UĞUR RƏMZİ

Siyasi liderlərin obrazı onların rəhbərlik etdikləri etnosların tarix səhnəsindəki özünüifadəsini müəyyənləşdirir. Bu obrazın özünün zamanın yaşatdıqlarına, onun tələbləri tez-tez dəyişən meyllərinə nə dərəcədə uyğun olub-olmamasından isə xalqların zəfər və ya faciələri asılıdır. Ona görə də vaxt, istənilən toplumun keçib gəldiyi dönəmləri ağ və qara günləri simvollaşdıran əlvan saplarla ilmələyib.

Və istəsən də, istəməsən də bu naxışların hər birindən o günlərin müəllifi olan bir liderin portreti boylanır…

 

Fatehlər haqqında yazmaq, danışmaq çox asandır. İllərin o üzündə qalmış yürüşlər, aparılan çoxsaylı döyüşlər haqqında mif və həqiqətlər, at belində yaranmış əfsanələr bu yerdə həmişə dadına çatacaq. Amma heç bir halda oxucuna, həmsöhbətinə konkret nəticə göstərə bilməyəcəksən.

Fəth edilmiş ərazilər hesabına qurulan imperiyalar çoxdan param-parça olub, güc təhdidi ilə diz çökdürülən xalqlar yenidən ayağa qalxıb toparlanaraq öz taleyini müəyyənləşdirib. Bir zamanlar bütün dünyanın əvəzinə düşünmək iddiasında olan sərkərdələr də yavaş-yavaş unudulub gedib.

İndi sən onlardan ancaq çox az sayda elələrini xatırlayırsan ki, vaxtında hərbi yürüşlərdən, müharibələrdən başqa, ucsuz-bucaqsız torpağın bircə parçasının üstündə nəsə tikib-ucaltmağa da macal tapıblar. Həyan olduqları hansısa şairin, yazıçının, alimin əsərlərinin bir neçə cümləsində ölməzlik qazanıblar…

 

* * *

 

İkinci cahan savaşının nəticələri tarixin fəth səhifəsini qapatdı. Fatehlik iddiası ilə bəşəriyyəti fəlakətə sürükləyənlərin ağır iqbalında zaman da öz səhvlərini düzəldərək qarşıdakı əsrlərdə xalqları irəli apara biləcək liderlərin yeni portretini müəyyənləşdirdi.

Qılıncın deyil, ağlın gücü, müdriklik, ədalətlilik, kamillik, yurda sevgi, torpağın bərəkətinə bağlılıq ötən əsrin 50-ci illərindən sonra tarix səhnəsinə çıxan siyasi lider obrazının əsas səciyyəvi xüsusiyyətləridir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin belə bir obrazla onunla eyni dövrü paylaşan dövlət rəhbərlərinin ön sırasında qərar tutması, yəqin ondan irəli gəlirdi ki, qeyd edilən bütün bu xüsusiyyətlər Onun şəxsiyyətində parlaq şəkildə əks olunmuşdu. Heydər Əliyevin əməlləri bir zamanlar əbədiyyət yolunun vuruşmalarda, ölümlərdə yox, dünyaya, insanlara sevgidə, qurub-yaratmaq əzmində olduğunu dərk edib, özündən sonraya az da olsa nişanə saxlamış fatehlərin mənəvi ömrünün davamıdır.

Əlbəttə, tarix çox şey öyrədir, amma ondan az şey öyrənənlərin sayı da həmişə yetərincədir. Amma tarix işğal iddiasına düşənlərə, insanlığa qarşı zülm və əsarət yolu tutanlara qarşı indi daha amansızdır.

Əbədiyyət yolçuluğu yenə dağıtmaqda yox, quruculuqdadır, insanların mənəvi dünyasına verilən dəyərdədir, adillikdədir…

Və nəcib əməlləri ilə dünyanın ən yeni tarixinə özünü məhz belə obrazda, belə bir dəyərdə təqdim edən liderə sahiblik bir xalqın, bir dövlətin gələcək qarşısındakı ən böyük şansıdır.

 

* * *

 

Tale XXI əsrin əvvəllərində də Azərbaycan xalqını belə bir şansdan məhrum etmədi: İlham Heydər oğlu Əliyev...

Milli dövlətçilik tariximizin ən möhtəşəm dövrünə bələdçilik edən bu adın geniş auditoriyaya ilk təqdimatı faktını bir çox müasirlərim, adətən, 1994-cü ildə axtarırlar.

Amma bu yanaşma ilə razı deyiləm...

Əsla razı deyiləm!

Çünki Azərbaycan cəmiyyətinin İlham Əliyevi ilk dəfə görüb tanıdığı an elə bir günə təsadüf edir ki, o günün bir dəqiqəsini də unutmağa xalq olaraq haqqımız yoxdur.

Əsrlərin milli yaddaşımızda suxurlaşdırdığı çox iti, tutumlu bir ifadə var: “dar gündə tanımaq”. Birilərini uzun zamanlardır tanıyarsan, xoş günlərin xuramanlığında çoxları ilə ülfət bağlarsan, amma zamanın səmum yelləri qəddini əydiyində yanında kimləri görərsənsə, dayaq bilib kimlərin boynuna sarılarsansa, kimlərin gücünə sığınarsansa - taleyinə əbədi yazılanlar onlardır.

Qismətdən Azərbaycan xalqı İlham Əliyevlə ilk dəfə belə bir məqamında tanış oldu, Onu çağdaş tarixinin ən ağır bir vədəsində, dar günündə yanında görüb tanıdı.

Bu sətirləri yaza-yaza 1990-cı ilin 20 yanvar səhərini xatırlayıram. Sovet ordusunun Bakıda törətdiyi vəhşət, paytaxt küçələrindəki qanlı mənzərələr, bu qətliama qarşı kükrəyən insan dənizi yaddaşımda qorxulu bir filmin kadrları kimi sürətlə bir-birini əvəz edir və xatirələrim həmin günlər uzaq, soyuq Moskvada çəkilmiş bir videolentin tarixi-mənəvi məzmununda lövbər salır.

Epizodlarda Azərbaycanın Moskvadakı nümayəndəliyi qarşısında yaranmış izdihamdır… Bir avtomobil yaxınlaşır… İzdiham dərhal hərəkətə gəlir… Avtomobildən düşən sərnişinlər əhatəyə alınır… Onların binaya keçməsi üçün dəhliz yaradılır. Gələn Heydər Əliyev və yaxınlarıdır…

Səhhətindəki problemlər fiziki durumundan bəlli...

O dəqiqələrdə keçmiş SSRİ imperiyasının nəbzi məhz o izdihamda döyünür. Belə məqamda Heydər Əliyevə, Onun doğmalarına qarşı nələrin baş verəcəyini kimsə təxmin edə bilməz. Amma heç nəyə baxmayaraq Azərbaycanın başına gətirilmiş bu dəhşətləri imperiyanın mərkəzindən bütün dünyaya yetirməkdən ötrü Ulu Öndər dərhal özünü ölkəmizin Moskvadakı nümayəndəliyinə yetirməyi borc bilib. İstefasından sonra keçirdiyi ilk mətbuat konfransında şəxsiyyətinə olan böyük maraqla az sonra bütün dünya mediasının diqqətini 20 Yanvar hadisəsinə yönəldəcək.

Onu müşayiət edənlər arasında ucaboylu, səliqəli geyimli bir gənc var…

Əlində qovluq Heydər Əliyevin ardınca təmkinlə addımlayır…

Ulu Öndərə, ətrafdakı insanlara yönəlmiş sevgi dolu, işıqlı baxışları ilə həmin an Azərbaycan xalqının sığındığı, nicat umduğu yeganə liderin şəxsində Azərbaycanın gələcəyini qorumaq əzmində görünür…

Azərbaycan tarixinin İlham Əliyevlə ilk tanışlıq anı məhz həmin kadrlardan başlanır…

 

* * *

 

O epizodların çəkildiyi vaxtdan bir müddət əvvəl İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin tarix elmləri namizədi alimlik dərəcəsinə malik gənc müəllimi vəzifəsindən uzaqlaşdırılmışdı… Yüksək dövlət vəzifələrindən istefasından sonra Heydər Əliyevə qarşı yönələn təzyiqlər ondan da yan keçməmişdi. Onda İlham Əliyev həm atası üçün böyük həyəcan keçirir, həm də özünə qarşı başlanan təzyiqlərə mətanətlə dözürdü.

Üstəlik, cəmi bir neçə il əvvəl yaşadığı Ana itkisi...

Vaxtilə İlham Əliyevin o çətin günlərinin şahidlərindən olmuş müəllim həmkarlarından biri, indi MDBMİ-nin Beynəlxalq münasibətlər fakültəsinin dekanı vəzifəsində çalışan Yuri Alekseyeviç Bulatov illər sonra xatırlayacaqdı ki, müəllim həmkarları İlham Əliyevdə siyasətçi üçün çox vacib olan xüsusiyyəti – zərbəyə dözmək, təzyiqlərə mətanətlə sinə gərmək keyfiyyətini hələ o illərdən kəşf etmişdilər: “...O, bütün baş verənlərə mətanətlə dözürdü. Ancaq 1990-cı ildə İlham Əliyev MDBMİ-dən getmək və atası ilə bir yerdə Azərbaycana qayıtmaq qərarına gəldi”. 

Viktor Andriyanovla birgə qələmə aldığımız və müxtəlif dillərə tərcümə edilərək bütün dünyada böyük maraqla qarşılanmış “Görkəmli adamların həyatı» seriyasından olan «Heydər Əliyev” kitabı bu məqamlarla bağlı təfərrüatlara müfəssəl işıq salır.

Onda İlham Əliyev üçün hələ yolun başlanğıcı idi. Bəlkə də təzyiqlərə səbr edib, vəziyyətin qaydasına düşəcəyi vaxtı gözləmək, elmi-pedaqoji karyeranı davam etdirmək olardı. Ali məktəb müəllimliyi Onun sevib-seçdiyi bir sahə idi, dərs dediyi tələbələrini özünə çox doğma bilirdi və müəllimlik taleyinin ona nə qədər yaxın olduğunu İlham Əliyevin o illərə dair xatirələrindən də duymaq olar: “Tələbələrin hisslərini gözəl başa düşürdüm, demək olar ki, qəlbən hələ onların, auditoriyada oturanların yanında idim. Odur ki, daim onlara kömək etməyə, dəstək olmağa, hətta qiymətlərini bir qədər artırmağa çalışırdım. Düşünürəm ki, mən pis müəllim deyildim və o vaxtları yaxşı xatırlayıram”.

Amma o artıq qərarını vermişdi. O ağır günlərdə gələcək arzularınının deyil, Azərbaycanın, Heydər Əliyevin və bu iki dəyərin vəhdətində Haqqın yanında olmağı üstün tutmuşdu.

Ona görə də İlham Əliyevin Azərbaycandakı siyasi proseslərdə iştirakının 1994-cü ildən götürülməsini bir qədər ədalətsiz yanaşma kimi qiymətləndirir və bunu qəbul etmirəm.

 

* * *

 

O, dünyaya gələndə 1961-ci il idi…

Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin yüksək rütbəli zabiti Heydər Əliyevin və alim Zərifə xanım Əliyevanın ailəsində göz açmış İlham Əliyevin yaşının üstünə gələn hər yaş onun ata-anasının vəzifə, elmi karyera irəliləyişləri ilə müşayiət olunurdu.

8 yaşı olanda o artıq Azərbaycanın birinci şəxsinin oğlu idi və İlham Əliyevin belə bir statusun müəyyən etdiyi mühitdə böyüməsi, xarakterinin bu mühitin hüdudsuz imkanları çevrəsində formalaşması üçün geniş imkanlar vardı. Amma bu imkanlar, bu status İlham Əliyevin böyüdüyü evin, ocağın qapısından kənarda qaldı.

Bu ocaqda o, Azərbaycanın birinci şəxsinin oğlu kimi deyil, cəmiyyətin kübar dəyərlərini təmsil edən bir Azərbaycan vətənpərvərinin, ziyalısının, aliminin ailəsində boy atan övlad kimi tərbiyələndirildi. O, məhz belə bir mühitin təlqin etdiyi dəyərlər çərçivəsində, ruhunda böyüdü, şəxsiyyət kimi öz xarakterinin təməl əlamətlərini bu dəyərlərin ruhunda formalaşdırdı.

İlham Əliyevi hələ uşaqlıqdan zəhmətə alışdırdılar, kimliyindən asılı olmayaraq bütün insanlara sevgi bəsləməyi təlqin etdilər, xarakterini sadəliklə, təvazökarlıqla ziynətləndirdilər. Belə bir tərbiyənin işığında İlham Əliyev ədalət prinsiplərini hər bir halda qorumağı, haqsızın deyil, haqqı pozulanın yanında olmağı, öz məqsədlərinə doğru mətinliklə irəliləməyi, doğru bildiyi mövqedən geri addım atmamağı öyrəndi.

Sonralar Heydər Əliyev özü də xatırlayacaqdı ki, o çətin günlərində Ona ən yaxın dəstək verən, bütün təzyiq və təhdidlərə rəğmən Onu haqq mövqeyindən bir addım da olsun geri çəkilməməyə, Azərbaycan davasını sürdürməyə çağıran, bunun üçün ona hər cür dəstək verən silahdaşlarından birincisi məhz İlham Əliyev idi.

 

* * *

 

Bu davada iştirak Heydər Əliyev qədər İlham Əliyev üçün də asan deyildi.

1987-1991-ci illərdə Sovet imperiyasının repressiya maşını, 1991-1993-cü illərdə isə yenicə müstəqillik qazanmış Azərbaycanın dövlət idarəetmə strukturlarını saran tam bir bədxahlar ordusu Heydər Əliyev qədər İlham Əliyevə qarşı da yönəlmişdi…

O, illərdə müstəqil dövlətin İlham Əliyev kimi bir neçə xarici dili sərbəst bilən peşəkar diplomatlara, gənc alimlərə böyük ehtiyacı vardı. Dövləti idarə edənlərin çoxu hələ “biznes”, “bazar iqtisadiyyatı” terminlərinin nə olduğunu bilmədiyi vaxtlarda iş həyatının incəliklərinə, Qərbin iqtisadi inkişaf meyllərinə dərindən bələd olan İlham Əliyev kimi menecerlər müstəqil dövlətin gələcək inkişaf yollarının müəyyənləşdirilməsindən ötrü hava və su kimi lazım idi.

Amma o, məhz Heydər Əliyevin oğlu olduğuna görə belə bir diqqətdən kənarda idi.

Məhz Heydər Əliyevin oğlu olduğuna görə təzyiqlərlə üzləşməli, bu təzyiqləri özünəməxsus mətanətlə dəf etməli idi.

O, illərdə Heydər Əliyev ailəsinin hər hansı maddi sıxıntı ilə üzləşməməsi üçün İlham Əliyev iş həyatına qədəm qoydu. İlk biznes nailiyyətləri ilə məşğul olduğu hər bir sahədə uğur qazana biləcəyini bir daha isbatladı.

Və əgər tale gələcək həyat yollarında öz düzəlişlərini edərək Onu dövlət idarəçiliyi sahəsinə gətirməsəydi, İlham Əliyevin bu gün dünyanın ən məşhur azərbaycanlı iş adamlarından biri kimi tanınacağına kimsənin şübhəsi yox idi…

 

* * *

 

Naxçıvanda keçirdiyi çətin illərdə də İlham Əliyev Azərbaycan xalqının ümummilli liderini tək qoymur, respublikadakı o xaos, qarışıqlıq dönəmində ciddi siyasi fenomen kimi qəbul olunan Heydər Əliyevin övladına qarşı yönələ biləcək bütün təhlükələrə rəğmən Moskvadan tez-tez Naxçıvana atasının ziyarətinə gəlir, o ağır vaxtlarda Heydər Əliyevə və Ulu Öndərin şəxsində Azərbaycan xalqına ayaqda qalmaqda mənəvi dəstək olurdu.

 

* * *

 

Ona ən böyük ehtiyac isə Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, ölkənin müstəqilliyi üçün yeganə həyat mənbəyi rolunu oynayan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində yaranacaqdı.

Uzun illər neft-qaz sənayesində çalışdığımdan və o prosesləri böyük diqqətlə izlədiyimdən bu müqavilə ilə bağlı bir çox detalları dəqiqliklə xatırlamaq imkanım var. Heydər Əliyevdən əvvəl iqtidarda olan AXC-Müsavatın səriştəsiz təmsilçilərinin apardıqları danışıqlar nəticəsində hazırlanmış müqavilə Azərbaycanın milli maraqlarına zidd məqamlarla “zəngin” idi.

Bu da SSRİ-nin süqutundan sonra iqtisadi potensialına görə müstəqil yaşamaq imkanlarına malik üç respublikadan biri sayılan Azərbaycanın istiqlaliyyət qazanaraq təbii sərvətlərinə sahib çıxmaq və Xəzərin özünə aid sektorunda siyasi-iqtisadi mənafeyini təmin etmək baxımından ciddi problemlərlə üzləşməsindən irəli gəlirdi. 1991-1993-cü illərdə daxildə ictimai-siyasi sabitliyin pozulması, xaos və anarxiya mühitinin formalaşması, iqtisadi tənəzzül prosesinin dərinləşməsi Qərbin nüfuzlu neft şirkətlərini Azərbaycanla hər hansı sərbəst əməkdaşlıqdan çəkindirirdi. Kreml Xəzərin hüquqi statusunun qeyri-müəyyənləyini əsas gətirərək belə bir müqavilənin imzalanmasına qarşı çıxırdı və regionu nüfuz dairəsində saxlayan imperiyanın belə bir mövqeyi Qərbin transmilli korporasiyalarının tərəddüdlərini artırırdı.

Bu qədər gərgin ziddiyyətlər və getdikcə ölkəni öz girdabına alan sosial-iqtisadi böhran durumunda AXC-Müsavat iqtidarı öz hakimiyyətinin ömrünü süni yolla uzatmaq üçün Qərbin irəli sürdüyü istənilən şərtə razı idi. Buna nümunə kimi təkcə bir faktı göstərək: AXC-Müasavat hakimiyyəti ilk neft müqaviləsində ümumi payın düz 60 faizinin yalnız bir şirkətə - Böyük Britaniyanın bp şirkətinə ayrılmasına razılıq vermişdilər. Saziş layihəsində bir tərəfdən Azərbaycanın payı yolverilməz dərəcədə aşağı həddə göstərilmişdi, eyni zamanda, hasil olunacaq səmt qazının respublikamıza satışı nəzərdə tutulmuşdu.

İllər sonra "Əsrin müqaviləsi"nin imzalanmasının beşinci ildönümü ilə bağlı keçirilən mərasimdə o zaman Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsini tutan cənab İlham Əliyev o müqaviləni belə xarakterizə edirdi: "1993-cü ilin yazında Azərbaycanın əvvəlki rəhbərliyi tərəfindən elə bir müqavilə variantı hazırlanmışdı ki, əgər o imzalansaydı, ölkə iqtisadiyyatına böyük zərər gətirmiş olardı. Xalq Cəbhəsi rejimi öz acınacaqlı vəziyyətini heç olmasa, bir qədər yaxşılaşdırmaq üçün müqaviləni hər cür şərtlərlə, ən yararsız, hətta milli mənafeyə zidd olan şərtlərlə imzalamağa hazır idi. Onlar anlamırdılar, heç anlamaq belə istəmirdilər ki, müqavilənin şərtləri Azərbaycanın iqtisadi inkişafı üçün nə deməkdir".

Bir sözlə, belə bir müqavilə Azərbaycan xalqının halal sərvətlərinin yadlara yedirdilməsi, yenicə müstəqillik əldə etmiş dövlətin sömürgəçi siyasətin qurbanına çevrilməsi məqsədinə xidmət edirdi.

Heydər Əliyevin apardığı haqq davasındakı ən yaxın silahdaşı belə çətin bir məqamda da yenə Onun yanından ayrılmadı…

Moskvada artıq yetərincə inkişaf etdirdiyi fərdi biznes fəaliyyətini yarıda saxlayıb, Azərbaycana döndü…

Ulu Öndərin ən etibarlı, işgüzar və bacarıqlı köməkçisi kimi yeni neft strategiyasının hazırlanması prosesində öz töhfələrini verməyə başladı…

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti vəzifəsinə təyinatından cəmi iki həftə sonra Heydər Əliyev Onu neft müqaviləsi layihəsinin hazırlanması məqsədilə əvvəl Türkiyəyə, daha sonra isə ABŞ-ın Hyuston şəhərinə göndərdi.

Elmi fəaliyyəti Qərb siyasətinin tədqiqi ilə bağlı olan İlham Əliyev elmi bilgilərinin və peşəkar diplomatik bacarıqlarının səfərbərliyi ilə Qərb şirkətlərində inam və etimad formalaşdırmağa nail oldu. Onları məhz Azərbaycanın milli  maraqlarına və siyasi-iqtisadi mənafeyinə uyğun müqaviləni imzalamağa razı saldı…

 

* * *

 

Xatırlayanda indi hər şey adama o qədər heyrətamiz gəlir ki...

Müstəqilliyini cəmi 3 ildir əldə etmiş, o dövrə qədər dünyada olsa-olsa sovetlər ölkəsinin keçmiş əyalətlərindən biri kimi tanınan balaca bir ölkənin kiçik rütbəli gənc məmuru dünyanın iqtisadi-iqtisadi mənzərəsini müəyyən edən enerji nəhənglərinin rəhbərləri ilə üz-üzə dayanıb Azərbaycan davası aparır…

Onları həmin illərdə taleyi hələ qeyri-müəyyən olan, müharibədən yenicə çıxmış, güllə səsləri hələ də kəsilməmiş bir ölkənin gələcəyinə inandırır…

Onların enerji layihələri ilə bağlı müsbət qərar vermələrinə nail olur…

Amma bütün bunlara İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərin bu üzündən nəzər salarkən heç bir heyrətə yer olmadığının da fərqinə varırsan…

İlham Əliyev Azərbaycan tarixi üçün kim olduğunu, kim olacağını hələ onda təsdiqləmişdi. Hələ onda göstərmişdi ki, O, ən çətin, ən mürəkkəb şəraitlərdə belə Azərbaycan davasını zəfərlə başa çatdırmaq əzmindədir.

 

* * *

 

İllər sonra İlham Əliyev eyni qətiyyəti Bakı – Tbilisi – Ceyhan, Bakı – Tbilisi – Ərzurum, Bakı – Tbilisi – Qars kimi qlobal enerji kommunikasiya layihələrinin reallaşdırılmasında da göstərəcək, Heydər Əliyevin arzularını bir-bir reallığa çevirəcək, əfsanələri həqiqətlərlə qovuşduracaqdı.

1994-cü ildə onlarla danışıqlar aparmaq üçün ABŞ-ın Hyuston şəhərinə gəlmiş ucaboylu, gülümsər çöhrəli, gənc azərbaycanlı diplomatı bir qədər tərəddüdlü nəzərlərlə süzən Qərb dünyası da Onu zamanla tanıyacaqdı.

Onun kim olduğunu anlayacaqdı!..

Biləcəkdi ki, Ona inanmaq olar!..

Onun gələcəklə bağlı verdiyi hər bir sözü tutacağına ümid etmək olar!..

Onunla birgə xeyirli sabahlara doğru addımlamaq, Azərbaycan üçün, region üçün, ümumilikdə dünya üçün xoş bir gələcək yaratmaq olar!..

Amma Onu Azərbaycanın milli maraqları ilə bağlı tutduğu qətiyyətli mövqeyindən heç bir vəhclə döndərmək olmaz!..

 

* * *

...1995-ci ildən başlayaraq İlham Əliyev müstəqil Azərbaycan Respublikasının ilk parlamentinin - Milli Məclisin deputatı kimi millətə vəkilliyin də parlaq örnəyini yaradacaqdı. Öz şəxsiyyəti, insanlara, onların problemlərinə yanaşmaları ilə əsl xalq elçisinin necə olması üçün meyarları müəyyən edəcəkdi.

O illərdə İlham Əliyevin Milli Məclisdə təmsil etdiyi Qaradağ rayonunda çalışdığımdan həmin dövrdə bu rayonda görülən işləri yaxşı xatırlayıram. İlham Əliyev bu gün bütün Azərbaycanda həyata keçirdiyi tikinti-quruculuq işlərini o zaman Qaradağdan başlamışdı. Rayonun sosial-iqtisadi inkişafı məqsədilə fond təsis edilmişdi. Amma bu fondun imkanları təkcə Qaradağ sakinlərinin deyil, köməyə ehtiyacı olan, hansısa ağır problemin həllində əlacsız qalmış hər bir Azərbaycan vətəndaşının üzünə açıq idi.

Eyni nəcib ənənənin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın millət vəkilliyi fəaliyyətində bu gün də uğurla davam etdirildiyini böyük fərəh hissi ilə izləməkdəyik.

 

* * *

 

90-cı illərin sonlarına doğru Azərbaycan cəmiyyəti İlham Əliyevi daha bir sahədə qazanılmış möhtəşəm uğurların müəllifi kimi alqışladı, onun ürək açan əməllərinə “əhsən” dedi. O illərdən etibarən İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi Azərbaycanı əsl idman ölkəsinə çevirdi.

O dövrə qədər bəlli səbəblərdən ciddi bir nailiyyətə imza ata bilməyən idmançılarımız İlham Əliyevin diqqət və qayğısı, ən əsası isə mənəvi dəstəyi sayəsində beynəlxalq yarışlardan ölkəmizə parlaq qələbələrlə, qızıl medallarla dönməyə başladılar.

Azərbaycan gəncliyi İlham Əliyevin timsalında qayğıkeş bir dost qazandı. İdman Azərbaycanda ictimai aksiya kimi kütləviləşdi. Azərbaycan gənclərini pis vərdişlərə doğru apara biləcək mümkün yollar idmanın gözəlliyinə, fiziki, mənəvi, ictimai faydasına doğru yönəldi.

 

 * * *

 

Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri, AŞ PA sədrinin müavini...

İlham Əliyev bir zamanlar Sov İKP MK-nın Büro üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutmuş Heydər Əliyevdən sonra bu qədər yüksək vəzifəyə ucalan ilk azərbaycanlı idi.

Vətən, millət adına şərəf gətirən bu nailiyyətə sevinib, qürurlanmaq yerinə, cəmiyyətimizdəki bəzi bədxahlar tərəfindən bütün bunlara kölgə salmaq meylləri isə də hələ dəyişməmişdi.

Bir vaxtlar Heydər Əliyevin əleyhinə mərkəzə aramsız donoslar ötürənlər indi də İlham Əliyevin Avrointeqrasiya yolunda Azərbaycana qazandırdığı uğurlara kölgə salmaq üçün mətbuat səhifələrində hərəkətə keçmişdilər… Onun Azərbaycan naminə nümayiş etdirdiyi qətiyyətli mövqeyi hər fürsətdə sarsıtmaq istəyən ermənilərlə mənən bir olmuşdular, birləşmişdilər. Amma İlham Əliyevin hər dəfə bu nüfuzlu beynəlxalq arenada Azərbaycan adına qazandığı parlaq zəfərlər bu bədxah münasibətə böyük ictimai coşğu ilə müşayiət olunan ən tutarlı cavablar idi.

Bu zəfərlər Azərbaycanı Avropa ailəsinin doğma bir üzvünə çevirdi. Müstəqil dövlətimizin tutduğu yolun istiqamətini müəyyənləşdirdi, cəmiyyətimiz üçün xoş bir gələcəyin rəsmini cızdı...

 

 * * *

 

2003-cü ilin yayına doğru xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevdən sonra ölkəni idarə edə biləcək ən uyğun namizədlə bağlı fikirlərin paylaşıldığı hər yerdə sadə insanların “məhz İlham Əliyev” söylədiklərini eşidərdin.

Burada 1994-cü ildən başlayaraq İlham Əliyevin təşəbbüsü, iştirakı ilə müxtəlif sahələrdə əldə edilmiş xoş nəticələrin təbii ki, böyük təsiri vardı. İnsanlar onu sevir, rəğbət bəsləyirdilər. Amma 2003-cü ilin prezident seçkisi ərəfəsində Azərbaycan cəmiyyətinin məhz İlham Əliyevin adı üzərində dayanması təkcə buna əsaslanmırdı. İnsanlar Heydər Əliyevin 1993-cü ildən böyük əziyyət bahasına toparladığı, rəvan, sakit, ardıcıl bir inkişaf məcrasına saldığı cəmiyyətin yenidən təlatümlərlə üzləşməməsi, qrup maraqları ilə param-parça olmaması üçün İlham Əliyevi yeganə birləşdirici fiqur kimi dəyərləndirirdilər.

Zatən, 2003-cü ilin oktyabrında “Mən ona özüm qədər inanıram” deyə bəyan edən Heydər Əliyevin bu inam və ümidi də, əslində, xalqın onun siyasi-mənəvi irsinin varisinə olan etimadından gəlirdi. İlham Əliyev isə ölkəyə rəhbərlik fəaliyyətinin hər bir günü ilə həm taleyini Ona etibar etmiş Azərbaycan xalqının, həm də övladının gələcəyinə inanan Atanın ümidlərini göyərtdi...

 

* * *

 

Onun Prezident kimi bu illər ərzində Azərbaycanın tərəqqisi, Azərbaycan insanının layiq olduğu mərtəbəyə yüksəlməsi üçün gördüyü işlərin mahiyyəti, bunu əks etdirən saysız-hesabsız tarixi faktların təhlili kitablara sığmaz…

İlham Əliyev bu gün öz həyat və fəaliyyəti ilə ağlın gücü, müdriklik, adillik, kamillik, insanlara sevgi, torpağın bərəkətinə bağlılıq kimi uca dəyərləri şəxsiyyətində bir araya gətirmiş - bu günün lideri, bu günün Prezidenti obrazının ən parlaq təcəssümüdür!

Bu obrazı Onun Heydər Əliyev, Zərifə Əliyeva tərbiyəsindən gələn kübar davranışları, ziyalılığı tamamlayır.

Bu ilin 21 noyabrında Bakıda səfərdə olan Belarus Prezidenti cənab Aleksandr Lukaşenko səfər bəyanatında maraqlı bir fikir işlətdi: “Mən həmişə deyirəm ki, İlham Heydər oğlu bizim aramızda ən ziyalı və savadlı Prezidentdir”.

Bəli, prezident A.Lukaşenkonun nümunəsində bu həqiqəti Azərbaycan rəhbərinin həmkarları da açıq etiraf etməkdən əsla çəkinmirlər.

İlham Əliyev adının əhatəsi bir respublikanın hüdudlarını çoxdan adlayıb!

O, bu gün bütün dünyada tanınan, yer üzünün ən şöhrətli siyasətçiləri ilə eyni zirvədə qərar tutan, şəxsiyyəti ilə, xarakteri ilə, qətiyyəti ilə başqalarına örnək olan dövlət rəhbəridir!

İlham Əliyev öz mənəvi keyfiyyətləri ilə siyasətə əxlaq gətirən, dövlət idarəetməsində yeni üslub müəyyənləşdirən, milli dövlətçilik tariximizdə bir çox yeni ənənələrin əsasını qoyan ictimai-siyasi xadimdir.

“İngilis bayrağı” misalı - hər gün bir tərəfə əsmək, bu gün bir, sabah başqa bir qüvvənin yanında olmaq - onun istinad etdiyi dəyərlərə yaddır. Özünü cəmiyyətə ilk dəfə siyasi proseslərin mərkəzində təqdim etdiyi 1990-cı ilin 20 yanvar günündən bəri İlham Əliyevin həmişə yanında olduğu və heç zaman Onun yanından ayrılmayan yalnız bircə qüvvə var: Azərbaycan xalqı.

 

Qeydlərimi bu cümələlərlə tamama yetirəcəkdim ki, dekabrın 17-də Azərbaycanın çağdaş tarixində cənab İlham Əliyevin müəllifliyi ilə baş verən daha bir möhtəşəm hadisə düşüncələrimdə öz redaktəsini etdi. Həmin gün “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarı imzalandı və elə imzalandığı andan da bütün dünya üçün öz əhəmiyyətinə görə “21-ci əsrin müqaviləsi” statusunu aldı.

Bu, dünyanın qəlbinin Azərbaycanda döyünməsidir!..

Dünyanın enerji siyasətini Azərbaycan liderinin müəyyənləşdirməsidir!

Bu, Azərbaycan adlı mübarək yurdun köksündə zümrüd həmayil kimi dalğalanan Xəzərin dünyanın şah dənizinə çevrilməsidir.

...Və bu bizim uğur rəmzimizdir!

 Hüseynbala MİRƏLƏMOV, 

Milli Məclisin deputatı, yazıçı-dramaturq

"Azərbaycan" qəzeti, 24.12.2013