Böyük siyasətin davamının əhatəli salnaməsi

 

Ölkəmizin müstəqillik tarixinin xronikası Azərbaycan xalqının iki dəfə - 1993-cü ildə və 2003-cü ildə taleyüklü seçimlə üzləşdiyini açıq-aydın göstərir. Bu, geniş tarixi aspektdə götürüldükdə xalqımız üçün həqiqət anı, onun müstəqil dövlətçiliyinin əbədiliyi baxımından həyati əhəmiyyətə malik yolayırıcıları idi. Ölkəmizin xoşbəxtliyi ondadır ki, bu yolayırıcılarının hər ikisində xalqımız olduqca müdrik seçim edərək özünün və dövlətinin taleyini siyasi bacarığına və yenilməz iradəsinə bələd olduğu liderlərə etibar etmişdir.

 

Bu fikirlər iqtisad elmləri doktoru, Milli Məclisin deputatı Xanhüseyn Kazımlının 2007-ci ildə “Nurlar” nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatla çapdan çıxmış “Böyük siyasətin davamı” çoxcildliyinin I cildində əksini tapmışdır. Yeri gəlmişkən qeyd edək ki, sözügedən kitabların hər biri 750-800 səhifədən ibarət olmaqla onların 7-ci cildi ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində işıq üzü görmüşdür.

Kitabda ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi və iqtisadi strategiyanın uğurları, onun yaradıcılıqla davam etdirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətlə reallaşdırdığı düşünülmüş taktiki gedişlər geniş şəkildə, zəngin faktlar əsasında işıqlandırılmışdır. Hər cilddə müvafiq dövrə güzgü tutan fotoalbom əlavə olunmuşdur.

Hər biri iki hissədən və dörd fəsildən ibarət olan çoxcildliyin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi professor Əli Həsənov, redaktorları Yeni Azərbaycan Partiyası sədrinin müavini- icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov və rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovdur. Cildlərə “Ön söz”ü Milli Məclisin depuatı Fəttah Heydərov yazmışdır. “Böyük siyasətin davamı” çoxcildliyində materiallar xronoloji ardıcıllıqla verilmiş, xüsusi önəm daşıyan sənədlərə geniş yer ayrılmışdır.

Çoxcildlikdə bir əsrdə iki dəfə müstəqil dövlət qurmuş xalqımızın son on beş ildə keçdiyi yol, haqlı olaraq tariximizin yeni inkişaf mərhələsi, suverenlik erasının başlanğıcı, tarixi taleyimizin təzə səhifəsi kimi geniş şərh edilmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 34 ildə xalqımızın qazandığı uğurları təhlil süzgəcindən keçirən müəllif qeyd edir ki, ulu öndərin parlaq zəkası ilə formalaşan böyük bir siyasət Azərbaycanın dünənini, bu gününü və sabahını nəhəng quruculuq platformasında qovuşdurmuşdur. Heydər Əliyevin böyük siyasətinin ölməzliyi həm də öz siyasi varislərini - milli dövlətçilik strategiyasını sədaqətlə, yaradıcılıqla və böyük enerji ilə davam etdirən komandanı hazırlayıb yetişdirməsindədir. Bu siyasi kursun sükanı etibarlı əllərdədir. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı inamla və qətiyyətlə inkişafa doğru aparır.

Kitabda dövlət başçısı, ulu öndərin siyasi xəttinin layiqli davamçısı İlham Əliyevin Baş nazir vəzifəsində işə başladığı 2003-cü ilin avqustundan Prezidentliyinin ilk yeddi ayı ərzində - 2003-cü ilin noyabırından 2004-cü ilin mayınadək olan müddətdə fəaliyyətinin ən mühüm məqamları yer almışdır.

Hələ Baş nazir olarkən İlham Əliyevin hökumətə uğurla rəhbərlik etməsi, prezident seçkilərinə qatılması ilə bağlı apardığı geniş, məzmunlu və qətiyyətli seçkiqabağı kampaniya, şəffaf, demokratik qaydada, beynəlxalq tələblərə uyğun keçirilən seçkilərin xronikası bu cilddə əhatəli əksini tapmışdır.

Prezident İlham Əliyevin seçkiqabağı platformasına, xalqa verdiyi vədə uyğun olaraq ilk gündən böyük həvəslə, enerji ilə işə başlaması, ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməklə bağlı strateji kursu elan etməsi, daxili və xarici siyasətin prioritetlərini açıqlaması kitabda ardıcıllıqla işıqlandırılır. Dövlət başçısı İlham Əliyevin Fransaya, Rusiyaya, Qazaxıstana, Özbəkistana və Türkiyəyə ilk rəsmi səfərlərinə, müxtəlif tədbirlərdə iştirakına və keçirdiyi səmərəli görüşlərə kitabda geniş yer verilmişdir. Prezidentin imzaladığı qanun, fərman və sərəncamların mahiyyəti, keçirdiyi görüşlərin, qəbulların əhəmiyyəti və məqsədləri ümumi xronikanın tərkib hissəsi kimi oxucuya təqdim olunur.

Sonrakı beş cilddə də materiallar xronoloji ardıcıllıqla, geniş şərh və ümumiləşdirmələrlə verilmişdir. Bu cildlər barədə ötən illərdə kütləvi informasiya vasitələrində ətraflı bəhs olunduğundan sonuncu cild üzərində ayrıca dayanmağı lazım bilirəm.

“Böyük siyasətin davamı” çoxcildliyinin yeddinci cildi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərliyinin üçüncü ilinin önəmli hadisə və layihələrlə zəngin daha dörd ayının əhatəli xronikasını, həyata keçirilən yeniləşmə və tərəqqi siyasətinin gündəmlə səsləşən şərhini əhatə edir. 2005-ci ilin avqust-dekabr aylarının siyasi salnaməsini təşkil edən bu cildin materialları aktuallığı, xalqımızın taleyüklü məsələləri ilə sıx və dərindən bağlılığı ilə seçilir. Kitabı vərəqlədikcə dövlət başçısının ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı böyük siyasəti necə məharətlə və yaradıcılıqla həyata keçirməsi, Azərbaycanın bütün sahələrdə ciddi uğurlar qazanması gözlərimiz önündə canlanır.

Ulu öndərin ölməz siyasi-mənəvi irsini onun arzularının daha da çiçəklənməsi amalına səfərbər etmiş Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz qazanmış bu humanitar qurumun rəhbəri Mehriban xanım Əliyevanın geniş xoşməramlı fəaliyyəti, onun simasında birinci xanım təsisatının ölkə rəhbərinin həyata keçirdiyi sabitlik, quruculuq və yüksəliş xəttinə sanballı ictimai dəstək qazandırması da bu nəşrdə ardıcıl əksini tapmışdır.

Azərbaycanı XX əsrdən XXI əsrə müstəqil və yüksəlişdə olan gənc dövlət kimi keçirib gətirmiş ümummilli lider Heydər Əliyev onun sonrakı inkişaf konsepsiyasını da işləyib hazırlamışdır. Müasirlərimizin haqlı olaraq “Böyük siyasət” adlandırdıqları bu dövlətçilik proqramı ulu öndər əbədiyyətə qovuşandan sonra da xalqımızın tarixi irəliləyiş yoluna işıq salır. Ulu öndərin ən layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev bu möhtəşəm kursu öz sələfinə dərin sədaqətlə, xalqına böyük məhəbbətlə və müstəsna siyasi məharətlə həyata keçirməkdədir. Müstəqil Azərbaycanda həyatın bütün sahələrinin sürətli və modern inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən bu siyasət İlham Əliyevin ölkəmizə rəhbərliyinin elə ilk illərindən uğurlu nəticələrini verməyə başlamışdır.

Azərbaycanın siyasi olimpində ümummilli lider Heydər Əliyevi ümumxalq etimadı ilə əvəzləyən yeni dövlət başçısının “Mən hər bir azərbaycanlının prezidenti olacağam”, “Ölkənin hər bir bölgəsini yüksək inkişafa qovuşduracağam” kimi vədləri ilk günlərdən və aylardan inamla gerçəkləşməyə başlamışdı. Novator düşüncəli, təşəbbüskar və siyasi yetkinliyi beynəlxalq aləmdə yüksək qiymətləndirilən yeni tipli dövlət xadimi olaraq İlham Əliyevin yeritdiyi konstruktiv, tarazlı xarici kurs da Azərbaycanın regionun lider dövləti, MDB-nin ən sürətlə inkişaf edən dövləti kimi yeni mövqeyini və artan nüfuzunu möhkəmləndirir, xalqımızın haqq səsini dünyaya yayırdı.

Azərbaycan Respublikasının durmadan yüksələn iqtisadi qüdrəti, artan sosial imkanları zəminində ordu quruculuğunun yeni səviyyəyə qaldırılması, silahlı qüvvələrimizin hərbi gücünün önəmli dərəcədə artırılması ölkənin ərazi bütövlüyünün bərpa edilməsinin etibarlı təminatı olaraq Prezident və Ali Baş komandan İlham Əliyevin ən çox diqqət yetirdiyi məsələlər sırasında yer alırdı. Bu yöndə həyata keçirilən davamlı tədbirlər işğal olunmuş torpaqlarımızın hər hansı yolla olursa-olsun geri qaytarılması, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması ilə bağlı xalqımızın gözləntilərini doğruldur, adamların vətənpərvərlik ruhunu yüksəldir, sabaha inamını artırırdı.

2005-ci ili ölkəmiz bax belə bir durumla başa vurmaqda idi. Bu vaxtadək altı cildi çağdaş siyasi tariximizlə bağlı mötəbər nəşrlər sırasına daxil olmuş “Böyük siyasətin davamı” çoxcildliyinin növbəti kitabı belə bir siyasi, sosial, iqtisadi və mədəni yüksəliş estafetinin davam etdiyi dövrün beşaylıq salnaməsini özündə cəmləşdirir. 2005-ci ilin avqust-dekabr ayları arasındakı həmin müddət ölkəmizin həyatında, dövlət başçısı İlham Əliyevin gündəlik fəaliyyətində çox mühüm yer tutur. Azərbaycan Prezidentinin bu dövrdə keçirdiyi görüşlər, qəbullar, ölkə rəhbərinin daxili və xarici səfərləri, iştirak etdiyi tədbirlər, qəbul etdiyi qərarlar, müəyyən etdiyi siyasi xətt, sərgilədiyi mövqe, göstərdiyi iradə və qətiyyət xronoloji ardıcıllıqla bu cilddə də verilir, geniş şərh olunur, zamanında obyektiv ictimai-siyasi qiymətini alır.

2005-ci ilin noyabında ölkədə keçirilən növbəti parlament seçkilərinə ciddi hazırlıq və bu mühüm siyasi kampaniyanın yüksək demokratik şəraitdə, beynəlxalq standartlara uyğun başa çatması, yeni çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin proqram səciyyəli çıxışı, qanunverici orqanın fəaliyyəti ilə bağlı önəm verilən hədəflər bu nəşrin məzmun baxımından ən yaddaqalan və maraqlı səhifələrini təşkil edir. Ölkə təqviminin, siyasi gündəmin, beynəlxalq həyatın ən mühüm hadisələri ilə bağlı dövlətimizin liderinin mövqeyini, rəsmi münasibətini ifadə edən materiallar da siyasi xronikaya daxil edilmişdir.

Prezident İlham Əliyevin Quba-Xaçmaz, İsmayıllı-Qəbələ, Kürdəmir-Sabirabad, Lənkəran-Astara, Gəncə-Qazax bölgələrinə səfərləri, əhali ilə görüşləri, bu bölgələrin hərtərəfli inkişafı ilə bağlı keçirdiyi müşavirələr cilddə geniş işıqlandırılır. Azərbaycan rəhbərinin Tatarıstana, Gürcüstana, Bolqarıstana, Səudiyyə Ərəbistanına səfərləri, UNESCO-nun baş direktoru Koişiro Matsuuranın, Finlandiyanın Prezidenti Tarya Halonenin, Latviyanın Prezidenti Varya Vike-Freyberqanın respublikamıza səfərləri, Prezident İlham Əliyevlə, birinci xanım Mehriban Əliyeva ilə keçirdikləri görüşlər də kitabda ətraflı yer tutur.

Dövlət başçısının Nazirlər Kabinetinin geniş iclasında, Bakı və ətraf qəsəbələrin inkişafı, ölkənin su təchizatı, müdafiə və ordu quruculuğu ilə bağlı keçirdiyi müşavirələrdə söylədiyi mülahizələr, gənclər forumunda, bayram şənliklərində və digər önəmli məclislərdə iştirakı və çıxışları, aparılan müzakirələr, qəbul olunan qərarlar da cildin xronikal materialları sırasındadır.

Bu arada Azərbaycan Prezidentinin Türkiyənin, Rusiyanın, İngiltərənin və digər ölkələrin jurnalistlərinə verdiyi geniş müsahibələrdə ölkənin daxili və xarici siyasətinin uğurları və perspektivləri ətraflı şərh edildiyinə və bu materiallar oxucular üçün maraqlı olduğuna görə kitaba daxil edilmişdir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi çeşidli humanitar layihələr, bu qurumun genişmiqyaslı quruculuq işlərinə göstərdiyi layiqli köməklə bağlı materiallar da ölkənin siyasi gündəmini zənginləşdirən hadisələrin əks-sədası kimi kitabın sanbalını artırır.

İki hissədə və dörd fəsildə mövzu aktuallığı, ictimai-siyasi əhəmiyyəti nəzərə alınmaqla sistemli şəkildə təqdim olunan materialları əhatə edən yeni cild həm nəzəri səviyyəsinə, həm də praktik faydalılığına görə Azərbaycanın müasir tarixinə gur işıq salan daha bir dəyərli mənbədir.

Milli Məclisin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri, Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası kimi nüfuzlu beynəlxalq təşkilatın idarə heyətinin üzvü, professor Xanhüseyn Kazımlının gərgin əməyi və məhsuldar zəhmətinin bəhrəsi olan bu çoxcildlik müstəqil dövlətimizin çağdaş siyasi tarixinin yaradılması işinə layiqli töhfədir. Müəllifə zəmanəmizlə bağlı tarixi-elmi mənbənin nəşrini uğurla davam etdirməyi arzulayırıq. İnanırıq ki, “Böyük siyasətin davamı” çoxcildliyi ölkəmizdə hər bir oxucu üçün maraqlı və gərəkli olacaqlar.

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-dramaturq

"Azərbaycan" qəzeti, 05.06.2015