Parlament seçkiləri Azərbaycan xalqının hakimiyyətə sarsılmaz etimadını növbəti dəfə nümayiş etdirəcək

 

 

Ötən dövrlərdə olduğu kimi 2015-ci ilin geridə qoyduğumuz ayları da respublikamızın sosial-iqtisadi həyatı üçün əlamətdar oldu. Beynəlxalq maliyyə və iqtisadi böhranın davam etməsi, dərinləşməsi fonunda həyata keçirilən düzgün iqtisadi siyasətin nəticəsi olaraq sosial-iqtisadi inkişafımızda uğur göstəriciləri əldə edildi. Bu dövrdə iqtisadiyyatın 6 faiz, qeyri-neft sektorunun isə 9,2 faizlik artımı iqtisadi böhranın hazırda bütün dünyanı cənginə aldığı, neftin qiymətinin kəskin ucuzlaşdığı bir ərəfədə əksər dövlətlərin həsəd aparacağı nailiyyətdir. Nəzərdə tutulan bütün iqtisadi və sosial proqramların icrası davam etdirildi, qonşu dövlətlərdə olduğu kimi heç nə ixtisar edilmədi, təxirə salınmadı. Bu baxımdan sosial-iqtisadi və digər sahələrin xoş mənzərəsi 2015-ci ili nikbin notlar üzərində başa vuracağımızı şərtləndirir. Digər tərəfdən davamlı inkişaf bütün sferaların yüksəlişinə təkan verdiyi kimi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsinə də təsirsiz ötüşmədi.
Bu mənada 2015-ci il Azərbaycanın siyasi həyatı baxımından da əlamətdardır. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətin ən parlaq nəticələrindən biri ondan ibarətdir ki, il ərzində Azərbaycana qarşı Qərb ölkələri, bir sıra xarici siyasi dairələr, onların maraqlarına xidmət edən təşkilatlar tərəfindən aparılan qara piara, ölkəmizə qarayaxma cəhdlərinə baxmayaraq respublikamız sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkə olduğunu nümayiş etdirdi. Bəli, müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti məhz həyata keçirilən müstəqil siyasətimizdən qaynaqlanır. 
Ayrı-ayrı dövlətlərin, siyasətçilərin “demokratiya çətiri” altında çirkin və xəbis niyyətlərlə Azərbaycana qarşı səsləndirdikləri bəyanatlar, qəbul etdikləri kağız parçaları, hər dəfə respublikamızın beynəlxalq uğuru ərəfəsində mətbuat vasitəsilə başlatdıqları riyakar kampaniya ilə Azərbaycanı öz yolundan döndərmək cəhdləri əbəsdir. Azərbaycan müstəqil bir dövlət kimi sözün əsl mənasında müstəqil olduğunu, öz siyasətini xarici diktələrin təsiri altında qurmadığını çoxdan təsdiq edib. Son illərdə qazanılmış tarixi nailiyyətlərimiz, insanlarımızın gündən-günə yaxşılaşan rifah halı və üzərimizə yönələn hər cür xarici təhdidlər qarşısındakı dövlətçilik əzəməti Azərbaycanın sözdə yox, əməldə özünü göstərən müstəqilliyinin təsdiqidir.
2015-ci il Azərbaycanın siyasi həyatı üçün həm də ona görə əlamətdardır ki, iki ay sonra respublikamızda növbəti parlament seçkiləri keçiriləcək. Tarixi təcrübə göstərir ki, hər bir dövlətin mütərəqqi inkişafı müxtəlif amillərlə yanaşı həm də demokratik seçkilərdən asılıdır. Fərəhli haldır ki, müstəqillik dövründə dünyanın demokratik dəyərlərini tam mənimsəyən Azərbaycan Respublikasında seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi ənənəsi formalaşıb. Bu ənənənin müəllifi xalqımızın ulu öndəri Heydər Əliyevdir. Heydər Əliyevin zəhməti sayəsində 1993-cü ildən etibarən respublikamızda demokratik seçkilərin keçirilməsi üçün son dərəcə zəruri sayılan ictimai-siyasi sabitlik təmin edilib, Azərbaycanın demokratik dünyaya inteqrasiyasının əsası qoyulub, o cümlədən beynəlxalq təcrübəyə söykənən mütərəqqi, hüquqi seçki qanunvericiliyi bazası yaradılıb.
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməklə respublikamızı dinamik inkişaf yoluna çıxaran Prezident İlham Əliyev həyata keçirdiyi siyasi xətlə cəmiyyətimizdə demokratik ənənələri daha da möhkəmləndirib. Bunun bariz göstəricilərindən biri seçkilərin azad və şəffaf keçirilməsi üçün seçki sisteminin daha da təkmilləşidirilməsi istiqamətində mühüm işlərin həyata keçirilməsi, səsvermə günü seçki məntəqələrində veb-kameraların quraşdırılması, bütün dairə seçki komissiyalarının yeni inzibati binalarla və müasir zəruri texniki vasitələrlə təmin olunması, seçki qanunvericiliyinin daha da təkmilləşdirilməsidir. Xatırladaq ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda 5 prezident, 4 parlament və 4 bələdiyyə seçkisi keçirilib. Bütün bu seçkilərə dair beynəlxalq təşkilatların verdikləri müsbət rəylər onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə vətəndaşların siyasi şüuru, seçki mədəniyyəti daha da yüksəlib.
Ümumiyyətlə, seçkilər hər bir ölkənin həyatında mühüm siyasi hadisə olduğu qədər, həm də hər bir siyasi partiyanın dövlət və xalq qarşısında hesabatı və imtahanıdır. Tarixboyu dövlət və cəmiyyət həyatında müəyyən rol oynayan, demokratik, hüquqi, dünyəvi dövlətçiliyin əsas atributlarından sayılan siyasi partiyalar, adətən, obyektiv zərurətdən və milli tələbatdan yaranmışlar. Ona görə hər bir sivil cəmiyyətdə geniş əhali kütləsinin, ümumən cəmiyyət üzvlərinin ictimai-siyasi həyatda iştirakı məhz partiyalar vasitəsilə reallaşır. Fərdlər ayrı-ayrı siyasi qurumlarda birləşərək konkret məqsəd və vəzifələri, müəyyən konsepsiya və ideologiyanı həyata keçirməyə çalışırlar. 
Siyasi partiyalar tarixinin tədqiqi həm də onu göstərir ki, xalq və dövlət maraqlarını özünün praktik fəaliyyətində ifadə etməyən təşkilatların mövcudluğu çox da uzun çəkmir. Cəmiyyətin ayrılıqda götürülmüş bir təbəqəsinin və yaxud sosial qrupunun mənafe və maraqlarını qoruyan siyasi təşkilatın, həmçinin ictimai qurumun xalqı, milləti öz arxasınca apara bilməsi də həmişə mümkün deyildir. Digər tərəfdən, ayrı-ayrı ölkələrin siyasi tarixindən bəlli olduğu kimi, müxtəlif dəbdəbəli adlar, cəlbedici proqramlar, şüarlar irəli sürən, xalqı, ölkəni irəli aparacaqlarını vəd edən partiyalar bəzən qısa zamanda siyasi səhnədən silinib gedirlər. Partiyanın siyasi cəhətdən təşkilatlanaraq monolit qüvvəyə çevrilmək, xalqa xidmət etmək, ölkənin inkişafına nail olmaq əzmi isə onun ideoloji-siyasi kursunun bütövlükdə cəmiyyətin maraqlarına cavab verməsi ilə şərtlənir. 
22 ildir Azərbaycan siyasətinin avanqardı olan Yeni Azərbaycan Partiyasının respublikamızın hakim partiyası statusunu ləyaqətlə və uğurla daşımasını şərtləndirən əsas səbəb də məhz onun ideoloji-siyasi kursunun dövlətin və xalqın maraqlarına cavab verməsidir. 
***
Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən YAP-ın yaranması da tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu obyektiv şəraitdən irəli gəlmişdir. Ulu öndər Heydər Əliyev ideyalarının daşıyıcısı olan bir partiyanın siyasi səhnəyə vəsiqə alması həm də 1988-ci ildən başlayaraq respublikada cərəyan edən hadisələrin yekunu, ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 80-ci illərin sonundan başlanan xalq hərəkatının gedişində özünü büruzə vermiş, 1990-cı ilin əvvəllərində bir sıra siyasi təşkilatlar yaranmışdı. Lakin yaradılan qurumlar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial gərginlik xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Məhz ona görə də Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqın sınanmış lideri Heydər Əliyevin ətrafında birləşdilər.
Bu gün arxaya dönüb o illərə nəzər salanda fərəhlənirsən ki, bu yola qədəm qoyan insanlar o zamankı hakimiyyət dairələrinin YAP-ın yaranmasına göstərdikləri maneçiliklər, təzyiqlər qarşısında əyilmədilər. Heç bir hədə-qorxu onların iradəsini qıra bilmədi. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan YAP Azərbaycanın siyasi həyatına yeni nəfəs verdi.
Heydər Əliyevin qədrini bilən, onu düzgün qiymətləndirməyi bacaran sadə vətəndaşlar kütləvi şəkildə YAP-ın sıralarına qoşulur, rayonlarda könüllü şəkildə təşkilatlanırdılar. Təsis konfransından bir neçə ay sonra YAP-ın sıralarında on minlərlə üzv var idi və təşkilat artıq ölkədə “ana müxalifət partiyası” statusu almışdı. YAP müxalifət partiyası kimi yaransa da, indiki radikal müxalifət partiyalarından fərqli olaraq Azərbaycanın dövlətçiliyinə, milli maraqlarına müxalifətdə deyildi. YAP o vaxt hakimiyyətə hərbi çevrilişlə gələn, ölkəni anarxiya, xaos girdabına salan, Ermənistanla müharibədə hərbi üstünlüyü əldən verən, yeni qazanılmış müstəqilliyi itirilmək təhlükəsi qarşısında qoyan qüvvələrə qarşı müxalifətdə idi. Çünki bütün Azərbaycan xalqı həmin qüvvələrə müxalif idi.
1992-1993-cü illərin məlum hadisələri, ölkəni bürüyən siyasi böhran xalqı Heydər Əliyevi Bakıya - ölkənin taleyini həll etmək üçün çağırmağa vadar etdi. Beləliklə də tarixi proseslər Heydər Əliyevə ölkə rəhbəri, YAP-a isə hakim partiya statusu həvalə etdi. Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqil dövlətçiliyin əsaslarının formalaşması prosesi başlandı. Heydər Əliyevin uğurlu siyasi xətti YAP-ı da ölkənin siyasi səhnəsinin ön cərgəsinə çıxardı. Azərbaycan xalqı YAP-ı həm də Heydər Əliyev partiyası kimi qəbul etdi. Çünki bu təşkilat ümummilli liderin siyasi və ideoloji irsinin, dövlətçilik təcrübəsinin və quruculuq fəaliyyətinin harmoniyasını özündə əks etdirirdi. 
1993-cü ildən hakim partiyaya çevrilən YAP bu statusu qazandığı ilk gündən proqramında qarşıya qoyduğu vəzifələrin icrasına, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə, Azərbaycanı düçar olduğu təhlükə və böhranlardan qurtarmaq üçün özünün məqsədyönlü fəaliyyətinə başladı. Güclü lideri, mükəmməl proqramı, təkmil siyasi platforması, qətiyyətli mövqeyi sayəsində, digər tərəfdən azərbaycançılıq və dövlətçilik mövqeyində durduğu üçün öz sıralarında yüz minlərlə üzvü birləşdirərək əsl ümumxalq partiyasına çevrildi. Öz məramında və praktik fəaliyyətində demokratik prinsiplərə, ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlərin vəhdətinə, hüquqi dövlət, vətəndaş cəmiyyəti, sərbəst iqtisadiyyat yaradılmasına üstünlük verdi, güclü sosial müdafiə proqramı ilə fəaliyyət göstərməyə başladı. 
Tarixi zərurətdən yaranan partiya ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətində ona daim yardımçı oldu. YAP yarandığı gündən ardıcıl olaraq azərbaycançılıq və dövlətçilik mövqeyində durmuş, öz proqram prinsiplərinə sədaqət nümayiş etdirərək, gənc Azərbaycan demokratiyası üçün ləyaqətli bir ənənənin əsasını qoymuşdur. Güclü lideri, mükəmməl proqramı, təkmil siyasi platforması, qətiyyətli mövqeyi sayəsində Yeni Azərbaycan Partiyası öz sıralarında 700 minə yaxın üzvü birləşdirən əsl ümumxalq partiyasına çevrilmişdir. 
Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün seçkilərin qalibi YAP-ın namizədləri olmuşlar. Yeni Azərbaycan Partiyasının müvəffəqiyyətini ilk növbədə əbədiyaşar liderimiz Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsində axtarmaq lazımdır. Bu qələbələr YAP-ın cəmiyyətdəki yerinin möhkəm olduğunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir. Partiya öz məramında və praktik fəaliyyətində demokratik prinsiplərə, ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlərin vəhdətinə, hüquqi dövlət, vətəndaş cəmiyyəti, sərbəst iqtisadiyyat yaradılmasına üstünlük verir və eyni zamanda, güclü sosial müdafiə proqramı ilə fəaliyyət göstərir. Digər tərəfdən bu qələbələr həm də təşkilati göstəricilərə və ictimai nüfuzuna görə bu gün respublikada YAP-a alternativ olacaq qüvvənin olmamasından xəbər verir. Malik olduğu potensial, xalqın inamı, ideyalarının mükəmməlliyi, yaradıcısının əbədi mövcud olacaq nüfuzu YAP-ın hələ uzun onilliklərboyu hakim partiya statusunu qoruyacağına güclü təminatdır.
Ölkəmizdə hazırda 50-dən çox siyasi partiya mövcud olsa da, onların heç biri sosial bazasına, nüfuzuna və gücünə görə hakim Yeni Azərbaycan Partiyası ilə müqayisə olunmaq imkanında deyil. Yeni Azərbaycan Partiyasının cəmiyyətin lokomotivi kimi çıxış etməsinin əsasında həm də xarizmatik lider amili rol oynamışdır. Bu baxımdan yuxarıda qeyd etdiyimiz kimi, YAP-ın “Heydər Əliyev partiyası” adlandırılması da obyektiv qanunauyğunluqlara əsaslanır və partiyanın uğurlarında lider amilinin rolunu dolğun şəkildə təcəssüm etdirir.
YAP-ın fəaliyyətində cənab İlham Əliyevin missiyası xüsusi əhəmiyyətli yer tutur. Hələ 1995-ci ildə partiyanın namizədi kimi parlament seçkilərində qələbə çalan cənab İlham Əliyev təşkilatın fəaliyyətinin daha effektiv qurulmasında müstəsna xidmətlər göstərmişdir. Təsadüfi deyildir ki, 1999-cu ildə keçirilən YAP-ın birinci qurultayında təşkilatın çoxminli üzvlərinin istəyinə uyğun olaraq cənab İlham Əliyev partiya sədrinin müavini seçilmişdir. Bu tarixi seçim partiyanın gəncləşməsində, cəmiyyətdəki mövqelərinin və nüfuzunun yüksəlməsində, sıralarının genişlənməsində vacib rol oynadı. Həmin qurultayda tarixi çıxış edən cənab İlham Əliyevin fikirləri bu gün üçün də öz aktuallığını saxlayır: “Heç kəsə sirr deyil ki, YAP Heydər Əliyevin sayəsində yaranmış, onun şəxsiyyəti ətrafında birləşmişdir. Məhz bu amil YAP-ın təşəkkül tapmasında və inkişafında, ölkənin aparıcı siyasi qüvvəsinə çevrilməsində həlledici rol oynamışdır. YAP-ın gücü nədədir? Mən bu suala qısaca olaraq belə cavab verərdim: YAP-ın gücü, ilk növbədə, onun əvəzsiz lideri Heydər Əliyevdədir. YAP-ın gücü bundadır ki, partiyanın yeritdiyi siyasət xalqın maraqlarına uyğundur. YAP-ın gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. YAP-ın gücü ondadır ki, Prezidentin və YAP liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”.
I Qurultaydan sonra ölkədə yeni bir siyasi mərhələ başladı və cəmi bir il sonra - 2000-ci ilin noyabrında keçirilən parlament seçkilərində YAP qələbə qazanaraq seçicilərin 125 deputat yerindən 75-ni qazandı. Həmin seçkidə cənab İlham Əliyevin başçılıq etdiyi proporsional siyahı ilə də YAP böyük uğur qazandı, çoxmandatlı seçki dairələri üzrə deputat yerlərinin üçdə ikisini qazandı. Bütün bunlar YAP-ın cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırdı, həmçinin bir il əvvəl keçirilmiş I Qurultayın qərarlarının praqmatik siyasi düşüncənin nəticəsi olduğunu söyləməyə əsas verdi. 
Yeni Azərbaycan Partiyasının 2001-ci ilin noyabr ayının 21-də keçirilən II Qurultayı da təşkilatın həyatında taleyüklü qərarlar qəbul etməsi ilə yadda qaldı. Qurultayda partiyanın nizamnaməsinə dəyişikliklər edildi, yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçildi. Cənab İlham Əliyevin partiya sədrinin birinci müavini seçilməsi də ilk qurultayın qəbul etdiyi qərarların uğurlu nəticəsinin bariz göstəricisi idi.
***
Ümummilli lider Heydər Əliyev 2003-cü il oktyabr ayının 1-də Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevə, həm də YAP-a yüksək önəm verdiyini qeyd etmiş, xalqa ən düzgün seçim ünvanı kimi məhz İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını göstərmişdir: “Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir”. 
2003-cü ilin oktyabr ayında Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də Yeni Azərbaycan Partiyasının zəfəri, nailiyyəti idi. Bu seçki Heydər Əliyev siyasi kursunun alternativsizliyini bir daha ortaya qoydu. Prezident İlham Əliyev YAP-ın III Qurultayındakı çıxışında bu barədə belə demişdir: “Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir. Mən çox şadam ki, Azərbaycan xalqı 2003-cü ildə öz seçimini düzgün etdi. Heydər Əliyevin siyasətinə öz səsini verdi və beləliklə, bu gün də biz hamımız, Azərbaycan xalqı, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin siyasətinə sadiq qalaraq onu davam etdiririk və çox uğurla davam etdiririk”.
Elə bu qurultayda partiya üzvlərinin Heydər Əliyev ideyalarına dərin sədaqətinin, onun siyasi kursunun ən layiqli davamçısına böyük inamın ifadəsi olaraq Prezident İlham Əliyev YAP-ın sədri seçildi. YAP sıralarında birləşən yüzminlərlə insanın ürəyindən xəbər verən bu seçim ölkədəki siyasi mühitə də yüksək ab-hava gətirdi. Xüsusilə qeyd edilməlidir ki, Heydər Əliyevin siyasi əmanəti olan partiyaya sədr seçkisinə ulu öndərin ən layiqli davamçısı, şərəfli irsin daşıyıcısı cənab İlham Əliyev alternativsiz getdi. Bu onu deməyə tam əsas verirdi ki, YAP-ın yüzminlərlə üzvü və sayı milyonu keçən təəssübkeşləri, yeni sədrini yekdilliklə dəstəkləyir və onun ətrafında sıx birləşərək, Yeni Azərbaycan quruculuğunda fəal iştirak edəcək. Özünü tam doğruldan bu inam YAP-ın daha böyük nailiyyətlər əldə etməsinə əsas zəmin oldu. 
Azərbaycanın ictimai-siyasi həyatına mühüm hadisə kimi daxil olan YAP IV Qurultayı da böyük ruh yüksəkliyi və inamla keçirildi. Bu qurultayda bütün iştirakçılar 2008-ci ildə keçirilmiş prezident seçkilərində Azərbaycan Prezidenti, partiyamızın sədri cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsinə yekdilliklə səs vermişdilər. Bu qərar tək YAP-ın deyil, bütün Azərbaycan cəmiyyətinin ümumi istək və arzularını ifadə edirdi. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti prezidentliyə namizəd olaraq dövlət başçısı İlham Əliyevin irəli sürülməsini nəinki istəyir, hətta mən deyərdim ki, tələb edirdi. Həmin seçkidə cənab İlham Əliyevin qələbəsi həm də Yeni Azərbaycan Partiyasının zəfəri, nailiyyəti idi. 
2013-cü ilin iyun ayında keçirilən YAP-ın V Qurultayına da partiya nümayəndələrini bir araya toplayan, onların növbəti qələbələrə köklənmiş ovqatını formalaşdıran bir səbəb vardı - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində namizədliyinin irəli sürülməsi. Əslində YAP-ın qəbul etdiyi həmin qərarı xalq çoxdan qəbul etmişdi. Çünki Azərbaycan xalqının - seçkiqabağı ovqatı cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üzərində köklənmişdi. Cənab İlham Əliyevin şəxsində xalqımız Azərbaycanın müasir gücünün və qüdrətinin həlledici ifadəsini görür, ulu öndərin layiqli siyasi davamçısını müasir inkişafın arxitektoru sayırdı. Bu mənada 2013-cü ilin prezident seçkiləri xalqımızın siyasi iradəsinin nəticəsi olmaqla, həm də YAP-ın növbəti möhtəşəm zəfəri idi. 
***
Ötən 20 ildə keçirilmiş dörd parlament seçkisinin də qalibləri məhz YAP üzvləri olublar. Bu qələbələrin kökündə dayanan başlıca amil ulu öndər Heydər Əliyevin və onun layiqli siyasi davamçısı olan Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi siyasət, bu siyasətin Azərbaycanın inkişafına yol açması, ölkənin iqtisadiyyatının, sosial həyatının əhəmiyyətli dərəcədə dəyişməsi, simasının yenilənməsi, müasirləşməsi bugünkü iqtidarın insanlar tərəfindən dəstəklənməsidir. Təbii ki, ulu öndərin və daha sonra Prezident İlham Əliyevin YAP-ın sədri olması və xalqın öz rəhbərlərinə etimadı da parlament seçkiləri zamanı YAP-a verilən səslərdə ifadəsini tapıb.
Qarşıdan isə növbəti parlament seçkiləri gəlir. Yeni Azərbaycan Partiyası üçün “seçkilərə hazırlıq” məfhumu sadəcə seçkilərin keçirilməsi üçün qanunvericiliklə ayrılmış vaxt çərçivəsinə sığan anlayış deyil. Hər bir partiya, o cümlədən YAP üçün əsas fəaliyyət istiqamətlərindən biri də seçkilərdə iştirak etməkdir. Bu mənada seçkilərə müntəzəm olaraq hazırlaşmaq YAP-ın fəaliyyətinin əsas xətlərindən birini təşkil edir. Seçki qanunvericiliyinin tələblərinə görə seçki kampaniyası müəyyən bir dövrü əhatə edir. Lakin YAP istənilən seçkiyə xeyli əvvəldən hazırlaşır. Bu müddət ərzində konseptual olaraq partiyamızın seçkilərdə iştirakı ilə əlaqədar bir çox məsələlər aydınlaşdırılır. Seçki kampaniyaları dövründə isə hazırlıq daha intensiv xarakter alır. YAP həm də geniş şəbəkəyə və resurslara malik olan siyasi təşkilatdır. Onun malik olduğu təşkilati və insani resursları səfərbər edib seçkiyə istiqamətləndirmək böyük səylər tələb edir. Eyni zamanda, bu, əhəmiyyətli bir vaxtı əhatə edir. Partiya seçki kampaniyasına rəsmi start verilməmişdən xeyli əvvəl hazırlıq işlərinə başlayıb, YAP-ın İdarə Heyəti seçkilərə hazırlıqla bağlı fevral ayında qərar qəbul edib. Ondan sonrakı dövrdə isə partiyanın rayon və şəhər təşkilatlarının bu seçkilərə tam səfərbər olunması işlərinə başlanılıb. Parlament seçkiləri ilə əlaqədar partiyamızın müvafiq proqramı var. 
Hazırda YAP-ın İdarə Heyətinin qərarına uyğun olaraq seçkilərlə bağlı hazırlıq işləri davam edir. Bir müddət əvvəl Milli Məclisə seçkilərlə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılıb. Bundan irəli gələrək YAP mərkəzi seçki qərargahının Xətai rayon şöbəsi də təşkil olunub. Rayon seçki qərargahına 23 nəfərdən ibarət fəal YAP üzvü seçilmişdir. Üzvlər Xətai rayonunda yerləşən 4 seçki dairəsi üzrə bölünüb və aralarında iş bölgüsü aparılıb. Hazırda seçici siyahıları dəqiqləşdirilir, təhlil olunur. Hər bir seçki dairəsi üzrə imza toplamaq üçün 10 nəfərdən ibarət YAP fəalları seçilmişdir və onlarla treninqlər keçirilir. İmzatoplama kampaniyasında hər 10 nəfərə seçki qərargahının bir üzvü rəhbərlik edəcək. Eyni zamanda, hər bir seçki dairəsi və məntəqəsi üçün 1 nəfərdən ibarət məşvərətçi səs hüquqlu uzv və müşahidəçilər təyin olunmuşdur. YAP-ın seçkilərlə bağlı müvafiq proqramına uyğun olaraq məşvərətçi səs hüquqlu komissiya üzvləri və müşahidəçilər üçün hazırda onlara treninqlər keçirilir, seçkidə müşahidəni necə aparmaları izah olunur. Tərəfimizdən təbliğat - təşviqat işlərinin aparılması üçün YAP fəallarından ibarət qruplar da yaradılmışdır. Yaxın günlərdə isə ilk dəfə səs verəcək seçicilərlə görüşlərimiz də planlaşdırılır. 
Onu da qeyd edim ki, 1993-cü ilin fevralında yaradılan YAP-ın Xətai rayon təşkilatı da ötən 22 ildə böyük inkişaf yolu keçmiş, öz sıralarını daim genişləndirmiş, partiyamızın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirmişdir. Hazırda Xətai rayon təşkilatı partiyanın proqram vəzifələrinin həyata keçirilməsində, ölkəmizin sosial-iqtisadi inkişafında fəal iştirak edir. 
İldən-ilə fəaliyyətini daha da canlandıran təşkilatımız hər seçkidə fəal olub. Həm seçicilər arasında maarifləndirmə işlərinin aparılmasında, həm də YAP-ın təbliğatının həyata keçirilməsində Xətai rayon təşkilatı tərəfindən mühüm tədbirlər həyata keçirmişdir. Bütün bunlar hər seçkidə Xətai rayonu üzrə YAP-ın qələbəsinin təmin edilməsində mühüm rol oynamışdır.
Hazırda təşkilatımızda birləşən YAP üzvlərinin sayı 17 mindən artıqdır. Ərazi ilk partiya təşkilatlarının sayı isə 146-dır. Müqayisə üçün qeyd etmək istərdim ki, bu gün dağıdıcı müxalifət partiyalarının ümimilikdə üzvlərinin sayı YAP-ın bir rayon təşkilatının üzvlərinin sayına çata bilməz. YAP Xətai rayon təşkilatında birləşən üzvlərimiz ölkənin, o cümlədən təmsil etdiyimiz Xətai rayonunun ictimai-siyasi, iqtisadi, mədəni həyatında və s. sferalarda fəal iştirak edir, öz əməlləri ilə dövlətimizin inkişafına xidmət edirlər. Əminliklə qeyd etmək istəyirəm ki, YAP Xətai rayon təşkilatı qarşıdan gələn parlament seçkilərində də qarşısında dayanan vəzifələri layiqincə icra edəcək.
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların ölkəmizdə çox böyük uğurlara gətirib çıxarması faktdır. Azərbaycan iqtisadiyyatının inkişaf etməsindən tutmuş əhalinin rifahının yaxşılaşdırılması, Azərbaycanın simasının müasirləşdirilməsi və yeniləşdirilməsi də daxil olmaqla çox böyük irəliləyişlər əldə edilib. Azərbaycanın qısa zaman çərçivəsində dəyişməsi, regionların inkişafı, insanların rifahının yaxşılaşması, respublikamızın dünyada mövqelərinin möhkəmlənməsi və s. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarıdır. Vətəndaşlar bununla qürur duyur və buna görə də Prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər. Cənab İlham Əliyevin nüfuzu, cəmiyyətdəki hörmət və ehtiramı, həyata keçirdiyi siyasətin dəstəklənməsi onun rəhbərlik etdiyi partiyanın qarşıdan gələn parlament seçkilərində də ən əhəmiyyətli resursudur. 
Bütün bunların sayəsində Azərbaycan vətəndaşları seçkilərdə iqtidar partiyası olan YAP-a və təbii ki, onun irəli sürdüyü namizədlərə dəstəyi açıq şəkildə ifadə edirlər. Bu mənada YAP-ın ən böyük resursu seçicilərin Azərbaycan Prezidenti və YAP sədri İlham Əliyevə, onun həyata keçirdiyi siyasətə inamıdır. Bu, istinad etdiyimiz, güvəndiyimiz və uğur gətirəcəyinə inandığımız ən mühüm amildir. Odur ki, qarşıdan gələn parlament seçkiləri Azərbaycan xalqının hakimiyyətə sarsılmaz etimadını növbəti dəfə nümayiş etdirəcək.


Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, yazıçı-dramaturq

"Azərbaycan" qəzeti, 1 sentyabr 2015