İnsanlara qalan nur

 

Zərifə xanımın bioqrafiyası uzaq Naxçıvan kəndi Şahtaxtıda başlamışdı: o, 1923-cü il aprelin 28-də, Azərbaycanın sovetləşdiyi gün dünyaya gəldi. Sonra - məktəb, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, Moskva Həkimləri Təkmilləşdirmə İnstitutu...

Gənc tibb alimi ilə Dövlət Təhlükəsizlik Komitəsi zabitinin şəxsi taleyini müəyyənləşdirən görüş isə 1948-ci ildə olmuşdu. Elə həmin vaxt gənc qəlblərdə zaman ötdükcə əfsanəvi məhəbbətə çevrilən qarşılıqlı rəğbət alovlanmağa başladı... Ən başlıcası da odur ki, bu rəğbətin gizli "əlkimyası" böyük cazibə qüvvəsinin təsiri altında baş verdi. Bu cazibə qüvvəsini meydana çıxaran səbəb isə onların hər ikisinin ağlının, istedadının və mənəvi paklığının kamilliyi, bütövlüyü idi.

***

1948-ci il. Əks-kəşfiyyatın gənc zabiti Heydər Əliyev Leninqrada oxumağa göndərilir. Zərifə xanım isə Moskvada həkim-oftalmoloq kimi təkmilləşir. Zərifə xanımın atası Əziz Əliyev artıq tanınmış dövlət rəhbəridir, İctimai Elmlər Akademiyasında oxuyur və Azərbaycan Kommunist Partiyasının MK-sında işləyir. Gələcək ümidverici, xoşbəxt görünürdü. Lakin rejim hələ öz üzünü bir daha büruzə verəcəkdi. Sistemin təbiəti dəyişməmişdi. O, gənc insanların, Zərifə Əliyevanın və onun sevib-seçdiyi, adı Azərbaycan tarixində qalacaq dahi insanın taleyinə təsirini göstərəcəkdi...

Zərifə xanımın həyat yolunun başlanğıcı ilk baxışda ən yüksək və qayğısız mühitin içində görünsə də, əslində, tam əksinə idi. Siyasi təlatümlər, repressiya dalğası bu ailənin başının üzərindən əskik olmurdu.

...Əziz Əliyev çox gözəl və mehriban bir ailə başçısı idi. Onun həyat yoldaşı Leyla xanım xeyirxahlıq və incəlik təcəssümü idi. Bu mehriban ailədə iki oğlan - Tamerlan və Cəmil, dörd qız - Ləzifə, Zərifə, Dilbər və Gülarə ata məhəbbəti, ana nəvazişi ilə böyüyürdü. Zərifə Əliyeva bütün yüksək keyfiyyətlərini - yaxşılıq etməyi, səxavəti, alicənablığı böyüdüyü ailədən əxz etmişdi. Bunlar hamısı o ailəyə məxsus keyfiyyətlər idi: ziyalılıq, əməksevərlik, səmimilik, doğma ocağa, xalqa və vətənə məhəbbət, bəşəri dəyərlərə bağlılıq... Bu xüsusiyyətlər onun həyatında öz təcəssümünü tapmışdı.

Əziz Əliyevə gənc yaşlarından mühüm dövlət vəzifələri etibar edilirdi: Kliniki İnstitutun direktoru, Tibb İnstitutunun rektoru, Bakı Səhiyyə Şöbəsinin müdiri, xalq səhiyyə komissarının müavini, səhiyyə komissarı, Azərbaycan Dövlət Universitetinin rektoru, Azərbaycan K(b)P MK-nın katibi, İranda Sovet kontingentinin siyasi rəhbəri, K(b)P Dağıstan Vilayət Komitəsinin birinci katibi, Dağıstan Müdafiə Komitəsinin sədri və ən nəhayət, Azərbaycan Nazirlər Soveti sədrinin birinci müavini... Artıq Əziz Əliyevin adı ÜİK(b)P Azərbaycan Komitəsinin birinci katibi və hökumət başçısı vəzifəsini əvəz edəcək kadrların siyahısına qeyd olunmuşdu. Əziz Əliyevin müvəffəqiyyətlə yüksəldiyini çoxdan bəri qısqanclıqla müşahidə edən və onun şəxsində öz rəqibini görən, artan nüfuzuna qərəzli münasibət bəsləyən M.C.Bağırov nəyin bahasına olur-olsun onu siyasət meydanından uzaqlaşdırmaq qərarına gəlir. Respublika Kommunist Partiyası MK-nın 12 iyun 1951-ci il tarixli qərarı ilə M.C.Bağırov ilk zərbəni vurur: Əziz Əliyevə şiddətli töhmət elan edilir. İyunun 24-də isə Ə.Əliyev Nazirlər Soveti sədrinin müavini vəzifəsindən azad edilir. Əziz Əliyevi əvvəlcə Ortopediya və Bərpaedici Cərrahiyyə İnstitutuna direktor təyin edirlər. Ancaq təqib zəncirinin halqaları bununla qurtarmır. Tezliklə onu elmi-tədqiqat institutunun direktorluğundan azad edib Sabunçu xəstəxanasına köçürürlər.

***

1949-cu ildə Zərifə Əliyeva, bir ildən sonra isə Heydər Əliyev Bakıya qayıdır. Ayrılıq ancaq bu iki gəncin məhəbbətini möhkəmləndirib və onlar ailə qurmaq qərarına gəlirlər. Hər şey yaxşı olardı, bir bu mənzil problemi olmasaydı - Dövlət Təhlükəsizlik Komitəsinin zabiti İçərişəhərdə yarımzirzəmi mənzildə anası və qardaşları ilə birlikdə kirayənişin yaşayırdı. 1952-ci ildə mənzil problemi həll olundu. Heydər Əliyev çoxdan gözlədiyi ikiotaqlı mənzili aldı. Lakin M.C.Bağırovun qəzəbinə gəlmiş Əziz Əliyevin ailəsinin başının üstündə "Domokl qılıncı" asılıb...

İndi bunu təsəvvür etmək çətindir, ancaq o illər elə dövr idi ki, insan hakimiyyətin istəyi ilə yalnız işini, yaradıcılıq, yaxud elmi karyerasını yox, istənilən an şəxsi həyatını, fiziki varlığını da itirə bilərdi. Öz taleyini Zərifə xanımın taleyi ilə birləşdirmək haqda düşünən Heydər Əliyev rejimin ən güclü və mötəbər təməllərindən biri olan M.C.Bağırova meydan oxuyurdu. Belə addımın nəticəsi Dövlət Təhlükəsizlik Komitəsinin zabitinə əvvəlcədən məlum idi, lakin o, bu addımı atmaqdan qaçmadı. Heydər Əliyev könlünün sevdiyi ilə birgə olmaq hüququnu müdafiə etmək qərarına gəlmişdi.

Heydər Əliyevə "nüfuzunu" itirmiş dövlət qulluqçusunun, respublikanın "birinci" şəxsinin gözündən düşmüş adamın qızı ilə görüşməmək barədə qəti tapşırıq verilir: ya iş və karyera, yaxud məhəbbət... Gənc zabit geri addım atmır, rəhbərliyin "məsləhətinə" məhəl qoymur. O, müəyyənləşdirilmiş "konspirasiyanı" gözləməklə, sevdiyi qızla görüşməyi davam etdirir. Bir-birinə bağlanan iki qəlbin - perspektivli gənc zabit ilə qəzəbə gəlmiş siyasi xadimin qızının məhəbbətinə mane olmağa heç bir qüvvənin gücü çatmazdı. Qeyri-adi mərdliyə malik olmaq lazım idi ki, bu dərəcədə fədakarcasına sevəsən! Xidmətdə müvəffəqiyyətlə irəliləmək imkanından əl çəkməyə, əlinin hər şeydən çıxmasına və hətta "şübhəli" damğası qazanmağa risk edəsən. Bu, Heydər Əliyevin xarakterini, onun yüksək hisslərə sədaqətini, ürəyinin, məhəbbətinin səsinə qulaq asmağını və əgər işlədiyi idarədə, xüsusilə o dövrdəki sərt subordinasiyanı nəzərə alsaq, cəsarətini açıb göstərən dramatik səhnədir.

...İl keçir. "Qeyri-leqal" görüşlər davam edir. Konspirasiya sahəsində peşəkar olan gənc zabit həmkarlarına cəsarətlə meydan oxuyur. Tale aşiqlərin üzünə güldü... 1953-cü ilin martında Stalin öldü. İyun ayında isə artıq Beriya və ətrafındakılar həbs edilmişdilər. Bir müddət sonra Beriya, Merkulov, M.C.Bağırov və digərləri ağır dövlət cinayətlərinə və vətənə xəyanətə görə ən yüksək cəzaya məhkum edildilər. Əliyevlər ailəsi və onlarla birlikdə minlərlə ailə azad nəfəs aldı...

Tarixin son hesabda ədalətli qərar  verən məhkəməsi var. Məhz hadisələrin kəskin dönüşü sayəsində iki qəlbdə doğan qovuşmaq arzusunun, iki ailənin taleyinin başı üstündəki buludlar dağıldı. Bu iki gəncin və iki ailənin münasibətləri sədaqətin, xalqa, millətə, vətənə xidmətin ən gözəl nümunəsidir... Heydər və Zərifə Əliyevlərin məhəbbəti onların taleyinə düşən sınaqlara dözdü, öz ziyası ilə ailə ocağını şəfəqləndirdi. 1954-cü ilin noyabrında gənclərin nikahı vətəndaşlıq şöbəsində qeyd olundu və Heydər Əliyevin bir müddət əvvəl aldığı mənzildə sadə toy elədilər.

Müstəqil Azərbaycanın iki prezidentinin, oftalmologiya üzrə akademikin, görkəmli şərqşünasın talelərini müəyyənləşqdirən möhkəm bir AİLƏ nümunəsi yaradıldı. Bu ailənin başında yalnız Sovet Azərbaycanının yüksəlişinə nail olan şəxsiyyət deyil, həm də müstəqil Azərbaycanın qurucusu olacaq ümummilli lider dururdu...

Bu məhəbbətin tarixi haqqında sonralar çoxlu şeirlər yazılıb, kinofilmlər çəkilib. Vaqif Mustafayev bu mövzuya "Əsl məhəbbət haqqında" adlı həyəcanlı, dramatik film həsr edib. Və orada, ekranda biz baş qəhrəmanın - Heydər Əliyevin riqqət doğuran etirafını eşidirik: "Mən həqiqətən onu çox sevirdim. Onun da mənə olan məhəbbətini hiss edirdim. Düşünürəm ki, bizim bir-birimizə olan məhəbbətimizin köklərinin nə qədər dərində olduğunu sübut etməyə ehtiyac yoxdur".

***

Zərifə xanım məşhur həkim-oftalmoloq, tibb elmləri doktoru, akademik, Azərbaycanın əməkdar elm xadimi, parlaq alim və eyni zamanda həssas, qayğıkeş pedaqoq, müdrik təşkilatçı idi. Xeyirxahlıq, insanpərvərlik, ziyalılıq Zərifə xanımı əfsanələşdirmişdir. Alim kimi o, fundamental əsərlər qoyub getmişdir. Onun irsi, elmi nailiyyətləri, pedaqoji təcrübəsi daim tədqiqat obyekti olmuşdur.

Görünür, Zərifə Əliyeva şəxsiyyətinin gücü məhz onun insanların qayğı və iztirablarına, niyyət və arzularına fədakarcasına xidmətində idi. Zərifə xanım yüksək əyarlı əxlaqa malik bir insan idi. O, xəstələri yalnız işdə və klinikada deyil, hər yerdə, zərurət halında hər şəraitdə qəbul edirdi; onlara məsləhətlər verir, əgər şərait tələb edirdisə, təcili surətdə işə qarışırdı; əməliyyat edir, heç kimi köməksiz qoymur, heç kimi ümidsiz qaytarmırdı. Zərifə xanım kənd əhalisi arasında tibbi biliklərin təbliğini də fəal surətdə müdafiə edirdi. "Ailə həkimləri"nin rolunu yüksək qiymətləndirir, ailə həkimliyi institutunun yaradılmasını təkidlə tövsiyə edirdi.

Onun 1983-cü ildə nəşr olunmuş "Həkimlərin mənəvi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri" adlı kitabı yalnız tibb işçilərinin stolüstü kitabı olmadı, onu həm də insan münasibətlərinin, cəmiyyət əxlaqının nizamnaməsi saymaq olar. Zərifə Əliyeva həkimin həyat mövqeyini müəyyənləşdirərkən onun xəstəyə münasibətini əsas götürürdü. O, hesab edirdi ki, həqiqi həkimin xəstənin əzabına laqeyd qalmağa, pasiyentin dərdinə şərik olmamağa haqqı yoxdur. Zərifə Əliyevanın Özbəkistanın "Tibb" nəşriyyatı tərəfindən buraxılan "Şəkərli diabetdə göz xəstəlikləri" kitabı Orta Asiya və Zaqafqaziyada geniş yayılmış bu xəstəliklə mübarizədə böyük rol oynadı. Bu əsər oftalmoloqların stolüstü kitabıdır.

Zərifə xanım hər zaman ön sırada idi. Hələ gənc ikən - elmi-tədqiqat mövzusunu müəyyənləşdirərkən respublika səhiyyəsi üçün böyük əhəmiyyət kəsb edən sahəni seçmişdi. Namizədlik dissertasiyasının mövzusu ictimai nöqteyi-nəzərdən oftalmologiyanın aktual probleminə - traxoma ilə mübarizəyə aid idi. Ümumdünya səhiyyə təşkilatının məlumatına görə, dünyada 400 milyon insan bu xəstəlikdən əzab çəkir, 80 milyon nəfər isə bu xəstəlikdən kor olub. Görmə qabiliyyətinin itirilməsinin çox geniş yayılmış səbəblərindən biri olan traxoma həqiqətən həmin illərdə Azərbaycanda ictimai bəlaya çevrilmişdi. Zərifə xanım dissertasiya üzərində işləyə-işləyə yüzlərlə, minlərlə xəstənin sağlamlığını özünə qaytardı. Uşaq evlərindəki çoxlu yetim uşağı müalicə etdi. Bundan əlavə, Zərifə xanım qlaukoma və zəif görmənin qarşısını almaq məqsədi ilə tədbirlər keçirmək üçün dəfələrlə respublikanın regionlarına getmişdi. Qlaukomaya meyilli xəstələri aşkar etmək üçün o, uzun illər Əli Bayramlı (indiki Şirvan) şəhərinin sənaye müəssisələrində ciddi diaqnostik iş aparmışdı. Bu xəstəliyə meyilli olanları Zərifə xanım tez dispanser uçotuna götürüb stasionar müayinə və müalicəyə cəlb edirdi. Bundan başqa, o bu şəhərin məktəblərində yaxını görən uşaqları müəyyənləşdirmək üçün böyük iş apardı.

Zərifə xanım sevdiyi təbabətə inamla və ədalətlə xidmət edirdi. Bu xidmət çətin, lakin fərəhli idi. Seçdiyi elm sahəsindəki nailiyyətləri Zərifə xanımı ruhlandırırdı, kiçik uğursuzluqlar isə onu mütəəssir etmirdi, təslim olmur, problemi daha da inadla öyrənirdi. Öz təbiətinin misilsiz xüsusiyyətləri sayəsində o, böyük tədqiqat potensialına yiyələnmişdi və buna görə də nəzəri problemlər üzərində işləməyə həvəslə başlayır, bununla belə, nəzəri nəticələri təcrübəyə tətbiq etməyə, tibbi biliklərin praktikada işlədilməsinə çoxlu vaxt və əmək sərf edirdi. Onda yüksək peşəkarlıq və biliklərin vüsəti rəftar, insanpərvərlik və xeyirxahlıq mədəniyyəti ilə üzvi şəkildə birləşmişdi. Bütün bu keyfiyyətlər Zərifə Əliyevanı peşələrin ən humanisti olan həkimlik peşəsinə fədakarcasına xidmətin simvolu kimi qəbul etməyə əsas verir. Bütün çətinliklərə baxmayaraq, həkimlik onun üçün sadəcə iş deyil, həm də fasiləsiz ilham mənbəyi idi. O, təkcə öz varlığıyla belə həmkarları və pasiyentləri arasında xüsusi inam və xeyirxahlıq atmosferi yaradırdı.

Bununla belə, heç vaxt seçilməyə çalışmırdı, özünü camaata göstərmək üçün işləmirdi. Ordinatordan başlayaraq tanınmış həkimə, alim-akademikə qədər uzanan bu çox çətin və şərəfli yolda ciddiyyətini, səmimiyyətini və təvazökarlığını qoruyub saxladı.

Zərifə Əliyeva müasir dünyada həkim etikasının məsələləri və prinsipləri mövzulu "Yüksək əqidə" adlı əsərində məxsusi olaraq özünün insan kredosu ilə bütövlük təşkil edən sənətinin əsl mahiyyətini belə açır: "Vicdan bizim əsas hakimimizdir. Çətin dəqiqələrdə də, xoşbəxt saatlarda da onunla baş-başa qalanda o soruşur: Ağ xalat geyməyə haqqın varmı? Sənin əllərin xəstəlikdən əziyyət çəkənə yalnız biliyini deyil, həm də qəlbinin həyəcanını, ürəyinin yanğısını çatdıra bildimi? Düzünü desək, vicdanın şəxsi mühakiməsindən şərəflə keçmək böyük xoşbəxtlikdir. Yaxşı həkim həmişə xəstə ilə birlikdə həyəcan keçirir, pasiyentin ağrısı elə həkimin şəxsi ağrısıdır. Əgər sağlamlığını itirən şəxs yenidən ona malik olursa, demək, həkim də yenidən həyata qayıdır, doğulur. Bizim sənətimizin mənəvi təməli də elə bundadır".

***

Zərifə Əliyevanın zəngin intellektual, mənəvi potensialı imkan verir güman edək ki, onun ictimai və peşə fəaliyyəti professional tibb sahəsi ilə bağlı olmasaydı, dövlət və mədəniyyət sahələrində də daha böyük səmərə verə bilərdi. Lakin taleyin gərdişi ilə o, elə bir insana rast gəldi ki, onun alnına millətin lideri olmaq missiyası, qüdrətli dövlət təşkilatçısı, cəmiyyəti dəyişdirən islahatçı olmaq missiyası yazılmışdı. Zərifə xanım bu adamın sevilən və sevən həyat yoldaşı olaraq, onun görəcəyi işlərin miqyasını dərk edərək onun arxadaşı olmağı özünə borc bildi. Buna görə Zərifə xanımın qeyri-adi keyfiyyətləri, özünü yaradıcı şəxsiyyət kimi reallaşdıra bilməsi elmi fəaliyyətlə və ailə çərçivəsi ilə məhdud qaldı.

Biz indi milli-mənəvi dəyərlərimizin qorunması haqqında çox danışırıq, modeli dünya təcrübəsində axtarırıq, tariximizi, adət-ənənələrimizi təhlil edirik, ailənin özülü haqqında düşünürük... Halbuki bizim müasir həyata, Heydər və Zərifə Əliyevlər ailəsinə, onların qarşılıqlı münasibətinə, övladlarına və yaxınlarına, onların insanlara etdikləri xidmətə və vətənə məhəbbətlərinə baxdıqda dərk edirsən: məhz belə insanlar, belə ailələr bizim üçün parlaq nümunə, layiqli örnək ola bilər.

Ailə - müqəddəsdir. Ailə - əsasdır. Ailə - cəmiyyətin özülüdür. Ailənin ən etibarlı dayağı - ocağın qoruyucusu isə Zərifə xanım kimi həyat yoldaşı, Ana və məhəbbət simvoludur. O, Heydər Əliyevin təkcə həyat yoldaşı yox, həm də silahdaşı idi. Qeyd edək ki, Zərifə xanım bir gəlin kimi Əliyevlər ailəsinin kandarına ayaq basanda artıq ən qiymətli insani keyfiyyətlərə yiyələnmişdi. Təmkinlilik, ziyalılıq, ailəyə sədaqət, milli qürur, ərinə sonsuz məhəbbət, mətinlik və vətən sevgisi onun qəlb xəzinəsinin ən qiymətli inciləri idi.

Bu ailə böyük məhəbbət bünövrəsi üstündə qurulmuşdu. Etiraf etmək lazımdır ki, Heydər Əliyev kimi böyük şəxsiyyətin məhəbbətinə layiq olmaq təkcə böyük xoşbəxtlik yox, həm də böyük məsuliyyət idi. Ancaq seçilmiş insan belə məhəbbətə layiq ola bilərdi! Onların məhəbbəti müqəddəs bir ailənin bünövrəsini qoydu. Ona görə müqəddəs ki, millət üçün iftixar mənbəyi və nümunə olmuşdur.

Zərifə xanım heç vaxt Heydər Əliyev şəxsiyyətinin arxasında daldalanmamışdı. Əksinə, xarakterinin gücü, səyi, zəhmətli əməyi, ağlı, iradəsi və xeyirxahlığı sayəsində özünə canlı abidə ucaltmışdı. O, hələ 1969-cu ildə respublika rəhbərinin həyat yoldaşı, Azərbaycanın birinci xanımı olmuşdu, sonrakı tarix sübut etdi ki, onun bu şərəfə layiq olmaq haqqı vardır. Təəssüflər olsun ki, həyat yoldaşının və oğlunun Prezident seçildiyi o xoşbəxt günləri görmək Zərifə xanıma qismət olmadı. Yəqin ki, bir Prezidentin həyat yoldaşı və digərinin anası olduğu xəbərini alanda onun ruhu şad olmuşdur.

Zərifə xanımın həyatında ən xoşbəxt, yaddaqalan və şad gün onun yeganə oğlunun toy günü idi. Həmin gün iki nəcib ailə doğmalaşdı: Heydər Əliyevlə Zərifə xanımın ailəsi və Arif Paşayevlə Aida İmanquliyevanın ailəsi; məşhur yazıçı Mir Cəlal Paşayevin nəvəsi Mehriban xanım Heydər Əliyevin gəlini və İlham Əliyevin həyat yoldaşı oldu.

Oğlunun ailə xoşbəxtliyi həmişə Zərifə xanımı ruhlandırırdı. Qayınana və gəlin arasındakı qarşılıqlı münasibət xüsusi mehribanlığı, həssaslığı və səmimiliyi ilə seçilirdi. Ailə həyatına yenicə qədəm qoyan cavan gəlin ocağın müdrik qoruyucusundan öyrəndi, demək olar, böyük məktəb keçdi. Mehriban xanım gələcək qayınanasının rəhbərliyi altında müvəffəqiyyətlə həkim-oftalmoloq işləyib. Lakin tale onu başqa vəzifə üçün hazırladı...

Mehriban xanım Əliyeva Azərbaycan tarixində böyük rol oynamış iki nüfuzlu ailəni doğmalaşdırdı və böyük soyadın şərəfli, layiqli davamçısı oldu. O, məşhur ailənin evinə gəlin gəldi. Gələcək dövlət başçısının həyat yolunda sadiq silahdaşı oldu. Əliyevlərin irsini layiqincə davam etdirəcək üç insan yetişdirdi. Əslində, Mehriban xanım da həkimlik peşəsini davam etdirə, diaqnoz qoya, xəstələri müalicə edə, onlara gözlərinin nurunu qaytara, dünyanın sonsuz gözəlliklərini görmək sevincini bəxş edə bilərdi. İnsanlara işıq bəxş eləmək - necə ki, bunu Zərifə Əziz qızı Əliyeva eləmişdi...

Lakin Mehriban Paşayeva Mehriban Əliyeva olaraq elə bir ailəyə daxil oldu ki, dövlət qayğıları güclü bir cərəyan kimi bu ailənin içindən keçirdi; ictimai həyatın, milli arzuların, həyəcanların, ümidlərin... nəbzi bu ailədə atırdı. Həyatın bu yeni ritmi, belə demək mümkünsə, soyadının statusu onu ictimai həyatda daha fəal iştiraka təhrik etdi, şəxsi potensialının açılmamış enerjisini oyatdı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın keçən əsrin sonundakı ictimai fəaliyyəti gözümüzün qabağına gəlir. O, ümummilli liderimiz Heydər Əliyevin əbədiyaşar ideyalarının həyata keçirilməsində fədakar fəaliyyət göstərir, Prezident İlham Əliyevin siyasətinin uğurla gerçəkləşməsində fəal rol oynayır. Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, ISESCO-nun xoşməramlı səfiri, "Azərbaycan mədəniyyətinin dostları" fondunun rəhbəri... Bunlar Mehriban xanımın fəaliyyətinin yalnız bir qismidir. Ancaq ən əsas məqam odur ki, Mehriban xanım Əliyevlər ailəsində Zərifə xanımın missiyasını layiqincə, şərəflə davam etdirir.

Mərhəmət - qadın ürəyinin böyüklüyünü nümayiş etdirən ən uca hissdir. Mehriban xanım öz ürəyinin hərarətini və məhəbbətini yalnız Azərbaycanın böyüməkdə olan nəslinə deyil, dünyanın bütün uşaqlarına bağışlayır. Onun bütün fəaliyyəti Prezident İlham Əliyevə sədaqətə və ümummilli lider Heydər Əliyevə ehtirama söykənir.

***

İlham Əliyevin 1995-ci ilin oktyabrında yerli mətbuata verdiyi müsahibədə söhbət oğul məhəbbətindən, heç kimin etinasız qala bilmədiyi ana itkisindən gedir. Həmin müsahibədən bir parça:

"- Siz Zərifə xanımı necə xatırlayırsınız?

- Ən əziz insan kimi. Onun vəfatından sonra mənim həyatım, bütün ailəmizin həyatı dəyişildi. Yəni indi mən o vaxtlardakı kimi gülə bilmirəm, baxmayaraq ki, onun həyatdan getməsindən on ildən çox vaxt ötür. Mənim həyatımda xoşbəxt hadisə olanda düşünürəm: o da bunun üçün sevinərdi. O vəfat edəndə mənim böyük qızımın bir yaşı vardı. Yəni mənim qızlarım öz nənələrini görməyib, bu, onların tərbiyəsində böyük itkidir..."

***

...1995-ci ilin 28 apreli.

Zərifə xanımın ad günü, xatirə günüdür.

Mərasimdə Heydər Əliyev çıxış etdi. Artıq on ildir ki, sədaqətli həyat yoldaşı və silahdaşı - Zərifə xanım həyatda yoxdur.

Və necə on il!

Taleyüklü, faciəli, şücaətli on il... Böyük bir dövlət dağılanda və milyonlarla insanın taleyi onun qalıqları, tör-töküntüləri altında qalanda Heydər Əliyev bu tarixi fəlakətin tam ortasında idi. Dağılan dövləti yaşatmaq və birləşdirmək, ölkədə xaosdan qurtuluşa keçidi təmin etmək, saysız sui-qəsdlərdən, çevriliş cəhdlərindən özünü və respublikanı qorumaq, islahatları həyata keçirmək, ordu formalaşdırmaq, vətəndaşın sosial rifahını yüksəltmək... Bunlar hamısı Heydər Əliyevin taleyindən və ən əsası,  əvəzedilməz insanın - Zərifə xanımın itkisinin dinclik vermədən ağrıtdığı ürəyindən keçmişdi.

Heydər Əliyevin həmin aprel günündəki sözləri onun şəxsi və ümumxalq xatirəsinin ən həssas tellərinə toxunan inam, etiqad kimi təsirli səslənirdi:

"Bilirsiniz ki, mənim həyatım gənclik illərimdən dövlət xidməti ilə bağlı olub. Mən bütün həyatımı buna həsr etmişəm və indi də bu sahə ilə məşğul oluram. Hesab edirəm ki, mənim müvəffəqiyyətli xidmətimdə ailəm böyük rol oynamışdır. Mən ona görə xoşbəxt idim ki, mənim Zərifə xanım kimi həyat yoldaşım vardı və o, mənim ailəmdə çox gözəl mənəvi mühit yaratmışdı. Mən həyatımın bütün dövrlərində işlə məşğul olmuşam, ailə məsələlərinə vaxt ayıra bilməmişəm. Bu, Zərifə xanımın öhdəsinə düşüb və o, bu vəzifəni şərəflə, inamla və qeyri-adi məharətlə yerinə yetirib. Mənim ailəmdə onun rolu əvəzolunmazdır - mənim ailəm bu günə onun tərbiyəsi nəticəsində gəlmişdir. Baxmayaraq ki, on il keçib, mən onu unutmuram və heç vaxt unutmayacağam. Mənim uşaqlarım da öz ürəklərində onun əbədi xatirəsini və məhəbbətini saxlayırlar. Bu gün bizim üçün müqəddəs gündür. Bu gün ona görə xoşbəxt gündür ki, dünyaya məni xoşbəxt edən, mənə gözəl övladlar bəxş edən Zərifə xanım kimi böyük şəxsiyyət gəlmişdir. Eyni zamanda, bu gün kədərli gündür. Aradan on il keçsə də, mən bu kədərdən uzaqlaşa bilmirəm."

"Zərifə" adı kövrək, zərif deməkdir. Və o özünün kövrək çiyinlərində böyük məsuliyyət və fədakar məhəbbət yükünü, millətin lideri, respublikanın rəhbəri, adı böyük dövlət rəhbərləri sırasına daxil olan şəxsiyyət ilə yanaşı olmaq, çiyin-çiyinə getmək, onun dayağı olmaq, qayğısına qalmaq və ağır günlərdə dərdinə şərik olmaq yükünü daşıdı. Uşaqların əsas qayğısını və tərbiyəsini öz üzərinə götürmək və onları vətənin layiqli və şanlı vətəndaşları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirmək...

Zərifə xanımın həyatı indi də onun övladlarının və nəvələrinin həyatında davam edir. "Elegiya" albomunda onun obrazını təcəssüm etdirən iki heykəl var - mərmər və tunc heykəl. Onun digər böyük abidəsi - mənəvi abidəsi insanların ürəklərindədir.

Zərifə xanımın məhəbbətinin işığı daim onun doğmalarının və yaxınlarının, həmkarlarının, şagirdlərinin yolunu işıqlandırır...

***

Hər halda bizim həyatımız qəribə qurulub... Göz açıb-yumunca, o, artıq sona yaxınlaşır... Güzəştsizdir, amansızdır... Yer kürəsinin yaşı ilə müqayisədə o, cəmi qısa bir işartıdır. Kim isə parlaq bərq vurur, kim isə piltə kimi tutqun, yavaş-yavaş yanır. Burada iş qətiyyən illərin sayında, qocalıqda deyil, daha mühümü odur ki, həyat izsiz keçməsin. Gələcək nəsillər üçün iz qoymamışsansa, ürəyinin bir hissəsini onlarla bölməmisənsə, demək, qətiyyən yanmamısan. Boşluq və faydasızlıq... Bir xatirə belə yoxdur. Öz adını tarixin səhifələrində əbədiləşdirən şəxsiyyətlərin vəziyyəti isə başqa cürdür. Zərifə xanım belə şəxsiyyətlərdən biri idi, o, ömrü boyu fədakarlıqla yanmışdır. Zərifə xanım öz işıqlı xarakteri ilə taleyin onunla eyni yolda addımlamağı qismət etdiyi adamların da, öz ömür yolunda onunla bircə dəfə qarşılaşanların da qəlbində parlaq bir mələk kimi silinməz iz qoymuşdur.

Zərifə xanım tariximizin əfsanəvi şəxsiyyətləri arasında layiqli yer tutaraq bu şərəfi və şöhrəti qazanmışdı. Buna görə də onun haqqında əfsanə burada başa çatmır. Bu əfsanə yeni, gur akkordlarla davam edir və tarixə qovuşur. Buna görə də Zərifə xanım barədə "son söz"ü yoxdur. Onun haqqında xatirələr qurtarmırsa, Zərifə xanımı şəxsən tanıyan müasirləri keçmiş günlərin xatirələrini danışmağa başlayırlarsa, "son söz" yazmaq olarmı?! Xatirələr öz xeyirxahlığı ilə ürəkləri isitmək üçün doğulan bu böyük şəxsiyyətə məhəbbət və hörmətlə doludur.

2010-cu ildə Moskvada "Molodaya Qvardiya" mətbəəsində "Görkəmli adamların həyatı" seriyasında mənim müəllifliyimlə nəşr olunan "Zərifə Əliyeva" kitabı bu günlərdə doğma dilimizdə Azərbaycan oxucularına təqdim olunacaq. Zərifə xanımın əbədiyaşar xatirəsinə ithaf olunan və onun ömür yolundan bəhs edən nəşr arxiv materiallarına, bu görkəmli insanı yaxından tanıyan şəxslərin xatirələrinə əsasən yazılıb və qəhrəmanımızın obrazını daha yaxşı təsvir etməyə kömək edən fotoşəkillərlə zənginləşdirilib. İnanırıq ki, kitab oxucular tərəfindən rəğbətlə qarşılanacaq.

Yox, Zərifə xanım tarix yaratmayıb. Onun rolu bu tarixi yaradan böyük insanın ən böyük məhəbbəti olmaqdan ibarətdir. Filosoflardan biri deyib: "Hər böyük sərkərdənin arxasında bir qadın var". Zərifə xanım məhz belə qadınlardandır - böyük insanlarla yanaşı olduqda, o insanların ulduzlarının daha parlaq bərq vurmasına səbəb olan qadınlardandır. Bu dünyaya məsum, gözəl qız simasında gələn Zərifə xanım mənsub olduğu əsl azərbaycanlı ailəsinin bütün mənəvi dəyərlərini özündə cəmləşdirmişdi. Və bir qadın, bir ana, bir həkim, bir alim, bir ictimai xadim və birinci xanım olaraq o, əfsanəvi taleyə malik olmuş insanların ümumi axınına nə qədər də təbii bir şəkildə qoşulmuşdu!

Bəli, o, az yaşadı. Lakin insan həyatının dəyəri heç də illərin sayı ilə ölçülmür; onun işi ilə, yaradıcılığı ilə, insanlara və cəmiyyətə verdiyi xeyirlə, mənəvi qüvvə ilə ölçülür. Zərifə xanımın həyatının hər günü xalqına səmimi və coşqun xidmətə həsr edilmişdir. Yaşadığı xoşbəxt günlər də, doğmaları, xalqı və vətəniylə bağlı hadisələr də onun nəsillərin əbədi yaddaşında yaşayan xatirəsini və ruhunu hər zaman şad edəcək.

Təəssüf ki, Zərifə xanım bu günləri görə bilmədi. Əfsus, həyat yoldaşının Azərbaycana müstəqil dövlətçilik bəxş etdiyinin şahidi olmadı. Əgər o, İlham Əliyevin Prezident kürsüsündə xalq qarşısında and içməyini görsəydi, ana ürəyi iftixar hissi ilə, xoşbəxtliklə dolub daşardı! Əgər o, oğlunun dövlət başçısı olaraq yerinə yetirdiyi layiqli işləri, respublikanın yüksəlişini, Bakının gündən-günə gözəlləşdiyini görsəydi... Əgər o, Heydər Əliyevin və Əziz Əliyevin müqəddəs vəsiyyətinin - bütün qüvvəni, ürəyini, canını vətənə vermək vəsiyyətinin oğlu tərəfindən layiqincə davam etdirildiyini, müvəffəqiyyətlə həyata keçirildiyini gözüylə görsəydi... Ancaq inanırıq ki, Zərifə xanımın ruhu Azərbaycanın şərəfi, ləyaqəti və müstəqilliyi uğrunda mübarizə aparan doğmalarını bu çətin və şərəfli mübarizədə qorudu, himayə elədi.

***

Hər dəfə Heydər Əliyevin - Müstəqil Azərbaycanın şanlı simvolunun həyat və fəaliyyətinə həsr olunan filmlərə baxdıqda qəlbimizdə həzin hisslər baş qaldırır. Ümummilli liderin öz həyat yoldaşına bəslədiyi müqəddəs məhəbbət ürəyimizi riqqətə gətirir. Zərifə Əliyeva ilə vidalaşma səhnəsini - Heydər Əliyevin öz əbədi məhəbbəti ilə ayrılığına acı göz yaşı ilə ağladığı səhnəni nəzərdə tuturam... Zərifə xanım gül dənizinin içində, sanki həyat yoldaşının, öz əbədi məhəbbətinin göz yaşlarını görməmək üçün gözlərini açmaq istəmir...

Aman Allah, itkiylə barışmaq istəməyən kəsin yanıb-qovrulan ürəyini necə sakitləşdirmək olar?.. Heç vaxt, heç bir dərdin, bədbəxtliyin qarşısında baş əyməyən, mərdlik və igidliyin təcəssümü olan bu güclü insan taleyin o ağır zərbəsinə dözə bilməyərək ömründə ilk dəfə acı göz yaşları axıtdı.

Lakin əbədi həyat və əbədi məhəbbət haqqında əfsanə davam edir. Tanrının cahanşümul işlər görmək üçün yaratdığı böyük insan tezliklə gərgin mübarizəyə girişməli idi. Zərifə xanım onu bu mübarizədə tək qoymamışdı!..

Onun üçün İlham kimi oğul böyütmüşdü!..

Bilirdi ki, oğlu atasının şərəfini hər şeydən yüksək tutan layiqli övlad kimi böyüyüb!..

Ayrılıqlar da, qovuşmalar da taleyin qismətidir... Məhəbbətlə dolu iki ürək on səkkiz ildən sonra əbədi qovuşdu. Bu gün Fəxri xiyabanda - bütün azərbaycanlıların and yeri olan bu müqəddəs guşədə əbədiyyət dastanının iki qəhrəmanın məzarları üstündə, sanki keçmiş xoşbəxt günlərdə olduğu kimi, bir-birini sözsüz başa düşən iki qranit abidə ucalır...

Buraya onlarla, yüzlərlə, bəzən minlərlə azərbaycanlı əllərində gül dəstələriylə bu məzarların önündə baş əyib, xeyir-dua almaq üçün gəlir...

İki qəlbin əbədi məhəbbəti ilə möhkəmlənmiş uzun və xoşbəxt bir həyata xeyir-dua almaq üçün...

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-dramaturq

"Azərbaycan" qəzeti, 15.04.2012

15.04.2012