YAP Xətai rayon təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunan tədbir keçirib
YAP Xətai rayon təşkilatı müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunan tədbir keçirib.
Tədbir iştirakçıları öncə ümummilli liderin təşkilatın foyesindəki büstü önünə qızıl gül dəstələri düzdülər, xatirəsini ehtiramla yad etdilər.
Sonra akt zalında davam edən tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirdi ki, dahi şəxsiyyət Heydər Əliyevin doğum gününün böyük sevinc hissi ilə qeyd olunması ölkəmizdə bir ənənəyə çevrilib. Ümummilli Liderin doğum gününün belə əhval-ruhiyyə ilə qeyd olunması ümumilikdə xalqımızın dövlətə, dövlətçiliyimizə hörmət və ehtiramının bariz ifadələrindən biridir. Bununla Azərbaycan xalqı ölkəmizin həyatında və tarixində müstəsna xidmətlər göstərmiş Ümummilli Liderimizin rolunu, uğurlu tarixi missiyasını dəyərləndirir, ona hörmət və ehtiramını bildirir.
YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinin hər birimizin həyatında önəmini xüsusi vurğuladı. Bildirdi ki, bu illər Azərbaycanın tarixinə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur duya biləcəyi uğurları yazıb. O uğurları ki, bu gün ölkəmiz həmin təməl üzərində daha da möhkəmlənir, qüdrətlənir, yeni-yeni hədəflərə doğru inamla addımlayır.
«Ulu öndər Heydər Əliyevin bütövlükdə həyatı, fəaliyyəti, ideyaları bir məktəbdir. Bu məktəb bu gün də davam edir, Azərbaycanın davamlı inkişafına xidmət göstərir» söyləyən Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova bildirdi ki, Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi tənəzzüldən xilas edib inkişaf, tərəqqi yoluna çıxaran ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından saatlarla, günlərlə danışmaq olar. Vətəninə, xalqına bağlı olan Heydər Əliyevin bütün soydaşlarımızı bir amal- azərbaycançılıq ideyası ətrafında sıx birliyə çağırışı bu gün hər birimizin fəaliyyətinin əsasını təşkil edir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, illər keçdikcə, yeni ab-hava formalaşdıqca, biri-birindən əhəmiyyətli işlər görüldükcə daha dərindən dərk olunur ki, bu uğurların təməlində dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş siyasəti dayanır. Son 15 ildə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Heydər Əliyev fəlsəfəsinin, Azərbaycanı inkişafa aparan strategiyanın düsturunu dünyaya təqdim edir. Ölkəmizin iqtisadi uğurları davamlıdır. Daxili siyasətimizin davamı kimi dəyərləndirilən xarici siyasət uğurlarımızın miqyası genişdir. Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi müstəqillik tarixində uğurlarımızın, ən əsası haqqa, ədalətə söykənən mövqeyimizə verilən dəyərin göstəricisidir.
Çıxışlarda vurğulandı ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin, xalqının qarşısındakı xidmətlərinin miqyası genişdir, arxada qalan hər il bu xidmətlərdə yeni-yeni məqamların açıqlanmasına yardımçı olur. Məhz bu fonda dahi şəxsiyyət Heydər Əliyevin bu fikri daim xatırlanır: «Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”
Tədbirdə YAP sıralarına yeni daxil olanlara partiyanın üzvlük vəsiqəsi təqdim olundu.
Sonda dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirildi. Filmdə də qeyd olunduğu kimi, nə qədər ki müstəqil Azərbaycan dövləti var, Heydər Əliyev ürəklərdə yaşayaycaqdır.