Liderin qətiyyəti - Azərbaycanın təntənəsi
İlham Əliyev Azərbaycan xalqına bəxş etdiyi qələbə sevincinin ardınca doğma yurda qayıdışın qürur hisslərini də yaşatdı
İşğal altındakı bir yurdun nisgilini ot basmış yollardan, illərdir qatar çarxlarının səsinə həsrət paslanmış dəmir yol relslərindən, insan əlinin sığalına tamarzı kol-koslu torpaqlardan daha hüznlü nə anlada bilər ki?!.
Bir neçə il əvvəl yaradıcı gənclərimiz erməni işğalı üzündən doğma ocaqlarından didərgin düşmüş məcburi köçkünlərimizin o torpaqlara qayıdışı arzusunun əks olunduğu film çəkmişdilər. Sonu xüsusilə təsirli idi: qatar hərəkətə başlayır, məcburi köçkün ailələrinin məskunlaşdığı vaqonlar illərdən bəri ilk dəfə yerindən tərpənib doğma yurdlara doğru istiqamət alır...
O kadrları izləyəndə qəlbimə dolan ilk sual dolu arzu bu olmuşdu ki, görəsən, bu anı sağlığımda görmək qismətim, qismətimiz olacaqmı?
Əlbəttə, dünyada haqq-ədalətin gec-tez zəfər çalacağına hər zaman inanmışıq. Erməni silahlı birləşmələrinin öz havadarlarının köməyi ilə işğal altında saxladıqları bütün Azərbaycan torpaqlarının, hətta indiki Ermənistan ərazisindəki tarixi torpaqlarımızın da son qarışına qədər azad ediləcəyinə əminik. Amma tarixi bütün miqyası ilə təsəvvür edə bildiyimizdən, onun da fərqindəyik ki, bu haqq uğrunda aparılan milli mübarizənin müddəti, bəzən bizim ömür qismətimizdən də uzun çəkə bilər.
Erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində həyatın bərpası məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam xəbərini oxuyanda, yüzlərlə məcburi köçkün ailəsinin ordumuzun ötən ilin aprelində düşməndən təmizlədiyi torpaqlara qayıdış üçün müraciət etməsini eşidəndə ən çox o filmin son kadrlarını xatırladım...
Arzumuzun həyata keçməsinin şükranlıq duyğusu ilə bir daha əmin oldum ki, insan iradəsi, qətiyyəti, səbri qarşısında bu dünyada mümkünsüz heç nə yoxdur.
***
Bir də təcavüzkar Ermənistanla sülhə, haqqa, ədalətə tapınmış Azərbaycan arasındakı daha bir neçə tale əhəmiyyətli fərqi anlatdı bütün bunlar...
Həyat bununla növbəti dəfə sübuta yetirdi ki, düşmən miflərdə, biz reallıqlarda yaşayırıq. Torpaqları işğal altında saxlamaq düşmən ölkənin təcavüzkar hakimiyyətinə artıq sosial-iqtisadi problemlərdən cana yığılmış Ermənistan cəmiyyətindəki böyük narazılıqları yatırıb öz mənfur mövcudluğunu bir neçə il də olsa sürdürmək, nəzarətsiz ərazilərdən dünyaya narkotik kimi bəlalar yaymaqdan ötrüdür.
O torpaqları düşməndən təmizləməksə, Azərbaycan rəhbərliyinə Vətənimizin bütövlüyünü bərpa etmək, torpağın yaralarını sağaltmaq, onu əkib-becərmək, bu torpaqların bin-bərəkətini qaytarmaq, burada həyat qurmaq, ümumən insanlıq adına bir parça rifah yaratmaq üçündür.
Düşmən ölümün, biz həyatın yanındayıq. Düşmən qaranlığa, biz işığa səmtik. Ermənistan işğal, zülm və aqressiyanın, Azərbaycansa sülh, sevgi və tolerantlığın ünvanıdır bu gün...
Və hələ tarixdə təcavüzkarlığın sülhə, zülmün sevgiyə, haqsızlığın ədalətə sona qədər qalib gəldiyi olmayıb.
Yenə olmur, yenə olmayacaq!
Cocuq Mərcanlıya qayıdış həyatın bu ilahi prinsipinin artıq Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də öz sözünü deməyə başlamasına işarədir.
Bu, ATƏT-in illərdən bəridir bir işə yaramayan Minsk qrupunun vecsiz bəyanatları deyil, təkrar-təkrar masa üzərinə çıxarılan və Ermənistan rəhbərliyinin hər dəfə bir bəhanə ilə, hətta qarınağrısı bəhanəsi ilə imzalamaqdan qaçdığı sülh razılaşması variantları deyil, bu, Ermənistanın marionet rəhbərliyini dilləndirən havadarların sözü də deyil.
Bu, tarixin sözüdür...
Və nə xoş ki, indi tarix də bizim sözümüzü deyir!
Azərbaycanın haqq sözünü zaman dilə gətirir!
Cocuq Mərcanlıya qayıdış bir başlanğıcdır hələ...
Qədim Çin məsəlində deyilirdi ki, “Min kilometrlik yollar da kiçik bir addımla başlar”...
***
Körpəliyim İkinci Dünya müharibəsinin bitdiyi, amma bütün həyatda davam etdiyi vaxtlara düşür. Ümumilikdə - hətta bir qismi müharibə bitəndən sonra dünyaya gəlsə belə, ötən əsrin 40-cı illərində doğulmuşların hamısını tarix ümumi ad ətrafında, ortaq taledə bir araya gətirir: müharibə uşaqları...
Ata-babalarımızın, əmi-dayılarımızın əldə silah faşistlərə qarşı vuruşduqları şəhərlərdə-kəndlərdə yaşayan bir çox həmyaşıdlarımızdan fərqli olaraq biz müharibənin od-alovunu birbaşa yaşamasaq da, bu kabusun dalğası uzaqdan-yaxından hamımızı vurdu. Müharibənin odlu güllələrini, əfi qəlpələrini körpə gözlərimizlə görməsək də, o güllələrdən, qəlpələrdən yaralanmış, əl-ayağını itirib əlil olmuş doğmalarımızın əzablarını bütün qəlbimizlə duyduq. Müharibənin yaratdığı qıtlığı, kasıblığı, məhrumiyyətləri, sosial bəlaları iliklərimizə qədər yaşadıq. Ona görə də müharibə uşağı adı ümumi taleyimizə çevrildi.
Müharibə uşağı olmaq, bu uşaqlığı heç yaşamamaq demək idi, cəbhədən atasının qara kağızı gəlmiş yaşıdların yanında atalarımızın varlığını hiss etdirməməyə çalışmaq idi, arxa cəbhələrdə min bir əziyyət çəkib ölkənin dağılmış düzənini yenidən qurmağa çalışan zəhmət adamlarının fədakarlığına şahidlik idi, əl-ayağını cəbhədə itirmiş əmi-dayıların kitelinin döşü dolu orden-medallarla qürurlanmaq idi, yerli hökumət orqanlarının hansısa süründürməçiliyi, bürokratik əngəlləri ilə üzləşəndə əsalarını yerə döyüb qəzəblə haqqını tələb edən və haqqı olanı almağı bacaran bu cəsur insanların səsindəki qətiyyəti duymaq idi...
Müharibə uşağı olmaq Vətən düşüncəsini, vətəndaşlıq hissini Böyük Vətən müharibəsi vaxtı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərən Azərbaycan insanlarından öyrənmək demək idi.
Aradan uzun illər keçib, əfsus ki, indi tarixin közünü bəzən hərə öz qabağına çəkməyə çalışır və bu minvalla İkinci Dünya müharibəsini alman-rus müharibəsi kimi təqdim etməyə çalışan tarixçilər də tapılır. Yaxud keçmiş İttifaqın artıq mövcud olmadığını əsas gətirərək Böyük Vətən müharibəsi ifadəsi ətrafında hərdən mübahisə açanlarla rastlaşırıq.
Amma bu, belə deyil! Bu müharibə uzun illər bizə öyrədildiyi kimi, məhz Böyük Vətən müharibəsi idi. Uşaqlığımda gördüyüm o qəhrəman insanlar hansısa ideologiya, siyasi sistem uğrunda deyil, məhz Vətən uğrunda vuruşduqlarına səmimi qəlbdən inanırdılar. Onların düşüncəsində faşizm bəlasından qoruduqları ərazilər içində Rusiya, Belarus, Ukrayna, Polşa, Fransa çölləri qədər Lerik dağları da, Mərkəzi Aran, Mil-Muğan düzləri də, Qarabağ, Gəncə-Qazax, Quba-Qusar elləri də vardı.
Onlar məhz Vətən müharibəsinin qalibləri idilər, ona görə də qalib ədası ilə əsalarını yerə döyüb, sinələrindəki orden-medalları cingildədəndə səsləri o cür qətiyyətli gəlirdi, ötkəmlikləri haqsız olanı mövqeyindən çəkindirirdi.
***
Müharibə dövrünün Azərbaycan insanı körpəlik xatirələrimə məhz belə qalib obrazda daxil olub. Ona görə də ötən əsrin 80-ci illərinin sonlarında Ermənistanın Azərbaycana qarşı işğalçı addımları Dağlıq Qarabağ münaqişəsini alovlandıranda Azərbaycan cəmiyyətinin bu müharibədən də qalib çıxacağını gözləyirdim.
Əfsuslar olsun ki, SSRİ-nin süqutu dövründə yaşanan xaotik, amma həm də həlledici mərhələdə baş verənlər bizim ziyanımıza işlədi. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdi. Bunun səbəbləri haqqında geniş təfərrüatlara varmaq istəməzdim. Çünki bu səbəblər hamıya aydındır. Ermənistan Azərbaycan torpaqlarını ona fəal dəstək verən xarici qüvvələrin köməyi ilə tuta bildi. Biz o müharibədə təkcə Ermənistana qarşı vuruşmadıq. Həm də özümüzdən qat-qat güclü olan o qüvvələrə qarşı savaşdıq.
Bu, birinci Qarabağ savaşından hərbi baxımdan məğlub durumda ayrılmağımızın əsas səbəbi idi və bu səbəb bizdən asılı deyildi.
Bununla belə, etiraf edək ki, həm Ermənistana, həm də onun təcavüzkar əməllərini dəstəkləyən qüvvələrə torpaqlarımızın işğalı üçün belə bir imkanın yaradılmasında o vaxt Azərbaycanın taleyinə görə məsuliyyət daşıyan təsadüfi insanlardan asılı səbəblər də yetərincə idi.
Əlbəttə, məşhur ifadə ilə desək, tarix heç zaman felin şərt formasında danışmağı xoşlamır. Amma həmişə onu da düşünürəm ki, əgər bu təsadüfi insanların o illərdəki böyük tarixi yanlışları olmasaydı, güman ki, işğalın miqyası da Azərbaycan ərazilərinin iyirmi faizini əhatə etməyəcəkdi. Bu miqyas yəqin ki, daha az olacaqdı, yaxud ümumiyyətlə, olmayacaqdı və münaqişənin həlli Azərbaycan üçün indikindən daha asan başa gələcəkdi.
Amma o illərdə başı Bakıda hakimiyyət davasına qarışan naşı siyasətbazlar öz cılız maraqları ilə Azərbaycanın üzərinə həlli müşkül ağır bir yük qoydular. İndi onlardan kimsə bunun məsuliyyətindən qaçmağa çalışa bilər. Bununla belə, ölkədə o hakimiyyət didişmələrini, o insanların boylarından hündür iddialarını, yol verdikləri yanlışları yaxşı xatırlayan nəsillər yaşayır.
90-cı illərin əvvəllərində yaşananları anbaan yaddaşına köçürmüş insanlardan biri kimi yaxşı xatırlayıram ki, o illərdə Azərbaycan hərbiləşmiş siyasi partiyalar arasında döyüş meydanına çevrilmişdi. Hər siyasi partiyanın bir batalyonu, hər batalyonun iki komandiri vardı. O, hərbi birləşmələrin tərkibində sidq-ürəkdən Vətən üçün təcavüzkar Ermənistana qarşı döyüşən, şəhid olan, yaralanıb sağlamlığını itirən Azərbaycan övladları qarşısında tək-tək baş əyirik. Onlar bu müharibənin gerçək qəhrəmanlarıdırlar. Təəssüf ki, hakimiyyət iddialıları bir çox hallarda onlardan da istifadə etməyə çalışırdılar. Cəbhə bölgələrində aparılan hərbi əməliyyatları öz maraqlarına uyğun yönəldirdilər. Vətənin və bu qəhrəmanların taleyi bahasına öz miskin iddialarına çatmağa can atırdılar.
***
O zamanlar heç bir hərbi təhsili və bu sahədə səriştəsi olmaya-olmaya müharibə aparan ölkənin müdafiə naziri kimi mühüm bir posta təyin olunmuş şəxs cəbhə bölgəsindən çox, hakimiyyət ehtiraslarının qızışdığı parlamentdə görünürdü. Hərbi əməliyyatlardan çox, meydan qəhrəmanlarının didişmələrindən səsi gəlirdi.
Aradan xeyli müddət keçəndən, böyük dövlət adamı Heydər Əliyevin gərgin zəhməti, zəngin təcrübəsi, qətiyyəti hesabına milli dövlətçilik sistemimizdə hər şey öz yerini tutandan sonra sabit bir cəmiyyətin formalaşdığı Azərbaycanın yeni nəslinə o dövrün reallıqlarını bütün mənzərəsi ilə təsvir etmək indi bəlkə də xeyli çətindir.
Məsələn, dövlət idarəçiliyi haqqında az-çox oxumuş, başqa xarici ölkələrin idarəetmə təcrübəsi ilə tanış olmuş, əsl idarəetmə mexanizmi necə olmalıdır, tutaq ki, hüquq-mühafizə orqanları bu mexanizmin tərkibində hansı funksiyanı yerinə yetirməlidir bunu həm dünya, həm də müasir Azərbaycan dövlətinin təcrübəsindən öyrənmiş bir gəncimizə indi necə deyəsən ki, 1992-1993-cü illərdə Azərbaycanın daxili işlər nazirinin həm də siyasi partiyası vardı. Cəmiyyətdə sabitliyi, ictimai asayişi təmin etməli olan və buna görə tabeliyinə silahlı qüvvələr, böyük arsenal verilmiş bir dövlət görəvlisi həm də siyasi partiya yaradıb dövlət rəhbəri olmaq istəyirdi.
Bütün bunlar yada salmaq istəmədiyimiz xoşagəlməz keçmişdir...
Nə yazıq ki, bu keçmişin acı nəticələri də Dağlıq Qarabağ müşkülüdür. İtirilən torpaqlardır. İsti ocaqlarından perik düşmüş insanların illərdən bəri ürəyində qövr edən yurd nisgilidir. Vətənin bütün bölgələrindəki şəhidlər xiyabanlarındakı baş daşlarından bizə baxan nakam taleli qəhrəmanların baxışlarıdır...
***
İndi bütün bunları qələmə alarkən xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə necə ağır bir şəraitdə gəldiyini, Vətənin xilası üçün üzərinə götürdüyü məsuliyyət yükünün ağırlığını, çətinliyini təsəvvürümə gətirməyə çalışıram.
Amma özüm də fərqindəyəm ki, bütün düşündüklərim yalnız kənar seyrçinin məhdud təsəvvürləri, bir qələm adamının müşahidələri olacaq. Bu tarixi məsuliyyətin zindan kimi ağırlığını, belə bir vaxtda ölkənin idarəçilik sükanı arxasına keçməyin çətinliyini ancaq o ağırlığı qəlbində, zəkasında daşıyan, bütün çətinliklərə sinə gərib xalqı qaranlıqdan aydınlığa, xaosdan nizama, girdabdan rəvan yola çıxaran tarixi şəxsiyyət bilərdi.
Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlət idarəçiliyi sisteminə bir nizam gətirdi. Sözün əsl mənasında, hər kəsə öz yerini göstərdi. Gələcəyini demokratik inkişafda görən bir ölkədə siyasi partiyaların, dövlət orqanlarının, bu orqanlarda vəzifə tutan şəxslərin, ordunun əslində, necə davranmalı olduğunu, cəmiyyətin müxtəlif qütbləri arasında münasibətlərin necə qurulmalı olduğunu insanlara qısa zamanda anlatdı.
Göstərdi ki, hər kəs öz işi ilə məşğul olmayanda cəmiyyət uçuruma yuvarlanar. Özünə siyasətçi deyən kəslər bir-biri ilə, xalqla, dövlətlə zəkanın deyil, silahın gücü ilə danışanda, hər firqə sədri bir silahlı dəstə saxlayanda, eləcə də hər silahlı dəstənin komandiri ortaya siyasi iddia qoyub dövlətə barmaq silkələyəndə o dövlət param-parça olar, ondan əsər-əlamət qalmaz.
Heydər Əliyevin siyasi karyerasının böyük hissəsi sovet dövrünə təsadüf edirdi. Demokratik cəmiyyətə, çoxpartiyalı sistemə, vətəndaş cəmiyyətinə, söz və ifadə azadlığına əsaslanan fərqli idarəetmə tərzi çoxumuz kimi ulu öndər üçün də yeni bir təcrübə idi. Amma onun qısa müddətdə əldə etdiyi nəticələr göstərdi ki, ölkədəki xaosun qarşısını almaq, gələcəyə doğru aydın demokratik inkişaf istiqaməti müəyyənləşdirməkdən ötrü sadəcə, dövlət adamı olmaq lazımdır.
Heydər Əliyev müharibə adamı deyildi. Bütün müdrik liderlər kimi öz çıxışlarında, müsahibələrində də həmişə vurğulayırdı ki, ağıl olan yerdə zora ehtiyac yoxdur. Bununla belə, hakimiyyətə qayıdışından dərhal sonra Heydər Əliyev hərbi sahədə də böyük bir sərkərdə olduğunu sübuta yetirdi. Onun rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar nəticəsində düşmənin Azərbaycandakı hakimiyyət böhranı dövründə zəbt etdiyi ərazilərin bir qismi, o cümlədən Horadiz qəsəbəsi işğaldan azad edildi. Qısa müddətdə orada həyat bərpa olundu. Məhz bu güclü əks-həmlədən sonra Ermənistan qorxuya düşüb atəşkəs təklifindən çıxış edərək danışıqlar masasına əyləşdi.
Tarixin o həlledici anında atəşkəsə nail olmaq, cəbhədə insan itkilərinin qarşısını almaq, cəmiyyəti toparlamaq və eyni zamanda ölkənin bütün imkanlarını sosial-iqtisadi inkişafa, Azərbaycanın əsas tərəf kimi iştirak etməyə başladığı qlobal layihələrin reallaşmasına, cəmiyyətin demokratik tərəqqisinə, hüquqi dövlət quruculuğu prosesinə, Azərbaycanın müstəqilliyinin əsaslarını möhkəmləndirməyə yönəltmək Heydər Əliyev şəxsiyyətinin böyüklüyü idi.
O, zəmanəsinin uzaqgörən milli lideri idi. Heydər Əliyev atəşkəslə razılaşmaya, Azərbaycanın o vaxt yeni formalaşan nizami ordusunun döyüş əzmi ilə hərbi əməliyyatları davam etdirə, itirdiyimiz əraziləri silah gücünə geri ala bilərdi. Amma Heydər Əliyev böyük strateq kimi zamana, gələcəyə daha geniş nəzərlərlə baxırdı. Fərqində idi ki, bu münaqişənin kökündən həlli bir sıra hərbi əməliyyatlarda qazanılan üstünlüklərdən, bir neçə rayonu çoxsaylı insan itkiləri hesabına geri qaytarmaqdan asılı deyil. Düşmən üzərində əbədi qələbə üçün ilk növbədə, güclü dövlətə malik olmalısan. Elə bir dövlətə ki, onun sosial-iqtisadi potensialı, hərbi-siyasi qüdrəti, regionda və dünyadakı nüfuzu bu münaqişənin yaranmasına rəvac vermiş tarixi şəraitin özünü xeyrimizə dəyişə bilsin.
Onun əsgərinin səngərdə qazandığı zəfərləri diplomatlarının danışıqlar masası arxasındakı qələbələri tamamlasın.
Heydər Əliyev 1994-cü ildə atəşkəs təklifini qəbul etməklə Azərbaycanın potensialını bu məqsəd üçün qorudu.
Və belə bir dövləti qurdu.
***
Gələcəyə hesablanmış kurs ardıcıllıqla davam etdirilərsə, Azərbaycanın bütün milli hədəflərinə nail olacağını, işğal olunmuş yurdlarımıza tezliklə böyük köçün başlanacağını, bir vaxtlar tankların tırtılları altında bərkiyən, çiçəklərinə qan çilənən torpaqlarda Azərbaycan insanının yenə xarüqələr yaradacağını bu böyük dövlət adamı irəlicədən görə bilirdi.
Budur, Azərbaycan Respublikası Prezidentinin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamı...
Dövlətin yenidən qurmağa başladığı doğma kəndlərinə qayıtmaq üçün müvafiq dövlət orqanına üz tutan yüzlərlə məcburi köçkün ailəsi...
Çoxdan bəri həsrətlə gözlədiyimiz böyük qayıdışın başlanğıcı...
Bu məsələdə düşüncələrimi ən çox mütəəssir edən məqamlardan biri də Ana kitabımız olan “Kitabi Dədə Qorqud” dastanlarındakı torpağı qorumaq və əkib- becərmək təlqininin genetik yaddaşdan dövlət siyasətinin aydın istiqamətinə çevrilməsidir. İrs və varislik ardıcıllığıdır. Sərkərdə və Qurucu Atanın düşməndən geri aldığı torpaqlara Sərkərdə və Qurucu Oğulun yenidən həyat gətirməsidir.
Cocuq Mərcanlı kəndi 1994-cü ildə ulu öndər Heydər Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Amma hündürlüklərdə mövqe tutumuş erməni hərbi birləşmələri ərazini o vaxtdan atəş altında saxlayır, yaşayış üçün təhlükəli vəziyyət yaradırdılar. Keçən ilin aprelində erməni təxribatının qarşısını almaq məqsədilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş uğurlu hərbi əməliyyat zamanı Lələtəpə və ətraf yüksəkliklər işğaldan azad edildikdən sonra həmin ərazilərdə yaşayış üçün tam təhlükəsiz vəziyyət yaradıldı. Cocuq Mərcanlı kəndinin ərazisi tamamilə Azərbaycanın nəzarətinə keçdi. Minlərlə hektar əkinə yararlı ərazi düşməndən təmizləndi.
Bu mövzuda qələmə alınmış yazılardakı statistik məlumatlara diqqət yetirirəm: işğaldan əvvəl ümumi sahəsi 1605 hektar olan bu kənddə 1134 hektar kənd təsərrüfatına yararlı sahə, 368 hektar isə əkin yeri olub. 24 il əvvələdək burada 283 evdə 1075 nəfər əhali yaşayıb. Əhalisi əsasən üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıqla məşğul olan kəndin ərazisində orta məktəb, klub, kitabxana, feldşer-mama məntəqəsi, poçt, icra nümayəndəliyi, un dəyirmanı, kolxozun inzibati binası, qaramal və qoyunçuluq fermaları, anbar binası mövcud olub. Hazırda Cocuq Mərcanlı kəndi üzrə 395 ev təsərrüfatı və 1428 nəfər əhali daimi qeydiyyatdadır. Respublikanın 17 şəhər və rayonunda məskunlaşan sakinlərin əksəriyyəti (172 ailə - 635 nəfər) Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində yaşayır.
İndi bu insanların da yaşamaq üçün öz kəndləri var. İndi bu insanlar üçün Cocuq Mərcanlı düşmənin bir güllə mənzilində qalmış nisgil yarası deyil, tezliklə geri dönüb öz ocaqlarını yandıracaqları, əkib-becərəcəkləri, ev-eşik qurub rahatlıq tapacaqları, sümüklərinin isinəcəyi yurd yeridir...
***
Bu, həyatın, tarixin qürur və fərəh dolu anıdır.
Ötən il iftixarla aprel döyüşlərindəki zəfərimizdən danışırdıq. Azərbaycan Ordusunun qalibiyyəti ilə öyünürdük. Bu il isə işğaldan azad edilmiş torpaqlarımıza böyük köçün başlanğıcının sevinci içindəyik.
Prezident İlham Əliyev ötən ilin aprelində Azərbaycan xalqına qələbə sevincini, bu ilin əvvəlində isə doğma yurda qayıdışın qürur dolu hisslərini yaşatdı.
Bir kənd coğrafi çevrəsi baxımından bəlkə də o qədər böyük ərazi kimi görünmür. Amma indi Cocuq Mərcanlı toponiminin mənəvi ərazisi bizim üçün bir dünya boydadır!
Şərqin hikmət xəzinələrindən olan “Qabusnamə”nin müəllifinin oğluna hərblə bağlı maraqlı nəsihətini xatırlayıram. Deyir ki, əgər düşmənlə üzbəüz səngərdə dayanmısansa, addımını irəli qoymaq imkanın varsa, geri qoyma. Çünki geri atdığın bircə addım da önündəki o bir addımlıq məsafənin düşmənin nəzarətinə keçməsi deməkdir.
Ordumuzun düşməndən təmizlədiyi yüzlərlə hektar ərazinin minalardan arınması, əkin-biçinə yararlı vəziyyətə gətirilməsi, Cocuq Mərcanlıda yeni evlərin inşasına başlanması indi bizim düşmən üzərində qazandığımız böyük psixoloji üstünlükdür. İllərdən bəri xəyallarımızda göyərən qayıdış arzusunun, bir gün o torpaqlarda xoş büsat qurmaq diləyinin artıq addım-addım reallığa çevrilməsidir...
Azərbaycan dövlətinin, Azərbaycan insanının Vətənin hər qarışına sahib çıxmağı bacarmasıdır...
Məcburi köçkünlərimizin sosial durumunun yaxşılaşdırılması üçün indiyə qədər çox addımlar atılıb. Onlar üçün on minlərlə yeni evlər tikilib, yüzə yaxın qəsəbə salınıb. Amma indi Cocuq Mərcanlıda tikiləcək evlər bunların heç birinə bənzəməz.
İlk dəfədir ki, məcburi köçkünlər üçün evlər Vətənin başqa səmtlərində yox, onların öz yurdlarında tikilir!
Birinci dəfədir ki, bu evlərin bünövrəsi torpaq itkisinin acı təəssüfü ilə yox, sevgi ilə qoyulacaq, bu evlər insanların müvəqqəti məskunlaşmasından ötrü deyil, nəsilbənəsil yaşaması üçün inşa ediləcək!..
Və ilk dəfədir ki, Cocuq Mərcanlıda tikiləcək evlərin cərgəsi daha məcburi köçkün qəsəbəsi adlanmayacaq. Bu, elə o kəndin özü olacaq, binayi-dövrün Cocuq Mərcanlısı olacaq!..
Bu kənddə məskunlaşanlar da daha məcburi köçkün sayılmayacaqlar. Çünki bu kəndin sakinləri o evlərə illərdən bəri qəlblərində qövr edən yurd nisgili kimi taleyin ağır yükü tək daşıdıqları məcburi köçkün adı ilə də vidalaşaraq köçəcəklər.
Cocuq Mərcanlıda dünyaya gələn körpələr daha bu yüklə doğulmayacaq...
Ona görə də “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, hər gün hansısa bir kəndə yol çəkilişini, məktəb, xəstəxana binasının inşasını, ayrı-ayrı rayonlara abadlıq-quruculuq üçün maddi dəstək verilməsini ehtiva edən qərarlardan tam fərqlidir.
Bu sərəncamın tarixi mahiyyəti bir başqadır...
***
Oqtay Həziyev və onun 7 nəfərlik ailəsi...
Bu qəhrəman ailə işğaldan azad olunmuş yurdlarımıza qayıdışın simvollarından biri kimi, yəqin hər zaman xatırlanacaq.
Ordumuzun aprel zəfəri zamanı Azərbaycan Prezidentinin Lələtəpə ərazisinə səfərindən dərhal sonra dövlət rəhbərimizin tapşırığı ilə Yeni Azərbaycan Partiyasının sədr müavini, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cocuq Mərcanlı kəndinə gedərək vəziyyətlə yerində tanış olmuş, bu ailəni də ölkə ictimaiyyəti elə həmin səfər zamanı tanımışdı.
Cocuq Mərcanlıda işığı yanan, ocağı tüstüləyən yeganə ev bu ailənin evi olub. Əslində, işğaldan sonra o kənddə salamat bir ev də qalmamışdı heç. Ermənilər bütün tikililəri tar-mar edib, ələ gələni aparmışdılar. İndi Oqtay Həziyev və onun ailə üzvlərinin əzmkarlığına baxın ki, düşmən mövqelərinin doğurduğu ağır təhlükələrə baxmayaraq, düşmənin bir güllə mənzilliyində, ağır şəraitdə düz 23 il kəndi tərk etməyiblər. Üstəlik, burada böyük təsərrüfat qurublar, mal-qara, toyuq-cücə saxlayıb, torpağın bərəkətini qoruyublar.
Bu 23 ildə bu ailənin ən böyük güvənci Azərbaycan Ordusu olub, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı olub! “İndi burada yaşayış üçün heç bir təhlükə yoxdur, tam sərbəst və arxayın yaşayırıq. Çünki bizim İlham Əliyev kimi Ali Baş Komandanımız var, güclü, qüdrətli Azərbaycan Ordusu var. Lələtəpə yüksəkliyi işğaldan azad olunandan sonra bizim təhlükəsizliyimiz daha da gücləndi. Prezidentimizin Lələtəpə yüksəkliyinə gəlməsi, ərazilərimizin müdafiəsində duran əsgərlərimizlə görüşməsi bizi qürurlandırdı və böyük ruh yüksəkliyi yaratdı” - Oqtay Həziyev belə deyir.
Azərbaycan insanının qəhrəmanlığı, iradəsi, mərdanəliyi, yurda-torpağa bağlılığı, bax budur...
***
Azərbaycan Prezidentinin Cocuq Mərcanlı kəndi ilə bağlı sərəncamının icrası prosesində diqqəti çəkən ən mühüm məqamlardan biri də görülən tədbirlərin təkcə torpaqların minalardan təmizlənməsi, tikinti-quruculuq proseslərini əhatə etməsi deyil. Dövlət, cəmiyyət bu məsələ ətrafında bütün işləri paralel aparır, xarici jurnalistlərin, qeyri-hökumət təşkilatları təmsilçilərinin, diplomatik korpus nümayəndələrinin Cocuq Mərcanlıya səfərləri təşkil olunur, Azərbaycanın Ermənistan üzərindəki psixoloji üstünlüyü, düşmənin təcavüzkar mahiyyətindən fərqimiz, ölkəmizin sülh məramı, qurub-yaratmaq niyyəti bütün dünyaya aydın şəkildə nümayiş etdirilir.
Artıq hamı görür ki, Azərbaycan illər əvvəlin kövrək, saysız-hesabsız problemlər əlində naçar qalmış, təsadüfi insanların başına min bir fəlakət gətirdikləri laübalı ölkə deyil. Elə bu sətirləri qələmə alanda uzun müddətdən bəri işğal olunmuş ərazilərimizə qanunsuz səfərlər gerçəkləşdirən, bu ərazidəki separatçı rejimin təbliğatı ilə məşğul olan bloqqer Aleksandr Lapşinin gecə saatlarında Belarusdan Azərbaycana qolu qandallı gətirilməsi xəbərini aldım.
Onun nər sinəli Azərbaycan xüsusi təyinatlılarının əhatəsindəki miskin fotolarını görəndə ürəyim dağa döndü!
Bəli, biz indi Azərbaycanın ərazi bütövlüyünə həqarət edən bu cür yaramazları dünyanın harasında olur-olsun qolubağlı ölkəmizə gətirib burada sorğulayacaq qədər güclüyük!
Bizə bu gücü qazandıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətidir, mətinliyidir, illərdən bəri apardığı inkişaf siyasətinin nəticələridir.
İllərin yaratdığı fərqə diqqət yetirək: Cocuq Mərcanlı kəndinin yüzlərlə sakini tezliklə doğma kəndinə köçür, Lələtəpə əməliyyatından sonra 360 erməni ailəsi ətraf kəndlərdən baş götürüb qaçıb. Ermənistandakı sosial-iqtisadi böhranın ağırlığından, aclıqdan, səfalətdən, ağır güzərandan son illər bir tikə çörək dalınca başqa ölkələrə köç edən erməni ailələrinin sayı isə on minlərlədir. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə yeni bir həyat qurur. Ermənistanın isə hətta mərkəzi şəhərlərində sovet dövründə yaradılmış infrastruktur, sosial həyat şərtləri dağılıb gedir.
Erməni ictimaiyyəti Cocuq Mərcanlı hadisəsindən sonra sosial şəbəkələrdə işğalçı rejimin rəhbərliyindən bu vəziyyətin hesabını sorur, Ermənistanın başladığı münaqişənin artıq Azərbaycanın xeyrinə tamamlanmaqda olduğunu etiraf edir.
Hələ düşmənin çox etiraflarına, tövbələrinə şahid olacağıq.
Cocuq Mərcanlı hələ bir başlanğıcdır...
Hələ işğaldan azad ediləcək nə qədər yeni ərazilərimizə doğru köç karvanlarının qatarına sevinmək var, o rayonları, o kəndləri qəlbimizin sevgisi, nəfəsimizin istisi ilə yenidən tikib-qurmaq var...
Hələ ac-yalavac ermənilərin əsrlər boyu həyət-bacalarımızda, tarlalarımızda-zəmilərimizdə bir qarın çörəyə işlədikləri kimi yenə də o tikinti-abadlıq işlərində palçıq qatmaq, daş daşımaq üçün boyun büküb bizə yalvaracaqları günlər var!..
Ən böyük qalibiyyət də elə bu deyilmi?!
Bu, Prezidentin qələbəsidir!
Bu, Ali Baş Komandan İlham Əliyevin gücü, Azərbaycanın təntənəsidir!
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
yazıçı-publisist
"Azərbaycan" qəzeti, 10 fevral, 2017