ZEYNƏB örnəyi
İnsan ruhunun və mənəviyyatının iki tərcümanı var: yaxşı söz və məlahətli avaz, xoş səs. Həmişə dəyərli kəlmə gözəl səsi tamamlayıb. Eyni zamanda, səsi müdrik söz hörmətə mindirib.
XX əsrin möcüzəvi kəşflərinə, insan cəmiyyətinin inkişafına, hətta SSRİ kimi nəhəng bir imperiyanın çöküşü və xalqların öz müstəqilliklərinə qovuşmasına gətirib çıxaran bu müsbət dəyişikliklərin güc aldığı siyasi, iqtisadi, mədəni səbəblər haqqında söhbət açarkən, bəzən vacib bir amilin rolunu qeyd etməyi unuduruq. Nə qədər qəribə görünsə də, bu... musiqidir. Musiqidə yaranıb aləmi bürüyən, bəşəriyyəti böyük dəyişikliklərə doğru çəkən yeni janr və cərəyanlardır, öz sənətləri ilə qlobal dəyişikliklərə yavaş-yavaş qapı açan korifey sənətkarlardır…
Ötən əsrin 50-ci illərindən bəri dünyanı dəyişmiş yeni oxu tərzlərinin Azərbaycan cəmiyyətinə də daşınaraq cəmiyyətin əhvalında yaratdığı müsbət təsirlərdə çox musiqiçilərimizin rolu olub. Səsi, avazı, bəstələri ruhumuza sevgi kimi dolmuş bu böyük sənət adamlarından yalnız bir ifaçının adını çəkməli olacağam. Çünki məqsədim qətiyyən adlar sadalayıb, aralarında müqayisə aparmaq deyil, sadəcə, konkret bir ifaçının Azərbaycan cəmiyyəti üçün əslində, kim olması barədə düşüncələrimi bölüşməkdir. Bu, sənətkar haqqında mülahizə və hökmlər isə onunla eyni dövrdə yaşamış heç bir korifeyimizin şöhrətini kiçiltməyəcək.
Yazdıqlarım isə əslində, bu sətirlərin müəllifinin qələminin verdiyi hökm deyil, onu sənətin zirvəsinə yüksəltmiş tarixin və taleyin hökmüdür. O tarixin ki, xoş bir parçası həm də bu adla assosiasiya olunur, bu səslə danışır, bu simadan boylanır...
O taleyin ki, həm də Vətənin tarixi taleyinin bir hissəsidir...
İndi isə sənəti ilə Azərbaycan musiqisində inqilab etmiş bu sənətkarın adını mədəniyyət tariximizə həkk olunduğu kimi, burada da böyük hərflərlə yazmaq vədəsi yetişdi deyəsən: ZEYNƏB XANLAROVA...
Bəli, məhz Zeynəb Xanlarova... Azərbaycan Opera və Balet Teatrının solisti, dahi Üzeyir bəyin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarındakı qadın baş qəhrəmanların obrazlarının əvəzedilməz ifaçısı... Azərbaycanın və SSRİ-nin xalq artisti, dövlət mükafatı laureatı, müstəqil dövlətimizin ən yüksək təltiflərindən olan “Heydər Əliyev”, “İstiqlal”, “Şöhrət” ordenlərinə layiq görülmüş sənətkar... Dünyanın müxtəlif ölkələrində yerli xalqların dillərində oxuduğu mahnılarla könülləri fəth edən, Azərbaycanı dünyada tanıdan təkrarsız nəğməkar... Vətənimizin maraqları uğrunda çarpışan, əqidəsinə, məsləkinə sadiq mübariz vətəndaş, millət vəkili... Ən nəhayət, XX əsrin 60-cı illərindən üzü bəri cəmiyyət həyatında yaratdığı yeni mədəni dəyərlərlə bütün bunlardan da üstün bir adı, statusu haqq edən tarixi şəxsiyyət...
***
Zeynəb xanım ad gününü təmtəraqla, geniş ətrafla qeyd etməyi sevmir. Sonuncu doğum günü isə xüsusi əlamətdar bir məqama - yubileyə təsadüf etdiyindən sevimli sənətkarımızın məclisində toplaşacağımıza, on illiklər boyu yığılan ürək sözlərimizi əziz həmkarımızın şəninə söyləyəcəyimizə ümid edirdik. Milli Məclisin iclaslarında da deputat həmkarlarımızla bərabər bu mövzuda Zeynəb xanıma sözümüzü eşitdirdik. Onun cavabı konkret idi: “Ölkə müharibə şəraitindədir, şəhidlərimiz var. Belə bir zamanda mən ad günümü qeyd etməyi düzgün saymıram...”
Bu yazını qoy Zeynəb xanım həm də deputat dostlarının keçirilməyən məclisdə söylənəsi səmimi ürək sözləri kimi qəbul etsin...
***
Dünyada nə qədər sərhəd görmüşəm,
Küləklər səsimi hər yana yayıb!
Hər eldə, obada hörmət görmüşəm,
Görüşlər, vidalar unudulmayıb!
Gəzir ölkələri nəğməm dünyada,
Dünyanın xoşbəxti mənəm dünyada!..
***
Bunu heç bir tərəddüdsüz yazıram: Zeynəb Xanlarova İkinci Dünya müharibəsindən sonra dünyanın musiqi adlı mənəvi ərazisində baş verən inqilabi dəyişiklik havasını öz istedadı, Allahın bəxş elədiyi şaqraq səsi, fitri səhnə qabiliyyətləri və bundan da az olmayan cəsarəti, cəsurluğu ilə Azərbaycana gətirən ilk sənətkardır.
Onun birinci dəfə səhnəyə çıxdığı 60-cı illərin əvvəllərində keçmiş İttifaq məkanının bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da qadın müğənnilər üçün müəyyən edilmiş bəlli kriteriyalar vardı. Mühafizəkar Şərq ənənələrinin daha güclü olduğu Azərbaycanda bu meyarlar, bəlkə, hələ bir az da sərt idi.
Və belə bir vaxtda sadə bir Azərbaycan ailəsindən çıxmış Zeynəb - Sabir adına Bakı Pedaqoji Texnikumunun və Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun bu gənc məzunu qəfil Azərbaycanın musiqi səhnəsində parlayaraq, al-əlvan geyimləri, bir-birini təkrarlamayan saç düzümləri, özünəməxsus şux ifa tərzi, tamaşaçılara xoş ovqat bəxş edən təbəssümü, oxuduğu nəğmələrin ruhuna uyğun jest və mimikaları, yerişi-duruşu ilə yaradıcı azadlıq qarşısındakı bütün çərçivələrə meydan oxuyur, bu çərçivələri qırıb atır və kütlənin marağını, zövqünü də ardınca çəkib aparmağa başlayır...
***
Bu görünməmiş cəsarət ona, bəlkə də baha başa gələcəkdi...
Birini qaralamaq üçün belə bəhanələri göydə axtaranların Zeynəb xanıma qarşı hücumlarını çox gözləmək lazım gəlmədi. Qəzetlərdə bu özgüvəni pisləyən odlu-alovlu tənqidi məqalələrin ardı-arası kəsilmirdi. Biri geyimlərini hədəf seçmişdi, digəri saç düzümlərini müzakirəyə çıxarmışdı, başqa biri səhnədəki şux hərəkətlərini pisləyirdi, qeyrisi gülümsər çöhrəsini, makiyajını tənqid edirdi.
Yazıb əsaslandırmağa çalışırdılar ki, Azərbaycan xalqına belə müğənnilər və belə ifalar qətiyyən lazım deyil, elə hər şey milli ənənələrdəki və sosializm qəliblərindəki kimi davam etsə yaxşıdır. Hətta onun ümumiyyətlə, səhnəyə çıxmasına qadağa qoyulmasını tələb edənlər də tapılırdı. Güman ki, onda öz cəsarətini, xarakterinin gücünü sonralar da müxtəlif meydanlarda, təkcə musiqi səhnəsində deyil, ictimai-siyasi səhnədə də zaman-zaman nümayiş etdirəcək Zeynəb xanım yox, daha zəif birisi olsaydı, bu qaraqışqırıq kampaniyası öz məqsədinə çatacaqdı. Zeynəb xanım ya səhnədən kənarlaşıb parlamadan sönəcəkdi, ya da qəliblərə yığışıb səhnələrə sığmayan indiki Zeynəb Xanlarova olmayacaqdı.
Amma elə o zaman da meydandakı zəif, çəkingən bir qızcığaz deyildi, məhz Zeynəb Xanlarova idi. O, qorxub bir addım geri çəkilmədi, tənqid edənlərin qarşısına öz yaradıcı azadlığı, bir-birini əvəz edən sənət yenilikləri ilə çıxdı və bu cəsarət, bu istedad, bu özünəməxsusluq qarşısında tənqid səsləri də yavaş-yavaş öləziməyə başladı.
Sənətə doğru ilk addımlarını atanda gözəl səsi, fitri istedadı, özünəməxsus ifası, xalq arasında böyük hörməti olan tanınmış ifaçılar sarıdan, o cümlədən qadın ifaçılar sarıdan qətiyyən kasad olmayan Azərbaycan səhnəsindəki sərt rəqabət mühiti də onu əndişələndirmədi. Onların nüfuzundan və sənətindən səksənib, ruhdan düşmədi. Musiqidə yeniliklərin tərcümanı olmaqla bahəm, özündən əvvəlki ənənələri də rədd və inkar etmədi. Əksinə, yaxşıları mənimsəyərək yeni mərtəbəyə yüksəltdi. Eyni zamanda, səhnədə şuxluq və sərbəstliklə əndazəsizliyin, şitliyin sərhədlərini hər zaman gözləyə bildi, bal kimi şirin səsi qədər xanım-xatınlığına, nazəninliyinə də məftun olan heyranları üçün həmişə əsl Azərbaycan qadını olaraq qaldı.
Beləliklə, o, böyük səhnələrin Zeynəbi oldu!
Böyük səhnələrdə öz yerini, öz yolunu tapa bildi. Çünki bundan da əvvəl dinləyicilərin qəlbinə yol tapmağa müyəssər olmuşdu...
***
Zeynəb Xanlarovanın özünəməxsus uğur sirri var. O, konkret bir dinləyici qrupu üçün yox, hamı üçün oxuyur. Tamaşaçı və dinləyicilərin hisslərini öz səsi ilə “idarə etməyi” yaxşı bacarır.
Bir sənətkar muğam sənətində bişkin sayılar, qeyrisi xalq mahnılarının mahir ifaçısı olar, bir başqası böyük ustalıqla oxuduğu bəstəkar mahnıları ilə sevilər, ya da əcnəbi mahnıların peşəkar ifaçısı kimi şöhrət tapar. Eyni bir müğənnidə yaradıcı istedadın bütün bu qolların hər birinə doğru şaxələnməsi isə peşəkarlıqdan daha çox Allah vergisidir.
Zeynəb xanıma da ifaçılıq istedadı bəxş ediləndə, qarşısına heç bir sərhəd qoyulmayıb, bu istedadı musiqi sənətinin hansı sahələrində sınağa çəkməsi onun öz öhdəsinə buraxılıb, elə bil.
O, “Çahargah” kimi ağır bir muğamın ilk qadın ifaçılarından biri olmaqla yanaşı, həm də kişili-qadınlı bütün xanəndələrimiz arasında ən püxtə ifaçılardadır. Bununla bərabər, bir çox xalq və bəstəkar mahnılarımızı, həmçinin müxtəlif xarici parçaları da hələ ondan gözəl oxuyan olmayıb.
Təbiət bu böyük sənətkardan eyni bir musiqi parçasında ən müxtəlif zövqləri, ovqatları bir araya gətirmək, dinləyicilərin ruhunu təzələyib haldan-hala salmaq gücünü da əsirgəməyib. Ona görə Zeynəb xanım muğam parçası oxuyanda dinləyicilər düşüncələrə dalır, mahnıya keçid edəndə isə hamı onun ritminə uyaraq əl çalır, xoş ovqata bürünür. Onu xatirələrə qapılıb, olub-keçənləri düşünmək istəyənlər də eyni sevgi ilə dinləyir, sevinməyə, şuxluq etməyə, kədərini, qaramatını tökməyə ehtiyacı olanlar da... Zeynəb xanıma yaşlı da eyni maraqla qulaq asır, gənc də, uşaq da...
Bu, Zeynəb Xanlarovanın Azərbaycan musiqi ifaçılığında yaratdığı yeni bir məktəb, tamam fərqli bir cərəyandır.
***
Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra,
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.
Onun sənət aləmindəki mənəvi ucalığını ustad Aşıq Ələsgərin əsl aşiqliyin, sənətə ruhani bağlılığın andı, manifesti sayılacaq bu qoşmasında olduğundan gözəl necə təsvir edəsən?!
Deyirlər ki, dünyanın ən böyük qələbəsi insanın öz nəfsi üzərindəki qələbəsidir. Dövrünün bütün yüksək sənət mükafatlarına layiq görülmüş Zeynəb Xanlarova bu qiyməti ona görə alıb ki, sənətlə əhd-peymanını heç zaman pozmayıb. Bir sənət adamını ulduz xəstəliyinə yoluxdurmaq, pul-para dalınca toyxana, meyxana qapılarına dartıb aparmaq, hansısa İlahi səs sahibini sənətkarlıqdan “manıs”lığa qədər yuvarlatmaq gücünə malik şeytani nəfsi hələ səhnə həyatının ilk günlərindən özü üçün öldürüb.
Sənətə heç zaman xəyanət etməyib, böyük səhnələri toyxanalara, şadlıq evlərinə dəyişməyib, ən imkansız vaxtlarında belə, pul qazanmaq üçün toylara, şənliklərə getməyən nadir ifaçılardan olub.
Əlbəttə, bununla dolanışığını el şənliklərindən çıxaran böyük sənətkarlarımızın izzəti-nəfsinə toxunmaq istəməzdim. Öz səsləri, sevilən ifaları, populyarlıqları ilə pul-para qazanmaq onların halal haqqıdır. Sənətkarı həmişə el dolandırar. Amma istedadı büsbütün pula sərf etmək, pulun köləsinə çevirmək böyük günahdır. Çünki dünyanın heç bir pulu, varı, dövləti istedaddan qiymətli deyil, onun qədrini bilmək, daim maddi dünyanın fövqündə tutmaq lazımdır.
Zeynəb xanım görünür öz talantını hiss etdiyi andan bu həqiqətin fərqində olub, anlayıb ki, sənət təkcə Allah vergisi ilə bitmir, istedadın qədrini bilməyi, onu zaman-zaman cilalamağı, zəhmət və alın təri ilə zənginləşdirməyi, ən əsası isə uca tutmağı bacarmalısan. Ona görə Zeynəb sənətin zirvələrinə yüksəldiyi kimi, sənət də Zeynəbdə ucalır, sənət Zeynəbdə öz dəyərini tapdığı sayaq, Zeynəb də öz sənəti ilə dəyərə çevrilir.
Nə qədər maraqlı olsa da, ona sənətdə əsl dəyərə çevrilməyin bu yeganə yolunu göstərənlərdən biri də 1967-ci ildə o zaman hələ qiyabi tanıdığı ulu öndər Heydər Əliyev olmuşdu. Zeynəb xanımın “Heydər Əliyev mənim həyatımda” kitabında dərc olunan xatirələrindən oxuyaq: “Ələkbər Tağıyevin “Qonşu qız” mahnısı mənim ifamda dillər əzbəri idi. Bir gün Ələkbər müəllim dedi ki, bəs, dövlət təhlükəsizlik orqanlarının rəsmi tədbiri var və bu tədbirdən sonra keçiriləcək mərasimdə sənin də mahnı oxumağın barədə dəvət var, özü də dəvət şəxsən DTK-nın sədri, general Heydər Əliyevdən gəlib.
Bu xəbərdən çaşdım və hövlnak soruşdum:
- Ələkbər müəllim, bəs siz mənim valideynlərim qarşısında andımı (atama və anama söz vermişdim ki, həyatım boyu kütləvi səhnədən kənar heç bir yerdə oxumayacağam) Heydər Əliyevə xatırlatmadınız?
Ə.Tağıyev gülə-gülə məni arxayın etdi:
- Dedim. Söylədim ki, yoldaş general, bizim bu qız ancaq kütləvi səhnələrdə oxuyur, atasına-anasına bunun üçün and da içib. Heydər Əliyev də bu sözümü eşidəndə çox razı halda gülümsündü və mənə dedi ki, Ələkbər, o qıza mənim sözlərimi çatdır: düzgün yoldasan, bu yolda düz istiqamətdə gedirsən, yaxşı da uğur qazanacaqsan, əhsən sənə, Zeynab!..”
Heydər Əliyev Zeynəb xanıma hər zaman özünəmxsus şirin şivəsiylə “Zeynab” deyərdi...
***
Bir çox görkəmli aktyorlarımızın, aktrisalarımızın müxtəlif film və tamaşalarda yaratdıqları rollara baxdıqca, Azərbaycan müğənnilərinin ayrı-ayrı unudulmaz ifalarını dinlədikcə hərdən təəssüflənməli oluram. Bu nadir istedad sahiblərinin bəlkə də yanlış zamanlarda yaşayıb-yaratdıqlarını düşünürəm. Öz peşəkarlıqlarına, təbii talantlarına görə bu insanların heç biri məşhur dünya ulduzlarından geri qalmır. Əgər o istedadla indiki dövrdə, özü öz taleyinə sahib, dünyaya açılmış müstəqil Azərbaycan dövlətində doğulsaydılar, indiki yaradıcı azadlıqlara, imkanlara sahib olsaydılar, bəlkə o sənətkarlar böyük səhnələrdə həmin ulduzlardan daha böyük populyarlıq qazanardılar. Əfsuslar olsun ki, sərhədlərin qapalılığı, keçmiş sovetlər ittifaqının tərkibində yaşadığımız uzun illərin əyalət mühiti, siyasi quruluşun qadağaları bu sənətkarların şöhrətini məhdud bir çərçivəyə saldı. Onların çoxunun adı, şöhrəti Azərbaycandan kənara adlaya bilmədi.
Elə bir mühitdə yenə də azdan-çoxdan milli musiqimiz, yerli sənətkarlarımızın bəstələri, ifaları dünya səhnələrinə yol tapa bilirdi və təkcə ölkəmizdə yox, respublikanın hüdudlarından çox-çox kənarlarda da qazandığı tamaşaçı, dinləyici sevgisi ilə Azərbaycanı o illərdə Yer üzündə tanıdan çox az sayda sənətkarlarımızdan biri də məhz Zeynəb Xanlarova idi.
Açıq etiraf edək, ötən əsrin 70-80-ci illərində bizim üçün o zamanlar çox uzaq olan Amerika, Avropa, Şərq ölkələri Azərbaycanı, daha çox Zeynəb xanımın qastrolları, səsi ilə tanıyırdılar. O, öz ifaları ilə bütün dünyada Azərbaycanı tərənnüm edirdi, məğribdən məşriqədək Azərbaycan deyirdi, nəzərləri ölkəmizə, xalqımızın əsrlər boyu yaratdığı zəngin mədəniyyət xəzinəsinə yönəldirdi.
Sovet quruluşunun musiqi aləminə açdığı balaca bir nəfəslikdən Azərbaycanın səsinin bütün dünyaya çatdırılmasında Zeynəb xanıma verilən dəstəyin, ölkəmizi xaricdə tanıtmaq üçün onun imkanlarından maksimum faydalanmağa çalışan, mərkəzin bu sahədəki əngəllərini öz şəxsi nüfuzu ilə aradan qaldırmağı bacaran, Azərbaycanın yetirdiyi böyük sənətçinin layiq olduğu ən yüksək titulları, dövlət təltiflərini ala bilməsi üçün böyük zəhmət sərf edən siyasi iradə və güc sahibinin rolunu da əsla unutmaq olmaz.
O, iradə və güc sahibi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev idi. Zeynəb xanım daim yada salır ki, onun 70-80-ci illərdəki xaricə qastrol səfərlərinin yeganə təşəbbüskarı məhz ulu öndər olub.
Musiqinin öz ümumbəşəri dili ilə insanlara təsir imkanlarını gözəl bilən Heydər Əliyev istedadına, Vətən sevgisinə hər zaman güvəndiyi Zeynəb Xanlarovanın səsi ilə hələ o illərdən dünyada Azərbaycanın təbliğatını aparırdı, dünyaya Azərbaycanı tanıdırdı, Azərbaycanı sevdirirdi, ölkəmiz haqqında xoş təsəvvürlər yaratmağa çalışırdı. Bu böyük dövlət adamı öz fəhmi, müdrik zəkası ilə dərk edirdi ki, nə vaxtsa bu təsəvvürlər Azərbaycana çox gərək olacaq.
***
İndi elə əziz, doğma yerdəyəm,
Sevinc qanad açır, uçur sinəmdən!
Nə yaxşı bu qumlu sahillərdəyəm,
Nə yaxşı Xəzər var, sən varsan Vətən!
Özüm bu torpaqdayam nəğməm dünyada,
Dünyanın xoşbəxti mənəm dünyada!..
***
Heydər Əliyevin şəxsində Azərbaycan dövləti Zeynəb Xanlarova qarşısında başqa bir mühüm missiya da müəyyənləşdirmişdi və bu vətənpərvər Azərbaycan qızı öz missiyasını ləyaqətlə yerinə yetirirdi. Nə idi bu missiya?
Məlumdur ki, sovet hakimiyyəti qurulandan sonra Azərbaycandan xeyli insan xaricə mühacirət etməli oldu. Onların əksəriyyəti sosialist inqilabına qədər ölkədə yenicə təşəkkül tapan milli burjuaziyanın nümayəndələri, bir çox cümhuriyyət qurucularının özləri və yaxınları, eləcə də ictimai elitanın digər ziyalı təmsilçiləri idi. İkinci Dünya müharibəsi xarici ölkələrdəki Azərbaycan mühacirlərinin sıralarını bir qədər də genişləndirdi. Sovet ordusuna qarşı vuruşmuş milli legionerlərimiz, cəbhədə əsir düşdüklərinə görə geri qayıdanda repressiya ilə üzləşəcəklərini yaxşı bilən bir çox soydaşlarımız müharibə bitəndən sonra yaşamaq üçün müxtəlif xarici ölkələrə üz tutdular, burada öz həyatlarını yenidən qurub oğul-uşaq sahibi oldular. Bura İran inqilablarından sonra dünyanın fərqli qütblərinə üz tutmuş soydaşlarımızı, həmçinin bu gün İranda yaşayan 30 milyondan artıq azərbaycanlını da əlavə etmək lazım gəlir.
70-80-ci illərə doğru Azərbaycan mühacirlərinin ilk nəslinə aid insanların bir çoxu Vətən həsrəti ilə dünyadan köçmüş, onların ailələrində Azərbaycan haqqında yalnız xəyali təsəvvürlərə malik olan, tarixi vətənə genetik yaddaşla bağlanan yeni mühacirlər nəsli formalaşmışdı. Sovet ideologiyasına görə, xaricdə yaşayan bu insanların çoxu vətən xainləri sayılırdı, onların oğul-uşaqları da sovetlər üçün arzuolunmaz şəxslər idi. Ona görə də Sovet İttifaqında diaspor fəaliyyəti ilə məşğul olmaqdan söhbət gedə bilməzdi. Amma bu, Vətənin səsini qürbətdə yaşayan soydaşlarımıza yetirmək üçün heç bir imkan və vasitənin olmamasına da dəlalət etmirdi. Milli musiqimiz, xarici səhnələrdəki ifaları ilə onları dinləməyə gəlmiş dünya azərbaycanlılarının ruhunu dilləndirən sənətkarlarımızın Vətən ətirli nəğmələri sovet dövründə gizlin diaspor siyasəti aparmaqdan ötrü Heydər Əliyevin çox karına gəlirdi.
Belə bir zamanda xaricə çoxsaylı qastrol səfərləri ilə, o dövrdə hələ formalaşmamış Azərbaycan diasporunu bir yerə toplayan, doğma ifaları, nazənin rəqsləri, dilinin əzbəri Azərbaycan kəlməsi ilə yeni mühacir nəslinin genetik yaddaşını oyadıb onları tarixi Vətən ətrafında bir araya gətirən əsas sənətçilərimizdən biri də Zeynəb Xanlarova idi.
İndi biz buna siyasət deyirik, amma bəlkə də burada heç siyasi məqsəd də yox idi, bütün bunlar Zeynəb Xanlarovanın da, ona bu şəraiti yaradan Heydər Əliyevin də qəlbindən gəlirdi və bu xoş niyyətlər dolayısı ilə siyasi məqsədlərə də yetişirdi.
Yadımdadır, 80-ci illərin ortalarında o vaxt bizim üçün hələ özü boyda həsrət, intizar olan uzaq, yaşıl adadakı - Türkiyədəki, həm də ABŞ-da, Avropada konsertləri zamanı mühacir soydaşlarımızın coşqusunu, onun başına yağdırdıqları ləl-cəvahiratları görənlər deyirdilər ki, Zeynəb Xanlarova Azərbaycanın əlində çox güclü bir silahdır.
Bəli, o öz səsi ilə həsrətə, ayrılığa, qürbətin hüznünə qarşı döyüşən, əlləri-əllərə yetirən silah idi.
Və bu silah öldürmürdü, həyat bağışlayırdı...
***
Zeynəb Xanlarovanın özünəməxsus obrazı var. Bu obraz sənətdə də, məişətdə də, ictimai həyatda da, elə siyasətdə də onu hamıdan fərqləndirir. Bu orijinallıqda mətinlik, cəsarət, səmimiyyət, xeyirxahlıq və kişi qeyrəti var.
Qəribədir, zərif bir xanım olaraq bəlkə də dünyada hamıdan kövrək adam odur. 1990-cı ilin qanlı 20 Yanvar gecəsi Azərbaycan xalqının başına açılmış dəhşətli müsibətin acısı ilə Zeynəb Xanlarovanın göz yaşı içində oxuduğu “Ağla, qərənfil, ağla” ağısını, bu ağıdan sonra isə özünə bir müddət ifa qadağası qoymasındakı kövrək ana təsəllisini kim unudar?!
Sonra isə o, göz yaşlarını boğdu, “Sən mənimsən, Qarabağ” və “Qalmaz belə, qalmaz dünya” hayqırtıları ilə bir zamanlar onun Ermənistanda verdiyi konsertlərdə yüz minlik stadionları dolduran, onu bircə dəfə səhnədə görməyi az qala möcüzə bilən ermənilərin Azərbaycana qarşı namərdliklərindən sonra “Ermənistanın xalq artisti” adını qaytarıb təpələrinə çırpdı. Səsinin zil və bəmində Vətənin harayını dünyaya çatdırdı. İnsanların inamına inam qatdı, gücünə güc gətirdi.
Bəli, onun kövrəkliyini qətiyyəti, prinsipiallığını güzəştə getmək məharəti, sərtliyini ürəyiyumşaqlığı, ötkəmliyini təvazökarlığı tamamlayır. Bu təzadlı keyfiyyətlərin, bir-birinə zidd xüsusiyyətlərin hamısı onda var. Hər biri yerində, məqamında özünü göstərir.
Və bütün bunlar onun bir şəxsiyyət kimi bənzərsizliyinin təcəssümüdür.
Təsadüfi deyil ki, deputat həmkarım, əməkdar jurnalist Bəxtiyar Sadıqov Zeynəb Xanlarova haqqında çox dəyərli publisistik qeydlərini “Qardaşım Zeynəb xanım” adlandırır və yazır: “Sədaqət, etibar, prinsipiallıq, qorxmazlıq - bütün bunlar daha çox kişilərə xas keyfiyyət sayılsa da, ulu Tanrı səndən əsirgəməyib! Heydər Əliyevə olan hörmət və sevgin, onun sənin sənətinə və özünə verdiyi qiymət isə heç kimin yadından çıxmayıb. ...Xəyanətkar M.Qorbaçovun paxıllığı və məkri ilə böyük siyasətdən müvəqqəti kənarlaşan Heydər Əliyevə Azərbaycanda da dönük çıxanlar çox oldu. Onların sırasında ulu öndərin çörək və imkan sahibi etdikləri, vəzifə pillələri ilə yuxarı qaldırdıqları da vardı. Belələri Azərbaycan Ali Sovetinin sessiyalarında Heydər Əliyevə yaxınlaşıb salamlaşmağa, hal-əhval tutmağa belə qorxurdular. Ulu öndər Moskvada xəstə yatanda isə yanına heç kəsi buraxmırdılar. Əslində, onunla görüşə can atanlar da yox idi. Qardaşım Zeynəb xanım, bu məqamda da sən istisnalar sırasında oldun...”
***
1988-ci ildə Amerikadan bir aylıq konsertdən qayıdarkən Moskvada, Kreml sanatoriyasında müalicə olunan Heydər Əliyevə baş çəkməsini Zeynəb xanım özü belə xatırlayır: “Bakıya Moskvadan dönməliydik. Əvvəlcədən heyət rəhbərimizə demişdim ki, mənim Moskvada işim var, Bakıya hamıyla bərabər dönməyəcəyəm. Təkbaşına üz tutdum Kremlin sanatoriyasına. Qapıda mənə dedilər ki, bura giriş qadağandır. Heydər Əliyevlə görüşə isə ailəsindən başqa heç kəs buraxılmır. Yəni, bu dahi insanı ev dustağına çevirmək istəyirlər.
Dedim, siz nə danışırsınız, Zeynəbi Heydər Əliyevlə görüşə buraxmamaq olar?! Qarşımı tankla kəssəniz də, yuxarı qalxacam. SSRİ xalq artisti olduğumu bildiklərindən mənə qarşı çox da kobudluq edə bilmirdilər, amma dirəniblər ki, yuxarı buraxmayacağıq. Mən də elə bil “Qatar” oxuyuram, zil səsim bütün sanatoriyanı bürüyüb. Bir də gördüm həkim qapıçıya yaxınlaşıb dedi ki, pasiyentin özü yuxarıdan bu qadının gəlişi üçün icazə alıb. Qaldım mat-məəttəl. Axı, pasiyent Heydər Əliyevdirsə, mənim bura gəlişimdən xəbər tutmamalıdır. Nə isə, qalxdım yuxarıya. Elə ikinci mərtəbədə bir də gördüm ki, budur ha, çinar boylu Heydər Əliyev gülə-gülə gəlir: “Zeynab, konsert salonunda deyilsən, sanatoriyadasan, bu nə səs-küydü salmısan?” Görüşdük, dedim, ay Heydər müəllim, axı, məni Sizin yanınıza buraxmırdılar. Dedi: “Ay qız, ailəmdən başqa heç gələn də yoxdur. Amma mənə deyəndə ki, səni icazəsiz görməyə gələn var və aşağıdan da səsin bütün aləmi bürüyəndə, dedim, bu, Zeynabdır. Onlar hələ səni tanımırlar, bilmirlər ki, sən bura girmək üçün lap əməlli-başlı müharibə edərsən”.
Bu, bir sənət adamının vaxtilə ona böyük yaxşılıqları keçmiş, uğurlarına dəstək olmuş xeyirxahına sadəcə, vəfa borcu deyil, məkrli hücumlarla üzləşmiş, şərə qarşı dayanmış, məqsədli şəkildə əlaqələri məhdudlaşdırılmış böyük dövlət adamına dar günlərində kiçicik mənəvi dəstəyi ilə ədalətin səfində qərar tutmasıdır. Haqqa xidmət göstərməsidir. Təsadüfi deyil ki, 16 oktyabr 1992-ci il tarixində Heydər Əliyevin hakimiyyətə qayıdaraq Azərbaycanı üzləşdiyi bəlalardan xilas etməsi üçün məşhur “91-lər”in müraciətinə imza atanların ön sırasında da Zeynəb Xanlarovanın adı vardı!
O da tarixin acı istehzasıdır ki, Zeynəb xanımın “Sosialist Əməyi Qəhrəmanı” adı almaq üçün sənədləri uzun müddət bədnam Qorbaçovun masası üstündə yatıb qaldı. Sonda isə bu nakəs adam “Mən Heydər Əliyevin adamı üçün təltifə qol çəkməyəcəm”-dedi. Amma tarixdə nə o mükafat, nə o mükafatı verən dövlət, nə də o dövlətin rəhbəri qaldı...
Tarixdə qalan Heydər Əliyev və onun xalqı, adamları, bir də Zeynəb Xanlarova oldu...
O, Azərbaycan Milli Məclisinin deputatı kimi xalqın elçisi adını son 5 çağırışda şərəflə daşıyır. Əzmkar, cəsarətli mövqeyi ilə cəmiyyətimizdəki problemlərin həllinə kömək göstərməyə, insanları narahat edən məsələlərə toxunmağa, ölkə rəhbərliyinin həyata keçirdiyi inkişaf siyasətinə dəstək olmağa çalışır. Zeynəb xanımın sənətini, şəxsiyyətini, öz əqidəsinə, prinsiplərinə sadiqliyini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də yüksək qiymətləndirir. Zeynəb Xanlarovanın xalq, dövlət qarşısında göstərdiyi böyük xidmətlərə görə ötən ilin dekabrında Azərbaycan dövlətinin ən ali ordeni olan “Heydər Əliyev ordeni” ilə təltif olunması da elə bu hörmət və ehtiramın təcəssümü idi.
Ordenin təqdimatı mərasimində Azərbaycan Prezidenti onun şəxsiyyətini belə xarakterizə etdi: “Siz xalqımızın mərd qızısınız. Həmişə prinsipial olmusunuz, həmişə həqiqəti demisiniz və heç bir şeydən qorxmadan həmişə öz mövqeyinizdə olmusunuz. Bu gün Azərbaycan parlamentinin üzvü kimi də Sizə çox böyük hörmət var. Çünki Siz xalqımızı narahat edən məsələləri daim diqqətdə saxlayırsınız, öz prinsipial mövqeyinizi göstərirsiniz”.
***
Darasın saçımı yaz küləkləri,
Həyatı, insanı alqışlayıram!
Mənə bağışlanan gül-çiçəkləri,
Vətənim, mən sənə bağışlayıram!
Sənə minnətdardır nəğməm dünyada,
Dünyanın xoşbəxti mənəm dünyada!..
Həyatımızda elə doğma obrazlar var ki, onlar yaşadıqca, yaratdıqca, var olduqca ömrün ötüb-keçdiyini, yaşa dolduğunu hiss etmirsən, insanın ruhu, həyat eşqi o obrazın işığında həmişə gənc və diri qalır.
Zeynəb Xanlarova da milyonlarla insanın ruhunu ayaqda saxlayan belə bir qüvvədir...
Hər dəfə unudulmaz ifalarını dinləyəndə özümüzü onun səsini ilk dəfə dinlədiyimiz yaşda hiss etdiyimiz, yenidən dünyanın xoşbəxti olduğumuz dəyərdir...
Qoy bu obraz, bu dəyər hər zaman var olsun!
Yaşa, yarat, ZEYNƏB XANLAROVA...
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, yazıçı-dramaturq
"Azərbaycan" qəzeti, 14.01.2017