Həyatın mənası — mənəviyyatdır.
Heydər Əliyev
Azərbaycan bəşər mədəniyyətinin yaranmasında və tərəqqisində mühüm yeri və əhəmiyyətli payı olan sonsuz gözəlliklərə, ecazkar və təkrarsız təbiətə, iqdisadi potensiala malik bir ölkədir. Hazırda respublikamız dünyanın ən böyük enerji layihələrinin həyata keçirildiyi bir ölkə kimi nəinki özünün, eyni zamanda daxil olduğu Qafqaz və Xəzər regionunun dünya birliyinə inteqrasiyasında mühüm rol oynayır. Bu gün Azərbaycan dünyaya işiq bəxş edən müqəddəs bir məkandır. Xəzər dənizindən Avropaya uzanan neft kəmərləri dünyaya işıq, nur daşıyır.
Qlobal siyasətdə dünyanın ən önəmli geopolitik mərkəzlərindən biri hesab olunan qədim Odlar Yurdu dünya birliyinə təkcə maddi sərvətləri ilə deyil, həm də zəngin mənəvi sərvətləri ilə inteqrasiya olunmaqdadır. Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan və onun paytaxtı Bakı bir çox dövrlərdə milli mədəniyyətin klassik nümunələri ilə dünya mədəni irsinə layiqli töhfələr vermişdir. Bu proses indi də davam edir.
Bu gün Bakı Şərqin bütün gözəlliklərini özündə əks etdirən Qərb şəhəri kimi, yaxud da Qərb cazibəsini özündə əks etdirən Şərq paytaxtı kimi qəbul olunur. Təsadüfi deyil ki, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Həmin ilin martında Bakıda keçirilən «Muğam aləmi» I Beynəlxalq Muğam Festifalı bu klassik sənətin müasir ifaçılarını bir araya gətirmiş, Şərq və Qərb mədəniyyətlərinin təmasında mühüm hadisə olmuşdur.
Ötən il Bakıda Mədəniyyətlərarası dialoqa həsr olunmuş ümumdünya forumunda Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ildə Azərbaycanın qədim şəhəri Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsinin gözlənildiyini qeyd edərək demişdir: «Müsəlman ölkələri arasında Azərbaycan bir çox uğurlara imza atıb. Azərbaycan qadınları müsəlman Şərqində ilk dəfə səsvermə əldə edib. Azərbaycan ilk dəfə səsvermə hüququnu tanıyan ölkədir. Şərqin ilk operası Azərbaycanda yazılıb. Azərbaycan həmçinin müəyyən mədəni və siyasi ilklərə imza atmış ölkədir. Azərbaycan həm də Avropa Şurasının üzvüdür. Bu onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqların keçirilməsi ilə Qərblə Şərqi, iki sivilizasiyanı birləşdirə biləcək ölkələrdən biridir».
***
…Azərbaycan hələ müharibədən çıxmayıb, hələ də gözəl təbiət guşələri ilə zəngin torpaqlarımız işğal altındadır. Ancaq hamımızda bir əminlik var ki, torpaqlarımızi erməni faşistlərinin işğalından azad edəcəyik. Bu inamı bizə mənəvi gücümüz, iqtisadi potensialımız diktə edir. Lakin ən təhlükəli müharibə mənəviyyatda gedən müharibədir. Biz yad təsirlərin mənəvi işğalına məruz qalmamalıyıq. Mənəviyyat dedikdə, ilk növbədə insanın və cəmiyyətin mənəvi dəyərləri və ənənələri, dini baxışları, vətənpərvərliyi və qeyri-maddi mədəniyyətə münasibəti başa düşülür.
Azərbaycan müsəlman ölkəsidir. Çox təəssüf ki, son vaxtlar bəzi dövlətlərdə «müsəlman», «İslam» terminlərini mənfi mənada işlədirlər. Bu onu göstərir ki, cəmiyyətdə və beynəlxalq aləmdə mənəvi ekoloji tarazlıq pozulmuşdur.
Mənəviyyatın ekologiyası insanın şəxsiyyət kimi formalaşmasına son dərəcədə təsir edir.
Azərbaycan İpək yolunun üstündədir. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və iradəsi sayəsində tarixi İpək yolunun bərpası ideyası reallığa çevrildi. 2020-ci ilədək Böyük İpək yolu dünyanın bütün turistlərinin üçdə birini qəbul edə bilən marşruta çevriləcəkdir. Demək, ölkəmiz təkcə coğrafiyasına görə deyil, həm də mədəniyyət və düşüncə aktuallığına görə Şərqlə Qərb sivilizasiyalarının ortaq məkanı, vəhdət ərazisidir.
Burada bir faktı da danmaq olmaz ki, İpək yolu ilə Azərbaycan iqdisadiyyatının dirçəlişinə təkan verəcək imkanlarla yanaşı, elə bu yolla da mənəviyyatımıza yad təsirlərin, daha qorxulu meyillərin ayaq açması da qaçılmazdır…
Sağlam mədəni-mənəvi mühit formalaşdırmaq və onu qoruyub saxlamaq qloballaşma şəraitində heç də asan məsələ deyil. Azadlıq və demokratiya adı altında böhtana və şantaja rəvac verənlər unutmamalıdırlar ki, cəmiyyət gec-tez ağı qaradan seçə bilir.
Mənəviyyatımızı işğal etməkdə olan yabançı mənəvi meyillər Qarabağ müharibəsinin vurduğu zərbədən daha təhlükəli ola bilər. Ona görə də mənəviyyat ekologiyasının qorunması müasir dövrün ən qlobal problemlərindən biridir. Bayağı mədəniyyətlərin ayaq açıb yeridiyi, xarici ölkələrdən milli-mənəvi mühitimizə yabançı olan təsirlərin gücləndiyi bir vaxtda sosial-mənəvi ekologiyanın problemlərini öyrənmək və lazım gəldikdə həyəcan təbili çalmaq lazımdır.
…İstər qədim Azərbaycan eposlarında, istərsə müasir ədəbiyyat nümunələrində dərin əxlaqi-mənəvi keyfiyyətlər dönə-dönə tərənnüm edilir, böyük insani nəsihətlər verilir, özünü cəmiyyətdə aparma qaydaları göstərilir. «Kitabi-Dədə Qorqud», dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin «Sirlər xəzinəsi», «İsgəndərnamə»si, məşhur astronom və filosof Nəsirəddin Tusinin «Əxlaqi-Nasiri», İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin əsərlərində söylənilən dərin etik fikirlər etik təfəkkürün, əxlaqi-mənəvi dayaqların o dövrlərdə və sonrakı zamanlarda da cəmiyyətdə möhkəmlənməsinə xidmət göstərmişdir. Bədii və müdrik sözün qüdrətiylə təsdiq etmişlər ki, uğurlu gələcəyin yolu mənəvi mədəniyyətdən, bilik, elm və yaxşı tərbiyədən keçir.
***
Mənəviyyatın ekologiyası həm də bəşəri problemdir.
Azadlıq və demokratiya adı altında həqiqətin tam inkarına rəvac verənlər abır-həya etmədən özlərinin kimliyini unudurlar. «Həyanın ən yüksək zirvəsi insanın özü-özündən həya etməsidir» (Əli ibn Əbu Talib). Ən dəhşətlisi budur ki, belələri xalqlar arasında mənəvi ekologiyaya ziyan vururlar. Misal üçün götürək elə Fransa Senatının qondarma erməni soyqrımını inkar edənlərə tətbiq etdiyi qanunu. Bu qanunun yalnız Türkiyəyə və ya türk dünyasına şamil olunduğunu düşünənlər kökündən yanılırlar. Çünki bu başdansovdu qərar hər şeydən öncə «iradə azadlığı cinayətdir» fikrinə əsas verir. Məntiqlə belə çıxır ki, ilk növbədə Fransa parlamentində bu qanunun əleyhinə olan 70-dən çox deputat cəzalanmalıdır. Bu düşünülməmiş və gülünc addım — Qərbi Avropada Azadlıq və demokratiya çarçısı olan bütün dövlətlərin mənəvi aləmi haqqında formal təsəvvür yaratmağa əsas verir. Ona görə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, ATƏT-in və Avropa Birliyinin bu məsələ ilə ələqadər təşkilatlarının Fransa Senatının qərarı ilə bağlı vaxtında reaksiya verməməsi və obyektiv mövqelərini bildirməməsi yolverilməz haldır.
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapıbdır. İslam etikanı çox yüksəkliklərə qaldırır, insanların yaşam tərzinin, belə demək mümkündürsə, mənəviyyat ekologiyasının bir sıra vacib prinsip və qaydalarını irəli sürür və təbliğ edir. Bar verən ağacı kəsmək, insan qanını tökmək ən böyük günahdır.
Babalarımızın bizə ötürdüyü milli-mənəvi dəyərlərin çoxu İslamdan götürülüb və İslam da sonuncu din, Quran isə sonuncu səmavi kitab olduğundan, İslam dini və Quranla gələnlər dünyanın sonuna kimi öz müasirliyini itirməyəcəkdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirlərindən: «Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət-ənənələrimizdir. Bu, bizim milli əxlaqi mentalitetimizdir. Bu, bizim bütün başqa mənəvi dəyərlərimizdir».
Milli-mənəvi dəyərlər adət-ənənələrlə nəsildən-nəslə ötürülən yazılmamış qayda-qanunlardır, onların mənfi ünsürlərdən qorunması və təbliğində yaradıcı insanların rolunu ulu öndər hələ sovet dönəmində yüksək qiymətləndirirdi.
Heydər Əliyevin fəaliyyətində milli tarixə, mədəni irsə qayğı, xalqın milli ruhunun, qan yaddaşının dirçəldilməsi mühüm yer tuturdu. Məhz ümummilli lider Heydər Əliyevin himayəsi sayəsində xalqımızın tarixi qəhrəmanlıq keçmişini əks etdirən filmlər kinomuzun əsas mövzusu oldu. «Nəsimi», «Babək», «Dəli Kür» kimi filmlər gəncliyin milli ruhda tərbiyəsində və sonralar kütləvi surətdə müstəqillik hərəkatına qoşulmasında böyük rol oynadı.
Ulu öndər milli kökə bağlı Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, İsa Hüseynov, Anar, Elçin kimi istedadlı sənətkarları daim himayə edirdi. Belə sənətkarlar ədəbiyyatın milli varlığımızla, dəyərlərimizlə bağlı mövzularını uğurla işləyib inkişaf etdirirdilər. Ulu öndər deyirdi: «Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz».
Mənəviyyat ailə, cəmiyyət, maariflənmə, məfkurəçilik əxlaqi, ictimai-siyasi və vətənpərvərlik işi vasitəsilə əldə edilir. Vətənpərvərlik insanın öz vətəninə sevgi və sədaqətindən, onun tarixi, milli və mədəni dəyərləri üçün qürur hissi keçirməkdən, doğma vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir.
Hər bir xalq milli-mənəvi dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir.
Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan ulu öndər deyirdi: «Bizim hamımızın bir vətəni var — bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır».
***
Mənəvi ekoloji problemlər ictimai mühitin əhval-ruhiyyəsinə, cəmiyyətin maddi-mənəvi sərvətinə, eləcə də dövlətin və beynəlxalq aləmin müvafiq qurumlarının fəaliyyətinə maneələr yaradır.
Bəşər həyatı və insanın mədəni səviyyəsi onun həyat təhlükəsizliyi ilə ölçülür, siyasi güc, mövqe və sərvət sahibi olmaq insan zəkasını korşaltmamalıdır. Bəşər oğlu ağıl və mühakimə işığıyla hərəkət etməlidir.
Mənəvi mədəniyyətin dialektikası mənəvi istehsalın xüsusiyyəti ilə sıx bağlıdır. Yaşadığımız dövrdə dünyadakı iqdisadi böhranların səbəbi, əslində, həm də mənəvi ekoloji problemlərlə bağlıdır. Dünyanın bir tərəfində bazarlar vaxtı keçmiş yeyinti məhsulları ilə tığ vurduğu halda, o biri tərəfində milyonlarla insan açlıqdan və susuzluqdan əziyyət çəkir. Lokal və qlobal ekoloji tarazlığın pozulması ifrat istehsal və istehlakın insanın maddi və mənəvi tələbatından artıq olması və s. dünyanı narahat edir.
Mənəviyyatın ekologiyası ilk növbədə dünya həyatında harmoniyanın bərpası üçün lazımdır.
XXI əsr xalqların, sivilizasiyaların, fərqli mədəniyyətlərin bir-biri ilə qovuşacağı əsr hesab olunur. Qlobal sivilizasiyaya doğru dünya inkişafı prosesində milli dövlətlərin rolunun azalması deyil, əksinə, artması və güclənməsi bu inkişafı bütün istiqamətlərdə təmin edən tendensiyadır.
Xalqları tanıdaraq məşhurlaşdıran həm də onların milli mədəniyyəti, milli-mənəvi dəyərləridir. Qloballaşma tendensiyasının eyni zamanda xalqların milli-mənəvi dəyərlər sisteminə yönəlmiş təhdidləri şəraitində bu məsələlərə əvvəlkindən daha da çox diqqət yetirilməsinin vacibliyi ortaya çıxır. Azərbaycanda bu reallıq nəzərə alınmaqla ölkədə uğurla gerçəkləşdirilən mədəniyyət konsepsiyası təkcə paytaxt Bakıda deyil, ümumən regionlarda da mənəvi-intellektual yüksəlişi təmin edir…
Nailiyyətlərlə yanaşı, mənəviyyat ekologiyası sahəsində ölkəmizin qarşısında mühüm vəzifələr durur. İnsan mənəviyyatının formalaşması isə onun ətraf mühitə münasibətini müəyyən edir…
Ulu öndər Heydər Əliyev deyirdi: «İndi Azərbaycan müstəqil dövlətdir, öz taleyini özü həll edir. Bundan sonra biz heç vaxt imkan verməyəcəyik ki, yadellilər, dinimizə, imanımıza, mənəviyyatımıza zidd olan hansısa qüvvələr gəlib bizə hakim olsunlar və mənəvi dəyərlərimizə yenidən xəsarət yetirsinlər».
Bu gün Qərbi Avropanın bir çox üstünlükləri var ki, biz ondan yaxşı mənada bəhrələnməliyik. Müasir qloballaşma dövründə ölkəmizdə elmi-texniki tərəqqi, iqtisadi yüksəliş, siyasi sabitlik, milli-mənəvi dəyərlərimizə dövlət qayğısı və bu qəbildən olan fundamental layihələrin mərhələ-mərhələ həyata keçirilməsi çağdaş və gələcək Azərbaycanın obrazını görmək üçün nikbinliyə inandırıcı əsas yaradır…
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan dünya birliyinə təkcə maddi sərvətləri ilə deyil, həm də zəngin mənəvi sərvətləri ilə inteqrasiya olunur. Bu yol ən düzgün seçimdir.
Azərbaycanın gələcək obrazını bunlarsız təsəvvür etmək mümkün deyil. Qloballaşma dövrü təkcə indinin deyil, həm də sabahın tələbidir…
«Müasirlik, yenilik və eyni zamanda, milli dəyərlərə, milli köklərə bağlılıq — bugünkü Azərbaycanı təsvir edən bu ideya artıq hamıya bəllidir. Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin — zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq». Bu fikirləri bəyan edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmiz böyük inkişaf yolu keçmış, mühüm tarixi epoxaya, öz inkişafının ən yeni mərhələsinə qədəm qoymuşdur. Məhz dövlət başçısının həm Şərq, həm də Qərb dövlətləri ilə apardığı uğurlu siyasət mədəniyyət sahəsində qlobal əməkdaşlığa və dinamik inkişafa, mədəni əlaqələrin dərinləşməsinə imkanlar yaradır.
Prezident İlham Əliyev bununla bağlı demişdir: «…Dünyada baş verən proseslər bir-biri ilə çox bağlıdır. Bu, reallıqdır və onu nəzərdən qaçırmaq olmaz. Bəli, reallıqları biz mütləq nəzərə almalıyıq, lakin öz taleyimizi özümüz təyin edirik. Azərbaycan müstəqil dövlətdir.»
Və ya: «Azərbaycan dünya birliyinin dəyərli üzvünə çevrilmişdir. Biz öz təbliğat işimizi daha da səmərəli qurmalıyıq. Bu işləri informasiya-kommunikasiya texnologiyaları, internet vasitəsilə daha fəal şəkildə görmək lazımdır. Biz gərək bu fəaliyyəti birgə aparaq».
Dünyadakı qlobal inteqrasiya prosesində hər bir ölkə üçün tarixi dəyərlərin, mədəni zənginliyin qorunması və inkişafını təmin edən mühüm şərt güclü milli ideyanın mövcudluğudur. Bu baxımdan Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideyası təşkil edir.
Azərbaycan mədəniyyətinin inkişafına dövlətimiz xüsusi qayğı göstərir. Prezident fərmanı ilə Azərbaycan klassik ədəbiyyatının — ölkəmizin mənəvi sərvətlərinin yeni əlifba ilə nəşr edilib xalqa çatdırılması bu sərvətlərin qorunması naminə ən uğurlu addaımlardan biri oldu.
2010-cu il martın 21-i BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Novruz Günü elan edilmişdir. Novruz beynəlxalq bayram statusu əldə etməklə bütün ölkələrin və xalqların birləşməsinə, mədəniyyətlərarası dialoqa və anlayışa təşviq edilməsinə, dünyada sülhün və əmin-amanlığın gücləndirilməsinə səbəb olmuşdur.
Azərbaycan Prezidenti ölkəmizin dünyaya inteqrasiyasında ilk növbədə kadrlara önəm verir: «İnsan vətənpərvər ola bilər və olmalıdır. Lakin onun bilikləri və peşəkarlığı lazımi səviyyədə olmaya da bilər. Bu halda onun vətənə sədaqəti bizi tam qane edə bilməz. Peşəkarlıq, vətənə sədaqət və yüksək insani keyfiyyətlər bir-birini qarşılıqlı tamamlamalıdır».
Bu fikirlər gələcəyin qurulmasına istiqamətlənən və ölkəmizin indiki vəziyyətində hər bir vətəndaşın mənəvi borcu, böyük əhəmiyyətə malik milli vəzifəsi olduğundan soraq verir…
Azərbaycanın indiki nəsli qarşıda duran yeni vəzifələrin həlli üçün səfərbər olaraq, XXI yüzilliyin son 8 ilini nailiyyətlər ili kimi tarixin yaddaşına yazıb. Bu uğurlu nailiyyətlərin önündə cənab Prezidentin milli lider obrazı dayanır. Müstəqilliyimizin bərpasından sonra qət edilən 20 ilin hər 10 ilində iki tarixi şəxs — ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev — tariximizə uğurlu səhifələr yazan, Azərbaycan dövlətini güclü edən və dünyaya tanıdan milli siyasi liderlərdir.
Sivilizasiyaların salnamələrində elə adlar var ki, dünəndən bugünə işıq salır, İNSAN xəyalında müdriklərin, qəhrəmanların obrazını canlandırır. Azman hadisələrin iştirakçısı olan insan öz əməlləri ilə gələcək nəsillərin yaddaşına köçür.
Ümumi qənaətə görə, məhz XX əsrdə «dövlət» və «şəxsiyyət» anlayışları bir simada — «milli lider» simasında cəmlənmiş və həmin əsr tarixə dünya şöhrətli liderlər bəxş etmişdir. Və bu gün qətiyyətlə deyə bilərik ki, milli dövlət və milli lider yeni epoxanın fenomenidir.
Hər bir xalqın mənəvi-əxlaqi dəyərlərini qoruyaraq gələcək nəsillərə ötürmək fenomen şəxsiyyətlərin üzərinə düşür. Azərbaycanda bu ağır və taleyüklü missiyanı ulu öndər Heydər Əliyev öz üzərinə götürmüşdü.
Şəxsiyyətin miqyasını müəyyənləşdirən, onun böyüklüyündən xəbər verən nədir? Yüksək ideallara ləyaqətlə xidmət, özünüdərk, həyat eşqi, iradə, müdriklik və cəsarət.
Qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə üzləşdiyi məqamlarda Heydər Əliyev qətiyyətli bir lider kimi mövqeyini ortaya qoyurdu. Ulu öndərin milli-mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi «Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir» bəyanatı problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının münasibəti idi.
Ulu öndər Heydər Əliyev kosmopolitizm ideyalarının zehinlərə zorla yeridildiyi bir dövrdə milli məfkurənin qorunub saxlanılması, habelə azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də bir sıra mühüm işlər həyata keçirmişdir.
«Mən fəxr edirəm ki, azərbaycanlıyam!» deyən ulu öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu. Ümummilli lider xalqın milli-mənəvi dəyərlər sistemində ailənin rolunu daim müstəsna dəyərləndirirdi.
Ümummilli liderimizin yaddaşlara əbədi həkk olan aşağıdakı tövsiyəsi hamımız üçün — dünya azərbaycanlıları üçün əməli fəalliyət kredosudur: «Hər bir azərbaycanlı mənsubiyyətinə görə qürur keçirməlidir və biz azərbaycançılığı — Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq».
Heydər Əliyev azərbaycançılığı milli bir ideologiya kimi irəli sürərək mədəniyyətimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın — dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.
Azərbaycanın ictimai-siyasi, mədəni həyatında ulu öndər Heydər Əliyevin mənəvi irsinə arxalanmaqla, bu irsə sahib olmaqla müasir gənc nəsil bugünlə gələcəyin arasında etibarlı mənəviyyat körpüsünün qurucularıdır.
***
Son 9 il ərzində respublikamızda görülən qlobal işlər, milli mədəniyyətin qorunması və dirçəldilməsi istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr mənəviyyat məsələlərinə çox dəyərli töhfələr vermişdir.
Hələ 1996-cı ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış Azərbaycan Mədəniyyətinin Dostları Fondu xalqımızın mədəni irsinin bütün dünyada təbliğinə, qiymətli incəsənət abidələrinin qorunmasına xidmət etmişdir. Ümummilli liderimizin mənalı ömür yolunun əsas qayəsinə çevrilmiş, onun humanizm və xeyirxahlıq fəlsəfəsini mənəvi miras kimi qəbul edən Fond bu əzəmətli İRSin layiqli davamçısı olduğunu özünün çoxşaxəli fəaliyyətiylə təsdiqləyir. Heydər Əliyev Fondunun həyata keçirdiyi ekoloji layihələrin miqyası da böyükdür.
Hər bir xalqın tarixi baxımdan yetkinləşməsində dövlətçilik ənənələri ilə yanaşı, zəngin milli-mənəvi irsi, mütərəqqi dəyərləri mühüm rol oynayır. Mehriban xanım Əliyevanın Azərbaycan mədəni irsinin, muğamının dünyada təbliği işinə də verdiyi töhfələrin əhəmiyyəti danılmazdır. Bunun nəticəsi olaraq 2003-cü ildə Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin şifahi və qeyri-maddi mənəvi irsinin şah əsərləri siyahısına daxil edilməsi Azərbaycan mədəniyyəti üçün həqiqətən də tarixi bir hadisə oldu. Öz çıxışlarında mədəniyyətimizin yad təsirlərdən qorunması üçün ilk növbədə milli-mənəvi və əxlaqi dəyərlərin cəmiyyətdə tam bərqərar olmasına, ictimai şüurda möhkəmlənməsinə böyük önəm verən UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva muğam barədə belə deyir: «Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir».
Azərbaycan dünyada muğam operası, simfonik muğam, hətta caz-muğam yaratmış yeganə ölkədir. Milli musiqimiz xarici dövlətlərdə təmsil olunmaqla bərabər, UNESCO-nun xətti ilə geniş məkanlara yol açdı. Son vaxtlarda həyata keçirilən layihələr, milli musiqimizin, mənəvi dəyərlərimizin inkişafı istiqamətinə yönəlmişdir. «Muğam ensiklopediyası»nın, «Muğam antologiyası»nın hazırlanması milli musiqimizə maraq hissini çox artırmışdır.
Ötən il ölkəmiz dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyini qeyd etmişdir. Bu əlamətdar tarix geriyə nəzər salmağa, keçilmiş yolu təhlil etməyə və təbii ki, gələcək barədə düşünməyə imkan verir.
Bununla əlaqədar Heydər Əliyev Fondu Avropa ölkələrinin paytaxtlarında, sözün əsl mənasında, silsilə tədbirlər keçirmişdir. Londonda, Parisdə, Moskvada, Berlində, Romada və Vatikanda konsertlər, sərgilər, qədim Azərbaycanın tarixinə və mədəniyyətinə, Azərbaycan xalqının müasir incəsənətinə və bənzərsizliyinə həsr edilmiş təqdimat mərasimləri təşkil olunmuşdur.
Xalqımızin sülhə, barışa, xeyirxahlığa sevgisini sönməz məşəl kimi qitədən-qitəyə daşıyan musiqimiz ecazkar mənəvi gücə malikdir. Bu il isə Avropanın ən böyük musiqi yarışması olan «Eurovision-2012″ müsabiqəsinin məşəli Bakıda alovlanacaq. Yarışmanın loqosunda təcəssüm olunan buta şəkilli alov dilimləri təsadüfi seçilməyib. «Buta» sanskrit dilində (hind-Avropa dilləri qrupuna aid olan hind-İran qoluna bağlı ən klassik ədəbiyyat və dini dil) «od» deməkdir. Yəni bu gün Azərbaycan dilində ən çox işlənən «buta» sözünün bir anlamı da «od» deməkdir. Od-işıq Azərbaycanın haqdan yanan nurudur… Odlar Yurdunun keçmişini və indiki məqamını əks etdirən od, alov ritmi ilə Azərbaycan Ruhu, azərbaycancılıq məfkurəsi dünyanı fəth edir. Bu gün musiqi mənəviyyat ekologiyasına ən çox xidmət edən və bəşər mədəniyyətlərini bir araya gətirən gözəl vasitədir.
***
Qədim müdrik kəlamların birində deyildiyi kimi: «Biz bu gün öz sabahımız ilə məşğul olmasaq, bu işi bizim yerimizə zaman görəcək. Zaman isə bizim xeyrimizə işləyəcəkmi?»
Təsadüfi deyil ki, bütün zamanlarda cəmiyyət həyatına istənilən uğuru və yeniliyi onun ən dinamik, çevik, novator təbəqəsi sayılan gənclər gətirir. Bu baxımdan dövlətimizin gənclər siyasəti Azərbaycanın parlaq gələcəyinin təminatıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: «Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir» fikri həm də müasir gəncliyin vətənpərvərlik, azərbaycançılıq, dünyəvilik prinsipləri əsasında tərbiyə olunmasına çağırışdır.
…Müasir insanın formalaşması və özünütəsdiqi məhz milli-mənəvi dəyərlərin aşılanması prosesi ilə bağlıdır. Və sonda nikbinliklə düşünürəm ki, gələcəyin parlaq obrazı ən çox mənəviyyatın ekologiyasından bəhrələnəcək. Çünki epiqrafda deyildiyi kimi, həyatın mənası — mənəviyyatdır. Mənəviyyatın ekologiyası həm də sülhün, təhlükəsizliyin təməlidir və eyni zamanda dünya həyatında harmoniyanın bərpası üçün önəmlidir.
Məhz bu vəzifələrin həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan 2020: gələcəyə baxış» inkişaf konsepsiyası ilk növbədə iqtisadiyyatın və sosial-siyasi sahələrin keyfiyyət transformasiyasının təmin edilməsi məqsədini daşıyır.
Prezidentin bəyan etdiyi «qara qızılın insan kapitalına çevrilməsi» tezisinə əsasən, maddi resurslarımız intellektual kapital, ideya və innovasiya resursları ilə əvəzlənir…
Bəli, işıqlı sabahlara gedən uğurlu yollar bugündən başlayır… — müasir inkişafın hədəfində xəyal kimi deyil, gerçəkliyi real boyalarla əks etdirən Yeni Azərbaycan zirvəsindən gözəl ştrixləri, cazibədar çizgiləri ilə apaydın görünür. Qədim «Avesta»da Zərdüşt buyurur: «Təkcə bir yol var, bu, həqiqət yoludur, başqa yollar yolsuzluqdur». Azərbaycanın da öz yolu var — inkişaf yolu!
Bu yol həm də Heydər Əliyev yoludur!..
05.05.2012