nun İcraiyyə Komitəsinə üzv seçildi və bu da Azərbaycanın mədəniyyət sahəsində rolunun, fəaliyyətinin beynəlxalq miqyasda tanınmasının parlaq sübutuna çevrildi...
YUNESKO-nun xoşməramlı səfiri kimi Mehriban xanım Əliyevanın həyata keçirdiyi missiya çoxşaxəli və əhatəlidir: mədəniyyət, sosial müdafiə, mənəvi irsin qorunması... Azərbaycanın birinci xanımının bu istiqamətlərin hər biri üzrə apardığı ardıcıl fəaliyyət Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qayğılarını üzvü surətdə tamamlayır, bu qayğıları mümkün qədər azaldır, yüngülləşdirir. Avropa, yoxsa Asiya... Qərb, yoxsa Şərq...
Vaxt Azərbaycan cəmiyyətini hələ XX əsrin əvvəllərində bu suala doğru-dürüst bir cavab tapmaq, hər iki aləmin ən yaxşı cəhətlərindən faydalanmaq üçün yollar düşünmək zərurəti qarşısında saxlamışdı.
"Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyirik, özlərinə deyil! Biz istəyirik ki, islam ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri girməsin. Biz istəyirik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın ... " Dövrünün böyük mesenatı Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı ilə nəşr etdirdiyi "Füyuzat" dərgisində görkəmli fikir adamı Əli bəy Hüseynzadə o zaman bu suala belə cavab verirdi.
Ötən əsrin 80-ci illərinin sonlarına doğru bütün dünyada ideologiyaların savaşı başa çatandan və kommunist ideologiyası son nəfəsini verib canını tapşırandan sonra Azərbaycanda da Qərbə, yoxsa Şərqə doğru sualı yenidən aktuallaşdı. XX əsrin əvvəllərində ömür sürmüş böyük fikir adamlarımız bu sualın cavabını düşüncələrində axtarırdılar. Mehriban xanım Əliyeva isə həmin mütəfəkkirlərin yolunu Sovet dövründə də əsərləri ilə davam etdirən və şəxsiyyət etibarilə onlarla eyni mənəvi ucalıqda qərar tutan anası, professor Aida İmanquliyevadan əxz etdiyi fikir sərvətinin işığında əməlləri ilə cavab tapdı bu suala.
2004-cü ildən, mahiyyət etibarilə Qərb dəyərlərinin ifadəçisi kimi çıxış edən YUNESKO-nun xoşməramlı səfiri statusunu daşımaqla bahəm 2006-cı ilin noyabrından İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatının - İSESKO-nun da eyni statusuna layiq görüldü.
Mehriban xanım Əliyeva İSESKO-nun mövcudluğu tarixində bu yüksək vəzifə ilə şərəfləndirilən 3 xoşməramlı səfirdən biridir. Azərbaycanın birinci xanımı İSESKO-nun ilk qadın xoşməramlı səfiridir.
...Və Mehriban Əliyeva şəxsiyyəti eyni vaxtda həm Qərbin, həm də Şərqin mənəviyyat, barış elçisi missiyasını yerinə yetirən, bu iki fikir dünyası arasındakı dialoqu, anlaşmanı ilk növbədə öz mənəvi aləmində, qəlbində, zəkasında quran bir ilkdir. Azərbaycan qadını bu iki dünyanı bir araya gətirməyi bacardı. Bu iki aləm arasındakı gah birləşən, gah kəsişən, əsrlər boyu böyük düha sahiblərinin fikirlərini məşğul edən mübhəmlərin sirrini çözdü.
Mehriban xanım həyatda ən böyük ideyanın məhz insan ideyası olduğunu hər kəsə anlatdı. Əməlləri ilə sübuta yetirdi ki, yalnız bu ideya ilə yüklənmiş fəaliyyət başa vara, muraza yetə bilər. Humanizm hissi ilə bağlı olmayan hər cür niyyət öz nəcibliyini itirər, eybəcər mahiyyət kəsb etməyə başlar.
Mehriban xanım YUNESKO və İSESKO-nun sülhməramlı səfiri kimi, həm Qərbin, həm də Şərqin yüksək səlahiyyətli elçisi statusunda bəşəriyyətə bu gerçəyi anlatmağa çalışır. Körpəlikdən varlığına hakim kəsilmiş humanizm qayəsini, insan ideyasını Pakistanda zəlzələdən zərər çəkən qızlar məktəbinin yenidən inşası ilə gündəmə gətirir. Hollandiyada, Rusiyada, Gürcüstanda, Rumıniyada, Misirdə və digər ölkələrdə təhsil ocaqlarının müasirləşdirilməsinə köməklə, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına yardımla reallaşdırır. Parisdə Versal sarayının parkında yerləşən abidələrin bərpası, Strasburqda Müqəddəs Məryəm kafedral kilsəsinin yenidən qurulması ilə gerçəkliyə çevirir. Qəbələdə ənənəvi beynəlxalq musiqi festivallarının təşkili, dünyanın fərqli ölkələrində icra edilən beynəlxalq layihə və proqramlarla, konfrans və toplantılarla bəşəriyyətə təlqin edir...
lll
Onun ideya və əməlləri təkcə Azərbaycan hüdudları ilə əhatələnmir, bu dəyərli ideyaların, bu nəcib əməllərin işığı, uzaq-uzaq ellərdə mərhəmətə, qayğıya, hansısa müşkülün həllində köməyə ehtiyacı olan insanların, toplumların da üzərinə düşür. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondunun xarici ölkələrdə inşa etdiyi məktəblərin, xəstəxanaların, körpülərin, köməyə möhtac insanlara edilən yardımların nurunda yaşadığı məkandan, milli mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq dünyanın uzaq-uzaq ellərində yaşayan insanlar da Mehriban xanım Əliyevanın humanizmindən öz nəsibini görür. Xeyirxahlıq, mərhəmət bu insanlar arasındakı bütün ayrıntıları götürərək, onları eyni sevgi, eyni şəfqətlə bağrına basır.
Təsadüfi deyil ki, Mehriban xanımı bu gün beynəlxalq miqyasda tanıdan əsas amil onun sadəcə Azərbaycanın Prezidentinin həyat yoldaşı kimi ölkənin birinci xanımı statusunu daşımasından daha çox, bu statusun verdiyi imkanlardan istifadə edərək bəşəriyyətə verdiyi mühüm töhfələrdir. Azərbaycanın möhtəşəm tarixini və müasir uğurlarını ölkə hüdudlarından kənarda layiqincə tanıtması, Azərbaycan qadını adını layiq olduğu zirvələrə ucaltmasıdır.
lll
İnsanlar onu özlərinə doğma bilir və bu münasibətin işığında hər hansı problemlərinin həllində ondan kömək istəyirlər. Haqlı olaraq vətəndaşlara elə gəlir ki, onları narahat edən məsələlərlə bağlı Mehriban xanım Əliyevaya müraciət etsələr, onların narahatlığının aradan qaldırılması özünü çox gözlətməz. Heydər Əliyev Fondunda bu müraciətlərin qəbulu, onlara baxılması, əlaqədar dövlət orqanları ilə birgə həmin müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün mükəmməl bir sistem formalaşdırıb Mehriban xanım Əliyeva.
Və bu işi hər hansı inzibati öhdəlik qismində yerinə yetirmir. Belə bir missiyanı bir ananın, bacının öz doğmalarının dərdinə yanması, imkan daxilində onlara kömək əli uzatması, başqaları üçün faydalı olmasının mənəvi rahatlığı kimi həyata keçirir.
Bu, şərəfli missiyadır...
Ötən ay Azərbaycan Prezidenti tərəfindən məmləkətin ən ali mükafatı - "Heydər Əliyev Ordeni" ilə təltif olunması da, əslində Mehriban xanımın bu missiyasına dövlətin və xalqın verdiyi dəyərin, bəslədiyi minnətdarlığın ən səmimi ifadəsi idi...
Heydər Əliyevin əbədiyaşar xatirəsini, əziz ruhunu şad edən, rahat edən şükranlıq idi...
https://525.az/news/41086-ali-irs