Fədakar yazıçı, məğrur insan

Məmmədhüseyn Əliyev - 90

Məşhur ispan şairi Federiko Qarsiya Lorka faşizmin cənginə aldığı ötən əsrin 30-40-cı illər Avropasının ölüm düşərgələrinin birində yatarkən "yazıçılıq, şairlik fədakarlıqdı, qəhrəmanlıqdı" demişdi və bundan qorxmamışdı, bu isə həqiqətən o dövr üçün cəsarət tələb edirdi.
 
Ancaq təkcə o dövr üçünmü? Bizcə ağır, mənəvi və fiziki güc tələb edən bədii yaradıcılıq elə bütün zamanlar üçün igidlikdir, qəhrəmanlıqdır. Müəyyən çətin məqamlar istisnalıq təşkil eləmir. Bu, belə olmuş, belə də olacaqdır.

 

 
 
 
 
 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by 
5
Reklamınızı SmartBee ilə effektiv edin.

 

Orta məktəb illərində Lənkəranda təhsil aldığıma görə haqqım çatır ki, indi deyəm, ilk tanıdığım yazıçı məhz mərhum Məmmədhüseyn Əliyev idi. Lənkəran o zaman üçün də qaynar şəhər idi, o qədər iri olmasa da. 50-ci illərdə müharibənin ağır yaraları sağalır, təhsilə diqqət artır, ədəbi-bədii mühit formalaşırdı. Rayonda bölgə qəzeti və Azərbaycan radiosunun filialı fəaliyyət göstərirdi. Ədəbiyyat həvəskarı olduğum üçün 5-ci, 6-cı siniflərdən redaksiyalara ayaq döyürdüm. Məqalələrim tez-tez çıxırdı, kiçik həcmli bədii yazılarımı hansısa mətbuata göndərməyə qorxurdum. Az sonra "Azərbaycan pioneri" (indiki "Savalan") qəzeti lirik miniatürlərimi dərc eləməyə başladı. Məktəbimizdə hamı mənə "yazıçı" deyir və bu sözün məsuliyyəti önündə özümə yer tapa bilmirdim. Utanırdım, çəkinirdim. Elə bu ərəfələrdə Məmmədhüseyn müəllimlə tanış oldum və ilk ünsiyyət, tanışlıq qəlbimdə silinməz izlər buraxdı, içimdə baş qaldıran duyğuları tərpətdi.

Bir dəfə isə o unudulmaz şagirdlik illərimdə Məmmədhüseyn Rüstəm oğlu Əliyev məktəbimizə qonaq gəldi, müəllimlərlə səmimi görüşdü, bir sözü indi də yadımdadı: "Mən də ədəbiyyat və dil müəllimiyəm, yaradıcılıq sənətimdir, pedaqoji fəaliyyətimlə texnikumda (indiki Lənkərandakı Pedaqoji kollec nəzərdə tutulur - müəllif) məşğul oluram". Bizim ədəbiyyat müəllimimiz Məmmədhüseyn Əliyevin həyatından danışdı, onun 1925-ci ilin baharında Lerikin Kürdəsər kəndində doğulduğunu bildirdi. Yazıçı özünün "Hekayələr" kitabını da götürmüşdü. Ondan müəllimlərə və şagirdlərə avtoqraf yazıb payladı. O kitabça sonra təkrar-təkrar çap olundu, kiçik həcmli hekaylərdə təsvir olunan hadisələr isə yadımdan çıxmadı. "Narınc xanım", "Şirməmmədin heykəli", "Sevinc", "İmzasız", "Əvəz", "İmtahan", "Sonrakı peşmançılıq" adlı həmin nəsr nümunələri mənim yaradıcılığımın ilkin dövründən təsirsiz ötüşmədi.

Bir müddət keçəndən sonra Məmmədhüseyn Əliyevin "Dağlar oğlu" maraqlı romanı "Uşaqgəncnəşr"də çap üzü gördü, özü də kütləvi tirajla. Ancaq kitaba qədər "Azərbaycan gəncləri" qəzeti irihəcmli əsərin bir neçə hissəsini dərc etdirdi. Onda yuxarı sinif şagirdiydim, əməlli-başlı ədəbiyyat saqqızımı oğurlamışdı. Mən Lənkəranın mərkəzində yerləşən köşkdən həmişə o sevimli qəzeti alır və "Dağlar oğlu"ndan parçaları mütaliə edirdim.

Onu da deyim ki, bu roman o dövr üçün oxucular arasında çox populyar idi. Cənub bölgəsində hər evdə vardı, əl-əl gəzirdi. Ordakı təbiət təsvirləri, etnoqrafik lövhə və mənzərələr, xalqın minillik adət və ənənələrinin olduğu kimi ifadəsi, şifahi nitqə yaxın dil şirinliyi, atalar sözlərindən yerli-yerində ustalıqla bəhrələnmə adamın qəlbini ovsunlayır, ruhunu titrədirdi. Yazıçının seçdiyi baş qəhrəman o zaman həyatda yaşayırdı, Lerikin Pirasora kəndində 150 ilin dizini qatlayan, kürəyini yerə vuran Mahmud Eyvazov təkcə SSRİ-nin deyil, bütün dünyanın maraq dairəsindəydi. O, planetin ən yaşlı sakini sayılırdı. Bax, bu danılmaz faktın özü bədii əsərin gücünə güc qatmış, dəyərini qat-qat artırmışdı. Qocaman dağlar oğlunun obrazını yaradan Məmmədhüseyn müəllim xoşbəxt taleli ədib sayılırdı. Uzaq-uzaq ellərdən Mahmud babayla maraqlanan, ona əli çatmayan müxtəlif insanlar hardansa yazıçının ünvanını öyrənir, uzunömürlülüyün sirlərinə sanki yiyələnmək üçün ondan məsləhət, tövsiyə almaq istəyirdilər. Həssas yazıçı heç bir məktubu cavabsız qoymur, hətta əcnəbi dillərdə gələn teleqramları xoşhallıqla yerli mütəxəssislərə oxutdurur, onlardan xəbərdar olurdu. Və elə bu sevgi və istək yazıçıya əsərin ikinci hissəsini - "Dağda bahar"ı yazdırdı.

Mən uzun illərdən bəri subtropik bölgənin mərkəzində - Lənkəranda müxtəlif vəzifələrdə çalışmış və fəaliyyətim əsasən istehsalatla bağlı olmuşdur. Ötən yüzilliyin 70-80-ci illərində Məmmədhüseyn Əliyevlə tez-tez gah rəsmi, gah da qeyri-rəsmi tədbirlərdə iştirak edirdik. Rəhmətlik olduqca zarafatcıl, baməzə və xoşxasiyyət kişiydi, heç kəsdən çəkinmir, qorxmurdu, sözü həmişə üzə deyir, adamların gözünün içinə şax baxırdı. Görən kimi "Mirələmov, təzə nə yazmısan, gəl bir ürək söhbət edək, dərdləşək" - söyləyərdi. Rayonun prokuroru ilə dost olan, ən böyük vəzifələrdə çalışanlarla gəzən bu ucaboylu, dağ cüssəli insan vədində bütöv idi. Ona görə sözünü yerə sala bilməzdim. "Məmmədhüseyn müəllim, nə vaxt məsləhət bilsən, mən hazıram, lap elə bu həftənin sonunda" - deyə bir az da görüşümüzün tarixini yaxınlaşdırardım.

Məmmədhüseyn Əliyevin sığındığı Azərbaycan Yazıçılar İttifaqının zona şöbəsinin birmərtəbəli inzibati binası mərkəzdə yerləşirdi. Təəssüf ki, indi nəinki köhnə çal-çağır, heç o yastı-yapalaq bina belə qalmayıb, kommersiyaya, bazar qanunlarının güdazına qurban gedib. Halbuki o yeri bir məbəd kimi saxlamaq olardı: həm ədəbiyyatımız, mədəniyyətimiz naminə, həm də bölgənin ilk "Əməkdar İncəsənət Xadimi", yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin xatirinə. O zamankı qaynar mühit yadımdadı, ora Şəkər Aslan, Əlisa Nicat, Həbib Səfərov, Mirhaşım Talışlı, Yaşar Rzayev, Abbasağa, Hüseynağa Qəniyev, Qüdrət Cəfərov, Xanhüseyn Vüqarlı, Xudaqulu Canıyev kimi istedadlı şair və yazıçılar təşrif gətirərdi. Şöbənin nəzdində "Gənc qələmlər birliyi" vardı və indi respublikamızda tanınan  bir sıra görkəmli yazarlar o yaradıcılıq məktəbinin "məzunlarıdır". İndi də gözəl lirik şair Vaqif Hüseynovun, Rəsul Rza əsərlərinin davamçısı İltifat Salehin şövqlə oxuduqları şeirlər diskussiyaya səbəb olan söhbətlərin, mübahisələrin cingiltisi qulağımdan getməyib.

Bəzən Məmmədhüseyn müəllim telefon açır, kefimi soruşur, axırda "Hüseynbala, vaxtın varsa filan məktəbə və ya müəssisəyə görüşə gedəcəyik, sən də bizə qoşul" deyərdi. Vaxt tapanda məmnuniyyətlə razılıq verərdim. Bəzən də kiminsə əsərinin müzakirəsi keçirilərkən və yaxud təzə kitabının təqdimatı olarkən həvəslə özümü ora çatdırardım. O, hər kəsin ruhunu oxuyurdu, "yoldaşlar, yazıçının böyüyü-kiçiyi yoxdur, hamımız qələm yoldaşıyıq və bir-birimizin ehtiramını saxlamalıyıq. Hüseynbala müəllimin vaxtı azdı, rayonlarımızı, kəndlərimizi qazlaşdırır, xeyirxah bir işlə məşğuldur. Deyirəm, bəlkə tələsir, ilk sözü verək ona, sonra siz burda, mən burda" - söyləyər, ehtiramla diqqəti mənə yönəldərdi. Bölgənin şəhər və kəndlərindən gələn yazarlar yazıçını sevir və bir sözünü iki eləmirdilər.

Tələbəykən yazdığım ilk qələm təcrübələrimi Məmmədhüseyn Əliyevə oxumuşam. Sağ olsun, axıracan məni dinləyib, məsləhətlərini verib, həvəsləndirmək, qanadlandırmaq üçün bərk tərifləyib. Hətta durnalarla bağlı silsilə hekayələrimə qulaq asarkən, "bəh-bəh, elə bil lirik şeir parçalarıdı, əhsən, əhsən" deməyi, ayrıca, özünəməxsus jesti gözlərimin önündədir. Hiss edirdim ki, bu insan ürəkdən sevinir, uğuruma biganə deyil. O vaxt söylədiyi bir fikri də unutmamışam: "Ay Hüseynbala, nə çox durnalardan yazırsan? Yəqin orta məktəbdən keçmisən, Molla Pənah Vaqif, Qasım bəy Zakir kimi şairlər də durna mövzusundan gen qaçmayıblar. Bu azad, qərib səma yolçuları barədə düşündüklərini, hiss və duyğularını misralara çeviriblər. Söz həmişə sözə söykəkdir. Klassiklərdən bəhrələnmək qəbahət deyil. Düzünü desəm, elə mənim 1947-ci ildə "Kolxoz yolu" qəzetində çıxan şeirim də "Durnalar" adlanırdı və o təsirin məhsuluydu. "Mən təəccübümü gizlətməzdim. O, bunu görüb güldü, oturduğu iri masanın alt siyirməsindən köhnə bir qovluq çıxartdı. "Buyur, subutalnı-dokumentalnı" dedi və həmin əzik-üzük köhnə qəzeti tapıb mənə uzatdı.

Məmmədhüseyn müəllim nasir kimi məhsuldar idi, ard-arda kitabları nəşr olunurdu. "Dağlar oğlu"ndan sonra (bu ikihissəli roman təkrar surətdə Azərbaycanda iki dəfə, rus dilində Moskva nəşriyyatlarında üç dəfə işıq üzü gördü - müəllif) "Lənkəran hekayələri", "Qayaların səsi", "Döyüşən illər", "Müstəqil", "Vadidə görüş", "Torpağın ətri" və s. xeyli sayda çap edilən əsərləri onun ədəbiyyata tale işi kimi baxdığına, bu sənəti təsadüfən seçmədiyinə işarəydi. O zaman qəzet və jurnallar da ədibə biganə deyildilər: hekayə və povestləri, romanlardan parçaları səhifələrində dərc elətdirirdilər. Tanınmış tənqidçi alimlərdən Əkbər Ağayev, Qulu Xəlilov əyalətdə yaşayan görkəmli Azərbaycan yazıçısının kitabları barədə resenziyalar qələmə alır, həmin əsərlərin ədəbi təhlilini aparır, müasir ədəbiyyatımızın uğurları fonunda əhəmiyyətindən yazırdılar.

Mənə elə gəlir, istər dünya səviyyəli olsun, istərsə də yalnız ölkə içərisində tanınsın - yazıçıya obrazları yaşadığı ətraf mühitin müəyyən keşməkeşləri, təbəllüatları diqtə edir. O da qəhrəmanlarını kənardan götürməmişdi, tanıdığı, bildiyi şəxslər idi. Sadəcə Məmmədhüseyn Əliyevdə kifayət qədər yazıçı ustalığı vardı və həmin adamların xarakterlərinə əlavələr eləyir, onları dolğunlaşdırırdı. Bir dəfə zövqünə inandığım bir nəfər ədəbiyyat müəllimi "Hüseynbala müəllim, bizim Məmmədhüseyn Əliyevin "Gəray müəllimin səhvi" hekayəsini oxumusan da. Yəqin bilirsən, Gəray müəllim kimdir?" - deyə məni sorğu-suala tutdu. Heç cavab gözləmədən "Əslində o kişinin adı heç Gəray deyil, başqadı, mən onu yaxşı tanıyıram. Yazıçı onun adını gizlədib, xarakterini isə olduğu kimi saxlayıb. Hekayəni oxuyanların hamısı indi "dırnaqarası Gəray"ın hansı məzhəbə qulluq elədiyini, hansı oyunlardan çıxdığını bilir" - dedi. "Şərt adda deyil, dostum, əsas xarakter yaratmaqdı, o da dediyin adamın surətini gözəl yaradıb, yəni böyük Allah insanı necə yaradıbsa, elə qalmalıdı. Mövlanə Cəlaləddin Ruminin sözüdü: ya göründüyün kimi ol, ya da olduğun kimi görün. Yazıçı həyata nüfuz edən yaradıcı şəxsdir, o tipləri araya-ərsəyə gətirməklə cəmiyyətin eyiblərini göstərir, eyni zamanda hamını düzlüyə, səhv etməməyə, paklığa çağırır" - söylədim.

Bölgənin mədəni həyatında N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının rolu misilsiz idi. Bu ocaqda təkcə maraqlı yaradıcılıq gecələri deyil, teatr tamaşaları qoyulur və yüzlərlə ziyalı, orta təbəqə nümayəndəsi, tələbə, sadə kənd adamı repertuarlara cəlb olunurdu. Baş rejissor, Əməkdar incəsənət xadimi Baba Rzayev Məmmədhüseyn Əliyevin yaradıcılığına tez-tez müraciət edir, dram əsərlərini səhnələşdirirdi. Mən yazıçı-dramaturqun iki əsərinin tamaşasına baxmışam: "Ana fəryadı"nın və "Prokuror"un. Hər iki əsərin mövzusu ciddi idi və dramaturq öhdəsindən uğurla gəlmişdi. Üstəlik, istedadlı rejissor Baba Rzayev aktyor kollektivi ilə fədakarcasına işləmiş, yaxşı tamaşa hazırlamışdılar. Daha sonra hər iki əsəri o zamankı Azərbaycan Televiziyasının Ədəbi dram verilişləri redaksiyası götürdü və efirdən göstərdi. Özü də bu dramlarda ekran həyatını görkəmli rejissorlar Rauf Kazımovski və Lütfi Məmmədov vermişdilər.

Bir dəfə Məmmədhüseyn müəllim məni çap olunmamış əsərləri barədə məlumatlandırdı və belə bir söz işlətdi: "Gecikmiş bəraət" adlı povestim var. Ağa Quliyev barədədir. Ağa Stalin - Bağırov repressiyasının qurbanlarından olub. Həm Stalinə, həm də Mircəfərlə vuruşub, onlara tabeçilik göstərməyib. Lerikin Zuvand bölgəsindən olan Ağa Quliyev müxtəlif dövlət vəzifələrində çalışıb, respublika prokurorunun birinci müavinliyindən yüksəlib. Onu Bağırovla üz-üzə qoyan İran sərhəddi yaxınlığında yerləşən kəndinin - Kələxanın sakinlərinin Biləsuvar-Saatlı rayonlarına köçürülməsi səbəb olub. Üç dəfə tutulub, bəraət alıb. Bu əyilməz və qorxmaz insanla yaxınlığım var, onun obrazını bir qəhrəman kimi yaratmışam, özünə oxumuşam əsəri, ləzzət eləyib". Bilmədim bu povest çap olundu, ya yox. Deyəsən heç əcəl də macal vermədi, yazıçı "Gecikmiş bəraət"i görmədi. Bundan başqa, Məmmədhüseyn Əliyevin özünəməxsus sandıq ədəbiyyatı da mövcud idi, "saxla samanı, gələr zamanı" - deyiblər. "Açılmamış düyünlər", "Lənkəran iztirabları" roman trilogiyaları, "Həyata sualım", "Borc", "Tabut", "Ağsaqqal", "Etibar" povestləri, "Xatirə", "Ağ ölüm", "Görünməmiş təlatüm" romanları bu sıradadır. Və o, bir qələm ustası kimi haçansa bu əsərlərin çapına ümidli idi. Görünür, zaman hələ o zaman deyildi, bu zamanın mövcud Sovet rejimi nələrinsə çapına icazə verməyəcəkdi.

Məmmədhüseyn Əliyev axund oğlu idi və atası dinsiz-ateist təbliğatının təsirinə düşməmək üçün yerindən, yurdundan, ailəsindən olmuş, didərgin düşmüş, sərhəddi adlayaraq İrana keçmişdi. Əqidə Rüstəm kişinin ən böyük amalıydı və o buna ömrü boyu xəyanət eləmədi. Baxmayaraq ki, varından-yoxundan çıxdı. Məğrurluqda və fədakarlıqda Məmmədhüseyn müəllim atası Rüstəm axunda çəkmişdi. Axı, yaxşı oğul atasına oxşar deyiblər. Müstəqilliyə qovuşan kimi Məmmədhüseyn müəllimi saxlamaq olmadı, o gedib ahıl yaşında atasının məzarını tapdı və ziyarət elədi. Az sonra özü də əbədiyyətə qovuşdu.

Bu yaxınlarda yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin anadan olmasının 90 illiyidir. Əlbəttə, ömrü boyu sözə tapınan, onunla təsəlli tapan bu fədakar yazıçını, mərd, məğrur insanı anmağa, xatırlamağa dəyər. Dünya gəldi-gedərdi, heç kəs əbədi deyil.

 

https://525.az/news/35563-fedakar-yazici-megrur-insan