BAYRAQ İŞIĞI

...Həmin gün hər kəsin çöhrəsində eyni bir ifadə işıq saçırdı. Ruhumuzu göylərə qaldıran sevincin müjdəsinə çox bənzəyirdi bu, amma tam o da deyildi.

Həmin gün çöhrələrdə güllər açan o ifadə sevinclə birgə qürurdan, uzun iztirablardan sonranın ruhi rahatlıq hissindən, sevgidən, inam və güvəndən möhtəşəm bir çələng hörmüşdü və həmin anlarda eyni məkana yönəlib, fərəhdən doluxsunmuş gözlərdə aram-aram ucalaraq səmada qanad açan üç rəngli, aylı ulduzlu Azərbaycan bayrağı bu çələngin düz mərkəzində dalğalanırdı.

Ölməz Cəfər Cabbarlının uzun onillikllər əvvəl qələmə aldığı sevgi dolu misraların gerçəyə çevrildiyi yerdəydik elə bil... Bakı səmasında parlayan Ay bayrağımızın hüzuruna gəlmişdi, göy üzü iki sevdalının görüş yerinə çevrilmişdi:

 

Kölgəsində Ay əyilib bir gözəli qucmada.

Qucuşaraq sevdiyilə yüksəklərə uçmada,

Şu görünüş bir ananın şəfqətinə oxşayor.

Düşündükcə zövqlərimi, vicdanımı oxşayor...

 

***

Zaman - 1 sentyabr 2010-cu il...

Məkan - torpağın köksündə milli mövcudiyyətimizin əzəmətli möhürü kimi zərb edilmiş Bayraq Meydanı Kompleksi...

Azərbaycan Prezidenti İlham Əliyevin öz əlləri ilə uğurlayıb ucalara qaldırdığı bayrağımızın yüksəlişinin seyrində ikən dəniz tərəfdən əsən xəfif meh Xəzərin doğma ətri ilə birgə sanki keçmiş günlərin anılarını da özü ilə gətirirdi. Bu xatirələrin ardınca xəyal məni bir anlıq başqa zaman və məkana doğru çəkib aparmışdı...

17 noyabr 1990-cı il, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas zalı...

Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cumhuriyyətinin binəsib taleyini bölüşüb, mavi səmalardan yaddaşlara, şanlı keçmişin ürkək xatirələrinə köçmüş üç rəngli bayrağımız 70 illik həsrətdən sonra həmin gün yenidən öz doğmasına qovuşmuşdu. İstiqlalının bərpasına doğru ilk əzablı addımlarını atıb çətin günlərini yaşayan Azərbaycanın boynuna sarılmışdı.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə üç rəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının rəsmi bayrağı kimi qəbul edilməsi barədə Muxtar Respublikanın Ali Məclisinin qərarı həmin an, həmin məkanda tarixin 70 ildən sonra Azərbaycan xalqı qarşısındakı üzrxahlığı kimi səslənirdi!

Müstəqil Azərbaycan dövləti həmin an müqəddəs təbərrik tək Muxtar Respublika Ali Məclisinin iclas zalına gətirilən, insanların alqışları, fərəh dolu göz yaşları içində ucalara qaldırılan üç rəngli bayrağımızın hündürlüyü boyda doğuldu!

Ucaldıqca ucaldı, tufanlara, qasırğalara sinə gərdi - rişələri sağlam idi deyə!

Gün gəldi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadəti ilə Azərbaycan Respublikasının Ali Soveti də üç rəngli bayrağımızın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi barədə qərar qəbul etdi, zaman - 5 fevral 1991-ci il...

Cəmi bir neçə ay keçəcək, 1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini yenidən bütün dünyaya bəyan edəcək və üçrəngli bayrağımız müstəqil dövlətimizin ilk müqəddəs nişanəsi kimi bütün yer üzündə görünəcəkdi.

Bu bayraq taleyimizə dönəcəkdi. Tariximizin ən unudulmaz məqamlarına şəhadət gətirəcəkdi.

 

Bayraqları bayraq yapan

üstündəki qandır

Torpaq, əgər uğrunda ölən

varsa vətəndir.

- Böyük türk şairi Mithat Cemal Kuntayın bu beytindəki an təkrar-təkrar yaşanacaqdı, Azərbaycanda...

Bu bayraqdan ötrü ölümə gedənlərimiz olacaqdı, onun rənglərinə şəhidlərimizin müqəddəs qanı qarışacaqdı!

Azərbaycan uğrunda şəhidlik şərbətini içib məzara bu bayrağın qucağında gömülmək ən böyük arzuya çevriləcəkdi!

Həm də yüzlərin, minlərin arzusuna...

 

***

1992-ci ildə italiyalı fotomüxbir Enriko Sarzininin Dağlıq Qarabağ döyüşləri zamanı çəkdiyi bir şəkil "Oqonyok" jurnalında işıq üzü görüb dünyanı heyrətə gətirmişdi.

O şəkil indi də internet portallarında, sosial şəbəkələrdə, demək olar ki, hər gün dövr edir, bu günün gəncliyinə vətən, bayraq sevgisinin nə demək olduğunu göstərir.

Enriko Sarzininin öz fotoobyektivi ilə zamandan tutub saxladığı cəmi bircə saniyə əsrlərə də, nəsillərə də dərs keçir. Şəkildəki idman geyimli, sünbül kimi sarışın, ipək saçları alnına dağılmış Azərbaycan gəncidir, adı Natiq Qasımov, yaşı cəmi 21...

5 gün mühasirədə, ermənilərlə təkbətək döyüşüb, çoxlu sayda düşmən məhv edib, təkbaşına elə bir şücaət göstərib ki, hətta ermənilər qarşılarında bir yox, 30-a qədər Azərbaycan igidinin olduğunu zənn ediblər.

Fotoşəkildə bu qəhrəmanlığın son anlarıdır, əli avtomatlı iki erməni saqqallısı artıq gülləsi tükənmiş Natiqi əsir aparır. Natiqsə bir anlıq italiyalı fotomüxbirin ona tuşladığı fotokameranın obyektivinə baxır, 5 günlük təkbaşına çarpışmadan, ac- susuzluqdan, yorğunluqdan solğun çöhrəsində əks olunmuş əzab-əziyyətlərin o üzündən tarixin gözünə məğrurca bir sakitliklə, mətanətlə gülümsünür.

Doğma vətəninə, xalqına bu son baxışının ardınca başlanan itkinlik taleyində onu görmək istəyən hər kəsin bu qəhrəman Azərbaycan oğlunu qəlblərə asılmış son fotosunda tapacağına əminmiş kimi...

O, iki silahlı düşmənin əhatəsində addımlasa da, əlində bərk-bərk tutduğu üç rəngli Azərbaycan bayrağını buraxmır!..

Bu müqəddəs əmanəti sonsuzluğa qədər daşımaq əzmində olan Azərbaycan gəncliyinin simvolu kimi dünəndən bu günə, bu gündən gələcəyə doğru irəliləyir!..

Baxdıqca düşünürəm, dünyada ilk bayrağın qaldırıldığı anları, Adəm övladını belə bir yeniliyə sövq etmiş zərurəti xəyalımda şəkilləndirmək istəyirəm. Görəsən insan dünyanın ilk bayrağını harada yaratdı, necə yaratdı?! Necə oldu ki, insan özünü başqalarından əlvan bir parça ilə fərqləndirdi?! Onun altında döyüşdü, onun yüksəlişi ilə öyündü?!

Hazırlanması adi geyimlərin, toxuculuq məmulatlarının istehsalından zərrəcə fərqlənməyən, üzərindəki rənglər dünyadakı yeddi rəngin müxtəlif çalarından ibarət olan bir parça qumaşı, insan necə oldu özünün qeyrət qalasına çevirdi, uğrunda qan tökdü, uğrunda ölümə getdi?!

Etiraf edim ki, bu suallara tam cavab vermək insan xarakterinin sirlərini açmaq qədər müşküldür. Amma xəyallarımı məşğul edən bu suallar cavabsız da deyil.

Dünyada bir insan digərinin təkrarı olmadığı kimi, xalqlar da konkret məkan daxilində onları başqa toplumlardan fərqləndirən milli xüsusiyyətləri, dili, dini mənəvi-əxlaqi keyfiyyətləri ilə özünü tanıyır, fərqləndirir.

Bayraq, insanların konkret sərhədlər çevrəsində qurduqları milli dövlət qədər, bu dövlətdə yaşayan vətəndaşların yer üzündəki saysız-hesabsız insan qrupları arasındakı özünüifadəsinin, fərqləndirici xüsusiyyətlərinin ortaq rəmzidir.

Bayraq vətən düşüncəsini maddiləşdirən, qaraca torpağı coğrafi, geoloji mənziləsinədən çıxarıb, vətənləşdirib ruh faktına çevirən mənəvi dəyərdir, unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin bu şah misralarından üstümüzə düşən kölgədir, işıqdır:

 

Üçrəngli bayrağın kölgəsində mən

Qaraca torpağı vətən görmüşəm.

Zəfər güllərini dövri-qədimdən

Bayraq işığında bitən görmüşəm.

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq - öz yurduma öz hakimliyim...

 

Bayraq elə bir rəmzdir ki, millətin keçmişi də, gələcəyi də onun rənglərində, nişanələrində danışır. Bayraq xalqın arzularıdır, ümidləridir, namusudur, qeyrətidir. O hər şeydən ən uca tutduğumuz dəyərlərin cəmi olması ilə müqəddəsdir, boyalarındakı, simvollarındakı mənəvi-ideoloji mənası ilə qudsaldır.

 

***

Bayraq xalqların taleyidir, amma bayrağın və onun aid olduğu milli dövlətin taleyini müəyyənləşdirənlər də xalqın yetirdiyi fikir adamlardır, tarixi şəxsiyyətlərdir, liderlərdir. Bayraqların taleyi onun simvollarında əks olunmuş ideoloji xəttin düzgünlüyündən, xalqın, xalqa rəhbərlik edən liderlərin həmin xəttə sadiqliyindən və bu ideoloji düşüncənin qarşıya qoyduğu məqsədlər uğrunda aparılan mübarizənin dönməzliyindən asılıdır.

Üçrəngli bayraq ideyasını ilk dəfə Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirmişdi. İlk dəfə 1918-ci ildə yüksələn bayrağımızın rəngləri Cəfər Cabbarlının misralarında belə incələnirdi:

 

Bu ay, yıldız, boyaların

qurultayı nə demək?

Bizcə böylə söyləmək!

Bu göy boya Göy Moğoldan

qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın

sarsılmyan imanı,

Ürəklərə dolmalı!

Şu al boya azadlığın,

təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yulduz da səkkiz

hərli OD YURDU!

Əsarətin gecəsindən fürsət

bulmuş quş kibi,

Səhərlərə uçmuşdur.

Şu hilal da türk bilgisi,

düzgün sevgi nişanı,

Yurdumuzu qucmuşdur!

 

O illərdə bayrağımızın üzərindəki rənglərin mənəvi mənaları barədə fikirlər tək bu misralardakı poetik yozumlardan ibarət deyildi. Mətbuatda bu xüsusda çıxış edən görkəmli aydınlarımız bayrağımızın rənglərinə o dövrdə kifayət qədər aktual olan Qərb yoxsa Şərq, dil, yoxsa din birliyi, mədəniyyət və müasirlik və s. kimi məsələlər prizmasından yanaşır, öz mövqelərini bayrağımızın rənglərinə münasibətdə də əsaslandırmağa çalışırdılar.

Dövrün xarakterini nəzərə alaraq bu cür yanaşmalar təbii sayılmalı idi, əslində: Azərbaycan cəmiyyəti müsəlman Şərqində ilk dəfə demokratik bir respublika bina etmişdi, indi də bu cür polemikalarla dövlətin gələcəyə doğru ən düzgün yollarını arayırdı.

Əfsus ki, sovet inqilabı bu istiqamətdə aparılan müzakirələrin normal məcrada davam edərək cəmiyyətin bütün qütbləri tərəfindən məqbul sayılan yekun nəticələrlə tamamlanmasına imkan vermədi. Azərbaycanda sovet hakimiyyətinin qurulması, bu polemikaları, ümumiyyətlə, gündəmdən çıxardı. 70 il sonra üç rəngli bayrağımız yenidən öz statusuna qovuşduqda isə məlum oldu ki, bu istiqamətdə hələ də ətraflı müzakirələrin aparılmasına, bir sıra sualların aydınlaşdırılmasına, siyasi iradəyə söykənən düzgün qərarların qəbuluna ehtiyac var.

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəyə guya rəhbərlik edən, əslində isə öz səriştəsiz, korafəhm, küçə-meydan eyforiyasından qalma emosional addımları ilə ölkəni əsl fəlakətə sürükləyən təsadüfi insanlardan hər hansı düzgün qərar gözləməyə dəyməzdi. Bu, onların xörəyi deyildi.

Belə taleyüklü məsələlərin həllini ancaq o bayrağa ilk dəfə siyasi status qazandıran, onun əsl dəyərini, nişanələrinin mənasını, mahiyyətini dərindən bilən, milli mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq bu bayrağı bütün dünya azərbaycanlılarının dövlətçilik simvoluna çevirmək gücünə qabil böyük dövlət adamı - Heydər Əliyev bacarardı!

Heydər Əliyev ölkəni bürümüş xaos və özbaşınalıq mühitindən çıxış yolu axtaran Azərbaycan xalqının təkidli tələbi ilə yenidən dövlətçilik sükanı arxasına keçdi. 1993-cü ilin 15 iyun tarixinə - Qurtuluş gününə qədər ətrafı sarmış burulğanlar içində faktiki batmaqda olan gəmimizi xilas etdi. Müstəqilliyin fidan illərini yaşayan Azərbaycan dövlətini 1920-ci ildəki acı taleyin təkrarlanması təhlükəsindən qorudu. Azərbaycanı xırda-xırda hissələrə parçalamağa qalxmış tək-tək xainlərin bu nankor cinayətlərini necə önləyəcəyini bilməyən xalqı yenidən bir bayraq altında toparladı. Üç rəngli, aylı ulduzlu bayrağımızın işığında, ona dəstək olan Azərbaycan xalqı ilə çiyin-çiyinə, ürək-ürəyə zülmətin, qaranlıqların üzərinə yeridi. Xalqı aydın bir yola çıxardı...

 

***

 

Heydər Əliyevin birbaşa müəllifliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin II bəndində dövlət bayrağımızla bağlı müddəalar dəqiqliklə əks olunmuşdur.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir.Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Bayrağımız üzərindəki mavi rəng - türkçülük ideyası ilə bağlıdır.

Qırmızı rəng - müasirliyi, demokratik inkişafı ifadə edir.

Yaşıl rəng - İslam sivilizasiyasına işarədir.

Azərbaycan bayrağının üç rəngi: türkçülük ənənələri üzərində bərqərar olmuş milli mədəniyyətimizi, müsəlman sivilizasiyasını və müasir Avropa demokratik əsaslarını simvollaşdırır.

Bayrağımız üzərində əksini tapmış hilal və səkkizguşəli ulduz da türkçülüyün, islamın, çağdaşlığın, dövlətçiliyin, demokratik inkişafın, bərabərliyin, bu bayraq altında bir araya gələn insanların ortaq mədəniyyətinin nişanəsidir.

Heydər Əliyev dövlət bayrağımızın öz rəmzi mənaları ilə Azərbaycan qarşısında müəyyən etdiyi istiqamətləri, qloballaşan dünyanın çağırışları mühitində təkcə dəqiqləşdirmədi, bu üç rəng zolağının hər birini ölkəmizi sabitliyə, inkişafa, müasirliyə, insanlar arasında birliyə, bərabərliyə doğru aparan aydın işıqlı yola çevirdi. Elə bir yola ki, indi təkcə Azərbaycan xalqına deyil, qloballaşan dünyamızdakı mənasız toqquşmalardan cana doymuş hər bir xalqa, dövlətə arzularındakı sülh və firavanlıq dolu gələcəyə doğru aydın istiqamət verir.

***

Heydər Əliyev Azərbaycanın dövlət bayrağı üzərindəki mavi rəngə türkçülük ideyaları işığında, həm də azərbaycançılıq məzmunu gətirdi. Dünyanın siyasi tarixinin ən qüdrətli isimlərindən olan Otto fon Bismark hələ 1871-ci ildə yazırdı ki, hər bir dövlətin dünyanın siyasi səhnəsində uzunömürlü olması, ilk növbədə ərazisində yaşayan xalqları öz ətrafında birləşdirməyi bacaran liderdən və millətin gələcəyinə xidmət edən vahid məfkurənin olmasından asılıdır.

Heydər Əliyev özünəməxsus fəhmlə gündəmə gətirdiyi azərbaycançılıq ideologiyası ilə belə bir məfkurəni formalaşdırmağa nail oldu. Malik olduğu etnik əlvanlığı tarixin qiymətli bir bəxşişi kimi qəbullanan, müxtəlif xalqların nümayəndələrini öz dövlətçilik dəyərləri ətrafında bir araya gətirmiş Azərbaycan üçün bu ideologiyanın əhəmiyyəti barədə geniş söhbət açmaq olar. Amma fikrimcə, Heydər Əliyevin bu nailiyyətinə, zamanında öz düşüncələri ilə dünyanın siyasi mənzərəsini dəyişmiş görkəmli siyasi xadim Zbiqnev Bizejinskidən dəqiq qiymət vermək mümkün deyil: "Heydər Əliyev mahir bir strateq və siyasətçi kimi azərbaycançılıq məfkurəsini gündəmə gətirərək, onu yeni, gənc müstəqil dövlətin təməl daşlarından birinə çevirdi. Bununla da o, Azərbaycanı etnik ərazilərə bölərək parçalamaq və məhv etmək istəyən güclərin niyyətlərinin qarşısını aldı. Heydər Əliyevin azərbaycançılıq məfkurəsi Azərbaycanı məhv olmaqdan xilas edərək, dünyanın siyasi səhnəsinə güclü və inkişaf etməkdə olan bir Azərbaycan çıxardı".

Heydər Əliyevin azərbaycançılıq məfkurəsi Azərbaycan dilinə söykənir. Bu məfkurəni Azərbaycan dili faktorundan kənarda təsəvvür etmək mümkün deyil. Azərbaycançılıq məfkurəsi dünyanın hansı səmtində yaşamasından asılı olmayaraq bu dildə danışan, həyatı ana dilinin qəlibləri ilə qavrayan insanların birliyi deməkdir. Bu dildə yaradılmış ədəbi nümunələrimizin, Azərbaycanın tarixinin, mədəniyyətinin dünyada təbliğidir.

Azərbaycançılıq məfkurəsi həm də sağlam vətənpərvərlik ideologiyasıdır və onun təməlində başqa xalqlarla sülh içində yaşamaq, milli və dini dözümlülük fəlsəfəsi dayanır. Bu baxımdan mütərəqqi ümumbəşəri dəyərlərin təcəssümü olan azərbaycançılıq məfkurəsi qonşu xalqlara düşmənçilik, milli nifrət aşılayan ermənilik ideyası ilə tam ziddiyyət təşkil edir.

Müstəqil Azərbaycanın dövlət siyasətinin əsasında həmişəyaşar azərbaycançılıq məfkurəsinin dayanmasının müəyyən edilməsi bugünkü sürətli inkişafımızda da aparıcı rol oynayır.

Heydər Əliyevin mənəvi irsinin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndər digər müqəddəs əmanətləri kimi azərbaycançılıq məfkurəsinin ardıcıl siyasi xətt kimi qorunmasına da xüsusi həssaslıqla yanaşır. Dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələrindən bəhrələnərək bu məfkurəni yeni şəraitdə daha da inkişaf etdirir. Bütün dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirir, qəlbi bu yurda bağlı hər kəsi uğurlu bir gələcəyə, güclü və inkişaf etmiz Azərbaycan dövlətçiliyinə aparır.

Cənab İlham Əliyev ana qayəsi müqəddəs bayrağımızda öz əksini tapmış türkçülük düşüncəsinin təkcə Azərbaycanda deyil, türk dünyasında məhz bu məcrada inkişafını arzulayır. Milliyyətindən, dilindən, dinindən asılı olmayaraq bütün insanların qarşılıqlı hörmət, yurda sevgi mühitində yaşamaq haqqının qorunduğu bir türk dünyasını bu gün sivilizasiyaların toqquşmasından zillət çəkən dünyamızın yeganə nicat yeri kimi görür: "Dünyanın müxtəlif yerlərində, əfsuslar olsun ki islam dünyasında vəziyyət fərqli istiqamətdə gedir. Qarışıqlıqlar, vətəndaş müharibələri, xoşagəlməz hallar baş verir. Bizim türkdilli coğrafiyada isə inkişaf prosesi gedir. Bu, böyük sərvətdir. XXI əsr türk dünyası əsri olmalıdır. Biz bütün müsbət meyilləri gücləndirməliyik".

 

***

Bayrağımız üzərindəki qırmızı rəng - müasirliyin, demokratik inkişafın ifadəsidir. Heydər Əliyev bu məzmunu da rəmzdən reallığa çevirdi. Azərbaycanda sivil dünyaya inteqrasiya yolu tutmuş hüquqi dövlət quruldu. Cəmiyyətimizdə demokratik dəyərlər bərqərar oldu. Vətəndaşlara hüquq və azadlıqlar verildi. Söz azadlığı təmin edildi. Demokratik islahatlar ardıcıl xarakter daşımağa başladı. Bazar iqtisadiyyatı yolunu tutmuş müstəqil Azərbaycan dövləti bu istiqamətdə misilsiz nailiyyətlər əldə edərək öz təcrübəsi ilə eyni mərhələni yaşayan bütün gənc dövlətlər üçün uğur modelinə çevrildi.

Ulu öndərin ölkəmizin müasir inkişafı ilə bağlı irəli sürdüyü prinsiplər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun şəkildə yüksək dinamizmlə yerinə yetirildi. Bütün ölkə boyu aparılan tikinti-quruculuq tədbirləri ilə Azərbaycanın qiyafəsi dəyişdi. Vətəndaşlarımızın təkcə geyim-kecimi, evlərinin cəlalı, istifadə etdikləri əşyaların keyfiyyəti yenilənmədi. İnsanlarımızın təfəkküründə də böyük dəyişikliklər baş verdi. Cəmiyyətimiz çox sürətlə sivil dünyanın bir parçasına çevrildi.

Azərbaycanda informasiyalı cəmiyyətin qurulması, informasiya-kommunikasiya texnologiyalarının inkişafı, elektron hökumətin yaradılması, insanların savadlanmasının, təhsilinin bir nömrəli amala çevrilməsi və bunun əsasında insan kapitalının formalaşdırılması və digər bu kimi addımlar Azərbaycan Prezidentinin dövlət bayrağımızın daha bir rəmzinin müəyyən etdiyi müasirlik, inkişaf ideyalarına sadiqliyinin təntənəsidir.

***

Azərbaycan bayrağı üzərində islam sivilizasiyası anlayışını əks etdirən yaşıl rəng də Heydər Əliyev müdrikliyi sayəsində yeni məzmun qazandı. Bu rəng türkçülük düşçüncəsi, azərbaycançılıq məfkurəsi, müasirlik prinsipləri və islam mədəniyyəti mühitində qorunub inkişaf etdirilən milli-mənəvi dəyərlərimizin, Azərbaycanda mövcud olan tolerantlıq ənənələrinin ümumi ifadəsinə çevrildi.

Heydər Əliyev islamı milli-mənəvi kimliyimizin ayrılmaz bir parçası kimi götürür, xüsusilə gənc nəslin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyəsində dinimizin ilahi əxlaqi rolunu yüksək dəyərləndirirdi.

Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə yüzlərcə ibadətgah inşa, yaxud bərpa edildi, dini dəyərlərimiz yenidən canlandı, cəmiyyətdə vicdan azadlığı təmin olundu. Dünyəvi dövlətçilik yolu seçmiş Azərbaycanda din dövlət münasibətlərindəki qeyri-müəyyənlik də məhz Heydər Əliyevin hakimiyyət rəhbərliyinə qayıdışından sonra bütün dünyaya örnək olası bir tərzdə nizamlandı. "Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik" prinsipini irəli sürən ulu öndər Azərbaycanda müəyyənləşən dünyəvilik modelini din və dövlət işlərinin bir-birindən ayrıldığı, lakin dövləti təşkil edən xalqın təməl dəyərlərindən biri kimi dini dəyərlərin hörmətlə qarşılandığı və qorunduğu bir model kimi dünyaya təqdim etdi.

Bu modelin uğurları, ölkə rəhbəri cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində Azərbaycan bu gün bütün dünyada tolerantlıq, mədəniyyətlərarası dialoq məkanı kimi tanınır. Zaman keçdikcə daha şiddətlə toqquşan Şərq və Qərb sivilizasiyalarının gərginliyindən bəşəriyyət məhz bu məkanda aram olur, rahatlıq tapır. Son illər tolerantlıq, mədəniyyətlərarası dialoq, multikulturalizm mövzularının müzakirə yeri, Qərb və Şərq bilginlərinin mükalimə məkanı kimi məhz Azərbaycanın seçilməsinin bir rəmzi səbəbi də budur.

Milli düşüncəmizdə bayraq qədər müqəddəs sayılan daha bir rəmzi - Azərbaycan qadını adını öz fədakar əməyi ilə ucalara yüksəltmiş Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoş məramlar səfiri Mehriban xanım Əliyevanın bu istiqamətin inkişafına verdiyi bənzərsiz töhfələri də tarix həmişə şükranlıq duyğuları ilə xatırlayacaqdır.

 

"Bir kərə yüksələn bayraq bir daha enməz!"

 

...On illər əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun acıları içində Azərbaycanın gələcək gəncliyinə kövrək bir ümid kimi ünvanlanmışdı, bu kəlam.

AXC-in süqutundan cəmi üç bahar keçdi...

Üç bahar sonra - 1923-cü ildə qədim Naxçıvan torpağında bir Azərbaycan övladı dünyaya gəldi.

70 il ürəklərdə qövr edən ümidi göyərtmək Ona qismət oldu - Heydər Əlirza oğluna...

Və gün gəldi bu bayrağı bir də heç bir zaman enməyəcəyinin təsdiqi kimi göy üzünün ənginliklərinə də o kişinin yadigarı - İlham Heydər oğlu uğurladı...

2010-cu ilin 1 sentyabr günü Xəzərin sahilində göylərə yüksəlmiş - dünyanın ən uca bayrağını azad səmalarda cilvələndirən nur seli ilə Azərbaycan adlı ATA yurdunda əbədi işıq yandırdı.

Elə bir işıq ki, zəfər gülləri onun şəfəqlərində boy atıb qönçələnəcək.

Elə bir işıq ki, zərrələrini hər duyduğumuzda böyük Cəfər Cabbarlının misraları müqəddəs dua kimi qəlbimizdən qopub Tanrıya ünvanlanacaq:

 

Allah, əməllərim edib şu bayrağı intiqal,

Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

Yürəyində bir dilək var, o da doğru kəsilsin,

O gün olsun bir göy bayraq Turan üstə açılsın...

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-dramaturq 

"Azərbaycan" qəzeti, 08.11.2013