Hüseynbala Mirələmov: “Səhvlərini etiraf edib əfv diləmək heç vaxt gec deyil”

“Təsdiqini tapmış faktdır ki, söyüş və həqarət aciz, mənən zəif  və ruhən əzik insanların işidir. Öz mənəvi gücünə və potensialına arxayın olanlar kimisə söyməyə, təhqir etməyə qətiyyən ehtiyac duymurlar. Xaricdə məskunlaşıb ara-sıra  antiazərbaycan qüvvələrdən aldıqları qrantların “havasına oynayan” orduxanlar  son günlərdə yenidən ortalığa düşərək  özlərini bir daha Azərbaycan xalqının gözündən saldıqlarının fərqindədirlərmi əcəba?”.


Modern.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov söyləyib.


Deputat Orduxan kimilərin “müxalifətçiliyi”ni təkcə hakimiyyətə qarşı deyil,  birbaşa dövlətçiliyə, Vətənə və xalqa yönəlmiş söyüş və həqarət ritorikası üzərində bərqərar olan “dəyərsizliklər” səfsəfəsi kimi səciyyələndirib: 

“Azərbaycan Prezidenti də eynilə bayraq, himn, gerb kimi dövlətçilik atributlarından biridir. Deməli, Prezidentə, onun aləsinə qarşı yönələn  hər hansı formada uyğunsuz kəlmə də birbaşa dövlətçiliyimizə sayğısızlıqdır.

Xalqın hafizəsi daş yaddaşı kimidir və minlərlə şəhid övladı  bahasına qurduğu bu dövlətə və dövlətçiliyə  qarşı yönələn heç bir sayğısızlığı unutmaz və bağışlamaz. Azərbaycanın siyasi, iqtisadi, hərbi və mədəni uğurlarını görməməzlikdən gəlib yalanları və həqarətləri ilə öz əqidəsini alver predmetinə çevirənlər ən azından tarixin yaddaşından və xalqın  qəzəbindən çəkinməlidir!

Orduxan kimilər elementar insanlıq tərbiyəsindən uzaq addımları ilə  xalqın nifrətini qazanırlar. Bunlar hələ ki, havasına oynadıqları “xəyanət melodiyasının” təsiri altında dünyada ən böyük itkilərdən  birinin xalqın gözündən düşmək olduğunu dərk etmirlər. Bu böyük millətin yazıçısı kimi özümə borc bilirəm ki, həmin mühacirlərə xatırladım:  Nə qədər gec deyil,  mənsub olduğunuz xalqın mental dəyərlərinə, minillərdən bəri formalaşmış ənənələrinə və yazılmamış kişilik, mərdlik  qanunlarına göz yummayın. Xalqın  həmin ali mental dəyərlər sistemində kişi kişinin şəxsiyyətinə və ailəsinə söyüş və təhqirlə xitab etmir, həssas nöqtələrini hədəfə almır. Kişi ya kişi kimi mübarizə aparmaq yolunu seçər, ya da gücü, potensialı yoxdursa, məğlub olduğunu mərd-mərdanə etiraf edib meydanı tərk edər. Orduxan kimilərin onsuz da Azərbaycanın siyasət meydanında yeri yoxdur, onlar siyasət səhnəsindən çoxdan silinib gediblər. Elə isə söyərkən necə göründüklərini  bilmək üçün vicdan güzgülərində özlərinə baxmağı unutmasınlar. Haqsızların digərinə yönələn həqarəti əslində öz əzik daxili aləmlərinə olan söyüşüdür...”.


Hüseynbala Mirələmov həmin mühacirlərin bir gün mütləq məhz  “arxa” bildikləri ünvanlardan zərbələr alacaqlarını bildirib: 

“Tarixdə satqınlıqla bağlı çoxlu faktlar var. İstifadə müddəti bitən hər şeyi bir gün kənara atırlar... Nə qədər ki, çox gec deyil, onların bunu unutmamasında fayda var.

Digər tərəfdən  bir məsələni də xatırlatmaq istərdim ki, bir gün hansısa şəkildə  hər kəs doğulduğu torpağa qayıdır. İnsan ruhu elə əsrarəngiz varlıqdır ki, mütləq son günlərində də olsa, genetik şəkildə  aid olduğu torpağa dönməyi düşünür. Hətta dönüklərin ruhu da... Elə isə Orduxan kimilər bu  Vətənin dövlət və dövlətçilik üçün durmadan çalışan qeyrətli övladları haqqında işlətdiyi hər kəlməni  ölçüb-biçərək elə yaşamalıdırlar ki, bir gün bu müqəddəs torpaq bağrında onlara beş qarış yer verib  heç olmasa, nəşlərini qəbul etsin. Bu gün nə istədiklərini bilmədən xarici ölkələrdə veyillənib öz mövcudiyyətlərinə dəyər verməyənlər barı, nə zamansa doğma torpağa tapşırılacaq bir qarış məzarını axtaran ruhlarına dəyər versinlər, onun perik düşməsinə səbəb olmasınlar.

Səhvlərini və yanlışlarını etiraf edərək doğru yola gəlib əfv diləmək  heç vaxt gec deyil. Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi hörmətli Əli Əhmədovun bu günlərdə səsləndirdiyi “Xaricdə yaşayan bəzi mühacir azərbaycanlıların etiraflarını, onların dövlətimizlə əməkdaşlıq etmək istəyini yüksək qiymətləndiririk. Biz istəyərdik ki, Azərbaycanın siyasi həyatında iştirak edən insanların hər biri ölkəmizin maraqlarına xidmət etsin və bu maraqları daim  uca tutsunlar, dövlətimizin maraqlarına uyğun fəaliyyət göstərsinlər”  kimi qiymətli  fikirləri də demokratik və bəşəri dəyərlərləri  həmişə yüksəkdə tutan Azərbaycan hakimiyyətinin siyasi  tövbə qapılarının doğru yola gələn hər kəsin üzünə açıq olduğunun sübutudur. 

Müstəqil və suveren Azərbaycanın milli  dövlətçilik maraqları hər şeyin fövqündədir. Bu maraqları qorumaq isə harada yaşamasından, hansı dinə, əqidəyə və dəyərlər sisteminə  mənsub olmasından asılı olmayaraq hər bir azərbaycanlının mənəvi borcudur. Bu borcu unudanlar isə gec-tez tarixin zibilliyində itib-batacaqlar...”

https://modern.az/az/news/201313?fbclid=IwAR11vf2kFlYISUUov0dEg9rYdmKbZp1mdkGHvhqXiQZjgobvMs8tzCOEgv8