Deputat: “Amnesty İnternational” kimi qərəzli təşkilatların çirkin kampaniyası növbəti dəfə ifşa olunacaq
Bakı. Elçin Mehdiyev – Trend:
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin olunması demokratik və hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanın böyük nailiyyətlər əldə etməsinin əsas qarantıdır. Azərbaycan bu gün bütün sferalar üzrə inkişaf edərək qüdrətli dövlət kimi beynəlxalq arenada öz sözünü deyir. Məhz bu çoxsaylı uğur və nailiyyətlər, həmişə olduğu kimi bu dəfə də daha bir beynəlxalq əhəmiyyətli tədbir ərəfəsində Azərbaycanı istəməyən qaragüruh şəbəkəni qıcıqlandırıb.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov deyib.
Deputat bildirib ki, Azərbaycanın indiyədək qlobal önəm daşıyan çoxsaylı beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi ölkəmizin nüfuzunu artırmaqla yanaşı, mühüm əməkdaşlıqlara yol açır, yeni dostluqlara vəsilə olur: "Ancaq əlbəttə ki, uğurlarımız dostlarımızı sevindirdiyi kimi, ikili standartlara “söykənərək” ölkəmizə düşmən mövqe sərgiləyənləri də çox narahat edir. “Erməni havasına oynayan” anti-Azərbaycan qüvvələr UEFA Avropa Liqasının final matçının keçiriləcəyi ərəfədə yenə öz əsl üzlərini ortaya qoydular. “Amnesty İnternational” kimi qərəzli mövqe nümayiş etdirən bir qurum idmanı öz ermənipərəst siyasətinə alət edərək çirkin niyyətini bir daha göstərdi".
H.Mirələmovun sözlərinə görə, Azərbaycana qarşı aparılan bu “qara piar” kampaniyasının arxasında təbii ki, erməni lobbisi dayanır: "Onlar heç bir fakta əsaslanmadan, arqumentləri olmadan sadəcə Azərbaycan əleyhinə danışmaq xətrinə “danışırlar”. Ancaq belə neqativ kampaniyalar və təzyiq metodları ilə heç nə əldə etməyəcəklərini yaxşı bilirlər. Bu cür təşkilatların insan hüquqları barəsində danışmağa üzü olmamalıdır. Bu qurumlar yaxşı olar ki, Ermənistanın işğal və terroru nəticəsində zərər çəkmiş bir milyon məcburi köçkünün hüququnu da yada salsınlar".
Millət vəkili əlavə edib ki, “Amnesty İnternational” kimi qərəzli təşkilatların çirkin kampaniyasının növbəti ifşası fonunda qüdrətli Azərbaycan UEFA Avropa Liqasının final matçını da digər beynəlxalq tədbirlər kimi yüksək səviyyədə həyata keçirəcək və dünyadakı nüfuzunu daha da möhkəmləndirəcək.