«Çingiz Aytmatov dostluqda dəqiqliyə, həssaslığa və təmənnasız münasibətlərə xüsusi qiymət verən adam idi»

 

Müsahibimiz görkəmli yazıçı-dramaturq Hüseynbala Mirələmovdur

 

 

– Son illərdə qələmə aldığınız əsərlərinizdə, xüsusilə, «İki şah, iki Sultan» triologiyanızda bir çox tarixi şəxsiyyətlərin obrazını yaratmısınız. Nədən yarandı tarixə baxış zərurəti?

- Bu mövzuda böyük boşluqlar vardı. Bir yazıçı olaraq qismən bu boşluğu doldurmaq istədim.

- Müasir mövzuda yazılan əsərlərdən sonra belə bir ciddi və ağır istiqamətə yönəlmək çətin oldu yəqin.

- Çox çətindir. Tarixi mövzuda əsər meydana qoymaq çox çətindir. Həm də məsuliyyət hissi var. Tarixin hər dövrünü, mühitini, insanlarını geyimindən tutmuş dil səciyyəsinə qədər öyrənmək və bədiiləşdirmək cəhdi yazıçı üzərinə böyük yük qoyur.

-Əlbəttə, yazıçı peşəkarlığı, tarixə bələdlik, vətəndaş yanğısı – bütün bu komponentləri bir araya gətirmək çox maraqlıdı…

- Bilirsiniz, tarix dövlət və dövlətçilik, insani və dövləti münasibətlər haqqında həqiqətlərin tükənməz xəzinəsidir. Heç də təsadüfi deyil ki, İsa Muğanna «Məşhər»də Nəsiminin dililə «həqiqət cümlə-aləmdir» bəyanı edirdi. Bəlkə də bu, mənim subyektiv fikrimdir, ancaq bir yazıçı kimi fərqindəyəm ki, tarixdən və həyatın özündən gələn ədəbi obrazlar həqiqətə daha yaxın, daha çox yaşarı və düşündürücü olurlar. Tarixi mövzuda işləmək yüzillərin sükutuna dalmış, buz bağlamış, daşlaşmış hadisələrinə yenidən can, nəfəs vermək kimidir. Elə bil bütöv bir dövrü yenidən dirildirsən. Bu, son dərəcə cazibədar, maraqlı bir işdir.

- İndiki zamanda həm də əhəmiyyətli, çox vacib bir iş…

- Əlbəttə, əhəmiyyətli və vacib iş… Tarixi mövzular bu baxımdan məni daha çox cəlb edir. Eyni zamanda, tarixi yaradan şəxsiyyətlərin həyatı, fəaliyyəti. Yenə də İsa Muğannanın «Məhşər»ini xatırladıram; Nəsiminin dililə anladılır ki: «Dünyanı Allahlar, yəni böyük şəxsiyyətlər idarə etməlidirlər. Əks təqdirdə dünya cahil əsarətində qalar və məhv olar». Bu baxımdan, dünyamızı, eləcə də qəhrəmanlıq tariximizin bizə miras qoyduğu Azərbaycanımızın imzasını imzalar içində var edən tarixi şəxsiyyətlərin obrazlarını bədii müstəvidə canlandırmağın vacibliyini get-gedə daha çox hiss edirəm. Yeri gəlmişkən, Nəsimi mənim çox sevdiyim şairdir. “Son səfər” povestimdə bu şairdən bəhs etməklə bərabər XIV- XV əsrlə bağlı milli ideal və xalq taleyi məsələsini tarixi yaddaş müstəvisində çözməyə çalışmışam.

- Həm adını çəkdiyiniz povestdə, həm də tarixi romanlarınızda bir məqam diqqətimi çəkib. Tarixi obrazların iç dünyalarını, hiss və həyəcanlarını, yaşamını, yəni daha çox insan olaraq hansı mənəvi keyfiyyətə malik olması faktına daha çox köklənirsiz.

- Bilirsiniz, siz belə dedikcə mənim gözlərimin önünə tarixi qəhrəmanlarım Sara Xatun obrazı gəlir, Qara Yuluq Osman, Uzun Həsən, Cahangir Mirzə obrazları gəlir. Eləcə də Sivas, Malatya naibi, ötkəm sərkərdə, zərif şair Qazi Bürhanəddini xatırlayıram. Teymuri hökmdarı Əbu Səidi Araz kənarında Sara Xatunla məşvərətdə görürəm. Şah İsmayıl, Sultan Yavuz Səlim, Çaldıran olayları yenidən gözlərim önünə gəlir. Bütün bunlar elmi müstəvidə tarixi faktlardı… Bədii müstəvidə isə mənim üçün həmin tarixin hiss-həyəcanı, canlı nəfəsi, ehtiraslar, mücadilələr aləmidir. Yəni mənim üçün, deyək ki, Qara Yuluq Osman hakimiyyəti öz oğluna ötürməsi naminə doğma bacısı oğlunun qətlinə fərman verdiyi anda hansı hisslər keçirdiyinin dolğun təsvirini vermək daha cəlbedici olub. Ya elə eyni məqsədlə doğma qız balasının və bacısı oğlunun səadətinə mane olan Qazi Bürhanəddinin iç ağrılarını təsvir etmək…

- Bu sırada Uzun Həsənin xəyanət yolu tutmuş doğma qardaşı Cahangir Mirzənin üzərinə yürüdüyü, həmin anlarda Sara Xatunun bir ana və dövlət xadimi kimi keçirdiyi narahat yaşantılar da var…

- Bəli! Deyim ki, o gərgin səhnələri qələmə almaq mənim üçün heç də asan olmayıb. İnanın ki, həmin səhifələri yazdıqca ruhum ağrıyıb. O hadisələrin ağrısını, həyacanını, təəssüfünü iç dünyamda yaşamışam. Onlarla bərabər tərəddüdlər keçirmişəm, götür-qoy etmişəm. Bu, çox həyəcanlı məqamdır. Həm də tarixin ibrət dərsini verən səhnələrdi.“Sonuncu Fateh” romanımı da yazanda bu cür ağrımışdım. Nadir şahın öz oğlunun ölümünə bais olmasını, daha sonra ata kimi iztirablarını vermək üçün o yaşantıları iç təfsilatlarına çevirmək lazım idi. Bunsuz alınmazdı.

-“Od və büt” romanı İbrahim peyğəmbərin həyatı ilə bağlı yazılmış istisna əsərlərdən idi.

-Bəli, o romanı yazmaq üçün dini kitablardan başlamış müxtəlif tarixi-bədii əsərlərə qədər çoxsaylı kitab oxumuşdum. Ümumiyyətlə, məni işlənməmiş mövzular, sahələr daha çox özünə çəkir. Peyğəmbərlər, onların dövrü, həyatı ilə bağlı mətnlər demək olar ki, toxunulmamış mövzulardandı. Bircə İsa Hüseynovun “Məhşər”ində mövzu fəlsəfi-psixoloji, Çingiz Hüseynovun “Merac”ında isə dini məzmun qatında işlənib. “Od və büt” romanında Lut, İbrahim peyğəmbərlə bağlı rəvayət, bütpərəstliyin hakim olduğu zamanın, mənəvi-əxlaqi aşınmanın baş alıb getdiyi dövrün real cizgilərini göstərməyə çalışmışam. Nəmrudun sarayı və orda baş verənlər, Lutun həyəcan və tərəddüdləri, İbrahim peyğəmbərin əqidəsi uğrunda savaşı, onun köç zamanı yolda qarşılaşdığı çətinlikləri mərhələli şəkildə izləməklə dini-tarixi yaddaş problemini qaldırmışam. Amma “Od və büt”ün mövzusu Lut peyğəmbərlə bağlı tarixi faktları mətnə gətirmək olsa da, mövzuya daha çox sərbəst yanaşmış, tarixdən məlum olan bir çox hadisə və obrazları, epizodları daha çox bədii təxəyyül vasitəsilə təqdim etmişəm.

- Mövzusu müasir həyatımızdan götürülən əsərlərinizin də eyni maraqla oxunması da sirr deyil. Biri elə «Gəlinlik paltarı» romanınız. Akademik Nizami Cəfərovun fikrini oxudum, yazır ki, «həm ideya-məzmun, həm də ifadə-formaca kifayət qədər mükəmməl bir əsər»di “Gəlinlik paltarı”. Təbii ki, başlıca məqsədimiz milli-mənəvi dəyərlərimizə kölgə salan neqativ hallara

qarşı yazıçı-vətəndaş mövqeyinizi ortaya qoymaq olub. «Gəlinlik paltarı» var-dövlət hərisliyinə qarşı qaldırılan qiyam kimi yadda qalır.

- İlk növbədə Fədai obrazı vasitəsilə belə bir həqiqəti ifadə etməyə çalışmışam ki, mənəviyyat və daxili azadlıq problemi Vətən və Torpaq kimi pak, müqəddəs anlayışlardan təcrid olunmamalıdır. Ata-babalarımız, nənələrimiz tarixən mənəvi-əxlaqi normalara sədaqət duyğularıyla yaşayıb. Mənəvi paklıq, qadın vəfası, ləyaqət xalqımızın mənəvi pasportu olub. Milli dəyərlərə arxa çevirən və bu düşüncənin girovuna çevrilən Haris kimilərə, onun iblisanə basqıları altında çaşıb qalan Fənayə kimi zəif iradəli gənclərə anlatmaq istəmişəm ki, azadlıq hissini özlərində dağıdıcı bir instinkt olaraq qəbul edənlər kimi yox, qürur, mənəvi müstəqillik mənbəyi kimi daşıyan Sərraf və Fədai kimi həmyaşıdlarından nümunə götürsünlər. Bu gənclər ona görə güclüdürlər ki, dövrün, zəmanənin dəyişməsi onların həyat haqqında olan saf düşüncələrini heç bir vəchlə kölgə sala bilmir, belələri mənəvi iflasdan çox uzaq dayana və hər cür çətinliklərə sinə gərə bilirlər.

- Professor Nizaməddin Şəmsizadə «Coğrafiya çubuğu» povestinizdən milli cəmiyyətə Sovet gerçəkliyinin nələri gətirməsi haqqında ballada kimi bəhs edir…

- «Coğrafiya çubuğu»nda mən gəncliyin – deməli, yeniliyin köhnəlik üzərindəki ədalətli qələbəsini, dözümünü əks etdirməyə çalışmışam.

- Yəni, Xudayar bəyin dəyənəyinin kəsərsizliyini «Coğrafiya çubuğu»nun fonunda yenidən gündəmə gətirmisiniz…

- Eynilə o cür… Tipik Azərbaycan kəndi olan Kürəkçinin məktəb direktoru Bəhmən müəllim öz savadsızlığını yerli-yersiz hikkələrilə, çığır-bağır salmağıyla pərdələyir. Elə bu hikkəylə də coğrafiya çubuğunu hətta xəritədə olmayan Kürəkçi kəndinin üstünə tuşlayıb, «Nizam-intizama partbiletimlə cavabdehəm» - deyə tüğyan edir. Onun üç dayağı var – coğrafiya çubuğu, partbilet, bir də ona bütün xəbərləri gətirən, yaltaq dərs-hissə müdiri Fəzail müəllim… Ancaq zaman öz hökmünü verir. Onun hikkələri gəncliyin önündə geri çəkilməli olur. Gənc ədəbiyyat müəllimi Xatirənin Kürəkçi kənd məktəbinə təyinatı Bəhmən müəllimin başabəla coğrafiya çubuğunun qarşısını Koroğlunun Misri qılıncı kimi kəsir. Mən

Xatirəni milli ziyalılığın simvolu kimi verməyə çalışmışam. Xatirənin başabəla məktəb direktoruna olan münasibəti, əslində, mənim Sovet həyat tərzinə olan etirazımın ifadəsidi.

- «Qırxıncı otaq» da bu mövqeyimizə sadiqsiniz… Haqq-ədalətə xidmət göstərən əsl vətəndaş – hüquqşünas obrazı yaradıbsınız… Ümumiyyətlə, bu mövzu sizin, bir qayda olaraq, aparıcı mövzularınızdan olub.

- Bilirsiniz, mən həmişə bir fikirdə olmuşam ki, insan bu qaranlıq və dolaşıq dünyada öz simasını, mənəvi bütövlüyünü qoruyub-saxlamalıdır. Dövləti dövlət edən dəyərlər mənim üçün müqəddəs anlayışdı. Bu anlayışlar daxilində haqqa-ədalətə vicdanla xidmət göstərən şəxsləri insanlıq əyarı hesab etmişəm və çalışmışam ki, belə şəxsiyyətlərin bitkin obrazlarını yaratmaqla cəmiyyətə xidmət edim. Mənim yaradıcı missiyamın başlıca meyarı da budur. Demokratik – hüquqi dövlət quruculuğunda müstəsna rol oynayan, xalq qarşısında sədaqət nümunəsinə çevirilən insanların obrazını yaratmağı həyatımın mənası bilirəm. Qələmi həmişə saxtakarlığa, dünyanın axarını dəyişən yalana, riyakarlığa qarşı mətanətlə dayanan silah hesab etmişəm. Bu, mənim yazıçı-vətəndaş vicdanımın səsidir. «Qırxıncı otaq»da Adil Hüseynlinin simasında mən həmişə iç dünyamda yaşatdığım, varlığına ehtiyac duyduğum təmiz vicdanlı, mübariz, mərd hüquqşünas obrazı yaratmaq istəmişəm. Romanda sirlərin hamısı Şahin Verdiyevin oturduğu 40-cı otaqda çözülür. Bu cinayətkar hakimin həmin otaqda oturmasını nağıllardakı divin gözəl qızın dizinə baş qoyub yatmasına bənzədən tənqidçilər heç də yanılmırlar… Romanda, həmçinin gözəl və bədbəxt bir qadın olan Cahan xanımın taleyi prizmasından cəmiyyətin sosial-mənəvi ifliclərinə işıq salmağa çalışmışam.

- Qadın həbsxanasında yaşanan həyatı maraqlı ştrixlərlə əks etdirmisiniz…

- Cahanın yazdığı «Könül dəftəri» həmin həyatın gerçək mənzərəsidir. Bu obrazda mən qadın dözümünün, mənəvi təmizliyin ilahi abidəsini verməyə çalışmışam. Göstərmək istəmişəm ki, edilən pisliklər nəticədə Samuray qılıncı, Samuray qəzəbi yenidən zühur edəcək…

- “Cəza”nı yazmış bir yazıçısız. Amma ədəbiyyatda iddiasız birisiniz.

- Mən bütün hallarda olduğum kimi görünməyə çalışıram. Yazmaq, yaratmaq mənim həyat tərzimdi. Bunu xüsusi avantaj hesab eləmirəm. Sadəcə bacardığımı meydana qoymağa çalışıram. Hansı əsərdə bu nə qədər alınır, bu başqa məsələdi. “Cəza” düşünürəm ki, alınan əsərdir.

- “Cəza” təbiətin qlobal-fəlsəfi-psixoloji dərkinə yönəli söz hadisəsidir… Canavara mifoloji bir münasibət də var. Povestdə Canavar insan mühitinə, təbiət cəmiyyətə qalib gəlir…

- Əgər o mühit həqiqətən insanlıq adına layiqdirsə… Bilirsiniz, mən o əsərdə Canavarı təbiətin ölməzlik simvolu kimi yaratmağa cəhd etmişəm. Bu obrazda məlum tarixi düşmənlərimizin, haqqımıza, torpaqlarımıza qənim kəsilənlərin vəhşiliyi önündə sarsılan reallığı təsvir etməyə çalışmışam. Yəni, Heyrəti!.. Yeri gəlmişkən, bu obraz mənim “Xəcalət” povestimdə də yer alır. Təsəvvür edin, yırtıcı heyvan-Canavar iblis sifətli, erməni xislətli insan vəhşiliyinə dözmür, qəzəbindən öz dili ilə özünü yırtıb-dağıdır… Dərə boyunca onun qeyri-adi sükutu pozan ulartısı, əslində etiraz, əslində qiyam səsi əks-səda verir. Canavar canavarlığıyla sanki bu qeyri-insani münasibətin həyəcan, xəcalət təbilini çalır. Həm “Cəza”, həm də “Xəcalət” povestlərimdə çalışmışam ki, vəfa, sevgi, ədalət haqqında olan fəlsəfi qənaətlərimi Canavarın – yəni, mərdliyin simasında obrazlaşdıra bilim… Təbiətə olan böyük sevgi mənimlə eyni gündə, eyni saatda, eyni anda dünyaya gəlib. Əmdiyim ana südü ilə, aldığım nəfəslə, içdiyim suyla ruhuma, canıma hopub. Təbiət mənim üçün ikinci anadır. Ana yalnız öz övladlarının qayğısını çəkdiyi halda, təbiət bütün canlılara analıq edir. «Cəza» povestində təbiətə münasibətimin bədii-fəlsəfi mənasını açmağa çalışmışam.

-Bu əsərdəki dərin türk ruhunuz göz qabağındadır. Tumasların və Qanıqların timsalında Çingiz Aytmatovla ruh doğmalığınız aşkar görünür.

- Çingiz Aytmatovun adını çəkdiniz. Taleyimdə xüsusi çəkisi, rolu olan yazıçıdı. Demişdi ki, Hüseynbala Mirələmovla hər görüşəndə, ondan müsbət enerji alır, mənən bəhrələnirəm. Akademik Milli Dram teatrında «Xəcalət» povestim əsasında hazırlanan tamaşaya baxanda göz yaşlarını saxlaya bilməmişdi… Bunu Atatürk Mərkəzindəki görüşdə özü də etiraf etmişdi. Çingiz Aytmatov dostluqda dəqiqliyə,

həssaslığa və təmənnasız münasibətlərə xüsusi qiymət verən adam idi. Bu mənada, aramızda çox oxşarlıq vardı. Bəlkə də həmfikir olduğumuza görə tale bizi qovuşdurmuşdu. Deyirdi ki, biz hər bir mövzuda fikir mübadiləsi apara, eyni məxrəcə gələ bilirik. Çingiz Aytmatov türk dünyasına qürur gətirən bir şəxsiyyət və görkəmli yazıçıdır. Taleyimə minnətdaram ki, bu böyük yazıçı ilə aramızda çox təmənnasız, etibarlı bir bağ yaranmışdı…

- Ümumilli lider Heydər Əliyevin şəxsiyyətinə və siyasi fəaliyyətinə olan heyranlığınız da eyni münasibət ucalığından gəlir.

-Bu, mənim əsas mövzularımdan biridir. «Görkəmli adamların həyatı» seriyasından qələmə aldığım fundamental «Heydər Əliyev» adlı kitabım rus, ingilis, ərəb, Çin, türkmən, serb dilləri daxil olmaqla dünyanın 37 dilində kütləvi tirajla çap olunub. Ulu öndərin həyat və fəaliyyəti, onun Azərbaycan dövləti, müstəqilliyimiz və xalqımız qarşısındakı xidmətləri tariximizin qızıl səhifələridi. Bu barədə yazmağın özü bir zənginlik məktəbi keçmək kimidir. Qələm dostum Viktor Andriyanovla birlikdə qələmə aldığımız «Heydər Əliyev» kitabı bütövlükdə tarixin burulğanlarından qalib çıxmış qeyri-adi bir ömrün bədii-fəlfəsi salnaməsidi. Bu salnaməni böyük şəxsiyyətin adına layiq şəkildə araya-ərsəyə gətirmək üçün ulu öndərin şəxsi arxivində qorunan sənədlərlə yanaşı, dövrün rəsmi-tarixi materiallarından, faktlarından yetərincə bəhrələnməyə çalışmışıq. Çalışmışıq ki, ulu öndərin möhtəşəm tarixi fəaliyyətini, dolğun obrazını müxtəlif rakurslardan əks etdirə bilək. Deyim ki, mən Heydər Əliyev epoxasının yetişdirdiyi və bu epoxaya sadiq bir insanam. Heydər Əliyev dühasını, Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyev həqiqətini dərk etmək üçün 60-cı illərin sonundan bəri böyük bir yol keçmişəm. Heydər Əliyev haqqında yazdığım əsərlərə əslində bu yolun həqiqətini dərk etmək və təkamül məqamı, imkanı kimi baxıram.

- «Gecə bənövşələri» əsərində dünyanın hər üzünü görmüş xanım əfəndinin dili ilə «Eh, ay bala, qəzavü-qədər nədirsə, odur…» yazırsınız. Gənc qəhrəmanınız isə bu fikirdədir ki, hər şey insanın özündən asılıdır. Maraqlıdı, yaşınızın bu çağında necə düşünürsünüz; alın yazısı, qəzavü-qədər, yoxsa cəhd və hərəkət?

- Bilirsiniz, əlbəttə, tale, qismət deyilən bir şey var. Amma cəhdin, mücadilənin bəhrəsi bir ayrıdı. Ədəbi sahədə 1961-ci ildə rayon qəzetində çap olunmuş «Bir tikə çörək» hekayəmi çap etdirəndə on dörd yaşım vardı. Noyabrın yeddisində… Yeddinci sinifdə oxuyurdum. 1965-70-ci illərdə “Azərbaycan pioneri” qəzetininin “Ədəbiyyat” səhifəsinə Vaqif Nəsibdən sonra ədəbi işçi kimi mən rəhbərlik etmişəm. Ədəbiyyata hansı böyük sevginin qoynunda gəlmişdimsə, yenə həmin hissi yaşayıram. Üstündən uzun bir zaman keçib. Bu illər boyunca etdiyim cəhdlərin bəhrələridi bayaqdan haqqında bəhs etdiyimiz əsərlər. Bu cəhdlərin gətirdiyi uğurlar nəticəsində Azərbaycan ədəbiyyatının və ictimai fikrimizin tarixinə daxil olmaq imkanı qazana bilmişəmsə, deməli cəhdim boşa çıxmayıb.

- Qəzavü-qədər tale barədə danışdıq və mən sizin «Maşallahın paneli» hekayənizi xatırladım… Elat həyatının koloritli mənzərələrini, Kəlbəcərin, Laçının təbiətini səmimiyyətlə əks etdirmisiniz. Eyni zamanda doğma Qarabağdan, yurdundan zorla didərgin, köçkün salınan Maşallahın dərin kədər və ironiya ilə izlənən həyatı…

- Bu əsərdə yurd ağrısı yaşayan məcburi köçkün Maşallahın faciəli aldanışından doğan ironiyanı həm də tragik taleyin faciəsi kimi mənalarındırmaq istəmişəm. Hekayədə belədi ki, Qarabağ qaçqını, Maşallaha öz həmkəndlilərindən biri zarafatla deyir ki, hökumət bizim üçün ev tikir. Xəbəri olanlar indidən öz adlarını hazır panellərdən birinin üstünə yazırlar. Həmin panel hansı mənzilin üstünə qoyulacaqsa adı yazılan adam o mənzilin sahibi olacaq. Həmkəndlisinin zarafatına inanan Maşallah ləngimədən öz adını hazır panellərin birinin üstünə yazır. Evin tikintisi başa çatanda Maşallah baxıb görür ki, onun adı yazılan panel lift qoyulan sahənin üstünə düşüb… Yəni, «Bu səri-çeşmə əzəldən bulanıb, ey qafil…».

- Yeri gəlmişkən, müharibə mövzusunu bir neçə rakursdan işləmisiz. «Yanar qar» əsərinizdə böyük vətəndaşlıq yanğısı var.

- O əsərdə göstərmək istəmişəm ki, xalq kütlədən, müharibədən öz cinayətkar məqsədləri üçün istifadə edən, erməni sergeylərin əlində oyuncağa, sonra da qatilə çevrilən Möhlətlərdən ibarət deyil. Bu əsər vasitəsilə torpağı işğal olunmuş xalqı düşmənə qarşı cihada qaldırmaq, xalq qəzəbini azadlıq mübarizəsinə yönəltmək

istəmişəm. Nə qədər nail olduğumu oxucular daha yaxşı bilər. Bir yazıçı olaraq mən özüm atılmış və unudulmuş köhnə dəyirmanı itirilmiş torpaqlarımızın azadlığı yolunda mübarizə meydanına çevirən ədəbi qəhrəmanın - bəy Kamran kimi mərdlərin yanındayam. Onun simasında, xarakterində Laçın, Kəlbəcər dağlarının əzəmət və vüqarını verməyə, bu ərazilərin hər qarışı uğrunda mətanətlə vuruşmuş döyüşçülərin isti, təzə-tər xatirələrini, barıt qoxulu təəssüratlarını təcəssüm etdirməyə çalışmışam.

- «Güllələnmiş heykəllərin fəryadı» adlı ədəbi-bədii essenizin əsasında çəkilən televiziya filminin təqdimatı zamanı hansı hissləri keçirirdiniz?

- Filmdə belə bir epizod var; azğınlaşmış, milli ləyaqətini itirmiş düşmən ecazkar musiqisi ilə dünyanı fəth edən Üzeyir bəyin Şuşadakı büstünü gülləbaran edir. Yaralı büstün başından qan axır… Təqdimat zamanı o kadrlara, o yozuma baxa-baxa elə zənn edirdim ki, həmin qan yaddaşımızın, milli unutqanlığımızın, ürəyimizin qanıdır. O esse başdan-başa mənim bugünümüzə və sabahımıza olan suallarımdı. Cavabı qəlibiyyət, zəfər günümüzdən gələcək, inşallah!

- Haqqınızda şair Qabilin bir fikrinə rastlamışdım. Yazırdı ki, yer üzündə şair, yazıçı çoxdur. Hüseynbala bunlardan biridir. Yazıçını bəyənmək də olar, bəyənməmək də. Əsas şərt insan olmaqdır ki, bu da, mənə görə Hüseynbalanın ən gözəl xüsusiyyətidir.

- Mən həmişə qayğıkeşliyə, səmimiyyətə insanlıq vəzifəsi kimi baxmışam. Həyat amalım belədir. Yəni, dünyaya yaxşılıq toxumu ək ki, əbədiyyət olsun…

- Hüseynbala müəllim, Türkiyə telekanallarında tarixi keçmişi səhnələşdirən çoxsaylı seriallar təqdim olunmaqdadır. «Diriliş: Ərtoğrul», «Quruluş: Osman», «Vətənim sənsən», «Ya istiqlal, ya ölüm» və s. Heç düşünmüsüz ki, niyə bizdə bu cür ciddi mövzuda filmlər çəkilmir, seriallar işlənmir?

- Maraqlı müşahidədir… Yəni, tarix çox vaxt quru, yeknəsək rəqəmlərin dili ilə yox, canlı, hiss-həyəcanlarla dolu, həyat nəfəsli epizodlar, həyat tabloları fonunda daha yaddaqalan, unudulmaz, cazibədar olur. Qardaş Türkiyə sinemaçıları bu zərurəti, gerçəkliyi yaxşı anlayır və vacib olan işi görürlər. Yaxşı olan cəhət odur ki, ölkəmizdə maraqlı teleserialların çəkilişi üçün dövlət səviyyəsində maliyyə

dəstəyi verilir. Bu sahə ölkə başçısının diqqətindədi. Ancaq əlaqədar şəxslərin bu dəstəkdən necə yararlanması məsələsi bir ayrı söhbətin mövzusudu… Bizdə daha çox bayağı, bəsit ailə-məişət mövzularına, sevgi melodramalarına üstünlük verilir. Bəs yetişən yeni, gənc nəsli vətənpərlik ruhunda yetişdirmək üçün nə zaman iş görməyə cəhd edəcəyik?

- İndi işləməyə daha çox imkanınız var. Hansı əsərlər üzərində çalışırsız?

“İki şah, iki sultan” trilogiyam “Nurlar” nəşriyyatında çapdadır. Hissə-hissə “Azərbaycan” jurnalında çap olunmuşdu, bütöv şəkildə hazırlayıb nəhayət çapa verdim. Bir də Sultan Mahmud Qəznəvi haqqında əsər yazmağa başlamışam. Bu mövzuda lazım olan materialları toplayır, ardıcıl oxuyuram.

"Ədəbiyyat qəzeti", 11 iyun, 2020-ci il. Söhbətləşdi: Azər Turan