İŞIĞA DOĞRU
İnsan üçün həyatda cansağlığından vacib nə var ki?! Can xəfif bir acı çəkəndə dünyanın bütün maddi dəyərləri bunun əvəzini ödəyə bilmir.
Bu həqiqət insana yaradılışdan əyandır.
Bir-birimizə ən xoş dualarımızda cansağlığı arzulayırıq. İş nəsə düz gətirməyəndə, “Təki can sağ olsun” deyib özümüzə də, başqalarına da qəlbin ən böyük təsəllisini veririk. Çünki həqiqətən, sağlamlıqdan başqa, qalan bütün çətinliklər zamanla yoluna düşəndir. İnsanın itirdikləri, günlərlə özünə dərd etdiyi yenə yerinə qayıdandır.
Amma sağlamlıq əldən gedəndə...
Orası da var ki, Tanrının bizə əmanət etdiyi canımız ağrı bilməyincə, sanki həyat hər zaman belə davam edəcəkmiş kimi düşünüb sağlamlığımızın qeydinə qalmırıq. Onu arxa plana çəkirik. Vacib bildiyimiz bütün işlərin ən axırına saxlayırıq. Bəzən də siqaret, içki kimi mənasız zövqlərlə, ziyanlı qidalarla, istiyə-soyuğa fikir verməməklə özümüz canımızın qəsdinə dururuq.
Və beləcə biz həyatın dadını çıxararkən müxtəlif xəstəliklər iznimizi soruşmadan, səssiz-sədasız canımıza daraşır...
Gəlişini gözümüzün görmədiyi, qulağımızın eşitmədiyi bu xəstəliklər bir gün amansız əjdahaya dönüb göz qırpımında canımızın qəsdinə qalxır, zövq aldığımız həyatı cəhənnəm əzabı ilə nəzərimizdən salır, bizi aciz bir varlığa çevirir...
***
Ömrün bu ən çətin məqamını - insanın xəstəliyə təslim olduğu anları yaşadım bu günlərdə... Həyat eşqim, qürurum nə qədər əzəmətli olsa belə, ömrümdə heç zaman qarşılaşmadığım amansız xəstəlik qarşısında acizləşdim, iradəm sanki tükəndi, bir məqamda hətta ümidsizləşdim, artıq hər şeyin bitdiyini düşündüm...
Bu, ən ağır məqamlar idi. Ruhum ağlımın gücünə uzun, qaranlıq tuneldə sanki bir qərinə yol gedib iynə ucu boyda işıq axtarırdı. Həyatın tamamlanması anlamını yaşadan bu məqamlarda instinktiv olaraq düşüncəmə belə bir fikir taxılmışdı: İlahi, görəsən bu dünyanı zülmət qaranlıqda necə yaşayıb duymaq olar?!
***
...Deyəsən, axtardığım işığı artıq tapmışdım və üzü ona tərəf gedirdim. Gözlərim yavaş-yavaş dümağ bir materiyaya açılırdı. Öz-özümə sual verib ayırd etməyə çalışırdım: “Bu, hansı dünyadı? Mən hardayam?”
Düşüncəmi sorğuya çəkən bu sullara cavab axtararkən, qulağım varlığıma doğma olan insan səsi ilə doldu və bu, bir andaca ruhuma sanki dirilik suyu ələdi: “Hüseynbala müəllim, özünüzü necə hiss edirsiniz?”
Yox, əgər bu sualı duyuramsa, hələ həyatdayam. Gözlərimin dikildiyi isə həkimlərin əynindəki ağ xalatdır. Mərkəzi Klinikanın ağ xalatlı mələkləri...
Gözlərimin şaşqın-şaşqın onlara dikildiyi həmin məqamları indi bir-bir yaddaşımdan keçirəndə anlamağa başlayıram ki, ağ xalatlı bu mələklər olmasa, insanlar kəmfürsət dərd-bəlaların əlində necə aciz, yardımsız qalardılar...
...Görkəmli rus yazarı, ədəbiyyatşünas V.V.Veresayev bu müqəddəs peşə sahiblərindən bəhs edərkən yazır: “Həkimin diaqnoz qoymaq sahəsində nadir istedadı ola bilər, öz təyinatının ən incə məqamlarını duya bilər, lakin onun xəstənin qəlbini fəth etmək və onu özünə tabe etmək bacarığı yoxdursa, bütün bunlar nəticəsiz qalacaq”.
Bəri başdan deyim ki, bir insan, yazıçı, siyasət adamı kimi həmin gün Mərkəzi Klinikanın həkimlərini, tibb bacılarını, bir sözlə, öz peşələrinin ustaları olan bütöv bir kollektivi özüm üçün müqəddəs insanlar qismində - həyat bəxş edən mələklər simasında kəşf etdim. Onlar öz peşələrinə olan sədaqətləri, yüksək təcrübələri, bilik və bacarıqları ilə mənim qəlbimi bir həftə ərzində, hər gün bəlkə yüz dəfə fəth etdilər. Xəstəliyin acizləşdirdiyi məqamlarda yeganə gücüm onlara olan inamım oldu. Onların bacarıqlarına, diqqət və qayğılarına ümid bəslədim... Bu ümiddən yapışıb həyata bağlandım.
Və yanılmadım...
***
Müalicə aldığım müddətdə müşahidələrim göstərdi ki, bu insanlar üçün ən böyük məqsəd, ən başlıca stimul xəstələrin sağalmasıdır. Onlar üçün xəstənin gözlərindəkı həyat eşqinin işığından, sevincdən və baxışlarındakı səmimi minnətdarlıqdan dəyərli nə ola bilərdi ki?!
Xəstə gözlərindəki bu işığa, bu sevincə, bu minnətdarlığa ilahi təbəssümlə qarşılıq verərkən həmin kəslər nəzərimdə müqəddəs insanlar idilər. Tanrıma şükürlər olsun ki, bu insanlara əbədi minnətdarlıq borcumu qarşımdakı ağ kağızlarla bölüşmək, qələmə alıb sözün yaddaşında əbədiləşdirmək üçün fürsət verdi. O hisslər, duyğular da cismim kimi həyat qazandı, yaşamaq imkanı əldə etdi. İndi onlardan yazıram, yüzlərlə insanı ölümün məngənə əllərindən almış bu insanları hamının tanımasını istəyirəm.
Heç kimin onların köməyinə ehtiyacı qalmasın, heç kim həkim əllərində aciz duruma düşüb qalmasın, hamı sağlam olsun, tale hər birimizi bütün xəstəliklərdən, ağlımıza gəlməyən xəta-bəlalardan qorusun, əlbəttə... Bu insanları isə Vətənin layiqli övladları kimi bir dost, vətəndaş, öz işlərinin peşəkarları olaraq tanıyaq və onlarla hər zaman qürur duyaq.
Mərkəzi Tibbi Klinikada müalicə alarkən, bu şəfa ocağının direktoru İxtiyar Sultanovun, baş həkim Kamran Musayevin, reanimasiya şöbəsinin müdiri Vüqar Əbdülkərimovun, kardioloq Firdovsi İbrahimovun, tibb bacıları Aytənin, Kəmalənin, Esmiranın, Vüsalənin, Nataşanın və daha kimlərin peşələrinə vicdanlı münasibəti öz yerində, xəstələrə göstərdikləri səmimiyyətdən, xoş münasibətdən bir vətəndaş kimi qürurlandım. Çoxunun yüksək elmi dərəcəsi, ad-sanı, vəzifəsi olan bu insanların bütün bunlardan üstün bir amalları var - xəstənin ümid dolu baxışlarında həyat eşqini alovlandırmaq, ömürlərinə ömür calamaq.
Bu münasibət onların əllərindən şəfa tapan xəstələr üçün məlhəmlərin ən güclüsüdür.
Onların hər biri həkimlik etalonudur. Əsl həkimə məxsus olan ən gözəl keyfiyyətləri özlərində birləşdirirlər. Eynən Əbu Əli İbn Sina dediyi kimi, hər birinin “qartal gözləri, incə əlləri, ilan müdrikliyi və şir qəlbi var”. Onlar təkcə mütəxəssis kimi dərmanlarla müalicə etmirlər, həm də dərmanlardan qat-qat güclü olan tükənməyən optimizmləri və həyatsevərlikləri ilə insanlara ömür bəxş edirlər.
Tibb bacılarının sonsuz işgüzarlığı, səmimiyyəti, hədsiz səbri adamı heyrətə salır. Sağ olsun, hər biri...
***
Həyata qayıtdığım həmin anları bir an belə unutmur və tibb elminin atalarından sayılan Hippokratın həkimlik sənəti haqqında aşağıdakı fikrinin nə qədər sərrast ifadə edildiyinə heyran qalıram: “Həkimlik sənətinə məhəbbət elə insanlığa məhəbbətdir”.
İndi bu sətirləri yaza-yaza bütün həyatımı onlara borclu olduğumu düşünürəm. Həkimlərimə qəlbimin dərinliklərindən gələn ən xoş arzularla bərabər, sonsuz minnətdarlığımı yetirirəm. Bu kollektivdə bütün işlər elə dəqiqliklə tənzimlənib ki, ayrı-ayrı sahələrin mütəxəssisləri öz vəzifələrini zərgər dəqiqliyi ilə yerinə yetirirlər. Xəstələrə xüsusi diqqət göstərir, səbirlə müayinə edir, hər bir xəstəyə fərdi yanaşırlar. Bütün bunlar İxtiyar həkimin rəhbərlik etdiyi gənc, ancaq son dərəcə savadlı, öz işini dərindən bilən, sözün əsl mənasında, pasiyentlərin qəlbini fəth edən tibbi personala böyük etimad və ehtiram qazandırır.
Düşünürəm ki, bu kollektivin öz işində qazandığı uğurların əsas səbəblərindən ən mühümü burada yaradılmış şərait, dar macalda hər xırda detalı bir insan ömrünə bədəl olan modern texnoloji avadanlıqlar, dövlətin bu tibb müəssisəsinin fəaliyyətinə verdiyi dəstəkdir.
Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlığımı yetirirəm. Həyata həm də bu şərait sayəsində qayıtdım...
***
Bəzən mətbuatda, ara söhbətlərində Azərbaycan səhiyyəsi haqqında bədgüman fikirlərlə qarşılaşırıq. Kimi həkimlərimizi qeyri-peşəkarlıqda ittiham edir, kimi müayinə və müalicə xərclərinin bahalığından narazıdır, bir başqası sağlamlıq probleminin həlli üçün imkan daxilində kənar ölkələrə üz tutmağı daha məqbul sayır.
İşin maddi tərəfləri ilə bağlı fikir bildirməyə açığı, bir qədər çətinlik çəkirəm. Çünki maddi məsələlər fərdlərə görə dəyişəndir. Biri üçün çox baha görünən, başqası üçün münasib ola bilər. Amma onun da tərəfdarıyam ki, imkan daxilində müalicə xərcləri bütün vətəndaşların büdcəsinə uyğun olmalıdır. Xəstəlik elə bir bəladır ki, varlı-kasıb tanımır, adamın imkanına baxmır. İnsan qənaət üçün meyli çəkən təamı yeməyə bilər, amma xəstəlikdən qurtulmaqdan ötrü lazımi dərmanı mütləq aptekdən almalıdır. Yaxud peşəkarlığına güvəndiyi istənilən həkimin qəbuluna yazıla bilməlidir.
Eyni zamanda, həkimlər, tibb işçiləri cəmiyyətin ən yüksək maaş alan təbəqəsi olmalıdırlar. Çünki bəlkə yeganə ixtisasdır ki, həkimlik ancaq gecə-gündüz oxumağa, öyrənməyə, yeni biliklər toplamağa əsaslanır. Bu biliklər insan həyatını xilas edir. Dünyada isə insan həyatından üstün bir dəyər tapılmaz.
Son illər bu istiqamətdə görülən işlər alqışlanasıdır. Azərbaycan dövləti vətəndaşların müalicə hüquqlarının təmin olunması məsələsində də inkişaf etmiş cəmiyyətlərin təcrübəsini əxz etməyə çalışır. Həqiqətən, burada yenidən, necə deyərlər, velosiped kəşf etməyə ehtiyac yoxdur. Vətəndaşların tibbi sığortası müalicənin maddi məsrəfləri ilə bağlı çox problemləri yoluna qoya bilər. Artıq bu məsələnin qanunvericilik tərəfləri həll edilib. Müvafiq dövlət qurumu yaradılıb, bildiyim qədər, pilot layihələr də həyata keçirilir. Üstəlik, bir çox təşkilatlar, xüsusilə özəl qurumlar işçilərini, hətta onların ailə üzvlərini tibbi sığorta etdirirlər. Bu, çox gözəl bir təcrübədir. Ümid edirik ki, getdikcə də genişlənəcək.
***
Tibbi sığorta təcrübəsi tam oturuşana qədər dövlət bütün mümkün vasitələrlə vətəndaşların sağlamlıq probleminin həllinə dəstək olmağa çalışır. Azərbaycan vətəndaşlarının sağlamlığı qayğısına qalır. Ölkə vətəndaşlarının hər il pulsuz müayinədən keçməsi artıq illərdir ki, Azərbaycanda xoş bir ənənəyə çevrilib. Bu il ölkədə pulsuz müayinədən keçmiş insanların sayı beş milyondan çoxdur. Son dərəcə geniş miqyası əhatə edən belə bir təşəbbüsə, yəqin ki, dünyanın heç bir ölkəsində təsadüf etmək mümkün deyil.
Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü bu təşəbbüslə Azərbaycan dövləti özünün sosial mahiyyətini bir daha nümayiş etdirir. Hər bir vətəndaşın sağlamlığı və rifahının dövlətimiz üçün ümdə məqsəd olduğunu göstərir.
Ölkə əhalisinin kütləvi pulsuz müayinəsinin mümkünsüzlüyünü düşünənlər üçün bunun modelini, tənzimlənmə mexanizmini də ortaya qoyur. Başqa bir ölkədə bu genişmiqyaslı layihəni yerinə yetirmək, bəlkə çox çətin, yaxud, həqiqətən, mümkünsüz olardı. Azərbaycan isə bunu ona görə bacarır ki, belə bir layihənin həyata keçirilməsindən ötrü ölkənin mərkəzində və bölgələrində lazımi infrastruktur qurulub. Dövlət maddi imkanlarından istifadə etməklə bütün regionlarda ən müasir tələblərə cavab verən müalicə-diaqnostika mərkəzləri tikib. Bu mərkəzlər lazımi avadanlıqlarla təchiz olunub.
Dünyada davam edən maliyyə böhranının mənfi təsirlərinə rəğmən Azərbaycan dövləti bu tədbirləri davam etdirməyi yenə vacib bilir. Regionlarda yeni tibb müəssisələrinin inşası davam etdirilir. Ötən il Azərbaycan Prezidenti əsaslı təmir və tikintidən sonra əhalinin istifadəsinə verilən bir neçə regional xəstəxananın açılışında şəxsən iştirak etdi. Hazırda da 10-a yaxın rayon mərkəzi xəstəxanasının tikintisi davam etdirilməkdədir.
On il əvvəl Prezident İlham Əliyev qarşıya belə bir məqsəd qoymuşdu ki, insanlar tibbi yardımı məhz yaşadıqları yerdə ala bilsinlər, hər bir müayinə və əməliyyat üçün paytaxta gəlmək məcburiyyətindən xilas olsunlar. Artıq bu, reallıqdır. Bir-birinin ardınca istifadəyə verilən xəstəxanalar sayəsində indi Azərbaycanın hər bir bölgəsində, hər bir rayonunda əhali müasir xəstəxanalarda, müalicə-diaqnostika mərkəzlərində keyfiyyətli tibbi yardım ala bilir.
Səhiyyə sistemindəki islahatlar davam etdirildikcə Azərbaycan insanı bu infrastrukturun xeyrini daha çox görüb hiss edəcək.
İnsanlar üçün xüsusilə həyati xarakter daşıyan tibbi problemlərin hər birinin həlli üçün dövlət proqramları qəbul olunub. Bu proqramlar sayəsində minlərlə insan həyatdadır, minlərlə insan dövlətin güclü əllərindən tutaraq xəstəliyin cəngindən qurtulmağı bacarıb. Bir qədər də statistika danışsın. Vaxtilə insanın böyrəklərindən məhrum olması artıq onun labüd ölümü demək idi. Çünki ölkəmizdə cəmi bircə dializ mərkəzi vardı. Bu mərkəzdə cəmi 431 xəstə müalicə ala bilirdi. 800 nəfər xəstə isə növbə gözləyirdi. Bu gün həmin növbələr ləğv olunub. 27-si bölgələrdə olmaqla, 34 hemodializ mərkəzində indi 3112 xəstə dövlət hesabına müalicə alır.
Yaxud bütün dünyada geniş yayılmış şəkərli diabet xəstəliyi üzrə ölkəmizdə bir neçə il əvvəl 55 min xəstə dövlət hesabına dərman vasitələri ilə təmin olunurdu. Bu gün bu rəqəm 213 minə çatıb. Xəstəliyin vaxtında aşkarlanması, dövlətin onun müalicəsini tam öz üzərinə götürməsi nəticəsində diabetin ağır formaları, fəsadları dəfələrlə azalıb. Nəticədə şəkərli diabetdən ölüm göstəricisi də 15,8-dən 8,2-yə düşüb.
Azərbaycanın Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzi bu gün xəstələrin müalicəsini tam həcmdə həyata keçirir, onları lazımi dərman və qan preparatları ilə təmin edir.
Artıq Azərbaycan sümük iliyi transplantasiyası əməliyyatları edən ölkələr siyahısına daxil olub. 50-dən çox uşağa sümük iliyi köçürülüb və bu iş davam etdirilir. Belə bir əməliyyatı dünyanın çox az ölkələrində edə bilirlər. Çünki bu mürəkkəb müalicə üsulu böyük investisiyalar, xüsusi şərait, yüksək ixtisaslı mütəxəssislər tələb edir. Bu, o deməkdir ki, artıq Azərbaycanda bu cür çətin əməliyyatları yerinə yetirməyə qadir həm peşəkar mütəxəssislərimiz, həm də lazımi şərait var.
İrsi qan xəstəliklərinin qarşısını almaq məqsədilə nikaha daxil olanların tibbi müayinəsi də alqışlanası addımdır. Bu, xalqın sağlamlığı, milli genefondumuzun qorunması deməkdir. Bütün ailələrdən iraq, bu xəstəlik tam sağalan deyil, amma biz yeni xəstə körpələrin doğulmasının qarşısını ala bilərik. Belə müayinələr irsi qan xəstəliklərinin yayılması təhlükəsini vaxtında üzə çıxarır. Sağlam körpələrin doğulmasına imkan yaradır. Regionlardakı tibb müəssisələri ilə yanaşı, həmin müayinələrin böyük bir qismi insanların rahatlığı üçün “ASAN xidmət” mərkəzlərində də həyata keçirilir.
İnkişaf budur, cəmiyyətin sağlamlığına xidmət budur...
Səhiyyəmizin son illərdəki tərəqqisini müxtəlif beynəlxalq qurumlar da təsdiqləyir. Böyük Britaniyanın tanınmış “The Legatum Institute” tədqiqat mərkəzi 142 ölkənin monitorinqi nəticəsində son iki ildə Azərbaycan səhiyyəsini 91-ci pillədən 68-ci pilləyə qaldırıb.
Sevindirici haldır ki, ötən il ölkəmizin iki tibb müəssisəsi dünyanın ən nüfuzlu JCI (Joint Commission International) beynəlxalq standartlaşdırma təşkilatı tərəfindən akkreditasiyadan keçib. Bu da həmin müəssisələrin dünyada qəbul edilmiş ən yüksək tibbi keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olması deməkdir.
***
Azərbaycan həkimlərinin peşəkarlığına gəlincə...
Heç kimin nə özünün, nə yaxınlarının yolunun xəstəxana qapılarından düşməsini istəməzdim. Əgər həkimlərimizin səriştəsindən bədgüman danışanlar indiyə qədər onların şəfalı əllərinin gücünü görməmiş sağlam insanlardırsa, eyib etməz, qoy elə bu bədgümanlıqda da qalsınlar. Heç zaman nə həkimlərə, nə də onların bilik və təcrübəsinə ehtiyacları yaransın. Amma ona da əminəm ki, nə zamansa mənim kimi bu insanların tale yolu da peşəkar həkimlərimizin şəfalı əllərindən keçsə, onlara münasibətdə nə qədər haqsızlıq etdiklərinin fərqində olacaqlar.
Nə gizlədim, Azərbaycanda həkim səhvi ucbatından dünyasını dəyişənlər haqqında xəbərləri oxuyanda, bu xəbərlər ətrafında yaradılan hay-küyün təsiri ilə özümün də hissə qapıldığım, həkimləri günahlandırdığım məqamlar olub.
Amma dərhal nəzərə almışam ki, belə hallar tək Azərbaycan üçün xarakterik deyil. Dünyanın hər yerində həkimlərin də aciz qaldıqları məqamlar, həyatını xilas edə bilmədikləri xəstələr olur. Həkim xəstəni müalicə etmir əslində, xəstəliyi müalicə edir. Və tətbiq edilən müalicə tədbirlərinə hər fərdin orqanizmi fərqli reaksiya göstərə bilər.
Bütün fəaliyyət sahələri kimi səhiyyə sistemində də təsadüfi insanların, dahi dramaturq Molyerin təsvir etdiyi “Zorən təbib”lərin, yaxud çox peşəkarlığına rəğmən qılıncdan iti tamahı ilə sənətini hörmətdən salan kəslərin olmasını qətiyyən inkar etmirəm. Belələri Azərbaycanda da, dünyanın hər yerində də hər zaman olub, var və əfsus ki, bundan sonra da olacaqlar. Çünki bu, dünya qədər əbədi olan insan xisləti ilə, insan mənəviyyatı ilə bağlı bir məsələdir. Bu cür qeyri-xarakterik hallar ümumən Azərbaycan həkimləri haqqında bədbin düşüncələrə qapılmağa əsas vermir.
Həkimlərimiz kifayət qədər peşəkardırlar, öz sənətlərinə bağlıdırlar. Öyrənməyə, bilik və bacarıqlarını daim təkmilləşdirməyə meyillidirlər. Azərbaycan dövlətinin gənclərimizin xarici ölkələrdə təhsil alması üçün həyata keçirdiyi proqramların xoş nəticələri, deyərdim ki, ən çox bu sahədə özünü hiss etdirir. Xarici ölkələrin universitetlərində təhsil alıb, illərlə təcrübə keçib, müasir tibbin, çağdaş texnologiyaların dilinə vaqif olan, bu gün müxtəlif tibb müəssisələrimizdə insanların sağlamlığına xidmət edən həkimlərimizi görəndə adamın ürəyi açılır. Çoxu hələ yolun başında olan gənclərdir. Yaşları heç qırxa da çatmayıb. Amma həyatını xilas etdikləri insanların sayı, bəlkə, yüzlərlədir. Bu peşəkarlar ölkədə yeni səhiyyə mühiti yaradırlar. Bu mühit yeni tibb məktəblərinin formalaşmasına, zəngin tarixi ənənələr üzərində yeni həkim nəslinin yetişməsinə kömək göstərir.
Ona görə kənar ölkələrə aid olanlarının ucuz reklamının təsirinə düşüb müayinə və müalicə üçün xaricə üz tutarkən, bunu təbliğ edərkən hərdən özümüzdə olanların da qədrini bilək.
İlk dəfə institutun 2-ci kursunda oxuyanda əməliyyat olunmuşam. Bir neçə gün xəstəxanada müalicə almışam. O vaxtlarla müqayisədə Azərbaycan səhiyyəsində yerlə-göy qədər fərq var...
***
Bir maraqlı müşahidəmi bölüşüm ki, artıq cəmiyyətdə tibbi maarifçilik də güclənir. İnsanlar həkimə daha xəstəliyin ən son mərhələsində müraciət etmirlər. Canında yuva qurmaq istəyən mərəzləri vaxtında üzə çıxarmaq üçün hər il tam müayinədən keçən insanların sayı artır. Dövlət başçısı cənab İlham Əliyev bu işə şəxsən özü nəzarət və rəhbərlik edir. Ən mühümü isə stadionlarda, paytaxtımızda son illər sayı artmış parklarda, dənizkənarı bulvarda səhər-axşam qaçan, idman edən, velosiped sürən, idman klublarına gedən, çəkisini nəzarətdə saxlayan adamların getdikcə çoxaldığını görürük. İnsanlar komplekslərdən azad olub canlarının qədrini bilməyə başlayıblar. Anlayıblar ki, xəstələnəndən sonra necə sağalmaq qayğısına qalmaqdansa, ən düzgünü orqanizmi gücləndirib xəstəlikləri ona yaxın buraxmamaqdır.
Bunu vaxtilə sağlamlığına laqeyd yanaşıb sonra altını çəkən biri kimi özüm də Anadolu türkləri demiş, hər kəsə şiddətlə tövsiyə edirəm.
Qeydlərimin sonunda, xəstəliyin ən ağır anlarında qəlb məlhəmimə çevrilib həyatımı xilas edən bir səbəbi də xatırladım. Bu, dar günümdə yanımda olan, dəstək verən, sevgi göstərən dostların isti münasibəti idi.
Bu həyata həm də onları üzməmək üçün qayıtdım...
Bütün dostlar sağ olsun!..
Bu gün həyatda olduğuma görə, Azərbaycan səhiyyəsinin inkişafına dəstək verən Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm...
Həyatın qədrin bilək, yaşamaq gözəldir...
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, yazıçı-dramaturq
"Azərbaycan" qəzeti, 26 İyul 2017