HALAL QƏLƏBƏ

Azərbaycan tarixində ən demokratik, ən azad, ən şəffaf seçkilər keçirildi

 

 "Növbəti illərdə biz bütün bu istiqamətlər - iqtisadi islahatlar, sosial siyasət, enerji siyasəti, xarici siyasət üzrə ancaq və ancaq irəliyə gedəcəyik. Biz daha da güclü Azərbaycan, daha da güclü dövlət quracağıq ki, bu dövlətdə hər bir vətəndaş özünü rahat hiss etsin, sülh, əmin-amanlıq şəraitində yaşasın".

 

İlham ƏLİYEV

 

Seçki öncəsi Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin ətrafinda İsa Qəmbəri, Əli Kərimlini, İsgəndər Həmidovu və bu qəbildən olan qeyrilərini gördüm. Xəyal məni 1991-1992-ci illərə apardı. İlahi, necə də müdhiş bir dövr idi. Azərbaycan yarpağı solmuş bir ağaca, rəngi-rufu avazımış xəstəyə bənzəyirdi. Gecə saat 3-dək jmıxdan bişirilən çörək növbəsində dayandığım günlər yadıma düşdü.

Dənizkənarı parkın sönük, kimsəsiz, insana qəm-qüssə gətirən qaranlığa qərq olmuş siması yada düşdü. Sən demə, adamsız cənnət də cəhənnəmə dönərmiş. O vaxt insanların bulvara, xiyabanlara çıxması mümkün deyildi. Heç kəs qorxusundan qaş qaralandan sonra çölə-bayıra çıxa bilmirdi. İnsanları küçələrdə soyurdular, qarət edirdilər. Dövlət adamlarının (Müsavat-Xalq Cəbhəsi cütlüyü) televiziya ekranlarında tərbiyəsiz, azğın hərəkətləri, tamaşaçıları bezdirən çıxışları yada düşür...

Hər gün Bakıya və rayonlara çəbhə bölgəsindən gələn onlarla şəhid əsgərin tabutları, yas içində ağlar qalan anaların fəryadı yadıma düşür...

Azərbaycan batmaqda olan bir gəmini xatırladırdı. Kompası itmiş bu sükansız gəmi ucsuz-bucaqsız dəryada azmışdı. Bu gəminin sərnişinləri nicat yolu axtarırdılar.

Şükürlər olsun ki, bu gəminin cəsur kapitanı tapıldı. İndi deyirik: Heydər Əliyev, Sənin ruhun şad olsun, məzarın nurla dolsun! Azərbaycan xalqı Sənə əbədi borcludur. Borc dedim, Sənin öz xalqın qarşısında, bütün varlığınla sevdiyin Azərbaycan qarşısında SON borcun yada düşdü. Sən son dəqiqələrində belə xalqını, vətənini unutmadın! Sən dahilər dahisi idin. Filosofların böyük müəllimi Konfutsi demişdir ki, "dahilər ölümqabağı çox mühüm işlər haqqında düşünürlər". Sənin üçün mühüm şey canından çox istədiyin müstəqil Azərbaycanın gələcək taleyi idi, Azərbaycan xalqı idi. Sən onu naşı əllərə tapşıra bilməzdin! Sənə "baba" deyən bu millətin müdrik sözə ehtiyacı vardı. Sənin 1 oktyabr 2003-cü ildə uzaq Klivlənddən doğma Azərbaycana ünvanladığın ritorikadan uzaq müraciət - vəsiyyət doğma xalqın tərəfindən hərarətlə qarşılandı. Bəli, xalq öz Milli Liderinin - Sənin son müraciətini vəsiyyət kimi qəbul edib, ona əməl etməyi özünə borc bildi. Sənin ciyərparan-ürəkparan İlham Əliyev prezident seçildi... Xalq bir həqiqəti anladı ki, borc bildiyi bu əməl Azərbaycanın müstəqilliyinin əbədiliyinə, iqtisadi tərəqqisinə, demokratiyanın dönməzliyinə xidmət edəcək! Bəli, Azərbaycan dövlətinin müqəddəs rəmzlərinin ən etibarlı keşikçisi ancaq İlham Əliyev ola bilərdi və oldu da...

Ulu öndər, ruhun şad olsun! 9 oktyabr 2013-də doğma xalqın ayağa qalxıb yenə ONU prezident kürsüsünə seçdi!..

 

Dəyişməz seçim

 

2013-cü ilin 9 oktyabr seçkiləri də məhz bu reallığın təntənəsi olaraq müdrik və qədirbilən xalqımızın öz taleyinə biganə qalmamasının, gələcək naminə dürüst seçim etməsinin, ən layiqli namizədə səs verməsinin əyani təsdiqi kimi tarixiləşmişdir. Danılmaz reallıqdır ki, vətəndaşların ölkəyə layiqli rəhbər seçmək haqqı xalqın öz taleyinə sahib çıxmaq hüququnun təməlində dayanır. Azərbaycan xalqı son seçkilərdə daxili inamına söykənərək ölkəni əlahiddə inkişaf yoluna çıxarmış siyasətə səs verməklə ağı qaradan seçməyi bacardığını, ölkənin taleyinə biganə olmadığını göstərmişdir. Bu tarixi seçim həm də belə bir həqiqətin cəmiyyətdə obyektiv dərkidir ki, Azərbaycanın gələcək tərəqqisi, davamlı inkişafı məhz mövcud siyasi kursun davamlılığının təminatından asılıdır.

Gələcək barədə xoş arzu və düşüncələr insanları daha yaxşı çalışaraq daxili güc və imkanlarını, potensialını səfərbər etməyə sövq edir. Təbiidir, insan sabahını bugünündən daha firavan, güvənli görmək istəyir və bu nəcib niyyət onun fəaliyyətində stimulverici amilə çevrilir. Bu fikri tarixən insan toplumunu vahid ərazi hüdudlarında birləşdirərək sivil birgəyaşayışı təmin edən ayrı-ayrı dövlətlərə də şamil etmək olar. İstisnasız olaraq hər bir cəmiyyətin yüksək rifahı və tərəqqisi ilk növbədə dövlətin siyasi sisteminin xarakterindən, inkişaf strategiyasının mahiyyətindən, milli potensialın düzgün realizə edilməsindən asılıdır. Sabahını düşünərək qarşıya qoyduğu hədəflərə doğru əzmlə irəliləyən insan nə qədər əzmkar və nikbin təsir bağışlayırsa, gələcəyi üçün bugündən daha etibarlı, möhkəm təməl formalaşdıran, vətəndaşları üçün layiqli həyat tərzi formalaşdırmağa çalışan dövlət bir o qədər qüdrətli və istiqrarlı görünür. 

Ölkə vətəndaşları son seçkilərdə cənab İlham Əliyevin şəxsində məhz inkişaf etmiş Azərbaycana, onun davamlı uğurlarına, güvənli gələcəyinə - bir sözlə, sabitlik, inkişaf və rifaha səs vermişlər. Beləliklə, seçicilərin 84,59 faizinin səsini qazanmış cənab İlham Əliyevin ölkəni daha böyük uğurlara aparacaq alternativsiz lider olduğu bir daha yəqinləşmişdir. Şübhəsiz, bu yüksək etimad, ilk növbədə, hələ 2003-cü ilin oktyabrında "Mən hər bir azərbaycanlının prezidenti olacağam" deməklə səlahiyyətlərinin icrasına başlamış cənab

İlham Əliyevin ötən 10 ildə Azərbaycanı dinamik inkişaf yoluna çıxarması ilə şərtlənmiş, tərəqqi kursunun vətəndaşlar tərəfindən dəstəklənməsinin təcəssümü olmuşdur.

Əslində, 2013-cü ilin prezident seçkiləri tamam fərqli bir inkişaf mərhələsinə təsadüf edirdi. Elə bir mərhələyə ki, mövcud həyat reallıqları fonunda kiminsə səhv etməsi, yanılması tamamən istisna idi. Seçim anında vətəndaşın mövqeyinə təsir edəcək, onu tərəddüdlə üzləşdirəcək hansısa mühüm amil, yaxud da ciddi siyasi qüvvə gözə dəymirdi. Müdrik xalqımız iddiası ilə imkanları heç zaman uzlaşmayan ifrat radikal qüvvələrin məğlubiyyətlərini qabaqcadan göz önünə alaraq seçki prosesinə qara yaxmaq, reallığı təhrif etmək cəhdlərinə məhəl belə qoymadı. İndiyə qədər bütün seçki mübarizələrində məğlubiyyətə düçar olaraq sonradan seçki prosesinin demokratikliyinə əsassız yerə şübhə yaratmağa çalışan bu nihilist, inkarçı qüvvələrin 1 illik uğursuz hakimiyyəti dövrü də unudulmamışdı. Bəli, xaos və anarxiya, vətəndaş itaətsizliyi, siyasi, iqtisadi və mənəvi böhran dövrü kimi səciyyələnən 1992-1993-cü illərin doğurduğu neqativ assosiasiya son 20 ildə bütün seçkilərin nəticələrinə öz təsirini göstərmişdir. Azərbaycan vətəndaşları kimin kim olduğunu bildikləri üçün bütün seçkilərdə daxildən gələn istəklə alternativ görmədiyi siyasi kursun qələbəsinə səs vermişlər.

9 oktyabr seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciət etmiş Prezident İlham Əliyevin dediyi kimi, insanlar öz iradələrini bir daha ortaya qoymuşlar: "Mənə böyük etimad göstərmiş, yenidən prezident vəzifəsinə seçmiş doğma xalqıma minnətdaram. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyəm. Azərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcəkdir".

 

Heydər Əliyev siyasi kursunun təntənəsi

 

Cəmiyyətdəki çoxluğun mənafeyinə cavab verən praqmatik və realist siyasət yürüdən Prezident İlham Əliyevin son seçkilərdəki möhtəşəm qələbəsini şərtləndirən əsas amillərdən biri dövlət başçısının son 10 ildə məhz Heydər Əliyev siyasi kursuna istinad etməsi, ulu öndərin ideyalarını bütün sahələrdə gerçəkləşdirməsi, zənginləşdirməsidir. Başqa sözlə, Azərbaycan seçicisinin dəyişməz mövqeyini həm də dövlətin və xalqın maraqları şərtləndirmişdir.

Siyasi varisliyin təmini əsrlər boyu formalaşmış dövlətçilik irsinin qorunması və inkişaf etdirilməsi anlamında, əslində, hər bir ölkə üçün aktualdır. Söhbət ölkənin və xalqın sabit, dinamik inkişafının təkamül yolu ilə davam etdirilməsindən gedir. Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırmış ulu öndər Heydər Əliyev müəllifi olduğu siyasi strategiyanın davamlılığını təmin etmiş, parlaq zəkası hesabına respublikamızın gələcək uğurlarına təminat yaratmışdır. Azərbaycanın bu gün bölgədə həyata keçirilən qlobal enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilməsi, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlməsi, ölkədə sosial problemlərin həlli - işsizliyin, yoxsulluğun aradan qaldırılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətində atılan addımlar ölkə vətəndaşlarını öz seçimində daha qətiyyətli, prinsipial olmağa sövq etmişdir. Bununla yanaşı, ölkə vətəndaşlarının firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmin olunması, demokratikləşmə istiqamətində atılan addımlar mövcud siyasi kursa real alternativin olmadığını bir daha təsdiqləmişdir.

Xalqın son seçimi həm də növbəti illərdə Prezident İlham Əliyevin Azərbaycanın tərəqqi və inkişafına, uğurlu gələcəyinə daha çox töhfələr verəcəyinə olan dərin və səmimi inamdan qaynaqlanır. Ölkə vətəndaşları Heydər Əliyev siyasi kursunu yeganə nicat və istinadgah mənbəyi seçdikləri kimi, qarşıdakı beş ildə də məhz Azərbaycanın taleyini ulu öndərin layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyevə etibar etmişlər.

Hakimiyyətə iddia edən istənilən siyasi lider dövlətçiliyi hər cür qəsdlərdən qorumaq, milli maraqları təmin etmək, ekstremal situasiyalarda optimal qərar vermək bacarığına malik olmalıdır. 2003-cü ilin 15-16 oktyabr, 2005-ci ilin noyabr hadisələri zamanı müşahidə olunan kataklizmlər, hakimiyyətin zorakı yolla ələ keçirilməsinə yönəlmiş iğtişaş cəhdlərinin uğursuz nəticəsi sübut etdi ki, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik real təminatlara söykənir. Hər hansı radikallıq cəmiyyətimiz üçün təhlükə doğura, Azərbaycanın müstəqilliyinə xələl gətirə, demokratik inkişaf proseslərinin qarşısını ala bilməz. Elə bu səbəbdən də cənab İlham Əliyevin dövlətə rəhbərliyinin ilk ayları daha çox humanist çalarlarla yadda qalmışdır. Vaxtilə dövlətçiliyimizə qarşı ağır cinayətlər törədən və bir neçə illik cəza müddəti dövründə öz səhvindən səmimi peşmançılıq keçirən insanlar azadlığa buraxılmış, o cümlədən siyasi iğtişaşların təşkilatçıları və fəal iştirakçıları qısa müddətdən sonra azad edilmişlər. Daxili siyasətdə liberalizm elementləri qabarıq şəkildə nəzərə çarpmağa başlamış, siyasi qüvvələr arasında dialoqa meyil güclənmişdir.

 

Siyasətdə praqmatizm, iqtisadiyyatda liberallıq

 

Cənab İlham Əliyevin yürütdüyü siyasətin dəstəklənməsi həm də onun nəzəriyyəçidən daha çox praktik olması ilə şərtlənir. O, inkişafa xidmət edən mütərəqqi fikir və ideyalarını ictimai rəyə hesablanmış hansısa populist bəyanatlar üzərində deyil, reallıqda təsdiqini tapmış müddəalar üzərində qurur.

Auditoriyanın xarakterindən asılı olmayaraq, Azərbaycan Prezidenti insanlarla bütün ünsiyyət anlarında müstəqil dövlətimizin qarşısında dayanan yeni planlar, perspektivlər haqqında fikir və düşüncələrini aydın şəkildə, həm də elmi əsaslarla çatdırır. Cənab İlham Əliyev hər cür pafosdan, populizmdən uzaq olan, praqmatik, realist təfəkkürlü liderdir. Ölkə başçısının elə bir vədi yoxdur ki, ötən 10 ildə bəyanat səviyyəsində reallaşmamış qalsın. Əksinə, cəmi 10 ildə həyata keçirilən islahatların - real miqyasına, əhəmiyyətinə görə - ən azından onilliklər ərzində gerçəkləşdirilməsi  mümkünlüyü inkarolunmaz reallıqdır.

Tarixən formalaşmış elmi nəzəriyyələr göstərir ki, praktikada qazanılmış uğurlu nəticələrin elmi cəhətdən izahı inkişafın sabit səciyyə daşıması baxımından son dərəcə vacibdir. Konkret elmi postulatlara, nəzəri konstruksiyalara əsaslanmayan inkişafın uzunmüddətli və səmərəli olması qeyri-mümkündür. Bu baxımdan son illər müstəqil Azərbaycanın özünəməxsus inkişaf xüsusiyyətlərinin, milli inkişaf modelinin öyrənilməsi istiqamətində təşəbbüslərin artması da tamamilə təbiidir: respublikamız iqtisadi sahədə keçid dövrünü başa vurmuş, ötən illərdə milli iqtisadiyyatın inkişafı üçün yeni qanunlar qəbul olunmuş, özəlləşdirmə prosesi, vergi, torpaq islahatı başa çatmışdır. İnfrastrukturun yeniləşdirilməsi keyfiyyətcə yeni mərhələyə adlamış, güclü yanacaq-energetika, neft sənayesi formalaşmış, sahibkarlığın milli inkişafda rolu artmış, sosial problemlərin böyük qismi həllini tapmış, respublikamızın dünya iqtisadi-təsərrüfat sisteminə uğurlu inteqrasiyası təmin olunmuş, Azərbaycan nəinki özü, bölgə dövlətləri üçün də etibarlı enerji təhlükəsizliyi sistemi yaratmışdır.

Seçkilərin ilkin nəticələri ilə bağlı xalqa müraciətində cənab İlham Əliyev demişdir: "Azərbaycan xalqı bu seçkilərdə son on il ərzində görülən işlərə öz yüksək qiymətini vermişdir. On il ərzində dövlətçiliyimizin əsasları möhkəmləndi. Bu gün Azərbaycan dövləti güclü, müstəqil siyasət aparan bir dövlətdir. Bizim güclü ideoloji əsaslarımız vardır. Azərbaycançılıq məfkurəsi bizim ideoloji dayağımızdır".

Cənab İlham Əliyevin qazandığı möhtəşəm qələbənin bir mühüm səbəbi də var: dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirmişdir. Dövlət başçısının hər iki prezidentlik dövrünün böyük uğurlarından biri də Azərbaycan kəndinə şəhər simasının gətirilməsi olmuş, cənubdan şimala, şərqdən qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlər - ən müasir tələblərə cavab verən yeni məktəblər, səhiyyə ocaqları, körpülər, yollar tikilmişdir. Hətta sovet dövründə də "mavi yanacaq" üzü görməyən Yardımlıya, Lerikə təbii qaz çəkilmiş, Qubanın ucqar dağ kəndi Xınalığa yol çəkilmiş, daha bir fantastik layihənin - strateji əhəmiyyətli Quba-Şamaxı yolunun inşasına start verilmişdir. Bütün bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına səbəb olmaqla, Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadını, sevgisini və rəğbətini daha da artırır.

Prezident İlham Əliyevin lider kimi böyüklüyü və qüdrəti onun gələcək barədə kifayət qədər aydın, realist, nikbin baxışlara malik olmasıdır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiqlənməsində məqsəd də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da sürətləndirmək və mövcud potensialı davamlı inkişaf naminə tam səfərbər etməkdir. Xalqa müraciətində möhtərəm İlham Əliyev Azərbaycanın gələcəyi ilə bağlı məsələlərə də toxunmuş, qarşıdakı 5 ildə yürüdüləcək siyasətin ümumi konturlarını açıqlamışdır: "Növbəti illərlə bağlı bizim siyasətimiz açıqdır, aydındır. Mən dəfələrlə müxtəlif tədbirlərdə Azərbaycanın gələcəyi ilə bağlı öz fikirlərimi xalqla bölüşmüşəm. Görülən işlər haqqında xalqa daim hesabat verirəm. Bu gün də bildirmək istəyirəm ki, Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcəkdir. Azərbaycan beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcəkdir və bütün beynəlxalq təşəbbüslər Azərbaycan xalqının maraqlarını müdafiə edəcəkdir".

 

Diplomatiyada hücum taktikası

 

Prezident İlham Əliyevin seçkilərdəki qələbəsini təmin edən mühüm səbəblərdən biri də uğurlu xarici siyasətdir. Daxili və xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırkı çoxşaxəli uğurlarını təmin edən amillər sırasında xüsusi vurğulana bilər.

Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən iri dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi ruhlu iqtisadi və demokratik islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulana bilər.

Azərbaycan Prezidenti bu və digər məqsədləri ən qısa zamanda reallaşdırmaq, xarici siyasətin ardıcıllığını və çevikliyini təmin etmək üçün ilk növbədə diplomatik korpusun fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılmasını təmin etməyə çalışmışdır. Cənab İlham Əliyevin 2004, 2006, 2008 və 2012-ci illərdə Azərbaycanın diplomatik korpus rəhbərlərinin - səfirlərin iştirakı ilə keçirdiyi geniş müşavirələr də məhz xarici siyasət sahəsində vəzifələrin bir daha nəzərdən keçirilməsi, diplomatik fəaliyyətin dünyanın müasir reallıqları və tələblərə uyğun qurulması məqsədindən irəli gəlmişdir.

Rəsmi Bakı tarazlı xarici siyasətlə regionda siyasi-hərbi qütbləşmənin dərinləşməsinə deyil, sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına, Rusiya, ABŞ, İran və Avropa dövlətlərinin regionda toqquşan maraqlarının optimal şəkildə uzlaşdırılmasına çalışmışdır. Nəticədə İran və Rusiya kimi iri qonşu dövlətlərlə ikitərəfli əlaqələrdə bir vaxtlar çeşidli problemlərə rəvac vermiş psixoloji gərginlik mərhələsi çoxdan geridə qalmış, çoxşaxəli əməkdaşlıq münasibətləri daha da möhkəmləndirilmişdir. İstənilən siyasi gərginliyin beynəlxalq hüquq prinsipləri əsasında, diplomatik danışıqlar və qarşılıqlı anlaşma şəraitində aradan qaldırılması zərurətini diqqətə çəkən rəsmi Bakı Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinə, hansısa dövlətə hərbü güc tətbiqində platsdarm ərazi kimi istifadə edilməsinə heç zaman yol verməyəcəyini qətiyyətlə bəyan etmiş, bunu əməli fəaliyyəti ilə sübuta yetirmişdir.

Hələ 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında müşahidə olunan hərbi toqquşma Azərbaycanın regionda yeritdiyi siyasətin düzgünlüyünü və milli maraqlara əsaslandığını bir daha təsdiqləmişdir. Respublikamız çevik siyasət yeritməklə 2008-ci ilin avqustunda regionda müşahidə olunan hərbi, iqtisadi və siyasi böhranı dəf etmiş, eyni zamanda sabitləşdirici mövqeyindən maksimum səmərəli şəkildə yararlanmışdır.

Uzun illər regionda siyasi arbitr rolunda çıxış etməyə iddialı olan bəzi  iddialı dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi bu gün Azərbaycan diplomatiyasının ən mühüm uğurlarından biri kimi vurğulana bilər. Ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir.

Son illərin bir sıra hadisələri deməyə əsas verir ki, cənab İlham Əliyev istər ABŞ və Qərb, istərsə də Rusiya və İranla münasibətlərdə Azərbaycanın mənafeyinə xələl gətirə biləcək bütün məqamları çevik və adekvat reaksiya ilə aradan qaldırmağa nail olmuşdur. Respublikamızın rəsmi Vaşinqtonun müəyyən müddət narazılıqla qarşıladığı Bakı-Tbilisi-Qars dəmir yolu xəttini daxili imkanları hesabına maliyyələşdirməsi, habelə ABŞ Dövlət Departamentinin 2007-ci ildə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu şübhə altına alan hesabatına sərt reaksiya verməsi və həmin texniki yanlışlığı qısa zamanda aradan qaldırmağa nail olması bu sırada xüsusi vurğulana bilər.

Enerji  amilindən hansısa üçüncü ölkəyə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunması cəhdlərini yolverilməz sayan Azərbaycan regionun iri neft və qaz hasilatçısı olaraq iqtisadi və siyasi öhdəliklərə şərtsiz əməl olunmasını qarşılıqlı faydalı əməkdaşlıqda vacib amillərdən biri kimi dəyərləndirir.

Dövlət başçısı ölkəmizin maraqlarını uca tutmaqla yanaşı, hər bir Azərbaycan vətəndaşının da mənafeyinin qorunması naminə yüksək prinsipiallıq, qətiyyət nümayiş etdirir. Azərbaycan zabiti Ramil Səfərovun Macarıstandan beynəlxalq hüquq normalarına uyğun şəkildə ekstradisiya olunması və əfvi cənab İlham Əliyevin milli məsələlərə necə böyük həssaslıqla, qətiyyətlə yanaşdığını əminliklə söyləməyə ciddi əsaslar yaratmışdır.

Nəhayət, Rusiyanın Azərbaycandakı yeganə hərbi bazasının - Qəbələ RLS-in bu ildən fəaliyyətinin dayandırılması respublikamızın liderinin qətiyyəti və yürütdyü uğurlu diplomatik kurs sayəsində mümkün olmuş, bölgənin turizm potensialı möhkəmlənmişdir.

 

Dövlət xalq üçündür

 

Prezident İlham Əliyev son 10 illik fəaliyyəti ilə bu reallığı bir daha sübuta yetirmişdir ki, xalq dövlət üçün yox, dövlət xalq üçündür. Ölkə başçısı həllini gözləyən problemlərə obyektiv və real yanaşmaqla onların təkzib olunması və ya ört-basdır edilməsinə yox, əməli fəaliyyətlə aradan qaldırılmasına çalışmışdır. Dövlət başçısı hər zaman  qazanılmış nailiyyətlərlə yanaşı, bir sıra problemlərin mövcudluğunu da etiraf edir, hökumət üzvlərini problemləri gizlətməməyə, əksinə, nöqsanları hər cəhətdən öyrənməyə, təhlil etməyə, aradan qaldırmağa çağırır: "Hər şey yaxşı istiqamətdə, çox sürətlə inkişaf edir. Bəlkə gözlədiyimizdən də sürətlə inkişaf edir. Ancaq problemlər də həll olunmalıdır. Bizim vəzifəmiz bundan ibarətdir. Xalq bizdən bunu istəyir. Biz də bunu təmin etməliyik və edirik".

Cənab İlham Əliyevin idarəçilik üslubunda kadrın peşəkarlığı, vəzifə məsuliyyəti, xalqa qüsursuz xidməti mühüm amil kimi aktuallıq kəsb edir. Ümummilli lider uzun illər ərzində elə bir dövlətçilik təsisatı formalaşdırmışdır ki, müasir dövrdə hansısa kadr öz liderinə xəyanəti, pozucu fəaliyyəti ilə bu təsisatın fəaliyyətinə əngəl törədə, öz çirkin məqsədlərini həyata keçirə bilməz. Bu zaman sistem özü onu dərhal sıralarından kənarlaşdıracaq, onun səlahiyyətləri saf əqidəyə malik digər şəxsə həvalə ediləcəkdir. Cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursa sadiqlik amili yenə də aktualdır. Bu sadiqlik anlayışı daha çox hər hansı kadrın müasir təfəkkürə malik olması, ona tapşırılmış sahədə vicdanla fəaliyyət göstərməsi, xalqın problemlərinə həssas münasibəti əsasında müəyyənləşir.

Demokratiyanın ən başlıca şərti xalq hakimiyyətinin formalaşdırılması yolu ilə vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatına maksimum şərait yaratmaqdır. Demokratiya "Hakimiyyət xalqdan ötrü mövcuddur, xalq ona görə mövcud deyil ki, hakimiyyətə qulluq etsin" postulatına əsaslanır. Heydər Əliyevin strateji inkişaf kursunu böyük əzmlə həyata keçirən cənab

İlham Əliyevin yürütdüyü siyasətin uğurları demokratiyanın bu başlıca şərtini Azərbaycanda da xoş həyat reallığına çevirmiş, dövlət öz vətəndaşının hüquq və mənafelərinin keşiyində möhkəm dayanmışdır.

Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası bunu bir daha təsdiqləyir. Həmin iclasda cəmiyyətdəki bəzi neqativ hallarla bağlı fikirlərini açıqlayan dövlət başçısı korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi zəruriliyini də diqqətə çəkmişdir: "Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi olmalıdır. Bu sahədə, deyə bilərəm ki, yaxşı nəticələrimiz vardır. Bu yaxınlarda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni binasının açılışı zamanı dediyim fikirləri bir daha qeyd etmək istəyirəm. Korrupsiya Azərbaycanda olmamalıdır. Bu sosial bəlanı biz aradan götürməliyik. Korrupsiya sosial ədalət prinsiplərini pozur, cəmiyyətin uğurlu inkişafını əngəlləyir. Cəmiyyətin səyləri, dövlət siyasəti sayəsində biz korrupsiyaya qarşı daha da ciddi mübarizə aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə Azərbaycan bu göstəriciyə görə də dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır. Korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün əsas şərt siyasi iradənin mövcudluğudur və siyasi iradə vardır".

Son illərdə elektron xidmətlərin geniş tətbiqi cəmiyyət həyatının bütün sahələrində şəffaflığı və hesbatlılığı təmin etmişdir. Nəticədə Azərbaycan şəffaf idarəçilik, vətəndaş məmnunluğunun təmini sahələrində bir sıra uğurlar əldə etmiş, "ASAN xidmət" mərkəzlərinin açlması vətəndaşları narazı salan neqativ halların qarşısının alınmasına imkan yaratmışdır. Bu xidmətin yaranması və qısa müddət ərzində cəmiyyətdə böyük rəğbət qazanması ölkə başçısının siyasi iradəsinin təzahürü olmaqla yanaşı, Azərbaycanın bu sahədə innovasiyalara nə qədər hazır olduğunu göstərmişdir.

 

* * *

 

Liderlik xüsusiyyətlərinin əksəriyyət tərəfindən qəbul edilmək, geniş siyasi spektrin inamını qazanmaq və elektoral dəstəyə malik olmaq kimi politoloji bir mənanı ehtiva etdiyini nəzərə alsaq, bu termini bütün kateqoriyalar üzrə cənab İlham Əliyevə şamil etmək olar. Dövlət başçısı həm də müasir dünyanın qloballaşma və yeni geosiyasi reallıqlardan irəli gələn siyasi mənzərəsinin əsas cizgilərinə cavab verən siyasi liderdir. Bu fakt özlüyündə ulu öndərin siyasət və dövlət idarəçiliyi məktəbinin alternativsizliyini bir daha aşkara çıxarır. Güclü dövləti müstəqil siyasətin, dövlətçiliyin əbədi təminatı hesab edən cənab İlham Əliyev xalqımızın ən böyük milli sərvəti olan müstəqilliyin möhkəmləndirilməsi üçün daim əzmkarlıqla çalışır.

Ümumilikdə ötən dövrün təhlili bu qənaətə gəlməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin ötən 10 ildəki fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan bu siyasət növbəti beş ildə də uğurla davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirəcək, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-dramaturq

13.10.2013.