Hüseynbala Mirələmov

 

                Yaponiya-Günəşlə oyanıb yüksələn ölkə      

Tanınmış yazıçı-dramaturq, ictimai-siyasi xadim, Milli Məclisin deputatı Hüseynbala Mirələmov həm nəsr,  həm  dram, həm də publisistik  əsərlərin müəllifi kimi geniş oxucu kütləsinə yaxşı tanışdır. Müxtəlif ölkələrə səyahətlərlə bağlı təəssüratları onun publisistikasında özünəməxsus yer tutur. "Çində möhtəşəm on gün" və 2015-ci ildə rus dilində işıq üzü görmüş "Çin - dünyanın səkkizinci möcüzəsi" əsərləri ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanıb. Müəllifin Yunanıstan, Birləşmiş   Ərəb  Əmirlikləri,  Küveyt, qonşu Gürcüstan və digər ölkələrdən bəhs edən  yol qeydləri və səfər təəssüratları da bu qəbildəndir. Yazıçı son dəfə 2016-cı ilin noyabr ayında  Azərbaycan nümayəndə heyətinin  tərkibində Yaponiyada  olmuş və öz səfər  təəssüratlarını əhatəli şəkildə qələmə almışdır.

 

"Təbəssüm olan evin qapısından xoşbəxtlik girər".

                                                                                            Yapon atalar sözü

 

Noyabr  payız fəslinin sonuncu ayı olsa da, Bakının mərkəzindən Heydər Əliyev Beynəlxalq Aeroportuna uzanan  geniş, rahat yolun kənarlarında boy verən  yamyaşıl ağaclar adamın qəlbində bahar  əhval-ruhiyyəsi yaradırdı.  Elə bil təbiət  uzaq səfərə çıxanların yolunda yaşıl işıq yandırır, xəfif mehdən ləngərlənən bərli-bəzəkli ağacların müşayiətilə onlara uğur diləyirdi.

Bakıdan Qətərin paytaxtı Dohaya təyyarə ilə  üç saata getdik. Yaponiyaya uçmağımıza hələ xeyli qalmışdı.

Nümayəndə heyətinin rəhbəri  Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və Xətai rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovla dünyanın elm, mədəniyyət, idman və biznes mərkəzlərindən  biri olan Dohanın  görməli yerlərini  bir neçə saat gəzib-dolaşdıqdan sonra  yenə  hava  limanına qayıtdıq.  Onu da  deyim ki, bir milyon  doqquz yüz minə  yaxın əhalisi olan Qətərin  paytaxtında  iki  özəl hava  limanı var. Hamad  adlanan Beynəlxalq hava limanı dünyanın on ən yaxşı hava limanından  biridir. Burada hər ölkədən təyyarələr fasiləsiz olaraq enib-qalxırdı.

Biz  mavi səmada "üzən  otelə"  bənzəyən əzəmətli hava  gəmisiylə  uzaq Yaponiyaya - dünyanı heyrətləndirməyi bacaran möcüzələr diyarına  səfər edirdik. Rahat, geniş salonları olan təyyarədə sərnişinlərə  yüksək səviyyədə xidmət göstərən bir-birindən gözəl stüardessaların peşə atributlarından biri də sanki təbəssüm  bəxş etməkdir. Amma diqqətimi çəkən təkcə bu gülərüz və  seçdikləri  peşədən  zövq alan gənc  stüardessalar deyildi,  həm də yapon  sərnişinlərinin, yaşından asılı olmayaraq, bir  çoxunun kitab, jurnal, qəzet oxuması  idi.

Yaponlar və Yaponiya haqqında çox maraqlı əhvalatlar eşitmiş, görkəmli Azərbaycan  yazıçısı, kinorejissoru Həsən Seyidbəylinin "On beş gün Yaponiyada" və ömrünün  yeddi ilini   Yaponiyada  "Pravda"  qəzetinin  xüsusi müxbiri kimi keçirmiş məşhur rus jurnalisti Vsevolod Ovçinnikovun "Sakura budağı" kitablarını  oxumuşdum. "Memuar və səfər qeydləri" janrında yazılmış digər  əsərlərdən onu da bilirdim  ki, Bakının  Sabunçu qəsəbəsində  doğulmuş,  XX əsrin ən məşhur kəşfiyatçısı, Sovet İttifaqı  Qəhrəmanı Rixard Zorge 49 yaşında - 7 noyabr 1944-cü ildə  Tokionun Suqamo  həbsxanasında  edam olunmuşdur.

Hələ səfərdən bir həftə qabaq nümayəndə  heyətimiz Bakının  İzmir küçəsində yerləşən Yaponiyanın Azərbaycandakı səfirliyində  rəsmi qəbulda olmuş, sonra da bu ölkənin  fövqəladə və səlahiyyətli səfiri cənab Tsuquo Takahaşi ilə şam  yeməyinə qatılmışdıq.  Söhbət əsnasında səfir bildirdi ki, 2017-ci il sentyabr ayının 7-də Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olunacaqdır. Bütün bu illər ərzində bizim münasibətlərimiz kifayət qədər uğurla inkişaf edib. Yapon şirkətləri iqtisadi əməkdaşlıq sahəsində enerji hasilatı ilə bağlı layihələrə qoşulmuşlar.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci ilin fevralında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2006-cı ilin martında Yaponiyaya səfərlərindən məmnunluqla söz açan səfir Qarabağ problemi ilə bağlı da ölkəsinin mövqeyini açıqladı:

- Mən Azərbaycanda çalışan diplomat kimi yaxşı anlayıram ki, Dağlıq Qarabağ münaqişəsi nəinki Azərbaycanın, ümumilikdə Cənubi Qafqaz bölgəsinin inkişafına əngəldir. Səmimi-qəlbdən bu problemin tezliklə həllinə ümid edirəm. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də öz bəyanatlarında  bu fikri  önə çəkir.

Razim müəllim öz ölkəsinin özəllikləri haqqında böyük məhəbbətlə söz açan səfirin dediklərini təsdiqləyib bildirdi ki, bunlar ona yaxşı tanışdır. Çünki o gündoğar ölkədə bir dəfə olub və bu, onun yaddaşına çox böyük təəssüratlar yazan Yaponiyaya  ikinci səfəri olacaq. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının  həyata keçirdiyi xarici siyasətin  uğurları barədə səfirlə fikir mübadiləsi aparan Razim müəllim Yaponiyanın inkişaf etmiş  sahələrinin təcrübəsinin Azərbaycan üçün maraqlı olmasını, eyni zamanda bu səfərin  dövlət  başçımızın xeyir-duası ilə Tokionun Setaqaya Prefekturası və rəhbərlik etdiyi Xətai rayonu arasında yaranmış dostluq, qardaşlıq münasibətlərinin inkişafına yeni töhfələr verəcəyinə inandığını bildirdi.

Gənc yaşlarımdan  bu ölkəni  görmək ən  böyük arzularımdan biri olsa da, Razim müəllimdən fərqli olaraq, bu mənim uzaq Yaponiyaya  ilk səfərim idi. Düzdür,  Azərbaycan  qaz emalı zavodunun direktoru  vəzifəsində  işlədiyim vaxt  Müstəqil Dövlətlər Birliyi ölkələrinin keçirdiyi "100 sənaye və elm lideri" müsabiqəsində  "İlin  direktoru" nominasiyasının qalibi olanda, mənim Yaponiyaya  getmək  imkanım yaranmışdı. Lakin  o zaman səfər  planım  bəzi şəxsi və üzrlü səbəblərə görə  baş tutmamışdı. İndisə səmanın ənginliklərində "üzən oteldə"  arzularımdan birinin ünvanı - gündoğar ölkə barədə düşüncələrə dalmışdım. Və etiraf edim  ki, içimdə özümdən başqa kimsənin görə bilmədiyi bir sevinci yaşayırdım... 

Adətən səfər öncəsi istər-istəməz yoluna çıxacağım ölkənin iqlimi, ictimai həyatı, adamları və adət-ənənəsi barədə müxtəlif məlumatlarla tanış oluram. Hansı qitədə yerləşməsindən, yaxın və uzaq  məsafədə olmasından asılı olmayaraq, hər bir ölkə bəşər tarixinin maraqla oxunan kitabının rəngarəng səhifələri kimidir! Son 10-15  ildə dünyanın istər qərbində, istərsə də şərqində, bir sözlə, hansı  ölkədə səfərdə  olmuşamsa belə olub. Vətənə dönən kimi səfər təəssüratlarımı qələmə  almışam. Qoca və müdrik Şərqin yatmış pələngi Çin barədə  təəssüratlarım Azərbaycan və  rus dillərində  kitab  şəklində  işıq  üzü  görüb ("Çində möhtəşəm 10 gün",  "Elm və təhsil" nəşriyyatı, Bakı -2012 və  "Kitay - vosmoye  çudo  sveta" "Nurlar", Baku-2015). Çoxsaylı oxucularımla yanaşı,  ÇXR-in ölkəmizdəki səfirliyi də bu kitabları çox yüksək qiymətləndirib...

Bəri başdan deyim ki, Yaponiyada gördüklərim də məni  Çində gördüklərim qədər, hətta ondan  da artıq heyrətləndirdi. Əgər Çində diqqətimi  ən  çox  cəlb edən konfutsiçiliyin iki min ildən çox zaman müstəvisində ölkənin  yalnız siyasət, iqdisadiyyat və mədəniyyət  sahələrində  deyil, davranış tərzinə təsiri idisə,  Yaponiyada yapon xalqının  əzəli ruhunun daşıyıcısı olan samurayların  əxlaq kodeksinin ənənə kimi  qorunub-saxlanılması  faktı oldu. Oxuduqlarımdan sonra əyani şəkildə gördüm ki, samurayların  əxlaq kodeksi yapon xalqının təkcə keçmişi deyil, həm də bu günüdür.

Elə bu düşüncələr içindəykən Yaponiya  səfərindən   qayıtdığım günün ertəsi Bakıda çoxdan tanıdığım bir qələm dostumla  həmsöhbət oldum. Səfər barədə söz düşəndə  qeyri-ixtiyari dedim:

- Allah Qurani-Şərifi  elə bil yaponlara göndərib...  Çünki onlar  Allahın  öz (müsəlman) bəndələri  üçün rəva  bildiyinin çoxuna əməl edirlər.

Bəlkə də bu fikrim çoxuna  qəribə görünə bilər?! Çünki yaponların tapındığı buddizm  kainatı yaradan bir qüvvənin mövcudluğu fikrini  inkar  edir. Yəni buddizm Allahın adını dilə gətirmir. Ancaq söhbət dürüstlükdən, haqdan, mənəvi saflıqdan və  zənginlikdən  gedirsə,  onda yaponlar "Allah" səviyyəsinə qaldırdıqları  budduzmin qurucusuna  çox bağlı qalırlar. Onların, yəni yaponların  özünütərbiyə sahəsindəki əsas amallarını məhz özünü idarə edə bilmək vərdişlərilə əlaqələndirmək olar...

Yaponiyada kimsə gərgin situasiyalarda hirsini büruzə verir, hədsiz çılğınlıq göstərirsə, əsəbiləşib ona-buna  şər-böhtan atırsa, buna pis baxırlar və həmin adam özü də tezliklə başa düşür ki, belə hərəkətlər yersizdir, adam hər vəziyyətdə özünü ələ almağı, ehtiraslarını cilovlamağı bacarmalıdır. Yaponlara görə kədər içində olan adam öz bədbin əhval-ruhiyyəsini təbəssümləri arxasında  gizlətməli və elə etməlidir ki, onun qəlbindəki acı duyğulardan heç kəs xəbər tutmasın.

Mən bu sözləri yazarkən  Həzrəti  Əlinin "Kişinin mömin qardaşının üzünə təbəssüm etməsinin savab və mükafatı vardır"  kəlamını xatırladım. Həzrəti Əli gülümsəmək barəsində buyurur: "Ən gözəl gülüş təbəssümdür". Təbəssüm  bəxş etməksə  İslamın  hədisi-şəriflərində ehsandan sayılır…

Yaponiyaya səfər edən əcnəbilərin çoxu  bəlkə də düşünür ki, axı bu yaponlar yeri gəldi-gəlmədi niyə gülümsəyirlər? Məsələ bundadır ki, yaponların təbəssümü böyük bir tarixi dövrün yekunu kimi təzahür edir. Bu təbəssüm həqiqi samuray tərbiyəsinin, məcburi olaraq, milli xarakterin mühüm cizgilərindən birini formalaşdırır. Busido (Döyüşçünün yolu -  H.M.) mədəniyyətində nəzakət əlaməti belə təzahür edir: "Xoşbəxt adamlarla birgə sən də sevin və göz yaşlarını kimsəyə göstərmə".

İslam dini ilə buddizm arasında bu cür paralellər çoxdur. Yaponiyaya işgüzar səfərimizdən sonra  düşündüm ki, bu ölkə  barədə təəssüratlarımı bir-iki məqaləyə sığışdırmaq mümkün olmayacaq. Ona  görə də qərara aldım ki,  Yaponiyaya səfərimiz barədə kitab yazım.

Tarix elmləri doktoru, şərqşünas,  tanınmış şair Şahin Fazil demişkən:

              Mən yaponu öylə gözəl  görmüşəm,

              Canda yapon sevgisi  baş qaldırıb...

 

"Yapon sevgisi" barədə düşündüyümü, eyni zamanda az qala Yaponiya deyəndə əzmkarlıq və mübarizlik simvolu kimi göz önünə gələn samuraylarla maraqlandığımı bildirəndə, hələ Bakıda tanış olduğum "Kosugi Zohen Co.LTD" şirkətinin nümayəndəsi cənab Andreas Hamaşer  mənə aşağıdakı məzmunda bir məktub yazdı:

"Əziz cənab Mirələmov!

Yaponiyaya qarşı göstərdiyiniz marağa görə sizə təşəkkür edirəm. Ümidvaram ki,  Yaponiyada səfərdə olduğunuz günlərdən və  bizimlə Royal Park hoteldə baş tutan axşam  yeməyindən zövq almısınız.

Sizə Yaponiyanın ən adlı-sanlı samurayı Miyamoto Misaşi haqqında  məlumat vermək istəyirəm.

Samuraylar professional döyüşçü sinfinə 1185-ci ildən daxil  olmuşlar və 1400-cü ildə ölkə əhalisinin 10 faizini təşkil etmişlər. Samuraylar qılınc və digər silahlarla davranmaqda qeyri-adi  qabiliyyətlərə yiyələniblər və Sengoku dönəmində  xüsusi  şöhrət qazanıblar (1467-1603-cü illəri əhatə edən Sengoku dönəmi kütləvi qiyamlar, siyasi intriqalar və silahlı toqquşmalarla keçmişdir. - H.M.).

Busido, yəni "Döyüşçünün yolu" ənənəsi yapon xalqı üçün  xarakter və davranış formasını almışdır (Bushido və ya bəzi mənbələrdə  Busido ənənəsinə görə qılınc ustaları döyüşə və peşələrinə bağlı olmaları ilə tanınırlar. Onlar uğursuzluğa uğradıqda ləyaqətlərini qorumaq üçün seppuku edərək intihar edirdilər. Qılıncı müqəddəs hesab edən bu döyüşçülər hələ də hörmətlə anılan bir şöhrətə sahibdirlər - H.M.).

Miyamoto  Misaşi  (1584-1645)  Yaponiyanın ən məşhur samurayı  və yapon tarixinin qeyri-adi şəxsiyyətlərindən biri idi. Yaponlar təxminən  700  il  samuray mədəniyyətinin təsiri altında olmuşlar və  bu təsir  hazırda da  yaponların düşüncə  və davranış tərzində  duyulmaqdadır.

Yapon xalqının böyük əksəriyyəti öz davranışlarını Misaşinin  düşüncələrinə  uyğun şəkildə modelləşdirir.

Misaşinin 29  yaşı  olanda  dueldə (təkbətək döyüşdə) 60-dan çox rəqibini məğlub etmişdi.  Ancaq  sonra o öz  həyat tərzini dəyişərək peşəkar rəssam, xəttat, şair və heykəltəraş  olmuşdur.

Ümid edirəm ki, Miyamoto Misaşi  haqqındakı  bu kiçik  məlumat sizə maraqlı  gələcək və  kömək edəcəkdir.

Əslində, mənə görə, Miyamoto Misaşi Yaponiyanın əfsanəvi və dahi şəxsiyyətlərindən  biri olmuşdur.

Ümid edirəm ki, yeni ilin əvvəllərində Azərbaycana səfərimiz zamanı sizinlə  görüşəcəyik.

Ən xoş  arzularla,

Andreas Hamaşer,

"Kosugi Zohen Co.LTD" şirkəti."

 

Bu məktubu alana qədər, düzü, özüm də internet vasitəsilə samurayların həyat tərzi ilə bağlı məlumatlar toplamağa  başlamışdım.  Ən maraqlı və məni heyrətə gətirən cəhət dilimizdə  olan  bir çox  aforizmlərin samurayların aforizmləri ilə  uyğun gəlməsi oldu. Məsələn,  bizdə  "Bu günün işini sabaha qoyma"  və  ya "Hər günü ömrünün  son günü kimi yaşa..." ifadəsi  görün,  yapon döyüş sənəti ustalarının "döyüşçünün yolu" kodeksində hansı sözlərlə ifadə olunur: "Sən hər bir zaman xatırlamalısan ki, öləcəksən. Odur ki, hər gününü sonuncu gün kimi yaşamalısan. Yaşamaqla ölüm arasında qaldığın zaman seçəcəyin tək doğru çıxış yolu ölümdür. Hədəflərinə çatmadan yaşamaq it kimi yaşamaqdır.... Hər gününü sonuncu gün kimi yaşayan insan, ürəyini qərarlılığı ilə bərkidəcək. Samuray yolu budur, busido bundan başlayır".

Bu kodeksdə hər balaca səhvin belə öz cavabı var. "Sən səhv etdinsə, həmin səhvinə görə cavab verməlisən". Ümumiyyətlə, busidoda, yəni "döyüşçünün yolu"nda həyatın hər sahəsinə baxış və davranış qaydaları öz əksini tapıb. Bu qaydalara riayət edən adamlara  məhz "samuray" deyiblər.    "Samuray"  qədim yapon dilindən tərcümədə - "ali mənsəbə məxsus insanlara xidmət", "sahibinə qulluq" mənasını verir.

Samuraylar, Andreas Hamaşerin məktubda yazdığı kimi, Yaponiyanın hərbi elitası sayılırdılar. Onlar sədaqətləri və döyüş sənətləri ilə seçilirdilər. Samuraylar heç vaxt and içmirdilər, and içmək onların şərəfini təhqir etmək idi. Samuraylıq Yaponiyada həmişə sayılan, seçilən peşə olub. Samurayların arasından məşhur adamlar da çox çıxıb (məsələn, məşhur siyasətçi, məşhur rəhbər, hökmdar və s.). Ən  maraqlısı  budur ki, samurayların arasında bəzi hallarda qadınlar da olublar. Şanlı samuraylar üçün döyüşçünün meyitini düşmən ərazisində qoymaq dövlətin bayrağını təslim etməyə bərabərdir.

Samuray həm müəllim, həm də tələbədir...

Andreas Hamaşerin Miyamoto Misaşi haqqında yazdıqlarına görə, bu döyüş ustasının çox qəribə həyat yolu olub. Doğulduğu gün anası dünyasını dəyişib.  Ögey anasının yanında boya-başa  çatan Musaşi 9 yaşında atasını da itirib.  13 yaşında ilk rəqibinə qalib  gələrək zəfər qazanıb.  1605-1612-ci illər ərzində o, bütün Yaponiyanı gəzib-dolaşıb. 30 yaşına qədər keçirdiyi 60-dan  çox  döyüşün heç  birində məğlub olmayıb. Ən  möhtəşəm  zəfərini  isə 1612-ci ildə  zəmanəsinin adlı-sanlı  samurayı Sasaki Kojroyu məğlub edərək qazanıb. Və  elə  həmin il  öz məktəbini yaradıb.

Samurayların bilik öyrənmək kimi ehtiraslı xarakterləri onları igidlik göstərməyə yönəldir. Musaşi də həyatının son dönəmini taxta  və metal  lövhələri  oyaraq  bir-birindən maraqlı əsərlər  yaradıb. Zen  fırçası ilə rəngbərəng  tablolara  imza atıb.

Haşiyə: Mənbələrdə Zen buddizmi dedikdə, Yaponiya və Çin olmaq üzrə iki əsas məktəb nəzərdə tutulur. Zen, yaxud zen-buddizmi Yaponiyada 3 əsas sektadan ibarət olmuşdur. "Zen" sözünün mənası "işıqlanma, nurlanma, ənginliyə baş vurma və fikrə çox dərindən qapanma"dır.  Zen buddizmi anlayışlardan və sözlərdən daha çox mənanın üzərində dayanır və  inanca olduğu qədər meditasiyaya və fərdi təcrübəyə verdiyi əhəmiyyətlə digər buddist məktəblərindən fərqlənir.Yenidən doğum faktı və anı həyatın əhəmiyyətli olduğuna dəlalət edir.

1643-cü ildən Musaşi Reigendo mağarasında yaşamağa  başlayır. İki il sonra burada tələbəsi Teruo Moboyokiyə ithafən yazdığı məşhur əsərini - "5 çevrə"ni (GO RIN NO SHO) tamamlayır. Bu əsər dünya miqyasında şöhrət qazanmaqla yanaşı, bu gün də döyüş məktəblərində dərs vəsaiti kimi istifadə edilir.

1980-ci illərdə amerikalılar Musaşinin kitabından bəhrələnərək,  yapon düşüncə  tərzini  özlərinin düşüncə sisteminə daxil etmişlər. Ona görə də bu  kitab daha çox amerikan iş adamlarının  stolüstü  kitabına çevrilmişdir. Savaş sənətindən başqa digər sahələrdə də  "5 çevrə"  və ya "5 çəmbər" kitabından faydalanmaq dəb halını almışdır.

İrəlidə samuraylar və onların əxlaq kodeksi barədə oxuculara daha ətraflı məlumat verməyə çalışacağam. Hələlik isə Yaponiyaya nümayəndə heyətimizin səfərindən bəhs etmək istəyirəm. Əvvəla, onu qeyd edim  ki, Cənub-Şərqi Asiyanın ən əsrarəngiz ölkəsi olan Yaponiya dünyanın ən çox həsəd aparılası ölkələrindən biridir. Hələ 4-5 il bundan əvvəl Çin Xalq Respublikasında 10 günlük səfərdə olanda diqqətimi Yaponiya haqqında eşitdiyim bir fikir cəlb etmişdi. Çinlilərə görə dünyaya günəş qonşu Yaponiyada doğur. Buna görə də Yaponiya, adətən, "Gündoğar ölkə" adlandırılır.

Yaponlar isə öz ölkələrinə "Günəşin yüksəldiyi yer" mənasında işlənən "Nihon" və ya "Nippon" deyirlər. Bu sözlərin bir anlamı da "günəşin mənşəyi" və ya "günəşin doğması" deməkdir.

Yaponiyanın qədim adı "Yamata"  olmuşdur. Bu ifadə  "Dağlılar ölkəsi" anlamını verir. Tokio şəhəri 1868-ci ildə ölkənin paytaxtı elan edilmişdir.  Bizim qaldığımız beşulduzlu "New Otani" oteli şəhərin 400 il bundan əvvəl  salınmış gözoxşayan füsunkar bir  bağında yerləşir. Burada 5 xətli metronun  Akasaka-Mitsuke  stansiyasına qədər olan məsafəni  piyada  səkkiz-doqquz dəqiqəyə  qət etmək olar... Hər gün otelin  yerləşdiyi bu qədim bağı gəzər, nədənsə, Bakının Xətai rayonunda salınmış  "Yapon bağı"nı  xatırlayırdım.

 

Bakıda "Yapon bağı"

Nümayəndə heyətimizin, həm də Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov 2014-cü ilin iyun ayında Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyəti başçıları ilə birlikdə  Yaponiyada  olduğundan  söz açdı:

- İki il öncə biz burada  on günlük səfərdə olarkən Yaponiyanın yerli idarəetmə sistemi və şəhər təsərrüfatı ilə yaxından tanış olduq. Elə  o zaman Yaponiyada mövcud olan təcrübədən faydalanmaq və təbii ki, ikitərəfli əməkdaşlığı davam etdirmək məqsədilə iki ölkənin şəhərləri arasında qarşılıqlı dostluq münasibətlərinin yaradılmasını  müzakirə  etdik. Özümlə gətirdiyim  "Ağ şəhər" layihəsi, "Ana harayı" və  Xətai rayonu barədə nəşrləri yapon dostlarımıza təqdim etdim.

Tərkibinə Bakının Səbail, Suraxanı, Yasamal, eləcə də Ağcabədi, Masallı, Şabran, Qəbələ, Qusar, Yardımlı rayonlarının və Şəki şəhərinin icra hakimiyyətləri  başçılarının daxil olduğu  nümayəndə heyətimiz turizm və mədəniyyət obyektləri ilə tanış oldu,  Yaponiyada  bir neçə şəhərin tarixi və görməli yerlərini ziyarət etdi. O vaxt nümayəndə heyətimizə  Azərbaycan Respublikası Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov  rəhbərlik edirdi.

Razim müəllim sözünə davam edərək dedi:

- Bakının Yasamal və Suraxanı rayonlarının rəhbərləri Tokio şəhərinin yaxınlığında yerləşən Yokohama şəhəri ilə dostluq etməyə hazır olduqlarını bildirdilər. Biz  isə  o zaman  rayonumuzun Kitakyuşu şəhəri ilə  dostluq və tərəfdaşlıq etmək haqqında yapon tərəfinə niyyət protokolunun layihəsini təqdim etdik.

...Az sonra yapon bağları və parklarının salınması ilə məşğul olan məşhur "Kosugi Zohen" şirkətinin  rəhbərliyi  Bakıya gəldi. Biz  birlikdə Ukrayna  meydanı yaxınlığında yerləşən, Ulu Öndərin adını daşıyan Heydər parkında Azərbaycan-Yaponiya dostluq  münasibətlərinin rəmzi  kimi "Yapon bağı"nın salınmasını  qərara  aldıq. 2015-ci ilin oktyabr ayında Azərbaycan Pespublikası Prezident Administrasiyasının nümayəndəsinin,  Yaponiyanın   ölkəmizdəki səfiri cənab  Tsuquo Takahaşinin və "Kosugi Zohen Co.LTD" şirkətinin  rəhbəri Saki  Kosuginin iştirakı  ilə  bu bağın təntənəli açılış  mərasimi  oldu...  Bax,  beləcə Azərbaycan-Yaponiya dostluq münasibətlərinin və regionlararası əməkdaşlığın davamı olaraq  biz Yaponiya Parlamentinin Müşavirlər  Palatasının üzvü xanım  Akiko Santodan bu ölkəyə  növbəti dəfə dəvət aldıq.

 

... 2016-cı il noyabrın 29-dur və  biz artıq Yaponiyadayıq. Nümayəndə heyətimizin Tokioda işgüzar səfərdə olması  elə ilk gündən  yaddaşımda  bir çox məqamlarla dərin  iz  buraxdı. Bu məramlardan  biri iki dost ölkə arasındakı əlaqələrin tarixində ilk dəfə paytaxt şəhərlərin rayonları arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması  idi. Bu məqsədlə Bakı şəhərinin Xətai rayonu ilə Yaponiyanın Tokio Prefekturasının Setaqaya şəhəri arasında qardaşlaşmış  şəhər layihəsinin  müzakirəsində və əlaqələrin qurulmasında iştirakım  mənim səfər tarixçəmdə deyil, ictimai-siyasi fəaliyyətimdə də unudulmaz tarixi hadisələrdən birinə çevrildi.

Onu da qeyd edim ki,  Setaqaya Tokionun 23 Xüsusi rayonundan  ən  böyüyüdür, necə deyərələr, Tokioya pəncərədir. Ərazisi  58,08 kv.km, əhalisi 898 min  nəfərdir.

Səfərimizin  proqramına  uyğun olaraq, Razim Məmmədov başda olmaqla, nümayəndə heyətimiz Yaponiya hökumətinin, Xarici İşlər Nazirliyinin, hakim siyasi partiyanın, Tokio prefekturasının rəsmi nümayəndələri və Azərbaycanla əməkdaşlıqda maraqlı olan bir sıra yapon şirkətlərinin rəhbərləri ilə görüşərək işgüzar müzakirələr apardıq.

Yaddaqalan maraqlı görüşlərdən biri də nümayəndə heyətimizin Tokio prefekturasının Tullantıların Emalı Mərkəzinin, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin yarışlara hazırlıqla bağlı fəaliyyəti ilə tanışlıq oldu.

Demək olar ki, Razim Məmmədov bütün işgüzar görüşlərdə nümayəndə heyətimizin rəhbəri kimi ölkəmizin müstəqillik əldə etdikdən sonra Heydər Əliyevin rəhbərliyilə dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın bərpası və sürətli inkişafı ilə bağlı strategiyanın işlənib-hazırlanması barədə  iştirakçılara ətraflı  məlumat verirdi.

Və belə ikitərəfli söhbətlərdə Razim müəllim vurğulayırdı ki, Ulu Öndər tərəfindən  bünövrəsi qoyulan strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib və dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatları arasında mövqeyini möhkəmləndirib.

 

Təbii ki,  bu gün  xalqımızı ən çox narahat edən  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də erməni işğalçılarının Xocalıda törətdiyi soyqırımı faktı barədə yapon həmkarlarımıza ətraflı məlumat verdik və bu faciəyə həsr edilmiş abidənin məhz Xətai rayonu ərazisində yerləşdiyini xüsusi qeyd etdik. Xətai rayonunun beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirdiyini bildirən Razim müəllim rayonun Türkiyənin Mersin vilayətinin Tarsus şəhəri və Belarusun Minsk şəhərinin Leninsk rayonu ilə qardaşlıq münasibətlərində olduğunu  rəsmi tədbirlərdə iştirak edən yapon dostlarımızın diqqətinə çatdırdı.

Tarsus şəhərində Heydər Əliyevin adını daşıyan parkın və körpünün inşa edildiyini, abidəsinin ucaldıldığını qeyd edən Razim Məmmədov gələcəkdə Tokio prefekturasının Setaqaya şəhəri ilə də bu cür əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını  bildirdi.

Görüşlər zamanı Xətai rayonunda 2015-ci ildə "Kosugi Zohen Co.LTD" şirkəti tərəfindən salınmış "Yapon bağı"nın Azərbaycan və yapon xalqları arasında dostluq əlaqələrinin rəmzinə çevrildiyi də dilə gətirildi.

Milli Məclisin deputatı  və YAP Xətai rayon təşkilatının sədri  olaraq  mən də 2017-ci ildə Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd ediləcəyindən söbət açdım və  iki dövlət arasındakı dostluq əlaqələrinin xalqlarımız arasında da geniş vüsət tapmasının əhəmiyyətini qeyd etdim. Eyni zamanda bu əməkdaşlığın yeni imkanlar yaradacağına əminliyimi bildirərək, Yeni Azərbaycan Partiyası ilə Yaponiyanın  hakim partiyası - Liberal Demokratik Partiyası arasında qurulmuş əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi baxımından qarşılıqlı səfərlərin və dialoqun artırılmasının vacibliyinə diqqət çəkdim. LDP-nin Xarici əlaqələr bürosunun rəhbəri, parlamentin üzvü Kazunori Tanaka da 2015-ci ilin mayında ölkəmizə səfər etməsindən məmnunluğunu bildirərək, hakim partiyalar arasında yaranmış dostluq münasibətlərinin daha da gücləndirilməsində maraqlı olduqlarını qeyd etdi.

Yaponiya Parlamentinin Nümayəndələr Palatasının üzvü, LDP-nin  Xarici əlaqələr bürosunun baş direktorunun müavini Yasumasa  Naqasaka,  Xarici İşlər  Nazirliyinin Avropa bürosunun Mərkəzi Asiya  və Qafqaz üzrə direktoru Seiikiro Takahaşi, "Kosugi Zohen Co. LTD" şirkətinin rəhbəri Saki Kosugi  və digər  şəxslər  ilə səmərəli  görüşlər keçirdik.

Oxucular  üçün maraqlı  olsun deyə qeyd edim  ki, dünyanın ən qədim şirkəti Konqo Gumi e.ə. 578-ci ildə Yaponiyada qurulmuşdur.

 

Nümayəndə  heyətimiz Yaponiya ilə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq imkanlarını nəzərə alaraq, yapon nümayəndələrinı, xüsusilə Setaqaya şəhərinin meri Nobuto Hosakanı Azərbaycana dəvət etdi.

Setaqaya şəhərinin meri Nobuto Hosaka Azərbaycanın ədalətsiz müharibəyə cəlb edilməsinə və ərazilərinin işğal olunmasına baxmayaraq, son illərdəki uğurlu inkişafından xəbərdar olduğunu bildirdi. O, Setaqaya şəhəri və Xətai rayonu arasında dostluq münasibətlərinin qurulması məqsədilə qarşılıqlı təbliğati işlərin aparılmasının əhəmiyyətini vurğuladı. Setaqaya şəhərində ekologiya məsələlərinə xüsusi diqqət yetirildiyini qeyd edən N.Hosaka Xətai rayonundakı "Ağ şəhər" layihəsinin bu istiqamətdə təcrübə mübadiləsi üçün əhəmiyyətli olacağını söylədi.

Yaponiya xarici işlər nazirinin müavini Motome Takizava ilə görüşdə o,  cari ilin, yəni 2016-cı ilin avqustunda Azərbaycana olan səfərindən böyük təəssüratlarla qayıtdığını qeyd etdi, ölkəmizdə ona göstərilən diqqətə və səmimi münasibətə görə minnətdarlığını bildirdi. Xüsusilə Prezident İlham Əliyevlə keçirilən görüşün əhəmiyyətini vurğulayan nazir müavini ölkəmizdəki inkişafın onda böyük heyrət doğurduğunu bildirdi.

Yaponiya Parlamentinin müşavirlər palatasının üzvü xanım Akiko Santo Bakıda - Xətai rayonunda salınmış "Yapon bağı"nın qarşılıqlı dostluq münasibətlərinin inkişafına müsbət təsirini önə çəkdi və Azərbaycanda yapon mədəniyyətinə göstərilən diqqətə görə minnətdarlığını bildirdi. Və  o da  öz  növbəsində iki dost ölkənin regionları arasında yeni münasibətlərin qurulması təşəbbüsünü alqışlayaraq bu istiqamətdə daim dəstək göstərməyə hazır olduğunu qeyd etdi.

Tokio prefekturasının qubernatorunun xarici əlaqələr üzrə müşaviri Hideaki Mizukoşi, Nazirlər Kabinetinin iqdisadi siyasət üzrə müşaviri Nideaki Okamoto və Yaponiya hökumətinin  Asiya, Cənubi Qafqaz  və GUAM ölkələri üzrə xüsusi nümayəndəsi, səfir Toşihiko Aiki Yaponiya və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirdilər. Səfər zamanı əldə olunan razılaşmaların həyata keçirilməsinə, Yaponiyanın qabaqcıl təcrübəsinin Azərbaycanda tətbiqinə yardım göstərmək üçün hazır olduqlarını qeyd etdilər.

Sonra "Kosugi Zohen Co.LTD" şirkətinin rəhbəri Saki Kosugi iki ölkə arasında dostluq və əməkdaşlığın daha da güclənməsi, uzunmüddətli tərəfdaşlığın qurulması istiqamətində səylərini əsirgəməyəcəyini  bəyan etdi. Şirkət dünyanın çox yerində - Almaniya və Cənubi Kiprdə də bağ salır. Dörd il əvvəl şirkət bağçılıq üzrə dünyada keçirilən müsabiqədə birinici yerə layiq görülüb. Saki Kosugi üçüncü nəsildir ki, bağçılıqla məşğuldur.

Onu da qeyd edim  ki, iki rayonun - Xətai və Setaqayanın qardaşlaşma təşəbbüsü  Yaponiyada görüşdüyümüz  bütün məsul şəxslər tərəfindən  yüksək qarşılandı və   alqışlandı.  Onlar  birmənalı  şəkildə bildirdilər ki, bu layihənin,  eləcə də  digər iqtisadi-mədəni əlaqələrin baş tutması üçün əllərindən gələni əsirgəməyəcəklər!

 

                                 Yaponiyanın "Azərbaycan məmləkətində"

 

Bir az əvvələ qayıtmaq istəyirəm… Dohadan on iki saat yarımlıq yorucu yolçuluqdan sonra hava laynerimiz Yaponiyanın paytaxtı Tokionun Beynəlxalq Hava Limanına endi. Haneda köhnə sayılsa da, möhtəşəmliyinə və xidmətin səviyyəsinə görə dünyanın  dördüncü aeroportudur. Bizi qarşılamaq üçün gəlmiş Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadəni və səfirliyin digər əməkdaşlarını görəndə, qərib bir məmləkətdə qonaq olduğumuzu bir anlıq  unutduq. Səmimi görüş və isti münasibət uzun, usandırıcı  yolun yorğunluğunu da elə bil canımızdan çıxarmışdı.

Ətrafdakı yaşıllıqlardan gözümü çəkə bilmədiyimdən,  avtomobillə  yarım saatlıq yolu nə vaxt qət etdiyimizi belə duymadım.  Təyyarə nə qədər rahat olsa da, yol və uzun vaxt öz sözünü deyirdi.  Ona görə də hotelə çatan kimi hamı öz otağına çəkilib, az da olsa, yatmaq istəyirdi...

Səhər tezdən gündoğar ölkənin  paytaxtı  bütün gözəlliyi ilə nəzərlərimi ovsunladı. Elə ilk baxışdan  şəhərin  ideal təmizliyi  məni valeh etdi.  Küçələrdə nə insan səs-küyü, nə də maşınların fit səsləri eşidilirdi.  Hər tərəf, Yaponiyanın fəlsəfi  simvollarından hesab olunan, səliqə ilə əkilmiş sakura (bar verməyən albalı)  ağacları  ilə  süslənmişdi. Gündoğar ölkədə  müqəddəs sayılan  bu  bəzək ağacının  iki yüzdən  çox  növü var. Baharın müjdəçisi olmasına baxmayaraq, yapon ədəbiyyatında  sakura ölümlə  yaşamın vəhdətini  ifadə edir.

Əksliklərin vəhdəti qanunu və ya  fərqləndirici əlaməti kimi - Şimal və Cənub qütbləri,  ağ və qara,  yaxşı və pis,  həyat və  ölüm kimi... sakura  çiçəkləri  həm də yenidən doğuluşun simgəsidir. Samurayların həyat tərzini qəbul etmiş  yapon xalqı üçün  sakura çiçəkləri çox  böyük məna kəsb edir. Fevral ayından etibarən Yaponiyada sakura "fəsli" başlayır və çiçəyə bürünmüş albalı ağacları əsl cənnətməkanı xatırladır. Bu ecazkar ağaclar martın son həftəsi ilə aprelin ilk həftəsi  çiçəkləyir və Yaponiyada  məhz  bu dövr ən müqəddəs zaman sayılir. Yaponlar sakura ağacını ölkənin rəmzi, çiçəklərini isə qeyri-rəsmi gerbi hesab edirlər.

Onu da qeyd edim ki, sakura ağacları Azərbaycanda da gözəl yetişir və çiçək açır. Bakıda fəaliyyət göstərən "Sakura" Azərbaycan-Yaponiya İctimai Birliyi bu ilin aprelində "Sakura ağaclarının Azərbaycanda çiçəklənməsi" mövzusunda maraqlı tədbir keçirib. 2008-ci ildə Yaponiyadan gətirilən sakura tıngləri Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağında əkilmiş və ötən müddət  ərzində bu ağaclara qayğı ilə qulluq olunmuşdur. Qeyd edək ki, bu ağaclar Azərbaycan və Yaponiya xalqları arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında rəmzi olaraq körpü rolunu oynayır.

Gündoğan ölkədən gətirilən sakura ağaclarından iyirmisi Yaponiya səfirliyinin təklifi ilə Şirvan şəhərində orta məktəbin həyətində əkilib. Mərkəzi Nəbatat bağında sakura ağaclarından başqa, yapon əzgili, armudu, heyvası və çiçəkləri də var.

Sakuraların  çiçəklənmə  dövrü Gündoğar ölkəyə  turistlərin  ən  çox gəldiyi  dönəmdir. Yaponiyanın 11 şəhərində təşkil olunan  "Sakura zensen", yəni çiçəklərin açılması festivallarını seyr etmək üçün dünyanın hər yerindən bura gəlirlər. Sakura  çiçəklərinin budaqlarda qaldığı zamanın çox qısa olması yapon mədəniyyətində  həyatın gəldi-gedər olduğunu ifadə edir.

Sakura həm də bu ölkədə qadın adıdır. Yaponlar həyatlarındakı əhəmiyyətli başlanğıcları, evlənəcəkləri, yeni bir işə başlayacaqları  və tətilə çıxacaqları günləri sakuraya görə nizamlayırlar. Yəni, albalı çiçəyi Yaponiyada tam bir fenomendir.  Mən  Tokioda  olduğumuz  müddətdə hər dəfə sakura ağaclarına rast gələndə düşünürdüm  ki,  kaş Yaponiyaya  növbəti səfərim bu ağacların çiçəklədikləri dövrə təsadüf edəydi.

Bu düşüncələr içində hoteldən  birbaşa Yaponiyadakı Azərbaycan "məmləkətinə", bu gündoğar ölkədə doğma vətənimizin bir parçası, qarşısında müqəddəs bayrağımız dalğalanan ölkəmizin səfirliyinə gəldik. Səmimi görüş zamanı Yaponiya ilə əlaqələrin son illər daha da intensivləşdiyini bildirən səfir Gürsel İsmayılzadə xüsusi vurğuladı ki, Azərbaycanın beynəlxalq tədbirlərin təşkil edildiyi bir mərkəzə çevrilməsi nəticəsində yaponların da ölkəmizə marağı və buradan respublikamıza gedən turistlərin sayı da sürətlə artmaqdadır. Gürsel müəllimin  səfirliyin fəaliyyəti barədə nümayəndə heyətimizə verdiyi məlumat bir azərbaycanlı kimi bizdə çox xoş təəssürat oyatdı.

Nümayəndə heyətimizin rəhbəri Razim Məmmədov Yaponiyadakı səfirliyimizin fəaliyyətinin yüksək səviyyədə qurulduğundan məmnun qaldığımızı qeyd etdi və  bu ölkəyə səfərimizin təşkilində göstərdiyi köməyə görə səfirə təşəkkürümüzü bildirdi. Gürsel İsmayılzadə bizimlə söhbətdə  vurğuladı ki, nümayəndə heyətimizin bu səfəri və  qardaşlaşmış şəhərlər iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsinə öz töhfəsini verəcək.

Tokioda  rəsmi görüşlərdən sonra şəhərlə tanış olduq. Həqiqətən, nəhəng, möhtəşəm şəhərdir - göydələnlər, yaşıllıqlar içində uyuyan imperator sarayı, "Kinzo" məhəlləsinin izdihamı, ticarət mərkəzləri, "Akixabara"nın zəngin elektronika mağazaları, qədim Budda məbədləri, 3-4 mərtəbəli yollar, yeraltı nəhəng ticarət və iaşə obyektləri, metronun labirint yolları, bir sözlə - şəhər altında şəhər adamda sözün əsl mənasında insan təfəkkürünün gücünə, yapon xalqının fədakarlığına xüsusi bir hörmət oyadırdı.

Tokioda olduğumuz günlərdə,  demək  olar ki, şəhərin görməli yerlərinə, bir qayda olaraq,  səfirliyin  əməkdaşları ilə  gedirdik.  Belə gəzintilərdə və Yaponiyanın hökumət nümayəndələri ilə görüşlərdə səfir Gürsel İsmayılzadə də  bizi  müşayiət edirdi.  Görüşlərdə və şəhərlə tanışlıq zamanı səfirin  və səfirliyin əməkdaşlarının yapon dilini mükəmməl  bilməsi  bizim  çox karımıza gəlirdi.

Açığı, səfirimizin həyat tarixçəsi də bizim üçün çox maraqlı oldu. İngilis, yapon, rus və ərəb dillərini mükəmməl bilən Gürsel Qüdrət oğlu İsmayılzadə 16 avqust 2011-ci ildə Azərbaycan  Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin sərəncamı ilə ölkəmizin  Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Qısa arayış: Gürsel İsmayılzadə 1992-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb mütərcimləri bölməsini fərqlənmə diplomu ilə bitirib. Bir il Azərbaycan Respublikası Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu ərəb ölkələrinin müasir tarixi və iqtisadiyyatı şöbəsində elmi işçi kimi çalışandan sonra 1993-cü il  iyulun 16-dan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dövlət protokolu idarəsində III katib vəzifəsində çalışıb.

 

1996-cı ilin oktyabrından XİN-dən Yaponiya Təhsil Nazirliyinin dəvəti və təqaüdü ilə gündoğar ölkəyə təhsil almağa ezam edilib. 1996-cı ilin oktyabrından 1997-ci ilin aprelinədək Tsukuba Universitetində  yapon dilini öyrəndikdən sonra tədqiqatçı kimi Tokionun Cyoçi Universitetinin beynəlxalq əlaqələr fakültəsinə daxil olub. 1998-2000-ci illərdə Cyoçi Universitetinin beynəlxalq əlaqələr fakültəsinin magistraturasında təhsil alıb, 2004-cü ildə isə Cyoçi Universitetində elmi fəaliyyətini davam etdirərək, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yüksəlib.

Yaponiyada təhsil aldıqdan sonar o, 2005-ci ilin yanvarında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ikinci (Şərq) ərazi idarəsinə birinci katib, 2005-ci ilin sentyabrında ölkəmizin Yaponiyadakı səfirliyinə birinci katib, 2006-cı il oktyabrın 2-də isə səfirliyin müşaviri vəzifələrinə təyin olunub. 2010-cu ilin yanvarından Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ikinci (Şərq) ərazi idarəsinin müşaviri, 2010-cu ilin mayından 2011-ci ilin avqustunadək nazirin katibliyinin müdiri, nazirin köməkçisi vəzifələrində çalışıb.

Sözün əsl mənasında hələ gənc, amma çox təcrübəli və təşəbbüskar olan səfirimiz Gürsel İsmayılzadənin dövlətimizin etimadını necə şərəflə doğrultduğu bizi sevindirməyə bilməzdi. Həm də tək onun yox, səfirliyin bütün əməkdaşlarının təşkilatçılıqları, ölkəmizi ləyaqətlə təmsil etmələri bizdə çox xoş təəssüratlar yaratdı. Təbii ki, səfərimizin sonunda biz onlara gördüyümüz diqqət və qayğıya, səmimi münasibətə görə minnətdarlıq və təşəkkürümüzü bildirməklə yanaşı, bu yüksək diplomatik xidmətlərini beləcə ləyaqətlə başa vurmaq arzumuzu da söylədik.

Dostluq telləri uzaq yolları yaxınlaşdırır

 

Səfərimizin  proqramına  uyğun olaraq, Razim Məmmədov başda olmaqla nümayəndə heyətimiz Yaponiya hökumətinin Xarici İşlər Nazirliyinin, hakim siyasi partiyanın, Tokio prefekturasının rəsmi nümayəndələri və Azərbaycanla əməkdaşlıqda maraqlı olan bir sıra yapon şirkətlərinin rəhbərləri ilə görüşərək işgüzar müzakirələr apardı.

 

Yaponiya xarici işlər nazirinin müavini Motome Takizava ilə görüşümüz bir çox cəhətən yaddaqalan oldu. Nazir müavini bizi öz ölkəsində qəbul etməkdən məmnun olduğunu bildirərək qeyd etdi ki, o, 2016-cı ilin avqustunda Azərbaycana səfərindən böyük təəssüratlarla qayıtmışdır. Ölkəmizdə gördüyü diqqət və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Motome Takizava  Prezident İlham Əliyevlə keçirilən görüşün əhəmiyyətini xüsusi qeyd etdi: "Azərbaycanın dövlət başçısının  Xətai rayonundakı Heydər Parkında "Yapon bağı"nın salınmasına razılıq verilməsi isə məni çox məmnun etdi. Bu onu göstərir ki, Azərbaycanda Yaponiyanın mədəniyyətinə, tarixinə, iqtisadiyyatına çox böyük maraq var. Bu gün məhz Xətai rayonunun  nümayəndə heyətinin bizim ölkəyə səfəri iki ölkə arasında regionlararası əməkdaşlığın genişləndirilməsi baxımından çox əhəmiyyətlidir və Yaponiya XİN bu əlaqələrin inkişafı üçün lazım olan bütün dəstəyi göstərəcəkdir".

Yaponiya parlamentinin müşavirlər palatasının üzvü xanım Akiko Santo  ilə görüşümüz də çox səmimi və maraqlı oldu.  Bu gün iki ölkə arasında dostluq münasibətlərinin rəmzinə çevrilmiş  Bakının Xətai rayonundakı "Yapon bağı"ndan söz açan xanım Akiko Santo  vurğuladı ki, bizi yaxınlaşdıran tarixi, mədəni və mənəvi dəyərlər çoxdur.

Tokio prefekturasının qubernatorunun xarici əlaqələr üzrə müşaviri Hideaki Mizukoşi, Nazirlər Kabinetinin iqtisadi siyasət üzrə müşaviri Nideaki Okamoto və Yaponiya hökumətinin  Asiya, Cənubi Qafqaz  və GUAM ölkələri üzrə xüsusi nümayəndəsi, səfir Toşihiko Aiki Yaponiya dövlətinin  Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduğunu, səfər zamanı əldə olunan razılaşmaların həyata keçirilməsinə və Yaponiyanın qabaqcıl təcrübəsinin Azərbaycanda tətbiqinə yardım göstərmək üçün hazır olduqlarını qeyd etdilər.

Yaponiya Parlamentinin Nümayəndələr Palatasının üzvü, LDP-nin  Xarici Əlaqələr Bürosunun baş direktorunun müavini Yasumasa  Naqasaka,  Xarici İşlər  Nazirliyinin Avropa bürosunun Mərkəzi Asiya  və Qafqaz üzrə direktoru Seikiro Takahaşi, "Kosugi Zohen Co.LTD" şirkətinin rəhbəri Saki Kosugi  və digər  şəxslər  ilə səmərəli  görüşlər hər iki tərəfdən böyük maraqla qarşılandı.

İndisə Xətai rayonu ilə qardaşlaşmış Setaqaya  şəhəri haqqında: Setaqaya  eynən Bakının Xətai rayonu kimi Tokionun 23 xüsusi rayonundan  ən  böyüyü, necə deyərlər, Tokiyoya pəncərədir. Ərazisi  58,08 kvadratkilometr, əhalisi 898 min  nəfərdir. Tokionun cənub-şərqində  yerləşən bu rayonu Kanaqava prefekturasından Tama çayının su xətti ayırır.

 

Setaqaya bizim Xətai rayonu kimi, əsasən, kütləvi yaşayış məhəllələrindən ibarətdir və 5 yerə ayrılır: Setaqaya, Tamaqava, Kitadzava, Kinuta və Karasuyama.  Onların hər birinin öz administrasiyası var, baxmayaraq ki, Setaqaya inzibati ərazi dairəsinə daxildirlər.

Digər xüsusi rayonlar kimi Setaqaya da öz statusunu 1947-ci il martın 15-də alıb. Edo erasında bu ərazidə 42 kiçik kənd yerləşmişdir. 1871-ci ildə onlardan bir qismi Tokio prefekturasına, bir qismi isə Kanaqava prefekturasına birləşmişdir. Bir qədər sonra, 1893-cü ildə daha bir neçə kənd də Tokioya birləşdi. 1932-ci ildə Setaqaya şəhər rayonunun yaranması baş verdi. 1936-cı ildə tabeliyinə bir neçə kənd də veriləndən sonra o bugünkü əraziyə sahib oldu. Kanadanın Vinnipeq, Avstraliyanın Benberi şəhərləri, Vyananın Dyoblinq rayonu  Setaqeya ilə qardaşlaşmış şəhərlərdir. İndi onların sırasına Xətai rayonu da əlavə olunmuşdur.

Elə buna görə də Setaqaya şəhərinin meri Nobuto Hosaka ilə görüşümüz daha geniş və maraqlı alındı. Mer  Nobuto Hosaka bizi çox böyük səmimiyyətlə qarşıladı. Söhbətindən mənə də, yoldaşlarıma da bəlli oldu ki, Azərbaycan haqqında zəngin məlumatı var. Özü qeyd etdi ki, Azərbaycanın Ermənistan tərəfindən ədalətsiz müharibəyə cəlb edilməsinə və ərazilərinin işğal olunmasına baxmayaraq, ölkənizin son illərdəki uğurlu inkişafından xəbərdaram. Güman edirəm ki, bu müharibə olmasaydı Azərbaycan daha böyük uğurlar qazana bilərdi.

Mer, Setaqaya şəhəri və Xətai rayonu arasında dostluq münasibətlərinin qurulması məqsədilə qarşılıqlı təbliğatın aparılmasının əhəmiyyətini də vurğuladı. Setaqaya şəhərinin ekologiya məsələlərinə xüsusi diqqət yetirdiyini qeyd edən N.Hosaka Xətai rayonundakı "Ağ şəhər" layihəsinin bu istiqamətdə təcrübə mübadiləsi üçün əhəmiyyətli olacağını söylədi. Nümayəndə  heyətimiz Yaponiya ilə iqtisadi və humanitar sahələrdə əməkdaşlıq imkanlarını nəzərə alaraq,  yapon nümayəndələri, xüsusilə Setaqaya şəhərinin merini Azərbaycana dəvət etdi.

Görüşlər zamanı şahidi olduğumuz başlıca məqam bu idi ki, iki rayonun - Xətai və Setaqayanın qardaşlaşma təşəbbüsü Yaponiyada görüşdüyümüz  bütün məsul şəxslər tərəfindən böyük maraqla qarşılandı və alqışlandı.  Onlar  birmənalı  şəkildə bildirdilər ki, bu layihənin,  eləcə də,  digər iqtisadi-mədəni əlaqələrin baş tutması üçün əllərindən gələni əsirgəməyəcəklər. Hətta görüşlərin birində çox maraqlı bir ifadə səsləndi: "Dostluq telləri uzaq yolları yaxınlaşdırır".

 

Xətai rayonunun sosial-iqtisadi göstəricilərinə gəldikdə isə,  icra hakimiyyətinin başçısı qeyd etdi ki, bir vaxtlar neft sənayesi obyektlərinin yerləşdiyi bu yaşayış ərazisi  Bakının ən geridə qalmış və ən çox çirklənmiş rayonlarından olduğu üçün  el içində "Qara şəhər" adlanırdı. Ancaq ulu  öndərimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra "Bir vaxt gələcək "qara  şəhər" "ağ şəhərə" çevriləcəkdir" deyib, bu rayona diqqət və qayğısını əsirgəmədi. 10 ildən artıqdır ki, onun sözləri həyatın reallığına çevrilib və indi rayon əsl yüksəliş dövrünü yaşayır.

Yaponiya Xarici İşlər Nazirliyində və bir çox digər dövlət orqanlarındakı görüşlərimizdə əsas mövzulardan biri də, təbii ki,  bu gün  xalqımızı ən çox narahat edən Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması, təcavüzkarların  Xocalıda və bir çox digər yerlərdə  törətdikləri soyqırımı faktları idi.  Nümayəndə  heyətimizin rəhbəri Yaponiyanın dövlət rəsmilərinə, iş adamlarına işğal faktı və faciələr haqqında müfəssəl məlumat verərək bildirdi ki, Xocalı faciəsinə qoyulmuş abidə Xətai rayonu ərazisində yerləşir və dünyanın bir çox dövlətləri artıq bu faciəni Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırım faktı kimi tanıyır. Xətai rayonunun beynəlxalq əməkdaşlığından - Türkiyənin Mersin vilayətinin Tarsus şəhəri və Belarusun Minsk şəhərinin Leninsk rayonu ilə qardaşlıq münasibətlərindən də geniş bəhs edildi. Qeyd olundu ki, bu əlaqələrdə Yaponiyanın Tokio şəhərinin də xüsusi yeri var.Tarsus şəhərində Heydər Əliyevin adını daşıyan körpünün və parkın inşa edildiyini, həmin parkda mərhum prezidentin abidəsinin ucaldıldığını qeyd edən Razim Məmmədov gələcəkdə Tokio prefekturasının Setaqaya şəhəri ilə də bu istiqamətdə layihələrin gerçəkləşdirilməsini  və belə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını  bildirdi. Yaponiya iş adamları ilə artıq Bakıda belə bir layihə gerçəkləşdirilib və 2015-ci ildə Xətai rayonunda "Kosugi Zohen Co.LTD" şirkəti tərəfindən salınmış "Yapon bağı" buna əyani sübutdur.

Milli Məclisin deputatı və YAP Xətai rayon təşkilatının sədri  kimi mən də 2017-ci ildə Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd ediləcəyini vurğulayaraq bildirdim ki, iki dövlət arasında diplomatik münasibətlərin möhkəmlənməsinə  xalqlar arasında qurulmuş dostluq əlaqələri böyük töhfə verir. Eyni zamanda Yeni Azərbaycan Partiyası ilə Yaponiyanın  hakim Liberal Demokratik Partiyası arasında qurulmuş əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi baxımından qarşılıqlı səfərlərin və dialoqun artırılmasının vacibliyinə diqqət çəkdim.

 

LDP-nin xarici əlaqələr bürosunun rəhbəri, parlamentin üzvü Kazunori Tanaka da 2015-ci ilin mayında ölkəmizə uğurlu səfərindən böyük məmnunluq hissi ilə danışdı və hakim partiyalar arasında yaranmış dostluq münasibətlərinin daha da gücləndirilməsində maraqlı olduqlarını qeyd etdi.

 

"Yapon doğulmaq xoşbəxtlikdir"

 

Yaponlar ünsiyyətdə olduqları əcnəbilərin yaddaşında xoş təəssürat yaradırlar. Onlar öz vətəni və  soydaşları  haqqında söhbət edəndə, daxili bir coşqu ilə "Yapon doğulmaq xoşbəxtlikdir", - deyir, yapon doğulduqları üçün həqiqətən qürur duyurlar. Dünyanı mat qoyan yapon möcüzəsinin təməlində "Kayzen"  deyilən  prinsip  dayanır. Kayzen - yapon sözü olub, mənası "yaxşılığa doğru dəyişmək", "inkişaf etmək" deməkdir. Sözün düzgün yazılış forması "kaizen"dir. Lakin dilə yatımlılığına görə kayzen şəklində tələffüz edilir. "Kayzen" həm də keyfiyyət menecment sistemidir. Əsasən, sənayedə, xüsusilə Toyota şirkətində tətbiq edilsə də, Kayzen gündəlik həyatda da istifadə olunur. Bəli, "davamlı olaraq təkmilləşdirmə, mütəmadi irəliyə getmə, hər günü öncəki gündən daha yaxşı"  başa vurmağa  səbəb olan  Kayzen sistemi yaponların,   demək olar, bütün  uğurlarının əsasını təşkil edir...

Yapon idarəçiliyində Kayzen prinsipinə uyğun olaraq qazanc deyil, keyfiyyət öndədir. Qərbdə əgər hər işdə yenilik və nəticə öndədirsə, Yaponiyada proses və keyfiyyət hər şeydən öndə gəlir. Məsələn, “Toyota”da işləyənlər il ərzində ortalama 33 təklif verirlər ki, bunun da məqsədəuyğun olanları dərhal icra olunur. Şirkətdə təklif vermək yaponlar üçün vəzifə borcu kimi bir şeydir. Yaponlarda kollektiv ruh  inanılmaz dərəcədə yüksəkdir.

Yapon firmalarında idarəetmə müvəffəqiyyətə zəmin yaradır.  Texnoloji üstünlüklərini hər sahədə dahicəsinə inkişaf etdirən yapon firmaları mövcud dünyada sarsılması qeyri-mümkün olan bir imperiya  qurublar. Bəs yapon firmalarının uğurlarının təməlindəki sirr nədir?

Əslində, kiçik bir araşdırmayla bunu anlamaq heç də çətin deyildir. İşgüzar rəhbərlik üslubu, şəffaflıq, bərabərlik, maddi imkanlar və ən vacibi "daimi məşğulluq" anlayışları bu müvəffəqiyyəti tam izah edir. Yüksək səviyyədə təşkil edilmiş "firma-işçi" münasibətləri və insanların işlədikləri firmaları bir ailə təşkilatı kimi görmələri, davamlı olaraq, yüksək məhsuldarlığın təminatçısıdır. Yapon idarəetməsinin möhtəşəm uğurlarını nəzərə alaraq, bu sistemin bəzi sirlərini sizə açıqlayırıq.

Müasir dünyada yapon şirkətlərinin müvəffəqiyyəti heyrətamizdir: xüsusilə avtomobil, elektrik və elektronika sahələrində müşahidə olunan inanılmaz artım bütün dünyanın marağına səbəb olmuşdur. Uğurlu yapon idarəetməsinin sirlərini öyrənib tətbiq etmək çox faydalıdır. Hal-hazırda dünyanın bir çox iri şirkətləri Yaponiyadakı şirkətlərin sturukturunu, iş sistemini və qaydalarını dərindən öyrənirlər. Yapon şirkətlərini müvəffəqiyyətə aparan şey, ayrı-ayrılıqda nə insan faktoru, nə də sistemdir. Yapon idarəetməsindəki müvəffəqiyyətin sirri "təşkilat mədəniyyəti" və ya "təşkilat iqlimi"ndə axtarılmalıdır. Təşkilat mədəniyyəti bir təşkilatdakı bütün ünsürləri ehtiva etməkdədir : rəhbərlik, işçilər, iş alətləri və ya texnika, sistem, ətraf mühit və s.

Bu ünsürlərin heç biri bir təşkilatı təkbaşına uğurlara apara bilməz. Yaxşı yetişmiş, səriştəli insan gücü özünə dəyər verməyən, motivasiyanı yüksəltməyən, təqdir etməyən və mükafatlandırmayan bir idarəetmədə yüksək performans göstərə bilməz. Rəhbərliyin vizion və missiya sahibi olması çox vacibdir. Vizion olmadan missiya olmaz, missiya olmadan da reallaşdırılması nəzərdə tutulan hədəfə, yəni viziona çatmaq olmaz.

 

Yaponlar öz işlədikləri yerə məbəd kimi baxırlar

 

Səfirliyimizin əməkdaşları Rövşən və Fuadın müşayiətilə Tokioda gəzərkən böyük bir ticarət mərkəzinə daxil olduq. İş gününün sonu idi. Biz qapıdan içəri daxil olanda işçilərdən bir neçəsi iş vaxtları başa çatdığı üçün çalışdıqları mağazanın qapısını bağlayıb evə getməyə hazırlaşırdı. Onların hər biri çıxışa yaxınlaşanda geri dönüb təzim edir, sonra ticarət mərkəzini tərk edirdilər. Rövşəndən soruşdum ki, onlar niyə belə edirlər? Cavab verdi ki, onlar öz işlədikləri yerə ehtiram əlaməti olaraq təzim edirlər.

Bu zəhmətkeş xalqın adəti məni heyrətə saldı. Həqiqətən çox maraqlı, həm də təqdirəlayiq bir adətdir. İşlədiyin hər hansı bir müəssisənin qapısından çıxarkən geri çevrilib ehtiramla o yerə baş əyib, təzim edəsən!.. Niyə də yox!? Axı bu fəhlə və ya hər hansı işçi çalışdığı iş yerində qazandığı pulla ailəsini saxlayır. Elə ona görə də, özünün və ailəsinin gələcəyini düşünərək çalışdığı iş yerinə məbəd kimi baxır.

Bütün bunlara rəğmən, yaponlar çalışdıqları ölkənin, hər hansı yerin qayda-qanunlarına, adət-ənənələrinə  çox ehtiramla yanaşırlar.

Sözə qüvvət: Səfərin son günü axşamüstü qaldığımız otelin birinci mərtəbəsindəki restoranda oturub nahar edirdik. Həmişəki kimi, səfir Gursel İsmayılzadə də, səfirliyin əməkdaşları Rövşən və Fuad da bizimlə süfrə başında idilər. Fuad Azərbaycandan sovqat göndərilmiş iri bir narı səliqə ilə doğrayıb masaya qoydu. Bir neçə dəqiqədən sonra inzibatçı üzündə təbəssüm bizim masaya yaxınlaşıb, narı masadan yığışdırmağı xahiş etdi.

Səbəbini soruşanda bildirdi ki, restoranda nar yoxdur, əgər başqa müştərilər görüb sifariş versələr və onların arzusunu yerinə yetirməsək, onda restoranın adına xələl gələr, hətta bağlanmaq təhlükəsi ilə üzləşə bilər. Biz də təbəssümlə ifadə edilən xahişə hörmətlə yanaşıb narı stoldan götürdük...

İkinci belə əhvalat çox xudmani bir qəlyanaltıda baş verdi. Xidmətçi çay süfrəsində özümüzlə alıb gətirdiyimiz limondan istifadə etməyi, xətrimizə dəyməyəcək tərzdə "qadağan" etdi. Amma müştərilərə qadağa olunan təkcə bu deyil. Yaponiyada satıcılara, ofisiantlara çay pulu vermək qəti qadağan olunur. Belə hesab edilir ki, nə qədər müştəri xidmət üçün müəyyən edilmiş məbləği ödəyir, o satıcı ilə bərabərdir. Əgər müştəri artıq pul verməyə çalışırsa, bununla o göstərilən xidməti dəyərdən salır, bərabər mübadiləni dilənçiyə verilən ianəyə çevirir.

Yaponiyada olduğumuz  yeddi gün ərzində paytaxtda nə tıxac gördük, nə də  maşınların siqnal səsini eşitdik. Bunun bir səbəbi də ondadır ki, Gündoğar ölkədə dəmiryol xətləri dəniz nəqliyyatı ilə birlikdə ölkənin əsas nəqliyyat arteriyasıdır. Müasir sürət qatarları ölkənin əksər şəhərlərini birləşdirdiyi kimi, meqapolisin demək olar, bütün daxili marşrutlarına da xidmət göstərir.  Yerli və uzaq xətlərə xidmət göstərən qatarlar özləri də sadə ekspresslərə, "limited-ekspresslərə" və sadə elektrik qatarlarına bölünürlər. Məsafəsindən asılı olmayaraq, bütün yapon qatarları yumşaq kreslolar, kofe və soyuq içki avtomatları, şəhər telefonu, yapon və ingilis dilində tablolarla təmin edilmişdir.

Bu ölkədə dəmir yollarının yarıdan çoxu şəxsi mülkiyyət hesab olunur. Sərnişin daşıyan sahibkarlar ölkənin dəmir yollarının 70 faizinə nəzarət edirlər. Bəlkə elə buna görədir ki, ölkədə nəqliyyat xidməti çox bahadır. Məsələn, metroya ən ucuz bilet 140 yen, yəni 1 dollar civarındadır. Əslində buna dəyər də. Çünki maqnit üzərində hərəkət edən qatarların sürəti saatda 500 kilometrə çata bilir və qatarlar çox dəqiq işləyirlər. Orta gecikmə müddəti yalnız 18 saniyə ola bilər. Buna baxmayaraq, qatarlarda həddən artıq sıxlıq olur ki, buna görə dünyanın heç bir ölkəsində olmayan bir peşə bu ölkədə "kəşf edilmişdir".  Stansiyalarda qapıda qalanları itələməklə vəzifələndirilən şəxslər olur. Xüsusi təlim keçmiş bu adamlar dolmuş vaqonların qapılarında qalmış adamları içəri itələyirlər ki, vaqonun qapısı bağlansın və gecikməsin.

Maraqlı müşahidələrimdən biri də ondan ibarət oldu ki, sürət qatarının bir vaqonundan o birinə keçən nəzarətçi dərhal papağını çıxarıb sərnişinlərə təzim edir, yalnız bundan sonra biletləri yoxlamağa başlayır.

Yaponlar danışarkən heç vaxt səslərini qaldırmaz və kimsə də bunu edəndə özlərinə qarşı təhqir hesab edərlər. Onların səbri və bir-birinə ehtiramla yanaşmaları qibtə olunası qədər gözəl bir haldir.

Bayaq qeyd etdiyim kimi, yaponlarda şərəf və ləyaqət qədim zamanlarda olduğu kimi indi də çox mühüm keyfiyyət sayılır. Xatırlayırsınızsa, keçmiş baş nazir Yukio Hatoyama seçkiqabağı verdiyi vədləri yerinə yetirə bilmədiyi üçün özü könüllü surətdə istefaya getdi.

Yaponiyanın avtomobil yolları həqiqətən adamı heyrətə gətirir. Ancaq onların bəzi özəlliklərini bizə danışanda bu millətin əzminə və insanlara qayğısına daha çox heyrət etdik. Bizi müşayiət edən dostlarımız məlumat verdilər ki, Yaponiyanın şimal şəhərlərinə qar çox yağır. Ona görə də bu şəhərlərdə səkilər və küçələr qızdırılır ki, donmasın və bədbəxt hadisələr baş verməsin. Bu səbəbdən qarı təmizləməyə də ehtiyac qalmır.

Bilirsiniz ki, Yaponiya aktiv seysmik ərazidə yerləşir. Elə bir gün olmur ki, bu ölkədə hardasa zəlzələ baş verməsin. Ona görə də Yaponiyada insanların istifadə etdikləri bütün telefonlarda  ekstrimal hallarda millətə xəbərdarlıq edən sistemlər quraşdırılıb. Elə ki hər hansı kataklizm baş verdi, bütün telefonlarda güclü səs siqnalı işə düşür, hətta telefon söndürülmüş vəziyyətdə olsa belə. Və dərhal telefona hadisə barədə məlumat gəlir və insanlara özlərini necə aparmağın qaydaları xatırladılır. Bax, belə-belə işlər, əziz oxucular...

 

Yaponca “muda”  “israf” deməkdir

      Yaponlar yemək haqqında danışmağı çox xoşlayırlar və elə hey yemək barədə fikir mübadiləsi edirlər. Yemək yeyəndə də elə hey yeməyin ləzzəti və onlara necə xoş gəlmələri barədə söhbət edirlər. Bu ölkədə nahar etmək və bir neçə dəfə yemək zamanı “oishii”, yəni, “dadlıdır” deməmək çox ədəbsizlik sayılır.

   ...Bununla belə yaponlar israfçılığa qarşı çox həssasdırlar. Onlar təbii nemətləri, onları əhatə edən hər şeyi müqəddəs nemət kimi qəbul edir, bu neməti israf etmənin böyük günah olduğuna inanırlar. Bu dəyər onların işlərinə də, təbii ki, öz təsirini göstərir. Elə buna görə də deyirlər ki, “lazımsız bir işi ixtisar edərkən lazımsız bir işçi də avtomatik olaraq ixtisar olunacaq”. Onlar üçün qənaətcillik, resursları minimum həddə istifadə etməklə, məhsul və müştəriyə orientasiya və bunu edərkən də ən az xərclə etmək, ən yüksək keyfiyyətə nail olmaq, ən vacibi isə tələbi ən sürətli şəkildə qarşılamaqdır.

     Yaponları qərblilərdən fərqləndirən digər bir cəhət də ixtisaslaşma ilə bağlıdır. Belə ki, qərbdə adətən işçi bir sahənin mütəxəssisi olur, o sahədən kənar heç nə ilə maraqlanmır. Yaponiyada isə işçilər müəssisədə çalışdığı müddətdə fərqli vəzifələrdə çalışdırıldığından hər sahədən bilgili olurlar. Onlar hesab edirlər ki, bir işçi sahəsinə aid bütün şeylərdən xəbərdar olmalıdır. Əksinə olduqda, yəni bir işçi bir şeyi mükəmməl biləndə onda eqo hissi oyanır, “bu şeyi ən yaxşı mən edərəm” tipdə fikir formalaşır ki, bu da şirkətdaxili uyğunsuzluğa gətirib çıxara bilir, işçi özünü əvəzedilməz hesab eləməyə başlayır... Şirkətlər üçün əsl təhsilin işçinin işə qəbul edildiyi andan başladığı qəbul edilir. Yeni işə girən üçün giriş törəni hazırlanır. Bu törənə işə girənin ailəsi də çağrılır, ailəsindən işçiyə dəstək olması xahiş olunur. Rəhbər heyət işçini təqdim edir, nitq söylənir, bəzən ziyafət belə verilir. Məsələn, bir çox yapon şirkətlərində iş gününün başlanğıcında şirkətin himni hamı tərəfindən oxunur.

     Onu da qeyd edim ki, Yaponiyada orta təhsil ali təhsillə müqayisədə daha çətindir. Tokioda Jkesiri Ohaşi kəsişməsi adlanan beşmərtəbəli keçidin damında birlikdə dərs hazırlayan dörd məktəbliyə rast gəldik. Açığı, məni heyrətə gətirən binanın damında meşəni xatırladan park oldu. Əgər bu göydələnin damına liftlə qalxmasaydıq deyərdim ki, bu park torpaq üzərində salınıb. Məktəblilər dərslərini iri gövdəli bir ağacın altında hazırlayırdılar. Səfirliyimizin nümayəndəsi Fuad mənim xahişimlə soruşdu ki, bu şagirdlər neçənci sinifdə oxuyurlar. Məlum oldu ki, dördü də doqqucuncu sinifdə oxuyur və riyaziyyatdan ev tapşırıqlarını hazırlayırdılar. Onlara bir tənlik verdim ki, həll etsinlər. Dördü də gah tənliyə, gah mənə, gah da bir-birinə baxdılar. Hiss etdim ki, tənliyin həllində çətinlik çəkirlər. Tənliyi özüm həll edib, onlara təqdim etdim. Onlar da bütün  yaponlara xas təbəssümlə “sağ olun!” dedilər. O an mənə orta məktəbdə riyaziyyatdan dərs demiş Əlheydər İsayevi və fizika müəllimim Xalidə Hüseynovanı hörmətlə xatırladım. Dünyasını dəyişən bütün müəllimlərimə uca Tanrıdan rəhmət dilədim.

                                                               * * *

Yaponiyada oxuyub yazmağı bacarmayan adam yoxdur. Ekspertlərin rəyinə görə, bütövlükdə bir xalq digər xalqla müqayisə olunanda, yaponlar yer üzündə ən savadlı xalq sayılırlar.

Yaponiyada təhsil sahəsində çalışan məsul şəxslər – nazirdən tutumuş universitet rektorlarına və eləcə də məktəb direktorlarına qədər, hər biri öz təcrübələri, səriştələri, istedadları ilə ölkənin gələcəyi qarşısında eyni missiyanı yerinə yetirirlər. Çünki bu ölkədə təhsil sistemi yaponlar üçün həyatı davam etdirmə səbəblərinin ən önəmlisidir. Bu səbəbdən Yaponiyada mövcud olan 9 illik məcburi təhsil ölkə əhalisinin də 99 faizini əhatə edir. Ən maraqlısı budur ki, gənclərin 94 faizi təhsillərini universitet səviyyəsinə qədər davam etdirirlər. Yuxarıda dediyim, kimi işə qəbul zamanı tələbənin ali təhsil səviyyəsi çox diqqətə alınmır, əsl təhsilin işçinin işə qəbul edildiyi andan başladığı qəbul edilir. Bəlkə elə buna görə Yaponiyada yoxsul yoxdur,  çünki burada işsizlik problemi çoxdan həll edilib.

                                                              * * *

Yaponiyanın hər ikinci sakini gözəl rəsm çəkir və yaxşı səsə malikdir. Bu ailədəki və məktəbdəki təlim- tərbiyə ilə izah olunur – uşaqlara əvvəl rəsm çəkməyi və oxumağı öyrədirlər, sonra isə yazmağı və danışmağı. Uzunömürlülüyünə, yüksək yaşayış normasına və ən az uşaq ölümünə görə Yaponiya, dünyanın 3-cü ölkəsi sayılır. Təsadüfi deyil ki, yapon xalqı uşaqların doyunca əylənə bilməsi üçün hər cürə şərait yaradır. Məsələn, “Disney-si”, “Disneylend”, “Universal Studio” kimi dünyanın ən yaxşı əyləncə parkları Yaponiyadadır.

Uşaqlardan söz düşmüşkən, onu da vurğulayım ki, Tokio ən təhlükəsiz meqapolis hesab olunur. Buna görə də valideynlər ictimai nəqliyyatdan istifadə edən altı yaşlı övladları üçün belə narahatlıq keçirmirlər.

 

Yaponlardan çox şey öyrənmək olar

       Gündoğar ölkədə diqqəti cəlb edən əsas məsələlərdən biri yaponların uşaqların tərbiyəsinə olan yanaşmalarıdır. Gündoğar ölkədə uşağın tərbiyə sistemi “ikudzi” adlanır. Bu, təkcə bir pedoqoji metod deyil, yeni nəslin təlim-tərbiyəsinə yönəlmiş böyük bir fəlsəfədir. Yaponiyada belə hesab edirlər ki, uşaq 5 yaşına qədər Allah, 5 yaşından sonra qul, 15 yaşından sonra isə dostdur.

    Yapon müdrikləri demişdir: “Ata sevgisi dağlardan uca, ana sevgisi dənizlərdən dərindir”. Bəlkə ona görədir ki,  Azərbaycanda olduğu kimi, bu ölkədə də uşaqlar bütün suallarını analarına ünvanlayırlar. Gün ərzində yapon analar uşağa 7 saat yarımdan çox vaxt ayırırlar. Yaponiyada qadınlar və kişilər uşağa görə uzun müddət məzuniyyət götürə bilərlər. Lakin kişilər bu hüquqdan imtina edirlər, çünki bu, onların maaşlarının azalmasına səbəb olur. Yaponiyada əhalinin çox hissəsi kişinin işləməsini, uşağın tərbiyəsi ilə ananın məşğul olmasının tərəfdarıdır.

     Ana və övladın vahidliyi: ­Yaponiyada “ana”ya “amae” deyirlər. Bu dərin mənalı sözü tam olaraq tərcümə etmək və anlamaq çətin məsələdir. “Amaeru” felindən yaranan bu sözün mənası “nazını çəkmək”, “himayə etmək” deməkdir.

     Ta qədim zamanlardan yapon ailəsində uşaqların tərbiyəsi qadının vəzifəsidir. Əlbəttə, XXI əsrdə yanaşmalar olduqca fərqlidir. Əgər zərif cinsin nümayəndələri əvvəl yalnız ev təsərrüfatı ilə məşğul olurdusa, indi müasir yapon xanımları oxuyur, işləyir, səyahət edirlər. Bununla belə, əgər qadın ana olmağa qərar veribsə, o, özünü tamamilə buna həsr etməlidir. Uşağın 3 yaşı tamam olmamış onu  nənənin-babanın yanında qoyub işə çıxmaq olmaz. Qadının əsas vəzifəsi ana olmaqdır. Ana kimi öz öhdəliklərini başqalarının ixtiyarına buraxmaq yolverilməzdir. Bir yaşına qədər ana və uşaq praktik olaraq vahid tamdır. Ana hara gedirsə, getsin, nə edirsə, etsin, körpə mütləq onunla olmalıdır - ya sinəsində, ya da kürəyində. Bizim anaların “kenquru” adlandırdıqları “beybi-slinqlər” Avropadan xeyli əvvəl Yaponiyada çıxmışdı və yapon dizaynerləri hələ də bu “kenquru”ları təkmilləşdirməklə məşğuldurlar.

     “Amae” - öz tüstüsünün kölgəsidir. Daimi fiziki və mənəvi əlaqə möhkəm ana nüfuzunu yaradır. Yapon üçün öz anasını incitməkdən və məyus etməkdən daha pis heç nə yoxdur.

 “Uşaq – Tanrı”: “İkudzi” prinsiplərinə əsasən, uşaq beş yaşa qədər - Allahdır. Ona heç nə qadağan etmir, üstünə qışqırmır, onu cəzalandırmırlar. Onun üçün bu sözlər mövcud deyil: “olmaz”, “pisdir”, “təhlükəlidir”. Körpə öz idrak fəaliyyətində azaddır. Avropalı və amerikalı valideynlərin baxış bucağından baxsaq, bu, ərköyünlükdür, uşağın şıltaq olmasına gətirib çıxarır və bu halda uşaq üzərində nəzarət etmək çətinləşir. Əslində isə Yaponiyada valideyn hakimiyyəti Qərbə nisbətən daha güclüdür. Hər şeyin kökündə isə şəxsi nümunə dayanır.

1994-cü ildə Yaponiyada və Amerikada təlim-tərbiyəyə yanaşmalarda fərqin tədqiqatı keçirilmişdi. Alim Azuma Xiroşi hər iki mədəniyyətin nümayəndələrindən öz uşağıyla konstruktor-piramidanı birlikdə yığmağı xahiş edirdi. Müşahidə nəticəsində aşkar edilmişdi ki, yaponlar əvvəlcə uşağa konstruksiyanı necə yığmaq lazım olduğunu göstərirdilər, sonra ona bunu təkrarlamağa icazə verirdilər. Əgər o, səhv edirdisə, qadın hər şeyi yenidən başlayırdı.

Amerikalılar isə başqa yolla gedirdilər. Konstruksiyanı quraşdırmağa başlamazdan əvvəl onlar uşağa hərəkətlərin alqoritmini ətraflı başa salırdılar və yalnız bundan sonra onunla birlikdə tikirdilər. Bu tədqiqatdan bəlli olur ki, yaponlar sözlərlə başa salmaq əvəzinə, onu əməldə göstərməyə üstünlük verirlər.

Bu üsulla onlar həm də uşağı lap erkən yaşlarından ətrafdakı insanlara, hətta əşyalara qarşı diqqətli olmağı öyrədirlər. Balaca körpə isti su ilə dolu fincana əl uzadanda ona “olmaz” demirlər, uşağın əli yandıqdan sonra “amae” ondan üzr istəyir. Və uşağın yadına salırlar ki, onun tələsik və düşüncəsiz hərəkəti ona nə cür ağrıya başa gəldi.

Başqa nümunə: şuluqluq etmiş körpə sevimli maşını qırır. Amerikalı və ya avropalı bu halda nə edəcək? Ehtimal ki, oyuncağı onun əlindən alacaq və onu almaq üçün nə qədər əziyyətə qatlandığı barədə moizə oxuyacaq. Yapon isə sadəcə deyəcək: “Sən onu (oyuncağı - tərc.) incidirsən”.

Beləliklə, Yaponiyada uşağa 5 yaşına qədər rəsmən hər şey olar. Bununla onların şüurunda yaxşı tərbiyə edilmiş və valideynlərini sevən “Mən” obrazı formalaşdırılır.

“Uşaq – qul”: Beş yaşından sonra uşaq “sərt həqiqətlə” rastlaşır. O, riayət etməli olduğu sərt qaydaların və məhdudiyyətlərin altına düşür. Məsələ ondadır ki, əzəldən yapon cəmiyyəti icmalar halında olub. Coğrafi və iqtisadi şərtlər insanları əl-ələ tutub yaşamağa və işləməyə məcbur edirdi. Yalnız qarşılıqlı kömək və fədakar xidmət yaxşı düyü məhsulu əldə etməyə imkan verirdi ki, bu da tox həyat demək idi. “Syudan isiki”nin (kollektiv şüur) və “ie” sisteminin (patriarxal ailə tərzi) güclü inkişafı məhz bununla izah olunur.

İctimai maraqlar hər şeydən yüksəkdir. İnsan - mürəkkəb mexanizmin vintidir. Əgər sən insanların arasında öz yerini tapmadınsa, sən lazımsızsan. Buna görə də 5 yaşından sonra uşağa qrupun bir hissəsi olmağı öyrədirlər. “Əgər sən özünü belə aparacaqsansa, sənə güləcəklər”. Yapon üçün sosial yadlaşmadan daha qorxunc heç nə yoxdur və uşaqlar fərdi maraqlarını qurban verməyə tez alışırlar.

Tərbiyəçi (yeri gəlmişkən, o, daim dəyişir) - uşaq bağçasında və ya xüsusi hazırlıq məktəbində müəllimlik rolunu yerinə yetirmir, o, sadəcə koordinatordur. Daha ağıllı uşaqları seçərək qrupların başçısı təyin edir, o başçılara öz qrupuna yaxşı nəzarət etmək tapşırılır və tərbiyəçi ümumi nəzarət edir.

Yapon uşaqlarının sevimli məşğuliyyətləri - komanda idman oyunları, estafet oyunları, xor oxunması və s. “Sürü qanunları”na riayət etmək, həmçinin, anaya bağlılığa da kömək edir. Axı kollektiv normaları pozularsa, “amae” məyus olacaq. Bu, ananı biabır etmək deməkdir. Beləliklə, növbəti 10 ildə uşağa mikro-qrupların hissəsi olmaq öyrədilir, kollektivdə işləmək vərdişləri aşılanır. Onun kollektiv şüuru və sosial məsuliyyəti belə formalaşdırılır.

“Uşaq – Dost” : 15 yaşından sonra uşaq praktik olaraq, formalaşmış şəxsiyyət hesab edilir. Sonrakı qısa mərhələ isə üsyankarlıq və identikliklə müşahidə olunur. Amma əvvəlki iki mərhələdə təməli qoyulmuş dəyərlər nadir hallarda pozulur. İkudzi - paradoksal və hətta qəribə tərbiyə sistemidir. Ən azından bizim qərbli düşüncəmizdə. Ancaq bu sistem ənənələrə söykənir, əsrlərin sınağından keçib və öz ölkəsinin intizamlı qanunlarından çıxmayan vətəndaşlarını böyütməyə kömək edir.

“Təvazökarlıq müdrikliyin yaraşığıdır”

                                                              Yapon məsəli

Yaponiyada dövlət quruluşu konstitusiyalı monarxiyadır. Ölkənin konstitusiyası 1947-ci ildə qəbul edilmişdir. Daimi hərbi qüvvəsi olmasa da Yaponiya müdafiə xərclərinə 2016-cı ildə 42 milyard dollar ayırıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutun hesabatına görə, Yaponiya müdafiə xərclərinin həcminə görə dünyada 5-ci yerdədir. Qeyd edim ki, Yaponiyanın ötən il üçün ümumi büdcəsi 800 milyard dollar olub.

Gündoğar ölkə son vaxtlar dünya ictimaiyyətinin diqqətini daha çox cəlb edir. Bəzi ekspertlər bunu, nəinki orada kapitalizmin dağılması ilə əlaqələndirir, eyni zamanda, bu məsələdə yaponların öz ölkəsini turizm regionu kimi göstərmək bacarığı, həmçinin alimlərinin qeyri-adi kəşflərinin böyük rol oynadığını vurğulayırlar. Unikal ənənələri, ləziz mətbəxi və yüksək mədəniyyəti turistə qeyri-adi şərq dünyasına daxil olmağa yardımçı olur.

“Yaponiya gözəl diyardır, çox şairanədir. O dərəcədə şairanədir ki, onu olduğu kimi təsvir etsən, oxucu inanmaz, deyər ki, yazıçı hissə qapılıbdır. Yaponiya elə bil böyük bir dekorasiyadır, elə bil hər şey burada insan əli ilə yaranmışdır...” Bu fikirləri mən hələ ali məktəbdə tələbə olanda bu gün Azərbaycan ədəbiyyatı tarixində adı gözəl nasir, istedadlı ssenarist, kinorejissor, hörmətli ictimai xadim kimi xatırlanan mərhum Həsən Seyidbəylinin “On beş gün Yaponiyada” kitabından oxumuşdum. Və həmin kitabdan bəzi maraqlı fikirləri yaddaş dəftərçəmə qeyd etmişdim.

Düz yarım əsr əvvəl -yəni 1966-cı ildə Yaponiyada 15 günlük səfərdə olan Həsən Seyidbəyli öz təəssüratlarını belə qələmə alırdı: “Təəssüf ki, hətta mədəni yaponların çoxu belə, Azərbaycanın harada olduğunu bilmirdilər”. O zaman bu fikirlərin müəllifi belə qənaətə gəlirdi ki, Yaponiya bizdən çox uzaqdır, ancaq əsas səbəb uzaqlıq deyil, mədəni əlaqələrimizin zəifliyidir...

Həsən Seyidbəylinin təvazökarlığının o zaman təbii ki, yapon həmkarları da şahidi olmuşdular. Yaponiya səfərinin məqsədini yapon jurnalistlərinə açıqlayan Həsən müəllim belə fikir söyləmişdir: “Bizim bura gəlməkdə əsas məqsədimiz Yaponiyanın görkəmli kino xadimləri ilə yaxından tanış olmaq, mədəni əlaqələrimizi möhkəmlətmək, onların yaradıcılığını öyrənmək və mümkün qədər öz kinomatoqrafiyamız haqqında onlara məlumat verməkdən ibarətdir. Biz istəyirik ki, hər birimizin beş-on nəfər yaxşı yaponiyalı dostumuz olsun, bir kino xadimi kimi onlarla möhkəm əlaqə saxlayaq”.

Bu fikri təkrar oxuyandan sonra istər - istəməz məndə belə bir sual yarandı: Bəs görəsən ölkəmiz müstəqillik əldə etdiyi 25 il ərzində bu əlaqələr nə şəkildə inkişaf edib?

Əvvala, onu qeyd edim ki, “Gündoğar ölkə” Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin dekabrında tanımışdır. Bundan doqquz ay sonra, yəni 1992-ci ilin sentyabrından iki ölkə arasında diplomatik əlaqələr qurularaq inkişaf etməyə başlayıb. Lakin bu, heç də o demək deyil ki, Yaponiya ilə ölkəmiz arasında mədəni əlaqələr məhz bu dövrdən başlayır. Hələ buna qədər Yaponiya ilə mədəni əlaqələrin mövcud olması barədə kifayət qədər məlumatlar var. Və iki ölkə arasında əlaqələrin əməkdaşlıq səviyyəsində davam etdirilməsi həmin tarixi təcrübəyə söykənir. Şübhəsiz ki, diplomatik əlaqələr sistemində mədəni və hər hansı sahədə qarşılıqlı əməkdaşlığın da xüsusi rolu vardır.

“Pələng kimi olmaq lazımdır...”

Tarixə qısa nəzər salsaq görərik ki, İkinci Dünya müharibəsindən sonra bir müddət Yaponiya ilə gərgin münasibətləri olan SSRİ, nəhayət, 1956-cı ilin oktyabrında bu ölkə ilə diplomatik münasibətləri bərpa etdi. İki ölkə arasında həmin münasibətlərin müxtəlif sahələr, o cümlədən, mədəniyyət üzrə bərpasını təzahür etdirən birgə bəyannamə imzalandı.

Təbii ki, bu bəyannamə başqa ölkələrlə olduğu kimi, Azərbaycanla Yaponiya arasında mədəni əlaqələrin dirçəldilməsinə əhəmiyyətli dərəcədə təsir göstərdi. Mənbələrdə göstərilir ki, o zaman SSRİ-Yaponiya cəmiyyətinin Sumqayıt şəhəri üzrə şöbəsi təşkil olundu. Artıq XX əsrin 60-cı illərindən başlayaraq Azərbaycan-Yaponiya mədəni əlaqələrində canlanma hiss olunurdu. Elmi-ədəbi mübadilələr prosesində irəliləyişlər nəzərə çarpırdı. SSRİ-Yaponiya Dostluq Cəmiyyətinin xəttiylə Azərbaycana gələn yapon xalqının qabaqcıl ictimai mədəniyyət xadimləri Bakı və Azərbaycanın mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanırdılar.

“Beynəlxalq mədəni əlaqələr” kitabında göstərilir ki, 1962-ci ildə Azərbaycana səfərə gələn “SSRİ - Yaponiya” cəmiyyətinin nümayədələrindən biri Sitiro Takanaka öz ölkəsi adından Azərbaycan rəhbərliyinə ölkə ilə tanışlıq üçün geniş imkanlar yaratdığına görə, dərin təşəkkürünü bildirmişdir.

Təşəkkür məktubunda Azərbaycanla, onun mədəniyyəti ilə əyani tanış olan nümayəndə heyəti bu mədəniyyətin zəngin və qədim mədəniyyət olduğunu qeyd etmiş və yapon mədəniyyəti ilə bu mədəniyyət arasında bir doğmalıq olduğunu vurğulamışdır.

Xüsusilə, həmin dövrdə Yaponiya ilə elmi mübadilənin gücləndirilməsinə diqqət yetirən sovet dövləti Azərbaycan mütəxəssisləri ilə yapon alimləri arasında yaradıcılıq münasibətlərinin yaradılmasını ön plana çəkdi. SSRİ-Yaponiya Dostluq Cəmiyyətinin Sumqayıt şöbəsinin yaradılmasında əsas bir cəhət Sumqayıtın qabaqcıl, müasir kimya şəhəri olması faktı idi. Yaponiyanın tanınmış professoru ekspert Suzumu Kobe BMT-nin Bakıya gələn nümayəndə heyətinin tərkibində idi. BMT-nin bu ekspertləri buraya yeni şəhərlərin salınması layihəsinin işlənilməsi məqsədilə səfər etmişdilər. Onlar, eləcə də yapon mütəxəssiləri Bakı və Sumqayıtın planlaşdırılması və tikinti layihaləri ilə yaxından tanış olmuş, Neft Daşlarında da olmuşdurlar. Yapon professoru Suzumu Kobe Neft Daşlarında gördüklərindən heyrətə gəlmişdir. Bakıda yapon qrafikasına həsr edilmiş sərgi, istedadlı yapon müğənnisi Teruko Ononun çıxışları azərbaycanlı tamaşaçıların diqqətini çəkmişdir.     

Sənət adamları arasında yaradıcılıq əlaqələri qarşılıqlı xarakter daşıyırdı. Azərbaycan rəssamlarından T.Sadıqzadə və E.Rzaquliyev Yaponiyaya yaradıcılıq ezamiyyətinə getmiş və “Gündoğar ölkə”ni əks etdirən silsilə əsərlər yaratmışlar. Rəssam Toğrul Sadıqzadə Tokio, Osaka, Kioto, Mikko və digər şəhərlərdə olmuş, Yaponiya yazıçıları, rəssamları, ədibləri ilə yaradıcılıq mübadiləsi aparmışdır. Xirosima xarabalıqlarını öz gözləri ilə görən rəssam Yaponiyadan böyük təəssüratlarla qayıtmışdır. Sonralar Bakıda rəssamın əsərlərindən ibarət sərgisində Yaponiya mövzusuna həsr olunmuş 40-dan çox rəsm, eskiz, zarisovka, etüd və lövhələri nümayiş etdirilmişdir. Onun “Xirosima” adlanan rəsm əsərləri silsiləsinə həyəcansız baxmaq mümkün deyildir. Ümumdünya Sülh Şurasının qızıl medalı ilə təltif olunmuş yapon rəssamı Tosiko Maruki Moskvada Xarici Ölkələrin Xalqları ilə Dostluq Evində “xarici ölkələr Azərbaycan rəssamlarının gözü ilə” silsilə rəsm ekspozisiyasına baxdıqdan sonra söylədiyi fikirlər diqqəti cəlb edir: “Mən Azərbaycan xalqının tarixi haqqında bəzi məlumatlar əldə etmişəm. Azərbaycan rəssamlarının xarici ölkələrə səfərləri, onların bu sərgidəki iştirakı bu sənətkarların öz yaradıcılıqlarında nə qədər yüksəldiklərini sübut edir. Mən tamamilə əminəm ki, sovet rəssamları sırasında Azərbaycan sənətkarları ön sıralardadır.”

Onu da qeyd edim ki, yazıçı və kinorejissor Həsən Seyidbəylinin Yaponiyaya səfəri, eləcə də onun iki ölkə kinomatoqrafiyası haqqında fikirlərini Azərbaycan-Yaponiya mədəni əməkdaşlığının əsas məzmunu kimi dəyərləndirmək olar. Yaponiyanın adlı-sanlı kino sənətkarları Kenedo Sindo, İsixara, Yaponiya Kinodramaturqlar Təşkilatının rəhbəri Noda Can ilə görüşlərindən bəhs edən H.Seyidbəyli yazırdı ki: “Söhbət get-gedə daha mənalı, daha dərin məsələlər ətrafında gedirdi: Eyzenşteynin yaradıcılığından, Kurasavanın filmlərindən, yazıçıların həyata münasibətlərindən... Biz deyirdik ki, yazıçı, kinodramaturq, rejissor, ümumiyyətlə, sənətkar - oxucu, tamaşaçı və zaman qarşısında böyük məsuliyyət daşımalıdır. Yaponlar da bizimlə razılaşıb dedilər: Bizim xalqın gözəl bir məsəli var: “Pələng öləndən sonra da onun qiymətli dərisi qalır”. Pələng kimi olmaq lazımdır...

 

“Yaponiyanın güzgüsü – Tokio...”

 

 Başqa ölkələrdə olduğu kimi, Yaponiyada da paytaxt bir növ ölkənin simasını müəyyən edir. Elə ona görə də Tokionu görmək kifayətdir ki, Yaponiyanın heyrətamiz bir ölkə olduğunu etiraf edəsən.

Yazdığıma təkrar qayıdıb bildirirəm ki, son 10-15 ildə çox səfərlərdə olmuşam, amma Tokio qədər təmiz şəhər görməmişəm. “Şərqin paytaxtı” adlanan bu şəhər çox nəhəng bir meqapolisdir. Əhalisinin sayı 38 milyon olan Tokio ötən il Böyük Britaniyanın “Economist” jurnalının bir bölməsi olan “Economist Intelligence Unit” Araşdırmalar Mərkəzi tərəfindən dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqində birinci yerə layiq görülüb. 3-cü yerə yenə də Yaponiyanın başqa bir şəhəri - Osaka sahib çıxıb. “Monocle” jurnalının apardığı araşdırmalarda da Tokio 2016-cı ildə dünyanın 25 ən yaxşı şəhərləri reytinqinə başçılıq edib. Reytinqin hazırlanmasında beynəlxalq marşrutların sayı, ictimai nəqliyyatdakı qiymətlər, gecə həyatı, kitab mağazalarının mövcudluğu və digər amillər ciddi nəzərə alınıb. İkinci yerdə Berlin, üçüncü yerdə isə Vyana yer alıb. 2015-ci ildə də birinci yerdə Tokio, ikinci yerdə Vyana, üçüncü yerdə isə Berlin qərarlaşmışdı.

Aparılmış sorğulara görə, Tokio dünyanın həm ən təmiz və həm də ən vicdanlı şəhəri kimi yer alıb. Əgər siz haradasa pul kisənizi itirsəniz, yaponlar birmənalı olaraq onu sizə geri qaytaracaqlar. Tapan şəxs mütləq pul kisənizi xüsusi “itirilən və tapılan” əşyalar bürosuna təhvil verəcək. Bu, yapon xalqının heç də hər millətə xas olmayan milli xarakteridir.

2016-cı ildə yayılan məlumatlara görə, bu il Tokionun sakinləri və qonaqlar fantastik məbləğdə - 3 milyard 424 milyon 11 min 977 yen itiriblər. Bu, həmin şəxslərin market, nəqliyyat vasitələri və digər ictimai yerlərdə unutduğu və yerli sakinlər tərəfindən tapılaraq polisə təhvil verilən məbləğdir. Hazırki məzənnəyə görə bu, təqribən 32 milyon ABŞ dollarına bərabərdir.

 Əslində, bu statistika paytaxt sakinlərinin və turistlərin unutqanlığı barədə deyil, yaponların nə dərəcədə vicdanlı olması barədə faktı təsdiqləyir. Tokio şəhərinin polis departamenti hər il bu barədə yeni rekordları dərc edir. Əvvəlki illə müqayisədə 2015-ci ildə tapılan məbləğ 2,5 faiz artıb. Tapılan pul qablarının müəyyən hissəsi itki barədə polisə müraciət edən sahiblərinə qaytarılır. Sahibi tapılmayan məbləğ isə dövlət büdcəsinə köçürülür. Burada diqqəti cəlb edən əsas məqam hər şeyin vicdanla və aşkar şəkildə həyata keçirilməsidir.

                                                        * * *

Beynəlxalq turizm şirkətlərinin fikrincə, Tokioya səyahət etməklə dünyanı kəşf etmək mümkündür. Tokio çox möhtəşəm bir şəhərdir. Burada sanki şəhər içində ikinci bir şəhər var. Şəhəri bir həftəyə gəzib qurtarmaq mümkün deyil.

“Forbes” jurnalının dünyanın şəhərsalma, arxitektura və dizayn üzrə sayılıb-seçilən ekspertləri arasında keçirdiyi sorğuya əsasən məhz İmperator sarayının və “Tower” qülləsinin yüksək qiymətləndirilməsi sayəsində  də Tokio  gözəl şəhərlər sırasında  qərarlaşıb.

Tokionun əsrarəngiz və mən deyərdim ki, ən nadir bağda yerləşən İmperator sarayı şəhərdən uca hasarlarla deyil, su sərhədi ilə ayrılır.  Yapon tarixi ənənəsinə əsasən imperator evi – sarayının artıq 2500 yaşı var. Evin əsası e.ə. 660-cı ildə əfsanəvi imperator Dzimmu tərəfindən qoyulub.

Yapon taxtının varislik ənənələri və imperator ailəsinə mənsubluq kriteriyaları, İmperator evi 16 yanvar 1947-ci ildən qanunla tənzimlənir. Mövcud konstitusiyaya əsasən, imperator evinin mülkiyyəti dövlətə məxsusdur, buna görə də evin üzvlərinin mülkiyyətin ötürülməsi və əldə edilməsi məsələlərində hüquqları məhduddur. Yaponiya imperator evinin büdcəsi Yaponiya Parlamenti tərəfindən təsdiqlənir. İmperator çevrəsinə imperatorun öz ailəsi ilə yanaşı, onun yaxın qohumlarının da ailələrini aid edirlər.

Mənbələr yazır ki, Yaponiyanın ilk paytaxtı 710-cu ildə Nara şəhəri olmuşdur. Nara şəhərində ən qədim budda məbədləri və heykəlləri indi də qorunub saxlanılır. 794-cu ildə Yaponiyanın paytaxtı bugünki Kioto şəhərinin yerləşdiyi Heyan (Heian) Kyoya (indiki Kiotoya) köçürüldü. Heian Kyo və ya Xeyan “Sülh və sükunətin paytaxtı” mənasını daşıyır. Şəhər min il ərzində, yəni 1868-ci ildə Tokio paytaxt olanadək İmperatora ev sahibliyi edib və ölkənin mərkəzi olub. Təxminən 400 il davam edən Heyan dövründən başlayaraq, sırayla Muromaçi, Azuçi-Momoyama və Edo dövründə Kioto Yaponiyanın mədəniyyəti, din və siyasətini əks etdirirdi.

Kioto UNESCO-nun dünya mirası siyahısında qeydiyyatdan keçən 14 buddist və sintoist məbədinə və eləcə də, Yaponiya hökuməti tərəfindən qorunan 1700-dən çox milli xəzinə və mühüm mədəniyyət nümunələrinə sahibdir.

   ...1998-ci il fevralın 27-də Yaponiyada səfərdə olan Azərbaycan Prezidenti Heydər Əliyev Kiotoda prefektura və bələdiyyə idarəsi, şəhərin Ticarət - Sənaye Palatası adından onun şərəfinə təşkil olunmuş rəsmi qəbulda bu qədim mədəniyyət mərkəzi haqqında demişdir: “...Bu gün mən Yaponiyanın qədim paytaxtına – Kiotaya gəldim. Bu, mənim çoxdankı arzum idi. Mən Yaponiya, onun tarixi, qədim mədəniyyəti, ənənələri haqqında, o cümlədən Yaponiyanın qədim paytaxtı kimi Kioto şəhəri haqqında çox oxumuşam. Burada, bütün dünyada tanınan zəngin və çoxəsirlik tarixə, ənənələrə, son dərəcədə yüksək dəyərlərə malik bu şəhərdə olarkən yapon xalqının tarixinə, mədəniyyətinə, adətlərinə və ümumən yer üzündə bəşəriyyətin inkişafı üçün onun gördüyü bütün işlərə öz dərin hörmətimi ifadə etmək istəyirəm”.

 Yaponiya qədim mədəniyyət və zəngin ənənələr ölkəsidir. Bu gün Yaponiya bütün dünyanın iqdisadi və elmi-texniki həyatında aparıcı yer tutan bir ölkədir. İkinci dünya müharibəsindən sonra yapon xalqı qısa bir tarixi dövrdə elmin, texnikanın, elmi-texniki tərəqqinin, iqdisadiyyatın inkişafında böyük sıçrayış etmiş və öz ölkəsini iqdisadi cəhətdən inkişaf etmiş ölkələr sırasına çıxarmışdır. Həqiqətən, bu gün bunu deməyə hər cür əsas var ki, mühafizi Kioto olan Yaponiyanın qədim, zəngin mədəniyyəti ölkənin müasir həyatı – elmi ixtiralar, qabaqcıl, yüksək inkişaf etmiş texnika, iqdisadiyyatı ilə çox gözəl uzlaşır. Məhz bunun sayəsində, Kiotoda keçmişə, qədim zamanlara xas xüsusiyyətlər müasirliklə gözəl uzlaşdığına görə o, dünyanın məşhur şəhəridir...

                                                               * * *

2015-ci ilin aprelin 23-də Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də Yaponiyanın qədim paytaxtı Kioto şəhərinə səfər etmişdi. Kioto Dövlət qonaq evində qarşılanan Azərbaycanlı qonaqlara, burada yerləşən qədim yapon bağı haqqında ətraflı məlumatı qocaman bağban Toemon Sano verərək bildirmişdi ki, Heyan dövründə salınmış bağ Yaponiyada bolluğun və cəsarətin rəmzi olan karp balıqlarının yaşadığı hovuzdan, yerli təbiətə məxsus rəngarəng ağac və kollardan təşkil olunmuşdur. Bağ elə qurulub ki, ilin fəsillərindən asılı olmayaraq bura həmişə gözəldir və qonaqlar tərəfindən xüsusi maraqla qarşılanır.

Mənbələrdə göstərilənlə canlı şahid olmaq tam fərqli təəssürat yaradır. Yəni, “yüz eşitməkdənsə bir görmək yaxşıdır” məsəli əbəs yerə deyilməyib. Məsələn, 50 il qabaq Həsən Seyidbəyli mənbələrə istinad edərək özünün “On beş gün Yaponiyada” kitabında yazırdı ki, yaponlarda ürək genişliyi güclü şəxsi ləyaqət hissi ilə birləşir: bu, adamların pula münasibətində özünü daha çox göstərir.Yapon həmişə nəzərə çarpdırmağa çalışır ki, pula biganədir. Hətta deyingən evdar qadınlar belə pulun qalığını saymırlar: adət deyil. Əgər beş fəhlə pivə içəndən sonra pulunu biri verirsə, sonradan heç kəs öz payını zorla onun cibinə qoymağa cəhd göstərməyəcək: burada “alman haqq-hesabı” ağlasığmaz şeydir.Yaponların təsəvvüründə xırdaçılıq, xüsusən xəsislik qüsurların az qala ən böyüyüdür...”

Yaponiya qədimiliyin və müasirliyin vəhdətinin ən gözəl nümunələrindən olan ölkələr sırasında xüsusi çəkiyə malikdir. Bəlkə elə ona görədir ki, dünyanın ən zəhmətkeş və maraqlı xalqı olan yaponlar çox ölkənin yazarlarının, tarixçilərinin, etnoqraflarının diqqətini cəlb edib və bu gün də cəlb etməkdədir. Yaponlar Tanrı tərəfindən sanki ayrıca bir məkan üçün yaradılan, çoxlarına müəmmalı görünən, zahirən əkiz xalq kimi oxşadığı çinlilərdən belə xeyli fərqlənən, bənzərsiz və məhz özünəməxsus olan sadə və səmimi bir xalqdır.

                                                            * * *

Yaponiyada,  görüb gəzdiyimiz Tokioda küçələrdə zibil qablarına rast gəlmədik. Hər kəs tullantı saydığını özü ilə evinə aparır. Evdə məişət tullantılarını çeşidləyərək 5 müxtəlif rəngli torbaya yığmalı və həmin gün üçün müəyyən edilmiş torbanı səhərlər küçənin müvafiq yerlərində qoymalıdır. Çünki hər növ tullantının öz daşınma günü var. Həmin gün evdəki zibili bayıra qoya bilmədinsə, iki-üç gün gözləməli olursan. Qanunsevər yaponlar bu qaydalara çox ciddi əməl edirlər. Bunu müşahidə edəndə adamda belə fikir yaranır ki, yapon xalqının həyatda bir nömrəli işi – təmizlik və ətraf mühitin qorunmasıdır. Onlar təkcə təbiətə qarşı yox, özlərinə qarşı da çox tələbkardırlar. Hər gün duş alır və  şəxsi gigiyenaya çox mühüm iş kimi baxırlar.

Yaponlar “sevirəm” deyəni qəhrəman sayırlar

 Yaponlar çox həyalı və utancaq xalqdır. Nə qədər qəribə səslənsə də, yaponlarda “səni sevirəm” sözləri yoxdur. Bu sözləri “sən mənim xoşuma gəlirsən” ifadəsi əvəz edir. “Səni sevirəm” kəlməsini demək isə onlarda qəhrəmanlıq hesab olunur. Yaponlar söyüş bilməzlər. Ən pis sözləri “dəli” və “axmaq”dır.

Hər bir xalqın milli-mənəvi dəyərlərini özündə əks etdirən fərqli toy adət-ənənələri var. Uzaq keçmişdən miras qalan bu xüsusiyyətlər illər, əsrlər keçməsinə baxmayaraq, heç zaman unudulmur, nəsildən-nəsilə estafet kimi ötürülür. Gülərüzlüyü, təvazökar və səmimiyyətilə seçilən yaponların da özlərinə məxsus toy adətləri var.

Əsl yapon toyu füsunkar qədim Şərq mədəniyyətinin bir nümunəsi olub, gözəl kostyumlar, maraqlı ssenari, ləziz yeməklər və çoxsaylı qonaqların iştirakından ibarət bir mərasimdir. Son illər bu adətlərə toyun, eyni zamanda, Qərb üslubunda keçirilməsi əlavə edilsə də, yaponlar əsrlər boyu qoruduqları ənənələrinə sadiq qalırlar. Gənclər ailə qurarkən bu adətlərin onlara bəxş etdiyi inam və etibarlıq hissləri ilə ilk addımlarını atırlar.

Yaponiyada toylar əsasən yaz və payızda olur. Daha çox şouya bənzəyən yapon toy mərasimi iki hissədən ibarətdir. Dini xarakter daşıyan ilk hissə sintoizm məbədlərinin birində keçirilir. Bu mərasim zamanı bəy üzərində ailəsinin gerbi olan qara xalatda, gəlin isə ağ kimonoda olur. Yaponiyada gəlinlər başlarına duvaq yerinə ağ ləçək örtürlər. Ənənəyə görə, gəlinin üzü ağ tonlarda və az hiss olunan çəhrayı ənlikli olmalıdır. Toy günü bəy və gəlin müxtəlif mərasimlərdə adəti üzrə 3 dəfə geyim dəyişirlər. Əvvəlcə ağ, sonra qırmızı kimono, axırda isə adi avropasayağı gəlin paltarı geyinilməlidir. Dini mərasim keçirilməzdən öncə bəy və gəlin xüsusi məkanda hazırlıq keçirlər. Mərasim zamanı isə onlar məbədə daxil olub “altar” adlanan səcdəgahın önündə dururlar. Bu zaman kahinlərdən biri “koto” adlı xalq musiqi alətinin məxsusi musiqisi altında asta səslə oxuyur, digəri isə rəngli kağızlarla bəzədilmiş əsa ilə pis ruhları qovur. Ailə quran gənclər burada bir-birlərinə sadiq qalacaqlarını simvolizə edən 3 fincanda “sake”, yəni, qaynar düyü arağı içirlər. Yaponiyada tək rəqəmlər uğurlu sayılır, ona görə gəlinin 3 fincanı bəyin 3 fincanına vurularaq ən xoşbəxt rəqəm– 9 alınır. Bundan sonra bəylə gəlin bir-birilərinin barmağına üzük taxırlar.

 Dini mərasimdə yalnız ən yaxın qohum-əqrabalar və yalnız milliyətcə yaponlar iştirak edirlər. Bu cür mərasimlər özlüyündə sintoizm, buddizim, xiristianlıq kimi 3 fərqli mənsəbə uyğun keçirilir. Daha sonra toy mərasimi xüsusi seçilmiş restoranların birində Avropa stilində davam edir. Burada gənclər bayram əhval-ruhiyyəsində əylənirlər, toy tortunu kəsib şənlənirlər.

Toy zamanı Yaponiyada hədiyyə vermək adət deyil. Qonaqlar gənclərə təxminən 300-600 dollar məbləğində pul və ya çek verirlər. Yaxın qohumların verdiyi məbləğ daha çox ola bilər! Lakin bütün bu mərasimləri təşkil etmək üçün böyük miqdarda vəsait tələb olunduğundan yapon ailələrinin hamısında bu cür toy hazırlamaq mümkün olmur. Buna baxmayaraq, toy, bizdə olduğu kimi, yaponların da əvəzolunmaz adətlərindən biridir.

Yaponiyaya işgüzar səfərimizdə bizə hər hansı yapon toyunda iştirak etmək nəsib olmadı. Amma Çin Xalq Respublikasında səfərdə olarkən nümayəndə heyətimizin marağını nəzərə alıb Çin Kommunist Partiyasının vəzifəli şəxsləri bizi çin toyuna dəvət etmişdilər. Çində əgər toy səhər vaxtına təyin olunubsa, demək, bəylə-gəlin birinci dəfə, axşama təyin olunubsa, demək, təkrar ailə qururlar.

Gündoğar ölkədə Hokkaydo Universitetində doktoranturada təhsil alan Əlibəy Məmmədov Azərbaycan toyları ilə yapon toylarının fərqindən danışarkən qeyd etdi ki, bizim toylar adətən çox səsli-küylü, yemək-içməklə bol keçir. Bir sözlə, vur-çatlasın olur. Amma Yaponiyada toy mərasimləri çox sakit ab-havada keçir. Özü də axşam saat 6-7-dən sonra deyil, günorta başlayır. Yemək-içmək az olur. Bir azərbaycanlının doya biləcəyi qədər süfrə açılmır. Bununla belə “yer pulu” kifayət qədər baha olur. Əsas etibarilə bəylə gəlinin valideynləri və onların üzərində əməyi keçmiş bir neçə şəxs, əksər hallarda müəllimləri, söz alıb, nitq söyləyirlər. Sonda isə bəy və gəlin öz üzərlərində əməyi olan şəxslərə təşəkkürlərini bildirdikdən sonra, məclis bağlı elan edilir. Rəqs etmək olmur. Amma çox hallarda rəsmi hissə başa çatdıqdan sonra gənclər ikinci, üçüncü məclis adı altında digər restoranlara yeyib-içməyə gedirlər. Yenə də rəqs etməyə az rast gəlinir. Mən daha çox öz toy mərasimlərimizə üstünlük verərdim.

 

“Xoşbəxtlər ölkəsi”

 

 Yaponlar ta qədim zamanlardan üzü bəri öz təyinatlarını dünyada və ya dünya ilə harmoniyanın olmasında görürlər. Yapon mədəniyyətində, ümumən həyatında harmoniya çox önəmli yer tutur: məsələn, təbiət ilə harmoniya, cəmiyyətlə münasibətdə harmoniya, ruhda harmoniya...

Yaponiyanın populyar mədəniyyəti və incəsənəti təkcə müasir dövrlə deyil, həm də keçmişlə bağlıdır. Populyar mədəniyyətin və incəsənətin müasir formaları ənənəvi köklərə söykənir: onlar təkcə əyləncəni ifadə etmir, həmçinin yapon dünyasının problemlərini də göstərir. Sənətşünas alimlər tərəfindən yapon mədəniyyətinin, xüsusilə də incəsənətinin estetik prinsiplərinin formalaşması bu xalqın doğma təbiətə olan ilahi münasibəti, təbiət gözəlliyinə səcdə etməsi ilə izah edilir.

Yapon incəsənətinin estetik prinsipləri üç mühüm dini-fəlsəfi dəyər üzərində formalaşmışdı: bunlar gündoğar ölkənin məskunları olmaq şərtilə sintoizm, konfutsiçilik və budduzmdir.

Yaponlarda belə deyim var ki, “döyüş fəlsəfəsini bilməyən xalq xoşbəxt ola bilməz”. Onlar ünsiyyət zamanı özlərini həddindən artıq təmkinli aparırlar. Emosiyaların kütləvi şəkildə nümayiş etdirilməsinin yolverilməzliyi onlarda uşaqlıqdan tərbiyə olunur.

 Statistikaya görə, yaponlar dünyada ən çox kitab oxuyan xalqlardan biridir. Sərnişin təyyarəsində və gəmidə, Tokio metrosunun basabasında, göydələnlərin damında salınmış parklarda, uzaq yapon kənd evlərinin açılıb-yığılan divarları arxasında - hər yerdə adamların kitab oxuduqlarının şahidi olursan!..  Elə ona görə də yaponların “Kitab insan ruhuna məlhəmdir”, “Kitablar ruhun qidasıdır” kimi atalar sözləri var.

Gündoğar ölkə xalqının dünyagörüşü yalnız çox kitab oxumaqla yox, həm də adamların yaşından asılı olmayaraq, hər şeyə əsl uşaq marağı ilə səciyyələnir. Gənclər də, qocalar da hər cür kurslara, sərgilərə, mühazirələrə axın-axın gedirlər.

Yaponlar ilk növbədə özlərini tərbiyə etməyi bacaran və davranışlarını tənzimləyəməyə qadir xalqdır. Müşahidə olunan faktalara əsasən onu demək olar ki, bu xalq kütləvi surətdə ziyalı xalqdır. Bunun səbəbi təkcə onda deyil ki, Yaponiyada əhalinin hamısı savadlıdır... Sadəcə, bu ölkədə xalqın maariflənməsi sistemi burada çox yaxşı qurulub. Məsələn, “Musiqi Həvəskarı Olan Fəhlələr Cəmiyyəti” elə kütləvi təşkilatdır ki, bəzi siyasi partiyalar onun üzvlərinin sayına həsəd apara bilərlər.Ona görə də yapon atalar haqlı deyirlər; “Sıravi insanlar olmasa, dahilər də olmaz”.

 Bütün bunlarla yanaşı, məni ən çox heyrətə gətirən faktlar - rahat, dördmərtəbəli yollarda bir dəfə olsun siqnal səsi eşitməməyim, maşın istehsal edən bu ölkədə tıxaca rast gəlməməyim, ümumiyyətlə, yolda, oteldə, ticarət mərkəzlərində hay-küy eşitməməyim oldu.

“Qışqırıqlar içindəki pıçıltı”

Yapon mətbəxinin yaşı düyü becərməyə başladıqları vaxtdan hesab olunur. Əfsanəyə görə, qamış düyü Yaponiyaya İlahi İnari-sama tərəfindən göndərilmişdir. Bunun təqribən 2500 il bundan əvvəl baş verdiyi nəql olunur. Düyü qədim yaponlar üçün hər şey idi: qida və pul. Qəbilə başçıları düyünü xüsusi anbarlarda –“okura”da saxlayırdılar. İndi də Yaponiyada Maliyyə Nazirliyi Okurase – yəni anbarlar naziri adlandırılır.

Yapon sağlamlığının və uzun ömürlülüyünün sirri – dadlı, sağlam yeməklər, enerji və yüksək əhval- ruhiyyə verən mətbəxdir. Yaponların əksəriyyəti sağlam qidalanır. Ölkədə artıq çəkidən əziyyət çəkən insana nadir halda rast gəlinir. Belə bir inam da var ki, sağlam yapon pəhrizi  ölkə əhalisinin  uzunömürlülüyünün başlıca şərtidir. Zəngin tarixi olan yapon milli mətbəxi də çox nəfis formada və bacarıqla təqdim olunur.

Tokioda biz də bunun şahidi olduq.Tokionun ən dəbdə olan Kenzo restoranında gözümüzün qabağında – oturduğumuz masanın əks tərəfində aşbazlar böyük ustalıqla dünyanın ən bahalı əti sayılan “mərmər əti” nazik-nazik doğrayıb peçin üstündə qızartdılar. Sonra nazik ət dilimlərini yemək üçün zövqlə bəzənmiş masaya qoyub kənara çəkildilər...

Vaqyu cinsi olan yapon inəklərinin zərif və zoğalı rəngli mərmərə bənzər ətinin bir kiloqramı 800 dollara satılır. Bu bahalığın səbəb isə heyvanların xüsusi şəraitdə bəslənməsi və yemlənməsi ilə bağlıdır. Yüzilliklərdir ki, bu inəkləri Yaponiyada xüsusi qayda ilə bəsləyirlər. Onlar ən yaxşı seçilmiş otlar və buğda ilə qidalanır, dəriləri sake (yapon arağı) ilə silinir. İnəklərə su əvəzinə hətta, pivə verilir, stressə qarşı massaj belə edilir. Bu isə yağın onların bədənində bərabər paylanmasına kömək edir. Bu inəklərin 200 qram əti Avropada 100 dollardan aşağı satılmır. Amma delikates, ən yaxşı tikələrin qiyməti min dollara da çata bilər. Başqa ölkələrdə isə qiymət daha baha olur.

İndi belə cinslər təkcə Yaponiyada yox, Avstraliyada da yetişdirilir. Orada isə onlara bahalı qırmızı şərab içirirlər. Yaponiyada “mərmər ət” satışıyla  cəmi üç şirkət məşğul olur.

Son illər yapon milli mətbəxinin nümunələri Amerika Birləşmiş Ştatlarında, Avropada populyarlıq qazanıb. Avropalıların böyük əksəriyyəti üçün yapon mətbəxi – suşi və rulolardır. Suşi həqiqətən də Yaponiyada ən sevilən yeməklərdən biridir, ancaq bununla yanaşı, bir çox başqa yeməklər də var.

Bizə məlumat verdilər ki, yapon mətbəxinin əsasını qoyan ərzaq çatışmazlığı olmuşdur. Bitki və heyvan örtüyünün azlığı Gündoğar ölkənin əhalisinə gündəlik qidaya hömətlə yanaşmağı öyrətmişdir. Adi, sadə yeməklərə onlar maksimum estetik görkəm verməyə çalışırlar. Dünyanın heç bir yerində yemək mədəniyyəti bu qədər inkişaf etməyib. Yemək burada hər yerdədi. Həm də yüksək keyfiyyətdə.

Ərzağın təzə, tər olması da bu ölkədə çox vacib şərtdir. Məhsullar ya bağdan təzə gətirilməli, ya da isti olmalıdır. Yapon supermarketləri – təzəlik məbədidir. Ət, balıq və tərəvəzlərin üzərində istehsal günü və saatı dəqiqliklə göstərilir. Yapon kulinariyasında konservləşdirilmiş və dondurulmuş anlayışı, demək olar ki, yoxdur. Aktyor, ssenarist Donald Riç yazırdı: “Yapon mətbəxinin təzəliyi qışqırıqlar içindəki pıçıltı kimi diqqəti cəlb edir. Yeməklərin həqiqi görünüşünü və dadını açır. Onları, demək olar ki, çiy təqdim edir və yeyirlər, burada heç nə uzun müddətə hazırlanmır. Qidanın demək olar ki, təbii dadından zövq alırsan”. Çoxçeşidli yapon mətbəxinin əsasını təşkil edən qaydalar, onun yeməklərini planetin ən faydalı qidası edir.

Yaponlar dieta deyib, özlərini aclıqla yormurlar. Onların qida rasionu və metodu, demək olar ki, bütün həyatları boyu dəyişmir. Az xəstələnir, eyni zamanda, özlərinə sərhəd qoymadan hər şey yeyirlər.

“Allaha inanmayan  Allahın yaponları”

 Sosial şəbəkədə Rafiq Hunaltay adlı gənc bir yazar Yaponiya və yaponların yaşam tərzi haqqında məqaləsini belə adlandırmışdı. Bu fikir elə mənim Yaponiyanı gördüyüm andan, yazımın giriş hissəsində söylədiyim: “Allah Qurani-Şərifi elə bil yaponlara göndəribmiş... Çünki yaponlar Allahın öz (müsəlman) bəndələri üçün rəva bildiyinin çoxuna doğru-dürüst əməl edirlər” fikrimlə səsləşir...

Bəzi mənbələrdə göstərilir ki, yaponların çoxu özlərini dinsiz adlandırırlar. Bununla belə, Yaponiyada il ərzində bir çox dini bayramlar keçirilir. Əhalinin 80 faizdən çoxu sintoist və buddist məbədlərində dualar edir, dini mərasimlərdə iştirak edir.

Bu gün Yaponiya əhalisinin sayı təxminən 127 milyon nəfərdən çoxdur. Son 5 il ərzində Yaponiyada əhalinin sayı 1 milyon nəfərə yaxın azalıb. Onların cəmi 10 faizi hər hansısa dinə ürəkdən inanır.

II Dünya müharibəsində Yaponiya məğlub olduqdan sonra İmperatorun ölkədəki mövqeyi zəiflədi və din dövlətdən ayrıldı. Dini dərslər təhsil sistemindən çıxarıldı. Bu isə əhalinin dini savadının azalmasına, nəticədə əhalinin dinə qeyri-ciddi yanaşmasına gətirib çıxardı. Bütün bularla yanaşı, Yaponiyada diqqət çəkəsi və dünyaya nümunə ola biləcək dini tolerantlıq mövcuddur. Bir çox Avropa ölkələrində əhali azan səsinin onları narahat etdiyini əsaslandıraraq etiraz edirlərsə, Yaponiyada əhali bir tərəfdə kilsə zəngləri, digər tərəfdə azanın səslənməsini özünün uğuru hesab edir. Bu mənada Yaponiyanı bütün dinlərin keşiyində duran və bütün dinlərin birləşdiyi bir məbəd kimi qiymətləndirənlər də var.

Yaponiyadakı müsəlmanların sayı dəqiq açıqlanmır. Ümumiyyətlə, bu ölkədə hökumət heç bir dinin nümayəndələrinin statistikasını vermir. Lakin, bir çox yerlərdə Yaponiyadakı müsəlmanların sayının 1 milyon, bəzi mənbələrdə isə 700 və ya 900 min olduğu deyilir.

Hazırda Yaponiyada İslam dininin təbliği ilə məşğul olan qruplar mövcuddur ki, dövlət xüsusi yoxlanışdan sonra onlara öz fəaliyyətləri üçün icazə verir və onları lazımi vasitələrlə də təmin edir.

İslamla ən gec tanış olan Uzaq Şərq ölkəsi

Bir çox mənbələrdə yazılır ki, yaponların İslam dini ilə tanışlığı XI əsrə təsadüf edir. Həmin dövrdə köçəri monqol tayfaları əhalinin dini dünyagörüşünə təsir edə bilmirdi. Qısa müddət sonra yenidən başqa ərazilərə köçən bu tayfaların təsiri də onlarla birlikdə çıxıb getdi. Həmin dövrdən qalan yalnız İslam adətlərinə uyğun məzarlardır. Buna görə də Yaponiyada İslamın yayılması bütün tarixi ədəbiyyatlarda XIV əsrdən hesablanır. Bu dövrdə Ərəbistan və Hindistandan köçən müsəlmanlar gəldikləri ərazilərdə daimi məskunlaşmağa başlamışlar. Zaman-zaman mühacirlərin öz övladları üçün mədrəsələr və ibadət etmək üçün kiçik məscidlər inşa etməsi ətrafdakı yaponların da diqqətini cəlb etmişdir. Bir çoxu bu dinin mahiyyətini dərk edəndən sonra özü də müsəlman olmuşdur. Lakin bu cür hadisələr Yaponiyanın xırda və ən ucqar vilayətlərində baş verdiyindən, İslamın əhali arasında çox ciddi şəkildə yayıldığını demək yanlış olardı.

Bu ölkədə İslamın bir din olaraq daha geniş tanınması isə XIX əsrdən başlanmışdır. Belə ki, XIX əsrin 70-ci illərində Tariq Ramazanın “Həzrəti Məhəmmədin həyatı” adlı kitabı ilk dəfə yapon dilinə tərcümə olunur. Az bir müddətdə əhalinin yuxarı təbəqəsi arasında yayılmağa başlayan bu kitab, yaponlar üçün bir məsələni daha da aydınlaşdırdı; yaponların mentalitetində və adət-ənənələrində hakim olan bir çox qaydalar İslamda da qəbul edilir və ya əksinə…

İslam dininin Şərq ideologiyası ilə bu qədər yaxın olduğunu görən yaponların bir çoxu bu dini dərindən araşdırmağa başlayır. Onlar əsasən yuxarı sosial təbəqələrə aid yaponlar idi. Çünki bu cür kitablar aşağı təbəqələri elə də maraqlandırmırdı.

İslamı araşdıranların əksinə olaraq, bir çoxu bu dinin Yaponiyada mövqe tutmasına qarşı çıxır və hər vasitə ilə İslam haqqında olan müsbət rəyləri dağıtmağa çalışırdı.

1890-cı il  sentyabrın 16-da baş vermiş bir hadisədən sonra İslam dini yaponlar arasında çox böyük maraqla qarşılanmağa başlandı. Həmin gün tarixdə “Ərtoğrul freqatı (hərbi gəmi) qəzası” adı ilə qalmışdır. Belə ki, 1890-cı ildə Osmanlı sultanı II Əbdülhəmid tərəfindən Osman paşanın rəhbərliyi altında 600 hərbçi mütəxəssisdən ibarət nümayəndə heyəti “Ərtoğrul” gəmisində Yaponiyaya göndərilir. Gəmidə, Yapon İmperatoru Meijiye təqdim edilmək üçün bir Osmanlı imtiyaz ordeni və qiymətli hədiyyələr var idi.

İmperator özü şəxsən gəminin qarşılanmasına, heyətin yerləşdirilməsinə nəzarət edirdi. Şəhər əhalisi Osmanlı gəmisinin Yokohamaya gəlişini çox ciddi şəkildə qeyd edirdi.

Nümayəndə heyəti Yaponiyada bir sıra görüşlər keçirir, o cümlədən Yaponiya İmperatoru tərəfindən qəbul edilir. Lakin geri qayıdarkən gəmi qəzaya uğrayır və 531 nəfər, o cümlədən Osman paşa və sultanın qardaşı həlak olur. Yalnız 69 nəfər sağ qalır. Bu qəza zamanı  batmış gəminin qalıqları Yaponiya tərəfindən 2 gəmi ilə İstanbula çatdırılır. Həlak olanları isə Yaponiyada dəfn edirlər və onların şərəfinə Kuşimoto və Yaponiyanın bir çox başqa ərazilərində xatirə abidəsi ucaldılır. Hətta indi də hər 5 ildən bir Türkiyə və Yaponiyada onların xatirəsi yad edilir.

Bu hadisədən sonra yaponların türklərə qarşı marağı və sevgisi başlayır. Təbii ki, əhali artıq türklər haqqında daha çox məlumat öyrənmək istəyir. Buna görə də məşhur yaponiyalı jurnalist Toraciro Yamada Türkiyəyə səyahət edir. Uzun müddət burada yaşayan və İslam dinini qəbul edən bu şəxsin ilk yerli yapon mənşəli müsəlman olduğu deyilir. O, adını dəyişərək Əbdülxəlil edir. Qəzetlərdə daim osmanlılar, onların dini və mədəniyyəti haqqında yazılar çap etməyə başlayır. Eyni zamanda, bu jurnalist Məkkəyə ziyarət edən ilk yapon olmuşdur...

XX əsrin əvvəllərində Yaponiyaya mühacirət etmiş müsəlmanlar içərisində ziyalılar da vardı. 1909-cu ildə Rusiyanın Omsk quberniyasının Tara şəhərindən olan tatar mənşəli müsəlman din xadimi Əbdürrəşid İbrahimov Yaponiyaya mühacirət gəlmiş və burada islamın təbliği ilə məşğul olmuşudu. Məhz onun fəaliyyəti nəticəsində Yaponiyada bir sıra filosoflar, jurnalistlər, hərbiçilər və gənclər arasında islamı qəbul edənlərin sayı artmışdı. Yaponiya haqqında təəssüratlarını, Yaponiyanın islam dünyası ilə münasibətlərini Əbdürrəşid İbrahimov özünün “İslam dünyası və Yaponiyada islamın yayılması” kitabında əks etdirmişdir.

Yaponiyada islamın yayılmasında Hindistandan Yaponiyaya mühacirət etmiş Məhəmməd Bərkətullanın da xüsusi rolu olmuşdur. O, Tokio Universitetində urdu dilini tədris edən ilk müəllim olmuşdur. 1910-cu ildə o, “İslam qardaşlığı” jurnalını dərc etdirmişdir. Jurnal 3 il fəaliyyət göstərmişdir. Jurnalın ingilis versiyasını isə İslamı məhz Məhəmməd Bərkətullanın təsiri ilə qəbul etmiş və sonralar onun ardıcıllarından birinə çevrilmiş Həsən Qatano çap etdirmişdir.

1909-cu ildə adını Ömər Yamaoka olaraq dəyişdirən Mitsutaro Takaoka, xristian dininə tapınan və ticarət məqsədilə Hindistanda olanda islamı qəbul edib, adını da Əhməd Arigo olaraq dəyişdirən Bumpaçiro Arigo kimi müsəlmanlar da Yaponiyadakı fəaliyyətləri ilə İslamın yayılmasına, təbliği ilə məşğul olmuşlar. Yapon tacir Əhməd Agira Quranın yapon dilinə tərcüməsi işində yaxından iştirak etmişdir.

XX əsrin 20-30-cu illərində Yaponiyada islam dininə maraq daha da artdı, Yaponiyanın islam dünyası ilə mədəni və iqtisadi əlaqələri genişləndi. Bu dövrdə bir sıra ölkələrdən Yaponiyaya müsəlman din xadimlərinin axını baş verir, Yaponiyada islam təşkilatları yaradılır, Quranın əsas mahiyyəti və şərq ədəbiyyatının ayrı-ayrı nümunələri yapon dilinə tərcümə edilirdi. Yaponiyada müsəlmanların da sayı artmağa başladı. Bunlar, əsasən Rusiyadan bolşevik repressiyalarından canını qurtarmaq üçün buraya mühacirət etmiş tatarlar idi. Onların əksəriyyəti Tokio, Naqoya və Kobe şəhərlərində məskunlaşmışdılar. Məhz onlar 1938-ci ildə Yaponiya hökumətinə Tokioda ilk məscidin inşa edilməsində yaxından köməklik göstərmişdilər.

Yaponiyada İslamın geniş yayılma tarixi ikinci dünya müharibəsindən sonraya, təxminən 50-60-cı illərə təsadüf  edir. Yaponiya iqtisadiyyatının inkişafı ilə yanaşı, Pakistan, Banqladeş kimi ölkələrdə iqtisadi böhran və işsizlik artırdı. Bu da həmin ölkələrdən Yaponiyaya axının artmasına və onların burada daimi məskunlaşmasına gətirib çıxarırdı. Həmin dövrdə balaca məscidlərin inşası xarakterik hal aldı.

60-cı illərdə Yaponiyaya Pakistan, Türkiyə, İndoneziya və ərəb ölkələrindən müsəlman tələbələrin axını baş verir. 1961-ci ildə ölkədə ilk müsəlman tələbə təşkilatı yaradılır. Bir qədər sonra isə bu təşkilatla Yaponiya müsəlmanları təşkilatını əlaqələndirən Şura yaradılır. Bu Şura fəal şəkildə islamın təbliği ilə məşğul olurdu. Məhz onun yaxından köməyi sayəsində ölkənin ayrı-ayrı rayonlarında islam mərkəzləri, müsəlman qəbristanlıqları açılmış və müsəlman qəzetləri nəşr edilmişdi.

1970-ci ildə Səudiyyə Ərəbistanı kralı Feysəl ibn Əbdüləziz Yaponiyaya səfər edir. Bu səfər zamanı o, Yaponiya və Cənubi Koreya müsəlmanlarının nümayəndələri ilə görüşür. Kral, həmçinin Ömər Mita tərəfindən Quranın yenidən yapon dilinə tərcüməsi ilə bağlı bütün xərcləri öz üzərinə götürdüyünü bildirir. Tərcümənin nəşrini maliyyələşdirmək üçün Səudiyyə Ərəbistanının Yaponiyadakı səfirliyi yanında xüsusi fond yaradılır.

1973-cü ildə Səudiyyə Ərəbistanı kralı Feysəl ibn Əbdüləziz Yaponiyaya 6 müsəlman din xadimi göndərir. Onların rəhbərliyi altında 1974-cü ildə Tokioda ilk tam əsaslı İslam Mərkəzi yaradılır.

Yaponiyada İslam dini dövlət səviyyəsində əhalinin inandığı səmavi dinlər sırasında özünəməxsus yer tutur. Ölkədə bir çox İslam təşkilatlarının rəsmi fəaliyyətinə icazə verilir. Övladlarının din dərsləri almasını istəyən valideynlərə öz arzularını rahatlıqla yerinə yetirməktə tam sərbəstlik verilir.

Öz möhtəşəm görünüşü ilə bizim diqqətimizi  cəlb edən və müsəlman ölkələrindəki məscidlərlə müqayisə edilən Tokio məscidi Yaponiyanın ən böyük məscididir. Burada azan səsi bir neçə kilometrə qədər yayılır. Yaponiyada ilk məscid isə müsəlman hindistanlılar tərəfindən Kobedə tikilib. 2000-ci ildə Tokioda Türkiyənin iştirakı ilə Osmanlı üslubunda, Naqoyada pakistanli iş adamı Əbdülvahab Qüreyşinin vəsaiti ilə hələ II Dünya müharibəsi illərində bombardman nəticəsində dağıdılmış məscidin yerində yeni məscidlər inşa edilib.

Ölkədə irili-xırdalı 50-yə yaxın məscid fəaliyyət göstərir ki, bu məscidlərdəki imamlardan yalnız biri İslamı qəbul etmiş yapondur.  Abdullah Taqi Takazava “Yaponiyada İslam: Keçmiş, bu gün və gələcək” adlı  məşhur kitabın müəllifidir. 2011-ci ildə o, Oksford universitetində  eyniadlı məruzə ilə  çıxış etmişdir.

 Yaponiya cəmiyyətində müsəlman diasporunun özünəməxsus yeri və rolu olsa da, müasir dövrdə yapon xalqının çox az hissəsi müsəlmandır. Bu gün daha çox müsəlmanlarla ailə quran müsəlmanlığı qəbul edən xanımlara rast gəlmək olur.

 Bütün bunlara baxmayaraq, hansı dindən olursa olsun bir yaponun əsl yolu “Yaponluq”dur. Yapon xalqı yaşayışını, müəyyən bir dindən daha çox, ənənvi xalq inanclarının təsiri altında davam etdirməkdədir. Yaponlarda din və millət birbiri ilə eyniləşdirilməkdədir...

Dillərinə və mədəni irslərinə sıx bağlı olan yaponlar öz dinlərini də milliləşdiriblər. Bu özəllikləri və anlayışları ilə əlaqədar olaraq şintoizm yaponların milli və ənənəvi dini olaraq tanınmışdır.

Şintoizmdə Tövrat, İncil və Quran kimi olmasa da tarxi və mənəvi baxımdan müqəddəs sayılan kitablar vardır. Bu əsərlərdən birincisi imperatorun tapşırığı ilə bir yerə cəmləşdirilən  və “Qədim məsələlərin qeydiyyatı” olaraq adlandırılan yapon dilində yazılmış olan Kojikidir. Kojiki, 628-712-ci illər arasında baş verən hadisələrdən və Yaponiya tarixindən bəhs edən müasir dövrümüzə gəlib çatmış olan ən qədim bir kitabdır.

Kojikidə dövlətin və imperator ailəsinin ilahi mənşəyindən, insanlığın başlanğıcından bir çox yapon hekayələri və əfsanələrindən bəhs olunur. Bundan əlavə bu kitabda bəzi mahnlar da vardır. Kojikinin davamı keyfiyyətinə malik Nihongi  isə Kojikinin şərhi mahiyyətindədir. Nihongi və ya Nihonşoki, Kojikidən səkkiz il sonra 720-ci ildə “Yapon Vaqiənamələri” olaraq Cin dilində yazılmışdır. Nihongi Kojikidən daha ətraflı omaqla mifologiyanı da ehtiva etməsi baxımından Kojikini tamamlayıcısı xüsusiyyətinə malik bir kitabdır. Tam bir tarixi əhatə dairəsinə malik olan Nihongi də Kojiki kimi mifoloji hekayələrlə başlayır və tarixi hadisələrlə davam edir. Bu əsərdə həmçinin fəzilətli (yüksək keyfiyyətli)  idarəçilərin dəyərləri və müvəfəqiyyətləri  ilə yanaşı pis idarəçilərin səhvlərinə dair biliklər də vardır.

Şintoizmdə Kojiki və Nihongidən başqa “Qədim olayların vaqiənaməsi” olan Kujiki, “Seçilmiş qədim hekayələr” olaraq xarakterizə olunan Kogoşui və  “Engi dövrünün ətraflı qanunları” qəbul olunan Engişiki mövcuddur. Bundan əlavə IX və X əsrlərdə təsbit olunan din və dövlət tarixi və mədəni irsi ilə bağlı olan məcmuələr də 1927-ci ildə 50 kitabda ibarət olaraq nəşr olunmuşdur.

"İntihar meşəsi"

“Ehtirasdan böyük alov yoxdur; nifrətdən böyük dərd yoxdur; bədəndən böyük bədbəxtlik yoxdur; sakitlikdən böyük xoşbəxtlik yoxdur”

                                                                                                                       Budda

Statistikaya görə, Yaponiyada 1 milyondan çox insan otağından heç vaxt çıxmır. “Hikikomori” adlandırılan bu fenomen fərdlərin ictimai həyatdan çəkilmələri və həddindən artıq özlərini sosial həyatdan təcrid etmələri deməkdir. 20-44 yaşda olanların əsas ölüm səbəbi isə intihardır.

Bəli, qəribə də olsa, Yaponiya inkişaf etmiş ökələr içərisində intihar hallarının yüksək olduğu ölkədir. 19-cu əsrə qədər Yaponiyada geniş yayılmış özünəqəsd ritualı olub. Tanınmışlar və məmurlar, xüsusilə ordu zabitləri arasında ənənəvi hal alıb. İnsanlar ya hansısa günahları qarşılığında özlərini cəzalandırmaq, ya hansısa itkini ifadə etmık, ya da öz şərəf və ləyaqətlərini qorumaq üçün bu addımı atırdılar. Ritualın yerinə yetirilməsinin xüsusi şərtləri var idi. Bunlardan ən əsası bir dostunun bu səhnəyə şahid olmasıydı. Ekstern hallarda  - məsələn, döyüş meydanında bunlarsız keçinmək olardı. 1868-ci ildən rəsmən xarakiri Yaponiyada ləğv olunsa da, praktiki olaraq hələ də Yaponiyada tez-tez rast gəlinən bir faktdır. Xüsusən də XX əsrdə bir çox tanınmış yapon yazıçısı və sənət adamının xarakiri etməsi, ona daha da əsrarəngiz və fəlsəfi don geyindirib. Beləliklə, xarakiri nümunəsində gördük ki, intihar heç də həmişə zəiflik əlaməti deyil, həm də fəlsəfi aktdır. Yoxsa Ziqmund Freyd, Heminquey, Mayakovski, Stefan Sveiq, Merlin Manro, Vitney Hyuston  və onlarla başqa tanıdığımız, bu gün də sevə-sevə oxuduğumuz yazıçı və filosofların,  eləcə məşhur kino ulduzlarının, müğənnilərin nədən intihar etdiyinə izah tapa bilmərik. Hərçənd onlar xarakiri etməyib, birisi dərman içib, digəri köhnə ov tüfəngiylə gicgahına atəş açıb  və s.

Kapitalizmin təzə kök atdığı vaxtlarda yeni-yeni borclanmağa başlayan yaponlar ödəyə bilmədiklərində kütləvi intiharlara başaldılar, hətta bir vaxtlar ölkədə intihar səviyyəsi 100 min adama 28 nəfərə kimi qalxmışdı. Xəta olar, amma onun sayı sıfır olar deyirlər. Xəta edəni bağışlamırlar, etməyi də heç sevmirlər, bu səbəbdən yaponlar ən az xəta etdiklərinə görə də dünyanın ən az üzr istəyən millətidir.

Son illər maliyyə böhranı nəticəsində Yaponiyada intihar edənlərin sayı 6 faiz artıb. Bu barədə “BBC” məlumat verib. Yaponiyanın “Life” təşkilatının verdiyi məlumata görə, intihar hallarının artması iqtisadi səbəblərlə, xüsusilə də müflisləşmə və iş yerinin itirilməsi ilə bağlıdır. Bu ölkədə yüz min nəfərə 24 intihar halı düşür. Yapon rəsmiləri qutu şəklində tək otaqlı mənzillərdə ictimai həyatdan, sədaqət, dostluq kimi anlayışlardan uzaq yaşayan, əsasən texnologiya ilə başını qatan bədbəxt yapon gəncliyinin gün keçdikcə daha çox intihara sürükləndiyini müşahidə edirlər. Qatarın önünə atılaraq intihar edənlərin ailəsinə isə cəza verilir.

 Yaponiyanın ən uca zirvəsi Fuci dağında yerləşir. Bu dağ yaponların ən çox ziyarət etdiyi məkandır. Yaponiyadakı Fuji dağının ətəklərini bəzəyən meşənin əsl adı "Aokigahara" amma bundan çox "intihar meşəsi" olaraq bilinir. Səbəbi də intihar etmək istəyənlərin son məkanı olaraq buranı seçməsidir.  Standart bir meşədə görülən "Lütfən atəş yandırmayın, yandıranlara da mane olun" işarələri yerinə, burada "lütfən intihar etməyin, intihar etmədən əvvəl bir dəfə daha düşünün" kimi işarələr qoyulub. Hətta "intihar etməyə qərar verdinizsə, bir polisə məsləhətləşin" deyən lövhələr belə var. Heç də gülməli olmayan bir zarafat kimidir,elə deyilmi?  Bütün bu xəbərdarlıqlara baxmayaraq, gediş üçün, gəzinti üçün, təmiz hava üçün mükəmməl ola biləcək bu gözəl yaşıllığın adı çıxıb. Bölgədə yaşayanlar da bunun fərqindədir. Meşəyə pikniyə, gəzintiyə gələnlərlə, intihar etməyə gələnləri gözlərinə baxıb anlaya bilirlər. Əfsus ki, nə onları dayandırmaq, nə də bu pis şöhrəti bitirmək üçün şahid olanların əllərindən bir şey gəlmir.

Yaxşı bəs ölümü seçənlər niyə hökmən bura gəlir? Bunun səbəblərindən biri Yaponların müqəddəs saydığı Fuji Dağı ətəklərində olmasıdır. Talehsiz meşə haqqında minlərlə əfsanə var...Meşənin altında olan zəngin dəmir yataqlarının kompaslarda sapma yaratdığı söz-söhbətlərdən biridir. Kompasların çaşması üzündən günahsız insanların meşədə itdiyi də deyilir. "Aokigahara meşəsi" Yaponiyada qarabasmaların da uğrak yeri olaraq bilinir. İnanışa görə "yurei" yəni arafda qalmış ruhlar, bu meşədə təmizlənir.

Elə bir ölkələr var ki, orada intihar heç də tənqid olunmur və adi bir hadisə kimi təqdim olunur. Məsələn, Yaponiyada, Yunanıstanda intihar hadisəsi cəmiyyətdə o qədər də ajiotaj yaratmır.

Busido kütlələri “milli mənafe naminə” ən ağlasığmaz şücaətlərə belə ruhlandır-mağa qadirdir. Bunu kamikadzelərin dramatik talelərinin tarixi də göstərmişdir.

İkinci dünya müharibəsi ərəfəsində qədim busido – “döyüşçünün yolundan” bütün “millətin yoluna” çevrildi. Yazıçı Kan Kikutinin dediyi kimi: “20 yaşdan 40 yaşadək olan şəxslər döyüşçü oldular”.

Kamikadzelər

Hər dəfə  bu  ifadəni eşidəndə yadıma Azərbaycanın xalq yazıçısı Anarın “Gürcü familiyası” adlı hekayəsi yada düşür. Hekayə qəhrəmanları Əsmərlə Oktayın sənədli filmə baxmasını müəllif ikincinin dilindən belə təsvir edir: “Biz filmin lap əvvəlinə çatdıq. Sənədli film idi. «Yaponiya müharibələrdə». Mən sənədli filmləri xoşlayıram - bu filmdə isə yapon xronikasının nadir kadrları vardı: ölümə məhkum pilotlar - kamikadzelər uçuşqabağı. Adamın əti ürpəşirdi.

- Bir onların sifətlərinə bax, - deyə Əsmər qulağıma pıçıldadı. - Dəhşətdir.

Uçuşdan qabaq onların hamısına sake-yapon arağı verirdilər, təyyarəyə qalxa-qalxa onları çəkən kino-kameraya baxarkən bilirdilər ki, qarşıda onları yalnız ölüm gözləyir və artıq heç bir şey onları bu ölümdən qurtara bilməz.

- Görəsən, onlar havaya qalxanda nə düşünürmüşlər? - deyə Əsmər soruşdu. - Fikirlərini dəyişmirlərmiş ki?

Ona diktor cavab verdi:

- Kamikadzelər yerdən qalxan kimi həyatla əbədi vidalaşırdılar. Geri qayıtmaqçün onların təyyarələrinə benzin tökmürdülər...” Hekayənin sonunda bacısı Oqtaya xəbər verir ki: “...sənə teleqram gəlib. Həştərxandan. Gürcüdəndir.

Mən teleqramı qapdım. İki söz. «Təbrik. Öpürəm.» Bir də imza: «Kamikadze».  Məlum olur ki, bacısı “Kamikadze”  sözünü gürcü familiyası kimi başa düşüb. Anar doğma Azərbaycanımızın gerçəkdən tayı- bərabəri olmayan yazıçısıdır. İstər hekayəsi, istərsə də bu əsərin  motivləri əsasında  çəkilən "Gün keçdi" filmi adamın ruhunu titrədir... Nostalji yükü kədərli də olsa, adam həm əsəri oxuyanda, həm də filmə  baxanda  sanki  öz içində keçmişinin bütün şirin və kövrək xatirələrinə qərq olur.

 ...Bəli, özlərini bilərəkdən ölümün ağuşuna atanlara ilk dəfə Yaponiyada rast gəlinib. Onlar kamikadzelər adlandırılır. Yapon sözü olan «kamikadze»nin mənası «müqəddəs külək» (“İlahi külək”) deməkdir. Bu adı yaponlar ilk dəfə 1274 və 1281-ci illərdə  monqol xanı Kubilayın Yaponiya sahillərinə yan almaq istəyən hərbi gəmilərini məhv etmiş tayfun küləyinə veriblər.

Çox-çox sonralar - XX əsrin ikinci yarısında isə II Dünya Müharibəsi zamanı düşmənə qarşı döyüşlərin iştirakçıları olmuş ölümə məhkum yapon təyyarəçilər də kamikadzelər adlandırılıb. Ümumiyyətlə, II Dünya müharibəsinin son dövrlərində Sakit okeandakı hərbi əməliyyatlarda ABŞ donanmasına qarşı zamanı kamikadzelik Yaponiyada böyük bir hərəkatın tərkib hissəsi olub. Bu hərəkata qoşulanlar qulluq etdikləri əqidə və ya ideya uğrunda könüllü ölüm yolunu seçiblər. ABŞ-ın hərbi dəniz qüvvələrinin gəmiləri ölümə məhkum edilmiş təyyarəçilər dəstəsi -kamikadzelər öz həyatları bahasına  düşmənin gəmilərini sıradan çıxarırdılar.

Beləliklə, dörd min təyyarəçi-kamikadze ABŞ-ın 34 hərbi gəmisini məhv etmiş, 300-dən artıq gəmiyə isə ciddi ziyan vurmuşdu.

Yaponiya imperatoru uğrunda ölümə gedən bu adamlar gündoğar ölkəyə və rəhbərə sadiq olacaqları barədə sənədə qol çəkirdilər. Onların Yaponiya daxilində müəyyən güzəştləri olub. Bəzi tarixçilərin fikrincə, kamikadze hərəkatı Yaponiyanın müharibə etdiyi ölkələrlə müqayisədə texniki cəhətdən geridə qalması səbəbindən yaranmışdı. Könüllü ölüm yolunu seçən yapon təyyarəçisi minimum qədər benzin və bunun əvəzinə xeyli artıq bomba götürərək, təyyarəyə minir, geri dönməyəcəyini bilə-bilə hədəfə tərəf uçurdu. Belə kamikadze təyyarələrində paraşüt yox idi və buna görə də havaya qalxan təyyarə insan iradəsi ilə idarə olunan mərmiyə çevrilirdi.

Qeyd etmək lazımdır ki, II Dünya müharibəsi dövründə Sovet İttifaqında da buna bənzər ideyalar təbliğ olunurdu. SSRİ-də kamikadze sözü işlədilməsə də, gənclər arasında vətən uğrunda könüllü surətdə canını qurban vermək geniş təbliğ edilirdi. Faşist hücumlarına qarşı canlarını fəda edən sovet adamları heç də az deyildi. Bütün bunlara baxmayaraq o zaman bəşəriyyət vətən uğrunda canını qurban verənlərlə yapon kamikadzelərinə eyni cür yanaşmırdı. Yaponiyada yaranan kamikadze hərəkatı imperiyanın aqressiv siyasətinə qulluq etdiyi üçün dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Fanatizmlə müharibəni udmaq mümkün olmadığından, uduzmuş Yaponiyanın kamikadzeləri özünəqəsd yolunu seçirdilər. Öz ölümlərindən və qurbanlarının qətlindən ləzzət alan bu adamlar cənnətə düşəcəklərini güman edirlər.

Yaponlar ilk təyyarəçi kamikadzelər dəstəsini 1944-cü il oktyabrın 20-da yaradıblar. Bir gün sonra-oktyabrın 21-də ilk kamikadze hücumu baş verib. İçərisinə 200 kq bomba qoyulmuş təyyarəni idarə edən naməlum yapon döyüşçü hava gəmisini Avstraliya flotuna məxsus kreyserə çırpıb. Nəticədə ilk kamikadze özü ilə birgə 30 nəfərin ölümünə səbəb olub. Bundan sonra müttəfiq qoşunların hərbi hissələri bir-birinin ardınca kamikadzelərin hücumuna məruz qalıb. Ümumiyyətlə, II Dünya Müharibəsinin sonunda Yaponiyanın hərbi dəniz qüvvələri üçün 2525, quru qoşunlar üçün isə 1387 kamikadze hazırlanmışdı. Kamikadzelərin hücumu nəticəsində SSRİ-yə məxsus 81 gəmi batırılmış, 195 gəmiyə isə ziyan dəymişdi. Yapon kamikadzelər həmçinin yuxarıda qeyd etdiyim kimi,  ABŞ hərbi qüvvələrinin otuzdan çox gəmisini batırmış, üç yüzə yaxın gəmisinə isə zərər vurmuşdular. Ölümə getmək istəyən təyyarəçi kamikadzelərin sayı yaponlara məxsus təyyarələrin sayından üç dəfə çox idi. Bu sırada dayananlar əsasən 20 yaşlı  universitet tələbələri idi. Öz ölkəsi və imperatoru uğrunda könüllü ölmək-bu o dövrdə yaşayan hər bir yapon gəncinin ən ali məqsədi idi. Kamikadzelər Yaponiyada  ən cəsur qəhrəmanlar kimi təqdim olunur, məbədlərdə onların ruhuna dualar oxunur, validyenləri isə ölkənin ən hörmətli insanları sayılırdı. Kamikadzelərin simvolu xrizantema (payızgülü) çiçəyi idi.

Əsrlərdən bəri məlumdur ki,  istənilən döyüşdə qalib və uduzan tərəflərin olması labüddür. Həm də haqlı deyilib ki, mübarizə aparan adam üçün məğlubiyyət ar deyil. Fransız filosofu və yazıçısı Mişel de Montin də bu barədə çox  maraqlı  fikir söyləyib: "Elə məğlubiyyətlər var ki, öz şərəf və şöhrətinə görə ən parlaq qələbələrdən də geri qalmır".

Haşiyə: Yaponiyada Kamikadzelərin Dünya Muzeyinin yerləşdiyi Minami-Küsü şəhərinin rəhbərliyi BMT-yə təyyarəçi-kamikadzelər tərəfindən yazılmış 333 məktubun UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilməsi barədə məktubla müraciət etmişdir.

Yaponiyanın hökumət orqanları güman edirlər ki, ertəsi gün ölümə yollanacaqlarını bilən insanların məktubları dünyanın bütün vətəndaşları üçün tarixi baxımdan böyük maraq kəsb edə bilər. Minami-Küsü şəhərinin meri Kampey Şimoidenin qənaətinə görə, kamikadze məktubları dünya tarixinə müharibənin dəhşətli səhifəsi kimi daxil olmalıdır. Belə addım gələcək nəsillərin bundan dərs götürmələri və belə səhvlərin bir daha təkrarlanmaması üçün atılmalıdır.

Hazırda kamikadzelərin Dünya Muzeyində onlar haqqında bütün informasiyalar - sənədlər, fotolar və məktublar qorunub saxlanır. Yapon mütəxəssisləri kamikadze məktublarının UNESCO-nun qeyri-maddi mədəni irsi hesab ediləcəyinə şübhə ilə yanaşırlar. Məsələnin müzakirəsi ilə bağlı artıq ciddi mübahisələr başlanmışdır.

 UNESCO tərəfindən 299 məktub xarakterli sənəd Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilmişdir. Buraya “Anna Frankın gündəliyi”, Fransanın 1789-cu ildə qələmə alınmış “İnsan və vətəndaş hüquqları Bəyannaməsi”, Ceyms Kukun göyərtə jurnalı kimi sənədlər daxil edilmişdir. İndi isə Yaponiya 333 kamikadze məktubu ilə 300-cü yeri tutmağa can atır.

Son statistik məlumatlara əsasən, Yaponiyada kişilərin orta ömür müddəti 80-dən çoxdur. Bu, dünyada 5-ci göstəricidir. Qadınların orta ömrü isə 87-88-ə yaxındır və bu göstəriciyə görə Yaponiya dünyada birincidi. Bunun səbəblərindən biri də Yaponiya səhiyyəsinin yüksək səviyyədə  olmasıdır. Yaponiya yeni doğulan körpələrin ölümü ilə bağlı ən aşağı göstəriciyə malik ölkədir – 1000 körpəyə 1 ölüm faktı düşür.

Bəli, Yaponiya  bu gün uzun həyat dedikdə dünyada ilk ağla gələn ölkədir. Burada 100-dən çox yaşı olan əlli mindən çox insan yaşayır.

Yaponiya haqqında oxuduğum məlumatlara istinadən onu da qeyd edim ki,  Yaponiyada  evlərdə bəslənən heyvan sayı uşaq sayından daha çoxdur. Hətta doğum nisbəti o qədər aşağıdır ki, 2050-ci ilə qədər əhalinin sayı 100 milyona enəcəyi deyilir.

Lakin Yaponiyada ümumi məcburi səhiyyə sistemi tətbiq edilib, bunun sayəsində hər vətəndaş yüksək səviyyəli səhiyyə xidməti ilə təmin olunub. Ola bilər ki, yaponların uzunömürlü olmasına qida da təsir edir. Yaponların əsas qidası düyü və tərəvəzdir. Onlar balıq ətinə də üstünlük verirlər. Yaponlar digər ölkələrlə müqayisədə daha az yağlı qidalardan istifadə edir.  

  

Naqasaki və Xirosima

 

 Qeyd  edim ki, Yaponiya yeganə ölkədir ki, ona qarşı nüvə silahından istifadə edilib.  1945-ci il avqustun 6-da Xirosimada atom bombası partladılıb, avqustun 9-da isə zərbə Naqasaki şəhərində təkrarlanıb.  Hər iki şəhər bir an içində xarabalığa çevrilib, ölkə çox böyük sayda qurbanlar verib. Xirosimanın 420 min nəfərlik əhalisindən 350 mini radioaktiv şüalanmaya məruz qalıb, 1945-ci ilin sonuna qədər 140 min adam ölüb.

 Çox qəribə də olsa, Amerika atdığı bombaların  birinin  adını  “toppuş” digərinin adını  “kiçik oğlan”  qoymuşdu. Naqasakinin 240 min əhalisindən 148 mini şüalanmaya məruz qalıb və ilin sonuna qədər 70 mindən çoxu ölüb.

O zamanlar tanınmış yapon şairi Takanori Simidzu "Xirosima oxuyur..." şerində (tərcümə edəni xalq şairi Cabir Novruz) xalqına və yurduna  sanki bir elegiya,sanki bir agı söyləyirdi:

İnsanlar, qulaq asın,

Xirosima oxuyur!

Hər vurğusu, hər xalı

Qüssə, kədər qoxuyur.

Agah edir yadı o,

Səsləyir tanışı o,

Öz bədbəxt taleyindən

Söz açıb danışır o.

Oxuyur qırıq-qırıq,

Oxuyur yaslı-yaslı.

Hər nəğməsi, hər sözü

Milyon qəlbə yazılır.

Gahdan səsi tutulur,

Gahdan səsi incəlir,

Oxuyur gözü yaşlı,

Əzablı, işgəncəli

Yanar dodaqlar ilə

Oxuyur Xirosima,

Ölən uşaqlar ilə

Oxuyur Xirosima,

Nakam analarla bir

Oxuyur Xirosima

Uçan binalarla bir

Oxuyur Xirosima.

O, deyir ki, yananı,

Alışanı, uçanı

Məndə nəğmə deməyə

Qüvvə hanı, güc hanı?!

Günəşsiz qalanın da

Nəğməsi olarmı heç?!

... İnsanlar, dinlədizmi?!

Bəşər faciəsini

İnsanlar, dinlədizmi?!

Bildiniz niyə edir

Ah-aman, Xirosima?

Xarabalıqlar üstə

Ucalan Xirosima?

Yolunuzu gözləyir

Hər zaman Xirosima.

Dərdli-qəmli nəğmələr

Oxuyan Xirosima!                          

 

Yapon xalqı bu zərbənin təsirlərini hələ də hiss edir. Xirosima və Naqasakidə törədilən atom faciəsi nəinki yapon xalqının, bütün tərəqqipərvər, sülhsevər xalqların və millətlərin yaddaşından heç zaman silinməyəcək. Dogrudan da düşünürsən axı nədir,nədir onsuz da müvəqqəti  olan ömrü yaşamaga Tanrı tərəfindən "qonaq dəvət edilən", müharibələrə, qırgınlara,ölümlərə, fəlakətlərə tuş gətirilən bütün binəvalarının günahı? ABŞ-ın insan hüquqları müdafiəçisi, Nobel Sülh Mükafatı laueratı Martin Lüter Kinq düz deyir: “Quşlar kimi uçmagı, balıqlar kimi üzməyi öyrəndik. Lakin çox sadə bir işi unutduq-qardaş olaraq yaşamagı".

Bu ağrıları qəm, qüssə ilə qələmə alan  yapon şairi Akimi Sukimura "Bir məktəblinin xahişi" şeirində bəşəriyyətə belə xitab edirdi:

Bütün dünyadakı ata-analar!

Dinləyin döyüntüsünü qəlbimizin.

Övladlarınız sizə əzizdirsə,

Atom sınaqlarına son qoyun,

Müharibə ocağı közərməsin...

 

Şair Xirosi Nuyama  isə dünyanın gələcəyinə-bütün gənclərinə çagırış göndərirdi:

 

Gənclər! Bədəninizi bərkidin,  yorulmadan.

Sizə qüdrətli ruhunuz dayaq olsun!

Baş verə biləcək dəhşətli günlər üçün

Beyniniz də, qəlbiniz də oyaq olsun!

 

Ölənlərin siyahısı Xatirə Meydanında saxlanılan xüsusi mücrüyə qoyulmuş, mücrünün üstünə bu sözlər həkk olunmuşdur: "Sakit yatın! Qoy Xirosima faciəsi heç vaxt təkrar olunmasın!"

Yaponiyaya gələn hər bir turistin Xirosima tarixi ilə tanış olmaq imkanı var. Atom bombardmanından sonra şəhərin dirçəlməsinə baxmayaraq, faciəli hadisələr şəhərin atmosferində dərin iz buraxıb. Burada Xatirə parkı ilə yanaşı, eyni adlı muzeydə o hadisələrə həsr edilmiş fotolar, abidələr, mərasim zəngi və “Dünyanın alovu” diqqəti cəlb edir. Parkda partlayışdan sonra dağılmayan və yarımdağılmış azsaylı binaları, həmçinin Qembaku Günbəzini ziyarət olunan nümunələrdəndir.

Bu gün Yaponiyada 200 min nəfər şüalanmanın nəticələrindən əziyyət çəkməyə davam edir. Hazırda hər iki şəhər bərpa olunub. Xirosimanın təxminən 1 milyon, Naqasakinin isə 400 min əhalisi var. Dünyada nüvə bombardmanına məruz  qalmış yeganə dövlət olan Yaponiya nüvə tərksilahı məsələsində 3 əsas prinsipə əsaslanır:

sahib olmamaq, istehsal etməmək, gətirməmək.

Aparılan tədqiqatların nəticələrinə görə, yaponlar planetin ən sülhsevər sakinlərindən biridir. Yaponiya  ərazisində nüvə silahı tətbiq edilən yeganə ölkə olsa da və bu vəhşiliyin nəticəsində Naqasaki və Xirosima şəhərlərinin dinc sakinlərinin məhv edilsə də, rəsmi olaraq heç bir ölkə ilə müharibə elan etmək istəmədiyini konstitusiyasına daxil edib. Yaponiya silahlı qüvvələrindən ancaq özünü qorumaq lazım gələrsə, istifadə edəcəyini bildirib.

Yaponlar sanki bu hərəkətiylə Həzrəti Əlinin (ə) “Əməl adamı olun, söz adamı yox!”  fikrinə əməl edirlər.

Yaponiyanın dövlət rəsmilərindən birindən soruşdular:

"Siz yeganə ölkəsiniz ki, ikinci dünya müharibəsi zamanı Amerika sizə qarşı atom bombasından istifadə edib. Bu hesabla Amerika sizin ən qatı düşməninizdir. Amma bu günə qədər bir dəfə də olsun Amerika əleyhinə şüar deməmisiniz".

O belə cavab verir:

"Şüar əlindən bir şey gəlməyənlərin işidir. Əgər bu gün bizim istehsalımız olan "Panasonic" telefonu Amerika Prezidentinin stolunun üstündədirsə, deməli, biz qalib gəlmişik...”

Yeri gəlmişkən, qeyd edim ki, o vaxt Yaponiyaya atom bombası atan Amerikalı təyyarəçilərdən biri bu hadisənin nəticələrindən dəhşətə gələrək aglını itirib dəli olmuşdu. Amma indi  Şərqdə -xüsusilə  müsəlman ölkələrində fövqəl dəqiq silahlarla yaşayış məntəqələrini yer üzündən silən həmin təyyarəçilərin övladları bu hərəkətlərindən hətta məmnun da qalırlar...

Azərbaycan ədəbiyyatında XX əsr boyu  Yaponiya  mövzusu  əksər  hallarda  Xirosima  və  Naqasaki  faciələrinin  yad  edilməsi  və  mənalandırılması ilə bağlı olmuşdur. Bu baxımdan Yaponiyada səfərdə olmuş xalq şairi Rəsul Rzanın “Yaponiya  motivləri”  şeirlər  silsiləsi  xüsusi  əhəmiyyət  kəsb  edir.  Görkəmli  sənətkarın  “Yaponiya motivləri” silsiləsi, hər şeydən qabaq, Yaponiya haqqında oxucularda dolğun, obyektiv və obrazlı fikir formalaşdırmaq  məqsədini  daşıyır.  Sovet  ideologiyasının  tələblərinə  görə  kapitalist  idarə  üsuluna əsaslanan  xarici  ölkələr,  o  cümlədən  də  Yaponiya  barəsində  dərsliklərdə  və  mətbuatda  birtərəfli informasiyaların möhkəm yer tutduğu bir şəraitdə bu ölkə haqqında obyektiv söz demək böyük cəsarət  tələb  edirdi.  Belə  bir  vaxtda  Rəsul  Rza  heç  nədən  çəkinmədən  Yaponiyanı  necə  varsa  olduğu  kimi, bütün əsas cizgiləri ilə təqdim etməyi bacarmışdır. Görkəmli  sənətkar  Nəbi  Xəzrinin  yaradıcılığında  Yaponiya  mövzusunun  özünəməxsus  yeri vardır.  Yaponiya  səfərindən  sonra  qələmə  aldığı  “Yaponiya  dəftərindən”  şeirlər  silsiləsinə  şairin  on şeiri  daxildir  ki,  burada  Yaponiya  həyatının  ayrı-ayrı  məqamları,  yaddaqalan  anları  böyük  ilhamla poetikləşdirilmişdir. Eyni zamanda, Xalq şairi Fikrət Qocanın “Xirosima”, Əli Kərimin “Xirosimada məktəbsiz uşaq” şeirlərində də Yaponiya mövzusu öz əksini tapmışdır. Fikrət Qoca Xirosima faciəsini “XX əsrin səbri partlamışdır”  şəklində  təqdim  etmişdir.  Görkəmli  şair  Əli  Kərimin  “Xirosimada  məktəbsiz  uşaq” şeirində  həmin  faciədən  ağır  xəsarət  aldığı  üçün  məktəbə  gedə  bilməyən  qızın  nisgili  ifadə olunmuşdur… 

Qadınlar...

Yaponiya sərhədsiz texnologiyanın, əyləncənin və utancaq insanların diyarıdır. Özünə xas mədəniyyəti ilə ninjalar, robotlar və ənənələri ilə sirrli bir ölkədir. Amma yalnız sirrli olan bunlar deyil eyni zamanda Yapon qadınları da olduqca fərqli gözəllikləriylə dünyanın maraqını çəkir…

Yapon qadınları haqqında «Sakura budağı»nın müəllifi Vsevolod Ovçinnikov, ümumiyyətlə, çox məlumat vermişdir. Əsərinin bir yerində isə belə yazır: «Qədim Çində uşaq vaxtından qızların ayaqlarını bintlə möhkəm bağlayırdılar ki, pəncələri böyüməsin. Orta əsrlərdə Avropada qadınlar özlərinə könüllü surətdə korsetlə işgəncə verirdilər. Yapon qadın isə nəinki təkcə belini, həm də sinəsini sıxır, döşlərini herbarinin səhifələri arasında sıxılan çiçək vəziyyətinə salır. Bu adət ona aparıb çıxarır ki, əgər Qərb ölkələrində qadınlar sinələrini açırlarsa, yapon qadınları arxadan boyunlarını açırlar. Hətta Amerika işğalı Yaponiya torpağına striptiz gətirib lüt qadın bədənini alver obyektinə çevirəndən sonra da yaponlar bir çox məsələdə özlərinin əvvəlki təsəvvürlərinə və zövqlərinə sadiq qalmışlar» (Sakura budağı, səh 131)

Ağ, mərmər dəri hər bir yapon qadınının əbədi arzusudur. Lakin bu, onların Avropa qadınları kimi görünmək istədiyindən irəli gəlmir. Sadəcə onların dərisi günəş şüalarına fəal reaksiya göstərir. Bunun nəticəsində dəridə piqment ləkələrin yaranması meyli əmələ gəlir. Ona görə də Yaponiyada ağardıcı və işıqlandırıcı vasitələr vacib və populyardır.

Bundan başqa yapon qadınları düzgün, incə bədən quruluşu ilə seçilirlər. Bəs niyə yaponlar kökəlmir? Birinci və ən əsas səbəb qidalanmadır. Yeməklərin hazırlanmasında balıq, dəniz yosunu, paxla, düyü, meyvə və yaşıl çaydan istifadə edirlər. Yüksək kalorili zərərli qidalardan uzaq dururlar.

Yuxarıda qeyd etdiyim kimi, yapon qadınlarının  orta yaş həddi  87-dən çoxdur. Yaponlar ümumiyyətlə, kişili-qadınlı sağlam həyat tərzi yaşamağa çalışırlar. Qidalanma ilə yanaşı müntəzəm idmana önəm verən yaponlar hər gün əzələləri çalışdıran idman edirlər.  Tokionun küçələrində nəqliyyat vasitəsi olaraq velosipeddən istifadə edən yaponlar demək olar ki,  çoxluq təşkil edirlər.

V.Ovçinnikov yapon adət-ənənələrini təsvir etdiyi "Sakura budağı"nda müşahidələrinə əsasən yazır ki, yapon ailəsinə qonaq təşrif buyurarkən qapının ağzında onu ancaq ev sahibəsi qarşılayır, qonaq ev sahibi ilə otaqda, ayaqqabısını çıxarıb tatami üzərində təzim üçün lazım olan vəziyyətdə əyləşəndən sonra salamlaşır. Ev sahibi qonağın qarşısında əyləşib söhbət edir, arvadı dinib-danışmadan xidmətçi vəzifəsini yerinə yetirir, ailənin bütün digər üzvləri isə hörmət əlaməti olaraq ümumiyyətlə gözə görünmürlər.

Ailənin təntənəli günləri bir tərəfə qalsın, adi günlərdə də masa arxasında pozulmaz qayda ilə əyləşmək tələb olunur. Evdən çıxan, yaxud evə gələn hər kəsə səs-səsə verib - "Yaxşı yol!", yaxud "Xoş gəlmisiniz!" - demək adətdir.

Boris Piliyak “Daşlar və köklər” kitabında Yaponiya və yaponlar haqqında belə bir maraqlı fikir söyləmişdir: “...Deyirlər ki, Yaponiya öz qəlbi ilə köhnəlikdə, zehni ilə yenilikdədir. Bəlkə də yapon xalqının zehni ilə qəlbi əl-ələ verib addımlayır… Lakin hər halda Yaponiyanın keçmişində olan, xalqa bütün yenilikləri qəbul etmək bacarığı verən qüvvələr nə kimi qüvvələrdir? Yapon xalqının məişətinə, adətlərinə, onun etikasına, estetikasına diqqət edirəm. Minillik məişət və adətlər – varlığa çevrilmiş şüur, məişət, adətlər – doğrudan da mamont dişləri kimi möhkəmdir”.

 

Geyşalar

 

 Dünya həmişə qadın gözəlliyi qarşısında aciz qalıb. Bu, danılmaz faktdır. Əyləncə hayatında kişi müştərilərə nəğmə oxuyaraq, rəqs  edərək, müxtəlif oyunlar və söhbətləriylə zövq verən qadınlar keçmişdən geyşa adlanır. Bu sözün hərfi  mənası "incəsənət adamı" deməkdir. İlk qadın geyşa Kasen olmuşdur. O, 1761-çi ildən geyşalığa başlamışdır. Həmin dörlərdə iki növ geyşalar vardı. Bəziləri qonaqları əyləndirərək onlara qulluq edənlər ("siro-geysya" – "ağ geyşalar") idi. Bəzilər isə bədənlərini də ("korosi-geysya" – "qara geyşalar") sata bilərdilər.

Son 30-40 ildə  barlarda, restoranlarda  qərbli qadınlar kimi həyat tərzi keçirən yapon xanımlar artıb-çoxaldıqca  geyşaların demək olar ki, sayı azalan xətt üzrə gedir. Geyşa adlanan yapon qadınları XVII əsirdən üzü bəri  yaşadığı bölgələrə “hanamaçi”, yəni “çiçək məhəlləsi”  hesab olunurdu. Geyşalığın "qızıl əsri", çiçəklənən dövrü XIX əsrin 50-60-ci illəri olmuşdur. Həmin dövrlərdə geyşalar, sözün əsl mənasında ulduzlara çevrilmişlər. Hətta şairlər və rəssamlar geyşaları özlərinin "ilham pərisi" hesab edirdilər.

Əvvəllər kişilər geyşalarla ailə qurmaqdan çəkinirdilər. Lakin gözəlliklə yanaşı onların həm də yüksək mədəniyyəti kişiləri başdan çıxarmağa bəs edirdi. Təbii ki, bu qadınların içində sənətini ailəsinə qurban verənlər də olurdu.

Geyşa mədəniyyətinin mərkəzi ilk olaraq Kioto, Osaka və Tokio şəhərləri olmuşdur. Müasir dövrdə geyşa əyləncələri Yaponyada ən bahalı əyləncələrdən sayılır.  Ənənəvi olaraq geyşaların  sifəti dümağ rənglənir, dodaqlarına qıpqırmızı pomada çəkilir. Üzü ağappaq qrim edilmiş geyşalar əsasən çay evlərində çalışırlar. Bu çay evləri kənar şəxslər üçün qapalı dünyadır və oraya giriş çox bahalıdır. Burada geyşalar rəqsləri, mahnıları, oyunlar və müdrik söhbətləri ilə öz qonaqları əyləndirməklə məşğul olur. Lakin “sevgi kahinləri” ilə geyşaları qarışdırmaq lazım deyil. Geyşalar kişilərlə intim münasibətdə olmur. Ta qədimdən müasir dövrlərədək geyşalığın tamamilə qadağası mümkün olmamışdır. Çünki bu peşənin kökü Yaponiyada çox dərin iz salmış bir ənənəyə çevrilmişdi. Hətta 1957-ci ildə Yaponiyada əxlaq pozğunluğu qəti qadağan olunanda belə, bu qadağaların geyşalara heç bir aidiyyatı olmamışdır.

Yaxın dövrlərə qədər Yaponiyada geyşalığa böyük maraq vardı. Hətta bəzi ailələr qızlarını təhsil alması üçün erkən yaşlarında geyşa evlərinə verirdilər. Şikomi adlanan bu qızlar ev işləri ilə məşğul olur, çox ciddi nəzarət altında çalışdırılır. 13 yaşından 18 yaşına qədər olan qızlar təcrübəçi geyşa kimi işləyirdilər. Təcrübəçi geyşalar xüsusi geyimi, kimono və fərqli saç düzümü ilə seçilirdilər. Onları maiko, yəni uşaq rəqqas adlandırırdılar. Maikolar "böyük bacıları" tərəfindən tərbiyə olunur, onlara müştərilərlə necə rəftar etmək öyrədilirdi. "Midzuaqe" mərasimindən sonra onlar yeni status qazanırdılar. Həmçinin, önəmli bir müştəriyə çox böyük pul qarşılığında bəkarətini pozdurur və "qazandığı" pulun böyük qismini yetişdirildiyi geyşa evinə təhsil xərci olaraq ödəyirdi. Bundan sonra saç düzümü beş dəfə dəyişə bilirdilər və hər dəyişim onların böyüdüyünü simvolizə edirdi. Nəhayət "erikae" mərasimindən sonra maikolar qırmızı yaxalığı ağ yaxalıqla əvəz edirdilər. Bu, geyşalara təxminən iyirmi yaşında qismət olurdu.

İnsan resursları

 

 Yaponiya elə bir məkandır ki, əsrarəngiz təbiəti ilə, ekoloji təmizliyi ilə dünya xalqlarının diqqətini cəlb edir.  Heç bir təbii sərvəti olmayan Yaponiya insan resursları ilə zəngin bir ölkədir. Yaponlar demişkən “Bizim ən böyük sərvətimiz insan resurslarımızdır”.  Bəli, o insan resurslarıdır ki, hər il bu ölkədən öz yeni kəşfləri ilə Nobel mükafıtına layiq görülən alimlər çıxır. Məhz bu göstəricilər də həmin ölkənin zəngin potensiallı insan resurslarına malik olduğunu və onların öz ölkəsinin iqtisadiyyatının inkişafında gecə-gündüz səylə çalışmaları buna bariz sübutdur. Yaponiyada bir çox ölkələrdən fərqli olaraq firma və şirkətlər daxili münaqişələrin həll olunmasına daha böyük əhəmiyyət verilir. Yaponiyada insan resurslarına, şirkət daxili stabilliyin təmin edilməsinə, resurslarına qənaət edilməsinə, Amerikada isə maliyyə resurslarına, kapitalın dinamik inkişafına üstünlük verilir. Yaponlar insana iqtisadi, sosial, psixoloji, mənəvi tələbata olan bir tələbat kimi yanaşırlar. Ona görə də orada şirkət heyətini idarə etmək məharəti menecerin ən böyük üstünlüyü kimi qiymətləndirilir.

Biznesmenlər başa düşdülər ki, istehsal amillərindən biri kimi insanla maşını bir sıraya qoymaq olmaz. Elə etmək lazımdır ki, işçi öz təşkilatı üçün faydalı olduğunu, kollektivin ayrılmaz bir üzvü olduğunu hiss edə bilsin. Belə bir konsepsiyanın məntiqi nəticəsi olaraq həmin  fikir, sonralar Yaponiyada “İnsan potensialı” modeli geniş bir miqyasda tətbiq edilməyə başlandı. 

Azərbaycanda yapon iş adamları üçün əhəmiyyətli biznes imkanları var. Yapon iş adamları Azərbaycan və yapon xalqlarının dostluğu arzulayırlar. 2012-ci ildə ölkəmizə səfər edən zaman yaponiyalı ekspert Kazuyasu İşida Azərbaycanda olan təbii və zəngin sərvətləri, xüsusilə Yaponiya üçün əhəmiyyətli dərəcədə mövcud olan neft, qaz, alternativ enerjini tədqiq etmiş və eyni zamanda Azərbaycan xalqının qədim və zəngin mədəniyyəti, mehribanlığı, qonaqpərvərliyi onda Azərbaycan haqqında xoş təssürat yaradıb. O, bu barədə kitabında ölkəmizdə yapon iş adamları üçün geniş biznes imkanlarının olması barəsində geniş bir məqalə ilə yaponlara Azərbaycan haqqında məlumat verib.

Tokionun ticarət və əyləncə mərkəzi kimi tanınan Şibuyada yapon iş adamlarını özündə birləşdirən “Kaonaga Club”da yüzdən çox iş adamının qatıldığı tədbirdə yapon biznesi üçün maraq kəsb edən ölkələr sırasında Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmiş Azərbaycan haqqında da söhbət açılıb.

“Kaonaga Club”ın prezidenti Yoşinobu Kanayama yapon biznesi üçün maraqlı olan ölkələr - Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, İslandiya, Sudan və Filippin haqqında məlumat verib. Tanınmış iqtisadçı-ekspert, “Cross Border Club”ın prezidenti Kazuyasu İşida son üç ildə Azərbaycana 12 dəfə səfər etdiyini və özü ilə birlikdə təxminən 350 yapon iş adamını ölkəmizə apardığını bildirib. Qeyd edilib ki, artıq bir neçə sahədə Azərbaycanla uğurlu və davamlı biznes əlaqələri qurulmaqdadır. Azərbaycanın biznes həyatının perspektivləri çox parlaqdır. Dünyanı bürüyən iqtisadi böhran dövründə yapon kiçik və orta biznesinin inkişafında məhz bu ölkələrin, xüsusilə Azərbaycanın mühüm rol oynaya biləcəyini qeyd edilib.

Yaponiyanın Hokkaydo Universitetinin doktorantı, Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının fəxri prezidenti Əlibəy Məmmədovun fikrincə, son illər Yaponiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı səfərlər, kadr mübadiləsinin artması, mədəni əlaqələrin sürətli inkişafı, eyni zamanda biznes sahəsində gözəçarpan işlərin görülməsi, Azərbaycana Yaponiyanın kiçik və orta sahibkarlarının böyük maraq göstərməsi Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının yaradılmasına təkan verib.  Yapon iş adamları, elm xadimləri iki ölkə əlaqələrinin inkişafına dəstək məqsədilə Azərbaycan diaspora təşkilatının yaradılmasının vacibliyi  vurğulanıb.

Yaponiyada ötən il yaranan diaspor təşkilatının əsas məqsədi  Azərbaycanı tanıtmaq, Azərbaycan həqiqətlərini yaymaq, tariximizi, mədəniyyətimizi təbliğ etməkdir. Yeni təşkilatın yaradılmasında dəfələrlə Azərbaycanda səfərdə olmuş yapon iş adamları - İşida Kazuyasu, Yoşinobu Kanayama, Hirokazu Taniguçi Yoşimitsu İnamoto, Şiniçi İvaki, Rie Fujivara, Marie Kanayama, Hirotsugu Morişima və digəriləri yaxından iştirak edib.

Son üç-dörd ildə 400-ə yaxın yapon iş adamının Azərbaycana səfərini təşkil etmiş sahibkar, eyni zamanda “World Investors TV” internet televiziya kanalının prodüseri İşida Kazuyasu, Yaponiyada Azərbaycan diaspor təşkilatının yaradılmasını yüksək qiymətləndirərək, bu təşkilatın Yaponiyada Azərbaycanın tanıdılması istiqamətində əvəzsiz xidmətlər göstərəcəyinə inamını ifadə edib. Hər iki xalqın mədəniyyətində, adət-ənənəsində oxşar cəhətlər olduğunu qeyd edən İ.Kazuyasu məhz bu amillərin Azərbaycana yaponlar arasında sevgi və hörmət qazandırdığını deyib. Təşkilatın əhəmiyyətindən bəhs edən iş adamı Yoşinobu Kanayama isə bildirib ki, bir çox ölkələrdə biznes və investisiya mühitini araşdırarkən yalnız Azərbaycanda özlərini rahat hiss edibllər. Azərbaycanlıların qonaqpərvərliyi, xaricilərə isti münasibəti onları cəlb edib və ölkəmizlə biznes, eləcə də mədəni   əlaqələr qurmağa qərar veriblər.

Günəş və külək enerjisinə yatırımları ilə tanınan mütəxəssis Hirokazu Taniguçi yeni diaspor təşkilatının xalqlarımızı daha da yaxınlaşdıracağına, mədəni əlaqələrin inkişafı vasitəsilə, siyasi və iqtisadi əməkdaşlığın güclənməsinə böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

Təşkilat rəhbəri Əlibəy Məmmədov Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının yaponiyalı üzvlərinin sayını iki il ərzində 1000 nəfərə çatdırmağı və müntəzəm olaraq Azərbaycana dair elmi, maarifləndirici tədbirlərin keçirilməsinı planlaşdırır.

Yaponiyanın iş adamı:  “Azərbaycana vurğunam”

 

Yaponiyaya səfərimizin təəssüratlarıın bir hissəsini “Xalq qəzeti”ndə çapa hazırlamışdım ki, Tokioda görüşdüyümüz  yapon dostlarımız Azərbaycana səfər etdilər. Dünyanın  bir çox ölkələrində  parkların salınması və dizaynı üzrə ixtisaslaşmış “Kosuqi” şirkətinin rəhbəri  Saki Kosuqi və şirkətin nümayəndələri ilə  Xətai rayon İcra Hakimiyyətində görüşdük.

 “Prezident İlham Əliyevin quruculuq əzmi onun ölkəsinə olan möhtəşəm sevgisindən xəbər verir”-  Xətai rayonunun qonağı olan Yaponiyanın tanınmış iş adamı Azərbaycana vurğunluğunu belə dilə gətirdi.

Qonaqları səmimi şəraitdə qəbul edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, dəvətinizlə Gündoğar ölkənizə səfərdən sonra sizi burada görmək çox xoşdur: “Bilirsiniz ki, Yaponiya ilə Azərbaycan arasında münasibətlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Son illərdə Prezident İlham Əliyevin səyləri ilə ölkələrimiz arasında əməkdaşlıq və ikitərəfli münasibətlər daha da dərinləşmiş və keyfiyyətcə yeni mərhələyə qalxmışdır. Xətai rayon İcra Hakimiyyəti ilə sizin şirkətin arasında yaranmış işgüzar əlaqələr isə bu münasibətlərin hansı səviyyədə olduğunu göstərən bir nümunədir”.

Razim müəllim Yaponiyaya səfərimizdən çox məmnun qaldığını bildirərək qeyd etdi ki, səfər çərçivəsində xüsusilə Yaponiya hökumətinin, ölkənin Xarici İşlər Nazirliyinin, hakim siyasi partiyanın, Tokio prefekturasının rəsmi nümayəndələri və Azərbaycanla əməkdaşlıqda maraqlı olan bir sıra Yaponya şirkətlərinin rəhbərləri ilə işgüzar görüşlər yaddaşımızda dərin iz buraxıb.  Eyni zamanda, Tokio prefekturasının Tullantıların Emalı Mərkəzinin işi ilə və 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin yarışlara hazırlıqla bağlı fəaliyyəti ilə tanışlıq da nümayəndə heyətimizin böyük marağına səbəb olub.

Münasibətlərimizin genişlənməsinə səbəb “Kosuqi” şirkəti ilə Xətai rayon İcra Hakimiyyəti arasında 2015-ci ilin sentyabr ayından başlayan işgüzar əlaqələr olmuşdur. İndi bu münasibətlər ölkələrimizin, xalqlarımızın daha da yaxınlaşmasına gözəl töhfələr verir.

Sonra mən də söhbətə qoşuldum. Qonaqlarla Yaponiya ilə bağlı təəssüratlarımı bölüşərək bildirdim ki, Gündoğar ölkəyə səfər etmək və bu ölkənin zəngin tarixi, maddi –mənəvi dəyərləri ilə yaxından tanış olmaq bir yazıçı kimi  çoxdankı arzum olub. Doğrudur, bir neçə dəfə belə imkan yaranıb, amma hər dəfə bu ölkəyə səfər planım müəyyən səbəblər üzündən təxirə salınıb.

Etiraf edim ki, Yaponiya səfərimiz bizdə unudulmaz təəssüratlar yaratdı.  Və  mən bəşəri dəyərlərlə zəngin olan bu ölkədə gördüklərimi, yaşadıqlarımı qələmə alıb, ən yaxın vaxtlarda ölkəmizin sayılıb-seçilən mətbuat orqanlarından biri olan “Xalq qəzeti”ndə çap etdirəcəyəm.

“Kosuqi” şirkətinin rəhbəri  Saki Kosuqi  onun  qəbulda Yaponiya haqqında söylənən xoş sözlərə görə Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova,  onun kollektivinə  və mənə minnətdarlığını bildirərək dedi: “Azərbaycan indi mənim ikinci Vətənimdir. Mən hər il bu ölkəyə 3-4 dəfə səfər edirəm və hər səfərimdə də bu ölkəyə, xeyirxah, səmimi və qonaqpərvər xalqınıza təkrar vuruluram. Bakı isə mənim üçün dünyanın ən gözəl şəhərlərindən biridir. Çox sevdiyim bu ölkədə, xüsusilə paytaxt Bakıda görülən möhtəşəm işlər məni bir doğma insan kimi çox məmnun edir. Ölkənizin Prezidenti cənab İlham Əliyevin quruculuq əzmi, şübhəsiz, ölkəsinə olan möhtəşəm sevgidən xəbər verir. Düşünürəm, Vətəninə vurğun olmayan insan belə xarüqələr yarada bilməz”.

Saki Kosuqi Yaponiya  Xarici İşlər Nazirliyinin və bir çox dövlət rəsmilərinin də Xətai rayon İcra Hakimiyyətinin başçısı və onun rəhbərlik etdiyi nümayəndə heyəti haqqında səmimi və xoş sözlər söylədiklərini diqqətə çatdıraraq qeyd etdi ki, ölkəsində indi Azərbaycana maraq daha da artmaqdadır.

Qonaq vurğuladı ki, o Bakıya gələn kimi ilk ziyarət etdiyi yer, rəhbərlik etdiyi şirkətin Xətai rayonundakı Heydər Parkında saldığı “Yapon bağı” olur. Mən elə hesab edirəm ki, Xətai rayonunda salınmış  bu bağ Azərbaycan –Yaponiya dostluğunun bir simvoludur. O bağ nə qədər inkişaf edib gözəlləşirsə, bizim ölkələrimiz arasında münasibətlər daha sıx və geniş olur.  Ona görə də bu bağ haqqında yenicə çap etdirdiyim kitabda geniş məlumat vermişəm.

Qarşılıqlı maraq doğuran bir çox məsələlər barədə söhbətlərdən sonra Razim Məmmədov yaponiyalı qonaqlara, Saki Kosuqi isə icra başçısına xatirə hədiyyələri təqdim etdi. (Yazıda “Xalq qəzeti”nin əməkdaşı,  peşəkar jurnalist İlqar Rüstəmovun  yapon qonaqlarla bu görüşümüzdən bəhs edən 28.01.2017-ci il tarixli “Saki KOSUQİ: Prezident İlham Əliyevin quruculuq əzmi onun ölkəsinə olan möhtəşəm sevgisindən xəbər verir” adlı məqaləsinə istinad edilmişdir.)

Yaponiya ilə Azərbaycanın münasibətlərinin əsası müstəqilliyimizin ilk illərində qoyulsa da, əsasən, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra yüksəliş dövrünü yaşayıb. Hazırda Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində, Azərbaycan-Yaponiya əlaqələri çox sürətlə inkişaf edir.

Qarşılıqlı səfərlər ölkələrarası əlaqələrin inkişafına geniş töhfə verir, xüsusən də, dövlət başçılarının müxtəlif vaxtlarda qarşılıqlı səfərləri iki ölkə arasındakı münasibətlərdə çox mühüm rol oynayır. Bundan başqa, iki ölkə parlamentində dostluq qrupları da fəaliyyət göstərir. Bu qrupların da qarşılıqlı səfərləri ölkələrarası və parlamentlərarası əməkdaşlığın inkişafına təkan verir.

Bütün dövrlərdə Azərbaycan Yaponiya ilə əlaqələrin gücləndirilməsinə böyük önəm verib. Bu mənada, iqtisadi əlaqələrin dinamikası yüksələn xətlə davam edir və getdikcə ölkələr arasındakı hüquqi baza da gücləndirilir. Belə ki, iki ölkə arasında 20-yə yaxın sənəd imzalanıb, bir o qədər sənəd isə baxılmaq ərəfəsindədir. Məhz 1993-cü ildən bəri Yaponiya Yardım Fondundan Azərbaycana 1 milyarddan çox yardım ayrılıb.

İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edir. Hətta Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilərkən Yaponiya ölkəmizi dəstəkləmişdi. Bu mənada, Azərbaycan da beynəlxalq təşkilatlar qarşısında Yaponiyanı dəstəkləməyə hazır olduğunu dəfələrlə sübut edib.

Yaponiya hər zaman Azərbaycanın Cənubi Qafqazdakı lider mövqeyini, Avropada və beynəlxalq təşkilatlardakı rolunu yüksək qiymətləndirib. Bu baxımdan, Yaponiya Azərbaycanla təkcə iqtisadi yox, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə də əlaqələrin inkişafına xüsusi önəm verir. Məhz yaponların Azərbaycana gəlişlərinin əsas səbəbi də qarşılıqlı əlaqələri daha da möhkəmləndirməkdir. Bu kontekstdə Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-naziri Motome Takisavanın Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb etdi.

Motome Takisavanı qəbul edən Prezident İlham Əliyev qeyd edib ki, iyirmi ildən artıq bir müddət ərzində ölkələrimizin uğurlu əməkdaşlığı həyata keçirilib. Ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin mövcud olduğunu qeyd edən dövlətimizin başçısı Yaponiyanın çoxlu sayda şirkətlərinin ölkəmizdə müxtəlif layihələrdə iştirak etdiyini, biznes strukturları arasında əlaqələrin yaxşı perspektivləri olduğunu bildirdi. "Bizim əlaqələrimiz çoxşaxəlidir", - deyən Prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə etdi, bu səfərin əlaqələrimizin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından önəmini vurğuladı.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin yeni mərhələyə qaldırılması üçün əlverişli imkanların olduğu qeyd edilib, neft-qaz, yüksək texnologiyalar, kənd təsərrüfatı, əczaçılıq, təhsil və digər sahələrdə əməkdaşlıq haqqında ətraflı fikir mübadiləsi aparılıb, bu sahələrin yaxşı perspektivləri olduğu bildirildi.

Son illər Yaponiya işgüzar dairələri qeyri-enerji sektorunda əməkdaşlığın inkişafına da böyük maraq göstərir. İndiyə qədər Yaponiya şirkətləri, əsasən, enerji layihələrində iştirak ediblər, lakin son illərdə, bir çox yapon şirkətləri neft-kimya, neft-qaz emalı, tibbi, yüksək texnologiyalar və kosmik sənaye kimi sahələrdə əməkdaşlıq imkanları ilə maraqlanır. Amma təəssüf ki, ticarət dövriyyəsinin bugünkü həcmi o qədər də yüksək deyil. Ötən il ümumi ticarət həcmi təxminən 200 milyon ABŞ dolları təşkil edib. Yaponiyanın digər tərəfdaşları ilə müqayisədə, bu, çox kiçik göstəricidir. Məsələn, Yaponiya ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 275 milyard dollar, ABŞ-la 160 milyard dollar, Rusiya ilə 31 milyard dollardır. Ona görə də, qeyd etmək olar ki, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensial mövcuddur. Rəsmi məlumatlara əsasən, Yaponiya Azərbaycandan neft və neft məhsulları, əlvan metallar idxal edir, Azərbaycan isə Yaponiyadan elektron məişət texnikası, avtomobil və qara metallar alır.

Bütün bunlarla yanaşı, Yaponiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Yaponiya ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərini dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsinin nəinki Azərbaycanın, ümumilikdə, Cənubi Qafqaz bölgəsinin inkişafına əngəl olduğunu başa düşən yaponlar problemin tezliklə həll edilməsini arzulayırlar.

Azərbaycan  –  Yaponiya  ədəbi  əlaqələri  XX  əsrin  sonu  XXI  əsrin  əvvəllərində  xüsusilə intensivləşmişdir.Ədəbi əlaqələrimizin ən bariz nümunələrindən biri 1985-ci ilin oktyabr ayında yeni dünyəvi  əlaqələrin  formalaşmasına  xidmət  edən  Asiya  və  Afrika  yazıçılarının  konfransının  Bakı şəhərində  keçirilməsi  idi.  Dünyanın  otuza  yaxın  ölkəsindən,  eyni  zamanda  Yaponiyadan  tanınmış yazarların  respublikamıza  gəlişi  milli  ədəbi  həyatda  mühüm  hadisə  idi.  Bu  illər  ərzində  artıq Azərbaycan  ədəbi  mühiti  ilə  Yaponiyanın  yazıçı  və  şairləri  arasında  yaradıcılıq  əlaqələrinin  yeni məhsuldar  dövrü  başlayırdı.  1988-ci  ilin  oktyabrında  görkəmli  Azərbaycan  ədibi  M.F.Axundzadənin 175  illik  yubileyi  ilə  bağlı  keçirilən  tədbirlərdə  dünyanın bir çox ölkələrindən tanınmış ədəbiyyatşünaslarla yanaşı, M.F.Axundzadənin nəticəsi, Tokio universitetinin müəllimi Pərarux xanım Pezeşk, həmin universitetin professoru İrac Persinadad da iştirak edirdi ki, bu, Azərbaycan-Yaponiya ədəbi əlaqələrini daha genişləndirirdi.

Özünəməxsus estetik və sənət dəyərlərinə malik qədim Yaponiya mədəniyyətinin, onun böyük bir hissəsini  təşkil  edən  ədəbiyyatın  tarixi  minilliklərlə  ölçülür.  Yapon  bədii  –  fəlsəfi  fikir  tarixini araşdıran  mütəxəssislərin  də  vurğuladığı  kimi,  buddizm  və  konfusizm  dəyərləri  təsiri  ilə  meydana çıxan  bu  Uzaq  Şərq  ada  ölkəsinin  milli  poeziyası  dünya  mədəniyyətinin  incilərindən  sayılır. Azərbaycan  oxucuları  müxtəlif  şairlərimiz  və  tərcüməçilərimiz  tərəfindən,  davamlı  olmasa  da, vaxtaşırı  rus  dili  vasitəsilə  çevrilərək  təqdim  edilən  klassik  yapon  poeziya  nümunələri  ilə  yanaşı, gündoğar ölkənin bədii nəsri ilə də yaxşı tanışdır.

Şairanə diyarın özəlliyi

 

Milliyətindən, dinindən, irqindən asılı  olmayaraq insanlar yaxşı poeziyanı hiss edərək, ondan böyük həzz alırlar və POETİK  düşüncələrin eyforiyasına qapılırlar. Şeirin, musiqinin dili ilə biz dünyanın, təbiətin gözəlliyini və insan hisslərini duyuruq. Yaponiyada insanlar şeirə, poeziyaya son dərəcə məhəbbətlə yanaşırlar. Əsrlərdən gələn ənənədir ki, ölkədə hər il yanvarın ortalarında poeziya yarışması keçirilir. Bu milli müsabiqəyə müvafiq mövzu üzrə on minlərlə şeir göndərilir. Şeirlərin ən yaxşıları imperatorun iştirakı ilə keçirilən təntənəli mərasimdə oxunur, qəzetlərdə dərc edilir.

İctimaiyyət ən yaxşı haykuların müəlliflərinə təkcə ona görə böyük maraq göstərmir ki, XIV əsrdən bəri hər il bu cür poeziya çempionatı keçirilir, həm də ən əvvəl ona görə ki, həmin yarış müasir həyatın ayrılmaz hissəsi kimi davam etməkdədir.

Hayku və ya hokku orta əsrlərdə yaranmış ənənəvi lirik yapon şeirinin iki janrından birdir. Hayku yazan şairlərə yaponca "hayjin” deyirlər.

Hokku – ilk dəfə XIV  əsrdə məşhur ənənəvi yapon lirik poeziyası olan vaka janrına aid olub. Müstəqil janr kimi isə XVI əsrdən ortaya çıxmağa başlayıb. "Hokku” adını bu janra XIX əsrdə yaşamış Masaoka Siki verib.  İndiyə kimi ən məşhur “hayjin” Matsuo Basyo sayılır. Honsyu adasında anadan olan və XVII əsrdə yaşamış Matsuo Basyo böyük yapon şairi və şeir nəzəriyyəçisi hesab olunur.

                      Payız küləyi səsli-küylə əsərkən,

                      O zaman mənim şeirimi anlayacaq,

                      Və açıq səmada yuxuya dalacaqsınız… 

 

Yaponiyaniyanın özəlliklərindən biri budur ki, burada şeir yazmaq yalnız şairlərin işi deyil, çox geniş yayılmış işdir. Paytaxt nəşriyyatlarında hər ay çıxan və ümumi tirajı milyon nüsxədən çox olan təqribən iyirmi jurnal tamamilə poeziyaya həsr edilir.

Klassik yapon şeiri haykular 17 hecadan ibarətdir, bu yapon dilində olan heroqliflərdən düzəlir. Üç misralıq şeir növü kimi tanınan haykular hecaya 5-7-5 kimi bölünür (birinci və üçüncü misra beş hecalıq, ortadakı misra isə 7 hecalıq olur). Bir şeir növü kimi bütün dünyada populyar olan haykunun heca şərtinə əməl etmək məsələsində müxtəlif ölkələrdən həm tərcüməçilər, həm də orjinal hayku yazanların fikirləri üst-üstə düşmür. Hayku yazarkən və tərcümə zamanı 17 hecaya əməl edilməsi şərtinin tərəfdarları azlıqdadırlar.  Nəzəriyyəçilər eyni  heca meyarına əməl etməyin mümkünsüzlüyünü dünyadakı müxtəlif dillərin bir-birindən sözlərin uzun və qıssa olmasına görə fərqləndiyi ilə izah edirlər. Belə ki hecanın miqdarı  misradakı fikir yükünü, informasiya tutumunu verərkən azala da, arta da bilər. Ona görə də haykuları tərcümə edərkən 5-7-5 heca şərtinə əməl etmək həmişə mümkün olmur. Bu da o anlama gəlir ki, haykuları tərcümə edərkən məzmunu qorumaq mümkün olsa, da formanı qorumaq isə nadir hallarda mümkün olur. Maraqlısı budur ki, bir sıra Avropa dillərində (əsasən, ingilis dilində) haykular 17 hecadan da az ola bilir.

Klassik haykularda həmişə mərkəzdə təbiətdən gəlmə obraz açıq və ya dolayısıyla insan həyatıyla əlaqədə verilir. Bu zaman çox vaxt mətndə ilin fəsli göstərilir. İlin fəslini göstərən məcburi sözə yaponlar “kuqo” – “mövsümi söz” deyirlər.  Məsələn payız üçün belə söz xəzəl ola bilər. Hayku həmişə indiki zamanda yazılır. Çünki müəllif  yazdığı şeirdə indi gördüyünün və eşitdiyinin təəssüratını sözlə ifadə edir. Hayku yazmaq sənəti üç misrada  anın təsvirini vermək bacarığıdır. Əsas prinsip az söz işlətməklə çox məna verməkdir. Bu balaca şeirdə hər bir söz, hər bir obraz hesaba alınır, onların öz çəkisi və əhəmiyyəti var. Termin kimi meydana gələn haykunu nəzəriyyəçilər  yapon şeirinin demokratikləşməsində əsas mərhələ hesab edirlər, o poetik yaradıcılığı qəhrəmanlıq və saray eposlarından azad etdi. Yeni ədəbi hadisə kimi haykunun tabulaşmış qaydaları yox idi və müəlliflər öz axtarışlarında başqa janrların şairlərindən fərqli olaraq daha azad idilər. Hayku poeziyaya o ziyalıları cəlb etdi ki, onlar yaradıcılığı sosial pilləkənlə necə deyərlər aşağı yendirdilər, onu yuxarı təbəqəyə aid olmayanlar üçün də əlçatan etdilər. Bu əsl demokratik inqilab idi. Bu gün də hayku populyar şeir janrıdır.

Klassik hokkular adətən, insan və təbiət münasibətləri üzərinə qurulurdu. Ancaq burada ilin hansı fəslinin olduğunu mütləq göstəmək lazım idi. Çox zaman şeir indiki zamanda verilir. Şair öz keçirdiyi hisslərini ifadə edir. Avropa anlayışına daxil olan nəqarət üslubu hokkularda yoxdur. Burada başqa prinsip və quruluşdan istifadə edilir. Çox zaman hokkuların nəşr edildiyi kitablarda hər bir hokku ayrıca vərəqdə verilir. Bununla oxucu tələsmədən, şeirin havasına düşərək və oxuduğunu ruhən hiss edərək ondan ləzzət alır.  Üç hecada bir anın təsvirinin verilmə bacarığı hokkuda ustalıq sayılır. Birinci heca "Harada”, ikinci heca "Nə”, üçüncü heca isə "Nə zaman” suallarına cavab verməlidir. Ancaq cavabsız hokkular da olur. Bu balaca şeirdə, hər bir söz, hər bir obraz diqqətə alınır və özünəməxsus məna kəsb edir. Buna görə hokkulara hisslərin dili, simvoliklik xasdır.

Hokku zen incəsənətinin bir qoludur və o, hayqa qrafikası, ikebana və çay mərasimi ilə bir-birinə çox bağlıdır. Hokku poeziyası gözlənilməzlik, aydınlanma, bütün adiliklərdə qeyri-adiliyi görmə bacarığı və əbədi anı təsvir etməyə çalışılır. 

1956-cı ildə Nobel mükafatı almış ispan şairi  Xuan Ximenes (1881-1958) hokku haqında belə yazırdı: "Görəsən, bu qısa hecada dərin hissləri ifadə edən, əsrlərin dərin qatlarından çıxaraq gəlib bizə çatan, ölməz incəsənət nümunəsi, sehri sadə sözlərində olan, düşüncəni bir yerə kökləyə bilən, hokku insanın dərin xəyalının, yoxsa ruhunun məhsuludur?”

Yapon poeziyası bəşər bədii təfəkkürünün əldə etdiyi ən qədim və zəngin mənəvi sərvətlərdəndir. Bu poeziyanı son dərəcə özünəməxsus bir poetika, dərin fəlsəfi mahiyyət, müdrikliklə sadəliyin dialektik vəhdəti, bədii estetik konkretlik, yığcamlıq səciyyələndirir.

Yaponiyada milli şeirin ikinci forması Tanka (beşlik)  adlanır.  Hokku (üçlük) qafiyəsizdir. Tanka  isə Qərbdə sonet, Şərqdə isə rübai kimi tanınır. Hokkunun axıcılığını təmin edən əsas şərt fikrin, əhval-ruhiyyənin zənginliyi, assosiasiyanın dəqiqliyi, təhkiyənin isə sadəliyidir. İlk baxışda bu bizim oxucularda təəccüb doğursa da, qeyri-adi görünə bilər. Əslində isə hokku ilə xalqımızın el ədəbiyyatı, xüsusən bayatı arasında bir yaxınlıq var. Yapon poeziyasında hokku janrının böyük yaradıcılarından biri yuxarıda qeyd etdiyimiz kimi, XVII əsrdə yaşayıb-yaratmış Matsyo Basyodur. Onun yaradıcılığından  daha bir  neçə nümunəyə  nəzər salaq:

Çiçəklər soldu,

Tökülür toxumları,

Sanki göz yaşıdır...

 

Ah, oyan, tez ol!

Mənim dostum, sirdaşım ol,

Sən, ey yatmış pərvanə!

 

Ağacları əkdilər bağda.

Ahəstə pıçıltıyla payız yağışı

Ürək-dirək verir onlara.

 

"Uşaq əlindən yoxdu dinclik!".

Belə adamlarçün yəqin

Gilənarın çiçəyi də əziz deyil. 

 

Fokuda Tiyö (1703-1775) XVIII əsr Yapon şairəsidir. Edo dövrünün təmsilçisidir. Onun həyatı haqqında məlumat səhihdir. Kaqa əyalətində doğulub, 11 yaşdan yerli hayku (üç misralı yapon şeir növü) müəlliminin evində qulluqçu olub. Həmin müəllimi ona şeir yazmaq aşılamışdır. 17-18 yaşında o artıq tanınmış şair idi. Güman edilir ki, 18 yaşında ərə getmiş və bu izdivacdan bir oğlu olmuşdur. 25 yaşında dul qalan şairə tezliklə oğlunu da itirir. Bundan sonra saçını rahibə kimi qırxdıran Tiyö bütün həyatını Basyö davamçısı olan şair Sikonun yanında poeziyaya həsr edir.

 Azərbaycanın tanınmış şairi  İlham Qəhrəmanın tərcüməsində bir neçə  bu şeir nümunəsinə nəzər salaq:

 Gecə sarmaşıq dolanıb

 Gecə sarmaşıq dolanıb

 Su quyusunun badyasına…

 Qonşuya suya gedim!

                         Heca sistemi: 8-9-7

 

  Çayın dalğası üstündə

  Çayın dalğası üstündə

  Cırcırama dayanmadan

  Kölgəsini tutur.

                    Heca sistemi:8-8-6

 

Kiçik oğlumun ölümünə

Ey mənim böcək tutanım!

Bu sirrli ölkədə

Sən hara qaçdın?

                  Heca sistemi:8-6-6

 

Gecə bədrlənmiş ay!

Gecə bədrlənmiş ay!

Heç quş da bağlamayıb

Yuvasıının qapısını.

                 Heca sistemi:6-7-8

 

Zəfəran ləçəyində şeh!

Zəfəran çiçəyində şeh!

Axıb yerə töküləcək

Və adi suya dönəcək…

                         Heca sistemi:8-8-8

 

Şeir qoşarkən

Hələ təkrar edirdim:

“Ey ququ, ququ!” –

Dan yeri söküldü.

                  Heca sistemi:7-5-6

 

Eh işıqlı ay!

 

Eh işıqlı ay!

Gəldim hey sənə tərəf,

Sənsə uzaqsan.

                    Heca sistemi:5-7-5

 

Çığırtısı gəlir…

Çığırtısı gəlir…

Ağ vağlar görünmür

Təzə səhər qarında.

                      Heca sistemi:6-6-7

 

Ölən uşağı xatırlayıram

Daha heç kim pəncərədəki

Kağızda deşik açmır.

Amma, ev bumbuzdu!

                                     Heca sistemi:9-7-6

 

Şən sığınacaqdır –

Şən sığınacaqdır –

Dilənçinin yatağı!

Gecə cırcırama oxuyur…

              Heca sistemi:6-7-9

 

Yatmış kəpənək!

Yatmış kəpənək!

Yuxuda nə gördü ki,

Qanad tərpətdi?

                 Heca sistemi:5-7-5

 

Unutmuşam mən.

Unutmuşam ki,

Dodağım boyalıdı…

Ey təmiz bulaq!

                 Heca sistemi:5-7-5

 

Gavalının yaz çiçəyi

Gavalının yaz çiçəyi

Öz ətrini bəxş edir,

Budağını sındırana.

                 Heca sistemi:8-7-8

(Mənbə: “KLASSİK YAPON POEZİYASI” Moskva 2003)

Göründüyü  kimi, ölkəmizdə günəşin ilk şəfəqlərini saçdığı Yaponiyanı sevən yaradıcı insanlar çoxdur. Doğrudan da, öz qədim adətləri, incəsənəti, idman növləri və yeni texnalogiyası ilə bu ölkə bir çoxlarının ürəyində yer tutub. Yaponlar əməksevərliyi, tərbiyəsi və müxtəlif növ əl işləri ilə insanı heyrətə salırlar. Bir çox şair yapon şeirinə xüsusi maraq göstərir. Yapon poeziyası müəyyən sayda hecaların ard-arda düzülüşü ilə fərqlənirlər. Bu poeziyada əsas diqqət qafiyəyə yox,  səsə və şeirin ritmik təşkilinə verilir.  

 

"Xəzərdə dalğalanan hokkular”

 

Bakıda bir kitab klubunda, Matsuo Basyo poeziyası ilə maraqlanan istedadlı və perspektivli gənc şairlərə yazdıqları şeirlərinə görə mükafatın  verilməsi onu deməyə əsas verir ki, Azərbaycanda  yapon incəsənətinin biliciləri az deyil. 

Hokku janrında açıq müsabiqəni Yaponiyanın Azərbaycanda yerləşən səfirliyinin dəstəyi ilə keçirən Ədəbiyyat portalı  "Tamqa”  mövzunu "Xəzərdə dalğalanan xokkular” adlandırmışdı.  Müsabiqə iştirakçıları məzmununda Xəzər mövzusu və hokku anlayışı olan rus dilində 5 şeir yazmalı idilər. Müsabiqənin əlaqələndiricisi "Tamqa” portalının baş direktoru Rüstəm Hüseynov, münsiflər heyətinə Azərbaycan Yazıçılar Birliyinin üzvləri Tofiq Ağayev və Marat Şərifov daxil idilər.  Müsabiqədə 8 ölkədən – Azərbaycan, Rusiya, Litva, Bolqariya, Ukrayna, Rumıniya, İsrail və Belarusdan -  23 hayjina- hokku yazan şairlər iştirak edirdilər.

Bu müsabiqə Azərbacanın gənc şairlərinin poetik bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə keçirilirdi. Qiymətləndirmə 1-dən 10 bala kimi hər bir hokkuya verilirdi. Ballar toplanırdı və ən çox bal toplamış qalib olurdu. Müzakirələr "Facebook”da açılmış bir qrupda gedirdi.

İşlərin son təhvil günü qiymətləndirmə və müzakirə mərhələsi idi. Qaliblər elan olunanda birinci yerə Bakıdan Natavan Mustafayeva  layiq görüldü. Onun  hokkularından:

 

Qəfildən parladı

Qağayı lələkləri

Qış günəşi...

 

Ağır dalğa

Dərinlikdə yellədir

Yuxulu qağayını ...

 

Müsabiqədə ikinci yeri tutan Nicat Məmmədovun (Bakı) şeiri:

 

Qara budaqlar,

Ağ qar

Və başqa heç nə.

 

İşığı söndürdüm.

Şamı yandırdım.

Kölgələr oynaşır.

 

Üçüncü yerə isə Sankt Peterburqdan   Aleksey Fan layiq görüldü.

Tədbir iştirakçıları arasında "Kita” klubuna toplanmış hokkusevərlər, eləcə də günəşli ölkənin nümayəndələri də  vardl. Müsabiqənin qalibləri və iştirakçıları olan Nail Banayev (Bakı), Sergey Kurbatov (Kiyev), Virgini Bendorayten (Klaypeda), Səid Sübhi (Bakı), Səbinə (Bakı), Dinarə Gərəkməzli (Bakı), Niyel Keşauskene (Kaunas), Viktora Vetlina, Valeri Bekrinoy (Bakı), Çingiz Hüseynov (İsrail), Nikolay Qrankin, Oleq Novojilov (Qrodno) və Zaur (Bakı) yaradıcılıqları nəşr olunmaq üçün "Dünya ədəbiyyatı” jurnalında təqdim edildi.

Müsabiqə Yaponiya ilə bağlı olduğundan dəvət olunanlar arasında temari tikmək ustası olan Yana Amcadi də iştirak edirdi. O özü il əl işlərini - temari yumruları və  yubinuku gətirmişdi.

Yapon ədəbiyyatının erkən nümunələri Çinlə mədəni əlaqələrin və Çin ədəbiyyatının güclü təsirinə məruz qalıb. Buddizmin yayılması nəticəsində hind ədəbiyyatı da bu nümunələrə təsir göstərib. Nəhayət, yerli yazıçılar Yaponiya haqqında yazmağa başladıqdan sonra yapon milli ədəbiyyatı ayrı təşəkkül tapdı. Yaponiya XIX əsrdə öz limanlarını Qərb tacirlərinin və diplomatlarının üzünə açdıqdan sonra bu ölkədə Qərb və Şərq ədəbiyyatı güclü şəkildə bir-birilərinə təsir edərək inkişaf etməyə başladı.

Azərbaycanda yapon ədəbiyyatına maraq  böyükdür. Yapon ədəbiyyatı, bütövlükdə yapon mədəniyyəti azərbaycanlı üçün yeni və yad dünya deyil. Akutaqava Rünoske Yasunari Kavabata , Yukio Mişima , Kobo Abe , Kenzaburo Oe  və Haruki Murakaminin əsərləri zaman-zaman Azərbaycan oxucusunun ürəyinə yol tapıb, əsərlər dilimizə tərcümə edilərək nəşr edilib. 

Yapon poeziyası da vaxtaşırı Azərbaycan oxucularının ixtiyarına buraxılıb,  1979-cu ildə  Xalq yazıçısı Elçinin tərcümə və tərtib etdiyi “Nərgizin bircə ləçəyi” toplusu,  2003-cü ildə isə Pərviz Məmmədovun tərcüməsi ilə ərsəyə gələn və nəfis şəkildə nəşr edilən “Yapon ədəbiyyatı: haykular” toplusu işıq üzü görüb.

Səlim Babullaoğlu tərtibçisi və redaktoru olduğu “Səsindən tanıdılar payızı”  adlanan  klassik yapon şeiri antolgiyasının  ötən il  Azərbaycan Yazıçılar Birliyində təqdimat mərasimi keçirilmişdir. Yanınmış şair və yazıçılar, tərcüməçilər, KİV nümayəndələri, eləcə də Yaponiyanın Bakıdakı səfirliyinin 1-ci katibi Qinqa Kobayaşi də  təqdimat mərasimində iştrak etmişlər.

O, çıxışı zamanı yapon şeiri antolgiyasının təqdimata gələnləri Azərbaycan dilində salamlamışdır.  Və yapon şeirinə olan sevgiyə və  kitabın nəşrində zəhməti keçən bütün insanlara təşəkkürünü bildirmişdir.  Kitab təbii ki Yaponiya-Azərbaycan mədəni əlaqələrinə dəyərli töhfələrdən  biri sayılır.

Yapon kinematoqrafı və nəsrinin dünyadakı özünəməxsusluğundan, yapon hayku və tankalarının dünya xalqları poeziyası kontekstində təkrarsızlığını dilə gətirən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar  “Səsindən tanıdılar payızı” antologiyasını yüksək qiymətləndirir və  Azərbaycan xalq şeiri ilə yapon klassik poeziyası arasında paralellərin mövcudluğunu vurğulayır..

Tərcüməçi və publisist Cəmşid Bəxtiyarın tərcüməsində işıq üzü görən antologiyaya klassik yapon poeziyasının zirvələri sayılan Başo (1644-1694) , Buson (1716-1783) və İssanın (1763-1828) ölməz üçlükləri - seçmə haykuları ilə yanaşı, həmin şairlərin özlərinə ustad saydıqları böyük yapon şairi Saygyonun (1118-1190) qələmindən çıxan tankalar - beşliklər də ilk dəfə olaraq oxuculara məhz bu topluda təqdim edilir. Şeirlərlə yanaşı, böyük yapon şairlərinin həyat və yaradıcılığına işıq salan, ara-sıra yapon poeziyası tarixini sərf-nəzər edən məqalələri də bu kitaba daxil edilmişdir.

Ədəbiyyatşünaslarin fikrincə, yapon şeirinin anı göstərmək, anın məzmununu çatdırmaq kimi yalnız özünə xas bir əsas xüsusiyyəti var və bu xüsusiyyət - anı yaxalamaq cəhdi və bu cəhdi dəqiq qaydalarla hüdudlanmış qısa şeirdə icra etmək yapon poeziyasını vizuallıq baxımından dünya şeirinin  yüksək zirvəsinə qaldırıb.

“Səsindən tanıdılar payızı” klassik yapon şeiri antologiyası məzmun məziyyətləri ilə yanaşı, həm də xüsusi poliqrafik keyfiyyətdə, poetik toplulara xas standartla icra olunub.   Şübhəsiz ki, yaradıcı qrup antologiya üzərində iş zamanı Yaponiyanın Azərbaycandakı səfirliyi ilə də əməkdaşlıq edib. Yapon ədəbiyyatı, bütövlükdə yapon mədəniyyəti azərbaycanlı üçün yeni və yad dünya deyil. Akira Kurosavanın (“Yeddi samuray”, “Raşömon”),Yasuciro Ocunun (“Tokio hekayəti”) və  Takeşi Kitanonun (“Yakuzanın qardaşı”) filmləri, Akutaqava Rünoske (“Raşömon darvazası”, “Sıx meşədə” novellaları), Yasunari Kavabata (“Dağın səsi”, “Köhnə paytaxt” romanları ), Yukio Mişima (“Məhəbbət yanğısı”, “Qızıl məbəd” romanları), Kobo Abe (“Qumluqdakı qadın” romanı), Kenzaburo Oe (“Gecikmiş gənclik”, “Şəxsi təcrübə” romanları) və Haruki Murakaminin (“Kafka sahildə”, “Norveç meşəsi” romanları) əsərləri zaman-zaman Azərbaycan tamaşaçısı və oxucusunun ürəyinə yol tapıb, əsərlər dilimizə tərcümə olunaraq nəşr edilib.

Yaponiya haqqında “memuar və səfər qeydləri” janrında da  bir sıra  kitablar nəşr olunub.

Yapon xalqının həyat tərzi Azərbaycan ziyalılarının da daim marağına səbəb olub.

Belə ki, respublikamızda yapon ədəbiyyatının tədqiqatçı və tərcüməçisi Elçinin yapon xalqının əfsanələri və inancları haqqinda da maraqlı qeydləri var. Həmin qeydlərə görə, "Kimsəsiz qarılar" dağının (Obasute) adı əfsanə ilə bağlıdır. Qədim zamanlarda arvadının böhtanlarına inanan bir nəfər ona analıq etmiş qoca xalasını kimsəsiz bir dağa aparıb azdırır. Amma sonra tərtəmiz ayın dağların üzərindən necə qalxmasını görüb əməlindən peşman olur və qarını yenə də evə qaytarmaq üçün həmin dağa tələsir.

Pərviz Məmmədovun tərcüməsində ərsəyə gələn və 2003-cü ildə nəfis şəkildə nəşr edilən “Yapon ədəbiyyatı: haykular” toplusu Yapon poeziyasına ikinci dəfə ciddi səyahət imkanı qazandırlb.  280 səhifəlik bu topluda   oxuculara 46 hayku ustasının şeiri təklif edilib.

“Səsindən tanıdılar payızı” antologiyasını klassik yapon poeziyası ilə tanışlıq imkanı verən üçüncü nəşrdir. Lakin  bu kitabların bir-birindən fərqi də vardır. İstedadlı tərcüməçi və publisist Cəmşid Bəxtiyarın tərcüməsiylə təqdim olunan “Səsindən tanıdılar payızı” antologiyasına  yalnız haykular deyil, həmçinin böyük yapon şairi Saygyonun qələmindən çıxan tankalar - beşliklər də daxil edilib. 

Tankalar - beşliklər haykulardan - üçlüklərdən daha qədimdir. Toplunun digər bir məziyyəti əsərləri təqdim edilən böyük yapon şairlərinin - Saygyo, Başo, Buson və İssa haqqında, habelə tanka və hayku barədə ümumyapon poeziyası kontekstində müfəssəl məqalələrin də olmasındadır.

Teatr

 Yaponların teatrı çoxnövlü janrları ilə fərqlənir. Bu ölkədə hələ VIII əsrdə müasir üslublu teatr yaradılıb. Paytaxt Tokio dünyanın teatr mərkəzlərindən biridir. Burada UNESCO yanında    Beynəlxalq Teatr İnstitutunun bölməsi yerləşir, dünya şöhrətli teatr kollektivlərinin qastrolları təşkil edilir, beynəlxalq balet müsabiqəsi, teatr problemləri ilə bağlı simpozium və konfranslar keçirilir. Tokioda zəngin kolleksiyası və kitabxanası olan teatr muzeyi də var. Bu ölkə həm də möhtəşəm teatr binaları ilə diqqəti cəlb edir. Yaponiyada həm ənənəvi, həm də müasir dram, eləcə də kommersiya və müasir musiqili teatr fəaliyyət göstərir.

 

YAPONİYA HAQQINDA MARAQLI FAKTLAR

 

1970-ci ildə akademik, Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru, mərhum Həsən Əliyev Yaponiyaya səfərindən sonra "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuş "EKSPO - 70" ümumdünya sərgisindən qeydlər" məqaləsində yazırdı: "Tokioda bir balıq bazarı var. Ancaq buradakı ticarəti görmək üçün gecə saat 4-də oraya getmək lazımdır. Yaponlar balığı çox yeyirlər. Tokio balıq bazarının xüsusi limanı var. Gecədən çoxlu balıqçı gəmisi buraya yan alır, hər kəs öz məhsulunu tər-təmiz yerə döşəyir. Onu da deyim ki, balıqları gəmidə təmizləyib hazır vəziyyətdə sahilə boşaldırlar. Balıqlar və ya digər su heyvanları cinslərinə görə ayrıca düzülür, hamısı nömrələnir. Həkim onları bir daha müayinə edir. Hər gəmidən boşaldılan balıq və ya başqa su heyvanları (suiti, köpək balığı, naqqa balığı, xərçənglər, su ilanları, su kirpisi, meduzalar və s.) bir yerdən satılır. Dənizdən 900 növə qədər balıq tutulur. Balıq bazarı bir neçə məhəllədən ibarətdir. Balıqların bir qismi təzə-təzə restoranlara, yeməkxanalara gedir, qalan hissəsi də həmin gün xüsusi sexlərdə duzlanır, buza qoyulur, bükülür, xüsusi qablara yığılıb mağazalara göndərilir".

İmperator birinci əkinçi sayılır...

Ölkədə xalqın torpaga olan təlabatı olduqca böyükdür. Şəhərlər genişləndikcə,ətrafdakı kəndli sahələri böyüdükcə, zəhmətkeş yaponlar daha uzaq məsafələr qət etməli olurlar. Onların çoxu işə gedib-gəlmək üçün gündə 5, hətta 6 saat vaxt itirirlər. Yaponiya kəndlilərinin beyninə bu fikir təlqin olunmuşdur ki, çəltik becərmək,sənətkar olmaqdan,yaxud alver etməkdən şərəfli işdir. Sələflərin "əkinçilik dövlətin əsasıdır" fikri nəsildən-nəslə keçmişdir. İmperatorun özü birinci əkinçi sayılır və ənənəyə görə,hər il öz sarayının yanındakı kiçik tarlada öz əli ilə çəltik əkir.

Maraqlı faktlardan biri də budur ki, Yaponiyada 1873-cü ildən başlayaraq imperatorların doğum günü dövlət bayramı kimi qeyd olunur. Vaxtilə imperatoru yaponlar "yer üzünün canlı Allahı" adlandırırdılar. 1946-cı ildə imperator Syova imperatorların ilahi simvolu institutunu ləgv etdi. İkinci Dünya müharibəsindən sonra qəbul edilmiş Konstitusiyaya əsasən, o,"dövlətin və yapon xalqının rəmzi" elan olundu. Qeyd edim ki, yapon imperatorlarının sülaləsi soyad daşımırlar. İmperator ailəsinin üzvləri yalnız adları ilə çağırılır. İmperatorun özünə "Tenno xeyka", yəni "İmperator Əlahəzrətləri", yaxud qısaca "xeyka", yəni, "Əlahəzrət" deyə müraciət olunur.

Sumo döyüşləri

Sumo mübarizəsinin mahiyyəti iki kök adam arasında adi döyüş deyil. Sumo güləşçiləri həqiqətən əla inkişaf etmiş əzələlərə malik olur. Yarışların birinə düşmək və belə böyük ölçüləri olan idmançıları canlı izləmək çox maraqlıdır. Turnirdə qalıb gələn yarışmaçıya yeni maşının açarı, bir illik benzin anbarı, bir illik Coca-cola, 1000 ədəd şitaki göbələyi və bir dana hədiyyə verilir.

 

Texnologiya

Dünyadakı robotların yarısı Yaponiyadadır. Yaponlar texnologiyanın bir çox sahəsində olduğu kimi robotlar mövzusunda da birincidirlər və ASIMO kimi insana bənzəyən robotlar hazırlamaq üçün gərgin çalışırlar.

 

 

Sürətli qatarlar

Maqnit üzərində hərəkət edən qatarların sürəti saatda 500 km-ə çata bilir. Qatarlar heç vaxt gecikmir, orta gecikmə müddətləri yalnız 18 saniyədir. Bu qatarlarda bəzən o qədər adam olur ki, stansiyalarda qapıda qalanları itələmək üçün xüsusi işçilər olur. Qatarın önünə atılaraq intihar edənlərin ailəsinə isə cəza verilir.

Kapsul otellər

Əksər hallarda Yaponiyada otellər böyük və cah-cəlallı deyil. Bu adalar ölkəsinin əhali sayı 126 milyon nəfərdən çoxdur və onun böyük hissəsi şəhərlərdə yaşayır. Tokio, Osaka və İoqoqama kimi şəhərlər əhalinin ən yüksək gur olduğu yerlərdi, bu isə o deməkdir ki, ərazidən daha səmərəli istifadə etmək lazımdır. Yaponlar bu problemi həll etmək üçün kapsul otellər yaradıb. Kapsul otellər ilk dəfə 1979-ci ildə Osakada yaranıb. Lakin onlar qarabasmadan əziyyət çəkən insanlar üçün münasib yer deyil. Ziyarətçiləri burada hündürlüyü və eni bir metr olan otağa göndərirlər. Bu otaqların daxilində Wi-fi, döşək, televizor və kondisioner yerləşir. Bu otaqlar bahalı yerdə gecələmək imkanı və böyük məbləğdə pulları olmayan insanlar üçün münasib yerdir.

 

Eksperimentlər muzeyi

 

Bu muzeydə tullantılara və zibillərə həsr olunmuş sərgilər təşkil olunur. Əgər sizin Tokioda yerləşən bu muzeyə getmək şansınız olsa, onda özünüz üçün yeni aspektlər açmağa və nəcislər haqqında yeni məlumatlar öyrənməyə hazır olun. Karuselləri sevirsinizsə, onda bu yer sizin üçündür. Bu zaman muzeyin əməkdaşları sizə nəcisə bənzər şapka verəcək. Sizə isə onu geyinib unitaza oturmaq və üzü aşağı sürüşmək qalır. Oradan siz müxtəlif növ unitazlara, eləcə də müxtəlif tipli nəcislərə baxa bilərsiniz. Narahat olmayın, orada zəngin heyvan nəcisləri kolleksiyası təqdim olunur. Əmin olun ki, orada sizə dəqiq darıxdırıcı olmayacaq.

 

 

 

10 gün ərzində 4 dini bayram

 

Dekabr ayının 25-i Yaponiyada istirahət günüdür və bütün ölkədə Milad qeyd olunur. Yeni il gecəsi bütün buddist məbədlərində bir qayda olaraq, hər il zənglər çalınır. Yanvar ayının ilk 3 günü ərzində isə dinindən asılı olmayaraq, bütün xalq şintoist məbədlərinə gedərək ilk dualarını edirlər. Yaponlar buna “hatsumode” deyir mənası isə, “yeni ildə tanrılara ilk ziyarət” mənasını verir. Bütün xalq öz evlərində olan kamidanalarda öz əcdadlarının ruhuna şam yandırırlar. Yəni, cəmi 10 gün ərzində Yaponiyada bütün xalq tərəfindən 4 dini tədbir qeyd olunur.

*Yaponlar delfin əti yeyirlər. Balıq dadı verməyən delfin əti çox dadlıdır. Delfin ətini həm çiy, həm də bişirilmiş (kabab, sup) şəkildə yeyirlər.

*Yapon ailələrində ailədaxili münasibətlər fərqlidir. Qardaş və bacının ünsiyyət qurub danışmaması tam normal hal hesab olunur. Onlar hətta bir -birilərinin mobil nömrələrini bilməməsi də adi halıdır.

*Yapon xalq poeziyasında qırqovul valideyn məhəbbətinin rəmzidir. Qırqovul heç vaxt, hətta yanğın zamanı belə öz balalarını atıb getmir.

*Yaponiyada əhalinin qış geyimindən yay geyiminə keçdikləri xüsusi mərasim günü mövcuddur. Bu, ay təqviminə görə, dördüncü ayın ilk günüdür.

*Yaponiyada yağış ən çox may ayında yağır. Yaponlar buna "samidare", yəni "yağışlar çağı" deyirlər.

*Yaponların sevdikləri məşğuliyyətdən biri də iyun ayında atəşböcəyi tutmaqdır. Atəşböcəyi tutmaq istəyənlər gölün, yaxud çayın sahilinə gedirlər. Yaponlar tutduqları atəşböcəkləri gətirib öz bağlarına buraxırlar, ya da onları kiçik qəfəsə salıb evlərinin tavanından asırlar.

*Yaponlar spirtli içkini az istifadə edirlər. Səbəb isə bir qədəh içəndən sonra yaponların üzlərinin və bədənlərinin qızarmasıdır.

*Yaponiyada həm qızlar günü, həm də oglanlar günü bayram edilir. Təbii ki, bayram balaca qızlar və balaca oglanlara aiddir. “Qızlar günü" martın 3-də, “Oglanlar günü isə mayın 5-də qeyd olunur. Qızların bayramı “Gəlincik bayramı" da adlanır  (yaponlar buna "Xina-matsuri"deyirlər). Bayram günü balaca qızlara cürbəcür gəlinciklər gətirirlər: samuray paltarında, əyan geyimində, bəy və gəlin və sairə.

*Yaponiyada olanların çoxu şübhəsiz müşahidə etmişlər ki, yapon uşaqları demək olar heç vaxt ağlamırlar. Bəziləri də bunu körpələrə xas olan məşhur yapon nəzakətinə aid edirlər. Uşaq adətən yemək və ya içmək istəyəndə, narahat olanda, başsız qalanda, nəhayət, müəyyən bir işə məcbur ediləndə ağlayır. Yaponların tərbiyə sistemi bütün bunlara yol verməməyə çalışır. Çünki bu ölkədə uşaqların həddindən artıq nazını çəkirlər. Onları heç vaxt ağlamaga qoymurlar. Uşaqlara, xüsusən oglanlara demək olar heç nəyi qadagan etmirlər. Məktəb yaşınadək uşaq istədiyini edə bilir. Uşaqda belə bir inam oyanır ki, valideynləri onun mənliyinə toxunmazlar.

*Çox işləməyə öyrəşən yaponlar gündə 15-18 saat fasiləsiz işləyə bildikləri üçün başqa xalqlar onları “qarışqa” adlandırır. Yapon dilində “karoşi” sözü var. Tərcümədə “çox işləməkdən ölüm” deməkdir. Bu diaqnozla Yaponiyada ildə 10000 insan ölür.

*Yaponlarda məzuniyyət isə cəmi 4 gündür. Onlarda bir ildə 21 günlük istirahət ayıb sayılır. Əvəzində iş yerində mürgüləmək çox normal qəbul edilir. Çünki bu, onlarda çox işləməyin göstəricisi kimi qiymətləndirilir. Gündoğar ölkəsində işə vaxtında gəlmək də adət deyil. İşə yarım saat əvvəl gəlmək lazımdır, gecikmək isə böyük tərbiyəsizlik sayılır.

*Yaponlar demək olar ki, evə heç vaxt qonaq çağırmırlar. Dəvət əksər hallarda nəzakət xətrinə və "Vaxtınız olanda bizə də gəlin" şəklində deyilir.

*Əgər yapon "arvadım bərk xəstələnib" sözlərini təbəssümlə deyirsə, burada məsələ şərqli adamın qəlbinin sirlərində deyildir. O, sadəcə olaraq nəzərə çarpdırmaq istəyir ki, şəxsi dərd-səri atrafındakıları kədərləndirməməlidir. Nəzakət naminə öz hisslərini cilovlamağı, boğmağı yaponlar məntiqi hal hesab edirlər. Lakin çox vaxt məhz bu cəhət onları məkrli olmaqda təqsirləndirməyə təkan verir.

*Yaponiyada evlərin və mənzillərin əksəriyyəti soyuq və dar olur.

*21 martı yapon xalqı yazda gecə-gündüzün bərabərliyi günü kimi qeyd edir. Bu günlər Yaponiyada şəhər və kəndlərin küçələri məzarları təmizləmək, orada ətirli maddələr yandırmaq, ölənlərə ehtiram göstərmək üçün əllərində güllərlə qəbiristanlıga tələsən adamlarla doludur. Ölkədə yaz gecə-gündüz bərabərliyi gününün qeyd olunması qədimlərdən gələn ənənə olaraq, ölənlərə ehtiram kimi dini ayinlə əlaqədardır.

 * Yaponlarda "Mən səni sevirəm" ifadəsi də yoxdur. Qızla oğlanın bir-birilərinə meyil göstərdiklərini hiss edən valideynlər məsələni həll edirlər. Yaxud oğlan qızdan valideynlərinə müraciət etmək üçün icazə alır. "Mənə arvad olmaq istəyirsənmi?" yaxud "Mənimlə ailə qurmaq istəyirsənmi?" ifadələri daha tez-tez işlənir.

*Yaponiyada da Çindəki kimi ilin axırında borcları qaytarmaq adəti vardır.

*Qeyd edək ki, Yaponiyanın hər ikinci sakini gözəl rəsm çəkmək qabiliyyətinə və məlahətli səsə malikdir. Bu hal tərbiyə ilə izah olunur - uşaqlara əvvəl rəsm çəkməyi və oxumağı, sonra isə yazmağı və danışmağı öyrədirlər.

* Yaponiya adalar ölkəsidir. Bu ölkə 6852 adadan ibarət olsa da, bunların sadəcə 430-unda 127 milyon insan yaşayır. Əhali sayına görə, dünyanın 10-cu ölkəsidir.

 *Yaponiya dünyanın ən böyük avtomobil istehsalçısıdır. Bu ölkədə içindən şose yolları keçən binalara belə rast gəlmək olar. Küçələrinin isə çoxunun adı yoxdur.

 *Ölkənin 70% -i dağlarla örtülüdür. Burada 400 ildən bəri “Ağlayan Sumo” adında bir yarışma keçirilir. Bu yarışmada Sumo güləşçiləri qucaqlarındakı körpələri ağlatmağa çalışır.

*Evlərdə bəslənən heyvan sayı uşaq sayından daha çoxdur. Hətta doğuş faizi o qədər aşağıdır ki, yaşlı insanlar üçün buraxılan bezlərin sayı körpə bezindən daha çoxdur.

*Bir çox xəstəxanalarda, restoranların yarısında, bəzi ofislərdə və bütün evlərdə ayaqqabını çıxarmaq lazımdır. Ona görə də corablar həmişə təmiz olmalıdır.

* Dünyada uzun həyat dedikdə ilk ağla gələn ölkə Yaponiyadır. Burada 100-dən çox yaşı olan 50000-dən çox insan yaşayır.

*Yaponiyada hər il 1500-ə yaxın zəlzələ olur. Sonuncu dəhşətli zəlzələ 2011-ci ildə baş verib.

*Yaponiyada vulkanların sayına görə də seçilir. Məsələn, Maharo vulkanının kraterinin ətrafına hasar çəkmək məcburiyyətində qalmışlar. Çünki bu günə qədər 2000-dən çox insan vulkana atılaraq intihara cəhd edib.

*Kub şəklində qarpızın kəşfi də bu ölkəyə aiddir. Fermerlər daha asan paketlənə bilməsi və daha az yer tutması üçün qarpızı kub şəklində yetişdirir.

*Cib telefonlarının 90%-i su keçirməzdir. Çünki gənclər duşda belə cib telefonlarından istifadə edir.

*Şagirdlər və müəllimlər siniflərini özləri təmizləyir.

*İsti su qaynaqlarının içinə döyməli insanların girməsinə icazə verilmir.

*Cizgi filmlərində istifadə olunan kağızların miqdarı tualet kağızlarından daha çoxdur.

*Yapon xalqı mehriban, nəzakətli və inanılmaz dərəcədə zəhmətkeşdir. Yaponlar hətta ən xırda məsələlərdə gözəllik axtarır və istənilən vəziyyətdə həyatdan zövq almağı bacarırlar. Yaponiya sakinləri qonaqları hərarətlə qarşılayır və onların dilində danışmaq istəyən turistləri görəndə vəcdə gəlirlər. Bu da yapon dilinin qəliz olması ilə bağlıdır. Onlar hesab edirlər ki, yapon dilini öyrənmək mümkünsüzdür.

Suşi dünyası

Ölkədə artıq çəkidən əziyyət çəkən insana nadir halda rast gələ bilərsiniz. Və heç nə yaxşı hazırlanmış suşi rolları və tofu qədər Yaponiya barədə gözəl təəssürat yarada bilməz... Əgər siz  suşi pərəstişkarısınızsa, onda yapon mətbəxindən böyük zövq alacaqsınız! Yapon mətbəxinin ən məşhur yeməyi – suşi indi dünyanın istənilən ölkəsində təklif edilsə də, onların heç biri yaponların əllərindən hazılanmış qədər ləziz ola bilməz. Yeri gəlmişkən, Yaponiya mətbəxinin bütün gözəlliyi dəniz məhsulları ilə bitmir. Oraya gedən turistlərin çoxu qastronomiya turlarında iştirak edə bilər. Qeyd etmək lazımdır ki, yaponlar yemək zamanı yeməyin dadından, görünüşündən danışmağı sevir. Siz yemək vaxtı bir dəfə də olsa, “dadlıdır” sözünü deməsəniz, onlar sizi mədəniyyətsiz insan hesab edəcəklər. Bundan əlavə, yeməklərdə istifadə etdikləri “Chopstick” yəni, taxta çubuqlar ildə 24 milyard cüt istehsal olunur.

Qeyri-adi dadlar

Şimali Amerika və Yaponiya mətbəxini müqayisə etsəniz, onda siz böyük fərqlər taparsınız. Yaponlar yemək baxımından, bəlkə də, ən qəribə dadları ilə öyünmək haqqına sahibdir.  Götürək, elə dondurmanı. Əgər siz qeyri-adi dondurmalar dadmaq istəyirsinizsə, onda Yaponiyaya getmək lazımdır. Məsələn, indi böyük məmnuniyyətlə yeyilən qəhvəli və peçenyeli dondurmalar bir vaxtlar qeyri-ənənəvi dad sayılırdı. İndi isə günün 24 saatı açıq olan yapon mağazalarından tərkibində at əti, toyuq, pivə, kaktus və kerri krabı, dəniz ilbizi və s. bu kimi qəribə dadlar olan dondurma ala bilərsiniz. Əgər bu dadların heç biri sizi qane etmirsə, onda özünüzə adi “Kit-kat” şokoladı alın.

Mədəniyyət

Dünyanın özünəməxsus mədəniyyəti, zəngin sənət irsi olan ölkələrindən biri də Yaponiyadır. Yapon mədəniyyətinin tarixi min illər öncəyə gedib çıxır. Uzaq Şərqdə dörd böyük və yüzlərlə kiçik adadan ibarət bu arxipelaq-dövlət coğrafi yerinə görə də ətraf dünyadan ayrı, fərqli mədəniyyət və incəsənətini inkişaf etdirib. Bu, yəqin ki, insanların əksəriyyətinin Yaponiyaya səfər etmək istəyinin əsas səbəbidir. Yapon mədəniyyəti öz əzəməti ilə həqiqətən təsirlidir. Bu əfsanəvi torpaq özündə zəngin mədəniyyəti birləşdirir, gözəl mənzərələr və yapon xalqının sivilizasiyanı inkişaf etdirmək cəhdləri isə bütün dünyanı heyrətləndirir. Ümumiyyətlə, bu ölkə öz mahiyyətinə görə, unikaldır və buraya gəlmək üçün hər kəs minlərlə səbəblər tapa bilər.

Dünya mədəni irsi

Yapon yazı sistemində ərəb rəqəmləri və latın əlifbası ilə yanaşı, üç ayrı işarə tipindən də istifadə olunur. Xiraqana - ieroqliflərdən və köməkçi sözlər olan kanadan istifadə etməklə yazılan əlifbadır. Katakana - bu əlifbadan daha çox qeyri-yapon sözlərinin işlədilməsində istifadə olunur. Heyvan və bitki adlarının da çoxu da katakana əlifbasında yazılır.

Musiqi

Yaponların istər ənənəvi, istərsə də müasir musiqiləri təmtəraqlı ifa üslubu ilə fərqlənir. Onu da qeyd etmək lazımdır ki, Yaponiya dünyada ABŞ-dan sonra ikinci ən böyük musiqi bazarı hesab edilir. Bu bazarda isə yapon sənətçiləri üstünlük təşkil edir. Yerli musiqi tez-tez karaoke formasında meydana gəlir. Ənənəvi yapon musiqisi Qərb musiqisindən tamamilə fərqlənir, onun ifasında insanın nəfəsalma intervalları əsas götürülür.

Memarlıq nümunələri və yapon bağçaları

Yapon memarlığının da qədim tarixi var. Zaman-zaman Çin memarlığının təsirinə məruz qalıb və həmçinin yerli əhali tərəfindən müxtəlif yönlərdə inkişaf etdirilib. Ənənəvi yapon memarlığına məbədləri, Şinto kilsəsi, Kioto və Nara şəhərlərindəki qalaları nümunə göstərmək olar. Bu tikililərin bəzilərində yapon bağçaları salınıb. Bəzi müasir memarlar isə ənənəvi yapon və Qərb memarlıq elementlərini birləşdirmək üslubunda işləyirlər. Yapon memarlıq abidələrinin ayrılmaz və mühüm hissəsi olan bağça arxitekturası da tarixi, dini (buddizm) təsirlərdən meydana gəlib. Ümumiyyətlə, Yaponiyada bağça bir incəsənət əsəri statusuna malikdir.

Ənənəvi geyimlər

 

Yaponların ənənəvi geyimləri onları bütün dünya xalqlarından fərqləndirir. Yapon sözü olan «kimono» «nə isə bir şey geyinmək» deməkdir. İlk öncə “kimono” sözü bütün geyim növlərinə aid edilirdi. Sonralar bu adla «naga-gi», yəni «uzun-geyim» kimi tanınan paltarları adlandırmağa başladılar. Bu gün də belə paltarları xüsusi mərasimlər zamanı qadın, kişi və uşaqlar geyinirlər. Onu da qeyd etmək lazımdır ki, ailəli qadınla ailə qurmayan qadınların kimonoları fərqli olur. Bundan başqa, bu geyimlərin fəsillərə görə də stilləri dəyişir. Yapon kişilərinin çoxu kimononu yalnız evdə geyinir. Kişilərin öz evlərində qonaqları qəbul  etdikləri zaman kimono geyinməsi də məqbul hesab edilir. «Happi» də yaponların ənənəvi geyim növü olsa da, kimono kimi geniş yayılmayıb. “Happi” (“Xoşbəxt palto”) uzunqollu paltoya bənzəyir. Yaponların həm də çox fərqli ayaq geyimləri var. Məsələn, “tabi” topuqdan olan uzun corabdır və tez-tez kimono ilə geyilir. “Geta” isə sandaldır və onu həm qadınlar, həm də kişilər geyinir.

 

Heykəltəraşlıq

Ənənəvi Yapon heykəltəraşlığı daha çox buddist təsvirlərindən, obrazlarından ibarətdir. Bu nümunələrə Nara və Kiotoda daha çox rast gəlmək olar. Yaponiyanın ən qədim heykəli Zenko-ji məbədində olan Amitabha abidəsidir. Budda Vayrokananın ən nəhəng və məşhur bürünc heykəli Toddi-ci məbədindədir. Taxta ənənəvi yapon arxitekturasında istifadə olunan əsas material olub. Heykəllər tez-tez laklanır, zərlənir və ya parlaq rənglərlə rənglənirdi. Eyni zamanda bürünc və başqa metallardan da istifadə edilib. Daş və dulusçuluq materialları da xalq inanclarında əhəmiyyətli rola malikdir.

İkebana

İkebana yaponların gül incəsənətidir. Bu sənət məxsusi harmoniyasına, rənglərin istifadəsinə, ritminə və sadə zövqlü tərtibatına görə geniş şöhrət qazanıb. İkebana fəsilləri də çox gözəl ifadə edir və böyük simvolik mənası var.

Müdriklər ölkəsi

Yaponiya bütün dünyada yoqa və meditasiyaları ilə də məşhurdur. Yaponiyada turistlərə meditasiya turları təklif olunur. Hətta həvəskar səyahətçilərdən bəziləri bir müddət monastırlarda qalır  və rahiblərlə səylə eyni meditasiya edir.

Ölüm cəzaları Yaponiyada hələ də tətbiq edilir

Yaponiyada cinayətlərin sayı çox aşağıdır. Odur ki, bu meqapolisdə sakit yaşamaq və Tokio küçələrində bütün gecəni heç bir hücum və terror qorxusu olmadan rahatlıqla gəzmək mümkündür. Yaponlar kənd yerlərində evlərinin qapısını bağlamır, maşının açarları isə içəridə qalır.

Tarixi abidələr

Yaponiya dünya şöhrətli unikal memarlıq abidələri ilə də cəlb edir. Kioto şəhərində Qızıl Məbəd, İmperator Sarayı, Böyük Budda məbədi və digər tarixi abidələri ziyarət edə bilərsiniz. Onu da qeyd etməliyik ki, Tokioda çoxsaylı sənaye nəhəngləri arasında 2 minə yaxın məbəd yerləşir.

100 mindən çox festival

 Yaponiya həm də festivallar ölkəsidir, hesablamalara görə, bu ölkədə hər il təxminən 100.000-dən çox festival təşkil olunur. Bu, o deməkdir ki, siz Yaponiyaya gedəndə həmişə hansısa festivallarda iştirak etmək şansınız var.

 

Yaponların qəribəlikləri

"Öz yerini bil; özünü lazım olan kimi apar; yalnız tapşırılan işi gör - yaponların həyatını və davranışını tənzim edən yazılmamış qaydalar bunlardır". Vsevolod Ovçinnikovun "Sakura budağı"ndan.

Qədim mədəniyyətə sahib olan mehriban, əməksevər, mədəni xalq olan yaponlar ürəyiaçıq, üzügülər, zarafatcıl, xeyirxah, baməzə adamlarla çox tez dil tapırlar. Onlar xalq məsəllərini, iti fikirli adamları sevirlər. Yaponlar həmişə özgədən öyrənməyə çalışsalar da, öz bildiklərini başqalarına demək istəmirlər. Onların ümumiyyətlə, sirrverməzliyi qeyri-səmimilik deyil, sadəcə davranış normasıdır. Maraqlıdır ki, yaponların gülüşünün də bir neçə növü vardır: arxasında qəmin gizləndiyi gülüş, təkəbbürlü gülüş, qeyri-müəyyən gülüş, sosial gülüş, peşəkar gülüş, yaşlı insanın özündən razı gülüşü, iş adamının ziyafətdəki gülüşü. Yapon gəzinti zamanı, oturarkən, yaxud ayaq üstə durarkən dinc vəziyyətdə olur. Yaponiyada digər insanlar, hətta yaşlı adamlar otağa daxil olarkən, içəridəkilərin ayağa qalxması qayda deyildir.

 

Yapon atalar sözləri

Ac it ağacdan qorxmaz.

Adam sevdiyi işi yaxşı görər.

Adamı brilyant edən çəkdiyi çətinliklərdir.

Axmağın sonrakı ağlı.

Ağacı çiçəkləyəndə tanıyarlar.

Ağacın düz qalxmasını istəyirsənsə, onu hələ cavan ikən düzəlt.

Ağcaqanadı vızıltısına görə yox, adamların qanını sorduqlarına görə öldürürlər.

Ağıllı qırğı caynaqlarını gizləyər.

Ağız - bütün bədbəxtliyimizə də, xəstəliyimizə də səbəbdir.

Ağızdan çıxan sözə dördatlı araba ilə də çata bilməzsən.

Almaq üçün verirlər.

Arzu kisəsinin dibi görünməz.

Ata-ana sağdır - hörmət elə, ölüb - xatırla.

Ata-ananın şöhrətinin şöləsi uşaqların da üstünə düşür.

Atanın hissi dağlardan uca, ananın hissi ümmanlardan dərindir.

Ata sevgisi dağlardan uca, ana sevgisi dənizlərdən dərindir.

Atın biri götürüləndə - mini də ona baxıb götürülər.

Ayağını isti tut, başını sərin.

Bacardığını gör, qalanını taleyə tapşır.

Bağışlanan şeyə heyfsilənməzlər.

Bayram axşamı bayram günündən yaxşıdır.

Bəzən qaçmaq qələbə sayılır.

Bir dostunuz yemiş bağçasında gəzirsə, dalğın görünməyiniz ən böyük nəzakətdir.

Bilən danışmır, danışan bilmir.

Bir adama şübhə eləməmiş yeddi dəfə yoxla.

Bir cəhd - iki nailiyyət.

Bir çürük ərik yüz safını da korlar.

Bir durna qaqqıltısı min sərçə cikkiltisindən xoşdur.

Bir general ad qazanır, min əsgərin sümüyü çürüyür.

Bir hərəkətə görə bütün iş barədə mühakimə yürüdürlər.

Bir mona qızırğanan - yüzünü itirər. (Mon - xırda yapon sikkəsi)

Birinci düyü məhsulu axırıncıdan ləzzətli olar.

Birinci nəvə, adama doğma uşaqlarından əziz olar.

Bizə nə qədər borclu olduqları yadımızda qalır, ancaq bizim nə qədər borclu olduğumuz yadımızda qalmır.

Böhtan cəmi yetmiş beş gün bəs eləyər.

Böyük adam balaca işlərlə məşğul olmaz.

Böyük ağıl yiyəsi olan adam ağılsıza oxşayar.

Böyük balıq bataqlıqda olmaz.

Böyük bədbəxtliklər kiçik səbəblərdən doğur.

Böyük istedadlar tədricən yetişir.

Böyük işə başlarkən kiçik nöqsanlara baxma.

Böyük müvəffəqiyyət çoxlu kiçik narazılıqlar da doğurur.

Bülbülə - gavalı, qaranquşa - söyüd. (Yaponiyada bülbülü gül ilə yox, gavalı ağacı ilə  əlaqələndirirlər).

Canın qayğısına qalmaq ən yaxşı dərmandır.

Cinayəti mühakimə et, canini yox.

Çəkilmiş yay ya tez, ya gec boşalacaq.

Çox nəzakət gözləyən həmişə ac olar.

Çox hürən it qapmaz.

Daim gülən adamın ürəyində nə olduğunu demək çətindir.

Danışmağı da, dinləməyi də gərək bacarasan.

Daşın da üstündə əgər üç il otursan, qızar.

Dayaz çaylar səsli-küylü axar.

Dəli qaçanda ardınca ağıllılar da qaçırlar.

Dəliyə də yol ver, səfehə də.

Dərdi bir olanlar bir-birinin halına yanar.

Dostluq və sake nə qədər köhnə olsa, o qədər yaxşıdır.

Durmazdan qabaq hay ver.

Düşmən zəif də görünsə, saymazyanalıq etmə, güclü də görünsə - qorxma.

Düyünün içindəki qara daşlardan qorxma, ağ olanlardan qorx.

Düz yolla alımayan dövlət və şöhrət bulud kimi dağılar.

Edoda edilən yamanlığın intiqamını Naqasakidə alır. (Edo - Tokionun qədim adı).

Ehtiramlı göyərçin öz ata-anasından üç budaq aşağıda oturur.

Elə olur ki, kappa da batır. (Kappa - nağıllarda sularda yaşayan ruh).

Elə olur ki, yarpaq batır, daş uçur.

Elə təsadüf olmayıb ki, lüt bir şey itirə.

Elmdə qısa yol yoxdur.

Eşqdə susmaq danışmaqdan faydalıdır.

Evdən yaxşı yer yoxdur.

Ədalətli adam özünə sərt, özgəyə yumşaq yanaşar.

Ədavət evə kasıblıq səpər.

Ələ götürülən uşaq belə götürülən uşaqdan əzizdir. (Yaponiyada uşaqları, adətən, belə götürürlər, ələ o uşağı götürürlər ki, onu ərköyün böyüdürlər)

Ən yaxşı güzgü də şeylərin o biri tərəfini göstərmir.

Ən yaxşı şahin də uça bilməsə, heç nə ovlaya bilməz.

Ər - arvadın savaşı ilə qərb küləyi axşam düşəndə yatar.

Ərlə arvad əkiz kimidir.

Əsl döyüşçü odur ki, o, rəhmlidir.

Əsl səbirlilik çox az adamlarda olur.

Əvvəl - qulluq, sonra - dərman.

Əvvəli varsa, axırı da olacaq.

Əyri budağın əyri də kölgəsi olacaq.

Əzab sevincin mənbəyidir.

Fərsiz köpək bərkdən hürər.

Fikirləş - qərara gəl, qərara gəldin - fikirləşmə.

Fuqu balığının şorbasından yeyən də səfehdir, yeməyən də. (Fuqu - xeyli dadlı, ancaq çox halda zəhər verən balıqdır.).

Gedən adam gündən-günə yad olur.

Gedəni saxlama,  gələni qovma.

Gəlini evə gələn kimi öyrət.

Gizli edilən yaxşılıq açıq mükafatlanar.

"Görməyə gözüm yoxdur" demək - "sevirəm" deməkdir.

Görüş - ayrılığa başlanğıcdır.

Gözəl olmaq həmişə xoşbəxt olmaq deyil.

Gündüz doğulan uşaq atasına,  gecə doğulan uşaq anasına oxşar.

Gündüzün gözləri, gecənin qulaqları var.

Hakim və bonza nə qədər yaşlı olsalar,  bir o qədər yaxşı olar. (Bonza- Yaponiyada və Çində budda kahini).

Haqq həmişə qalib gələn ordunun tərəfində olar.

Heç kəs öz ağırlığını hiss eləmir.

Heç olmasa dizlərinlə məsləhətləş.

Həddindən artıq güclü olan məhəbbət, ondan yüz dəfə artıq qəzəb doğurar.

Hər kişinin öz Yan-szısı var. (Yan-szı - nağıllarda qədim Çin şahzadəsi).

Hətta bədbəxtlik də üç ildən sonra kara gələ bilər.

Hətta min illik yol da bir addımdan başlayır.

Hətta pişik və it də üç il yedirəndə yaxşılığı itirmir.

Həyatda sevinc və kədər başqalarından asılı olur.

Xeyirxah tənha qalmaz, həmişə qonşusu olar.

İki dəfə baş verən hadisə, üçüncü dəfə də baş verə bilər.

İki qardaş iki qol kimidir.

İlin planı, təzə ilin birinci günü tutular, günün planı - səhər tezdən.

İlk arvadı sənə Allah, ikinci qadını insanlar, üçüncüsünü isə şeytanlar göndərər.

İlan izini ilan o saat bilər.

İlanı hətta bambukdan qayrılmış lüləyə də salsan yenə düz olmayacaq.

İlanın uzunluğu bir supdan artıq deyıl, amma elə bil adamı indicə udacaq. (Sup - 3,8 sm-ə bərabər ölçü vahidi).

İnsan ağlayan uşaqla torpaq sahibi qarşısında gücsüzdür.

İstedadlı adam az yaşayar.

İstər gül, istər ağla - bir ömürdən artıq yaşamayacaqsan.

İşıq sönməzdən əvvəl daha parlaq yanar.

İşləyən dəyirman donmaz.

İtin biri boş yerə hürür - qalanları doğrudan qapır.

Kabo üçün hər qələm yaxşıdır. (Kabo - IX əsrdə yaşamış məşhur yapon xəttahı)

Kasıbın dövləti uşaqlarıdır.

Kənardan baxanın səkkiz gözü olar.

Kirpik də yaxındadır, amma görə bilmirsən.

Kitab insan ruhuna məlhəmdir.

Kitablar ruhun qidasıdır.

Kişi onu başa düşən adam üçün həyatını verər; qadın onu sevən adam üçün bəzənər.

Kişi - şam ağacı, qadın - qlinisiyadır. (Qlisiniya - ətirli çiçəkləri olan, salxımşəkilli sarmaşan bitki. Şam ağacına sarmaşır).

Kişi ürəyi payız səması kimi dəyişkən olur.

Kişinin başı, qadının ürəyi.

Kor dilənçi də heç olmasa çiçəklərin ətrini duyur.

Kor ilan heç nədən qorxmaz.

Krab öz yuvasını qını boyda qazır.

Qadın evin açarıdır, gərək onu itirməyəsən.

Qadın kimonosunun qolu qurumaz. (Kimononun qolu ilə adətən göz yaşını silirlər).

Qadın saçı fili bağlayıb saxlayacaq qədər möhkəmdir.

Qadın ürəyi - bahar havası.

Qarabatdaq yolu gedən qarğa batar.

Qaradinməz adamdan özünü gözlə.

Qardaş qardaşla öz aralarında savaşar, düşmən qarşısında birləşər.

Qarışqalar da bəndi dağıda bilər.

Qetanın bəzəyi bağıdır, kişinin bəzəyi - arvad. (Qeta - qədim yapon akademiyası)

Qələbə olsa - hökümət ordusu, məğlubiyyət olsa - qiyamçılar.

Qələbə rəqibindən yarım saat daha çox səbr edənindir.

Qələm qılıncdan güclüdür.

Qiymətli daşlar da cilalanmasa parıldamaz.

Qırmancın çox uzunu atın qarnını tutmaz.

Qısqanclıq məhəbbətin anasıdır.

Qısqanclıq məhəbbbətin ürəyidir.

Qıza baxmamış, anasına bax.

Qızılın parıltısı Buddanın şölələrindən işıqlıdır.

Qoca ağaclar əyilməz.

Qoca at yolu yaddan çıxarmaz.

Qurbağaların gurultusu yağış yağdırar.

Quş olmayan kənddə yarasa da quşdur.

Quyruq bulayana əl qaldırmazlar.

Lap qaçan ata da qırmanc gərəkdir.

Lazımsız dərman da zəhərdir.

Lüzumsuz nəzakət hiyləyə dönür.

Mayakın altı həmişə qaranlıq olar.

Məhəbbət aliqədrlə fəqir arasında sədd qoymur.

Məğlub ordunun generalı dava haqqında danışmasa yaxşıdır.

Min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.

Musiqi dəyişəndə rəqs də dəyişər.

Mübahisədə bərk qışqıran qalib gələr.

Müdrik adamış da mindən bir səhvi olar.

Müharibəni bilməyən sülhü də bilməz.

Nə qədər ki, Pikkonu görməmisən, heç yerə "gözəl" demə. (Pikko - Yaponiyada gözəl ətraf yerləri və budda məbədləri ilə məşhur olan qədim şəhərdir).

Nəyi ki, diqqətlə ört-basdır edirsən, bir o qədər sürətlə aşkar olur.

Oxuduğun hər şeyə inanacaqsansa, heç nə oxuma.

Oğlunu istəyirsənsə, səyahətə göndər.

Oğru öz qapısını bağlayar.

Ölmək asandır, yaşamaq - çətin.

Öz evində hərə bir Berkeydir. (Berkey - əfsanəvi yapon pəhləvanı)

Öz itin də hərdən qapar.

Öz işini özün gör.

Özgənin dərdinə istəsən, lap üç il də dözmək olar.

Özgənin xasiyyətinə fikir verə-verə öz xasiyyətini düzəlt.

Özü qabağa gedən başqalarına istiqamət verər.

Özü özünə tabe olmayan, özgəsinə də hökm edə bilməz.

Özün haqqında özgədən soruş.

Özün özünə hörmət eləməsən, özgələri də sənə hörmət eləməyəcək.

Özünü sanc, onda bilərsən özgəsini necə incidər.

Pas içəridən çıxar.

Payız səması yeddi dəfə yarım dəyişər.

Pul adamları bir-birinə yad eləyər.

Pul cəhənnəmdə də güclüdür.

Pul qurtaranda məhəbbət də qurtarar.

Pulun var - pulun olmayacaq gün haqqında fikirləş.

Rəhmdillik önündə qılınc da gücsüzdür.

Sadəlik hamıya yaraşıqdır.

Sake qədəhinin birincisini insan içir, ikincisini sake içir, üçüncüsü insanı içir. (Sake düyü arağı)

Sake və ağır yuxu yoxsulluğa gedən ən qısa yoldur.

Savaşan sərçələr adamdan qorxmaz.

Savaşanda hər iki tərəfin günahı olar.

Sevincdə qəm toxumu var, qəmdə - sevinc.

Səbr - bir ömürlük xəzinədir.

Səbrini basa bilməyəndən müdrik olmaz.

Səhvini düzəltməyə utanma.

Səma susur, əvəzinə camaat danışır.

Səmimiyyət ən yaxşı siyasətdir.

Səmimiyyət fələyə də çatar.

Səni tərifləyən adama etibar eləmə.

Sərçələr yüz yaşına kimi atılırlar.

Sərkərdəni öldürmək istəsən, əvvəlcə atını öldür.

Siçovul da pələngə dönər, vaxtı gələndə.

Sifət - ürəyin güzgüsüdür.

Sifətin ağ olmağı yeddi ayıbı gizləyər.

Sınıqlığa düşəndə də çalış ki, udasan.

Soruşmaq bir anlıq xəcalətdir, soruşmamaq - bir ömürlük.

Stəkanda boğulan dənizdə boğulandan çoxdur.

Su, töküldüyü qabın şəklinə düşər.

Sudzumusini nəğmə oxuduğuna görə qəfəsdə saxlayırlar. (Sudzumusi - quş civiltisinə oxşar səslə oxuyan bir həşəratdır).

Suyu inək içir, süd əmələ gəlir, ilan içir - zəhər.

Sübut mülahizədən irəlidir.

Sürətli gedən maşın yana yuvarlanar.

Şahin uçuşuna, xeyirxah adam hərəkətinə görə tanınır.

Şam özü yanıb camaata işıq verir.

Şanagüllə palçıqlı yerdə bitər.

Şəffaf suda balıq yaşamaz.

Tanımadığın hər kəsə inanma.

Tazı əldən düşür, amma yemək qismət olur şahinə.

Tez qızar, tez soyuyar.

Tez yetişən tez də xarab olar.

Təbəssüm heç kəsə zərər verməz.

Tənbəl adam ağzıboş olar.

Tərbiyə əsildən daha vacibdir.

Tərəfin də öz tərs tərəfi var.

Təşnə də olsan, özgə bulağından gizli içmə.

Təvazökarlıq müdrikliyin yaraşığıdır.

Tündməcazlıq xeyir gətirməz.

Uşaqlar ata-anasız da böyüyər.

Uşağı böyüdən onu doğandan irəlidir.

Uşağı ərköyün böyütmək onu atmağa bərabərdir.

Üç arvad bir yerə yığılsa, bazar olar.

Üç baş bir yerdə olar Mondzu ağlı (Mondzu - müdriklik allahı).

Üç daşınma, bir yanğına əvəzdir.

Üç gün dilənən adətkar olar.

Ürək narahat olanda yol da narahat olur.

Varlı və əsilli olmaq yadları da yaxınlaşdırar, yoxsul və bədəsil olmaq qohumları da uzaqlaşdırar.

Yaxşı adamın düşməni olmaq, pis adamın dostu olmaqdan yaxşıdır.

Yaxşı iş qapıdan qırağa çıxmaz, yaman iş min illik yerə yayılar.

Yaxşı quş yuva qurmağa yaxşı ağac seçər.

Yaxşılığı sonraya qoyma.

Yağış damcısı daş dələr.

Yalan da dada çatır.

Yalan dörd nalla gedər. Həqiqət isə addım-addım yeriyər, lakin yenə də vaxtında çatar.

Yalan - oğurluğa atılan ilk addımdır.

Yalanda da bir həqiqət olur.

Yalvarma, çalış.

Yaman arvad altmış illik qıtlığa bənzər.

Yamanlıqda güclü olan, yaxşılıqda da güclü olar.

Yamanlığa yaxşılıq elə.

Yaraya duz tökür.

Yazmağı öyrənmək həştad yaşında da geç deyil.

Yeddi dəfə yıxılsan, səkkiz dəfə qalxacaqsan.

Yetişmiş düyü sünbülünü yerə əyər.

Yolda yoldaş gərəkdir, həyatda - həmdəm.

Yüz sənətə əl atan heç birini yaxşı bilməz.

Zahiri - ilahə, ürəyi - əcinnə.

Zəhərdən də dərman olur.

Zəhərlənəni zəhərlə sağalt.

 

On iki düşündürücü yapon hikməti

  1. Ata sevgisi dağlardan uca, ana sevgisi dənizlərdən dərindir.
  2. İlk arvadı sənə Allah, ikinci qadını insanlar, üçüncüsünü isə şeytanlar göndərər.
  3. Eşqdə susmaq danışmaqdan faydalıdır.
  4. Kor dilənçi də heç olmasa çiçəklərin ətrini duyur.
  5. Hörmət bəslənilən məbəd darvazasından bilinər.
  6. Gələcək haqqında danışmaq, iblisləri güldürməkdir.
  7. Əsl səbr o zaman olur ki, nə zamanki səbr etməyə gücün çatmır.
  8. Ağılsızlığın hakim olduğu yerdə, ağıl gizlənər.
  9. Yumurta kvadrat, küçə qadını səmimi olmaz.
  10. Özünə ədalətli olan digərlərinə qarşı ciddi olar, mərhəmətlə.
  11. Düz adam düz bambuk kimidir, az rast gəlinər.
  12. Pis adamın dostu olmaqdansa, yaxşı adamın düşməni olmaq yaxşıdır.

      

Yaponiya  barədə  Azərbaycanda nəşr olunmuş kitablar

  1. Həsən Seyidbəyli, “On beş gün Yaponiyada”, Bakı,1966,

“Nərgizin bircə ləçəyi” toplusu, 1979, (Elçinin tərcümə və tərtibatı ilə)

  1. Rza Talıbov "Azərbaycan-Yaponiya əməkdaşlığı" Bakı: "Elm və Təhsil", 2009
  2. Şahin Fazil. “Yaponiya səfərnaməsi”. Bakı, “Elm və təhsil”, 2011ş
  3. Novruz Nəcəfoğlu, “Eşitdiyim və gördüyüm Yaponiya” Bakı, “Tuna” nəşriyyatı, 2015.
  4. “Səsindən tanıdılar payızı” (Yapon şeiri antologiyası). Bakı. ATV nəşriyyatı, 2015.

İstifadə  olunmuş mənbələr

  1. Vahid Ömərov. Azərbaycan - Yaponiya mədəni əlaqələri (XX əsrin sonu) SİA informasiya agentliyi, 06.03.2014.
  2. Gülnar Yunusova. Azərbaycan – Yaponiya ədəbi əlaqələri. AMEA Nizami adına Ədəbiyyat İnstitutu, gulnar1340@yahoo.com.tr.