Üçrəngli bayrağınla məsud yaşa...

 

Əgər bu müqəddəs dəyər özünü konkret rəmzlərdə ifadə etməsəydi, Vətən anlayışı, bəlkə də, insan üçün qeyri-müəyyən qalardı.

 

Bir körpə öz valideynlərinə məhəbbətini, onu dünyaya gətirib həyat vermiş insanlara aidlik duyğusunu bu kəslərin sevgi dolu çöhrəsindən, isti toxunuşundan, şəfqətindən əxz etdiyi kimi, insan da öz Vətənini onun nişanələri ilə duyur, vətəndaşlıq düşüncəsi bu nişanələrin haləsində doğulur.

Bayraq da ruhumuzu aydınladan Vətən işığıdır. Ucsuz-bucaqsız dünyanın bizim üçün ən müqəddəs parçasını təfəkkürümüzdə şəkilləndirən rəngdir, müqəddəs əmanətdir...

Bu işıq hara qədər gedib çatırsa, bu rəng dünyanı nə qədər əlvanlaşdırırsa, bu əmanəti qoruyub sonrakı nəsillərə də çatdırmaq duyğusu vicdanımızı nə qədər qayğılandırırsa, Vətən də odur, o biçimdədir...

Bu məqamı milli rəmzlərimiz haqqındakı publisistik düşüncələrimdə əvvəllər də qeyd etmişəm və düşünürəm ki, bayrağın bir xalq üçün nə demək olduğunu yenə də bundan tutumlu tərzdə ifadə edə bilmərəm.

Namus, abır-ismət, mənəviyyat kimi ağıryüklü kəlmələrin insan təfəkküründə qəlibləşmiş obrazları var. Mənə görə bayraq da xalqın namusunun, abır-ismətinin, milli mənəviyyatının konkret rənglərlə, rəmzlərlə ifadələnən obrazıdır.

Bayraq insanların konkret sərhədlər çevrəsində qurduqları milli dövlət qədər, bu dövlətdə yaşayan vətəndaşların yer üzündəki saysız-hesabsız insan qrupları arasındakı özünüifadəsinin, fərqləndirici xüsusiyyətlərinin ortaq rəmzidir.

Bayraq Vətən düşüncəsini maddiləşdirib, bir parça torpağı coğrafi, geoloji mənziləsindən çıxarıb ruh faktına çevirən mənəvi dəyərdir. Bayraq elə bir rəmzdir ki, millətin keçmişi də, gələcəyi də onun rənglərində, nişanələrində danışır.

Bayraq xalqın arzularıdır, ümidləridir. O hər şeydən ən uca tutduğumuz dəyərlərin cəmi olması ilə müqəddəsdir, boyalarındakı, simvollarındakı mənəvi-ideoloji mənası ilə bütün dəyərlərdən üstündür.

Bayrağımız haradadırsa, özümüz də oradayıq, bayrağımız hansı ortamlarda görünür, hansı mənəvi mühiti ifadə edirsə, biz də xalq olaraq özümüzü o mənəviyyatla təqdim edirik...

***

“Bu gündən etibarən, Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir” - Azərbaycan Xalq Cümhuriyyətinin tarixlə ünsiyyəti 1918-ci ilin 28 may günü Tiflisdə qəbul edilmiş “İstiqlal bəyannaməsi”nin bu ilk maddəsi ilə başlanmışdı...

Bu, bir cümləlik istiqlal müjdəsinin arxasında sarsılmaz inam, böyük hədəflər, bu hədəflərə yetişmək əzmi vardı.

Əfsuslar olsun ki, onda zaman istiqlal sevdalılarından daha güclü çıxdı. O böyük inamı da, o ülvi arzuları da əzib keçdi...

Və müsəlman Şərqindəki ilk demokratik cümhuriyyətin tarixlə söhbəti vaxt qarşısındakı məğlubiyyət acısından sonra Məmməd Əmin Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsərində gələcəyə ümid dolu bu cümlələri ilə tamamlandı: “Ey Gənclik! Ey Türk Gəncliyi, sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmz yaratdı. Və onu min mükafatla yüksəldərək dedi ki, bir daha yüksələn bayraq bir daha enməz! Əlbəttə, sən onun bir ümidini qırmayacaq, Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş, ürəklərə enmiş bu bayrağı bir daha o binanın üzərinə tikəcək, bu yolda ya qazi, ya da şəhid olacaqsan”.

***

Və 17 noyabr 1990-cı il...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas salonu...

23 aylıq firan ömürlü Azərbaycan Xalq Cümhuriyyətinin binəsib taleyini bölüşüb, mavi səmalardan yaddaşlara, şanlı keçmişin ürkək xatirələrinə köçmüş, yanıqlı nəğmələrə mövzu olmuş, milli ədəbiyyatımızda sətiraltı mənaların arxasında gizlənmiş üçrəngli bayrağımız 70 illik həsrətdən sonra həmin gün ulu öndər Heydər Əliyevin mətanəti sayəsində yenidən ucalara yüksəldi.

Dövlət müstəqilliyinin bərpasına doğru ilk əzablı addımlarını atıb çətin günləri ilə baş-başa qalmış Azərbaycanın üstünə işıq saldı. Bu bayrağı sovet dövrünün ən kəshakəs vaxtlarında belə haradasa gizlədib qorumağı özünə mənəvi borc bilən insanların gizli saxlanclarından, qəlblərin məhbəsindən çıxıb yenidən müstəqil Azərbaycan dövlətinin rəmzinə çevrildi.

Bununla da “Əsrimizin Siyavuşu” əsərinin son cümlələrindəki o kövrək ümiddən başlanmış yeni tarixi dönəmin ən parlaq təmsilçisi olan ümummilli lider Heydər Əliyevin simasında Azərbaycan xalqının bu dəfə zaman üzərindəki qələbəsinin zəfər çələngi kimi ucalıqları bəzədi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında Azərbaycan Ali Sovetinin qəbul etdiyi 5 fevral 1991-ci il tarixli qərarla üçrəngli istiqlal məşəlimiz Dövlət bayrağı statusunu qazandı. 1991-ci ilin 18 oktyabrında öz müstəqilliyini yenidən bütün dünyaya bəyan edən Azərbaycan dövlətinin müqəddəs nişanəsi kimi bütün Yer üzündə görünməyə başladı.

Üçrəngli, aylı-ulduzlu bayrağımız pis günlərimizin təsəllisini, xoş günlərimizin qürurunu, təntənəsini yaşatdı. Bu bayraq uğrunda vuruşmaq, bu bayrağı ucalara yüksəltmək həyatın ən böyük dəyəri, mənası oldu.

Bu bayrağa Azərbaycanın müstəqilliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban verən igidlərimizin qanı çiləndi, bu bayraq uğrunda şəhid olmaq dünyanın ən şərəfli ölümünə çevrildi...

***

Bütün bunları yaza-yaza dünyada mövcud olan irili-xırdalı dövlətlərin bayraqlarını yaddaşımda sıralayıram və düşünürəm ki, insanlar kimi, bayraqların da taleyi var.

Əlbəttə, dünyada öz istiqlalını, indiki inkişaf səviyyəsini vuruşaraq, qurbanlar verərək qazanmayan, bütün bunlara, necə deyərlər, hazıra-nazir nail olan xalq təsəvvür etmək çətindir. Hər bir xalqın tarixinin ağır keşməkeşlər, çıxılmaz məhrumiyyətlər dönəmi olub və bu dönəmlərdə də xalq yenə öz bayrağına tapınıb. Onun göstərdiyi istiqamətlə öz milli hədəflərinə doğru yürüyüb.

Amma elə bayraqlar var ki, öz görkəmini, statusunu xalqın milli dövlətçilik tarixinin daha rahat, rəvan bir mərhələsində qazanıb. Estetik prinsiplərə, heraldika yanaşmalarına əsaslanaraq forması, rəngləri, üzərindəki simvolları dəyişdirilib, yenidən müəyyənləşdirilib, tarixin ən ağır dönəmləri onun özündən əvvəlki, vuruşlarda dalğalanan sələfinin qisməti olub.

Azərbaycanın Dövlət bayrağı isə bizim dövlət rəmzimiz olmaqdan savayı, həm də taleyimizin rəsmidir...

Keçdiyimiz uzun incə bir yoldur...

Tariximizin acılı-şirinli bütün mərhələləridir...

Milli dövlətçilik tariximizin əzab və qürur dolu bütöv hekayətidir...

Bu hiss, yəqin, hamıya tanışdır, bəzən nəzərlərini hansısa fotoya, rəsm əsərinə zilləyib onun çəkildiyi anlara daxil olursan, oradan boylanan insanlarla saatlar boyu kəlmələşə bilirsən. Bir çox cavabsız suallarına bu təsvirlərdən cavab tapmaq istəyirsən.

 

Azərbaycan bayrağı da bizim istiqlalımızın rəsmidir, tarixi taleyimizin cəmi üç rənglə ifadə olunmuş portretidir...

Bəlkə elə buna görə Dövlət bayrağımız bizdən ötrü bir başqa cür əzizdir...

***

Bütün bunlar bayrağın xalq, dövlət üçün nə demək olduğunu anlatmaqdan ötrü bir yazarın qələmə aldığı düşüncələrdir, bayrağın mənəvi mahiyyətini ifadə edən hisslər, duyğulardır və bu duyğuları qarşımdakı ağ kağızlarla bölüşüncə, onun da fərqindəyəm ki, bayraq, sadəcə, bayraq olduğuna görə, rəsmi status daşıdığına görə önəmli deyil.

Bayrağın əbədiliyi onun daşıdığı statusla ölçülməz.

Əgər bayraq güclü bir dövlətin səmalarında dalğalanmırsa, möhkəm təməllər üzərində qərar tutmursa, sağlam amalları ifadə etmirsə, dünyaya sevgi, rifah, mədəniyyət, sülh və əmin-amanlıq deyil, şər saçırsa, ruzigarın kiçik bir həmləsindən müvazinətini itirirsə, onun taleyi böyük bir sual altındadır.

Qoca tarix indiyə kimi nə qədər dövlət bayraqlarını muzey eksponatına çevirib, bir zamanlar ucsuz-bucaqsız imperiyaları rəmzləşdirən, müzəffər orduların yürüşlərinin önündə gedən nə qədər bayrağı yaddaşlardan büsbütün silib, kim bilir?!

Bayraq xalqın taleyidir, amma bayrağın və onun aid olduğu milli dövlətin taleyini müəyyənləşdirənlər də xalqın yetirdiyi fikir adamlarıdır, tarixi şəxsiyyətlərdir, liderlərdir. Bayraqların taleyi onun simvollarında əks olunmuş ideoloji xəttin düzgünlüyündən, xalqın, xalqa rəhbərlik edən liderlərin həmin xəttə sadiqliyindən və bu ideoloji düşüncənin qarşıya qoyduğu məqsədlər uğrunda aparılan mübarizənin dönməzliyindən asılıdır.

Üçrəngli bayraq ideyasını ilk dəfə Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirmişdi və bayrağın simvolizə etdiyi milli hədəflər bu böyük fikir adamının “türkləşmək, islamlaşmaq, müasirləşmək” qayəsini yüzdə-yüzə əks etdirirdi.

Bu prinsiplər XX əsrin əvvələrində - dünyanın hələ o vaxtlarında da Azərbaycanın ən düzgün inkişaf yolu kimi qəbul olunurdu.

Müasir dünyamızın gerçəkləri fonunda nəzərdən keçirərkən bu prinsiplərin nə qədər böyük fəhmlə irəli sürüldüyünü və 70 il sonra yenidən aktuallıq qazanaraq ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik kursunda necə müdrikliklə nəzərə alınıb, milli inkişafımızın əsas istiqamətlərinə çevrildiyini sezməyə bilmirsən.

Ulu öndərin birbaşa müəllifliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin II bəndində Dövlət bayrağımızla bağlı müddəalar dəqiqliklə əks olunmuş, bir sıra məqamlar tam aydınlaşdırılmışdır. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir.

Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Bayrağımız üzərindəki mavi rəng - türkçülük ideyası ilə bağlıdır.

Qırmızı rəng - müasirliyi, demokratik inkişafı ifadə edir.

Yaşıl rəng - İslam sivilizasiyasına işarədir.

Azərbaycan bayrağının üç rəngi: türkçülük ənənələri üzərində bərqərar olmuş milli mədəniyyətimizi, müsəlman sivilizasiyasını və müasir Avropa demokratik əsaslarını simvollaşdırır.

Bayrağımız üzərində əksini tapmış hilal və səkkizguşəli ulduz da türkçülüyün, İslamın, çağdaşlığın, dövlətçiliyin, demokratik inkişafın, bərabərliyin, bu bayraq altında bir araya gələn insanların ortaq mədəniyyətinin nişanəsidir.

***

Türkçülük ideyası, demokratik inkişaf məramı və İslam sivilizasiyası...

İndiki dünyamızda bunlardan yalnız birini seçməklə bir tərəfə çıxmaq mümkün deyil. Əgər yalnız türkçülük ideyasına söykənsən, özünü dünyadan təcrid etmiş olarsan. Bir tərəfdən, indi sivil dünyada millətçilik bir o qədər yaxşı meyli kimi qəbul edilmir, başqa tərəfdən, çoxmillətli ölkədə bu, zaman-zaman ağır fəsadlara da yol aça bilər. Amma qloballaşan dünyada milli köklərdən uzaqlaşmaq da doğru sayılmaz. Bayrağımızdakı türkçülük rəmzi bizi öz ruh halımızda saxlayan, bizi biz edən, əsrlər boyu bir əlində qılınc, bir əlində kitab dünyaya zəngin mədəniyyət bəxş etmiş, tarixə, siyasətə əxlaq gətirmiş şanlı bir xalqın övladları kimi özlüyümüzü qoruyan dəyərdir.

Əgər cəmiyyətin demokratik inkişafı ilə çuğlaşmasa, sivil dünyanın mütərəqqi yeniliklərinə can atıb bu yenilikləri əxz etməsə, o zaman milli kimliyimizin də bir anlamı qalmaz. Kimsə bizə, sadəcə, milli mənsubiyyətimizə, əcdadlarımızın yaratdıqları tarixə görə sayğı bəsləməz. Ona görə Dövlət bayrağımız üzərindəki müasirlik, demokratik inkişaf məramı da son dərəcə mühüm bir istiqamətdir.

Və İslam sivilizasiyası...

Çağdaş dünyamızda mənfur məqsədli qüvvələrin İslam adı altında yaratdıqları acı mənzərələr, böyük bir mənəviyyat xəzinəsi, irfan məktəbi olan bu dinin başında qurulan oyunlar, İslam dünyasının sivilizasiyalar arasında savaşlara sövq edilməsi Dövlət bayrağımızdakı yaşıl rəngin də nə qədər vacib mahiyyət kəsb etdiyini, bu bayrağın işığında ölkəmizin bütün dünyaya sərgilədiyi din və dövlət münasibətlərinin, dini tolerantlıq mühitinin, əsl İslam mədəniyyətinə xitabın necə mühüm önəm daşıdığını göstərir.

Azərbaycanın Dövlət bayrağının mahiyyətindəki uğur da bu üç dəyərin onda bir-birinə sığınmasıdır, onda bir araya gəlməsidir!..

Amma nəzərə alaq ki, mahiyyət təkcə rənglərdə deyil. Əsas olan bu rənglərin simvolizə etdiyi mənaların real əməllərdə də öz ifadəsini tapmasıdır.

***

Bunu reallaşdırmağı Heydər Əliyev bacardı...

Bayrağımızdakı mənalarla Azərbaycanın real inkişaf istiqamətlərini bir-biri ilə uzlaşdırmağa ulu öndər müvəffəq oldu.

Bir zamanlar da qeyd etdiyim kimi, Heydər Əliyev Dövlət bayrağımızın öz rəmzi mənaları ilə Azərbaycan qarşısında müəyyənləşdirdiyi istiqamətləri qloballaşan dünyanın çağırışları mühitində təkcə dəqiqləşdirmədi, bu üç rəng zolağının hər birini ölkəmizi sabitliyə, inkişafa, müasirliyə, insanlar arasında birliyə, bərabərliyə doğru aparan aydın işıqlı yola çevirdi. Elə bir yola ki, o, indi təkcə Azərbaycan xalqına deyil, qloballaşan dünyamızdakı mənasız toqquşmalardan cana doymuş hər bir xalqa, dövlətə arzularındakı sülh və firavanlıq dolu gələcəyə doğru aydın istiqamət verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər sayəsində gündən-günə güclənib qüdrətlənən, öz hədəflərinə doğru mətinliklə yürüyən ölkəmizi başqaları üçün də parlaq bir örnəyə çevirir, problemlər məngənəsində çabalayan, tarixin girdablarından çıxmağa can atan ölkələrə haqqın yolunu göstərir.

***

Xəzərin köksündə uzandıqca uzanan, səliqə-sahmanı, görkəmi ilə Vətən abadlığını xatırladan Dənizkənarı bulvardakı başmaqseyrlərim zamanı səmanın ənginliklərində min bir hüsnlə dalğalanan, xüsusən axşamlar işıq selinin haləsində başqa bir gözəlliyə bürünən Azərbaycan bayrağına tamaşa edincə bayraqların da onları ucaltmış insanlara bənzədiklərini, onların həyata baxışını, mənəvi dünyasını əks etdirdiyini düşünürəm.

Bayraq var ki, rəngi də, görkəmi də qaramat saçır. Nə vaxtsa bəşəriyyətin belə bir rəngə boyana biləcəyini xəyal edincə, yaxud dünyanın hansısa məkanlarında bütün dünyanı bu rəngin fəlakətinə yuvarlamaq istəyən bədheybət məxluqların olduğunu ağlına sığdırınca əhvalını korlamamaq üçün bu xəyalı tez düşüncələrindən uzaqlaşdırmalı olursan.

Bayraq da var elə rəngi, görkəmi ilə üzünə gülümsünür, bütün dünyaya sevgi, şəfqət saçır, o bayrağı ucaldan, o bayrağa yeni bir həyat verən, onun əbədi dalğalanması üçün ömrünü sərf edən işıqlı şəxsiyyətlərin xeyir əməllərinə dəstək üçün özündə tükənməz güc, enerji hiss edirsən.

O bayrağı səmalarda dalğalandıran, özünü o bayraqla təqdim edən müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmağınla qürur duyursan. Bu bayrağın müasir dünyadakı uca yeri, güclü mövqeyi, geniş təsir imkanları, hər kəsin bu bayrağı nəzərə almaq, onunla hesablaşmaq, sayğı göstərmək məcburiyyətində olması reallığı köksünü fəxarət hissi ilə doldurur.

***

Bu gün dünyanın geniş sinəsində yıpranmış, ayaqlar altında əzilmiş, didik-didik edilmiş bayraqlar da görürəm. Daha heç kimə lazım olmayan, müharibənin gətirdiyi fəlakətlərdən xilas olmaq üçün baş götürüb ölkəsindən qaçan insanların artıq bir yük bilib tulladıqları, acı günlərin xatirəsi kimi bir də heç zaman görüb yada salmaq istəmədikləri bayraqlar da var.

Küləyin istiqamətinə uyğun öz səmtini dəyişən, gah o tərəfə, gah bu tərəfə əsən bayraqlar var və əfsuslar olsun ki, bu gün müsəlman ölkələrində yaradılan fəlakət mənzərələrində bu dəyişkən bayraqların kölgələri sayrışır.

Bir də başqa bir bayrağın qoltuğuna sığınmış, xalqın, dövlətin satılmış namusu, miskin görkəmi ilə rəzillik ovqatı yaradan forpost ölkələrin bayraqları var. Və belə bir ölkənin dövlət bayrağının o ölkənin rəzil taleyinə boyun əymiş vətəndaşlarında hansı hissləri doğurduğunu istər-istəməz düşünməli olursan...

***

Bu sıralarda Azərbaycanı da görmək istəyənlər o qədər çoxdur ki...

Əngin səmalarda getdikcə ucalan, dünyanın hər bir səmtindən görünən, gücü, əzəməti hiss olunan bayrağımızı gözü götürməyib onu da yıprandırmaq istəyənlərdən, bayrağımızı ayaqlar altına salıb əzikləməyə can atanlardan, elin qüruru ilə oynamaq istəyənlərdən tarix heç zaman xali olmayıb və indi də xali deyil.

Amma bütün bu aramsız cəhdlərə rəğmən Azərbaycan bayrağı yenə öz ucalığındadır.

Azərbaycana qarşı hər mənfur cəhd bayrağımızı bir boy da ucaldır, onu səmalarda daha da qanadlandırır. Çünki o bayrağı öz əlləri ilə göylərə doğru uğurlayan zamanın bayraqdarı var, Vətənin şərəfini, qürurunu, heysiyyətini, xalqın maraqlarını heç zaman yadlara satmayacağına and içmiş və bu andı hər addımı ilə doğruldan güclü Lider var!

Öz Liderinə inanıb güvənən, öz taleyini Ona etibar edən, haqq davasında hər zaman yanında olub ona dəstək verən Azərbaycan xalqı var!

Və bu birgəlik içində, bu qarşılıqlı inam və güvən mühitində başqa kənar qüvvəyə əsla yer yoxdur. Xalq və dövlətin bu qədər sarsılmaz bərabərliyinə, dünyanın siyasi reallıqlarını, ölkəmizə qarşı məkrli hiylələri nəzərə alan bu cür mənəvi sipərə ancaq kənardan tamaşa etmək, bu sipərin böyür-bucağında mənasız cəhdlərlə atılıb-düşmək olar, amma onu sarsıtmaq, bu vəhdətin daxilinə nüfuz edib, ölkəni qarışdırmaq bihudə istəkdir.

“Sadəcə olaraq, bizim işimizə də heç kim qarışmasın, bizimlə diktat dili ilə danışmağa cəhd etməsin. Onsuz da bu səylər əbəsdir”, - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 4-də Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin açılışındakı nitqi zamanı belələrinə konkret tövsiyə verdi.

Və 1 noyabr 2015-ci tarixində ölkəmizdə keçirilmiş V çağırış Milli Məclisə seçkilərin gedişatı da göstərdi ki, heç kim Azərbaycanı öz inkişaf yolundan sapındıra, əsassız mövqelərini ölkəmizə diktə edə, dünyanın həssas bir məkanında yerləşən müstəqil respublikamızı bəzi başqa ölkələr kimi müxtəlif siyasi eksperimentlərin sınaq meydanına çevirib dövləti də, xalqı da zəlil günə sala bilməz.

Bu istiqlal, bu bayraq, bu dövlət bizə sinidə verilməyib!..

Bu dövlətçilik binasının az qala hər kərpicində bir şəhidin qanı, bir ananın göz yaşları var!..

Bu qədər təhdidlərə, bədxahlarımızın, üzərimizə yeriyənlərin, bizi müxtəlif qorxulu oyunlara çəkmək istəyənlərin bu qədər uzun sırasına rəğmən dünyada müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağının dalğalanması tarixin və taleyin xalqımıza ən böyük lütfüdür.

Aydın hədəflərə doğru aram-aram irəliləyərək, qarışıqlıqları, xaosu, subulandırmaları həyatımızdan uzaq tutaraq, tələsib, təntimədən təbii təkümül yolu ilə gələcək nəsillərə indikindən də daha güclü, indikindən də daha qüdrətli, indikindən də daha abad bir dövlət qurmaq bizim tarix qarşısındakı ən böyük məsuliyyətimizdir və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətə dəstək verən hər bir vətəndaş, əslində, bu məsuliyyəti nəzərə alır.

Ölkəmizdə keçirilən son parlament seçkilərinin sakit bir ab-havada, yüksək siyasi mədəniyyət mühitində və sağlam rəqabət şəraitində baş tutması, cəmiyyətdə hər hansı gərginliklər yaşanmadan hər bir vətəndaşın azad şəkildə öz səsini inandığı namizədə verməsi Azərbaycan xalqının öz milli hədəflərinə doğru yolun ən çətin mərhələlərini artıq çoxdan geridə buraxdığını bir daha təsdiqləmiş oldu.

***

Son aylar ölkədə yeni islahatlar mərhələsinin başlandığı nəzərə çarpır...

Bəlkə, heç özümüz də fərqində deyilik, amma çox mühüm proseslərin içindəyik. Bu dövr, yəqin ki, gələcəkdə Azərbaycanın müstəqillik tarixinin ən əhəmiyyətli dönəmlərindən biri kimi xatırlanacaq.

Cəmiyyətdəki dəyişikliklər hər addımda özünü hiss etdirir. Bu dəyişiklikləri hərə öz bildiyi kimi, anladığı qədər yozmağa çalışır. Bütün bunlar bəzilərinə gözlənilməz təsir bağışlayır. Mənim anladığımsa budur ki, baş verənlərdə, əslində, gözlənilməz heç nə yoxdur. Bütün bunlar əvvəl-axır həyata keçiriləcəkdi və insanlar bu islahatların başlanmasını çoxdan arzulayırdılar.

Amma məqsədyönlü siyasətin uğuru da elə bundadır ki, o, fərdi istək və arzulardan deyil, cəmiyyətin ümumi maraqlarından çıxış edir və hər bir dəyişikliyin ictimai həyatda hansısa sosial-iqtisadi təlatümlər yaratmadan, öz vaxtında-vədəsində reallaşdırılmasını əsas tutur.

Azərbaycanda islahatların yeni mərhələsi də tam zamanında başlandı və nəticələrin xalqımız, dövlətimiz üçün son dərəcə xeyirli olacağı əsla şübhə doğurmur.

Ötən 25 il ərzində biz son dərəcə çətin və mürəkkəb proseslərdən keçdik. Azərbaycan bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü uğurla başa vursa da, bir çox məsələlərdə sovet dövrünün təsirləri hələ özünü hiss etdirirdi.

Ulu öndər Heydər Əliyev keçmiş ittifaq məkanında ilk dəfə olaraq son dərəcə qətiyyətli bir qərar verərək torpağı əvəzsiz olaraq özünün əsl sahibinə - kəndlilərə bağışladı.

Dövlət əmlakının özəlləşdirilməsi prosesini uğurla həyata keçirdi. Ölkədə ilk sahibkarlar meydana gəldi. Sahibkarlıq fəaliyyətinin hüquqi bazası formalaşdırıldı. Cəmiyyət baş verənlərin əsl mahiyyətini ilk illərdə yaxşı anlamadığından, biznes sahəsində yetərli bilgilərə sahib olmadığından bu istiqamətdə müəyyən səhvlərə, anlaşılmazlıqlara da yol verildi.

Yaxşı xatırlayıram, cəmi bir neçə il əvvələ qədər bir çox vətəndaşlara izah etmək çox çətin idi ki, mağazadan aldığı ərzaq, paltar kimi istifadə edilən işığın, qazın, suyun da pulu ödənilməlidir. Yaxud işçi çalışdığı istehsal müəssisəsindən sovet dövründə olduğu kimi daha evə qoynunda-qoltuğunda gizli-aşkar heç nə apara bilməz. Əgər sovet dövründə dövlət iqtisadi idarəetmə sistemindəki zəifliklər ucbatından belə hallara göz yumubsa, öz biznes maraqlarını ciddiliklə qoruyan azad sahibkar bu cür davranışları işçisinə əsla güzəştə getməyəcək.

Bəli, ilk dövrdə çətinliklər oldu, amma ən mühüm nəticə əldə edildi, insanlar sahibkarlıq mühitinə qısa zamanda öyrəşdilər. Dövlət və sahibkar münasibətləri formalaşdı. İnsanlar azad bazar iqtisadiyyatının əsas prinsiplərini mənimsədilər.

Amma sahibkarların fəaliyyətinə əsaslı-əsassız müdaxilələr, dövlət orqanlarına verilmiş səlahiyyətlərdən naqis məqsədlərlə istifadə halları da, etiraf edək ki, vardı və bunu qısa zamanda əngəlləmək mümkün görünmürdü. Çünki burada məmur tamahı ilə yanaşı, bəzi sahibkarların öz məsuliyyətlərindən, qanunvericiliyin tələblərindən yayınmaq cəhdləri də müəyyən rol oynayırdı.

Artıq bu məsələdə qəti mövqe ortaya qoyulub və heç kimə güzəşt yoxdur...

Son proseslər iş həyatındakı naqis meyilləri ortadan götürməklə Azərbaycanda biznes mühitinin inkişafına, sahibkarların hüquq və öhdəliklərinin daha da konkretləşməsinə, qeyri-neft sektorunun inkişafına, son nəticədə ölkəmizin tərəqqisinə, insanların dolanışığının daha da yaxşılaşmasına xidmət edəcək. Bütün bunlar xalqın istədiyi, arzuladığı və ölkə rəhbərimizin xalqın arzularını nəzərə alaraq, xalqa arxalanaraq həyata keçirdiyi siyasətdir.

4 noyabr 2015-ci il tarixində Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimindəki nitqi zamanı Azərbaycan Prezidenti dedi: “Bu gün Azərbaycan o ölkələrdəndir ki, burada gedən proseslər xalq tərəfindən müəyyən edilir. Xalq da öz sözünü seçkilər vasitəsilə ifadə edir. Xalq-iqtidar birliyi, gözəl ictimai iqlim və demokratik proseslər ölkəmizi gücləndirir. Məhz buna görə Azərbaycanda sabitlik maksimum dərəcədə təmin edilir, ölkəmizin inkişafı ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Çünki bizim apardığımız siyasət xalqın maraqlarını tam ehtiva edir. Bizim siyasətimiz xalqın maraqları üzərində qurulubdur. Təhlükəsizlik, daxili sabitlik, iqtisadi inkişaf, sosial ədalət, demokratiya, azadlıqlar, müstəqil xarici siyasət - bizim əsas prinsiplərimiz bunlardan ibarətdir və hər istiqamət üzrə biz çox uğurlu mənzərənin uğurlu nəticələrini görürük”.

Azərbaycan Prezidentinin öz bəyanatında sözlə rəsmini cızdığı o xoş mənzərə, o uğurlu nəticələr Dövlət Bayrağı Günü bu milli qürur rəmzinin əhatəsində birləşib, onun ucalığına, əzəmətinə, müstəqil dövlətimizin qüdrətinə fərəhlənən Azərbaycan xalqının öz Lideri ilə birgə yaratdığı istiqlal əsəridir!

Bayraq günün mübarək, əziz xalqım!

Üçrəngli bayrağınla məsud yaşa, Azərbaycan!..

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-dramaturq

"Azərbaycan" qəzeti, 08 Noyabr 2015