Frenk O`Konnor
ATA, ANA VƏ OĞULLAR
(hekayə)
Bütün müharibə boyu atam orduda oldu. Beş yaşım tamam olana qədər onunla demək olar ki, heç rastlaşmadım, ötəri görüşlərimiz isə məni qətiyyən həyəcanlandırmırdı. Bəzən gecələr oyananda şamların işığında xaki rəngli forma geyinmiş nəhəng bir fiqurun məni seyr elədiyini görürdüm. Bəzən səhərlər qapının çırpılmasına və ya daş döşəməli küçədə çəkmə taqqıltısına yuxudan oyanırdım. Atam Santa Klaus kimi gizlincə görünüb itərdi.
Müharibə illəri mənim həyatımın ən dinc dövrü oldu. Otağımın pəncərəsi cənub-şərqə açılırdı. Günəşin ilk şüaları pəncərədən otağıma düşüb məni oyadardı. Ötən günün bütün dava-dalaşını unudub sevinclə yerindən qalxardım. Həyatımda bu qədər aydın, sadə və qaynar bir dövr olmayıb. Odeyalın altından ayaqlarımı çıxarıb (onlar “sağ cənab” və “sol cənab” adlanırdı) qarşıdakı günün problemlərini birlikdə müzakirə edərdik. “Sağ cənab” xeyli sərbəst olduğundan daha zirək idi. “Sol cənab” isə hər bir şeydə bizimlə razılaşırdı.
Küçəmizdə körpə uşaq olmayan yeganə ev bizimki idi. Anam bilirdi ki, atam gələnə kimi bizim körpə almağa imkanımız yoxdur. Bunun üçün on yeddi dollar yarım lazımdır. Özünüz görün, o, necə avamdır. Küçənin başında Cinnilər ailəsi yaşayırdı. Onlarda bir uşaq peyda oldu, amma bütün ətrafdakılar bilirdi ki, Cinnilərin bu qədər pul xərcləməyə imkanları yoxdur. Görünür, bu çox ucuz körpə imiş. Anam isə qeyri-adi bir uşaq istəyirdimi?
Səhərlər mən böyük çarpayıya dırmaşardım. Anam oyanar və mən də özümdən uydurduqlarımı ona nəql edərdim. Pəncərə qabağında gecə köynəyində soyuqdan tir-tir əsdiyimdən anamın yanında isinər və təzədən yuxuya gedənəcən çərənləyərdim.
Səhər yeməyindən sonra biz bazarlığa gedərdik.
Əgər hava yaxşı olardısa, onda nahardan sonra şəhər ətrafına gəzməyə çıxar, ya da Dominninik monastırına – anamın rəfiqəsi olan müqəddəs nənənin yanına gedərdik. Anam hamıdan atam üçün dua etməyi xahiş edərdi. Hər gecə yatmazdan qabaq mən də Allaha yalvaradım ki, atam müharibədən sağ-salamat qayıtsın. Kaş onda biləydim ki, nə xahiş edirəm...
Bir dəfə anamın çarpayısına çıxanda atamı orada gördüm. O Santa Klaus kimi xəlvəti gəlib uzanmışdı. Sonra isə onun əynində hərbi forma əvəzinə ən yaxşı göy kostyumunu gördüm. Anam çox sevinirdi. Halbuki mən sevinməyə heç bir səbəb görmürdüm. Çünki hərbi formasız atamda gözə dəyəsi bir şey qalmamışdı. Atam təntənəylə deyirdi ki, Allah bizim dualarımızı eşidib və atamın gəlişi naminə nəzir-niyaz edək.
Taleyin istehzasına bax! Elə o günü atam nahar yeməyinə çəkmədə yox, çəkələkdə gəldi. Başına isə soyuq dəyməsin deyə cırıq bir papaq qoymuşdu. Stula oturan kimi vacib bir şey barəsində anamla həyəcanla danışmağa başladı. Mən onların söhbətlərinə qarışmaq istədim.
- Dayan, Larri, - deyə anam nəvazişlə dilləndi...
Adətən evimizdə darıxdırıcı qonaq olanda o həmişə belə deyərdi. Onun sözünə əhəmiyyət verməyib davam elədim.
- Larri, sus! – Anam bu dəfə əsəbi halda səsləndi, – Görürsən ki, atanla danışıram!
Beləliklə, ilk dəfə mən bu acı sözləri eşitməli oldum. “Atanla danışıram”.
- Bəs sən nə üçün atamla danışırsan? – deyə laqeyd halda soruşdum.
- Ona görə ki, bizim vacib işimiz var, gərək onu danışıb qurtaraq.
Nahardan sonra anam atamdan xahiş etdi ki, məni gəzməyə aparsın. Lakin meşəyə getmək əvəzinə biz şəhərə yollandıq. Əvvəlcə mən sadəlövhcəsinə fikirləşdim ki, bu gəzinti bizi bir-birimizə yaxınlaşdıracaq. Ancaq sən demə belə deyilmiş. Onu nə tramvaylar, nə gəmilər, nə də atlar maraqlandırırdı, bütün fikri-zikri özü kimi qoca avaralarla çənə döymək, laqqırtı vurmaq idi. Mən qayıtmaq istəyəndə o məni dalıyca dartıb aparır, getmək istəyəndə isə saatlarla divara söykənib dururdu.Yenə birinə ilişmək istəyəndə hirslənib onun şalvarından tutub dartışdırmağa başladım; ancaq nə faydası, inad edəndə özündən çıxıb məni kötəkləməklə hədələyən anamdan fərqli olaraq o ifrat dərəcədə xeyirxah və həlim idi. Mən bu dərəcədə özünə qapılan adama heç vaxt rast gəlməmişdim.
Çay içərkən “atamla danışıram” yenidən təkrar olundu. Hələ üstəlik onun qəzeti də var idi ki, hey kənara qoyub oxuduğu yeniliklərdən anama danışırdı. Başa düşdüm ki, bu, mənə qarşı xüsusi olaraq hazırlanmışdır. Buna görə mən anamın diqqətini qazanmaq üçün kinli-kinli onunla mübarizə aparmağı qərara aldım.
- Larri! – deyə anam əsəbi halda çığırdı – sən başa düşməlisən ki, atan qəzet oxuduğu zaman sakit oturmalısan.
Axşam anam gəlib yorğanımı düzəldəndə dedim:
- Anacan, necə bilirsən, əgər mən Allaha yalvarsam ki, atamı yenidən müharibəyə aparsın, eləyərmi?
- Yox, bala, - deyə o gülümsündü, - elə bilirəm ki, eləməz.
- Nə üçün, anacan?
- Əzizim, ona görə ki, artıq müharibə yoxdur.
- Axı Allah istəsə yenidən müharibə olmazmı?
- Allah müharibə istəmir, quzu. Müharibəni pis adamlar düzəldir.
Bundan çox məyus oldum və özlüyümdə belə qərara gəldim ki, Allah heç də düşünüldüyü qədər qadir deyilmiş.
Səhər sübhdən- həmişəki vaxtda oyandım, ayaqlarımı aşağı salıb öz-özümə uzun bir söhbət quraşdırdım. Bu zaman “Sağ cənab” atası ilə olan gileylərindən danışdı. Dedi ki, düşmənçiliyimiz o vaxta qədər davam etdi ki, axırda onu götürüb sığınacaq evinə qoymalı oldum. Mən sığınacaq evinin nə olduğunu dumanlı halda təsəvvür etsəm də əmin idim ki, ora atam üçün də ən münasib yerdir. Qarmaqarışıq fikirlərdən başım ağırlaşdı, ora-bura ilişə-ilişə qonşu otağa keçib alaqaranlıqda çarpayıya dırmaşdım.
Anamın yanında yer yox idi. Ona görə də birtəhər atamla anamın arasında özümə yer etməli idim. O, elə uzanmışdı ki, bütün çarpayını tutmuşdu. Mən də heç cür özümə yer tapa bilmədim. Belə olanda ona möhkəm bir təpik ilişdirdim. Atam isə nə isə mızıldandı və bir az kənara çəkildi.
- Ssss. Sakit, əzizim, atanı oyadarsan, - deyə anam pıçıldadı. Bu da nə isə təzə bir söz idi, həm də “atanla danışıram” sözünə nisbətən daha ciddi olacaq qorxusu vardı. Mən isə həyatı heç cür anamla etdiyim bu səhər söhbətləri olmadan təsəvvür edə bilmirdim.
- Nə üçün sakit olum? – deyə qaşqabaqlı halda soruşdum.
- Ona görə ki, zavallı atan yorulub.
Anamın gətirdiyi dəlil mənim üçün inandırıcı deyildi. Onun sentimentallığı isə məndə ikrah hissi doğurdu. Sözə baxın, “zavallı atan.”
- Nə böyük işdir, - deyə sayğısızlıqla dedim və davam etdim. – Ana, bu gün səninlə hara gedirik?
- Sakit ol, atanı oyadarsan, - deyib anam pıçıldayıb əliylə ağzımı örtdü.
Ancaq gec idi. Atam oyanıb deyindi və çarpayıdan düşüb kibrit axtardı. Sonra saata baxdı.
- Əzizim, çay istəyirsənmi? – deyə anam müti, qulluq göstərən bir səslə soruşdu.
- Çay? Heç bilirsən ki, saat neçədir? – deyə atam hirslə çığırdı.
- Yaxşı olar ki, şəhər ətrafına gəzməyə çıxasan. – deyə mən də bərkdən dilləndim.
Anam kobud şəkildə məni itələdi.
- Larri, get yat!
Mən sızıldadım. Atam qəlyanını yandırıb mənə və anama fikir vermədən sümürməyə başladı. Hiss olunurdu ki, cin atına minib. Mən yenidən nəsə demək istəyirdim ki, anam mənə təpindi. Bu çox alçaldıcı, ədalətsiz və görünməmiş bir hərəkət idi. Qabaqlar mən anama deyəndə ki, iki çarpayı nəyimizə lazımdır, elə birisində də rahat yata bilərik, o iddia edərdi ki, bu adama ziyandır. İndi isə bu yad adam onun sağlamlığına heç bir ziyan vurmadan onunla bir çarpayıda yatırdı.
Axşam anam məni yerimdə rahatlayanda dedi:
- Larri, sən söz verməlisən ki, bundan sonra səhərlər bizim otağa gəlib zavallı atanı oyatmayacaqsan.
Yenə də “zavallı ata.” Mən artıq bu dözülməz adamın hər bir işindən şübhələnməyə başlayırdım.
- Sən başa düşməlisən ki, atan çox yorulub, o narahat olur və çox pis yatır.
- Bəs nə üçün o pis yatır, anacan?
- Bizə yemək və geyim üçün pul lazımdır. O pulları isə atan işləyib qazanmalıdır. Əgər pulumuz olmasa, heç bilirsənmi nə olar? Onda gərək bizə gələn o yazıq qoca arvad kimi dilənçilik edək. Bunu istəyirsən?
- Yox, biz dilənçilik etməyəcəyik.
- Deməli söz verirsən ki atanı oyatmayacaqsan?
- Söz verirəm.
* * *
Mən öz vədimi unutmamışdım. Sübh vaxtı yorğanın altından çıxıb döşəmədə əyləşib oynamağa başladım. Uzun-uzadı oynadım. Sonra stul üstdə çıxıb bir saata qədər pəncərədən çölə baxdım. Görəsən, nəhayət atam nə vaxt oyanacaq? Elə kədərləndim... Elə üşüdüm ki, yumşaq, isti yorğan-döşəyə girib qızışmaq istədim. Nəhayət, səbrim tükəndi və anamın otağına sarı addımladım. Anamın yanında yer olmadığı üçün mən onun üstündən o tərəfə keçməli oldum.
Anam oyanıb diksindi.
- Larri sən ki, mənə söz vermişdin.
- İndiyə qədər dözmüşəm – deyə zarıyıb yerimdəcə qurudum.
- Ah, mənim balam, sən tamam donubsan ki,- deyib həyəcanlı halda məni qucaqladı. – Söz ver ki, susacaqsan. Onda burada qalmağa icazə verərəm.
- Axı mən danışmaq istəyirəm, – deyə zarıdım.
- Sən çox şey istəyirsən? Atan yatmalıdır, başa düşürsənmi?
Mən çox gözəl başa düşürdüm. Başa düşürdüm ki, o yatmaq istəyir, mən isə danışmaq. Əvvəl-axır bura kimin evidir?
- Ana, - qətiyyətlə dedim, - mənə elə gəlir ki, atama ayrı yatmaq xeyirlidir.
- Bax, sənə birdəfəlik deyirəm ki, ya bu dəqiqə susacaqsan, ya da öz çarpayına gedəcəksən.
Onun bu ədalətsizliyi məni sarsıtdı. Mən ki, onun öz dəlilini ona xatırlatmaq istədim. O isə heç cavab da vermədi.
Mənim hirslənib atama bərk bir təpik ilişdirdiyimdən anamın heç xəbəri də olmadı. Atam dik atılıb – saat neçədir? – deyə qorxunc bir səslə soruşdu.
- Hələ çox tezdir, - deyə anam sakitləşdirici tərzdə dilləndi,- Yat, əzizim. Larri, sən isə haydı öz yerinə.
O qərarında qəti idi. Mən artıq öz üstünlüyümün əldən getdiyini başa düşdüm və bundan sonra onu yenidən qaytarmaq üçün mübarizəyə girişməlydim.
Anam məni sürüyüb o biri otağa aparanda mən dəhşətli səslə çığırırdım. Bu çığırtı hətta ölünü belə oyada bilərdi. Atam inildədi.
- Dözülməz uşaq! Onun yatan vaxtı olur, ya yox?
Anam sakit səslə hey onu ovundurmaq istədisə də, səsindəki həyəcan aydın sezilirdi.
- Əzizim, o səhərlər yanıma gəlməyə adət edib.
- Bu adəti tərk etmək vaxtıdır! – deyə atam bağırdı və mələfəni üstünə çəkib üzünü divara tərəf çevirdi.
Anam otağının qapısını açıb məni ora aparmaq istəyəndə var qüvvəmlə çığırıb atamın üzərinə atıldım.
- Mumla, küçük, - deyə atam qəzəbdən boğula-boğula çığırdı. Heyrətimdən səsimi kəsdim. Hələ indiyə qədər heç kim mənimlə bu tərzdə danışmamışdı. Yalnız indi başa düşdüm ki, Allah bu əcaib məxluqu sağ-salamat qaytarmaqla məni necə aldatmışdır...
- Özün mumla! - deyə mən də özümü unudub çığırdım.
- Nə dedin? – O çarpayıdan yerə atıldı.
Anam çığırdı:
- Mik, o ki uşaqdır!
- Uşaqdır, gör nə bəladır!
Əlini-qolunu oynadaraq mənə sarı cumdu. Doğrudur, o anamın gözlərindəki vahiməni görüb yanıma yüngül bir şapalaq vurmaqla kifayətlənməli olsa da, hansısa hiylə ilə bizim böyük çarpayıya sahib çıxan bu yad tip ləyaqətimi alçaltmışdı. Ayaqyalın irəli atılıb inildədim, atam – bu yöndəmsiz ayı isə vəhşicəsinə mənə baxırdı. Anam isə odla suyun arasında qalmışdı. Mən onun necə əzab çəkdiyini görürdüm. Qoy çəksin, ona elə belə də lazım idi...
* * *
O gündən həyatım cəhənnəm əzabına döndü. Atamla açıq və barışmaz düşmən olmuşduq. Aramızda bir neçə dəfə bərk toqquşma da oldu. Anam çarpayısında oturub mənə nağıl danışanda o, birdən guya müharibədən əvvəl burada qoyduğu köhnə ayaqqabılarını axtarmağa başlayırdı. Öz növbəsində o da anamla söhbət edəndə oyuncaqlarımı götürüb səs-küylə o tərəfə, bu tərəfə atır və bununla da ona öz etinasızlığımı bildirirdim. Əmin idim ki, atam zərrə qədər də məndən üstün deyil. O çayı qurtaqurtla içir, çox kobud danışırdı. Bəlkə anamı onun qəzetləri maraqlandırırdı? Ancaq mən də öz yeniliklərimi toplayıb anama oxuya bilərdim. Sonralar düşündüm ki, yəqin onun papiros çəkməyi anamın xoşuna gəlir. O xəbər tutana qədər mən onun qəlyanını götürüb evin ətrafında o baş bu başa gedərək ağzımın suyunu axıda-axıda sümürürdüm. Ancaq bütün bunlar anama xoş gəlmədi. Dedi ki, bu çox pisdir. Əvvəl-axır bu da məni təngə gətirdi. Yeganə çıxış yolu gözləmək idi. Bununla bərabər anam görməliydi ki, mən mübarizəni kəsməmişəm. Necə oldusa bir axşam mən onu tənbeh eləmək istədim. Anama yaxınlaşıb ciddi bir tərzdə dedim:
- Bilirsənmi anacan, böyüyəndə mən nə edəcəyəm? Mən səninlə evlənəcəyəm.
Atamın qaqqıltısı mənə zərrə qədər də təsir etmədi. Bilirdim ki, bu sadəcə olaraq özünü bicliyə qoymaqdır. Anam isə razı halda gülümsəyib dedi:
- Ax... Bu necə də yaxşı olar.
Onun razılığını eşidəndə daha da inamla dedim:
- Bu lap qiyamət olacaq. Onda bizim çoxlu uşaqlarımız olar.
- Əlbəttə, mənim balam. Elə bilirəm ki, lap bu yaxınlarda bizdə də bəbə olacaq. Onda sən də darıxmazsan.
Sevincimdən ağlımı itirmək dərəcəsində idim. Əvvələn atama sübut etmişdim ki, bütün işlərə baxmayaraq anam mənimlə razılaşır. İkincisi isə Cinnilər ailəsi də daha burunlarını yuxarı tutmazdılar.
Amma nədənsə hər şey tərsinə oldu. Əvvəlcə anam çox qayğılı görünürdü, mən elə bildim ki, on yeddi dollar yarıma görə. Sonralar isə o, tez-tez əsəbiləşir və heç nəyin üstündə mən də payımı alırdım. Yaxşı olardı ki, bu dəhşətli uşaq haqqında heç danışmayaydım. O mənə bədbəxtlikdən başqa heç bir şey gətirməyəcəkdi...
Bəli, bu doğrudan da əsl bədbəxtlik oldu. Bu körpə oğlan səs-küy və qışqırıqla gəldi. Anam isə sadəcə sevincdən dəli olmuş, xoşbəxtlikdən aşıb-daşırdı. Körpə ilk günlərdən belə, xoşuma gəlmədi. Bu dözülməz oğlan uşağı həddən artıq qayğı tələb edirdi. Oyanmağı isə əsla bacarmırdı. Bütün günü yatır, mən də barmaqlarımın ucunda yeriməliydim ki, oyanmasın. “Atanı oyatma” kəlməsinə son qoyuldusa da, indi də bunun əvəzinə “uşağı oyatma” problemi meydana çıxdı.
Bir dəfə evimizlə üzbəüz olan bağçada oturub qatar-qatar oynayanda işdən gələn atamı gördüm. Onu görməməzliyə vurub guya öz-özümə bərkdən danışmağa başladım:
- Əgər evdə bir uşaq da meydana gəlsə mən çıxıb gedəcəyəm.”
- Nə dedin? – deyə atam qaş-qabaqlı halda soruşdu.
Mən isə həyəcanımı gizlətməyə çalışaraq – öz-özümə danışıram, - dedim. O, bir söz deməyib getdi. Buna bax ha... Mən istəyirdim ki, ona ciddi xəbərdarlıq edim, amma yenə əksinə oldu.
Atam mənə qarşı bir az diqqətli olmuşdu. Əlbəttə, mən bunun səbəbini başa düşürdüm. Anam körpəsi üçün əldən gedirdi. Atam isə çox nəzakətli olsa da gecələr onun yuxusuna mane olan uşağın çığırtısından şkayətlənirdi. Anamsa hirslənib sübut etməyə çalışırdı ki, körpə az ağlağandır. Yalnız bir hadisə olanda ağlayır. Boş sözdür! Uşağa heç vaxt bir şey olmurdu. O yalandan ağlayırdı ki, hamı ətrafında fırlansın. Atam çox gülərüz olmasa da bir az anlayışlı, başadüşən olmuşdu. Bu oğlancığazın iç üzünü bilirdi və nəhayət, başa düşdü ki mən də bu şıltaq uşağın bütün cikinə-bikinə bələdəm.
Bir gecə yataqda məni itələdilər. Kim isə yanımda uzanmışdı. Mən qonşu otaqdan uşaq çığırtısını və anamın “ağlama, ağlama” deyən səsini eşitdim. Onda başa düşdüm ki, məni anam yox, atam itələyib. O, mənim yanımda uzanıb ağır-ağır nəfəs alırdı.
Mən onun hirsinin səbəbini anladım. İndi onun növbəsi çatmışdı. Anam bu yaramaz uşaqdan başqa heç kimlə hesablaşmırdı. Mənsə atamın halına acıyırdım. Çünki əvvəllər öz başıma gəlmişdi. Hətta deyəsən, o vaxtlar mən hətta alicənab idim.
- Ağlama, ağlama – deyib onu tumarlayaraq sakitləşdirməyə çalışdım.
O isə elə də mütəəssir deyildi.
- Səndə yatmırsan? – deyə o mızıldadı.
- Yaxın gəl, məni qucaqla, yaxşımı? – dedim.
O isə cəsarətsiz halda, lap deyərdim ki, qorxa-qorxa, bir az da yöndəmsiz halda məni qucaqladı.
Milad bayramında isə atam mənə doğruçu dəmiryolu almaq üçün bazara getdi.
Rus dilindən tərcümə etdi:
Hüseynbala Mirələmov
P.S. İrlandiya yazıçısı Frenk O`Konnorun oxuculara təqdim etdiyim hekayəsi 4-5 yaşlı oğlanın atası ilə “konfliktinə” həsr olunub. Haradansa uzaqlardan müharibədən qayıdıb evə gələn atanın hər gecə anasıyla yatan balaca oğluyla mənafeləri toqquşur. Psixoloji yumor janrında yazılan və təbii gülməli süjeti ilə seçilən əsəri XX əsrin oxunaqlı hekayələrindən biri saymaq olar.
"Ədəbiyyat qəzeti" dekabr 2022-ci il