Heydər Əliyev Partiyasında İlham Əliyev missiyası uğurla davam edir

 

«Yeni Azərbaycan Partiyasının həm siyasi xətti, həm əməli fəaliyyəti Azərbaycanda mövcud olan demokratik, hüquqi, dünyəvi dövlətin siyasi xətti və əməli fəaliyyəti ilə eynidir\»

Heydər ƏLİYEV

 

«Yeni Azərbaycan Partiyası güclü təşkilatdır, Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Hətta digər bütün siyasi qüvvələr birləşsələr, yenə də bizim işimizə, siyasətimizə bunun heç bir təsiri olmayacaqdır. Hamı görməlidir ki, Heydər Əliyev cismən bizimlə olmasa da, onun ideyaları yaşayır, partiyaya olan münasibəti davam edir. Partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Mən sizi əmin etmək istəyirəm ki, bütün məsələlərdə, o cümlədən partiya quruculuğu istiqamətində də Heydər Əliyev siyasətinə sadiq qalacağam. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin, qüdrətli dövlətə çevriləcəkdir!»

İlham ƏLİYEV

 

Yeni Azərbaycan Partiyasının I Qurultayından 11 il ötür. 1992-ci il təsis konfransından sonra keçirilən ilk ümumpartiya toplantısı olması baxımından YAP-ın tarixində əlahiddə məqam kimi nəzərdən keçirilən bu qurultay ölkə həyatının mühüm siyasi hadisəsi kimi tarixə düşdü. Çünki I Qurultay Heydər Əliyev Partiyasının böyük ictimai dəyər kəsb edən milli və ümumbəşəri ideyalarla silahlandığını, qarşıya qoyduğu vəzifələrin öhdəsindən əzmlə gəldiyini təsbit etdi.

 

Tarixi zərurətdən yaranan siyasi flaqman

 

Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən irəli gəlirdi. Başqa sözlə, 1992-ci ildə YAP-ın siyasi meydana çıxması və ümummilli lider Heydər Əliyevin bu təşkilata sədr seçilməsi respublikamızdakı gərgin siyasi-ictimai situasiyanın yaratdığı tələbatdan qaynaqlanan mühüm tarixi hadisə idi. Bu gün arxaya dönüb o illərə nəzər salanda fərəhlənirsən ki, bu yola qədəm qoyan insanlar o zamankı hakimiyyət dairələrinin YAP-ın yaranmasına göstərdikləri maneçiliklər, təzyiqlər qarşısında əyilmədilər. Heç bir hədə-qorxu onların və iradəsini qıra bilmədi. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan YAP Azərbaycanın siyasi həyatına yeni nəfəs verdi.

YAP-ın yaradılması xəbəri Azərbaycanın siyasi həyatında ildırım kimi çaxdı. Demək olar, bütün ölkə bu hadisədən danışırdı. Heydər Əliyevin qədrini yaxşı bilən, onu düzgün qiymətləndirməyi bacaran sadə vətəndaşlar kütləvi şəkildə YAP-ın sıralarına qoşulur, rayonlarda könüllü şəkildə təşkilatlanırdılar. Təsis konfransından bir neçə ay sonra YAP-ın sıralarında artıq minlərlə üzv var idi və təşkilat artıq ölkədə \»ana müxalifət partiyası\» statusu almışdı. YAP müxalifət partiyası kimi yaransa da, indiki radikal müxalifət partiyalarından fərqli olaraq, Azərbaycanın dövlətçiliyinə, milli maraqlarına müxalifətdə deyildi. YAP o vaxt hakimiyyətə tank belində gələn, ölkəni anarxiya, xaos girdabına salan, Ermənistanla müharibədə hərbi üstünlüyü əldən verən, yeni qazanılmış müstəqilliyi itirilmək təhlükəsi qarşısında qoyan qüvvələrə qarşı müxalifətdə idi. Çünki bütün Azərbaycan xalqı həmin qüvvələrə müxalifətdə idi.

1992-1993-cü illlərin məlum hadisələri, ölkəni bürüyən siyasi böhran xalqı Heydər Əliyevi Bakıya — ölkənin taleyini həll etmək üçün çağırmağa vadar etdi. Beləliklə də tarixi proseslər Heydər Əliyevə ölkə rəhbəri, YAP-a isə hakim partiya statusu həvalə etdi. Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqil dövlətçiliyin əsaslarının formalaşması prosesi başlandı. Heydər Əliyevin uğurlu siyasi xətti YAP-ı da ölkənin siyasi səhnəsinin ön cərgəsinə çıxardı. Azərbaycan xalqı YAP-ı həm də Heydər Əliyev partiyası kimi qəbul etdi. Çünki bu təşkilat ümummilli liderin siyasi və ideoloji irsinin, dövlətçilik təcrübəsinin və quruculuq fəaliyyətinin harmoniyasını özündə əks etdirirdi.

1993-cü ildən hakim partiyaya çevrilən YAP bu statusu qazandığı ilk gündən proqramında qarşıya qoyduğu vəzifələrin icrasına, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə, Azərbaycanı düçar olduğu təhlükə və böhranlardan qurtarmaq üçün özünün məqsədyönlü fəaliyyətinə başladı. Güclü lideri, mükəmməl proqramı, təkmil siyasi platforması, qətiyyətli mövqeyi sayəsində, digər tərəfdən azərbaycançılıq və dövlətçilik mövqeyində durduğu üçün öz sıralarında yüz minlərlə üzvü birləşdirərək əsl ümumxalq partiyasına çevrildi. Öz məramında və praktik fəaliyyətində demokratik prinsiplərə, ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlərin vəhdətinə, hüquqi dövlət, vətəndaş cəmiyyəti, sərbəst iqtisadiyyat yaradılmasına üstünlük verdi, güclü sosial müdafiə proqramı ilə fəaliyyət göstərməyə başladı.

 

I Qurultay – YAP-ın fəaliyyətində yeni mərhələnin əsasını qoyan siyasi hadisə

 

YAP-ın tarixində əlamətdar günlər çoxdur. Heydər Əliyevin və partiyamızın adı ilə bağlı olan hər bir gün, tarix bizim üçün doğmadır. İstər Milli Qurtuluş Günü, istər YAP-ın yarandığı gün hər zaman bütün xalqımız, YAP üzvləri və təəssübkeşləri tərəfindən ehtiramla qeyd olunur. Bu gün isə YAP-ın I Qurultayının keçirilməsinin 11-ci ili tamam olur.

I Qurultayda partiyanın hakimiyyətdə olduğu 1993-1999-cu illərdə dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, milli maraq və mənafelərin qorunması, ölkənin hərtərəfli inkişafı naminə gördüyü böyük işlər müsbət dəyərləndirildi, qarşıda duran prioritet vəzifələr müəyyən edilmişdir. Qurultayın ulu öndər Heydər Əliyevin dərin məzmunlu, proqram xarakterli çıxışını dinləyərək qəbul etdiyi qətnaməsində xüsusi vurğulanırdı ki, 1992-ci ildə tarixi zərurətdən yaranan YAP ötən yeddi il ərzində özünün nizamnamə və proqram müddəalarına, bəyan etdiyi prinsip və amallara tam sadiqlik nümayiş etdirərək Azərbaycan dövləti və xalqı qarşısında şərəflə xidmət etmiş, uğurlu fəaliyyət göstərmiş, dövrün, zamanın çətinliklərindən təşkilati və ideoloyi cəhətdən mətinləşmiş şəkildə çıxmışdır. Qətnamə təlatümlü 1988-1993-cü illərə, YAP-ın yaranmasına və Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsinə verilən qiymət baxımından da diqqəti cəlb edir. «Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra Partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən bütün işlər Azərbaycanın milli maraqlarına tam cavab verən, onun dövlət müstəqilliyini, milli təhlükəsizliyini təmin edən, əhalinin sabit, dinc və firavan həyatına, ölkənin tərəqqisinə xidmət edən işlər olmuşdur. Qurultay həm bütün görülən işləri, həm də hakimiyyət orqanlarının, partiyanın bu işlərin həyata keçirilməsindəki rolunu yüksək qiymətləndirir» -deyə qətnamədə qeyd olunub.

YAP I Qurultayının işində Azərbaycanın bütün inzibati rayonlarını əhatə edən partiya təşkilatlarından seçilmiş 2228 nümayəndə, xarici ölkələrdən 30-dan artıq qonaq iştirak edirdi. Ulu öndər Heydər Əliyev Qurultayda yenidən partiyanın sədri seçildi. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi də geniş şəkildə müzakirə olunaraq müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olundu. Qurultayda YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edildi, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirildi.

YAP I Qurutlayının qəbul etdiyi və partiyanın bütövlükdə fəaliyyətinə təsir göstərən tarixi qərarlarından biri ARDNŞ-nin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti vəzifələrini tutan cənab İlham Əliyev YAP sədrinin müavini vəzifəsinə seçilməsi idi. Bu tarixi seçim partiyanın gəncləşməsində, cəmiyyətdəki mövqelərinin və nüfuzunun yüksəlməsində, sıralarının genişlənməsində vacib rol oynadı. Həmin qurultayda tarixi çıxış edən cənab İlham Əliyev fikirləri bu gün üçün də öz aktuallığını saxlayır: «Heç kəsə sirr deyil ki, YAP Heydər Əliyevin sayəsində yaranmış, onun şəxsiyyəti ətrafında birləşmişdir. Məhz bu amil YAP-ın təşəkkül tapmasında və inkişafında, ölkənin aparıcı siyasi qüvvəsinə çevrilməsində həlledici rol oynamışdır. YAP-ın gücü nədədir? Mən bu suala qısaca olaraq belə cavab verərdim: YAP-ın gücü, ilk növbədə, onun əvəzsiz lideri Heydər Əliyevdədir. YAP-ın gücü bundadır ki, partiyanın yeritdiyi siyasət xalqın maraqlarına uyğundur. YAP-ın gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. YAP-ın gücü ondadır ki, Prezidentin və YAP liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir».

I Qurultaydan sonra ölkədə yeni bir siyasi mərhələ başladı və cəmi bir il sonra — 2000-ci ilin noyabrında keçirilən parlament seçkilərində YAP qələbə qazanaraq seçicilərin 125 derutat yerindən 75-ni tutdu. Həmin seçkidə cənab İlham Əliyevin başçılıq etdiyi proporsional siyahı ilə də YAP böyük uğur qazandı, çoxmandatlı seçki dairələri üzrə deputat yerlərinin üçdə ikisini qazandı. Bütün bunlar YAP-ın  cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırdı, həmçinin bir il əvvəl keçirilmiş I Qurultayın qərarlarının praqmatik siyasi düşüncənin nəticəsi olduğunu söyləməyə əsas verdi.

YAP sıralarında cəmiyyətin bütün zümrələrini — gəncləri, qadınları, elm, mədəniyyət, ədəbiyyat xadimlərini, texnokratları birləşdirir. Əhəmiyyətli məqamlardan biri də odur ki, YAP nailiyyətlərinin davamlılığını təmin etmək məqsədilə vaxtilə gənclər arasında apardığı siyasi maarifçilik işinin uğurlu nəticəsini artıq görməkdədir.  Hələ I Qurultaydan 4 il əvvəl – yəni 1995-ci ildə YAP-ın namizədi kimi parlament seçkilərində qələbə qazanmış cənab İlham Əliyev təşkilatın gəncləşməsində, fəaliyyətinin daha effektiv qurulmasında müstəsna xidmətlər göstərmişdi. YAP-ın I qurultayında təşkilatın çoxminli üzvlərinin istəyinə uyğun olaraq, cənab İlham Əliyev partiya sədrinin müavini seçilməsindən sonra isə gənclərin YAP-a axını cənab daha geniş vüsət aldı. Hazırda YAP-ın 523 mindən artıq üzvlərinin böyük əksəriyyətini məhz gənclər təşkil edir.

YAP-ın I qurultayı 1999-cu ilin dekabrında bütün ölkədəki ictimai-siyasi hadisələrin fonunda ən aktual və vacib bir mövzu kimi müzakirə olunurdu. Bu, təkcə onunla bağlı deyildi ki, YAP hakim siyasi təşkilat olduğundan onun ilk qurultayı kütləvi maraq doğura biləcək bir hadisə təsiri bağışlayırdı. Həm də onunla bağlıydı ki, Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin yaşamasında müstəsna xidmətləri olmuş bir siyasi qüvvə artıq yeni dövr üçün özünün ideoloji doktrinasını məhz bu qurultayda elan etdi. Bu, bütövlükdə ölkənin ictimai-siyasi həyatında böyük hadisə idi.

I Qurultaydan sonra hakim partiyanın cəmiyyətdəki mövqeləri daha da gücləndi, II Qurultaya qədər üzvlərinin sayı 70 min arataraq 230 minə çatdı. İqtidar partiyası kimi qarşıya qoyduğu bir sıra mütərəqqi islahatları uğurla həyata keçirərək Azərbaycanda sosial-iqtisadi inkişaf meyillərinin sürətlənməsinə, xalqın maraqlarına cavab verən tarazlı xarici siyasət yeritməyə, respublikanın beynəlxalq mövqelərinin və nüfuzunun yüksəlməsinə nail oldu.

Yeni Azərbaycan Partiyasının 2001-ci ilin noyabr ayının 21-də keçirilən II qurultayı da təşkilatın həyatında taleyüklü qərarlar qəbul etməsi ilə yadda qaldı. Qurultayda partiyanın nizamnaməsinə dəyişikliklər edildi, yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçildi. Cənab İlham Əliyevin partiya sədrinin birinci müavini seçilməsi də ilk qurultayın qəbul etdiyi qərarların uğurlu nəticəsinin bariz göstəricisi idi.

 

Ən düzgün seçim

 

Ümummilli liderimiz Heydər Əliyev 2003-cü ilin oktyabr ayının 1-də Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevlə bərabər, həm də YAP-a yüksək önəm verdiyini qeyd etmiş, xalqa ən düzgün seçim ünvanı kimi məhz İlham Əliyevi və YAP-ı göstərmişdi: «Üzümü sizə — həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir».

2003-cü ildə keçirilən prezident seçkilərində Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi İlham Əliyevin ölkə başçısı seçilməsi xalqın YAP-a etimadının növbəti dəfə əyani təcəssümü idi. Azərbaycan xalqı Heydər Əliyev missiyasını layiqincə davam etdirən cənab İlham Əliyevi Prezident seçməklə ulu öndərin ideyalarına səs verdi. Bu seçki Heydər Əliyev siyasi kursunun alternativsizliyini bir daha ortaya qoydu. Prezident İlham Əliyev YAP-ın III qurultayındakı çıxışında bu barədə belə demişdir: \»Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir. Mən çox şadam ki, Azərbaycan xalqı 2003-cü ildə öz seçimini düzgün etdi. Heydər Əliyevin siyasətinə öz səsini verdi və beləliklə, bu gün də biz hamımız, Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin siyasətinə sadiq qalaraq onu davam etdiririk və çox uğurla davam etdiririk\».

Elə bu qurultayda partiya üzvlərinin Heydər Əliyev ideyalarına dərin sədaqətinin, onun siyasi kursunun ən layiqli davamçısına böyük inamın ifadəsi olaraq Prezident İlham Əliyev YAP-ın sədri seçildi. YAP sıralarında birləşən yüz minlərlə insanın ürəyindən xəbər verən bu seçim ölkədəki siyasi mühitə də yüksək ab-hava gətirdi. Xüsusilə qeyd edilməlidir ki, Heydər Əliyevin siyasəti əmanəti olan partiyaya sədr seçkisinə ulu öndərimizin ən layiqli davamçısı, şərəfli irsin daşıyıcısı cənab İlham Əliyev alternativsiz getdi.  Bu onu deməyə tam əsas verirdi ki, YAP-ın yüz minlərlə üzvü və sayı milyonu keçən təəssübkeşləri, yeni sədrini yekdilliklə dəstəkləyir və onun ətrafında sıx birləşərək, Yeni Azərbaycan quruculuğunda fəal iştirak edəcək. Özünü tam doğruldan bu inam YAP-ın daha böyük nailiyyətlər əldə etməsinə əsas zəmin oldu.

Cənab İlham Əliyev 2003-cü ildən sonra Prezident kimi fəaliyyəti dövründə sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə heç də yanılmamışdır. Prezident İlham Əliyevin ilk günlərdən çoxşaxəli, vətənpərvər, praqmatik fəaliyyətinə nəzərən, Azərbaycan cəmiyyətində onun ulu öndərin təməlini qoyduğu səmərəli islahatlar kursunu davam etdirməyə və yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə qadir alternativsiz lider olduğu qənaəti qətiləşdi.

Azərbaycanın ictimai-siyasi həyatına mühüm hadisə kimi daxil olan YAP IV Qurultayı da böyük ruh yüksəkliyi və inamla keçirildi. Bu Qurultayda bütün iştirakçılar 2008-ci ildə  keçirilmiş prezident seçkilərində Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsinə yekdilliklə səs vermişdilər. Bu qərar tək YAP-ın deyil, bütün Azərbaycan cəmiyyətinin ümumi istək və arzularını ifadə edirdi. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti prezidentliyə namizəd olaraq dövlət başçısı İlham Əliyevin irəli sürülməsini nəinki istəyir, hətta mən deyərdim ki, tələb edirdi.

Təbii ki, IV Qurultayın əsas diqqəti cəlb edən məsələsi Prezident İlham Əliyevin geniş, dərin məzmunlu, proqram xarakterli nitqi idi. Partiyamızın Sədrinin nitqi bir neçə istiqamətdə məsələləri özündə əks etdirirdi. Birincisi, YAP-ın Azərbaycan cəmiyyətində yeri və rolu, partiyanın keçdiyi yol, cəmiyyətimizdə tutduğu mövqe, YAP–ın bu gün inkişaf edərək ulu öndər Heydər Əliyev ideyalarının daha yüksək səviyyəyə çatdırılması bu çıxışda öz əksini tapırdı. Prezidentimiz çıxışında Azərbaycanın bu gün dövlət olaraq söykəndiyi ideoloji prinsiplərin üzərində dayandı və göstərdi ki, azərbaycançılıq, dövlətçilik, müstəqillik Azərbaycan xalqının istək və arzularını ifadə edən ideoloji dəyərlərdir.

2008-ci ilin oktyabrında Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də Yeni Azərbaycan Partiyasının zəfəri, nailiyyəti idi. 2008-ci il oktyabrın 24-də keçirilmiş andiçmə mərasimində Azərbaycan Prezidenti İlham Əliyev seçkilərdə ona göstərdiyi etimada, habelə seçki kampaniyasında fəal iştiraka görə YAP üzvlərinə minnətdarlığını ifadə edərək demişdir: «İlk növbədə, mənə yenidən böyük etimad göstərmiş, məni Prezident vəzifəsinə seçmiş bütün Azərbaycan xalqına öz dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqını yenidən əmin edirəm ki, mən bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı üçün öz səylərimi əsirgəməyəcəyəm. Eyni zamanda, mənim namizədliyimi irəli sürmüş Yeni Azərbaycan Partiyasına öz təşəkkürümü bildirirəm, seçki kampaniyasında yaxından iştirak etdiklərinə görə partiyanın fəallarına minnətdaram».

 

Hakimiyyətin siyasi istinadgahı

 

Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı, onun ölməz ideyalarından güc alan YAP-ın 2010-cu il noyabrında 7 keçirilmiş dördüncü çağırış Milli Məclisə seçkilərdə də əvvəlki parlament seçkilərində olduğu kimi mütləq qələbə qazanaraq cəmiyyətdəki lider statusunu qoruyub saxlaması təbii qanunauyğunluq kimi nəzərdən keçirilməlidir. Azərbaycan vətəndaşlarının 7 noyabr günü müəyyənləşdirdiyi düzgün seçim konkret partiyaya, bu partiyanı təmsil edən deputatlığa namizədlərə etimaddan daha çox xalq müdrikliyinin ifadəsi kimi diqqəti çəkir. Bu seçim Azərbaycan xalqının Heydər Əliyev ideallarına sədaqətinin, böyük öndərin müəyyən etdiyi strateji inkişaf kursunu bu gün əzmlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlarına ümumxalq inamının təntənəsi oldu. 7 noyabr günü müdrik xalqımız bu siyasətin həyatımıza gətirdiyi nailiyyətlərə, dövlətçilik əsasları bu uğurlarla möhkəmlənən, xoşbəxt sabahına doğru inamla irəliləyən Azərbaycana səs verdi. YAP-ın parlament seçkilərində qələbəsi onun ümummilli siyasi təşkilat olduğunu bir daha təsdiqlədi.

Ümumiyyətlə, YAP yaranandan keçirilən bütün seçkilərdə qələbə qazanmış və hakim partiya statusunu saxlamışdır. Daha konkret ifaə etsək ötən 17 ildə ölkəmizdə keçirilən 4 prezident, 4 parlament, 3 bələdiyyə seçkilərinin qalibi YAP-ın namizədləri olmuşlar. Ona görə də özündə 523 mindən artıq insanı birləşdirən YAP ölkəmizin əsas aparıcı siyasi qüvvəsidir. Bu gün həm təşkilati göstəricilərə, həm də ictimai nüfuzuna görə bu gün respublikada YAP-a alternativ olacaq qüvvə yoxdur.

Prezident İlham Əliyev ölkəmizin əldə etdiyi böyük uğurların müəllifinin mövcud iqtidar, eyni zamanda hakimiyyətin siyasi istinadgahı olan YAP olduğunu bildirib. Hakim partiyanın cəmiyyətdə böyük nüfuz sahibi olduğunu və onun üzərində şərəfli missiya dayandığını söyləyən Prezidentin bu fikirləri YAP-ın fəaliyyətinə verilən real qiymət və təşkilatın malik olduğu potensialın dəqiqliklə qiymətləndirilməsidir«Partiyamız bu illər ərzində güclənibdir. Yeni Azərbaycan Partiyası güclü təşkilatdır, Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Hətta digər bütün siyasi qüvvələr birləşsələr, yenə də bizim işimizə, siyasətimizə bunun heç bir təsiri olmayacaqdır».Heydər Əliyevin sınaqlardan uğurla çıxmış və ölkəmizə rifah, inkişaf bəxş etmiş siyasi kursunu bu gün böyük nailiyyətlərlə davam etdirən Prezident İlham Əliyevin bu  fikri YAP-ın növbəti zəfərlərinə təminat yaradır.

 

Dayaqlarımız möhkəmdir

 

YAP-ın Azərbaycan cəmiyyətində dayaqları ilk gündən çox möhkəmdir. Elə bir bölgə, rayon yoxdur ki, orada YAP yerli təşkilatları fəaliyyət göstərməsin. Onların demək olar ki, hamısının təsis konfransı YAP-ın yaradılmasından bir qədər sonra, partiyamız hələ müxalifətdə ikən keçirilib.

1993-cü ildə yaradılan YAP-ın Xətai rayon təşkilatı da ötən 17 ildə böyük inkişaf yolu keçmiş, öz sıralarını daim genişləndirmiş, partiyamızın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirmişdir. Hazırda Xətai rayon təşkilatı partiyanın proqram vəzifələrinin həyata keçirilməsində, ölkəmizin sosial–iqtisadi inkişafında fəal iştirak edir.

Onu da qeyd etmək istərdim ki, YAP Xətai rayon təşkilatı özünün VIII konfransından ötən müddətdə fəaliyyətini daha da canlandırıb, partiya üzvlərinin sayı xeyli artıb. 2008-ci ilin prezident seçkisində, 2009-cu ildə keçirilən referendumda, bələdiyyə seçkisində, nəhayət ötən ay keçirilən parlament seçkilərində YAP Xətai rayon təşkilatı xeyli fəal olub. Həm seçicilər arasında maarifləndirmə işlərinin aparılmasında, həm də YAP-ın təbliğatının həyata keçirilməsində YAP Xətai rayon təşkilatı tərəfindən mühüm tədbirlər həyata keçirilmişdir. Bütün bunlar hər seçkidə Xətai rayonu üzrə YAP-ın qələbəsinin təmin edilməsində mühüm rol oynamışdır.

Hazırda təşkilatımızda birləşən YAP üzvlərinin sayı 16 min nəfərə yaxındır. Ərazi ilk partiya təşkilatlarının sayı isə 150-dir. Müqayisə üçün əminliklə qeyd etmək istərdim ki, bu gün radlikal müxalifət partiyalarının ümimilikdə üzvlərinin sayı YAP-ın bir rayon təşkilatının üzvlərinin sayına çata bilməz. YAP Xətai rayon təşkilatında birləşən üzvlərimiz ölkənin, o cümlədən təmsil etdiyimiz Xətai rayonunun ictimai-siyasi, iqtisadi, mədəni həyatında və s. sferalarda fəal iştirak edir, öz əməlləri ilə dövlətimizin inkişafına xidmət edirlər.

 Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən YAP, ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu günü-gündən möhkəmləndirməkdədir. Partiyanın getdikcə daha çox nüfuz qazanaraq cəmiyyətimizin əsas siyasi qüvvəsi, hakim partiya statusunu özündə saxlaması da yaradılmasında olduğu kimi, tarixi zərurətin ifadəsidir. Bununla yanaşı Heydər Əliyev Partiyasında İlham Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla, ən əsası isə nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. YAP bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın qüdrətlənməsinə, dövlətçiliyimizin inkişafına xidmət edəcək, xalqın yeganə etimad ünvanı olaraq hakim siyasi təşkilat statusunu daim özündə saxlayacaq.

 

Dekabr 2010-cu il