«Lider formulu» proqramının müəllifi, məşhur həmyerlimiz Mixail Qusman Heydər Əliyevlə bağlı film üzərində işləyərkən rastlaşdığı maraqlı bir detalı misal çəkmişdi: «Əliyevlərin evində «Nuh əyyamından qalmış» sovet kamerası ilə çəkilmiş arxiv kadrları tapdım. Həmin kadrlarda Heydər Əliyevin həyat yoldaşı — fantastik dərəcədə xeyirxah, çox ağıllı və çox nəcib qadın, böyük alim, akademik, təbabət professoru Zərifə Əziz qızı piano arxasında əyləşmişdi. Heydər Əliyev özü isə oxuyurdu. Bu, insanın qəlbini riqqətə gətirən, çox səmimi səhnə idi. Heydər Əliyevin necə cazibəli insan olması hətta bu köhnə kadrlarda da aşkar görünür».

Heydər Əliyevin bu cazibəsi, bu əzmi heç şübhəsiz ki, Zərifə xanımın sevgisindən, vəfasından, ona verdiyi dəyərdən, dəstəkdən güc alırdı.

Onlar ilk dəfə görüşəndə Zərifə xanım Əliyevanın 25 yaşı vardı… Bu görüşün müəyyənləşdirdiyi birgəlik taleyi Zərifə xanıma doğulandan bəri daşıdığı Əliyev soyadını dəyişməyə lüzum yaratmayacaqdı. Həyatın qazandırdığı statuslarsa dəyişməli olacaqdı…

O, ömrünün davamını, tanınmış oftalmoloq-alim, xüsusi xidmət orqanı generalının ömür-gün yoldaşı, ölkənin birinci xanımı, Azərbaycanın gələcək prezidentinin anası kimi yaşayacaqdı…

Zərifə xanımın atası Əziz Məmmədkərim oğlu Əliyev zəmanəsinin ən nüfuzlu şəxsiyyətlərindən olmaqla həm də çətin və şərəfli bir ömür yaşamışdı. İllər sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu ömrü qısa şəkildə belə xarakterizə edəcəkdi: «Əziz Əliyev qeyri-adi insan idi. İrəvanda rus gimnaziyasında təhsil almaq və oranı qızıl medalla bitirmək, gənc ikən kömək üçün milyonçu Hacı Zeynalabdin Tağıyevə müraciət etmək, ondan bu köməyi almaq və bütün dünyada məşhur olan Hərbi Tibb Akademiyasında ali tibb təhsili almaq üçün Peterburqa getmək — gənclik illərində bunu heç də hər kəs bacarmazdı. Heç də hər kəs bu qədər məqsədyönlü ola bilməzdi. Başqa sözlə, bu qeyri-adi istedadı ilahidən gələn insan özünün məqsədyönlülüyü, fədakarlığı, zəhmətsevərliyi, biliklərə can atması sayəsində çox şey qazanmış, hərtərəfli insani keyfiyyətlər əldə etmişdir. O, həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi, Moskvada, sonra isə Azərbaycanda məsul işdə çalışmışdı. Ancaq eyni zamanda, onun həyatı heç də asan keçmirdi, maneələrlə, çətinliklərlə, özünə qarşı edilən bir çox haqsızlıqlarla rastlaşırdı. Amma bunların hamısını aradan qaldırır və yolundan dönmürdü».

Gənc yaşlarından ona mühüm dövlət vəzifələrini etibar etmişdilər: Kliniki İnstitutun direktoru, Tibb İnstitutunun rektoru, Bakı Səhiyyə Şöbəsinin müdiri, xalq səhiyyə komissarının müavini, səhiyyə komissarı, Azərbaycan Dövlət Universitetinin rektoru, Azərbaycan K(b)P MK-nın katibi, İranda sovet kontingentinin siyasi rəhbəri, K(b)P Dağıstan Vilayət Komitəsinin birinci katibi, Dağıstan Müdafiə Komitəsinin sədri və ən nəhayət, Azərbaycan Nazirlər Soveti sədrinin birinci müavini…

Artıq Əziz Əliyevin adı ÜİK(b)P Azərbaycan Komitəsinin birinci katibi və hökumət başçısı vəzifəsini əvəz edəcək kadrların siyahısına qeyd olunurdu. Əziz Əliyevin müvəffəqiyyətlə yüksəldiyini çoxdan bəri qısqanclıqla müşahidə edən və onun şəxsində öz rəqibini görən, artan nüfuzuna qərəzli münasibət bəsləyən M.C.Bağırov nəyin bahasına olur-olsun onu siyasət meydanından uzaqlaşdırmaq qərarına gəlir. Respublika Kommunist Partiyası MK-nın 12 iyun 1951-ci il tarixli qərarı ilə M.C.Bağırov ilk zərbəni vurur: Əziz Əliyevə şiddətli töhmət elan edilir. İyunun 24-də isə Ə.Əliyev Nazirlər Soveti sədrinin müavini vəzifəsindən azad edilir. Əziz Əliyevi əvvəlcə Ortopediya və Bərpaedici Cərrahiyyə İnstitutuna direktor təyin edirlər. Ancaq təqib zəncirinin halqaları bununla qurtarmır. Tezliklə onu elmi-tədqiqat institutunun direktorluğundan azad edib Sabunçu xəstəxanasına köçürürlər.

Ola bilər M.Bağırov bununla rəqibini hörmətdən saldığını düşünürdü. Amma yəqin ki, ancaq vəzifəpərəst, mənsəb əsiri olanlar belə bir təzyiq metodundan əzilib sına bilərdilər. Əziz Əliyevçünsə ən böyük cəza, ona işləməyi, fəaliyyət göstərməyi qadağan etmək olardı ki, bu da mümkünsüz idi. O, hər gün sadə zəhmət adamları ilə birgə elektrik qatarına minib bu fəhlə qəsəbəsinə yollanır, xəstələrlə görüşən kimi bir anda «birincinin» düşmən münasibəti də, köhnə tanışların qorxaqlığı — onu görəndə tələsik üzlərini yana çevirmələri də unudulub gedirdi.

Əziz Əliyev ideal ailə başçısı idi. Onun həyat yoldaşı Leyla xanım xeyirxahlıq və incəlik təcəssümü sayıla bilərdi. Bu mehriban ailədə iki oğlan — Tamerlan və Cəmil, dörd qız — Ləzifə, Zərifə, Dilbər və Gülarə ata məhəbbəti, ana nəvazişi ilə böyüyürdü. Uşaqlardan dördü atalarının yolu ilə gedib həkim oldu. Dilbər rabitəçi-mühəndis peşəsini seçdi, ən kiçiyi Gülarə isə istedadlı pianoçu kimi tanındı. Zərifə Əliyeva bütün yüksək keyfiyyətlərini — yaxşılıq etməyi, səxavəti, alicənablığı böyüdüyü ailədən əxz etmişdi. Bunlar hamısı o ailəyə məxsus keyfiyyətlər idi: ziyalılıq, əməksevərlik, səmimilik, doğma ocağa, xalqa və vətənə məhəbbət, bəşəri dəyərlərə bağlılıq… Bu xüsusiyyətlər onun həyatında öz layiqli əksini tapmışdı.

***

Onlar 1948-ci ildə rastlaşmışdılar…

Elə həmin vaxt gənc qəlblərdə zaman ötdükcə əfsanəvi məhəbbətə çevrilən qarşılıqlı rəğbət alovlanmağa başlanmışdı…

Bayırda isə zamanın sərt rüzgarları əsirdi. O illər idi ki, Əziz Əliyevə qarşı repressiya getdikcə güclənir və repressiya maşını onun ailə üzvlərindən də yan keçmirdi.

Bu dalğa görkəmli ictimai-siyasi xadimin qızı Zərifə xanımla ailə həyatı qurmağa hazırlaşan DTK zabiti Heydər Əliyevə də gəlib çatırdı. İş yerində Heydər Əliyevin yuxarıların qəzəbinə tuş gəlmiş məmurun qızıyla görüşdüyündən, şübhəsiz ki, xəbərdar idilər.

Çalışdığı dövlət qurumunun səlahiyyət sahibləri onu çağırıb psixoloji təsir göstərməyə, ölkə rəhbərliyinin düşmən münasibət bəslədiyi şəxsin övladı ilə izdivac fikrindən daşındırmağa çalışırdılar.

Heydər Əliyev xatırlayırdı:

- Zərifə xanımla görüşdüm. O dedi ki, biz daha görüşə bilmərik. Soruşdum: «Niyə?» Dedi: «Bilirsən ki, atamı işdən çıxarıblar. Sən isə orqanda işləyirsən, mənə görə zərər çəkə bilərsən. Düşünürəm ki, əlaqəmiz kəsilməlidir». Mən etiraz elədim: bizim münasibətlərimiz kimin harada işlədiyindən asılı ola bilməz. Bu münasibətlər nə sənin atandan, nə mənim işimdən asılı deyil… Aramızda səmimi ülfət yaranmışdı. O, məni çox sevirdi, mən də onu. Ona görə dedim: sən narahat olma. Cavab verdi ki, özünə görə narahat deyil, onsuz da atası artıq işdən çıxarılıb. «Mən sənə görə nigaranam. Elə ola bilər ki, bu sənin işinə təsir göstərsin».

Heydər Əliyev bu vəziyyət haqqında Zərifə xanımdan daha çox xəbərdar idi. Əziz Əliyevi izləyirdilər, telefonlarına gecə-gündüz qulaq asırdılar. Aydındır ki, Heydər Əliyevin zəngləri, Zərifə ilə söhbətləri də qeydə alınırdı. Odur ki, respublika təhlükəsizlik naziri Yemelyanovun hüzuruna çağırış gənc Heydər üçün gözlənilməz olmadı.

- Biz bir qədər iş haqqında danışdıq.

Sonra isə o məndən soruşdu: «Sən filan qızla görüşürsənmi?» «Bəli», — dedim. «Bəs bilmirsənmi, onun atası Əziz Əliyev tutduğu vəzifədən azad edilib?» «Bilirəm». «Yoldaş Bağırov onun haqqında çox pis fikirdədir». «Mənim bu barədə məlumatım yoxdur». — «Sən gənc və bacarıqlı əməkdaşsan. Leninqradda gözəl təhsil almısan, gələcəyin var. Gərək Əziz Əliyevin ailəsi ilə münasibətlərə son verəsən, yoxsa biz səni işdən azad etməyə məcbur olacağıq».

Rəis karyerasına mane ola bilər deyə, gənc zabitə Zərifə Əliyeva ilə ünsiyyəti kəsmək məsləhət görüldü. Dövlət təhlükəsizlik orqanlarından çıxarılmaq birdəfəlik «kitabın bağlandı» demək idi.

«Amma yenə də mən öz fikrimdə qaldım və Zərifə ilə münasibətimi üzmədim» — əslində, Heydər Əliyevdən başqa bir qərar da gözləmək olmazdı.

Bu söhbətin ab-havası Heydər Əliyev üçün çıxış yolu qoymurdu, o, artıq anlayırdı ki, «birinci» öz rəqibinə qəti şəkildə divan tutmağa hazırlaşır. Amma, nə baş verirsə, versin, Zərifəsiz həyatı təsəvvür edə bilmirdi. Və artıq onun qəlbində bu məsələ ilə bağlı zərrə qədər də olsun tərəddüd yox idi.

Sonralar Heydər Əliyev o illərdəki düşüncələrini etiraf kimi dilə gətirəcəkdi: «Bilirsiniz, necə fikiləşirdim. Mən DTK-da işləyirdim, bilirdim ki, onun atasının ətrafında nələr baş verir, onu necə izləyirlər. Mən bilirdim, eşitmişdim ki, onların ailəsini Qazaxıstana sürgün etmək istəyirlər. Mən fikirləşirdim ki, əgər onları sürgün etsələr, mən də Zərifənin ardınca Qazaxıstana gedəcəyəm. Orada iş tapmaq bəlkə burdan daha asan oldu».

Amma ulduzların düzülüşü sevən qəlblərin tərəfində idi…

1953-cü ilin martında tarixin növbəti səhifəsi çevrildi. Moskvada, bağ evində Sovet İttifaqını və dünyanın yarısını idarə edən bir insan — İosif Stalin vəfat etdi. Dörd aydan sonra Beriyanı, ardınca da onun respublikalardakı əsabələrini tutub mühakimə etdilər…

Daha Heydər Əliyevlə Zərifə xanımın gizli görüşmələrinə də ehtiyac qalmadı.

- Görüşlərimiz leqallaşdı, — Heydər Əliyev kövrəkliklə xatırladacaqdı — İkimiz də xoşbəxt idik. İndi bütün bunları bilərək, deyin görüm, məhəbbətimin köklərinin nə qədər dərin olduğunu sübut etməyə dəyərmi? Bizim sevgimiz, məhəbbətimiz çətin sınaqlardan keçdi. Bizi ayırmaq istəyirdilər, amma biz dönmədik. O da dönmədi, mən də… Mənim səmimi məhəbbətin gücünə inamım təsdiqləndi. Və bundan sonra biz otuz il xoşbəxt yaşadıq.

Onların toyları da qəribə və qəribəliyi qədər də yaddaqalan olmuşdu. 1999-cu ildə Biləsuvarda məskunlaşmış dörd məcburi köçkün gəncin toyunda iştirakı zamanı ömrün o xəfif xatirəsi Heydər Əliyevin dilində belə səhifələndi:

- 1954-cü ildə mən evləndim. Ancaq nə təhər evləndim? Biz Bakıda şəhəri gəzirdik. O vaxt Voroşilov küçəsi var idi, indi həmin küçə Yusif Məmmədəliyevin adını daşıyır. Gəlib gördük ki, orada bir ZAQS şöbəsi var. Biz həmin ZAQS-a getdik. Nə şahid, nə də başqa iştirakçı var idi. Heç kəs yox idi. ZAQS-da bir qadın oturmuşdu, ona dedik ki, biz kəbin kəsdirmək istəyirik. Bildirdi ki, yaxşı, gəlin oturun. Heç üzük də yox idi. Biz oturduq. Buradakı kimi belə təntənəli nitqlər olmadı. Həmin qadın bizdən soruşdu ki, ailə qurmağa razısınız? Dedik ki, bəli. Bildirdi ki, buraya imza atın, biz də imza atdıq. Bizim kəbin kağızımızı verdilər. Soruşdum ki, nə edək? O vaxt «Nizami» kinoteatrının yanında mağazaya getdik, bir kiloqram «Mişka» konfeti aldım. Sonra oradan piyada dəniz kənarına gəldik. Zərifə xanımın ailəsi orada yaşayırdı. Biz onların evinə gəldik, Zərifə xanımın anasına və qohumlarına dedik ki, artıq kəbin kəsdirmişik. Bildirdim ki, bir kiloqram «Mişka» konfeti gətirmişəm ki, ağzımızı şirin edək…

***

İstəkli oğlunun Zərifə xanım kimi bir qızı sevib-seçməsi Heydər Əliyevin anası İzzət xanımı da dünyanın xoşbəxti etmişdi. Ananın müqəddəs arzuları göyərmişdi.

Zərifə xanım da qayınanasını çox sevir, xətrini əziz tutur, bir övladı kimi qayğısına qalır, qulluq edirdi. O, təkcə sadiq, sevən həyat yoldaşı yox, həm də diqqətcil gəlin idi. Dərs, elmi fəaliyyət, tibbi xidmət — bunlar heç biri İzzət xanımın, həyat yoldaşının qayğısına qalmağa mane ola bilməzdi. Zərifə xanım həmişə deyirdi ki, qadın ər evində hər şeydən əvvəl gəlindir və buna görə də onun əsas vəzifələrindən biri evdəki «ab-hava»dır. İzzət xanım da öz növbəsində gəlinini çox sevir, ona ana qayğısı göstərirdi. Zərifə xanım haqqında söhbət düşən kimi deyərdi: «Allah kaş hamıya belə gəlin qismət eləsin».

…İzzət xanıma o, doğma anası kimi baxırdı. 1956-cı ilin yazında Heydər Əliyevin anası ağır diaqnozla xəstəxanada yatanda onun şəfa tapması üçün əlindən gələni edirdi. Qonşu palatada Səməd Vurğun yatırdı. Heydər, Zərifə və onun qardaşı Tamerlan anaya hər gün baş çəkirdilər.

Mərhum akademik Püstəxanım Əzizbəyova belə bir epizod xatırlayır: «Zərifənin bacısı qızı Svetlananın toyu bu gün də yadımdadır… Biz Zərifə ilə məqam tapıb güzgülü qalereyaya, xəlvətə çəkildik. O özü də təzə ərə getmişdi və biz doyunca söhbət edə bilməmişdik. Zərifəyə birinci sualım bu oldu: «Necədi, xoşbəxtsənmi?» O, sevinclə etiraf etdi: «Bəli, xoşbəxtəm, sevgim qarşılıqlıdır». Həyat yoldaşının gözəl xasiyyəti barədə mənə danışdı. Ən maraqlısı budur ki, bu söhbətin üstündən uzun illər keçdikdən sonra da o, həyat yoldaşından və ailəsindən həmin razılıq və sevinc hissi ilə danışırdı…»

***

Tələbəliklə vidalaşıb özünün ilk elmi-tədqiqat mövzusunu müəyyənləşdirərkən Zərifə xanım respublika səhiyyəsi üçün böyük əhəmiyyət kəsb edən sahəni seçmişdi. Onun namizədlik dissertasiyasının mövzusu ictimai nöqteyi-nəzərdən oftalmologiyanın aktual probleminə — traxoma ilə mübarizəyə aid idi.

Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar qazanır.

Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, bir az da dəqiq desək, traxomanın müalicəsində və onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotikdən — sintomisindən istifadə olunmasına həsr edir. Bu dövrdə Zərifə xanım yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısının alınması üçün xüsusilə böyük səy göstərirdi. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi» mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdi. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkə əhalisi bu xəstəlikdən xilas olur. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.

Traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işləri yekunlaşdırdıqdan sonra Zərifə xanım oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə tədqiqatlar aparmağa başlayır. O, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır.

1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır, 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona «Oftalmologiya» ixtisası üzrə böyük elmi işçi adı verir.

1967-ci ildə Z.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin — Zərifə xanımın atasının adını daşıyırdı.

Həmin dövrdə Zərifə Əziz qızı həkimlik fəaliyyəti ilə məşğul olur: bir çox cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır.

Tibbi təcrübə və kadr hazırlığı məsələləri ilə çox ciddi məşğul olmasına baxmayaraq, Z.Əliyeva elmi-tədqiqat işlərinin davam etdirilməsinə də böyük əhəmiyyət verir. Həmin dövrdə o, oftalmologiyanın bir sıra aktual məsələlərinə diqqət yetirir.

1968-ci ildən başlayaraq Z.Ə.Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlayır. Zərifə xanım bu problem üzərində iş apararkən çox vaxt bilavasitə sənaye müəssisələrində olmuş, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirmişdir. Bununla yanaşı, Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparmışdır. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdir.

1977-ci ildə Zərifə Əliyeva Moskvada Gelmqolts adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda «Azərbaycan kimya sənayesinin bəzi müəssisə işçilərinin görmə orqanlarının vəziyyəti» mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etdi. Rusiya Tibbi Elmlər Akademiyasının akademiki, Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun direktoru Mixail Krasnov bu mövzunun əhəmiyyətindən söhbət açarkən deyirdi:

- Elmimizin Zərifə Əziz qızını ən çox cəlb edən bu sahəsində vəziyyət hətta bir qədər paradoksal şəkil alırdı. İnsanı əmək yaratmışdır, lakin onun şüurlu ömrünün üçdə bir hissəsini keçirdiyi istehsalatda xüsusi yaşam şəraiti də əmələ gəlmişdi. Sanki bütün bunlar aksiomadır, o cümlədən göz və görmə məsələsində də. Tam dəyərli əmək üçün görmə qabiliyyəti nəinki vacibdir, hətta müasir cəmiyyətdə buna tələbat ildən-ilə artır. Bununla əlaqədar indiyə kimi bu mövzuda ümumiləşdirilmiş elmi əsərlər yoxdur. Zərifə Əziz qızının sosial duyumuna malik olmaq gərəkmiş ki, olduqca zəhmətli, mürəkkəb, nəcib, lakin daima şükranlıq gətirməyən qayənin xidmətinə öz istedadını həsr edəsən. Zərifə Əziz qızının səyləriylə ilk dəfə professional görmə patologiyası üzrə elmi-tədqiqat laboratoriyası yaradılmışdır.

Zərifə xanımı tanıyanların hamısı onu xoş sözlərlə yad edirlər. Aleksandr Sergeyeviç Dzasoxov söyləyir: «Mən onu Əliyevlər ailəsinin Bakıda — Zuğulbada qonağı olarkən görmüşdüm. Zərifə xanım nadir xeyirxahlığı ilə fərqlənirdi. O, tibb elmləri doktoru elmi adına tam uyğun gəlirdi. Onlar xoşbəxt ailə sahibi idilər. Əfsus ki, Heydər Əliyev 1985-ci ilin aprelində Moskvada ömür yoldaşını itirdi. Onun bu faciədən necə sarsıldığının şahidi olmuşam. Əminliklə deyə bilərəm ki, Zərifə xanım Əliyevlər ailəsinin yetişməsində, gözəl övladların — şərqşünas-alim Sevilin, bu gün Heydər Əliyevin işini davam etdirərək müstəqil Azərbaycana başçılıq edən İlhamın tərbiyəsində mühüm rol oynamışdır».

***

Zərifə xanım məşhur həkim-oftalmoloq, tibb elmləri doktoru, akademik, Azərbaycanın əməkdar elm xadimi, parlaq alim və eyni zamanda həssas, qayğıkeş pedaqoq, müdrik təşkilatçı idi. Xeyirxahlıq, insanpərvərlik, ziyalılıq Zərifə xanımı əfsanələşdirmişdir. Alim kimi o, fundamental əsərlər qoyub getmişdir. Onun irsi, elmi nailiyyətləri, pedaqoji təcrübəsi daim tədqiqat obyekti olmuşdur.

Görünür, Zərifə Əliyeva şəxsiyyətinin gücü məhz onun insanların qayğı və iztirablarına, niyyət və arzularına fədakarcasına xidmətində idi. Onun 1983-cü ildə nəşr olunmuş «Həkimlərin mənəvi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri» adlı kitabı yalnız tibb işçilərinin stolüstü kitabı olmadı, onu həm də insan münasibətlərinin, cəmiyyət əxlaqının nizamnaməsi saymaq olar.

Zərifə Əliyeva müasir dünyada həkim etikasının məsələləri və prinsipləri mövzulu «Yüksək əqidə» adlı əsərində məxsusi olaraq özünün insan kredosu ilə bütövlük təşkil edən sənətinin əsl mahiyyətini belə açır: «Vicdan bizim əsas hakimimizdir. Çətin dəqiqələrdə də, xoşbəxt saatlarda da onunla baş-başa qalanda o soruşur: Ağ xalat geyməyə haqqın varmı? Sənin əllərin xəstəlikdən əziyyət çəkənə yalnız biliyini deyil, həm də qəlbinin həyəcanını, ürəyinin yanğısını çatdıra bildimi? Düzünü desək, vicdanın şəxsi mühakiməsindən şərəflə keçmək böyük xoşbəxtlikdir. Yaxşı həkim həmişə xəstə ilə birlikdə həyəcan keçirir, pasiyentin ağrısı elə həkimin şəxsi ağrısıdır. Əgər sağlamlığını itirən şəxs yenidən ona malik olursa, demək, həkim də yenidən həyata qayıdır, doğulur. Bizim sənətimizin mənəvi təməli də elə bundadır».

Zərifə xanım bu prinsipi təkcə qələmə almaqla kifayətlənmirdi, həkim olaraq öz şəxsi nümunəsi ilə də bunu nümayiş etdirirdi, başqaları üçün örnək yaradırdı. Seçdiyi elm sahəsindəki nailiyyətləri Zərifə xanımı ruhlandırırdı, kiçik uğursuzluqlar isə onu mütəəssir etmirdi, təslim olmur, problemi daha da inadla öyrənirdi. Öz təbiətinin misilsiz xüsusiyyətləri sayəsində o, böyük tədqiqat potensialına yiyələnmişdi və buna görə də nəzəri problemlər üzərində işləməyə həvəslə başlayır, bununla belə, nəzəri nəticələri təcrübəyə tətbiq etməyə, tibbi biliklərin praktikada işlədilməsinə çoxlu vaxt və əmək sərf edirdi. Onda yüksək peşəkarlıq və biliklərin vüsəti rəftar, insanpərvərlik və xeyirxahlıq mədəniyyəti ilə üzvi şəkildə birləşmişdi. Bütün çətinliklərə rəğmən, həkimlik onun üçün sadəcə iş deyil, həm də fasiləsiz ilham mənbəyi idi. O, təkcə öz varlığıyla belə həmkarları və pasiyentləri arasında xüsusi inam və xeyirxahlıq atmosferi yaradırdı.

Bununla belə, heç vaxt seçilməyə çalışmırdı, özünü camaata göstərməyə can atmırdı, çətin və şərəfli ömür yolunun hər bir məqamında ciddiyyətini, səmimiyyətini, təvazökarlığını ən qiymətli zinət kimi qoruyub saxlayırdı.

Deyirlər, göz qəlbin aynasıdır. Zərifə Əliyevanın oftalmoloq peşəsini seçməsi də, yəqin ki, gözün insan həyatındakı rolunu dərk etməkdən, bizi əhatə edən dünyanın bitib-tükənməyən rəngarəngliyini qavramaqda və insanın heç də az zəngin olmayan daxili dünyasını əks etdirməkdə gözün əvəzsiz bir nemət olduğunu anlamaqdan irəli gəlirdi.

Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, əməkdar elm xadimi N.Şulpina həmkarı Zərifə Əliyevaya məqalə və həyəcanlı şeirlər həsr etmişdir. O yazır ki, Zərifə Əliyeva çox gözəl nitq mədəniyyətinə malik idi. Onun Azərbaycan və rus dillərində danışığı, elmi tribunalardan səslənən çıxışları, nitqləri öz dəqiqliyi və aydınlığı ilə bütün həmkarlarının diqqətini özünə cəlb edirdi. O, bir qayda olaraq, mətnə baxmadan, möhkəm yaddaşına bel bağlayaraq, mövzunu diqqətlə hazırlanmış rəngli slaydlarla və cədvəllərlə izah edərək çıxış edirdi.

***

Kənardan onu müşahidə edən heç kimsə, Zərifə Əliyevanın ölkənin birinci xanımı olduğunu güman edə bilməzdi. Zərifə xanım heç zaman Heydər Əliyev şəxsiyyətinin arxasında daldalanmamışdı. Zərifə xanım xarakterinin gücü, səyi, zəhmətli əməyi, ağlı, iradəsi və xeyirxahlığı sayəsində özünə canlı abidə ucaltmışdı.

Zərifə xanım Əliyeva xəstə qarşısında şəfası, şəfqəti ilə nur saçan həkim, kolleqaları arasında mehriban, kömək əli uzatmağa hər an hazır olan həmkar, cəmiyyətdə Azərbaycan qadını adının dəyərini, qadın fəallığı ənənələrinin ən gözəl xüsusiyyətlərini təmsil edən ziyalı Azərbaycan xanımı, evdə, ailədə isə doğmalarından sevgisini bir an belə əsirgəməyən qayğıkeş ana idi.

Sonralar Prezident İlham Əliyev xatırlayacaqdı: «Anam vəfat edəndə mənim böyük qızımın hələ heç bir yaşı da tamam olmamışdı. Qızlarımın öz nənələrini görməmələrini böyük itki hesab edirəm. Anamın vəfatından sonra mənim, eyni zamanda bizim ailənin həyatı çox dəyişdi. Mən daha onun sağlığındakı kimi gülə bilmirəm. İllər keçsə də, həyatımda hansısa sevindirici hadisə baş verirsə, mən təəssüflənirəm ki, anam bunu görmədi, o indi sağ olsaydı, çox sevinərdi».

Amma bircə təsəlli var ki, Zərifə xanım hər bir ananın ən çox arzuladığı hadisənin sevincini yaşadı, övladının toyunu görmək ona nəsib oldu. Həmin gün iki nəcib ailə — Heydər Əliyev və Zərifə xanımın ailəsi ilə Arif Paşayev və Aida xanım İmanquliyevanın ailəsi qohum oldu: görkəmli yazıçı Mir Cəlalın, ustad jurnalist Nəsir İmanquliyevin nəvəsi Mehriban xanım Heydər Əliyev ocağına gəlin köçdü.

Ulu öndər söz düşəndə xatırlayırdı: «Ölümünə az qalmış Zərifə uşaqların ailə qurması üçün çox israr edirdi. Elə hey deyirdi: «Tezliklə toylarını görsəydim.» Elə bil tezliklə öləcəyini hiss edibmiş. Gəlinimizi də özü gözaltı edib bəyənmişdi. Vəfatından bir az əvvəl Bakıya gəldi, İlhamın gələcək həyat yoldaşı ilə görüşdü, toyu Moskvada etdik. Biz qızım, oğlum və gəlinimlə birlikdə Moskvanın qırx beş kilometrliyində Siyasi Büronun bizim üçün ayırdığı bağ evində yaşayırdıq».

Onda İlham Əliyev də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna qəbul olmuşdu. Mehriban xanım isə Moskva 1-ci Tibb İnstitutunda təhsil alırdı. Zərifə xanım öz söhbətləri ilə oftalmologiya ixtisasını ona o qədər sevdirmişdi ki, Mehriban Əliyeva da məhz bu peşəni seçməyə qərar vermişdi.

«Təəssüf ki, mən Zərifə xanımla çox az ünsiyyətdə ola bildim» illər sonra Mehriban Əliyeva xatırlayacaqdı: «1983-cü ildə biz tanış olduq, 1985-ci ildə isə o vəfat etdi. Bu istedadlı və cazibədar qadını mən indi də çox böyük ehtiramla xatırlayıram…»

***

Dahilərdən hansınınsa zamanın qiymətli cəvahir kimi cilalayıb atalar sözünə çevirdiyi bir kəlamı var:  «Alim olmaq asandır, insan olmaq çətin». Əslində bunların hər ikisi çətindir. Sadəcə alimlik insanlıqdan sonra başladığından ona doğru aparan yol daha asan gəlir. Həm gözəl alim, həm də gözəl insan olmaqsa, görünür Tanrı tərəfindən seçilmişlərə qismət olan bir taledir.

Həyat Zərifə xanımı da ömrün bu qoşa anı arasında sınağa çəkdi. Və O, həm insanlığı, həm də alimliyi ilə bir insanın və bir alimin yüksələ biləcəyi ən ali məqama ucaldı.

O məqamın adı əbədiyyətdir…

 

27 Aprel 2014