İSTİQLALIMIZIN BAYRAQDARLARI
Tarixin insan övladlarına bəxş etdiyi çox dəyərlər var. Elm, təhsil, mədəniyyət, inanclar sistemi - bunlar hamısı əcdadlarımızla birgə bizim də həyatımızdan ötən zamanın mənəvi ərməğanlarıdır.
Amma elə bir dəyər də var ki, tarix ona münasibətdə dünyadakı xaqların çox az qismi ilə səxavətli davranıb.
Bu, dövlətçilik dəyəridir...
Dünyada öz dili olmayan xalq təsəvvür etmək çox çətindir. Zatən xalqı xalq edən də, ilk növbədə, onun dilidir. Yer üzündə azdan-çoxdan öz şifahi xalq ədəbiyyatından, hətta ən ibtidai səviyyədə sayılsa belə, elmdən-təhsildən, mədəniyyətdən, incəsənətdən xali elə bir xalq da ağlımıza gəlməyəcək.
Çünki əgər xalq və onun ana dili mövcuddursa, yaşayırsa, bu dilin işığında həmin mənəvi sərvətlər mütləq yaranacaq. Dünyada bu cür dəyərləri olmayan xalq yoxdur.
Amma Yer üzündə öz dövləti olmayan xalqlar minlərlədir...
***
Asudə vaxtlarımda hərdənbir köhnə tarix dərsliklərini vərəqləyirəm. Vərəqləri çevirdikcə zamanın irəliyə doğru hərəkəti adama zaman qatarında keçmişdən bu günlərə səyahət kimi gəlir.
Və bu hiss insanın ruhuna qəribə rahatlıq gətirir. Elə bilirsən ki, bu an özün zaman qatarının sərnişini, nəzər yetirdiyin tarixi fakt və hadisələr isə o qatarın aynalarından seyrinə dalıb gözlərinə köçürdüyün yol mənzərələridir.
Keçmişdən bu günə belə səyahətlərimdə hər dəfə məni ən çox təəccübləndirən məqam dünyanın müxtəlif ərazilərində, o cümlədən elə Azərbaycanın tarixi torpaqlarında yaradılmış dövlətlərin say çoxluğudur.
Rəqəmlər, tarixi xronologiyalar bir-birini əvəzləyir, bir dövlət yaranıb təşəkkül tapır, inkişaf edir, öz sərhədlərini genişləndirir, sonra isə süquta uğrayıb öz yerini başqa bir dövlətə verir. Hələ ibtidai cəmiyyətlərdə də dövlət təsisatının rolunun bu qədər dəqiqliklə dərkinə istər-istəməz heyrətlənməyə bilmirsən.
Əlbəttə, sahənin mütəxəssisləri, tarixçilər, filosoflar, sosiologiya, dövlət və hüquq tarixi ilə məşğul olan peşəkarlar bütün bu məsələləri, qanunauyğunluqları müxtəlif elmi dəlillərlə əsaslandıra bilərlər.
Amma fərqli yanaşma meyarı da ola bilər. Təsəvvür edin, tarixin elə bir vədəsidir ki, insanlar yaşadıqları ərazini bütün dünya bilirlər, nə yazıb-oxuma vərdişləri var, nə də həyat haqqında, ictimai münasibətlər sistemi, idarəetmə, birgəyaşayış normaları, hüquq və vəzifələr haqqında ciddi bir bilgiləri... Bununla belə insanlar dövlət yaratmağı yenə də vacib bir iş sayır və yaratdıqları dövlətin bayrağı ətrafında birləşirlər, onu özlərinin, övladlarının gələcəyinin təminatı gözündə görürlər, bu dövlətin varlığı, sərhədlərinin toxunulmazlığı uğrunda vuruşur və canlarından keçirlər.
***
...Tarix kitablarını vərəqləyirsən, səhifələri çevirdikcə Azərbaycan adlı tarixən mövcud olmuş ucsuz-bucaqsız ərazilərdə yaranmış dövlətlərin adları bir-birini əvəz edir, onların sığındığı coğrafiyanın hüdudları gah kiçilir, gah da genişlənir. Bir ad öz yerini digərinə verəndə adama elə gəlir ki, daha tarixdə o dövlətdən üç-dörd abzaslıq salnamədən başqa heç nə qalmır. Amma o dövlət adlarının aid olduğu tarixi dövr üzrə lap axırıncı bölmələrə yaxınlaşanda görürsən ki, yanılmısan. O bölmələr, adətən, həmin dövrün sosial-iqtisadi, mədəni həyatı ilə bağlı olur. Orada dövrün yaradıcı adamları, şairləri, alimləri, rəssamları, heykəltəraşları haqqında məlumat verilir. Əhalinin məşğuliyyəti, dünyagörüşü, maraqları, həyat tərzi, mədəni səviyyəsi, elmi dillə desək, məhsuldar qüvvələrlə istehsal münasibətlərinə dair bilgilər öz əksini tapır.
...Və bu bölmələrin birindən digərinə adladıqca görürsən ki, onlar arasında nəzərinə çarpan müxtəlif dövlət adlarının heç biri boşuna mövcud olmayıb. O dövlətlərin hər biri onları yaratmış xalqların mədəni səviyyəsini, ictimai düşüncəsini, həyat tərzini, rifah durumunu bir neçə on il də olsa irəli aparıb. Tarix kitablarındakı müvafiq fəsillərin bu son bölmələri gələcəkdə yaranacaq hər bir yeni dövlətin əbədiliyi, qayım-qədimliyi üçün lazımi şərtləri göstərən bələdçidir, həm də...
O bölmələrdə döyüşlər bitir, qılıncların ölüm saçan cingiltisi, top-tüfəngin aləmi lərzəyə salan gurultusu kəsilir, insan öz təbii həyatına qayıdır, torpağa bağlanır, təbiəti özünə ram etməyə başlayır, ölkələri, xalqları bir-birinə qovuşduran yollar çəkir, çaylar üzərindən saldığı körpülərlə mədəniyyətləri qovuşdurur, torpağın köksündə keçmişdən bu günümüzə soraq gətirən əzəmətli maddi-mədəniyyət abidələri dikəldir, yazıb-yaradır, zəhmətə, sözün, səsin, rəngin ruhuna tapınır.
Və insanın qurduğu böyük dövlətlərdən, imperiyalardan gələcəyə qalanlar da elə bunlar olur...
***
Dilimizdə “tarixin ibrət dərsləri” deyə çox tez-tez işlətdiyimiz bir ifadə var. Düşünürəm ki, tarixin verdiyi dərslər elə tarix kitablarının o son bölmələrində yazılanlardır. O yazılanlar bizə öyrədir ki, gələcəkdə kim elmə, təhsilə, torpağın bərəkətinə xitab edəcəksə, müharibənin deyil, sülhün tərəfində dayanacaqsa, inkişaf proseslərinə birinci təfəkkürlərdən başlayacaqsa, ən əsası isə bir xalq kimi formalaşmağı bacaracaqsa, gələcəyin sahibi də elə odur.
Və bir xalqın müstəqil dövlətə sahibliyinin ən böyük dəyəri də elə bundadır. Tarixin ibrət dərslərindən daha çox öyrənmək, öyrəndiklərini həyata yönəltmək, müstəqil bir dövlətin vətəndaşı olmaq imkanlarının yaratdığı saysız-hesabsız üstünlüklərdən faydalanaraq aid olduğu dövləti də, fərd olaraq özünü də inkişaf etdirməkdir.
***
Toplum öz müstəqil dövlətinə sahib olmaqla zamanın sahibi olmaq imkanı qazanır və bu imkandan o toplumun hər bir nümayəndəsinə pay düşür. Müstəqil dövlətə sahiblik xalqın ruhunu hifz edən dəyərlərin qorunması və inkişafı, o dəyərlərin ölümsüzlüyü, əbədiliyi deməkdir.
Müstəqil dövlətə sahiblik xalqın öz taleyinin ağasına çevrilməsidir, öz halal sərvətlərinə sahib çıxmasıdır...
Mərhum xalq şairi Vaqif Səmədoğlunun hələ sovet dövründə azadlıq haqqında yazdığı gözəl bir şeir vardı. Xüsusilə birinci iki misrası bu şeiri yaddaşımda indiyədək unudulmaz edib:
Sən mənim
doğma anamsan, azadlıq,
mən sənin
yad qapısında böyümüş balan...
Fidan ömürlü Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra tarixi taleyimizə hakim kəsilmiş sovet rejimi cəmiyyət həyatına gətirdiyi bütün mədəni irəliləyişlərə rəğmən bir xalq üçün ən zəruri olanı - azadlığımızı əlimizdən almışdı. Zəngin dövlətçilik təcrübəsinə, müstəqil yaşamaq üçün bütün imkanlara malik olan Azərbaycan bu azadlıqsız - yad süfrə kənarında əyləşmiş qərib kimi görünürdü. Baxmayaraq ki, o süfrəyə düzülən nemətlərin çoxu Azərbaycanın idi, bu torpaqların, bu insanların yetirdiyi sərvətlər idi. Amma azadlığımızı məhdudlaşdıran sıxıntılar ruhumuzu bütövləşməyə qoymurdu.
Bu mənada 1969-cu ildə Azərbaycan rəhbərliyinə Heydər Əliyevin gəlməsi xalqımızın tarixi taleyində çox şeyləri dəyişdi.
Heydər Əliyev şəxsiyyətinin böyüklüyü xalqımızın müstəqillik haqqının, öz taleyinə sahiblik əzminin, mənəvi gücünün, enerjisinin bir liderin obrazında təcəlla tapması idi. Heydər Əliyev o illərdə Azərbaycanın öz haqqı olanları əldə etməsindən ötrü, sözün əsl mənasında, mübarizəyə başladı. Onun israrlı cəhdləri, irəli sürdüyü təşəbbüslər sayəsində mərkəzin qəbul etmək məcburiyyətində qaldığı çoxşaxəli proqramlar nəticəsində Azərbaycan keçmişin kəsafətindən, ətalətli durumundan qurtulub inkişaf yoluna qədəm qoydu. Kəndlərimizin, qəsəbələrimizin, şəhərlərimizin qiyafəsi dəyişdi. Yollarımız asfalt, evlərimiz elektrik işığı, telefon rabitəsi, qaz, su, təknələrimiz bol ruzi gördü.
Torpaq bərəkətə gəldi, barı-bəhəri artıb zəhmət adamlarının əllərini sevindirdi. Heydər Əliyev dövlət təsisatını insanlara doğmalaşdırdı. Dövləti bir dəyərə çevirdi. Öz nəcib əməlləri ilə, yaratdığı dövlətçilik düşüncəsi ilə hər kəsə göstərdi ki, dövlət heç də insanları asıb-kəsən, cəzalandıran, vahimə altında saxlayan qorxu maşını deyil. Əksinə, dövlət insanların rifahı qayğısına qalan, onların hüquqlarını qoruyan, kiminsə öz imtiyazlarından, mövqeyindən istifadə edib sadə insanların qismətini mənimsəməyinə imkan verməyən, cəmiyyətə ədalət gətirən bir təsisatdır.
Heydər Əliyev sadə insanları bir neçə onilliklər, bəlkə də əsrlər ərzində şüurlarda daşlaşmış “qara camaat” düşüncəsindən uzaqlaşdıraraq vətəndaşa, hüquqi cəmiyyətin üzvünə çevirdi. Öz ədaləti, prinsipiallığı, haqsızlığa qarşı sərtliyi və bir o qədər də yüksək humanizmi, adilliyi, insan sevgisi ilə göstərdi ki, bu dövlətdə heç bir vətəndaş yiyəsiz deyil. Dövlət hər bir vətəndaşına sahib çıxmaq gücündədir.
Uzun illər, şəhərlərdəki kirayə hücrələrdə can çürüdən Azərbaycan gəncləri Heydər Əliyevin tikdirdiyi böyük yaşayış massivlərində ev-eşik sahibi oldular. Azərbaycandakı, eləcə də keçmiş ittifaqdakı ən nüfuzlu ali məktəblərin qapıları savadından özgə güvənc yeri olmayan sadə kəndli, fəhlə balalarının üzünə açıldı. Azərbaycan gəncliyi ölkənin gələcəyi üçün zəruri olan digər ixtisaslarla yanaşı, həm də hərbi təhsilə həvəsləndirildi, peşəkar milli hərbçi kadrlarımızın yetişməsindən ötrü lazımi işlər görüldü.
Azərbaycan dövlət müstəqilliyinə qovuşanda Heydər Əliyevin zamanında gələcək üçün hazırladığı bu səriştəli insanlar Vətənin çox karına gələcəkdi...
Dövlətin müstəqilliyi bir ideyadır...
Bu ideya o zaman gerçəkləşir ki, onun həyata keçirilməsi, qorunub saxlanması üçün lazım olan reallıqları da yarada biləsən.
Bu düşüncələrimlə ayrı-ayrı xalqların tarixindəki milli-azadlıq hərəkətlarının rolunu kiçiltmək istəməzdim. SSRİ-nin süqutunda və Azərbaycanla birgə digər keçmiş sovet ölkələrinin öz müstəqilliklərinə nail olmasında ötən əsrin 80-ci illərinin sonlarından ölkəmizdə başlanmış meydan hərəkatının əhəmiyyətli rolu oldu.
Amma belə hərəkatlar bütün hallarda bir vəsilədir...
Cəmiyyətdə bir neçə onilliklər ərzində gedən gizli proseslərin, yetişib üzə çıxan azadlıq duyğusunun, milli şüurun alova çevrilmiş qığılcımıdır. Ötən əsrin 80-ci illərinin sonlarında insanlar meydanlara dolanışıq üzündən axışmamışdılar. Etiraf edək ki, onda dolanışıq normal idi, dükan-bazarlarda qıtlıq müşahidə olunmurdu, müəyyən inzibati məhdudiyyətləri nəzərə almasaq, adamların güzəranla bağlı ciddi bir sıxıntısı nəzərə çarpmırdı. Onda insanları milli heysiyyat, hiyləgər düşmənin torpaqlarımıza qarşı təcavüzünün doğurduğu ictimai hiddət, Azərbaycanı öz istiqlalına qovuşdurmaq əzmi, milli mənlik düşüncəsi ayağa qaldırmışdı.
Azərbaycan cəmiyyətində bu düşüncəni formalaşdıran, bu ali tərbiyəni aşılayan Heydər Əliyev olmuşdu. Məhz onun həyata keçirdiyi milli dövlətçilik siyasəti Azərbaycanda ictimai şüur səviyyəsini bu mənziləyə qədər yüksəltmişdi. O illərdə vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda meydanlara atılanlar bir zamanlar Heydər Əliyevin yaratdığı zavodlarda, fabriklərdə çalışan, inşa etdirdiyi yaşayış binalarında ev-eşik sahibi olan, doğulub dil açdıqları əyalətlərimizdən böyük sənaye mərkəzlərimizə gətirdikləri ana dilinin doğmalığı, şirinliyi, milli ruhu ilə öz yeni mühitlərində, xüsusilə o çağacan beynəlmiləl şəhər kimi tanınmış Bakıda millilik, azərbaycançılıq ovqatı yaradan Azərbaycan gəncləri idi. O proseslərin önündə gedənlər bir zamanlar Heydər Əliyevin min bir çətinliklə mərkəzin təzyiqlərindən qoruduğu, məhv edilməyə qoymadığı ziyalılar idi.
Ötən əsrin 80-ci illərinin sonlarından meydanlarda boy göstərən müstəqillik, azadlıq düşüncəsi Heydər Əliyevin hələ 70-ci illərdən fəal şəkildə dəstəklədiyi, təqiblərdən, təhdidlərdən hifz etdiyi, özünəməxsus müdrikliklə, uzaqgörənliklə istiqamət verdiyi milli ideyanın yeni bir reallıqda təzahürü idi.
Azərbaycanı bu reallığa Heydər Əliyev hazırlamışdı. Və son dərəcə gərgin bir regionda, böyük güclərin maraqlarının toqquşma məkanında yerləşən Azərbaycanda müstəqillik ideyasının uğur qazanmasının ən əsas səbəbi də bu idi ki, Heydər Əliyev ölkənin müstəqilliyi üçün zəruri olan maddi və mənəvi əsasları tam zamanında təmin edə bilmişdi.
***
...Və Azərbaycanın tarixi taleyinin həll olunduğu, ağır, gərgin bir zamanda bu taleyin məsuliyyətini yenidən Heydər Əliyevin öz üzərinə götürməsi...
İndi ilin günün bu çağında yaxın-uzaq ellərdə baş verən fəlakətləri izlədikcə, xüsusilə Şərq xalqlarının başına gələn qəziyyələrin dəhşətindən sarsıldıqca, Azərbaycanın müstəqilliyin ilk illərində, əslində, nə qədər ağır bəlalardan qurtula bildiyinə şükür edirsən.
Əlbəttə, o illərdə bizim də itkilərimiz az olmadı. 20 Yanvar qırğını kimi ağır faciə yaşadıq. Torpaqlarımızın 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğal olundu. Tariximizə Xocalı soyqırımı kimi dəhşət yazıldı. Bir milyondan artıq soydaşımız yurdundan-yuvasından perik düşdü.
Amma indi dünyada baş verənləri izlədikcə görürsən ki, verdiyimiz bütün qurbanlara, yaşadığımız bütün ağrı-acılara rəğmən, daha böyük faciələrdən yenə də qurtula bilmişik.
Əgər o illərdə Heydər Əliyev Azərbaycana və dövlətin müstəqilliyi ideyasına sahib çıxmasaydı, bu dəyərlərin xilası missiyasını öz üzərinə götürməsəydi, onun hələ sovet Azərbaycanına rəhbərliyi dövründə yetişdirdiyi sağlam düşüncə mühiti, dövlətçilik təfəkkürünə malik insanlar yaranmış vəziyyətin tarixi məsuliyyətini anlamasaydılar, o zaman bir tərəfdən yağı düşmənin hərbi müdaxilələri, bir tərəfdən hakimiyyət uğrunda bir-birini didən səbatsız qaragüruhçuların zərbələri, bir tərəfdən də xarici bədxahlarımızın davamlı təxribatları kim bilir Azərbaycanı hansı fəlakətlərlə üz-üzə qoyacaqdı?!
Bəyəm 90-cı illərin əvvəllərində bizdə də yaşananlar indinin Suriyasında, Liviyasında, İraqında, Əfqanıstanında olduğu kimi başlamamışdımı?!
Məhz Heydər Əliyev amili hələ illər əvvəl oxşar ssenariləri zəngin sərvətlər ölkəsi, Şərqin qapısı - Azərbaycan ətrafında qurmuş qüvvələrin bu qorxulu oyununu pozdu.
Azərbaycanın da o ölkələr kimi qan gölünə çevrilməsinə imkan vermədi.
***
Dövlət müstəqilliyi bir irsdir həm də...
Bu mənəvi irsin varisliyi təmin olunmayanda, böyük liderlərin qurub-yaratdıqları dövlətlərin gələcək taleyi onların cismani yoxluğundan sonra təsadüfi şəxslərin əlinə keçəndə dövlətin istiqlalının sarsılmasına, xalqın öz inkişaf yolundan sapınmasına, başının bəlalar çəkməsinə tarix az şahidlik etməyib.
Xoş o xalqın və dövlətin halına ki, onun azadlığı, müstəqilliyi müqəddəs bir irs kimi qorunsun. Bu irs əmin əllərə etibar edilsin və bu əllər illərin dövlətçilik ənənələri üzərində o xalqı da, o dövləti də tarixinin ən qüdrətli mərhələsinə yetirsin.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanda biz vətəndaş olaraq illərdir ki, vətən tarixinin məhz belə bir mərhələsini yaşayırıq. Bu elə bir dönəmdir ki, bir dövlətin öz müstəqilliyi ilə vətəndaşlarına yaratdığı imkanların misilsizliyini onun hər anında görüb hiss etmək olar. Müstəqilliyin nə qədər böyük bir dəyər, tarixin necə böyük bir lütfü olduğunu o dövrün cəlalında bütün ruhunla duymaq olar.
***
Müstəqillik xalqın mənəvi-siyasi azadlığı qədər həm də rahat, firavan həyatıdır, rifahıdır, bu firavanlığın təminatı məsuliyyətini dövlətin öz üzərinə götürməsi duyğusudur. Əlbəttə, bu, dövlətin ucdantutma hamıya pul paylaması, ya da sosialist inqilabının təlqin etdiyi kimi varlıdan alıb kasıba verməsi deyil, burada dövlətin məsuliyyəti öz həyatını təmin etməkdən ötrü hər bir vətəndaşa bərabər imkanlar yaratmaqdan ibarətdir.
Dövlət sosial-iqtisadi cəhətdən özünü gücləndirəndə, heç bir ölkədən asılı olmayanda, öz müstəqilliyi ilə vətəndaşları üçün yeni imkanlara yol açanda, insanlara təhlükəsiz, sabit cəmiyyət bəxş edəndə, həyatlarını istədikləri kimi qurmaq arzularını dəstəkləyəndə öz mahiyyətinə uyğundur. Əks halda, xaosun, qanın-qadanın, qarşıdurmaların, illərlə yaşanan sıxıntıların,başqa ölkələr qarşısında ələbaxımlılığın müstəqillik deyə bir anlamı qalmaz.
Heydər Əliyevin milli dövlətçilik strategiyası Azərbaycanı əsl müstəqilliyinə qovuşdurdu. Bu strategiyanı əzmlə həyata keçirən Prezident İlham Əliyev bir dövlətin 25 illik müstəqilliyi dövründə hansı nailiyyətlərə sahib ola biləcəyinin mükəmməl örnəyini yaratdı.
Bu, bütün məsələlərdə Azərbaycanın milli maraqlarının əsas götürülməsidir. Heç bir xarici qüvvəyə ölkəmizin daxili işlərinə qarışmaq izninin verilməməsidir. Aparılan demokratik islahatlar və onların xoş bəhrələridir. Sovetlərin ən güclü vaxtında da təsəvvürümüzə belə gəlməyəcək bolluqdur, firavanlıqdır.
Ən ucqar kəndlərimizə də uzanan abad yollardır, qaz, su, elektrik, rabitə xətləridir. Azərbaycan insanının günbəgün dəyişən, yüksələn, heç bir çətinlik qarşısında naçar qalmayan həyatıdır.
***
Müstəqillik həm də vəhdət deməkdir...
Ölkədə yaşayan bütün milli etnosların etnik mənşəyindən, dilindən, dini inancından asılı olmayaraq özünü vahid bir xalqın təmsilçisi gözündə görməsi, ölkənin milli maraqları ətrafında bir araya gəlməsidir.
Çoxmillətli ölkə olan Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələrinin əsrlərdən bəridir, mehriban şəraitdə yaşaması, fərqli mədəniyyətlərə sayğılı münasibət, insanlar arasındakı müxtəlifliklərin mənfi təzahürlərə yol aşmaması, ruhi birlik yurdumuzun xeyri-bərəkətidir.
Heydər Əliyev bu ənənələr üzərində dövlətimizin əsas ideologiyasını - azərbaycançılıq düşüncəsini formalaşdırdı. Onda multikulturalizm termini, bu sözün məzmunundakı mahiyyət bizlərə o qədər də tanış deyildi. Amma cəmiyyətdə indi əsas multikultural dəyərlər kimi tanıdığımız prinsiplər bərqərar olurdu.
Azərbaycan dövləti 1995-ci ildə qəbul edilmiş Konstitusiyada mədəni plüralizmi qəbul edir, onun inkişafına şərait yaradır, ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmət siyasətini ön plana çəkirdi.
Heydər Əliyevin irəli sürdüyü bu xətt Azərbaycanda etnik qrupların dilinin, mədəniyyətinin, milli kimliyinin aşınmasına deyil, inteqrasiyasına, bir-biri ilə iç-içə əlvan, xoş etnomədəni mühit yaranmasına yol açdı.
Bu kursun uğuru həm də onu göstərdi ki, özünəməxsus mental ənənələrə, əsrlərdən gələn gözəl xüsusiyyətlərə, cəmiyyətin təməlini təşkil edən möhkəm ailə kimi faydalı sosial institutlara malik Azərbaycanda qrupların hüquqlarını ön plana çəkən multikulturalizm ancaq fərdlərin maraqlarını əsas götürən və bununla da bəzi mənfiliklərə yol açan liberalizmdən daha uyğun yoldur.
Prezident İlham Əliyev bu xətti daha da inkişaf etdirərək, Azərbaycandakı tolerantlığı, mədəniyyətlərin dialoqu, multikulturalizm mühitini bu gün hər şeydən əvvəl məhz bu dəyərlərə ehtiyacı olan müasir dünyamız üçün gərginliklərdən, ziddiyyətlərdən, konfliktlərdən xilas yoluna çevirdi.
***
“İyirmi birinci əsrin uzağı birinci onilliyinə qədər dünyanın bütün siyasi ideologiyaları üzərində Şopenin “Matəm marşı” çalınacaq...”
İllər əvvəl ilk dəfə bu ifadəni eşidəndə istər-istəməz dünyanın gələcəyini düşünməyə başlamışdım. Bütün siyasi ideologiyaları torpağa göməcək həmin o dünyanın siyasi mənzərəsi necə olacaqdı?! Siyasi ideologiyalarla vidalaşan belə bir dünya o ideologiyaların əbədi konfliktlərinə də asanlıqla vida deyəcəkdimi?! Beləliklə, nəhayət ki, konfliktsiz, sakit, sabit bir dünyada yaşamaq bizə də müyəssər olacaqdımı?!
İndi baxırıq ki, son illər həm Şərq, həm də Qərb ölkələrində baş verən dəhşətli hadisələrdən, minlərlə insanın həyatına bir anda son qoyan terraktlardan, uzun müddətdir din pərdəsi altında davam edən müharibələrdən sonra adı bütün dünyada məşhurlaşan ünlü alim Samuel P.Hantinqton özünün “Sivilizasiyaların toqquşması?” əsərindəki bu cümlələrdə gələcəyin dünyası ilə bağlı bütün suallarımıza aydın şəkildə cavab veribmiş: “Dünyada indən belə konfliktlərin başlıca qaynağı nə ideologiya olacaq, nə də iqtisadiyyat. İnsanlığın önəmli sərhədlərlə bölünməsi və konfliktlərin başlıca qaynaqları mədəniyyətdən gələcək. Düzdür, millət-dövlətləri beynəlxalq aləmdə çox güclü tərəflər kimi qalacaqlar, ancaq qlobal siyasətin prinsipial konfliktləri başqa-başqa sivilizasiyalara aid olan millətlər, qrupları arasında baş verəcək. Sivilizasiyaların toqquşması dünya siyasətinin başlıca amili olacaq. Sivilizasiyalar arasından keçən çatlar gələcək cəbhələri ayıracaq cızıqlardır. Çağdaş dünyada konfliktlərin gəlişməsinin axırıncı fazası sivilizasiyalar arasındakı konfliktdir”.
Və bu cümlələrin sonundan hələ ötən əsrin əvvəllərində “Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” yazan ulu Cavidin müdrik siması boylanır.
Müasir dünyamızın bu gün ən çox səslənən çağırışı da yenə mədəniyyətdir...
Dünyadakı saysız hesabsız mədəniyyətlər - ən əsası isə əsrlər ərzində bəşər mədəniyyətinin iki möhtəşəm qütbünü formalaşdırmış Şərq və Qərb mədəniyyətlərinin bir-biri ilə dil tapmasıdır.
Mənə görə, mədəniyyətlərin toqquşması deyilən bir şey yoxdur. Mədəniyyətlərin fəal təmasının, dialoqunun olmadığı yerlərdə bu mədəniyyətlərə aid insanların bir-birinə qənim kəsilməsi var.
Əgər bəşəriyyət mədəniyyətlərin dialoquna, anlaşmasına çalışmasa, həm Şərqin, həm Qərbin ünlü sivilizasiya mərkəzlərində hələ çox qanlar axacaq, çox acılar yaşanacaq.
Çağdaş dünyanın qarşıdurmaları mədəniyyətlər arasında baş verdiyi kimi, bu qarşıdurmalardan çıxış yolları da yenə mədəniyyətdədir. Əgər insanlar tolerantlığa tapınsalar, multikulturalizmin gələcəyi üçün çalışsalar belə bir mühit mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, dünyadakı bütün xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olar. İnsanların gələcək mədəni birliyi dava-şavadan, mənasız qarşıdurmalardan uzaq gözəl bir dünya yaradar.
Azərbaycan dövləti bu gün öz nümunəsi ilə mədəniyyətlərin dialoqunun, insanların öz etnik müxtəliflikləri ilə sayğılı, tolerant bir mühitdə yaşayıb bəşər mədəniyyətinə müştərək töhfələr verməsinin mümkünlüyünü dünyaya sərgiləmir, həm də multikulturalizm ideyasına sahib çıxır.
Son illərə qədər, güman ki, bu gün ayrı-ayrı ölkələri qan çanağına döndərmiş məqsədli qüvvələrin qəsdən gözdən saldıqları bu ideyanın gələcəyinə bədbin yanaşmaları ortadan götürür, Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi, Azərbaycanda bu istiqamətdə müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi, elə yalnız son 6 ay ərzində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun və Beynəlxalq Humanitar Forumun baş tutması, Roma Papası Fransiskin ölkəmizə səfəri kimi nəcib addımlarla bütün dünyada multikulturalizm ideyalarına yeni nəfəs verir.
Və bütün bunlar da dövlət müstəqilliyimizin yetirdiyi lətif meyvələrdir...
***
Müstəqillik bir ruhdur həm də...
Müstəqil Azərbaycanda doğulan uşaqlardan ən böyüklərinin indi 25 yaşı var. Onlardan bir çoxları da artıq övlad-uşaq sahibidirlər.
Bu, müstəqillik illərində doğulmuşların ikinci nəsli deməkdir.
Elə bir nəsil ki, onlara Azərbaycanın bir zaman yaşadığı qanlı illəri tam dəqiqliyi ilə təsvir etmək, bizim yaşadıqlarımızı anlatmaq çox çətindir.
Keçmiş günlərdən danışanda diqqətlə dinləyirlər, şərəfli anlarla qürur duyurlar, acı məqamlara kədərlənirlər, heyfslənirlər, amma maraqlı bir film kimi, tarixi əhvalat kimi...
Hiss edirsən ki, onlar özlərini bu filmin, bu əhvalatın içində görə bilmirlər.
Qətiyyən qınamırıq onları...
Çünki gözlərini açıb Azərbaycanı müstəqil görüblər, qüdrətli görüblər.
Onlara elə gəlir ki, Azərbaycan elə həmişə belə olub.
Və bu, bizim həyatımızın ən böyük uğurudur.
İlham Əliyevin dediyi kimi, fəxr edirik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir, gözəl ölkə qurmuşuq və bundan da gözəl olacaq!
İstiqlalımızın bayraqdarının - Prezidentin bu qənaətinin doğrulacağına isə müstəqillyimizin daimiliyinə, dönməzliyimizə inandığımız qədər əminik...
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, yazıçı-dramaturq
"Azərbaycan" qəzeti, 14.10.2016