Əsrə bərabər 15 il

 
 
 
Çingiz Aytmatovun əsərlərini çox sevirəm. Onun yaradıcılığına həmişə heyran qalmışam...
Həyat xatiratımın ən şərəfli, unudulmaz məqamlarından biri də ümumdünya ədəbiyyatının fəxri sayılan bu ədiblə olan dostluq münasibətlərim, şəxsi və yaradıcılıq əlaqələrimdir...
Türk dünyasının bu böyük övladının titullarını özüm qəsdən sadalamadım. Çünki Çingiz Aytmatov adının başqa bir xatırlatmaya ehtiyacı yoxdur. Bu ünlü qırğız yazıçısının bütün titulları, ədəbiyyat tarixindəki ali statusu onun əsərləridir...
O əsərlər ki, onlarda bizi düşündürüb narahat edən çox mətləbləri tapmaq olur...
"Gün var əsrə bərabər” romanı isə bu əzəmətli qələm adamının ən kamil mətnlərindəndir. Romanda ən kiçik detaldan tutmuş adi bir eyhama, xırdaca işarələrə qədər hər şey əvvəldən düşünülüb, yerbəyer edilib...
İlk səhifələrdə o qədər də diqqəti çəkməyən, bəlkə də əhəmiyyətsiz görünən hansısa detalın o biri səhifələrdəki zəruri düşüncə akkordu ilə nöqtəsinin qoyulduğunu görürsən. Və yalnız onda anlamağa başlayırsan ki, ilk oxuduğunda o qədər də fərqinə varmadığın o balaca işarətin nə qədər böyük mənası varmış.
Bu əsrdə müəllif bir günün içində əsrə bərabər tarix yaşayan müdrik adamların taleyini məhək daşına vurur...
Onları zamanın dolanbaclarından keçirib hamımızı düşündürən bəşəri suallara cavab axtarır...
***
Tarixdə bir gün...
Bir gündən başlanan tarix...
Əsrə bərabər gün...
Çingiz Aytmatov romanına bu möhtəşəm adı sırf bədii təxəyyül məhsulu olaraq qoymayıb. Burada gün sözü, hər nə qədər şərti səciyyə daşısa da, yəni gün adı altında ayları, illəri, dövrləri də ümumiləşdirmək mümkün olsa da, iş orasındadır kı, ayrı-ayrı ölkələrin, xalqların tarixində həqiqətən bütöv əsrlərin mənzərəsini müəyyənləşdirən konkret günlər yaşanıb.
Cəmi bircə gün içində yaşananlar, o gün ərzində cərəyan edən hadisələr, qərarlar əsrlərin vaxt axarını dəyişib, yüzillər sonranın reallıqlarına təsir göstərib...
Və əziz oxucum, yəqin, hər dəfə bu barədə düşüncələrə qapılarkən onu da xəyalına gətirmisən ki, həmin gün o hadisə, o qərar elə yox, belə olsaydı, onda mövcud reallıqlar tamam fərqli görünərdi...
Viktor Hüqonun "Səfillər” əsərində də hər dəfə oxuyanda düşüncələrimi alıb uzaqlara götürən misilsiz bir cümlə var. Orada Vaterleoo döyüşünə hazırlığın son gecəsi təsvir edilir və yazılır ki, əgər 1815-ci ilin 17 iyunundan 18 iyununa keçən gecə Vaterleoo düzünə yağış yağmasaydı, Avropanın gələcəyi tamam başqa cür olacaqdı.
Təsəvvür edirsinizmi, adi bir yağış!..
Hər gün dünyanın müxtəlif yerlərində baş verən sıradan təbiət hadisəsi...
Amma konkret bir vaxtda, konkret bir yerdə baş verən bu təbiət hadisəsinin tarix üçün doğurduğu nəticəyə bir baxın...
Həmin gecə əraziyə yağan yağış torpağı isladıb palçığa döndərmişdi. Bu da Napoleon Bonaparta öz toplarını döyüş mövqelərinə gətirməyə mane olmuşdu.
Nəticə - İngiltərə və Prussiya ordularına ağır məğlubiyyət, o gündən gərdişi dəyişən Avropa tarixi...
***
Əsrlərin tale mənzərəsini cızan bu cür günlərə öz tariximizdə də yetərincə rast gələ bilərik.
Şah İsmayıl Xətai Çaldıran döyüşündə məğlub olmasaydı...
Nadir şahı süquta aparan günlərin hadisələri tamam başqa cür cərəyan etsəydi...
Əvvəlcə "Gülüstan”, ardınca "Türkmənçay” müqavilələri ilə bir xalq iki fərqli coğrafiyaya, iki fərqli taleyə bölünməsəydi...
Ya Azərbaycan Xalq Cümhuriyyətinin ömrünə nöqtə qoyan məşum 27 aprel günü tarixdə heç yaşanmasaydı...
O gündən başlanan 70 illik laübalı zaman sovet tarixi kimi yox, elə 28 Mayın işığında cümhuriyyətimizin tarixi kimi yazılsaydı...
30-cu illərin repressiyalarında ən işıqlı insanlarımızın ömrünə nöqtə qoyan uzun gecələr heç düşməsəydi...
Yaxud 1941-ci ilin 22 iyununda Hitler ordusu SSRİ-yə qarşı hücuma keçməsəydi... Yüz minlərlə insanımız bu davada həyatını itirməsəydi...
Xalqımıza qarşı 20 Yanvar qətliamı, 26 fevral Xocalı soyqırımı törədilməsəydi, təqvimdə torpaqlarımızın işğalı günü kimi qəmli notlarla, ağrı-acılarımızla simvollaşan günlər tamam başqa əlamətdar hadisələrlə xatırlansaydı...
Azərbaycanın taleyini təsadüfi əllərə keçirən günlərin hadisələri baş verməsəydi...
Keşkə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı 1993-cü ilin 15 iyununda yox, daha tez - ermənilərin torpaqlarımıza qarşı separatçı hərəkətlərə başladıqları ilk günlərdən, Dağlıq Qarabağ münaqişəsinin alovlanmasından, Şuşanın, Laçının, başqa rayonlarımızın işğalından əvvəl baş tutsaydı...
***
Bunlar cümlə olaraq qrammatik baxımdan nə qədər asan yazılsa da, əfsus ki, zaman felin şərt şəklində danışmağı sevmir!..
Bunların hər biri tarixdir...
Onun axarını geri çevirmək mümkün deyil. Təsəllimizsə odur ki, bu tarixin içində taleyimizə əzablar yazan, hansısa yanlışlıqların ağrılarını yaşadan günlər qədər xalq olaraq bizə böyük nailiyyətlər qazandırmış, həyatımızda yeni səhifələr açmış yaxşı günlərimiz də var.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq mövcudluğunun hər günü bir nailiyyətdir...
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda Azərbaycanın rəhbəri seçilməsi, 1991-ci ilin 18 oktyabrında ölkəmizin öz dövlət müstəqilliyinə qovuşması, 1993-cü ilin 15 iyununda ulu öndərin siyasi hakimiyyətə qayıdışı, dünyanın aparıcı şirkətləri ilə "Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ilin 20 sentyabr günü...
Bunların hər biri tale günlərimizdir...
Taleyimizi, tariximizi yaxşıya doğru dəyişən anlardır...
Əsrə bərabər günlərdir...
***
Tarixdə yanlış günlərimiz, bəli, olub. Amma düzgün qərarlarla, dürüst seçimlərlə xatırlanan, şanslı, doğru günlərimiz də çoxdur...
Doğrularımız yanlışlarımızdan başlanıb əslində...
Yanlışlar bizə ibrət dərsi verib, tarixi yanlışlarımızdan yola çıxaraq düzgün səmtlə tarixi doğrularımıza yetişə bilmişik...
Zaman bütün yanlışları, doğruları, faciə və uğurları, yaxşı və pis günləri ilə birgə bizi yetişdirib, yolumuzu aydınladıb, pisi yaxşıdan, doğrunu yanlışdan ayırmağı öyrənmişik...
Və doğru qərarlarımız Azərbaycanı indiki - milli dövlətçilik tarixinin ən qüdrətli çağlarına yetirib...
Həyatımızın ən mükəmməl həqiqəti budur. Müasir Azərbaycan dövlətidir...
***
Hərdən düşünürəm ki, birdən 1993-cü ilin o çətin və təlatümlü günlərində Azərbaycan xalqı müstəqillik tariximizin ilk ən doğru qərarını verməsəydi...
Heydər Əliyevin qayıdışı mümkün olmasaydı...
Yaxud Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş qüvvələrin "Əsrin müqaviləsi”nin imzalanmasından cəmi bir neçə gün sonra daha da fəallaşdığı, siyasi qətllərin törədildiyi, 1994-cü ilin 3-4 oktyabrında dövlət çevrilişinə cəhd edildiyi o məşum günlər...
Ulu öndərin oktyabrın 4-də televiziyadan xalqa bircə çağırışı ilə on minlərlə vətəndaşımızın Prezident Administrasiyasının qarşısına axın edib Heydər Əliyevə dəstək olduğu, milli dövlətçiliyimizi el gücünün sarsılmazlığı ilə qoruduğu o gecə hadisələr tamam başqa cür yaşansaydı, milli istiqlalımıza uzanmış qara əllər öz məqsədinə çatsaydı, Azərbaycanın taleyi indi kim bilir necə olardı...
***
Dövlətçilik tariximizdə bir əlamətdar gün də var ki, həmin günlə tariximizdə tamam yeni bir səhifə açılır. Bu gün, Azərbaycan həyatında yeni başlanğıcdır. Cəmiyyətimizin çətin sınaqlar, məhrumiyyətlər və Heydər Əliyev müdrikliyinin qazandırdığı ilk mühüm dövlətçilik uğurları ilə zəngin böyük bir dönəmi başa vurub, daha böyük milli hədəflərinə doğru istiqamətləndiyi möhtəşəm andır...
Bu gün həm də cəmiyyətdə dövlətçilik təfəkkürünün xaosa, qanunçuluğun anarxiyaya, siyasi mədəniyyətin qaragüruha, inkişaf və tərəqqi meyillərinin dağıdıcı ehtiraslara qalib gəldiyi gündür...
Həmin gün xalqın onun üçün müstəqil, hüquqi dövlət qurmuş, bu dövləti zamanın sərt zərbələrindən qorumuş, onun hər bir vətəndaşının hürriyyətini, hüquq və azadlıqlarını təmin etmiş öz ümummilli liderinə inamının daha bir təcəssümü anıdır...
"...Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”...
15 il əvvəl, 2003-cü ilin 15 oktyabr prezident seçkiləri ərəfəsində ümummilli lider Heydər Əliyevin Azərbaycan vətəndaşlarına ünvanladığı bu tarixi müraciət, əslində, təkcə ulu öndərin deyil, bütövlükdə Azərbaycan xalqının cənab İlham Əliyevə olan böyük ümidlərinin ifadəsi kimi ortaya çıxmışdı.
O dövrdəki proseslər - ölkədə iqtisadi, siyasi, hüquqi islahatların davamlılığı, ardıcıllığı Heydər Əliyev siyasi kursunun dönmədən davam etdirilməsini, hakimiyyət estafetinin xalqın iradəsi ilə bu xətti dəstəkləyən və uğurla başa çatdırmağa qadir yeni Liderə - cənab İlham Əliyevə ötürülməsini tarixi zərurət kimi diktə edirdi...
Azərbaycan insanı ölkənin, xalqın gələcəyinə görə məsuliyyəti Heydər Əliyev məktəbində yetişmiş liderin öz üzərinə götürməsini arzulayırdı...
Ölkə vətəndaşlarının mütləq əksəriyyəti hakimiyyət sükanı arxasında məhz sınanmış komanda və lideri görməyə can atırdı...
Sadəcə, hər zaman olduğu kimi yenə də ümummilli liderin sözünü gözləyirdi...
Ən doğru olanı ondan duymaq istəyirdi...
Və ulu öndər insanlarımızın gözlədiyi bu sözü dedi...
Seçki ərəfəsindəki tarixi müraciəti ilə xalqa onun əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı, dürüst lideri nişan verdi...
Və Azərbaycan xalqı 2003-cü ilin 15 oktyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi öz rəhbəri seçərək milli dövlətçilik tarixinin daha bir ən doğru qərarını verdi.
15 oktyabr gününü tale gününə, əsrə bərabər gününə çevirdi!..
Respublikanın ictimai-siyasi, iqtisadi və mənəvi həyatında yeni intibah mərhələsinin əsasını qoymuş 2003-cü ilin 15 oktyabr seçkisi xalqın strateji seçiminin alternativsizliyini sübuta yetirdi!..
***
Azərbaycan Prezidenti seçilərkən cənab İlham Əliyevin cəmi 42 yaşı vardı və o, bu yaşda dünyanın ən gənc dövlət başçılarından sayılırdı.
O gündən düz 15 il keçib...
Və əslində lider böhranının yaşandığı müasir dünyamızda İlham Əliyev öz şəxsi nümunəsi ilə yeni dövrün əsl liderinin, kamil dövlət adamının mükəmməl obrazını yaradıb...
O, yeni əsrin yeni lideri olaraq Azərbaycanı mətinliklə, inamla irəli aparır.
İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərin hər günü bu dövlətə, bu cəmiyyətə qazandırdığı nailiyyətlərlə, mahiyyətcə əsrə bərabərdir...
Çünki Azərbaycanın cəmi 15 il ərzində əldə etdiyi nəticələr bir ilin, iki ilin içində qazanılası nailiyyətlər deyil. Bir çox ölkələr bu nəticələrə gəlib çıxmaqdan ötrü əsrlərini sərf edib...
***
Cənab İlham Əliyevin 15 illik hakimiyyət dövrü Azərbaycanın dinamik inkişaf, sürətli modernləşmə mənzərəsidir.
Dövlətimizin rəhbəri kifayət qədər gərgin və mürəkkəb coğrafiyada, geopolitik güclərin maraqlarının toqquşma nöqtəsində yerləşən, müstəqilliyini yenicə əldə etmiş kiçik bir ölkəni öz qətiyyətinin, diplomatiyasının gücü ilə bütün dünyada böyük nüfuz və söz sahibinə çevirə bilib.
Onun dünyanın ən mötəbər tribunalarında, - BMT-nin, NATO-nun, ATƏT-in xitabət kürsülərindəki inamlı, cəsarətli, məntiqi çıxışları hər zaman dünyanın diqqətini cəlb edir...
Beynəlxalq güclər cənab İlham Əliyevin mövqeyi ilə hesablaşırlar. Fərqindədirlər ki, hər hansısa təzyiq üsulları ilə onu Azərbaycanın milli maraqlarından çəkindirmək əsla mümkün deyil. 15 illik tarixi təcrübə bunu təkrar-təkrar sübuta yetirib.
İlham Əliyev ölkəmizin milli mənafelərini, hər zaman, hər yerdə, bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür...
Bütün məsələlərlə bağlı Azərbaycan Prezidentinin öz fikri, öz sözü, öz mövqeyi var!
Bu, Azərbaycan xalqının fikridir, sözüdür, mövqeyidir!
Bütün qərarlarında o, xalqın rəyini ifadə edir, vətəndaşlarımızın dəstəyinə güvənir...
Qlobal böhranlardan çıxış yolları axtarışında Azərbaycan Prezidentinin şəxsində təcrübəli dövlət adamının, qlobal trendləri çox gözəl bilən peşəkar dövlət idarəçisinin rəylərinə, təşəbbüslərinə və onun şəxsində ümumən xalqımızın maraqlarına hörmətlə yanaşılır.
Bu 15 ildə cənab İlham Əliyevin düşünülmüş islahatları, müdrik qərarları həyatımıza yeni nəfəs gətirib, cəmiyyətin inkişafında yeni səhifələr açıb, Azərbaycanı dünyanın öncül ölkələrindən birinə çevirib!..
"Biz istəyirik ki, bizim rolumuz artsın. Biz istəyirik ki, Azərbaycan ilə daha çox hesablaşsınlar. Biz istəyirik ki, Azərbaycandan daha çox məsələlər asılı olsun və buna nail oluruq”...
Bu, Azərbaycan Prezidentinin milli hədəfləridir...
Və o, Azərbaycanı addım-addım bu hədəflərə aparır...
Müstəqilliyimizin dayaqlarını möhkəmləndirir...
Xarici siyasət kursunda tətbiq etdiyi tarazlaşdırılmış konsepsiya ilə Azərbaycanın beynəlxalq nüfuzunu ildən-ilə gücləndirir...
Ölkəmizin dostlarının sayı çoxalır...
Bizimlə tərəfdaşlıq etmək, Azərbaycanın yaratdığı geniş imkanlardan barınmaq istəyən ölkələrin sırasına yeniləri əlavə olunur. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi rəğbət doğurur.
Azərbaycan bu illər ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi əfsanələri reallığa çevirməyə müyəssər oldu. Azərbaycan qlobal enerji-kommunikasiya layihələri ilə Asiya və Avropanı bir-birinə qovuşdurdu. Regionun gələcək inkişafına geniş qapı açdı...
Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçuya, Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi. Azərbaycanla Türkiyə arasında dünyanın ən böyük enerji layihələrindən olan TANAP layihəsinin icrasına başlanıldı.
XXI əsrin qlobal enerji layihəsi adlandırılan "Cənub qaz dəhlizi”nin təməli qoyuldu və bu layihələr hazırda uğurla icra edilməkdədir.
1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi”nin müddətinin ötən il 2050-ci ilə qədər uzadılması da Azərbaycanın bu günü və gələcəyinə olan inamın təntənəsidir.
Bir neçə il əvvəl isə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçildi. Müstəqillik tariximizin ən böyük nailiyyətlərindən olan bu hadisə Azərbaycanda yürüdülən siyasətə və beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin, Azərbaycana olan inam və etimadın təzahürüdür.
Bu məqamda türk dünyasının fəxri Çingiz Aytmatovun ruhunu hörmətlə anaraq, onun dəyərli bir fikrini xatırlayıram: "İlham Əliyev qloballaşan dünyanın müasir lider etalonudur”.
Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur...
***
İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyası erməni təbliğatının illərlə yaratdığı mifi havaya uçurdu. Dünya Dağlıq Qarabağ probleminin mahiyyətinə varmağa başladı, Azərbaycan haqqında həqiqətlərə diqqət kəsildi. Beləliklə, beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişməyə başladı. Bu siyasət ümumən bəşəriyyətə qarşı Xocalı soyqırımı kimi dəhşətli bir cinayəti törətmiş Ermənistanın cəllad rəhbərliyinə Yer üzündəki vicdanlı insanların lənətini qazandırdı.
İlham Əliyev Azərbaycanda dünyanın 50 ən güclü ordusundan birini qurdu. Və bu ordu işğalçıların təxribatlarına qarşı əks-hücum həmlələri ilə düşmənə öz gücünü layiqincə göstərdi.
Azərbaycan Ordusunun 2016-cı ilin aprelində işğalçı Ermənistana verdiyi dərsin ağrısı o qədər acı oldu ki, bu ölkənin vətəndaşları nəhayət ayılıb onları illərdir zillətdə saxlayan, yalan miflərlə başlarını qatıb özlərinə xaniman quran cəlladları hakimiyyətdən devirdilər. Bu adamları siyasi meyit kimi tarixin arxivinə göndərdilər.
Ermənistan cəmiyyəti nəhayət anlamağa başladı ki, torpaqlarımızın 20 faizini işğal altında saxlasalar da, bu münaqişədə hər gün uduzan, öz gələcəklərini, inkişaf imkanlarını itirən və bir dövlət olaraq bütün mövcudluqları ilə başqa bir ölkənin hərbi-mənəvi işğalı altına düşən tərəf məhz onlar özləridir.
***
Prezident İlham Əliyev Azərbaycanı fərqli mədəniyyətlərin dialoqu məkanına, tolerantlıq, multikulturalizm ünvanına çevirdi. Milli-mənəvi dəyərlərə, müxtəlif dinlərə və sivilizasiyalara hörmət ruhu ilə parlaq bir nümunə yaratdı. Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl örnək kimi qəbul olunmağa başladı.
Prezident İlham Əliyevin bu istiqamətlərdə həyata keçirdiyi konsepsiyalar, ölkəmizdə təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı istiqamətində gördüyü tədbirlər Heydər Əliyev Fondunun layihələri ilə daha da dolğunlaşdı.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər bu siyasətə dəyərli töhfələr verdi.
Azərbaycan "Eurovision” beynəlxalq mahnı müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Dünya Şahmat Olimpiadası, Formula-1 Avropa qran-prisi kimi tarixi tədbirlərə evsahibliyi edən ölkə oldu.
İlham Əliyev Azərbaycanı idman ölkəsinə çevirdi. Bütün ölkə ərazisində Olimpiya mərkəzləri, müasir idman infrastrukturu yaradıldı, idman, sağlam həyat tərzi insanlarımız arasında xoş bir meyil kimi populyarlaşdı.
***
Onun üçün dünyanın ən qiymətli sərvəti insandır, hər şey insanın mütərəqqi arzularının gerçəkləşməsinə, insan xoşbəxtliyinə xidmət etməlidir.
İlham Əliyevin yürütdüyü siyasətin əsas məzmunu da məhz insandır...
Bu siyasətin amalı qurub-yaratmaq, vətəndaşlar üçün xoş həyat şərtləri təmin etmək, ümumilikdə isə gələcək nəsillərdən ötrü daha gözəl bir dünyanın qurulması naminə bəşəri ideyaları gündəmə gətirərək onların icrasına çalışmaqdır.
"Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam”...
Azərbaycan Respublikasının Prezidenti kimi ilk andiçmə mərasimində cənab İlham Əliyevin ölkə vətəndaşları qarşısındakı əsas sözü bu olmuşdu. O, 15 ilin hər günündə bu sözünü tutdu...
Nəinki hər bir vətəndaşımızın, özünü Azərbaycana bağlı sanan hər kəsin ümid yerinə çevrildi...
İnsanlarımızın təhlükəsizliyi, firavan həyatı, inkişafı məramı ilə gördüyü işlərdən, atdığı ardıcıl addımlardan cəmiyyətimizin hər bir üzvü bəhrələnə bildi və bəhrələnməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları şəhərlə kənd arasında fərqi aradan qaldırdı. Azərbaycanın ən ucqar kəndlərinə abad yollar, qaz, içməli su xətləri çəkildi. Sosial infrastruktur sistemi yeniləndi. Vaxtilə bölgələrimizdə olan bir çox problemlər öz həllini tapdı. Bu gün Azərbaycanın regionları bütün zəruri şəraitlə təmin olunub və Avropanın şəhər və kəndlərindən əsla geri qalmır.
Cənab İlham Əliyevin regionlara mütəmadi səfərləri, ictimaiyyətlə görüşləri, yerlərdə inşa olunan müasir ictimai-sosial obyektlərin, istehsal müəssisələrinin açılışlarında şəxsən iştirakı verilmiş tapşırıqların icrasına vəziyyətin nəzarətdə saxlanmasına, insanların rəy və təkliflərinin öyrənilməsinə, onları narahat edən məqamların üzə çıxarılmasına, ictimai nəzarətin gücləndirilməsinə çox böyük kömək göstərir.
Prezidentin çox böyük rəğbətlə qarşılanan təşəbbüslərindən biri də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə keçirdikləri qəbullardır. Nazirlər, komitə sədrləri və digər dövlət strukturlarının rəhbərləri yerlərdə əhali ilə görüşür, sakinlərin müraciət və təkliflərini dinləyir, vətəndaşların qayğılarına həssaslıqla yanaşmağa, onların problemlərinin həllinə kömək göstərməyə çalışırlar.
Zatən dövlət rəhbərimizin məmurlar qarşısında qoyduğu əsas tələblərdən biri də budur. Vətəndaşlara layiqincə xidmət göstərməkdir. Onların hökumətə göstərdiyi yüksək etimada layiq çalışmaqdır.
***
İlham Əliyev insanların arzularından gəlmiş liderdir...
Onun səsləndirdiyi bütün bəyanatlar, verdiyi hər bir söz insanlarımızın arzularını nəzərdə tutur, real əmələ əsaslanır.
Azərbaycan Prezidenti müasir dünyamızda sözü ilə əməli üst-üstə düşən, publikanın diqqətini çəkməyə hesablanmış qeyri-real, populist fikirləri əsla özünə rəva bilməyən, amma dilə gətirdiyi sözləri də əmələ çevirməyi bacaran çox az sayda liderlərdəndir!
Dövlət rəhbərimiz məhz real əməlləri, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində inkişafın Azərbaycan modelini formalaşdırdı. Ölkə iqtisadiyyatının dinamik, ardıcıl inkişafını təmin etdi.
Bu, hamının yaxşı yadındadır. Cənab İlham Əliyev ilk dəfə prezident seçilərkən deyəndə ki, yaxın illərdə ölkədə 600 min yeni iş yeri açılacaq, çoxları bunu xəyal zənn edirdi. Amma belələri unudurdular ki, bu proqnoz qlobal siyasət, diplomatiya, idarəetmə qədər iş həyatının incəliklərini də dəqiq bilən, ölkənin malik olduğu inkişaf resurslarını real qiymətləndirməyi bacaran, mövcud potensialı və ondan istifadə yollarını aydın görən səriştəli menecerin peşəkar təhlillərinə, proqnozlarına, vizyonuna əsaslanır...
Gün gəldi, bir zaman xəyal hesab edilənlərin hamısı reallığa çevrildi...
Ötən 15 ildə Azərbaycanda milyondan artıq iş yeri yaradıldı...
Yoxsulluq həddi 50 faizdən 5 faizə düşdü...
Ölkədə güclü sahibkarlar sinfi, cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi çıxış edən orta təbəqə formalaşdı...
İlham Əliyevin yaratdığı inkişaf mühiti insanlarımızın sosiallaşmasına şərait yaratdı. Cəmiyyət üzvləri başlıca məişət qayğılarını həll edib, birgəyaşayış qaydalarına daha yüksək səviyyədə riayət, mənəvi tərəqqi, qlobal inkişafa açılmaq barədə düşünməyə başladılar.
Bu 15 il insanların yaxşı mənada maraqlarını, qayğılarını, problemlərini dəyişdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində gündəlik ruzusinin, bir parça çörəyinin sıxıntısını çəkən həmvətənlərimiz indi daha keyfiyyətli təhsil, səhiyyə xidmətləri almaq, daha çox ölkələrə səyahət edə bilmək, daha səviyyəli yerlərdə istirahət və başqa bu kimi qayğıları aktuallaşdırmağa başladılar.
Bütün bunlar, ilk baxışda, bəlkə də heç fərqinə varmadığımız inkişaf trendləridir. Bütün qabaqcıl cəmiyyətlər inkişafa məhz bu cür çatır. Cəmiyyətin sosial-iqtisadi təkamülü bu minvalla baş verir...
***
Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar kursu həyatımıza şəffaflıq gətirdi, bürokratik maneələri aradan qaldırdı. "Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz”, - deyən cənab İlham Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini - "ASAN”-ı yaratmaqla eyni inkişaf yoluni keçən bir çox ölkələr, cəmiyyətlər üçün parlaq örnək formalaşdırdı.
Bu təcrübənin dövlət strukturlarının fəaliyyətini təkmilləşdirməsi, şəffaflığı təmin etməsi, vətəndaşlarla dövlət strukturları arasında bürokratik maneələri aradan qaldırması öz yerində...
"ASAN xidmət” təcrübəsi Azərbaycanda həm də yeni vətəndaş nəsli formalaşdırdı...
Xidmət ofislərində dövlətin təmiz, şəffaf, səliqəli, gülər üzünü görən, onun həssas, çevik, peşəkar, qayğıkeş münasibətindən qəlbi isinən bu vətəndaş nəslinin ictimai davranışları, belə bir dövlətə mənsubluq duyğusunun qüruru, öz dövləti qarşısında daşıdığı məsuliyyət hissi də indi tamam başqadır.
Təfəkkürlərdə baş verən bu dəyişiklik bir cəmiyyət üçün onu yüzillərlə irəli aparan çox möhtəşəm uğurdur...
Çingiz Aytmatovun "Gün var əsrə bərabər” romanı vicdanlı, yorulmaq bilməyən, zəhmətkeş, öz yüksək mənəvi borcuna sadiq bir insanın timsalında bəşəriyyətin taleyinə nəzər salır. Müasir dövrün problemlərini, dünyanın sabahını canlandırmağa çalışır. Və Yer üzünün də, onun bitib-tükənməyən problemlərinin də fövqündən bəşəriyyətə belə bir ismarıc göndərir ki, dünyada əmin-amanlığın, xeyirxahlığın və humanizmin təntənəsi ən böyük qələbədir...
İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövləti də bu həqiqətin qalibidir...
Və təkcə Azərbaycan xalqının, dövlətinin deyil, Yer üzündə eyni ali dəyərlərə can atan bütün insanların bu qələbəsini formalaşdırmış 15 illik zaman, əslində, elə əsrlərə bərabərdir...
 
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
yazıçı-publisist
 
http://www.azerbaijan-news.az/view-155746/%C6%8Fsr%C9%99-b%C9%99rab%C9%99r-15-il