HAMIMIZIN QƏZETİ
...Milli Məclisin yaz sessiyasının son günləri idi.
İclaslararası fasilədə deputatlardan bir neçəsi ilə parlament binasının foyesində yığışıb atüstü söhbətləşirdik.
Deputat həmkarım, "Azərbaycan” qəzetinin baş redaktoru, yaxın dostum Bəxtiyar Sadıqov da orada idi.
Söhbət gəldi çıxdı "Azərbaycan” qəzetinin 100 illik yubileyinin yaxınlaşmasına... Bu əlamətdar məqamla bağlı erkən təbriklərini, ürək sözlərini Bəxtiyar müəllimə və onun rəhbərlik etdiyi yaradıcı kollektivə hərə bir cür çatdırdı.
Fürsət düşmüşkən bir əsrlik tarixə diqqət etdik. "Azərbaycan” qəzetinin 100 il əvvəl nəşrə başladığı günə, o dövrün tarixi şəraitinə hamılıqla qiyabi səyahətə çıxdıq. Qəzetin ilk rəhbərlərindən, müəlliflərindən bir neçəsinin adlarını xatırladıq...
Kimsə dedi, görün o vaxt bu nəşrin necə güclü yazarları olub, qəzet nə qədər düşüncə adamlarını öz səhifələrində bir araya gətirib. Bəxtiyar müəllim özünəməxsus təmkinlə gülümsünüb qayıtdı ki, "bir dəqiqə gözləyin”.
O, qovluğunu açıb sənədlərin arasından ağ-qara bir şəkil çıxararaq mənə tərəf uzatdı:
- Hüseynbala müəllim, görün bu şəkildə kimlər var?!
Pencəyimin döş cibindən eynəyimi çıxardım. Şəkli alıb gözlərim önünə tutdum. Nəzərlərimi şəkildəki çöhrələrə zillədim və onların kimliyini ilk baxışdan ayırd etməyə çalışdım.
Bəxtiyar müəllim qiymətli tapıntıya sahib jurnalist həvəsi ilə dedi:
- Bu, "Azərbaycan” qəzetinin ilk redaksiyasında çalışmış insanların kollektiv fotosudur. Hələ görün şəkildəkilərin hamısını tanıyacaqsınızmı?! Yox, yaxşısı budur, özüm onları tanıdım.
O, qələmini bir-bir fotodakı surətlər üzərində gəzdirib onların kimliyini nişan verməyə başladı:
- Baxın. bu, Üzeyir Hacıbəylidir, bu, Məhəmməd Əmin Rəsulzadə, bu, Seyid Hüseyn... Hənəfi Zeynallı, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim...
Maraq hamıya güc gəldi, ətrafdakılar da fotonun ətrafına toplaşdılar. Bəxtiyar müəllim şəkildəkiləri göstərə-göstərə, onların hər birinin qəzetdəki rolundan, "Azərbaycan”ın səhifələrində dərc edilmiş yazılarından da danışıb, müxtəsər məlumat verirdi.
Onun bələdçiliyi ilə bir şəklin işığında yüz il əvvələ səyahətimiz davam etdikcə hər kəs heyrətini, o fotodakı şəxsiyyətlərin böyüklüyünə məftunluğunu bir cür ifadə edirdi.
Şəkil əldən-ələ keçdi...
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, əziz dostum Eldar İbrahimov şəkli alıb bir daha diqqətlə baxandan sonra söylədi:
- Bəxtiyar müəllim, belə çıxır, yüz il əvvəl o dövrün bütün böyük şəxsiyyətləri elə bu qəzetdə cəmləşibmiş ki... Bu, bütün fikir adamlarının qəzeti imiş, deməli...
O an balaca bir hazırcavablıq etdim:
- Eldar müəllim, "Azərbaycan” qəzeti tək yüz il əvvəl yox, elə indi də hamımızındır, bizim qəzetimizdir. Deməyə sözü olan hər kəsin qəzetidir...
Və söhbət iştirakçılarının reaksiyasından anladım ki, bu replika ilə, əslində, hər kəsin 100 yaşlı "Azərbaycan” qəzeti haqqında qəlbindən keçənləri dilə gətirmişəm...
***
Əlifbanı öyrənəndən bəri qəzet oxuyuram...
İlk oxuduğum qəzetlər heç bütöv qəzetlər də olmayıb. Görərdin ki, haradansa bir qəzet parçası keçərdi əlimə, orada nə yazılmasından asılı olmayaraq höccələyə-höccələyə başlayardım oxumağa...
Sovetin bir yaxşı cəhəti vardı ki, onda hamı - ziyalı da, fəhlə də, kəndli də, kolxozçu da mətbuata məcburi də olsa, abunə yazılardı. Ən ucqar kəndlərə, ən uzaq evlərə qəzet-jurnal gedib çıxardı. Hər qapıda mütləq poçt qutusu olardı. Doğma poçtalyonların doqqazımıza hər gəlişini intizarla gözləyərdim. Bəzən gözləməyə hövsələm çatmaz, özüm onun iş yerinə yüyürərdim...
Yeni qəzet və jurnalların səhifələrindən saçan mətbəə iyi burnumuza dolub bizi az qala təndirdən yenicə çıxmış isti çörəyin ətri qədər ovsunlayardı...
Ata-anamız ağır iş gününün yorğunluğundan sonra qəzetləri gözdən keçirər, bəzən hansısa maraqlı materialı hamı eşitsin deyə ucadan oxuyardılar. Kommunist-sovet mətbuatı qəlibləri çərçivəsində fəaliyyət göstərən sovet qəzetlərində maraqlı materialların sayı o qədər çox olmazdı, düzdü... Amma yenə də oxumaq üçün nələrsə tapılırdı. Bir də görürdün, qəzetlərdən biri hansısa xarici ölkədəki qeyri-adi hadisə haqqında yazıb. Yaxud bəzən səs-küylü cinayət hadisələrinin təfərrüatları işıqlandırılardı. Qəzet çıxandan sonra, görərdin, hamı bu barədə danışır.
Uşaq vaxtlarımdan bədii mövzular diqqətimi daha çox çəkirdi. Bu mövzuda materialları, qəzetlərdə-jurnallarda dərc edilmiş kiçikhəcmli bədii əsərləri acgözlüklə oxuyardım. Oxuyandan sonra isə özüm də belə cızmaqaralar etməyə can atardım. Əgər müəlliflərdən hansısa biri həmyaşıdım olardısa, onda heç özümə yer tapmazdım. Elə bilərdim ki, dünyada qəzetdə yazının dərc edilməsindən böyük xoşbəxtlik ola bilməz.
Təsadüfi deyil ki, ilk yazım cəmi 9 yaşım olanda dərc olunub, özü də ümummilli qəzet statusunda olan "Azərbaycan pioneri”ndə...
Beləliklə, özüm də hiss etmədən çox erkən yaşlardan qəzet oxuma və qəzetə məqalə yazma vərdişim formalaşdı. Bu xoş alışqanlıq sinnimin indiki vədəsinə qədər gündəlik həyatımı tərk etməyib. İndi də hər gün masamın üzərində qalaq-qalaq qəzetlər olur. Nə qədər darmacallıq olsa da, onları ən azı bir-bir vərəqləyirəm. Vaxtdan asılı olaraq qəzetlərin bəzən bir neçə səhifəsini gözdən keçirirəm. Bəzən diqqətimi çəkən yazıları, bəzənsə maraqlı gələn imzaları oxuyuram...
Əgər kimsə soruşsa ki, dünyanın ən gözəl zövqü nədir, cavab verərəm ki, vaxtının rahat, asudə vədəsində maraqlı materiallarla bol bir qəzeti masanın üzərinə sərib mürəbbə ilə pürrəngi çay içə-içə, heç yana, heç yerə tələsmədən onu əvvəldən sona qədər oxuyub bitirməkdir bu...
Qəzetlərin hamısı qəlbimə doğmadır. Nə yazmasından, necə yazmasından, kimin üçün yazmasından, nələrə toxunmasından, yazılanlarla razılaşıb-razılaşmamağımdan asılı olmayaraq hər qəzet mənim üçün xoş dəyərdir...
Hər dəfə masamın üstündəki qəzet qalaqlarını görəndə sanki öz əzizimi görürəm. Onlardan gələn xüsusi ətir, qəzet vərəqlərinin rəngi, xışıltısı ruhumu əsrarəngiz bir aləmə aparır...
***
Bu qəzetinsə ürəyimdəki yeri bir ayrıdır...
"Azərbaycan” qəzeti mənə digər mətbuat orqanlarından azı on köynək yaxındır. Yəqin, başqa cür də ola bilməz...
Axı özüm də bu qəzetin fəal müəlliflərindənəm. Ayda azı bir dəfə bu qəzetdə yazılarım çıxır. Hər dəfə yeni əlyazmamı redaksiyaya göndərəndən sonra "Azərbaycan”ın növbəti günlərdəki sayını səhərlər həyəcanla vərəqləyirəm. Öz imzamı axtarıram. Məktəbli ikən "Azərbaycan pioneri” qəzetində ilk məqaləmin, sonralar hekayələrimin dərc olunduğu anların həyəcanını yenidən yaşayıram...
Çox qəribədir, o vaxtdan bəri qəzetlərdə, jurnallarda qalaq-qalaq yazılarım, irihəcmli bədii əsərlərim, ölkəmizdə və xaricdə onlarla yeni kitabım nəşr olunub. Amma qəzetin hər yeni nömrəsində öz yazını görmək yenə də bambaşqa hisdir. Bu, elə bir duyğudur ki, ömründə heç olmasa bircə dəfə qəzetdə yazısı dərc edilməyən adam onu yaşaya bilməz...
"Azərbaycan” qəzetindəki müntəzəm yazılarım bu həyəcanın əsrarəngiz dünyasından uzaq qalmamaq istəyimdir. Özümün özümə yaradıcı hesabatımdır. Qələmin hələ ovxardan düşmədiyini, yazıb-yaratmaq şövqümün zərrə qədər də olsun öləzimədiyini özümə sübutumdur...
Ona görə də illərdir "Azərbaycan” qəzetinin fəal müəllifi olaraq qalıram...
Hərçənd, hər dəfə bu statusumu vurğulayanda əziz dostum Bəxtiyar müəllim zarafatla mütləq zəruri redaktor düzəlişini edərək deyir ki, Hüseynbala müəllim, siz daha bu qəzetin fəal müəllifi deyilsiniz. Siz də artıq redaksiyamızın bir üzvüsünüz. Siz də bizim birimizsiniz. Fərqiniz bircə budur ki, redaksiyadakı səhər "letuçka”larına, aylıq planlaşdırmalara gəlmirsiniz və bir də yazılarınıza görə redaksiyadan qonorar istəmirsiniz...
Ölkənin ən nüfuzlu qəzetinin məni özünə belə yaxın bilməsi ürəyimdə böyük qürur hissi doğurur...
***
Bu qəzet mənim üçün bir tribunadır...
Oxucularıma ürək sözlərimi, müstəqil dövlətimizin nailiyyətləri, müasir inkişaf meyilləri ilə bağlı düşüncələrimi bölüşürəm bu qəzetdə...
Hansısa məsələlərlə bağlı öz vətəndaş mövqeyimi ortaya qoymağa çalışıram. Müxtəlif mövzularda ictimai müzakirələrə qoşuluram.
Orasını da deyim ki, bu qəzetdə işıq üzü görən yazılarım təkcə günümüzün nailiyyətlərinin tərənnümündən, inkişaf meyillərinin təbliğindən ibarət olmur. Bəzən cəmiyyətimizdəki hansısa xoşagəlməz cəhətləri, düşüncələrimi narahat edən məqamları tənqid də edirəm. Çalışıram ki, bu tənqidlərimdə qərəz, qeyri-obyektivlik olmasın. Tənqid xırda mövzuları deyil, cəmiyyətimizin bugünü və gələcəyi baxımından fundamental məsələləri əhatə etsin. Ən əsası isə, mövcud problemlərdən çıxış yolu üçün müəyyən bir yol da göstərə bilsin, ağlabatan təkliflər versin...
Və "Azərbaycan” qəzeti tərənnüm məzmunlu yazılarıma yer ayırdığı kimi, tənqidi fikirlərimə də böyük məmnuniyyətlə yer verir. Ayrı-ayrı mövzularda düşüncələrimin, qələmə aldığım mövqeyin daha geniş auditoriyaya çatmasına kömək göstərir.
Bu qəzetdə çıxan, demək olar ki, hər yazıma çoxsaylı reaksiyalar alıram. Müxtəlif insanlar telefon zəngləri ilə, rastlaşanda üzbəsurət söhbətlərlə yazılarıma fikir bildirirlər. İndiyə qədər "Azərbaycan” qəzetində dərc olunmuş yazılarıma görə ölkənin dövlət strukturlarının ən yüksək səviyyələrində təmsil olunan şəxslərdən tutmuş ucqar kəndlərdə yaşayan sıravi insanlarımıza qədər ən fərqli ünvanlardan zənglər qəbul etmişəm. Yazılarımla bağlı fikir və rəylərini çatdırıblar. Bəzən təbrik ediblər, bəzən hansısa məqamlarla bağlı təkliflərini veriblər, arzu və istəklərini dilə gətiriblər. Bu da qəlbimi fərəh hissi ilə doldurub ki, insanlarımız bu qəzeti oxuyurlar, bu sətirlərin müəllifini oxuyurlar.
Və belə bir imkanı müəllifə 100 yaşlı "Azərbaycan” qəzeti yaradıb...
***
100 yaş bir mətbuat orqanı üçün çox böyük tarixdir...
"Azərbaycan” qəzetinin bir əsrlik fəaliyyət dövrü isə təkcə bir qəzetin ömrü deyil. Bu, milli dövlətçilik salnaməmizin şərəf səhifəsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyəti tarixinin çox böyük bir parçasıdır.
Daha doğrusu, "Azərbaycan” qəzeti elə bu tarixin özüdür...
Əgər cümhuriyyət dövründə nəşr olunan mətbuat orqanlarının, ən əsası da dövlətin gördüyü bütün işləri, cümhuriyyət qurucularının fikir və rəylərini işıqlandıran "Azərbaycan” qəzetinin saralmış səhifələri olmasaydı, o günlərdən bugünümüzə nələr gəlib çıxardı ki?!
Azərbaycan Xalq Cümhuriyyəti xalqımıza çox dəyərli yadigarlar bəxş edib. Onlardan biri də məhz "Azərbaycan” qəzetidir.
Tarixə səyahətimizi azacıq davam etdirək. Qəzetin nəşri barədə yeni hökumətin müzakirə və qərarlarından sonra "Azərbaycan”ın ilk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncə şəhərindəki Yelizavetpol qubernatorunun mətbəəsində işıq üzü gördü.
Ona qədər də "Azərbaycan” adlı mətbuat orqanlarının nəşri təşəbbüsündə bulunanlar olmuşdu. Hələ 1891-ci ildə "Kəşkül” bağlandıqdan iki ay sonra Ünsizadə qardaşları - əvvəlcə Cəlal, sonra Kamal bu adda qəzetin nəşrinə icazə almaq məqsədilə Baş mətbuat idarəsinə müraciət edərək rədd cavabı almışdılar.
1906-cı ildə "Molla Nəsrəddin” jurnalının təsiri ilə Təbrizdə "Azərbaycan” adlı satirik jurnal fəaliyyətə başlamışdı. 1918-ci ildə isə Bakıda İran demokratlarının "Azərbaycan” adlı qəzeti nəşr edilirdi. Amma 100 illik tarixə çevrilmək məhz bugünkü "Azərbaycan”ın, müstəqil dövlətimizin rəsmi dövlət qəzetinin qismətinə yazıldı.
Qəzetin ilk nömrəsi A-3 formatda, dörd səhifə həcmində, iki dildə çıxmış, iki səhifəsində Azərbaycan, digər iki səhifəsində isə rus dillərində materiallara yer ayrılmışdı. Bu qəzet mətbuat dünyasına xalqın intizarında olduğu böyük qələbənin müjdəçisi kimi gəldi. Qəzetin ilk nömrəsi Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu və milli hərbi hissələrimizin Bakını bolşevik-daşnak işğalından azad edərək qalibiyyətlə şəhərə daxil olması barədə xəbərlərlə, təbrik teleqramları ilə açıldı.
***
Xəyalım müxtəlif ünvanlarda dolaşır:
Gəncə şəhəri, Bulatov küçəsindəki 26 nömrəli ev...
Kolyubakinski (indiki Nigar Rəfibəyli) küçəsindəki Adamovlara məxsus yaşayış binası...
Vorontsovski və Qubernski küçələrinin küncündə 4 nömrəli ev (indiki İslam Səfərli ilə Nizami küçələrinin kəsişməsində yerləşən, 1867-1895-ci illərdə milyonçu Montaşevin sifarişi ilə tikilmiş, İtaliya memarlıq üslubunu özündə yaşadan üçmərtəbəli yaşayış binası)...
İndi bu ünvanlarda kimlər yaşayır, hansı qurumlar fəaliyyət göstərir, fərqində deyiləm. Amma bu ünvanların hər biri "Azərbaycan” qəzetinin səhifələrində tarixiləşib. 1918-ci ildən 1920-ci ilə qədər qəzet bu ünvanlarda fəaliyyət göstərib. İndi isə Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə ünvanında yerləşən "Azərbaycan” nəşriyyatının əzəmətli binasının 2-ci və 4-cü mərtəbələrində öz şərəfli fəaliyyətini, öz şərəfli tarixini davam etdirir.
Bunlar qəzetin yerləşdiyi, əməkdaşların bütün çətinliklərə, maddi-texniki problemlərə, əziyyətlərə rəğmən vaxtında oxucuların görüşünə gəlmək üçün gecə-gündüz çalışdıqları fiziki ünvanlardır.
Yarandığı gündən bəri "Azərbaycan” qəzetinin bir mənəvi ünvanı da olub. Bu, milli düşüncədir, Azərbaycan məfkurəsidir...
Və fiziki ünvanların bir-birini əvəz etməsinə rəğmən, qəzet öz məsləkini heç zaman heç nəyə dəyişməyib...
***
"Azərbaycan” qəzeti 1875-ci ildə böyük Həsən bəy Zərdabinin "Əkinçi” qəzeti ilə əsasını qoyduğu milli mətbuat tariximizin yetişdiyi çox böyük hədəfdir...
Çünki Azərbaycan Xalq Cümhuriyyətinin özü XIX əsrin ikinci yarısından, xüsusən "Əkinçi”dən geniş vüsət almış maarifçilik hərəkatının, mətbu sözün vücuda gətirdiyi təsisat idi. "Azərbaycan” qəzetini də çox gənc yaşlarından publisist kimi fəaliyyət göstərən, cəmiyyətdəki yüksək nüfuza mətbu sözün qüdrəti hesabına yetişən cümhuriyyət qurucularımız yaratmışdılar.
Onlar mətbuatın mütərəqqi fikirləri ifadə etmək, milləti tərəqqiyə çatdıracaq yola səsləmək, düşmənlərinə iradələrini göstərmək üçün ən gərəkli vasitə, mötəbər tribuna olduğunu yaxşı bilirdilər. Odur ki, hökumətin siyasi kursunu xalqa izah edən mətbuat orqanı yaratmağı ilk gündən ən mühüm məsələlərdən biri kimi müəyyənləşdirmişdilər.
"Azərbaycan” qəzeti belə yarandı və bu qəzet ilk milli qəzetimizdən - "Əkinçi”dən başlayan, "Ziya” və "Ziyayi-Qafqaziyyə”dən, "Kəşkül”dən, "Şərqi-Rus”dan, "Molla Nəsrəddin”dən, "Həyat”dan, "İrşad”dan, "Füyuzat”dan, "Tərəqqi”dən, "Kaspi”dən, "İqbal”dan, "Açıq söz”dən, "Dirilik”dən, "Təkamül”dən... və daha neçə-neçə mətbuat orqanından keçib gələn yolun zirvəsi oldu...
Dövrün tanınmış ziyalılarını, ictimai-siyasi xadimlərini, millət fədailərini ətrafına topladı. Üzeyir bəy və Ceyhun bəy Hacıbəyli qardaşları, Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim, Əhməd Cavad, Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə, Cəfər Cabbarlı, Məhəmməd Hadi, Seyid Hüseyn, Ummugülsüm Sadıqzadə, Şəfiqə Əfəndizadə, Əliabbas Müznib, Məmməd Sadıx Axundzadə, Əli Yusif, Əli Şövqi, Yusif Vəzir Çəmənzəminli, Fərhad Ağazadə, Abdulla Şaiq, Abbas Səhhət, Adil xan Ziyadxanov, Məhəmməd ağa Şahtaxtlı, Hacı İbrahim Qasımov, Nağı bəy Şeyxzamanlı, Nəsib bəy Yusifbəyli, Hüseyn Bayqara, Əmin Abid, Behbud ağa Şahtaxtinski, Həmid bəy Şahtaxtinski və başqalarının məqalələri, şeirləri, elmi-publisistik yazıları bu qəzetin səhifələrində işıq üzü görürdü.
Milli mətbuat tariximizin heç bir dövründə elə bir qəzet, jurnal təsəvvür etmək mümkün deyil ki, eyni vaxtda bu qədər düşüncə adamının ortaq tribunası olsun...
Milləti aydın gələcəyə yönəldən bu qədər fikir sahibinin tribunasına çevrilsin...
"Azərbaycan” qəzeti həm də buna görə dəyərlidir.
***
"AZƏRBAYCAN” AZƏRBAYCANIN BAŞ QƏZETİDİR.
İlk növbədə ona görə ki, status etibarilə rəsmi dövlət qəzetidir. Azərbaycanda belə bir statusu daşıyan ikinci qəzet yoxdur.
Digər tərəfdən, "Azərbaycan” qəzeti toxunduğu taleyüklü məsələlər, təqdim edilən mövzuların işlənmə tərzi, mətnlərin peşəkarlığı, dil-üslub mükəmməlliyi və s. cəhətlərdən də baş qəzetdir...
Bilirik ki, jurnalistikanın da ədəbiyyat kimi, elm kimi öz qəlibləri, ülgüləri, normaları var. Bədii publisistika müxtəlif janrlara bölünür. Hərəsinin də öz peşəkarlıq sirləri. Belə incəliklərdən ancaq bu sahənin biliciləri baş çıxara bilər. Jurnalistika, publisistika bütün bunlarla gözəldir, rəngarəngdir, təsiredici və yaddaqalandır.
Əfsuslar olsun ki, indi əliqələmli qeyri-peşəkarların çoxluq təşkil etdiyi jurnalistika mühitimizdə belə məqamlara fikir verən azdır. Ona görə mətbuatımızın dadı-duzu qaçıb. Əksər mətbu mətnlər eyni qəlibdən çıxmış çiy kərpic kimi bir-birini təkrarlayır: bozdur, maraqsızdır, insan hislərini dilə gətirə bilmir. Bir xəbər saytını, qəzeti nəzərdən keçirdinsə, elə bil hamısını oxuyub başa vurmusan.
"Azərbaycan” qəzeti isə bunların heç birinə bənzəmir...
Universitetlərimizin jurnalistika fakültələrində təhsil alan tələbələr bu qəzeti rahatlıqla qarşılarına qoyub informativ janrlar, analitik janrlar, bədii-publisistik janrlar bir-birindən necə fərqlənir, - öyrənə bilərlər. Oçerk necə yazılmalıdır, zarisovka, esse necə işlənməlidir, yol qeydləri, məktub, felyeton, pamflet və s. necə qələmə alınmalıdır, - bu sənət sirlərinin hamısını "Azərbaycan” qəzetindəki rəngarəng mətnlərdən mənimsəmək olar.
Bütün bunlar Azərbaycan və ümumilikdə dünya jurnalistikasının yüzillərlə formalaşmış peşəkarlıq ənənələridir. "Azərbaycan” qəzeti bu ənənələri çox uğurla davam və inkişaf etdirən məktəbdir...
İndiyə qədər bu məktəbdə nə qədər peşəkar yetişib. Qələmini, yaradıcılığını burada püxtələşdirib. Necə deyərlər, sənətin içində bişib.
100 il əvvəl yaşayıb-yaratmış, xalqın istiqbalı yolunda ömrünü şam kimi əritmiş yazarları kimi, "Azərbaycan” qəzeti bu gün də öz yazılarında tarixlə müasirliyi tutuşdurur, xalqımızın milli dövlətçilik duyğularına xitab edir, ənənə və müasirlik işığında vətənimizin aydın gələcəyinə yol göstərir.
Bir əsr əvvəlin "Azərbaycan”ı kimi, o yenə bizə öz şanlı keçmişimizi, milli-mənəvi dəyərlərimizi xatırladır. Amma öyərək, "qəhrəmansan”, "səndən yoxdur” deyərək bizi arxayın da salmır. Milləti öz tarixindən öyrənməyə, qürurverici səhifələrindən dərs almağa, yanlışlarından və başına gətirilən müsibətlərdən nəticə çıxarmağa, sükunəti, ətaləti, xurafatı özünə yaxın buraxmayaraq sabahına doğru əmin addımlarla irəliləməyə səsləyir.
Həm də bütün bunları yazan, göstərən, diqqətə çatdıran təkcə qəzetin öz yaradıcı kollektivi deyil. Əlbəttə, onlar da öz yaradıcı vəzifələrini yüksək peşəkarlıqla, vicdanla, vətənpərvərliklə yerinə yetirirlər. Kollektivin yaradıcı əməyi ilə yanaşı, "Azərbaycan” qəzeti cəmiyyətdə yüksək nüfuza malik, deməyə sözü olan və dediyi söz geniş auditoriya tərəfindən qəbul edilən ziyalılarımızı da müəllif kimi əməkdaşlığa cəlb edir. Onların yazılarına geniş yer verir. Ziyalılarımız arasında hər hansı milli ideyalar, strateji hədəflər, mövcud problemlər və onların həlli yolları üzrə polemikaların alınmasına, ictimai müzakirələrin aparılmasına kömək göstərir. Beləliklə, cəmiyyətdə sağlam, keyfiyyətli düşüncə mühiti yaradır.
Bu mənada qəzet bir əsrlik missiyasına hər zaman sadiqdir.
***
"Azərbaycan” qəzeti ötən 100 ildə çox böyük inkişaf yolu keçib. Mühüm yaradıcılıq nailiyyətləri qazanıb. Bu inkişafın, nailiyyətlərin əhəmiyyətli bir hissəsi son 15 ilə, Bəxtiyar Sadıqovun bu qəzetə rəhbərliyi dövrünə aiddir. Bəxtiyar Sadıqov dəyərli deputat həmkarımdır, yaxın dostumdur, uzun illərdən bəri Azərbaycan oxucusunun qəlbini, düşüncələrini, diqqətini fəth etmiş imzadır. Həm sovet jurnalistikasının müsbət ənənələrini, həm müstəqil jurnalistika təcrübəsini öz peşəkarlığında bir araya gətirmiş gözəl publisistdir, çox mükəmməl, usta qələm sahibidir...
Və bütün bunlarla bahəm o həm də çox ciddi redaktordur...
Yazıdan anlayan, mətnin ruhunu duyan, səhifə-səhifə yazılar içindəki hər hansı haram sözü, qəlp kəlməni dərhal gözü alan qəzetçidir...
"Azərbaycan” qəzeti ilə müntəzəm əməkdaşlıq təcrübəmdə özüm buna dəfələrlə şahid olmuşam: hər hansı yazımla bağlı onun gün ərzində mənə bəlkə dörd-beş dəfə zəng etdiyi olub. Əlyazmalarımı oxuyaraq hansısa məqamlarla razılaşmayıb. Yaxud təkliflər verib ki, bəlkə bu hissəni belə yox, başqa cür verək, bəlkə bu hissəni çıxaraq, yaxud bəlkə yazıya belə bir əlavə edək?! Razılaşmışam, yazını bir də qəzetdə oxuyanda görmüşəm ki, Bəxtiyar müəllimin redaktəsindən sonra gözəl bir binanın hörgü daşları kimi, mətndəki sözlər, cümlələr, abzaslar, ən əsası isə fikirlər necə də səliqəli şəkildə öz yerinə bənd olub...
O, eyni ciddiyyəti qəzetdə gedən bütün yazılara münasibətdə qoruyur...
Zatən, "Azərbaycan” qəzetinin uğurlarının bir sirri də elə bu ciddiyyətindədir, ona peşəkar insanın rəhbərlik etməsindədir...
***
Oxucuların bu qəzetə inam və güvəni, ictimai rəydə qazandığı yüksək nüfuzla "Azərbaycan” qəzetinin fəaliyyəti, dövlətimizə xidmətləri hər zaman öz layiqli qiymətini alıb.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsini ölkə mediasının inkişafı sahəsində də davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətə uyğun olaraq digər kütləvi informasiya vasitələrimiz kimi, "Azərbaycan” qəzeti də dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub.
Ulu öndər Heydər Əliyevin "Azərbaycan” qəzetinin kollektivinə 1994-cü ilin 6 dekabr tarixində qəzetin 1000-ci nömrəsinin nəşri, həmçinin 1998-ci ilin 15 sentyabrında qəzetin 80 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubları bu mətbu orqanın 100 illik tarixinin parlaq səhifələridir.
Heydər Əliyevin redaksiyaya ilk məktubunda yazılır: "Əsası 1918-ci ildə qoyulmuş "Azərbaycan” qəzeti müstəqil dövlətçilik tariximizdə öz yeri olan nəşrlərdəndir. Vaxtilə Azərbaycan Demokratik Respublikasının rəsmi qəzeti kimi nəşr olunmuş "Azərbaycan” xalqımızın istiqlal mübarizəsində mühüm xidmətlər göstərmişdir.
Məlum tarixi səbəblər üzündən ADR kimi, "Azərbaycan” qəzetinin də ömrü uzun olmamışdır. Xalqımız əsrin əvvəllərində itirdiyi müstəqilliyini əsrin axırlarında bərpa etdiyi zaman "Azərbaycan” qəzeti də yenidən fəaliyyətə başladı və müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət qəzeti kimi ictimai həyatda layiqli yerini tutdu”.
Ulu öndərin məktubunda 1994-cü ilin məlum ictimai-siyasi reallıqlarına istinadən yazılır ki, müstəqilliyimizə düşmən kəsilmiş daxili və xarici qüvvələr öz çirkin məqsədlərinə nail olmaq üçün bu gün də azğın niyyətlərindən əl çəkmirlər: "Məlum oktyabr hadisələri onların mürtəce təbiətini bir daha aşkarladı. Amma Azərbaycan xalqı yekdilliklə ayağa qalxaraq öz qanuni Prezidentini, müstəqil dövlətçiliyini müdafiə etdi. Fərəhli haldır ki, həmin həlledici məqamda "Azərbaycan” qəzeti öz sayıqlığını bir an belə itirmədi”.
***
Heydər Əliyevin "Azərbaycan” qəzetinin 80 illiyi münasibətilə ifadə etdiyi aşağıdakı fikirlər də bu qəzetin milli mətbuat tariximizdəki yeri və roluna dəyərli qiymətdir: "1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış "Azərbaycan” qəzeti yarandığı gündən milli-azadlıq mübarizəsinin ön sırasında addımlamış, xalqımızın çoxillik arzu və istəklərinin ifadəçisinə çevrilmiş, onun mənəvi dəyərlərinin, ictimai-siyasi ideallarının formalaşması işinə önəmli töhfə vermişdir. 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini bərpa etmiş, azadlıq və suverenlik ideyalarının həyata keçirilməsində fəal surətdə iştirak etmişdir. Ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan” qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır.
Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və azad, demokratik cəmiyyət qurulması işində ölkəmizin digər mətbuat orqanları kimi, "Azərbaycan” qəzetinin də üzərinə böyük vəzifələr düşür. İnanıram ki, fəaliyyət göstərdiyi bütün dövrlərdə öz yüksək amallarına dönməz sədaqət göstərmiş "Azərbaycan” qəzetinin kollektivi bundan sonra da respublikamızda baş verən həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, dünyaya yayılmasında yüksək professionallıq, obyektivlik, prinsipiallıq, əsl dövlətçilik və vətəndaş mövqeyi nümayiş etdirərək xalqımızın mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirə biləcəkdir”.
Ulu öndərin məktubunda ölkəmizin adını daşıyan bu qəzet demokratik, milli dövlətçiliyimizin yaşıdı kimi təqdim olunur.
Böyük öndərin "Azərbaycan” qəzetini yaşayan ənənələri və müasir inkişaf səviyyəsi ilə birlikdə dəyərləndirməsi bütövlükdə ölkəmizdə baş verən ictimai-siyasi proseslərdə, tarixin çətin sınaq məqamlarında, irəliyə doğru inkişafda dövlət mətbuatının vəzifələrini, rolunu və əhəmiyyətini müəyyən edən mühüm tarixi əhəmiyyətə malik olan konsepsiyadır...
Və bunların hər biri böyük bir tarixdir, 100 illik ömrün hekayətləridir...
***
Zaman bu qəzetin səhifələrində əbədiləşir...
Anlar burada tarixə çevrilir...
Dəyərlər burada gələcək nəsillər üçün qorunur...
İndi onlayn medianın inkişafı dövründə qəzetlərin gələcəyi ilə bağlı tez-tez müəyyən tərəddüdlər eşidirik. Əlbəttə, onlayn medianın da, qəzetin də öz yeri var. Mənə görə müasir insan onlayn medianın aramsız sürətindən usanandan sonra bütün dünyada qəzet bir retro effekti ilə geri dönəcək. Üstəlik, onlayn media belədir ki, nə qədər etibarlı şəkildə qoruyursan qoru, yenə də hansısa texniki səbəblərdən onillərin arxivi bir an içində qeybə çəkilə bilər. Qəzetin saralmış səhifələrində isə dövrün ruhu, vaxtın özü haqqında monoloqu əbədi yaşayır.
Onun yaddaşını heç nə, heç kim məhv edə bilməyib...
Təsəvvür edin, bolşevik rejimi cümhuriyyət qurucularına qarşı ən amansız addımlar atıb. Cümhuriyyət tarixini unutdurmaqdan ötrü aramsız repressiyalar həyata keçirib. Amma o dövrdə çıxmış "Azərbaycan” qəzetinin əksər nüsxələri arxivlərdə qalır. Şərqin ilk demokratik respublikasının işığını, ruhunu, hərarətini günümüzə yetirir...
Bir dəfə, milli mətbuatımızın canlı əfsanələrindən biri, cümhuriyyət dövrünün fədakar tədqiqatçılarından olan professor Şirməmməd Hüseynovun belə bir söhbətinə şahid oldum. O dedi ki, Azərbaycan Xalq Cümhuriyyəti tarixini araşdırmaq üçün ən ciddi, mükəmməl, etibarlı qaynaq məhz o dövrdə çıxmış "Azərbaycan” qəzetidir...
Düşünürəm ki, əsrlər sonra Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisinin - müstəqil Azərbaycan dövlətinin bugünkü günlərini, çətin sınaqlar qarşısında qazanılan misilsiz nailiyyətlərini, arzu və amallarını öyrənmək üçün ən ciddi, mükəmməl, etibarlı qaynaq yenə də "Azərbaycan” qəzeti olacaq...
Belə bir dəyərdə imzanın, imzamın görünməsindən də böyük qürur olarmı?!
Təbriklər, hamımızın sevgi dolu evi, hamımızın mənəvi ocağı, hamımızın qəzeti...
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, yazıçı-publisist
"AZƏRBAYCAN" QƏZETİ, 12.09.2018