AZƏRBAYCAN NAMİNƏ
...Bu, bir çoxlarına tanış duyğudur. Doğulub böyüdüyün məkandan kənara bir addım atmayana qədər elə bilirsən ki, dünyanın mərkəzi elə öz kəndindir, şəhərindir, qəsəbəndir.
Tale elə gətirib ki, özüm bu hissi bir neçə dəfə yaşamalı olmuşam. Hələ körpə idim, anadan olduğumuz Lerik rayonunun Nuravud kəndindən Lənkərana köçdük. Kəndimizdən Lənkərana doğru irəlilədikcə dünya gözlərimdə get-gedə ölçülərini dəyişirdi elə bil... Yollar da, ağaclar da, evlər də hündürləşib böyüyürdü. Körpə fəhmimlə fərq edirdim ki, artıq öz balaca dünyamdan qopub böyük bir aləmə doğru yol almaqdayam.
Lənkərana yaxınlaşdıqca taleyimin məkanı olan Nuravud bizdən uzaqda qalır, ucqarlaşırdı...
Ondan sonra bir neçə il təsəvvürlərimdə Yer üzünün mərkəzi Lənkəran şəhəri idi. Elə sanırdım ki, Lənkəran dünyanın ən böyük, ən müasir şəhəridir, dünyada bu şəhərin yollarından geniş və abad, tikililərindən hündür binalar yoxdur.
Orta məktəbi əla qiymətlərlə bitirmişəm. O vaxt əlaçı şagirdləri SSRİ-nin böyük şəhərlərinə 10 günlük ekskursiyalara göndərirdilər. Mənə də iki dəfə dalbadal - yeddinci və səkkizinci siniflərdə oxuyarkən Leninqrad şəhərinə getmək nəsib olmuşdu. Bu qədim şəhərin tarixi yerləri, çayları, mədəniyyəti, Böyük Vətən müharibəsində 900 günlük mühasirənin ağır sınaqlarından çıxmış insanların humanistliyi məndə bu şəhərdə ali təhsil almağa istək yaratmışdı...
Həmişə elə fikirləşmişəm ki, doğma Bakımız dünyanın böyük şəhərlərini görmək üçün sanki mənə möhtəşəm uçuş meydanıdır. İlk dəfə paytaxtımızı görəndə şəhər anlayışı barədə təsəvvürlərim bir anda dəyişdi. Yadımdadır, avtobus Şıx qəsəbəsi səmtindəki əsas yoldan şəhərə daxil olarkən gözlərim qarşısında açılan mənzərəyə heyrətimi indiyə qədər unutmamışam. Xəzərin köksündə sıralanıb gedən neft buruqlarını, üfüqə qədər uzanan hündürmərtəbəli binaları, yollarda aramsız şütüyən maşınları, səkilərdə addımlayan müasir geyimli insanları gördükcə yeni bir dünya başlayırdı sanki...
Düşünürdüm ki, bu qədər də böyük şəhər olar?! Bu şəhərdən Lənkəran da, keçib gəldiyim ətraf rayonlar da o qədər uzaq, o qədər ucqar görünürdü ki...
On birinci sinfi bitirəndən sonra o vaxtkı Leninqrad (indiki Sankt-Peterburq - H.M) şəhərinə doğru ağ bir yol görünürdü. Bu yol qaynar tələbəlik həyatına doğru uzanırdı. 60-cı illər idi... Artıq kövrək, qayğısız gənclik illərinin sonunu yaşayırdım. Bir azdan möhtəşəm Leninqrad, unudulmaz ali təhsil illəri başlayacaqdı... Məktəbliykən iki dəfə bu şəhərdə ekskursiyada olmağım qəlbimdə bu arzuma qol-qanad vermişdi.
...Qatarla yola çıxdım. Qatarın çarxları irəliyə doğru fırlandıqca dünyanın sərhədləri daha da genişlənirdi. Qarşıda gərgin imtahanlar gözlədiyindən vaxtla bağlı ciddi çətinliyim olsa da, dünyanın bu ən məşhur şəhərlərindən birinin ruhunu duymaqdan, onu küçə-küçə, bina-bina kəşf etməkdən özümü heç cür saxlaya bilmirdim. Sankt-Peterburq küçələrində dolaşdıqca, bu şəhərdəki əzəmətli abidələrə tamaşa etdikcə, doğma Bakının sözün hər iki mənasında nə qədər geridə qaldığını dərk edirdik. Burada da doğma paytaxtımız adama ucqar görünürdü.
Əslində, 60-cı illərin sonlarına qədər Azərbaycanın hər yeri ucqar idi, əyalət idi. Ölkəmiz bütün inkişaf meyillərinə rəğmən, əsrlər ərzində böyük bir imperiyanın ucqarı olmağın təsirlərindən qurtula bilməmişdi. Əyalətçilik ruhu cəmiyyət həyatının bütün sahələrində özünü hiss etdirirdi. Orta və ali məktəb proqramlarına, dərs kitablarına nəzər salırdın, görürdün ki, əksəriyyəti mərkəzdən göndərilmiş vəsaitlərin tərcüməsidir. Hansısa populyar sənət adamının geyim tərzini, davranışlarını izləyirdin, bütün İttifaq məkanında tanınan başqa bir məşhurun təqlidini dərhal hiss edə bilirdin. Ədəbiyyatda, televiziya və radioda, mətbuatda, elmdə, musiqidə və s. duyulan əyalətçilik təsirləri də eləcə... Hətta qayda-qanunlara riayət məsələsində, ümumi prinsiplərə münasibətdə də mərkəzlə ucqarlar arasında kəskin fərqlərin olduğunu dərhal duymaq olurdu.
Əyalətçilik bir ruhdur... Əfsuslar olsun ki, kiçik epizodlarla onu tam təsvir etmək imkanında deyiləm. Həm də bunu, güman ki, sosioloqlar, filosoflar, iqtisadiyyat mütəxəssisləri daha yaxşı bacarar. Bir ədəbiyyat adamının qənaətləri isə ondan ibarətdir ki, əyalətçilik ruhu, ucqarlıq kompleksi ölkəni də, cəmiyyəti də geridə qoyur.
O, həyatın bütün sahələrində inkişafı ləngidir. Ona görə də hər bir cəmiyyət özünü inkişaf etdirməkdən ötrü, tez bir zamanda, əyalətçilik ruhundan qurtulmalıdır. Özünü qlobal inkişaf proseslərinin bir parçası kimi hiss etməyi bacarmalıdır...
***
1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra görülən genişmiqyaslı işlərin nəticələrində ilk hiss etdiyim Azərbaycanın yavaş-yavaş əyalətçilikdən çıxması idi.
Heydər Əliyev Azərbaycanı əyalətçilik ruhundan, ucqarlıq kompleksinin qəliblərindən çıxardı. Cəmiyyətə daha uzaq hədəfləri göstərdi. Azərbaycan xalqının bu hədəflərə çatmaqdan ötrü malik olduğu hüdudsuz imkanları yenidən kəşf etdi. Və belə bir lider baxışı, bu potensial güc bir neçə il ərzində Azərbaycanda, sözün əsl mənasında, xarüqələr yaratdı.
İlk növbədə, cəmiyyət həyatına bir nizam gəldi. Dövlət, hökumət vətəndaşlara əvvəlkindən xeyli yaxın oldu, onlara doğru irəlilədi. Bu, bir tərəfdən insanların həyatını yaxşılaşdırdı, rifahını yüksəltdi, başqa tərəfdən də fərdlər gözdən-könüldən uzaqlıq və nəzarətsizlik düşüncəsini özlərindən kənarlaşdıraraq qayda-qanunlara, hamı tərəfindən qəbul olunmuş normalara əməl etməyi öyrəndilər.
Cəmiyyət həyatında haqq-ədalət, qanunçuluq, qanun qarşısında bərabərlik, Azərbaycanın rifahı üçün canı-dildən çalışıb bunun yüksək qarşılığını almaq, mənəvi dəyərlərə sadiqlik əsas meyarlara çevrildi.
Azərbaycanda qurulan sosial infrastruktur, çəkilən rahat yollar, rabitə xətləri, getdikcə imkanları yüksələn insanlarımızın aldıqları nəqliyyat vasitələri uzaq mənzilləri yaxın etdi, ucqarlar mərkəzə yaxınlaşdı, Bakı ilə gediş-gəlişin artması paytaxtda formalaşan inkişaf trendlərinin, dəblərin, üslubların tez bir zamanda regionlarda da yayılmasını sürətləndirdi.
Bir neçə il əvvələ qədər İttifaq məkanının sosial-iqtisadi inkişafca ən geridə qalmış ölkələrindən olan Azərbaycan Heydər Əliyevin sayəsində özünü qısa müddətə görüb-götürüləsi inkişaf məkanına çevirdi. Hər zaman dəstək verib sənət zirvələrinə ucalmasına kömək göstərdiyi sənət adamlarımızın, dahi bəstəkarlarımızın, müğənnilərimizin səsi, görkəmli yazıçılarımızın, xüsusilə də 60-cı illər nəslinin təmsilçilərinin sosializm realizminin sərhədlərini aşıb keçən sözü, ustad rəssamlarımızın, heykəltəraşlarımızın sənət inciləri ilə Azərbaycanı bütün dünyada mədəniyyət mərkəzi kimi tanıtdı.
***
Müstəqillik nemətinə qovuşandan sonra Azərbaycan qapılarını dünyaya açıb. Ölkəmiz beynəlxalq aləmdə baş verən siyasi, sosial-iqtisadi, mədəni proseslərin ən fəal iştirakçılarındandır. Qloballaşma prosesi Azərbaycana da istər-istəməz öz təsirlərini göstərir. İnformasiya texnologiyalarının gücü, virtual reallıq dünyanı Azərbaycan insanı üçün də getdikcə mobilləşdirir. Müasir təyyarələr, qatarlar, avtonəqliyyat vasitələri uzaq mənzilləri yaxın edir.
Düşmən qonşumuz istisna olmaqla Azərbaycan dünyanın bütün ölkələri ilə dost münasibətlərinə malikdir. Bu əlaqələrin daha da inkişafı üçün dövlət əlindən gələni edir. Vətəndaşlarımız Azərbaycanın bütün dünya ölkələri ilə xoş münasibətlərindən barınaraq arzusunda olduqları hər bir ölkəni ziyarət edə bilərlər. İstənilən ölkədə təhsil almaq, çalışmaq, iş qurmaq olar. Daha məsafə, sərhəd, mədəniyyət fərqi problemi yoxdur. Azərbaycanın hansısa bir kəndinə, şəhərinə getmək üçün sərf elədiyin vaxta təyyarə ilə dünyanın tamam başqa, uzaq bir məkanına gedə bilirsən. Azərbaycan dövlətinin multikultural dəyərlərə sadiqliyi, mədəniyyətlər arasında dialoqa çalışması, əsrlərdən gələn tolerantlıq ənənələrini inkişaf etdirməsi insanlarımızda fərqli mədəniyyətlərə hörmət ruhu aşılayır. Kənar bir mühitdə “mədəniyyət şoku” keçirməyə imkan vermir.
İndi bir anlıq xəritəyə nəzər salıb müxtəlif rənglərlə əhatələnmiş Yer kürəsindəki doğma qartal təsvirini axtaraq. Kiçik miqyaslı dünya xəritələrində bu təsvir o qədər də böyük yer tutmur. Azərbaycan böyük bir coğrafi məkanda az qala balaca nöqtə kimi nəzərə çarpır. Amma ilk dəfə respublika hüdudlarından kənara çıxdığım uzaq yeniyetməlik illərimdə olduğu kimi, Vətənimiz daha dünya xəritəsində ucqar əyalət kimi də görünmür.
Azərbaycan müasir dünyamızın siyasi xəritəsində həm coğrafi mənada, həm qlobal inkişaf proseslərində iştirak, həm də beynəlxalq aləmin çağdaş ziddiyyətlərinə münasibət baxımından, tam mərkəzdə qərar tutmuş əhəmiyyətli bir yerdir. Qərbdən Şərqə, Şimaldan Cənuba bütün yolları, bütün mədəniyyətləri bir-birinə qovuşduran, onlar arasında təmas yaradan maddi və mənəvi körpüdür. Yaxın-uzaq ölkələrdə ara verməyən müharibə, qarşıdurma, ixtilaf alovlarına rəğmən sabitlik və inkişafını qoruyan sülh məkanıdır. Tanrının əta elədiyi zəngin sərvətləri ilə, bu sərvətləri dünya bazarlarına çıxarmağa imkan yaradan enerji-kommunikasiya xətləri ilə Avropanın böyük bir hissəsi üçün mühüm enerji qaynağıdır. Həyata enerji verən, inkişafı hərəkətə gətirən, qlobal tərəqqini daha da irəli aparan sarsılmaz gücdür.
Və ən maraqlısı budur ki, cəmi bir neçə on il əvvələ qədər keçmiş İttifaq məkanında adama əyalət kimi gələn Azərbaycan bu gün bütün dünya üçün bir çox mədəniyyət standartlarını, normaları, dəyərləri, meyarları formalaşdırır.
Bütün dünya bir çox yenilikləri, bir sıra mütərəqqi cəhətləri məhz Azərbaycandan görüb-götürür. Bu sözlərimdə qətiyyən hər hansı pafos elementi, özünəvurğunluq hissi yoxdur. Son illər Azərbaycanın təşkilatçılığı ilə keçirilən qlobal tədbirləri, irəli sürülən beynəlxalq təşəbbüsləri, ölkəmizin getdikcə güclənən imicini, qazandığımız sosial-iqtisadi nailiyyətləri, respublikamıza ildən-ilə genişlənən turist axınını bir anlıq yaddaşımızda sıralasaq, bütün bunların tarixi həqiqətlər olduğunu görəcəyik.
Qlobal məkanda özünü göstərən siyasi-iqtisadi böhran təzahürlərinə rəğmən Azərbaycanın öz inkişaf yolunu necə böyük əzmlə qoruduğunu təhlil etsək, həyata keçirilən siyasətin necə yüksək səmərə və effekt verdiyini nəzərə alsaq, bu gün bütün dünyada inkişafın Azərbaycan modelinin formalaşdığını özümüz də etiraf edəcəyik.
Cəmiyyətimizdə mövcud olan sabitlik və tərəqqi mühiti ilə, sülh və tolerantlıq dəyərlərinə sadiqliklə, fərqli mədəniyyətlərin bu məkanda dialoqu ilə Azərbaycanın bütün dünyada parlaq bir nümunəyə çevrildiyini təsdiqləyəcəyik.
Və bütün bunlar öz-özündən baş verən proseslər deyil. Onları yaradan, Azərbaycanın hər bir nailiyyətindən ötrü illərlə zəhmət çəkən Lider var...
Ulu öndərin formalaşdırdığı möhkəm təməl üzərində ölkəmizi tarixinin ən qüdrətli mərhələsinə yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev var...
***
Ömürlüyünə nəzər salanda maraqlı bir qanunauyğunluğun şahidi olursan: Atanın xalq üçün yaratdığı, xalqın tarixinə qızıl hərflərlə yazdığı nailiyyəti övlad daha möhtəşəm şəkildə davam etdirir. Həmin nailiyyətin işığında daha da yüksəyini, mükəmməlini yaratmaqla, həm atanın, həm də onun bir ömür xidmət etdiyi xalqın başını ucalara qaldırır.
Azərbaycan xalqının bütün tarixi boyunca yetirdiyi nadir dövlət adamlarından olan Heydər Əliyev XX əsrdə bu xalqın təmsil oluna biləcəyi ən yüksək vəzifə pilləsinə qədər yüksəlmişdi. Naxçıvandan, sadə azərbaycanlı ailəsindən çıxıb, SSRİ boyda nəhəng imperiyanın əsas rəhbərlərindən biri statusuna qədər irəliləyərək öz savadı, bacarığı, enerjisi, əzmkarlığı, ölkəyə və dünyaya fayda vermək istəyi ilə ümumilikdə Azərbaycan xalqının yüksək potensialını, ali mənəviyyatını ortaya qoymuşdu. Bütün bu ali keyfiyyətləri ilə hər kəs üçün mükəmməl bir nümunə yaratmışdı.
XXI əsr isə Azərbaycan xalqı üçün yeni bir nailiyyətlə başladı. Tarixdə ilk dəfə olaraq xalqımızın nümayəndəsi - o zaman Azərbaycan Milli Məclisinin deputatı və ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri olan İlham Əliyev bu qurumun vitse-prezidenti seçildi. Cənab İlham Əliyev belə ali vəzifədə Azərbaycan tarixi üçün bir ilk idi...
Onun timsalında Azərbaycan xalqı öz yüksək potensialını, milli enerjisini ümumilikdə Avropa məkanında yüksək səviyyədə sərgilədi. Cənab İlham Əliyev bununla özünün nə qədər azərbaycanlı davamçısına yol açdı. Onun şəxsi nümunəsi, liderlik əzmi, yaratdığı motivasiya gücü sonrakı illərdə Azərbaycan xalqının nə qədər nümayəndəsinin nüfuzlu beynəlxalq qurumlarda, transmilli şirkətlərdə yüksək vəzifələrə irəli çəkilməsində, yaşadıqları xarici ölkələrin parlamentlərinə seçilməsində, müxtəlif ölkələrin dövlət və hökumət orqanlarında yüksək vəzifə tutmasında böyük rol oynadı.
***
...Və bir-birini təkrarlayaraq tarixi cəhətdən tamamlayan daha bir nailiyyət: Ulu öndər Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilmişdi. O dövrdə bu, hər bir azərbaycanlı üçün böyük qürur və fəxarət mənbəyi idi. Keçmiş İttifaq məkanında getdiyimiz hər yerdə Azərbaycan adını nişan verən kimi dərhal Heydər Əliyevin adını eşidirdik. Azərbaycanla Heydər Əliyev adları yanaşı çəkilirdi. Bu, İttifaq tərkibindəki bir çox xalqlarda qibtə və həsəd doğuran milli dəyər idi.
İlham Əliyev isə XXI əsrin ilk qərinəsində bu nailiyyətin hüdudlarını daha da genişləndirdi. Onun qətiyyəti, yürütdüyü məqsədyönlü siyasət sayəsində ölkəmiz 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasına üzv qəbul edildi. Beləliklə, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə oldu. 2012-ci ilin mayında BMT Təhlükəsizlik Şurasının iclasının Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilməsi milli dövlətçilik tariximizdə əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla Azərbaycanın beynəlxalq aləmdə çəkisinin artması, ölkəmizin qlobal siyasi məkanın əsas oyunçularından birinə çevrilməsi, beynəlxalq problemlərin müzakirəsində söz sahibi kimi qəbul olunması deməkdir.
Ölkəmiz 2012-ci ilin mayından sonra 2013-cü ilin oktyabrında da BMT Təhlükəsizlik Şurasına sədrlik etdi və şuraya həm üzvlüyü, həm də sədrliyi dövründə möhtəşəm bir tarix yazdı. Ululardan bizə miras qalmış ali dəyərləri, milli əxlaqi normaları, ədaləti, sülhə sadiqliyi bu yüksək tribunadan bütün bəşəriyyətə sərgilədi. Bu qurumdakı fəaliyyəti ilə dünyamız üçün yeni dəyərlər yaratdı. Yeni meyarlar müəyyənləşdirdi...
***
Ulu öndər Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərliyi dövründə ölkəmizdə nəhəng sənaye infrastrukturu qurmuşdu. Respublikamızın kənardan heç bir dəstək almadan özünü təmin etməsinə, özü öz taleyinin sahibi olmasına şərait yaratmışdı. Müstəqillik dövründə o, yeni neft strategiyasını uğurla reallaşdıraraq ölkənin sosial-iqtisadi yüksəlişi üçün milli məqsədlər müəyyənləşdirdi. Və cənab İlham Əliyev bu məqsədlərin hər birinə nail oldu. O, əfsanələri reallığa çevirdi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu kimi dünyanın siyasi mənzərəsini müəyyənləşdirən nəhəng enerji-kommunikasiya layihələrini gerçəkləşdirdi. Azərbaycan “Cənub qaz dəhlizi” layihəsi ilə Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevrildi. Bütün bunlar müstəqil dövlətimizi mütərəqqi dünya ilə bağlayan, qlobal inkişaf prosesləri ilə əlaqələndirən elə möhkəm bağlardır ki, bundan sonra daha heç bir təhdid, təzyiq Azərbaycanı öz inkişaf yolundan sapındıra bilməz.
İlham Əliyev Azərbaycanda mövcud olan sənaye infrastrukturunu büsbütün modernləşdirdi. Bu sistemi müasir dünya standartlarına uyğunlaşdırdı. Özəl sektorun bu prosesdə iştirakına, azad sahibkarlıq təşəbbüslərinə geniş meydan verdi. Hətta ən ucqar kəndlərimizə də abad yollar, qaz-su, elektrik, rabitə xətləri çəkdirməklə Azərbaycanın bütün bölgələrinə rifah, torpaqlarımıza bərəkət, zəhmət adamının süfrəsinə halal ruzi gətirdi. İnkişaf prosesləri, irili-xırdalı biznes ideyaları bütün bölgələrimizi əhatə etdi. İşləyib daha çox qazanmağa təpəri, bacarığı olan insanlarımız bu şəraitdən bol-bol faydalanmağa başladılar. Və bütün bunların nəticələrini indi, az qala, yollara sığmayan avtomobillərin sayında, kəndlərimizdə, qəsəbələrimizdə, şəhərlərimizdə inşa olunan imarətlərin şahanə görkəmində, istehlak edilən müasir məişət avadanlıqlarının statistikasında, Azərbaycan insanının getdikcə dəyişən geyim-kecimində, estetik görkəmində, artıq dolanışıq, bir tikə çörək qayğılarından çıxıb genişlənən, yüksələn gündəlik tələbatlarında hiss etmək mümkündür...
***
Fəlsəfi nəzəriyyələr haqqında bildiklərim, əsasən, tələbə vaxtımda dinlədiyim mühazirələrə, sonra elmi-tədqiqat işləri ilə məşğul olduğum zaman bu sahə üzrə azdan-çoxdan oxuduğum vəsaitlərə əsaslanır. Fəlsəfə elmi haqqında dərin biliklərə sahib olduğumu iddia edə bilmərəm, amma fəlsəfənin əsas qanunları haqqında müəyyən məlumatlarım var. Bu qanunlar içində düşüncələrimə ən doğma gələni inkarı inkar qanunudur. Yəni, bir nəslin özündən əvvəlki ənənələr üzərində daha mükəmməl nəticələr qazanmasıdır. Fikrimcə, tarixin hər bir dönəmində yalnız o xalqlar, o cəmiyyətlər irəli gedə bilib ki, onların inkişaf xətti bu qanunauyğunluğa əsaslansın. İnkarı inkar qanunu sosial təkamül prosesini daim hərəkətdə saxlasın. Cəmiyyət həyatında inkişaf prosesi nə çox sürətli, nə də çox ləng, tarixin ahənginə uyğun tədricən, aram-aram baş versin.
İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan həyatına gətirdiyi ən mühüm uğur Azərbaycan cəmiyyətində bunu təmin edə bilməsidir. Və bunun müsbət təsirlərini indi həyatın bütün sahələrində izləyə bilərik. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət quruculuğu prosesi ölkə vətəndaşlarını, xüsusən də Azərbaycan gəncliyini qaragüruh ideyalardan başqa bir dəyərə malik olmayan siyasət dəllallarının bəd oyunlarından qorudu. İnsanlarımızın belə ünsürlərin əlində alətə çevrilməsini əngəllədi. İlham Əliyevin yürütdüyü siyasət, bu siyasətin yaratdığı rifah şəraiti isə insanlara öz hədəflərinə, iddialarına çatmağın yollarını göstərdi. Anlatdı ki, həyatda uğur qazanmağın yolu meydanlarda, iclas salonlarında mümkün qədər gur səslə bağırmaq deyil. Çayxanalarda hansı firqənin, hansı siyasinin daha güclü olması barədə boş və mənasız mübahisələrlə baş qatmaq deyil. Küçəyə tökülüb iğtişaşlar törətmək deyil. Uğurun yolu oxumaqdan, öyrənməkdən, daim fərdi inkişafla məşğul olmaqdan, sosiallaşmaqdan, sağlam insanlardan özünə çevrə formalaşdırmaqdan, bir işin ardınca düşüb, bir sənətin sahibi olub yavaş-yavaş irəliləməkdən, bir sözlə, cəmiyyət üçün müəyyən bir dəyər formalaşdırmaqdan keçir. Ulu öndər Heydər Əliyevin milli dövlətçilik kursu, İlham Əliyevin yürütdüyü siyasətin nailiyyətləri insanlara bunu anlatdı. Və cəmiyyətin inkişafı prosesinə ən doğru yoldan qoşulmaq istəyən hər kəs üçün bərabər imkanları yaratdı.
***
İlham Əliyev insan kapitalını Azərbaycanda ən qiymətli sərvətə çevirdi. Həm dövlət layihələri, həm də Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın irəli sürdüyü “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Azərbaycanın bütün məkanlarında yüzlərlə yeni məktəblər ucaldıldı. Yeni standartlar müəyyən edən universitetlər yaratdı. Bununla, cəmiyyətə ismarıc verildi ki, bundan sonra dövlətin əsas prioriteti maarif olacaq, təhsil olacaq, vətəndaşların intellektual inkişafı olacaq.
Hələ sovet Azərbaycanına rəhbərliyi dövründə ulu öndər Heydər Əliyev ölkəmizdəki ali məktəblərin qapılarını imkansız, kasıb, amma savadlı fəhlə-kəndli balalarının üzünə açmışdı. Bu gənclərə pasiban olmuşdu, hansısa məqam sahiblərinin öz imkanlarından istifadə edərək onların haqqını tapdamasına imkan verməmişdi. Minlərlə Azərbaycan gəncinin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına kömək göstərmişdi. O gənclər Azərbaycan üçün ən gərəkli ixtisaslara yiyələnərək Vətənə peşəkar mütəxəssislər kimi dönmüşdülər.
İlham Əliyev isə Azərbaycan gənclərinin dünyanın ən nüfuzlu universitetlərinə yollarını açdı. Onların dövlət dəstəyi hesabına xarici universitetlərdə təhsil alaraq püxtələşmələrinə kömək göstərdi. Bu gənclər Azərbaycana yenilik havası gətirdilər. Onların iştirakı ilə formalaşan müasir təcrübəni, çağdaş menecment mühitini, yeni trendləri, mütərəqqi ənənələri indi cəmiyyət həyatının bir çox sahələrində duyub hiss etmək mümkündür.
Ulu öndər Heydər Əliyev ölkəmizdə demokratik inkişafın əsas şərti olan azad bazar iqtisadiyyatı prinsiplərini bərqərar etdi. Sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratdı. Müəyyən sahələrə sərmayə yatırıb gəlir əldə etmək istəyən xarici və yerli investorlara dəstək oldu. Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi ardıcıl və sistemli tədbirlərlə ölkəmizdə keçid dövrü başa çatdı. Cəmiyyətdə yeni ictimai-iqtisadi formasiyanın qaydaları tam oturuşdu. İnsanlarımız azad bazar iqtisadiyyatının şərtlərinə müsbət mənada öyrəşdi. Və ölkənin sivil inkişafından, toplumda təfəkkür dəyişikliyindən ötrü bunun ən doğru yol olduğunu hamı qəbul etməyə başladı.
Ölkəmizdə gənc və daha müasir düşüncəli, xarici təcrübələrə bələd iş adamları nəsli yetişməyə başladı. Şirkətlər mənfəət əldə etməklə yanaşı, öz korporativ standartları, biznes etikası, müştəri məmnuniyyəti, insan resurslarının peşəkar inkişafı kimi vacib məqamlar barədə də düşünməyə başladılar.
Azərbaycanda vergi mədəniyyəti formalaşdı. Müxtəlif xidmətlərə görə ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsi düşüncəsi yayıldı. Ayrı-ayrı qayda pozuntuları üzrə müəyyən edilən işlək mexanizmlər, hamı üçün bərabərlik və güzəştsizlik mühiti pozitiv ənənələrin əsasını qoydu. Cəmiyyətdə qanunçuluğun gücü ilə yanaşı, fərdlərin naqis əməllərinə qarşı ictimai qınaq mexanizmləri də işə düşdü. Bütün bunlar bəlkə də ilk baxışdan sadə görünən məsələlərdir. Amma ölkənin sivil inkişafından ötrü onların hər biri misli-bərabəri olmayan nailiyyətlərdir.
***
İlham Əliyev Azərbaycan üçün “Asan xidmət” kimi böyük bir dəyər yaratdı. Söz düşəndə bunu hər zaman həmsöhbətlərimə deyirəm: “Asan xidmət” platforması təkcə müxtəlif dövlət xidmətlərinin rahatlıqla, heç bir vaxt itirmədən və ən əsası, şəffaf həyata keçirilməsinə kömək göstərən təsisat deyil. Bu həm də yeni bir vətəndaş deməkdir, cəmiyyətdə formalaşan və digər sahələrdə də tərəqqini sürətləndirən yeni baxış, yeni təfəkkür tərzi deməkdir. Azərbaycanın bütün bölgələrində ucaldılmış “Asan xidmət” mərkəzlərində işlərini başa çatdırıb dışarı çıxan hər bir vətəndaş artıq başqa bir fərddir, sosiallaşmış insandır. Dövlətin ona münasibətini, fərqli bir həyat tərzini görəndən sonra onlardan çoxu artıq ictimai qaydaları pozmağı, başqalarının hüquqlarına xələl gətirməyi, başqalarının gözündə mədəniyyətsiz biri kimi görünməyi əsla özünə rəva bilməyəcək.
Və inkişaf da belə yaranır...
Bu müsbət meyillərin hər birini Azərbaycan həyatına cənab İlham Əliyev gətirdi. Bununla da ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf proseslərini yeni mərhələlərə çatdırdı.
***
Noyabrın 14-də Parisdə, Royal Pavilyonda Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə qəbul təşkil olunmuşdu. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu qəbuldakı çıxışını dinlədim. Bir Azərbaycan vətəndaşı olaraq qəlbim qürur hissi ilə doldu. Bu qüruru yaradan bir tərəfdən Vətənimin tarixi nailiyyətlərinin Avropanın mərkəzində nümayişi idisə, digər tərəfdən bir Azərbaycan xanımının ölkəmizi bu qədər yüksək səviyyədə təmsil etmə bacarığı ilə yaratdığı örnək idi.
Mehriban xanım Azərbaycanın bu tədbirin keçirilməsi üçün ən uyğun məkan olması həqiqətini bir neçə tezislə tam əsaslandırdı: Bizim müxtəlif dinlərə və etnik mənşəyə mənsub olan insanlar arasında multikulturalizm və qarşılıqlı hörmət ənənələri ilə zəngin olan qədim tariximiz var; Avropa ilə Asiyanın kəsişməsində yerləşən, asanlıqla çıxış əldə oluna bilən coğrafi mövqeyimiz Ümumdünya Sərgisinin keçirilməsi üçün yeni bir məkandır; Biz siyasi və iqtisadi sabitliyə, maliyyə imkanlarına, yüksək səviyyəli təhlükəsizliyə malik gənc müstəqil ölkəyik; Sürətlə inkişaf edən infrastruktura malik Bakı şəhəri özündə tarixin və müasirliyin nadir qarışığını təcəssüm etdirir; Azərbaycan turist axınının sürətlə artdığı və 90-dan artıq ölkənin vətəndaşlarına asan girişi və onlara elektron vizaların verilməsini təmin edən ölkədir; Zəngin mətbəximiz, xoş iqlimimiz və ənənəvi qonaqpərvərliyimiz əlbəttə ki, bizim üstünlüyümüzdür.
Və Mehriban xanımın Azərbaycanın bu sərgiyə evsahibliyinin ali məqsədi ilə bağlı bütün dünyaya ünvanladığı bir çağırış: “Biz insanları - dünyada ən güclü resurs olan insan kapitalını universal müzakirəyə çıxaracağıq”.
Ümid edək ki, bu çağırış nəticəsiz qalmayacaq. Azərbaycan səsvermə zamanı böyük üstünlük qazanaraq “Expo-25” sərgisinə evsahibliyi edəcək. Və “Avrovision-2012”, I Avropa Oyunları - 2015, İslam Həmrəyliyi Oyunları - 2017 kimi bu sərginin də yeni standartlarını müəyyənləşdirəcək və bu tədbir Mehriban xanım Əliyevanın da qeyd etdiyi kimi, məhz insana, onun xoşbəxtliyinə xidmət edəcək.
Öncə insan...
Onun mənafeyi, rifahı, qayğıları, Vətənin bu günü və gələcəyi ilə bağlı arzu və ümidləri...
İnsana xidmət, onun hisslərinə sayğı...
Prezident İlham Əliyevin yürütdüyü siyasəti bənzərsiz və uğurlu edən də məhz bu amallardır...
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, yazıçı-dramaturq
"Azərbaycan" qəzeti, 23.12.2017