LİDERLİK ÖRNƏYİ
İlham Əliyev Azərbaycanın əbədi inkişafının daha bir möhkəm təməlini yaratdı
Sentyabrın 14-də Azərbaycan və ümumən regionun iqtisadi-siyasi həyatında son dərəcə mühüm hadisə baş verdi. “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi ilə bağlı müqavilənin - “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı.
Paytaxtımızın mərkəzində ulu öndərin dövlətçilik ideallarının və Azərbaycanın tarixi nailiyyətlərinin simvolu kimi ucalan Heydər Əliyev Mərkəzində təşkil edilmiş imzalanma mərasimini izləmək sözlə ifadəsi belə mümkün olmayan möhtəşəm hiss idi.
Bundan cəmi bir neçə gün əvvəl isə Azərbaycan başqa bir mühüm hadisə ilə tarixə imza atırdı. İnci şəhərlərimizdən birinin - erməni təcavüzkarlarının qəsb edib, tarixini də saxtalaşdırmağa çalışdıqları Xankəndinin adını daşıyan gəmi Bakı sahillərindən Xəzərin zümrüd sularına doğru uğurlanırdı. Prezident İlham Əliyevin də iştirak etdiyi mərasimdən görüntüləri izlədikcə qəlbim fərəh hissi ilə dolurdu.
Birincisi, ona görə ki, bütün dünyada cəmi 10 belə gəmi var və onlardan ən müasiri indi Azərbaycandadır. Ölkəmiz Xəzərə dünya sularında tayı-bərabəri çox az olan mükəmməl bir qurğu çıxarıb. Üstəlik, son dərəcə mürəkkəb və gərgin mühəndis zəhməti tələb edən belə bir gəmini Azərbaycan özü istehsal edib. Bu, indiyə qədər Bakı gəmiqayırma zavodunda yerinə yetirilən ən mühüm sifarişdir. Belə bir layihənin yerli mühitdə, əsasən, öz mütəxəssislərimizin iştirakı ilə reallaşdırılması ölkəmizin iqtisadi və sənaye potensialının indi hansı səviyyələrdə olduğunu sərgiləyir. Göstərir ki, Azərbaycan bu cür irimiqyaslı işlərin yerinə yetirilməsi üçün həm maddi imkanlara, həm insan resurslarına, həm də siyasi iradəyə malikdir.
Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi olan “Xankəndi” suyun dərinliyi 550 metrədək olan hissələrində dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib. Gəmi təhvil verildikdən sonra sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının ikinci inkişaf mərhələsi üçün səfərbər olunacaq və 2017-2027-ci illərdə “Şahdəniz mərhələ 2” layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək.
“Xankəndi” gəmisi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcıdır...
“Xankəndi” gəmisinin Xəzərin köksündəki “qara qızıl” yataqlarına doğru yola çıxması ilə Xəzərdə yeni bir era başlanır...
***
Xəzərin ayna sularında əks olunan tarixi salnamələr əsrlər boyu həmişə Azərbaycanın yaxından iştirakı ilə yazılıb. Bu tarixin mərkəzində hər zaman Azərbaycan xalqı dayanıb.
XXI əsrdə Xəzərdə yeni bir eranın başlanğıcını qoymaq yenə bizim payımıza düşdü.
Bu sətirlərin müəllifi üçün hadisənin başqa simvolik mənaları da var. Dünyanın ayrı-ayrı ölkələri bu gün istehsal etdikləri hərbi gəmilərlə, bu gəmilərdə yerləşdirdikləri dəhşətli silahlarla bir-birinə hərbə-zorba gəlib, dünyanı təhdid edərkən Azərbaycan sulara inkişaf gəmisi buraxır.
Yerin dərinliklərindəki qiymətli sərvətin üzə çıxarılıb bəşəriyyətin rifahına yönəlməsindən ötrü insan övladının zəkasının gücünü özündə birləşdirən rifah gəmisi yaradır.
Yer üzündə ilk dövlətlərin təşəkkül tapdığı vaxtlardan üzübəri bu dünyanın ucsuz-bucaqsız ümmanlarında o qədər hərbi gəmilər üzüb ki...
Amma indi hanı onlar?!
Müasir dünyamızdakı bütün nailiyyətlər, inkişaf reallıqları, xalqları bir-biri ilə düşmən edən o hərbi gəmilərin deyil, təbiətin, dünyanın sirrlərini öyrənməkdən ötrü uzaq səfərə çıxmış alimləri daşıyan, ticarət əlaqələri ilə xalqları mədəni cəhətdən də bir-birinə yaxınlaşdırıb doğmalaşdıran, mədəniyyətləri bir-birinə məhrəm edən sülh gəmilərinin əsəridir.
“Xankəndi” gəmisi də dünyanın, insanlığın firavanlığı missiyası ilə yüklənib gələcəyə doğru səfərə çıxmış belə gəmilərdən növbətisidir.
Tarix üçün yaşamaq bax budur, bir xalqı, bir dövləti zamanda əbədiləşdirmək, daimi və güclü etmək belə baş verir. “Xankəndi” gəmisi də Xəzərdəki yeni tarixi eranı sülhlə, rifahla, regionun gələcək inkişafına yönəlmiş strateji hədəflərlə salamlayır.
Necə ki, düz 23 il əvvəl tarixi mahiyyətinə görə “Əsrin müqaviləsi” adı verilən neft müqaviləsi ilə əsası qoyulmuş era da belə başlanmışdı.
***
Bu sətirlərin qələmə alındığı anlarda Bakıda “Azəri-Çıraq-Günəşli” yataqları üzrə yeni sazişin imzalanması mərasimindən saatlar keçir.
Prezident İlham Əliyevin mərasimdəki çıxışında əksini tapmış bir sıra məqamlar bu hadisənin Azərbaycan üçün əhəmiyyətini dəqiqliklə canlandırır: “Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var”.
***
Bütün bunlar xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin milli dövlətçilik kursunu əzmlə həyata keçirən İlham Əliyevin yürütdüyü siyasətin uğurları sayəsində tarixinin ən qüdrətli mərhələsinə qədəm qoymuş müstəqil Azərbaycan dövlətinin gələcəyə baxışıdır. Bu baxış “Əsrin müqaviləsi”nin imzalanmasından keçən 23 il ərzində qazanılmış nəticələrə, real vəziyyətə əsaslanır.
Bu tarixi dövr ərzində əldə edilmiş nailiyyətlər hesabına Azərbaycan indi dünyanın energetika bazarının əsas oyunçularındandır. Ölkəmiz Avropa regionunun enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Regionun əsas söz sahibidir. Bu gün Azərbaycanın iştirakı olmadan Cənubi Qafqaz regionunda hər hansı layihənin uğurla reallaşdırılması mümkün deyil. Son illər ümumən dünyanın siyasi mənzərəsinə təsir göstərən bir sıra qlobal enerji-kommunikasiya layihələri məhz Azərbaycanın təşəbbüsü və yaxından iştirakı ilə reallaşdırılıb. Böyük İpək yolu, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi irimiqyaslı layihələr məhz Azərbaycan dövlətinin XXI əsrin inkişaf tarixinə bəxş etdiyi möhtəşəm nailiyyətlərdir.
İndi 2017-ci ildə - XXI əsrin ikinci onilliyinin sonlarına doğru bütün bunlar haqqında danışmaq çox rahatdır. Bu nəticələrin əldə edilməsi adama asan görünür. Amma 23 il əvvəl vəziyyət bambaşqa idi. Bir anlıq keçmişə qayıtsaq, Azərbaycanın indiki günlərə hansı çətinliklərdən, əzab-əziyyətlərdən, tarixin ağır sınaqlarından keçib gəldiyini görərik. İxtisaslı mühəndis kimi ömrümün yarıdan çoxunu neft-qaz sənayesinə həsr etmişəm. Bu çətinliklərin, əzab-əziyyətlərin, sınaqların hamısı gözlərimiz qarşısında baş verib.
***
23 il əvvəl dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan çox mürəkkəb bir siyasi reallıqla üzləşmişdi. İstiqlaliyyətin bərpasından sonra ölkənin sosial-iqtisadi durumunu sahmana salmaq, yaranmış böhranı aradan qaldırmaq, ölkənin yeraltı və yerüstü sərvətlərindən xalqın rifahı naminə faydalanmaq üçün yollar tapmaq lazım idi. Məlum idi ki, sovet iqtisadi münasibətlər sistemindən yenicə ayrılmış Azərbaycan o illərdə malik olduğu mövcud infrastruktur, investisiya imkanları ilə özü təkbaşına karbohidrogen ehtiyatlarını hasil edərək dünya bazarlarına çıxarmaq gücündə deyil. Ona görə də bu sahədə fəaliyyət göstərən transmilli şirkətlərin ölkəmizə cəlbi strateji həll idi. Amma müstəqilliyin ilk illərində ölkənin taleyinə görə məsuliyyət daşıyan müvəqqəti iqtidarların heç biri bunu bacarmadı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, arasıkəsilməyən xarici təzyiqlər, daxili başıpozuqluq, siyasi çəkişmələr fonunda ölkədəki böhran daha da gücləndi, Azərbaycan iqtisadiyyatı iflic vəziyyətinə düşdü.
Həmin dövrdə böyük dövlət adamı Heydər Əliyevin siyasi hakimiyyətə çağırılması və bu möhtəşəm qayıdışın təmin edilməsi Azərbaycan xalqının müstəqillik tarixinin başlanğıcındakı ən düzgün seçimi oldu. Bu möhtəşəm qayıdış Azərbaycanın milli nicatına təminat yaratdı, ölkəni dünya xəritəsindən silinməkdən xilas etdi.
Ulu öndər ölkəmizin zəngin karbohidrogen resurslarının işlənilməsi məqsədi ilə transmilli xarici neft şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasına qərar verdi. Bu qərarının reallaşması yolunda bütün maneələrə mətanətlə sinə gərərək tez bir zamanda Qərbin aparıcı neft şirkətləri ilə danışıqlara başladı. Gərgin atmosferdə keçən danışıqlar o dövrdə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışan, enerji diplomatiyası sahəsində zəngin biliklərə malik İlham Əliyevin rəhbərliyi ilə aparılırdı.
Danışıqlar, müzakirələr o qədər də rəvan müstəvidə getmirdi. Müzakirələrin 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları yaşanır, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. Həmin günləri İlham Əliyev sonralar belə xatırlayacaqdı: “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”.
Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı...
Beynəlxalq iqtisadiyyatın, maliyyə-kredit sisteminin, biznes mühitinin qanunlarını, milli təbii ehtiyatların kəşfiyyatı və işlənilməsində xarici şirkətlərin cəlb edilməsinin hüquqi, idarəetmə əsaslarını mükəmməl bilən, yüksək iqtisadi menecment səriştəsinə malik İlham Əliyev əsl Qərb siyasi təfəkkürü üslubunda formalaşdırdığı təkzibolunmaz arqumentləri ilə danışıqlar prosesindəki çətinlikləri ustalıqla aradan qaldırdı və sərmayə layihəsinin Azərbaycanın milli maraqlarına uyğun imzalanmasına nail oldu.
***
Həmin dövrdə ölkənin özündə də vəziyyət qaydasında deyildi. “Əsrin müqaviləsi”nə mane olmaq üçün Azərbaycana təzyiq cəhdləri ara vermirdi. Ölkə daxilində o zaman hələ kökü tam kəsilməmiş müəyyən mənfur ünsürlərdən istifadə edərək dövlət çevrilişlərinə cəhd göstərilir, siyasi qətllər törədilir, prosesi əngəlləməkdən ötrü mümkün hər bir vasitəyə əl atılırdı.
Amma bütün bu cəhdlər heç bir nəticə vermədi. 1994-cü il sentyabrın 20-də dünya Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış müqavilənin imzalanmasına şahid oldu.
Əgər bu müqavilə “Əsrin müqaviləsi” adlandırılmışdısa, xalqımızın ümummilli lideri Heydər Əliyevin bu müqavilənin imzalanması mərasimindəki çıxışını da “Əsrin nitqi”, böyük bir xalqın, dövlətin gələcək taleyinə görə məsuliyyəti öz üzərinə götürmüş müdrik dövlət xadiminin yalnız öz müasirlərinə deyil, həm keçmişə, həm bu günə, həm də gələcəyə ünvanlanmış tarixi müraciəti kimi qəbul etmək olardı.
23 il əvvəl bu çıxışı müqavilənin imzalanma mərasimindən hazırlanmış telereportajlardan dinləyərkən, mətnini qəzetlərdən oxuyarkən, bəlkə də, bu, çoxumuza qeyri-adi dərəcədə yüksək natiqlik istedadına malik Heydər Əliyevin adi bir nitqi kimi görünürdü. Amma aradan 23 il keçəndən sonra o çıxışın tezislərini bir-bir, ən yeni tarix işığında təhlil etdikcə bu çıxışın da imzalanan o müqavilə kimi nə qədər tarixi mahiyyət kəsb etdiyini, fundamental əhəmiyyət daşıdığını və əhatəli elmi tədqiqatlar üçün geniş material verdiyini görürsən. Bu nitqdə Heydər Əliyevin niyyət və qərarlarının şərhi üçün zəngin dil və dünyagörüşü imkanları öz əksini tapmışdır.
Heydər Əliyev ilk növbədə Azərbaycanda neft sənayesinin inkişafından və bu sahənin Bakının, ümumiyyətlə, Azərbaycanın inkişafına böyük təkan verməsindən danışır, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin timsalında demokratik dövlətin yaradıldığını, bu dövlətin xalqımıza məxsus sərvətlərdən onun rifahı üçün istifadəsinə səylər göstərməsini diqqətə çatdırırdı.
Ulu öndər daha sonra sovet sosialist hakimiyyətinin qurulduğu tarixi dövrdən söhbət açır, Azərbaycanın uzun illər Sovet İttifaqının tərkibində olduğunu, ölkəmizin ən böyük sərvətlərindən olan neftdən Sovet İttifaqının mənafeyi naminə istifadə edildiyini bildirir, eyni zamanda bu illərdə Azərbaycan həyatındakı dəyişiklikləri,ölkə iqtisadiyyatının inkişaf etdirilməsini, respublikada nəhəng sənaye potensialının yaradılmasını, neft sənayemizin böyük tarixi yol keçməsini də göstərirdi: “Mən bütün bu məlumatları qonaqlarımıza çatdırmağı, bunları Azərbaycan xalqına bir daha xatırlatmağı lazım bilirəm. Çünki bunların hamısı Azərbaycan xalqının fəxridir, şöhrətidir, xalqımızın, neftçilərimizin dünya iqtisadiyyatına göstərdikləri böyük xidmətlərdən xəbər verir... Azərbaycan müstəqil respublika olmuşdur... Azərbaycanın həyatında yeni dövr başlanmışdır. Neft sənayemizin tarixində də şərti olaraq üçüncü mərhələnin bünövrəsi qoyulmuşdur... Biz yeni mərhələdə Azərbaycan Respublikasının iradəsini ifadə edərək, onun öz təbii sərvətlərindən istifadə etməsi üçün lazımi tədbirlər görürük. Azərbaycan iqtisadiyyatı ağır böhran içərisindədir. Neft sənayesində də böyük çətinliklər yaranmışdır. Bu böhrandan çıxmaq, Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək, xalqın rifahını qısa müddətdə lazımi səviyyəyə qaldırmaq üçün hamı əl-ələ verib müqavilənin həyata keçirilməsinə çalışmalıdır”.
Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının əsas bazasını təşkil edən “Əsrin müqaviləsi”nin imzalanması mərasimindəki bu çıxışda tarixi dövrlər arasındakı belə mükəmməl rabitəlilik heç də təsadüfi olmayıb, müstəqil Azərbaycan dövlətinin milli dövlətçilik irsimizə varislik hüquqlarını həyata keçirməsi, Azərbaycan tarixinin bütün dövrləri üçün məsuliyyəti öz üzərinə götürməsi ideyasını əks etdirirdi. Eyni zamanda xalqın, cəmiyyətin bu tarixi missiyaya hazırlanması, milli vəhdətin təmin olunması, dəqiq məzmuna malik həyati əhəmiyyətli vəzifələrin yerinə yetirilməsi məqsədi daşıyırdı. Bu mənada tədqiqatçılar tam haqlıdırlar ki, ulu öndər Heydər Əliyevin 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanma mərasimində söylədiyi nitq geniş məna tutumlu tarixi sənəd olub, təkcə siyasi maraqlar dilində deyil, həm də siyasi təhlil dilində danışmağa imkan verir.
***
“Əsrin müqaviləsi” 400 səhifədən ibarət olmaqla 4 dildə tərtib edilmişdi. Burada 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı.
“Əsrin müqaviləsi” imzalanandan sonra onun iştirakçıları işçi strukturlar - Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi.
***
Amma problemlər bununla da bitmirdi. Azərbaycanın uğurlarını istəməyən, müəyyən siyasi maraqlarını, hakimiyyət ambisiyalarını reallaşdırmağa can atan bəzi bədxahlar ulu öndərin neft strategiyasına qarşı qərəzli kampaniyaya başlamışdılar. Belələri, Azərbaycanın proqnozlaşdırıldığı qədər neft ehtiyatlarına malik olmadığını, inşası nəzərdə tutulmuş neft kəmərlərinin boş qalacağını əsaslandırmağa çalışır, əli işdən soyutmağa cəhd göstərirdilər.
“Azəri-Çıraq-Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimindəki çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məqamı bir daha yada saldı: “Mən xatırlayıram, 1994-cü ildə “Əsrin kontraktı” imzalananda bizi istəməyən bəzi qüvvələr, həm ölkə daxilində, həm xarici qüvvələr deyirdilər ki, Azərbaycanda kifayət qədər neft yoxdur, “Azəri-Çıraq-Günəşli”də neft azdır. Heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, çünki bu kəmər boş qalacaq. İndi 20 ildir ki, biz “Azəri-Çıraq-Günəşli”dən neft və qaz hasil edirik. Burada hasilat 1997-ci ildən başlamışdır. İyirmi ildən sonra yeni kontrakt imzalanır ki, 2050-ci ilə qədər “Azəri-Çıraq-Günəşli”dən lazımi səviyyədə neft hasil ediləcək. Bu, həm o bədbin və qərəzli fikirlərə bir cavabdır, eyni zamanda, onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var”.
Tarix ən ədalətli münsifdir. Cənab İlham Əliyevin səsləndirdiyi bu fikirlər vaxtilə həmin qərəzli fikirləri dilə gətirənlərə, belə kampaniyalar vasitəsilə təzyiq göstərib müəyyən məkrli niyyətlərini həyata keçirməyə çalışanlara Azərbaycan Prezidentinin, Azərbaycan xalqının və bu vəhdətin müəllifliyi ilə yaradılan möhtəşəm tarixin tutarlı cavabıdır.
Bu 23 illik tarix müstəqilliyin ilk illərində neftin Azərbaycan üçün vəd etdiyi perspektivlər barədə cəmiyyətdə dolaşan tərəddüdlərin də aydınlığıdır. Neftin bizim fəlakətimiz, yoxsa qalibiyyətimiz olacağı barədə belə tərəddüdləri müstəqilliyin ilk illərində çox eşidərdik. Bu sualı təbiətin bir xalqa bəxş etdiyi istənilən imkanlara, istənilən təbii sərvətlərə aid etmək mümkündür. Tarix eyni mahiyyətin bir coğrafiyada xalqların faciəsinə, digərində isə zəfərinə, rifahına çevrilməsinə çox şahid olub. Azərbaycanın 1993-cü ildən bəri keçib gəldiyi yol bu ziddiyyətin də səbəbini dəqiq şəkildə izah edir. Bu səbəb xalqa rəhbərlik edən liderin şəxsiyyətidir, ideallarıdır.
Bunun hansı birinin üstünlük qazanması xalqa rəhbərlik edən liderin fəhmindən asılıdır.
Ulu öndər Heydər Əliyev “qara qızıl”ı Azərbaycanın bəxtinə, qalibiyyətinə, inkişaf yoluna çevirdi!
İlham Əliyev bu yolun aydınlığında Azərbaycan xalqını milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə yetirdi!
***
“Əsrin müqaviləsi” bütün parametrlər üzrə Azərbaycanın qurtuluş, davamlı inkişaf və əbədi müstəqillik doktrinası idi. Azərbaycan keçmiş sovet məkanında Qərb şirkətləri ilə iri neft müqaviləsi imzalayan ilk dövlət olmaqla, Xəzər dənizi regionunda beynəlxalq əməkdaşlığın bünövrəsini qoymuş oldu. Bu mənada “Əsrin müqaviləsi” təkcə Azərbaycan üçün deyil, Qərb dövlətləri, habelə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyırdı. Ümumdünya neft sənayesi tarixində yeni bir mərhələ başlanırdı.
“Əsrin müqaviləsi” Azərbaycan xalqının rifahının yaxşılaşdırılması, firavanlığı, cəmiyyətdə demokratik normaların bərqərar olması, hüquqi dövlət quruculuğu istiqamətində yeni dövrün əsasını qoydu. “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başladı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi, eyni zamanda, Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması nümayiş etdirildi. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən dövlətlərlə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı.
Neft strategiyasının həyata keçirilməsinin ilk illərində əvvəlcə Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədi ilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək istismara verildi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi və bu kəmərlərlə neftin və qazın nəqlinin ildən-ilə genişlənməsi neft strategiyasının mühüm qələbəsi idi. Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlverişli imkan yarandı, eyni zamanda ölkənin tranzit potensialı bir neçə dəfə artdı. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi Azərbaycan, Gürcüstan, Türkiyə ilə Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkişafına təkan verildi.
***
“Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilə qədər uzadılması qərarı da Azərbaycanda və ümumən regionda yeni bir intibah mərhələsinin başlanğıcıdır. Bu, ilk növbədə dünyanın fövqəlgüclərinin, transmilli korporasiyaların Azərbaycanın etibarlı tərəfdaşlığına, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi kursun, Prezident İlham Əliyevin bu kursa uyğun olaraq həyata keçirdiyi məqsədyönlü siyasətin düzgünlüyünə verdikləri qiymət və dəstək nümayişidir.
Bu sazişlə Azərbaycan geosiyasi məkandakı yüksək statusunu, Avropanın enerji təhlükəsizliyinin təminatçısı statusunu qorumuş olur, davamlı inkişafın etibarlı əsaslarını formalaşdırır, beynəlxalq müttəfiqlərinin sayını artırır, ölkəmizin milli təhlükəsizliyinin təmin olunması, xarici təhdidlərin dəf edilməsi üçün yeni imkanlar qazanır. Azərbaycanın tranzit potensialı daha da genişlənir, yeni müqavilə ilə ümumən Şərqi Avropa, MDB, həmçinin Qərbi Asiya məkanının aparıcı iqtisadi-siyasi güclərindən biri kimi çıxış edən Azərbaycan həm geosiyasi mövqeyi, həm sosial-iqtisadi imkanları, ən əsası isə ordusunun qüdrəti ilə işğalçı Ermənistan üzərində yeni üstünlüklər qazanmaqla Dağlıq Qarabağ münaqişəsinin həllinə daha da yaxınlaşır.
Xarici sərmayədarlar tərəfindən bonus olaraq 3,6 milyard dollardan (6 milyard manatdan artıq) vəsaitin dövlət büdcəsinə ödənilməsi, yeni sazişdə SOCAR-ın payının 2,5 dəfə artırılaraq 25 faizə çatdırılması, Azərbaycana çatan mənfəət neftinin həcminin 75 faizə yüksəldilməsi ölkəmizdə illərdən bəri davam edən inkişaf tədbirlərinin yenə də əzmlə yerinə yetirilməsi, vətəndaşlarımızın sosial-rifah halının daha da yaxşılaşdırılması, ölkədə qeyri-neft sektorunun inkişafı üçün əlavə imkanlar deməkdir.
İndiyədək 436 milyon ton neft hasilatından 125 milyard dollar qazanan Azərbaycanın qarşıdakı illərdə hasil ediləcək 500 milyon tondan artıq neftdən 200 milyard dollara yaxın vəsait qazanacağı gözlənilir. İndiyədək bu yataqlara 33 milyard dollar sərmayə qoyulubsa, bundan sonrakı dövrdə daha 40 milyard dollar investisiya yatırılması planlaşdırılır. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məqsədilə həyata keçirilən layihələri və onların ilkin nəticələrini, ölkə rəhbərliyinin gələcəyə baxışını, aparılan davamlı islahatları nəzərə alsaq, bütün bu iqtisadi imkanlar hesabına 30 il sonrakı Azərbaycan dövlətinin qüdrətini, cəmiyyətimizdəki inkişaf gözləntilərini təsəvvür etmək çətin olmaz.
XXI əsrin müqaviləsi, bu müqavilənin yaratdığı perspektivlər təkcə Azərbaycanın deyil, mahiyyət etibarilə ümumilikdə bəşəriyyətin faydasına olan tarixi sənəddir. Bu o deməkdir ki, son onilliklərdə bütün bəşəriyyət üçün mədəniyyətlərin dialoqu məkanına, tolerantlıq nümunəsinə çevrilən, xalqların bir-birinə yaxınlaşması, sevgi və hüzur içində yaşaması, bütün dünyada sülhün, sabitliyin bərqərar olması üçün çalışan Azərbaycan bəşəriyyətin xilası naminə tarixi missiyasını yenə də şərəflə davam etdirəcək.
Prezident İlham Əliyevin dəstəyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gərgin zəhməti sayəsində bu istiqamətdə dünyaya böyük nailiyyətlər bəxş etmiş Azərbaycan ölkəmizin gələcəyinə olan inamın gücü, sarsılmaz ruhu ilə növbəti onilliklərdə bu töhfələrin sırasını qat-qat genişləndirəcək.
Nə zamansa gələcək nəsillər indiki günlərimizdə baş verənləri sadəcə bir tarix kimi oxuyacaqlar. Onlara elə gələcək ki, bütün bunlar çox asan, rahatlıqla əldə olunub. Necə ki, “Əsrin müqaviləsi”nin 23 illik çətin və şərəfli tarixi haqqında danışmaq indi bizə rahatdır.
Gələcək nəsillərə bu rahatlığı, bu əminliyi bəxş etmək, indikindən də böyük hədəfləri görüb ona can atmaqdan ötrü onların yoluna işıq salmaq bizim zamandakı ən böyük uğurumuzdur.
Bu uğuru yaratmaq bir xalqın möhtəşəm tarixidir.
Bu uğuru yaşamaq bir xalqın nurlu taleyidir.
Bu tarixi, bu taleyi duyub hiss etmək bir xalqın xoşbəxtliyidir...
HüseynbalaMİRƏLƏMOV,
Milli Məclisin deputatı, yazıçı-dramaturq
"Azərbaycan" qəzeti, 20.09.2017